Xocalı faciəsinin qisası alınacaq
Son
iki əsrdə xalqımızın düşmənlərinin
hazırladığı məkrlı plan əsasında azərbaycanlıların
öz vətənində zaman-zaman etnik təmizləmə
prosesi aparılmışdır. Xalqımız öz ata-baba yurdlarında,
kütləvi amansız qırğınlara məruz
qalmış, əbədi və əzəli torpaqlarından vəhşicəsinə
deportasiya olunmuşlar. Axırıncı dəfə isə
1988-1989-cu illərdə mənfur ermənilər öz
havadarlarının köməkliyi ilə Qərbi Azərbaycandan
həmvətənlilərimizi ağlasığmaz qəddarlıqla
qovdular, lakin bu heç də son olmadı. Elə həmin
vaxtdan azğın ermənilər Dağlıq Qarabağ və
ətraf rayonlarda da bu prosesi apardılar.
Bu
zaman bəşər tarixində analoqu olmayan cinayətləri
həyata keçirdilər. 1992-ci il fevral ayının 25-dən
26-na keçən gecə təpədən-dırnağadək
silahlar və ağır texnika ilə təmin olunmuş erməni
silahlı birləşmələri, keçmiş
SSRİ-nın Xankəndidəki 366-cı motoatıcı
alayının iştirakı ilə əliyalın,
silahsız, heç bir günahı olmayan, Xocalı şəhərində
yaşayan dinc əhaliyə hücum etdilər. Tarixən Azərbaycan
torpağı olan Xocalı şəhərində vəhşiləşmiş,
azərbaycanlı qanına susamış erməni və rus hərbiçiləri
tərəfindən tarixdə görünməmiş əsrin
faciəsi adlanan soyqırım törətdilər. Həmin
dövrdə Azərbaycana rəhbərlik edən şəxslər
Moskvanın tapşırığı ilə dinc əhalidən
ov tüfənginə qədər bütün silahları
almışdılar. Əhalini 58 nəfər milis və
yüngül silahlı könüllülər qoruyurdu. Belə
olan halda mənfur düşmən heç bir muqavimətlə
rastlaşmadan dinc əhaliyə hüçüm edərək
insanlığa sığmayan vəhşiliklər törətdilər.
İnsanlar ayaqyalın-başıaçıq meşələrə qaçaraq xilas olmağa çalışırdılar, lakin azğın düşmən meşələrdə də qəddarcasına görünməmiş işgəncələr həyata keçirdilər. Həmin gecə 63 uşaq 106 qadın 70 nəfər qoca olmaqla 613 nəfər günahsız Xocalı sakini vəhşicəsinə qətlə yetirilmişdir. 8 ailə tamamı ilə məhv edilib, 25 uşaq hər iki valideyinin; 130 uşaq isə valideyinlərindən birini itirmişdir. 76 nəfər uşaq olmaqla 487 nəfər ömürlük şikəst olmuşdur. 1275 nəfər düşmən tərəfindən əsir götürülmüşdür. Bu günədək əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi barədə heç bir məlumat yoxdur. Təssüf hissi ilə qeyd etmək lazımdır ki, nədənsə dünya birlikləri bu haqsızlığa susdular. Hadisəyə heç bir siyasi qiymət verilmədi. Ancaq xalqımızın ümumilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün dünya Xocalı faciəsi haqqında məlumatlandırıldı. Bu gün paytaxt Bakının mərkəzində Xocalıda həlak olanların xatirəsinin əbədiləşdirilməsi üçün “Ana harayı” abidəsi ucaldılmışdır.
Hazırda Xocalı soyqırımı dünya miqyasında tanınması istiqamətində dövlət rəhbərliyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən misilsiz işlər görülür. Bir sıra ölkələrdə Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün abidələr quraşdırılır. Azərbaycan xalqı əmindir ki, dövlətimizin başçısı Alı Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağı günə az qalmışdır. İnanırıq ki, Xocalı faciəsinin qisası yerdə qalmayacaq.
Məcid Şıxlınski.
Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri.
Respublika.- 2020.- 28 fevral.- S.5.