NƏRİMAN NƏRİMANOV
Azərbaycan
xalqının taleyində həlledici rol oynayan, böyük
simalardan biri olan Nəriman Nərimanov görkəmli dövlət
xadimi, siyasətçi, yazıçı və həkim kimi
öz xalqına əvəzsiz xidmətlər göstərib.
Qeyd etmək lazımdır ki, paytaxtımızda və daha bir neçə şəhərdə N.Nərimanovun adı əbədiləşdirilmiş, heykəlləri ucaldılmış, adına prospektlər, küçələr salınmışdır.
Fürsətdən istifadə edərək dahi şəxsiyyətimiz haqqında danışmaq istəyirəm. Ancaq onun həyat və fəaliyyəti barədə elmi əsərlər yazan alimlərimizdən, başda “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov olmaqla üzrxahlıq edirəm, çünki onlar nəhəng dövlət xadimimiz barədə dəyərli tədqiqat əsərləri yaradıblar. Bununla belə, mən də gənc nəslə bir xatırlatma etmək istərdim, qoy onlar keçmişimizi, xalqımızın tarixində mühüm xidmətlər göstərmiş şəxsiyyətlərimizi unutmasınlar, onların həyat və fəaliyyət yollarını öyrənib fəxr etsinlər.
Nəriman
Nəcəf oğlu Nərimanov 1870-ci il
aprelin 14-də Tiflisdə anadan olub. İlk təhsilini
Tiflisdə ruhani məktəbində alıb. Qori Müəllimlər Seminariyasını bitirdikdən
sonra Borçalı qəzasının
Qızılhacılı kəndində müəllim işləyib.
1891-ci ildə Bakıya gələrək
geniş fəaliyyətə başlayıb. Bakıda türk-müsəlman əhali
üçün ilk xalq qiraətxanası təşkil edib.
Qələmə aldığı “Nadanlıq” pyesi 1895-ci il yanvarın 15-də ilk dəfə Bakıda
tamaşaya qoyulub, əldə olunan gəlir qiraətxanaya
verilib. Sonra ədib “Şamdan bəy”, “Bahadır və Sona”,
“Nadir şah” əsərlərini, bir çox publisistik məqalələr,
Azərbaycan və rus dillərini öyrənənlər
üçün dərsliklər yazıb. Ədəbi-publisistik
fəaliyyəti cəmiyyəti ətalətdən
qurtarmağa, türk-müsəlman əhalinin milli
oyanışına xidmət edib. 1896-cı
ilin mayında Bakı realnı məktəbində müəllim
təyin olunmuş Nərimanov 1902-ci ildə Odessadakı Novorossiya
Universitetinin tibb fakültəsinə daxil olub. Odessada oxuyarkən bir qrup tələbə ilə
Baxçasaraya gedərək, orada teatr tamaşaları verib,
böyük ziyalı İsmayıl bəy Qaspiralı ilə
görüşüb. Nəriman Nərimanov
siyasi fəaliyyətə Odessada tələbə hərəkatında
başlayıb, çar hökuməti universiteti müvəqqəti
bağladıqdan sonra Bakıya qayıdaraq “Hümmət” təşkilatına
daxil olub. “İrşad” və “Həyat” qəzetlərində
silsilə məqalələrlə çıxış edib.
Həmin ilin dekabrında təhsilini başa
vurmaq üçün Odessaya qayıdıb. 1908-ci ildə Nərimanov universiteti bitirərək
Bakıya gəlib və şəhər xəstəxanasında
işləyib. 1909-cu ilin əvvəlində
Tiflisə köçüb terapevt işləyən Nərimanov
“Mücahid” təşkilatının üzvü olması və
İran inqilabçılarına yardım göstərilməsi
ilə əlaqədar olaraq martın 1-də tutularaq Metex
qalasında həbs olunub.
