Azərbaycan bədii düşüncə
tarixinin təsəvvüfi-irfani
qaynaqları
Hər bir ağac torpağın dərinliklərinə işləmiş kökləri üzərində göylərə ucala bildiyi, hər bir bina dərin özül üzərində möhkəm dura bildiyi kimi, hər bir xalqın mədəniyyəti də tarixin dərin qatlarına işləmiş köklərindən güc alaraq inkişaf edə bilir. Köklər güclü və dərin olanda xalq da, onun insanı da, mədəniyyəti də daha ucalara yüksəlir. İnsanın, xalqın faciəsi onun mədəni kökləri ilə əlaqəsi qırılanda başlanır. Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan klassik ədəbiyyatı, pedaqoji fikri ilə bağlı sanballı tədqiqatlar müəllifi Sədrəddin Hüseynin bu yaxınlarda nəşr olunmuş “Azərbaycan təsəvvüf ədəbiyyatı” (Bakı, “Elm və təhsil”, 2020, 248 s.) kitabının bütün qayəsi bu ideya üzərində qurulmuşdur: kökləri axtarmaq, bizləri biz edən, bizləri tarixin ən çətin dövrlərində məğlub olmağa, yox olmağa qoymayan, tarixin kəşməkeşlərindən üzüağ çıxaran, nəhayətdə, üçrəngli bayrağımızı dalğalandıran milli-mənəvi potensiyanı tapıb üzə çıxarmaq, onu sürətlə qloballaşan dünyada milli kimliyimizin identifikasiya qaynağına çevirmək və dünyanı bayrağı, dövləti, sərhədləri, himni olan bir xalq, millət və etnos kimi yaşaya bilmək.
Bəlkə də, bir ədəbiyyat tarixinə həsr olunmuş dərsliyin bu qədər böyük milli yükün altına girə biləcəyi kimlərdəsə şübhə yarada bilər. Məsələnin bütün mahiyyəti elə bizim qanımıza, genimizə yerləşdirilmiş və bizdə əsrlər boyunca milli natamamlıq kompleksi yaratmış bu “şübhə” ilə bağlıdır. S.Hüseyn göstərir ki, milli varlığımızı əlimizdən alıb, bizi fizioloji instinktlərlə yaşayan bir kütləyə çevirmək istəyənlər bu milli assimilyasiya siyasətinə həm də ədəbiyyat tarixindən başladılar: “Azərbaycan çar Rusiyası tərəfindən işğal olunanda (1813-1828-ci illər) imperiyanın əsas prinsiplərindən biri, başqa sözlə, Şərqə qarşı siyasəti o vaxta qədərki müsbət dəyərləri aşındırmaq, “geridə qalmış” Asiya xalqlarını dırnaqarası mədəniyyətə qovuşdurmaq, Avropadan alıb içində əritdiyi və özünəxas maarifçiliyi yaymaq oldu. Köhnə dəyərlər dağıdılmadan onun yerinə “yenisini” pərçim etmək olmurdu. Odur ki, ilk növbədə Azərbaycandakı həqiqi din mənsublarını zərərsizləşdirməyə başladılar. Bu gedişatda Azərbaycanda fəaliyyət göstərən təkkə ocaqları və əsərlərində təsəvvüf ideyalarını əks etdirən şairlər də nəsibini aldılar. Onlardan bəziləri öldürüldü, sürgün edildi, vətəndən didərgin salındı, yaxşı halda susduruldu... Bundan daha dəhşətlisini isə millətimiz sovet dövründə yaşadı... Nizamidə kommunist görüşləri tapıldı, Nəsimi, azqala, ateistləşdirildi, Füzuli yanlış yozuldu...”.
S.Hüseynə görə, rus imperiyası istər çarizm, istərsə də sovet qılafında eyni bir işi gördü: “Keçən yetmiş ildə nəsillər bir-birini əvəz etdi. İnqilabdan əvvəlki genetik yaddaş şüurlardan silindi, varislik əlaqələri pozuldu”.