1909-cu ilin sentyabrında Həştərxana
sürgün edilən Nərimanov ictimai-siyasi fəaliyyətini
orada da davam etdirib. 1913-cü ilin iyulunda Həştərxandan
Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı,
“Nicat” cəmiyyətinin maarif bölməsinin sədri
seçilib, “Tənqid gecələri” ədəbi dərnəyinin
yaradılmasına rəhbərlik edib.
Nərimanov 1917-ci ilin martında “Hümmət”
(bolşevik) təşkilatı Komitəsinin sədri və
RSDF (b) P Bakı Komitəsinin üzvü seçilib. Bakı
Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Əbdüləli bəy Əmircanovla birlikdə Nərimanov
da daxil idi. İyulun 3-də Nərimanovun
redaktorluğu ilə “Hümmət” qəzeti nəşrə
başlayıb. 1917-ci ilin oktyabrında
Bakı şəhər Dumasının üzvü
seçilib. O, 1917-ci ilin dekabrında hərbi əsirlərə
yardım göstərilməsi üzrə xüsusi komitənin
sədri təyin edilib və Bakıda saxlanan türk əsirlərinə
böyük qayğı göstərib.
1917-ci ilin payızında bolşeviklər Bakıda
hakimiyyəti ələ keçirdiyi dövrdən Nərimanov
türk-müsəlman milli qüvvələrinə
qarşı Stepan Şaumyanın rəhbərliyi ilə həyata
keçirilən milli düşmənçilik siyasətinin
qarşısını almağa çalışıb. 1918-ci ilin əvvəlində
müsəlman diviziyasının komandiri general
Talışinski Nərimanovun təkidi ilə həbsdən
azad olunub. Martda Nərimanovun təşəbbüsü
ilə bolşeviklərlə müsavatçılar
arasında aparılan danışıqlarda
qarşıdurmanın aradan qaldırılması
üçün razılıq əldə edilsə də,
“Hümmət”ə o qədər də etibarı olmayan
bolşevik-daşnak koalisiyası sözünə əməl
etməyib. Onlar həm də Nərimanovun
çoxluğu öz ətrafında birləşdirib
“sağa meyil etməsindən” narazı idilər. Şaumyanın başçılığı ilə
“sinfi mübarizə” adı altında bolşevik-daşnak hərbi
qüvvələri türk-müsəlman əhaliyə
qarşı dəhşətli soyqırımı həyata
keçirdilər. Nərimanov müsəlmanlara
qarşı qırğınları dayandırmaq
üçün S.Şaumyana və P.Çaparidzeyə məktubla
müraciətində qırğının
dayandırılmasını tələb etdi.
1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı
komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə
daxil edildi. Şəhərin sanitar şəraiti,
müəssisələri, xəstəxanaların, təhsil
müəssisələrinin vəziyyəti ilə
bağlı tədbirlər görüb, onun təklifi və
imzası ilə Bakı XKS-nin kağız pul nişanları
buraxılıb. Nərimanov XKS-nin fəaliyyətindən
narazı idi. 1918-ci ilin martında müsəlmanlara
qarşı vəhşilikləri, sonradan isə bu cinayətlərin
qəzalarda eyni dərəcədə davam etdirilməsini qətiyyətlə
pisləyirdi. Bu cinayətlər “1918-ci ildə
Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir” fikrində
olsa da, sosializm ideyalarına inanan Nərimanov Qafqazda sovet
hakimiyyətinin qurulmasına çalışırdı.
Lakin bu prosesin vətəndaş müharibəsi,
silahlı mübarizə yolu ilə deyil, siyasi mübarizə
vasitəsi ilə həyata keçirilməsini qəbul edirdi.
O, RK(b) P Həştərxan təşkilatı müsəlman
bölməsinin komitə üzvü, “Hümmət” Qafqaz
Müsəlman Kommunist Partiyası Mərkəzi Bürosunun sədri,
həmçinin Həştərxan İcraiyyə Komitəsi
maarif şöbəsinin müdiri olub. 1919-cu
ilin yanvarında Nərimanov Həştərxanda Zaqafqaziya
müsəlmanlarının işləri üzrə
komissarlığın sədri seçilib.
Nərimanovun “Qafqazın fəthinə baxış” məruzəsi
və “Biz Qafqaza hansı şüurla gedirik?” məqaləsi
Qafqazda bolşevik siyasətinin proqram məzmunlu sənədləri
idi.
1919-cu
ilin iyulunda RK(b)P MK-nın çağırışı ilə
Həştərxandan Moskvaya gələn Nərimanov RSFSR Xalq
Xarici İşlər Komissarlığı Yaxın Şərq
Şöbəsinin müdiri təyin olunub, eyni zamanda Xalq Milli
İşlər komissarının müavini işləmişdir.
Həmin dövrdə Nərimanov Leninlə
tez-tez görüşərək Rusiyanın xarici siyasətində
Şərqin xüsusiyyətlərini nəzərə
almağı ona tövsiyə edib. Şərqlə
bağlı məsələlərdə Nərimanovun məsləhətlərinə
böyük əhəmiyyət verən Lenin 1920-ci il martın axırlarında Azərbaycanın
vəziyyəti, Sovet Rusiyasının Cənubi Qafqaz milli
hökumətlərinə münasibəti barədə Nərimanovla
söhbət edib. Nərimanov RK(b)P
MK-nın qərarı ilə Şimali Qafqazda sovet hakimiyyətini
bərpa etmək üçün aprelin 8-də
yaradılmış Büronun üzvü idi. Leninin
göstərişi ilə Qafqazda yola düşən Nərimanova
Cənubi Qafqaz müsəlmanlarının işləri
üzrə komissar vəzifəsi
tapşırılmışdı. Aprelin
27-də Nərimanov qiyabi olaraq Azərbaycan Müvəqqəti
İnqilab Komitəsinin, sonra Azərbaycan SSR Xalq Komissarları
Sovetinin sədri seçilib.
1920-ci il mayın 16-da Bakıda təntənə ilə
qarşılanan Nərimanova məlumat verildi ki, “Azərbaycanı
başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”.
Onun gəlişi ərəfəsində Orconikidze və Kirov
Leninə teleqram göndərərək, “bütün Qafqaz və
daha geniş ərazi üçün səlahiyyət” istəmiş,
həm də “Nərimanova belə səlahiyyət verməməyi”
məsləhət görmüşdülər. Nərimanovun gəlişindən əvvəl
Naxçıvan qəzasından başqa, demək olar,
bütün Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu.
Böyük
dövlət xadimi Azərbaycan xalqının milli-mədəni
tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə
dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə
xüsusi diqqət yetirir, bunlara milli dövlət
quruculuğunun tərkib hissəsi kimi baxılır, milli adət-ənənələri
qoruyur, elm və mədəniyyətin inkişafına fikir
verirdi. Onun bu fəaliyyəti birmənalı
qarşılanmadı. Nərimanov fəaliyyətə
başlayarkən İrəvan və Dərbənd əraziləri
Azərbaycandan alınmış, Zaqatala, Zəngəzur,
Naxçıvan, Qarabağ və Bakının taleyi isə
naməlum olaraq qalırdı. Bolşevik-daşnak
rəhbərləri Azərbaycanı parçalayıb
dövlətçiliyini əlindən almağa
çalışırdılar. Ancaq Nərimanovun
qətiyyəti sayəsində Naxçıvan, Qarabağ,
Zaqatala Azərbaycanın tərkibində saxlanıldı,
Bakı Azərbaycanın paytaxtı kimi tanındı.