Bax ən qorxulu nöqtə bu idi: genetik yaddaşın pozulması. Genetik yaddaş insan varlığının bütün mahiyyətini özündə kodlaşdırır. O pozulanda insanın gücü ilə düşüncəsi arasında əlaqə qırılır və insan başqasının düşüncəsinə möhtac olan qula çevrilir. Rus imperiyası türk-müsəlman xalqlarına, o cümlədən bizə qarşı əsrlər boyunca bu siyasəti yürütdü: yaddaşımızı korlayıb, özümüzü köləyə, sərvətlərimizi isə “öz malına” çevirdi. Bu cəhətdən, S.Hüseynin kitabının milli ideyasına görə, hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Müəllif bu baxımdan “Azərbaycan təsəvvüf ədəbiyyatı” kitabında səbirlə, yorulmadan, usanmadan bir-bir milli yaddaşın şifrələrini, kodlarını açıqlayır.
S.Hüseynin “Azərbaycan təsəvvüf ədəbiyyatı” kitabı ali məktəb tələbləri üçün nəzərdə tutulmuş dərslikdir. Uzun illər şagirdlərlə, tələbələrlə pedaqoji ünsiyyətdən zəngin təlim-tədris təcrübəsi əldə etmiş Sədrəddin müəllim kitabda Azərbaycan təsəvvüf ədəbiyyatının tarixini, inkişaf dinamikasını, təmayül və cərəyanlarını, ideya-bədii mahiyyətini, nümayəndələrini, janr poetikasını və s. kimi son dərəcə aktual məsələləri böyük elmi-pedaqoji ustalıqla tələbələrə çatdırır.
İyirmi beş paraqraf və bir sözlükdən ibarət olan dərslikdə müəllif əvvəlcə sufizmin yaranması və ictimai fikrə təsiri məsələlərindən bəhs edir. Alim daha sonra bu zəmin üzərində tələbələri təsəvvüf ədəbiyyatının yaranması problemi ilə tanış edir. O, təsəvvüfi görüşlərlə təsəvvüf ədəbiyyatının arasındakı incə fərqləri sadə bir dillə tələbələrə çatdırır. Çünki burada çox dolaşıq məsələlər vardır. Şərqdə təsəvvüfə aid əsərlərin bəzən nəzmlə yazılması bu gün nəzəri təsəvvüflə təsəvvüfi poeziyanın sərhədlərinin bir-birinə qarışmasına gətirmişdir. S.Hüseyn tələbələrə təsəvvüflə ədəbiyyatın qovuşduğu, qarışdığı diffuz ədəbi sahənin poetikasını böyük bir ustalıqla izah edir. Bu, ondan irəli gəlir ki, bu məsələ tələbələrin istər gələcək müəllim, istərsə də tədqiqatçı kimi yetişməsində mühüm bir nöqtədir. Təsəvvüf nə vaxt ilahi-irfani ideyadır və bu ideya nə vaxt bədii ideyaya çevrilir kimi suallar Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi və tədrisində son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Bu, bir inkarolunmaz mədəniyyət fenomendir ki, Azərbaycan klassik ədəbiyyatı, sadəcə, bədii sözün tarixi yox, bədii-mistik, ilahi-ədəbi, irfani-poetik, təsəvvüfi-bədii sözün tarixidir. Bu da milli mədəniyyətimizi gerçəkliyi idrakın müxtəlif kodlarının qovuşmasından yaranan semiotik-işarəvi sistemə çevirmişdir. Bu cəhətdən, Şərq mədəniyyəti başdan-başa ilahi-irfani simvolizm kəsb etdiyi kimi, bu mədəniyyətin aparıcı milli laylarından olan Azərbaycan ədəbiyyatı da simvolik düşüncə sistemidir. Bu sistemin simvollar dilini, işarələr sistemini öyrənmədən Azərbaycan ədəbiyyatının sirri-sehrinə varmaq mümkün deyildir. Təsəvvüf simvolikası milli mədəni-bədii düşüncəmizin şifrələridir. Biz bu şifrələri dərindən öyrənib, ədəbiyyat tariximizi həmin şifrələr əsasında oxumasaq, onda xəzinə üstündə “yatıb” aclıq məhrumiyyətinə düçar olmuş zəlil bir xalqa bənzəyərik. Bu cəhətdən, S.Hüseynin dərsliyinin kifayət qədər həcmli bir hissəsi təsəvvüf terminləri və sufizmin simvolikasının öyrədilməsinə həsr olunmuşdur.