O, Naxçıvanın Azərbaycandan təcrid olunmaması
üçün Meğridən yol almaq üçün gərgin
mübarizə apardı, Zəngəzurun isə Azərbaycandan
qoparılmasının qarşısını ala bilmədi. Azərbaycanı Sovet Rusiyasının mütəffiqi,
müstəqil bir respublika kimi görən Nərimanov mərkəzlə
Azərbaycan arasında siyasi və iqtisadi hüquqların
bölgüsü, Bakının milli simasının itirməsinin
qarşısının alınması, milli və dini ənənələrin
qorunması uğrunda ardıcıl mübarizə aparırdı.
Mərkəzin Azərbaycana qərəzli
münasibətini, ruslara, ermənilərə və qeyri millətlərə
xüsusi imtiyazların verilməsini pisləyərək,
“kommunist cildinə girmiş daşnakların” hiyləgər fəaliyyətini
kəskin ifşa edirdi. O, Azərbaycan təmsilçisinin
iştirakı olmadan mərkəzdə Azərbaycana aid
heç bir məsələnin müzakirə edilməməsini,
mərkəzi strukturlarda Azərbaycanın tam səlahiyyətli
nümayəndələrlə təmsil olunmasını, neft
istehsalına və satışına Azərbaycan hökumətinin
nəzarətinin artırılmasını tələb edirdi.
Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin
yaradılmasına diqqət yetirir, Bakı-Culfa dəmiryolunun,
Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsinin
başa çatdırılmasına şəxsən nəzarət
edirdi.
Nərimanov Sovet hökumətinin Şərq siyasətini
düzgün aparmamaqda ittiham edir, “İranda kommunist
inqilabını inkişaf etdirmək” tərəfdarlarının
tezliklə məğlubiyyətə uğrayacağını
irəlicədən söyləyirdi. O Rusiya-Türkiyə
münasibətlərinin
yaxşılaşdırılmasına
çalışırdı. Türkiyədən
Moskvaya göndərilən nümayəndə heyətlərinin
hamısı Bakıda Nərimanovdan məsləhət
aldıqdan sonra “mərkəzə” gedirlər. Nərimanov Atatürkə və türk
xalqının istiqlal savaşına dərin rəğbət
bəsləyir, lazımi yardım göstərirdi. Türkiyə hökumətinin rəhbərləri
onun bu fəaliyyətini yüksək qiymətləndirirdilər.
Kremldəki ermənipərəst qüvvələrin
təcrid olunmasında, Qars müqaviləsinin (1921)
bağlanması və ratifikasiya edilməsində Nərimanovun
xüsusi rolu oldu. Nərimanov Sovet
Rusiyasının Azərbaycanın səlahiyyətlərini
tam məhdudlaşdırmaq siyasətinə qarşı
çıxır, Azərbaycanda baş verən “inqilabi proseslərə”
digər bolşeviklərdən fərqli münasibət bəsləyirdi.
Ona görə də AK(b)P-nin II
qurultayında (1920, oktyabr) ifrat bolşeviklər - Lominadze,
Orconikidze, Zemlyanski, Yeqorov və digərləri tərəfindən
kəskin tənqid olundu. Nərimanov noyabrın
9-da yenidən Azərbaycan İnqilab Komitəsinin sədri təsdiq
edilsə də, İnqilab Komitəsinə, həmçinin təbliğat
və fəaliyyət şurasına ümumi siyasi rəhbərlik
Orconikidzeyə tapşırıldı. Nərimanov bu barədə
yazırdı: “Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edib...
Ona özünün heç bir xüsusi fikri
olmayan, yalnız icraçı adamlar lazım idi”.
Azərbaycan rəhbərliyində S.Kirov, M.Hüseynov,
L.Mirzoyan, Ə.Qarayev, R.Axundov ona qarşı
çıxırdılar. Nərimanovun yüksək rəhbər
vəzifələrə təyinatı ilə müxalif
qüvvələr onu Azərbaycandan uzaqlaşdırmağa
nail oldular. 1922-ci ilin martında Nərimanov
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq
Sovetinin sədrlərindən biri oldu. O, Zaqafqaziya partiya
Təşkilatlarının I qurultayında (1922, fevral) RK(b)P
Qafqaz Ölkə Komitəsinin, iyunda isə Zaqafqaziya Ölkə
Komitəsi Rəyasət Heyətinin üzvü, RK(b)P
XXII-XXIII qurultaylarında MK üzvlüyünə namizəd
seçildi, Sovet nümayəndə heyətinin üzvü
kimi Genuya konfransında (1922) iştirak etdi. SSRİ-nin
I Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış Mərkəzi
İcraiyyə Komitəsinin ilk sessiyasında SSRİ MİK sədri
seçildi, SSRİ-nin ilk konstitusiyasının (1924)
hazırlanmasında yaxından iştirak etdi. SSRİ
MİK Rəyasət Heyətinin N.Nərimanovun sədrliyi ilə
keçirilən iclasında (1925,13 fevral)
Böyük Sovet Ensiklopediyasının nəşri qərara
alınmışdır. Şərqşünaslıq
Elmi Cəmiyyəti və onun “Novıy Vostok” jurnalı ilə
əməkdaşlıq etmişdir. Moskva
Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun
adını daşıyıb. 1925-ci ildə
Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin
30 illiyi təntənə ilə qeyd olundu. Mart ayının 19-da müəmmalı şəkildə
qəflətən vəfat edən Nərimanovun zəhərlənib
öldürülməsi fikri geniş yayıldı. Onun dəfn günü - martın 23-ü SSRİ-də
matəm günü elan edildi. Nərimanov Moskvada, Qızıl
Meydanda Kreml divarı yanında dəfn olundu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nərimanov
siyasi müxalifətdə olsa da, pyesləri Azərbaycan
teatrının səhnəsində oynayırdı, Üzeyir
bəy Hacıbəyli hələ 1917-ci ildə Nərimanovu
“ustad drammaturq” adlandırırdı. Azərbaycan dilində
həftəlik “Təzə xəbərlər” qəzetinin və
aylıq elmi-pedaqoji “Məktəb” jurnalının nəşri
barədə rəsmi müraciətlər etmişdi. Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinə
xalqın həqiqi mənafeyinin ifadəsi prinsipindən
çıxış edərək münasibət göstərmişdir.
Nərimanovun Azərbaycan Xalq Cümhuriyyəti
xadimlərinə şəxsi münasibəti qərəzli
olmamış, onların çoxunun sovet hakimiyyəti tərəfindən
məhv edilməsinin qarşısını almış, təhlükəsizlikləri
baxımından xaricə getməsinə imkan yaratmış,
ölkədə qalanlar isə imkanı daxilində himayə
edib qorumuşdu. AXC dövründə
xaricdə təhsil almağa göndərilmiş azərbaycanlı
tələbələrə yardımın davam etdirilməsi
haqqında Nərimanov xüsusi qərar imzalamışdı.
Onun şəxsi göstərişi ilə xaricdə
oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə
davam etdirmələri üçün lazımi şərait
yaradılması tapşırılmışdı. Nərimanov ZSFSR və SSRİ rəhbərliyində
çalışdığı vaxtlarda da Azərbaycanda gedən
prosesləri diqqət mərkəzində
saxlamışdır. Azərbaycan neftinin
yalnız 15 faizinin respublikaya çatması, maarif və səhiyyəyə
sərf edilməsi uğrunda gərgin mübarizə
aparmışdır. Bu barədə
müvafiq razılıq əldə edilməsinə baxmayaraq,
“Azərneft’in sədri Serebrovski qərarı lazımi surətdə
yerinə yetirməmişdi. Nərimanov Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə məktubunda
yazmışdı: “...Sovet respublikasında başda “kral”
Serebrovski olmaqla, “monarxiya” yaratmaq nəyə lazım idi?”.