Kitabın sonrakı bölümləri Azərbaycan təsəvvüf ədəbiyyatının qaynaqları, formalaşması və inkişafı problemini bütün tarixi-mədəni dolğunluğu ilə əhatə edir. Müəllif bu mənada təriqət əhlinin geyimi məsələsinə də xüsusi diqqət verir. Təsəvvüf-təriqət əhlinin geyimi bir tərəfdən Allah-Dünya-İnsan münasibətlər modelinin simvolikasını özündə əks etdirir, digər tərəfdən isə həmin geyimin müəyyən elementləri poeziyada təsəvvüfi ideyanın bədii təcəssümünün ifadə vasitəsi kimi çıxış edir.
Dərslikdə təriqətlər dövrü və türk təriqətləri haqqında dəyərli bilgilər verən S.Hüseyn daha sonra təsəvvüf ədəbiyyatın janrları kimi mühüm bir məsələdən də bəhs edir.
Diqqəti cəlb edən məsələlərdən biri təsəvvüfün ərəb dünyasından türk dünyasına “intiqalı” problemidir. Müəllif bu məsələni türk təsəvvüf düşüncəsinin açar isimlərindən olan Əhməd Yəsəvi və onun “Divani-hikmət” əsəri üzərində şərh edir.
“Azərbaycan təsəvvüf ədəbiyyatı” konseptini bütün xoronoloji-ədəbi poetikası baxımından əks etdirməyə çalışan S.Hüseyn növbəti paraqrafda türk mütəsəvvifləri haqqında Azərbaycan təsəvvüf ədəbiyyatının formalaşmasında rolu olan “Anadolu ərənləri” adı altında bəhs edir. Burada diqqətçəkən əsas məqamlardan biri Sədrəddin müəllimin tələbələrin etnik-coğrafi düşüncəsində “yeni sərhədlər” cızmağa cəhd etməsidir. O, bir müəllim kimi tələbələri mənsub olduqları müasir etnocoğrafi müstəvidən ayıraraq, onları “Türk” adı ilə işarələnən etnosun son əsrlərdə bizim milli düşüncəmizdən sistemli şəkildə silindirilmiş etnocoğrafiyasına daxil edir. Bu da öz növbəsində tələbələrdə həm milli tarixə, həm milli ədəbiyyatın tarixinə, həm də ümumən milli kimliyimizin tarixinə yeni baxış formalaşdırır.
Türk təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələri Molla Cəlaləddin Rumu, Yunis Əmrə, Pir Sultan Abdal kimi simalardan, o cümlədən ələvi-bəktaşilik, bayramilik kimi cərəyanlardan bəhs edən S.Hüseyn tələbələri “Azərbaycan təsəvvüf ədəbiyyatı” konseptinin tarixi inkişaf dinamikasına uyğun olaraq təsəvvüfi düşüncənin Azərbaycan sahəsinə daxil edir. Tələbələr burada xəlvətilik və Seyid Yəhya Bakuvi, Hürufilik və Nəsimi, Xətai, Məhəmməd Füzuli... kimi fikir dünyası və nəhəngləri ilə ünsiyyətə girirlər. Diqqətçəkən məqamlardan biri budur ki, S.Hüseyn kitabda təkcə xronologiya ardınca qaçmır, halbuki bədii düşüncənin xronoloji inkişaf tarixinin izlənilməsi hər bir “ədəbiyyat tarixinin” ümdə vəzifəsidir. Ancaq müəllif bununla bərabər Azərbaycan təsəvvüf ədəbiyyatı və ümumən Azərbaycan ədəbiyyatının nəhəng simaları haqqında öz alim baxışlarını da təcəssüm etdirir. Bu cəhətdən alimin Azərbaycan milli kimliyinin intibah nöqtəsi olan Şah İsmayıl Xətai haqqındakı düşüncələri diqqəti cəlb edir.
Xətai haqqında hədyanlara böyük pedaqoji ustalıqla milli düşüncə müstəvisində yanaşan S.Hüseyn tələbələrə təlqin edir ki, bu fikirlər nə qədər ziddiyyətli olsa da, nə qədər onun əleyhinə olsa da və bizim münasibətimizin də necəliyindən asılı olmayaraq, Xətai Azərbaycanın görkəmli dövlət xadimidir, istedadlı sərkərdədir. Türk ruhunun, türk dilinin ihyasında rolu danılmazdır, gözəl şairdir, şeir, sənət hamisidir, klassik üslubla xalq üslubunu sintez edən şairlərdəndir.
Azərbaycan milli-mənəvi kimliyi üçün böyük əhəmiyyət kəsb edən bu paraqrafla bağlı bildirmək istərdik ki, “Xətai” konsepti son dərəcə həssas məsələdir. Onun tələbələrə tədrisi zamanı son dərəcə ehtiyatlı olmaq, təriqət-məzhəb təəssübkeşliyindən uzaq durmaq və Xətaiyə münasibətdə ona sözün hərfi mənasında düşmən olan ideoloji qaynaqların təsirindən qaçmaq, Xətai kimliyinə bütün hallarda və istisnasız olaraq “Azərbaycan” kimliyindən yanaşmaq lazımdır. Azərbaycan milli düşüncəsi və ruhunun Şah İsmayıl Xətai zirvəsi yalnız “Azərbaycan” kimliyindən baxılanda bütün məna cizgiləri ilə boy verir. Başqa istənilən mövqe “alt niyyətlərdən” xəbər verir. Bu cəhətdən, S.Hüseynin kitabda qəliz məzhəb-təriqət məlumatları fonunda Xətainin təsəvvüfi kimliyi haqqında yaratmaq istədiyi təsəvvürlər, hər halda, müəllifin xoş niyyətlərinin məhsuldur.
Kitabın son bölümlərini XVII, XVIII, XIX əsrlərdə Azərbaycan təsəvvüf ədəbiyyatı kimi məsələlər təşkil edir. Sonuncu oçerk “Son dövr Azərbaycan ədəbiyyatında sufi görüşlər” adlanır. S.Hüseyn burada müasir Azərbaycan yazarlarının əsərləri əsasında təsəvvüfi ideyanın ölməzliyindən, transformasiya və sublimasiyalarından söhbət açır. Dini və təsəvvüfi mövzulardan yazanların çox həssas olmasının vacibliyindən, məsuliyyətinin ağırlığından bəhs edir. Nümunələr verir, bəzi portretlərin təsəvvüf görüşlərini təhlilə cəlb edir. Kitab Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərindən götürülmüş sözlüklə tamamlanır.
Kitabda həmçinin bugünkü oxucu üçün çətin anlaşılan zaman, elm, irfan anlayışlarına da açıqlıq gətirilir. Zamanın ölçüləbilən və ölçüləbilməyən formaları incələnir. Elmin istidlalı və lahuti şəklində olduğunu; istidlalı, yəni dünyəvi elmlərin ancaq beş duyğu orqanı və şüur vasitəsilə dərk oluna bildiyini, lahuti elm üçün bunların yetərsizliyini izah edir. Lahuti elmin bəsirət yolu-qəlb gözü ilə əldə edilə biləcəyi bildirilir. Bu mərtəbəyə isə ancaq təsəvvüf ərbabları: övliyalar, vəlilər ulaşa bilir. Bu da sadəcə nəzəri bilgi əldə etməklə olmur. Odur ki, sufilər həm də hər kəsin ulaşa bilməyəcəyi elm sahibləri idilər. “Hər alim sufi deyil, hər sufi isə həm də alimdir”.
Belə hesab edirik ki,
dos. S.Hüseynin uzun illər ərzində apardığı
tədqiqatlarının nəticəsi
olan bu kitab
təkcə tələbələr
tərəfindən deyil,
eləcə də mütəxəssislər və
geniş oxucu kütləsi tərəfindən
də maraqla qarşılanacaqdır.
Seyfəddin RZASOY,
filologiya elmləri doktoru,
professor,
AMEA Folklor
İnstitutunda Mifologiya
şöbəsinin müdiri.
Respublika.- 2020.- 30 iyul.- S.7.