Nərimanov
Azərbaycan xalqının mənafeyinə zidd siyasəti cəsarətlə
ifşa etmiş, mərkəz qarşısında müvafiq məsələlər
qaldırmış, “Şərq məsələsi” və “Azərbaycanda
vəziyyət” bölmələrindən ibarət “Ucqarlarda
inqilabımızın tarixinə dair” irihəcmli məktub-məruzəni
Mərkəzi Komitəyə, İ.Stalinə, L.Trotskiyə,
K.Radekə göndərmişdi. Nərimanovun məruzədə
qeyd etdiyi “Bu sənədin işıq üzü görməyə
imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim qəzanın
müqəssirlərini axtaracaqdır” mülahizəsi
düzgün çıxdı. Mövcud hakimiyyət, kommunist
partiyasının iflasa məhkumluğunu irəlicədən
bildirən Nərimanov məruzədə yazırdı ki,
“hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən
partiya yoxdur... partiya günbəgün deyil, saatbasaat
parçalanır... Azərbaycanda daşnak siyasəti tam
gücü ilə həyata keçirilir... Serqo
Orconikidze və Stalinin simasında AKP MK biz türklərə
etibar etmir və Azərbaycanın taleyini erməni
daşnaklarına tapşırır”. Məruzə
ilə əlaqədar Bakıya komissiya göndərildi,
respublika partiya rəhbərliyinin Nərimanova qarşı mənfi
münasibətinin təsiri altında keçirilən
yığıncaqlarda onun ünvanına qərəzli fikirlər,
böhtanlar səsləndi. Komissiyanın işinin
yekunları RK(b)MK Siyasi Büronun
iclasında dinlənildi və Nərimanova yenidən siyasi
etimad göstərildi. Ancaq ona heç bir partiya
cəzası verilməsə də, əvvəlki mənfi
münasibət yenə də davam etdirildi.
Nərimanovun vəfatından sonra uzun illər Azərbaycanda
onun adının belə çəkilməsi yasaq edildi. 1950-ci illərin
ortalarından Nərimanova “ictimai və siyasi bəraət”
istiqamətli tədqiqat işləri görüldü.
Ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti
dövründə onun təşəbbüsü və qətiyyəti
sayəsində Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti
layiqli qiymətini aldı, anadan olmasının 100 illiyi təntənə
ilə qeyd olundu, Bakıda əzəmətli abidəsi ucaldıldı,
Xatirə muzeyi yaradıldı. Azərbaycandan
başqa yerlərdə, o cümlədən Ulyanovskda,
Gürcüstanın Marneuli şəhərində Nəriman
Nərimanova abidə qoyuldu. Ancaq
xatırlatmaq istəyirəm ki, yubiley ərəfəsində
böyük ictimai xadimin doğulduğu Gürcüstanda
ucaldılan bu abidəsi baxımsız vəziyyətə
düşsə də onun abadlaşdırılması yerli
aidiyyəti qurumları və şəxsləri
düşündürmür. Buna ancaq təəssüflənirik
və cavabdehlərin yadına salmaq istərdik ki, Nəriman Nərimanov
eyni zamanda Gürcüstan vətəndaşı olub və bu
ölkə üçün də çox iş
görüb. Ona görə də böyük
şəxsiyyətin abidəsinə bu cür münasibət
xoşagəlməzdir və tezliklə dəyişməlidir.
Bu, bir ziyalı, vətəndaş kimi məni
narahat edir, qüruruma toxunur.
Ancaq
böyük ictimai, siyasi, dövlət və ədəbiyyat
xadimimiz olan Nəriman Nərimanovun unudulmaz xatirəsi qədirbilən
Azərbaycan xalqının yaddaşında əbədi
yaşayır və yaşayacaqdır!
Zəhra MURADOVA,
pedaqogika üzrə elmlər doktoru.
Respublika.- 2020.- 29
iyul.- S.4.