Qanuna söykənən ömür
“Əcəldən macal olsaydı”, ömür vəfa etsəydi Sultanovlar ailəsi bu il - iyulun 31-də onun anadan olmasının 92 illiyinə toplaşacaqdı. Məsləkli, əqidəli, nəzəri və praktik hüququn mütəxəssislərindən biri, nümunəvi ailə başçısı, ata, baba olan Ələddin Sultanov ömür nərdivanının 92-ci pilləsində ayaq saxlayacaq, dönüb ötənlərə boylanacaqdı.
Mən təsadüflərə inanıram. Çünki yaşadığım illər ərzində təsadüflərin ilahi zərurətdən doğduğunun dəfələrlə şahidi olmuşam. Bu epizod kimi:
Bir neçə gün əvvəl mobil telefonuma zəng gəldi, nömrəyə baxan kimi tanıdım. Mənim üçün son dərəcə əziz olan o unudulmaz insanın böyük oğlu Rəhim Sultanov idi. Sanki damarlarımda qanım dondu, bir anlıq ötən günlərimiz kino lenti kimi xəyalımdan gəlib keçdi. Səsində heç vaxt duymadığım dərin bir hüzn vardı:
– İş yerindəyəm, Sizinlə görüşmək istəyirəm, - dedi.
Xəyalımsa məni 2002-ci ilə aparmışdı. Onda da onun gözləmədiyim zəngi gəlmişdi. Nəzakətlə özünü təqdim etmişdi:
– Mənəm, Rəhim Sultanov. Ələddin müəllimin oğlu. Sizinlə görüşmək istəyirəm.
Görüşdük. Olub keçənləri yada saldıq. Nə isə, gəldik mətləb üstünə.
– Sizin əziziniz, atam Ələddin Sultanovun 75 illik yubileyinə hazırlaşırıq. İstəyirik ki, haqqında adına layiq bir kitab nəşr etdirək. Bizə, nəvələrinə, nəticələrinə, qohum-əqrəbaya, dost-tanışa bir yadigar qalsın.
Mən heç fikirləşmədən, götür-qoy etmədən:
– Böyük məmnuniyyətlə yazaram, - dedim. Ələddin müəllim sözün əsl mənasında şəxsiyyətdir, sayılıb-seçilən, öz sözü, öz iradəsi, öz həyat fəlsəfəsi olan el aqsaqqalıdır.
Söhbətimizdən bir neçə gün sonra onunla Konstitusiya Məhkəməsinin üçüncü mərtəbəsində olan iş otağında görüşdük. Gözləri gülürdü...
– Mən belə şeyləri xoşlamıram. Ancaq Rəhimin istəyinin əleyhinə getmək istəmirəm, - dedi.
Beləcə, mənim Ələddin müəllimli günlərim başladı.
75 illik yubileyi günündə “Qanuna söykənən ömür” kitabı oxucu auditoriyasına təqdim olundu.
Bu bir həqiqətdir ki, fenomenal bilik, bacarıq və istedad sahibləri çox vaxt qeyri-adi təvazökarlıqla seçilir, gördükləri işlər haqqında bəhs etməyi xoşlamır, əməllərini özlərinin xalqa borcu kimi həyata keçirirlər. Odur ki, onlar haqqında istər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra kiminsə təmənnasız addımına, fəaliyyətinə şahid olmaq qürurvericidir.
Bax, buna görə on səkkiz ildən sonra edilən ikinci zəng qəlbimi belə riqqətə gətirmişdi.
Onunla Zivərbəy Əhmədbəyov küçəsində yerləşən ofisində görüşdük. Özünəməxsus mövgeyi, baxışı olan, maraqlı həmsöhbətdir Rəhim Sultanov. Ən başlıcası isə atasının qürur, əyilməzlik, zəhmət, gərəklilik genlərini daşıyan övlad. O, həm də mənsub olduğu nəslin, rəhbərlik etdiyi böyük bir kollektivin yükçəkənidir. Ancaq həmişə kölgədə qalmağa üstünlük verib.
Onu tanıdığım uzun illər heç vaxt belə görməmişdim.
– Mən ağlım kəsəndən görmüşəm ki, atamızın anadan olduğu gün hər il yüksək səviyyədə qeyd edilib. Biz övladları hər dəfə bu əziz günündə nə iləsə onu sevindirmişik. Dünyasını dəyişəndən sonra muntəzəm olaraq arxivi ilə tanış oluram. İndiyədək biz övladları onun saxladığı sənədlərə baxa bilməzdik. Xidməti qulluğu sahəsində qapalı idi mənim atam. Heç vaxt iş fəaliyyəti ilə əlaqədar söhbətləri evdə etməzdi. Şəxsi arxivi ilə tanış olanda isə nələrin şahidi oldum!
Onun anadan olduğu gün elə bir dövrə təsadüf edir ki, iyul döyüşmələrindən bir neçə gün keçir. Ermənilər növbəti dəfə silahlı təxribata əl atdılar, bizim mövqelərimizə atəş açdılar, hücum etdilər, yaşayış məntəqələrimizi atəşə tutdular. Bu təxribat nəticəsində hərbiçilərimiz şəhid oldu, yaralandı. Onların arasında 76 yaşlı mülkü şəxs də vardı. Biz igid bir generalımızı itirdik. Arxivi ilə tanış olanda görürəm ki, mənim atam da Sovet dövründə, hələ 80-ci illərdə erməni siyasi terrorunun qurbanı olub. Erməni fitvası ilə, özünün ifadəsi olan “sapı özümüzdən olanlar”ın məkri ilə necə mübarizə aparıb. Atamızın həyatında müstəsna rol oynayan gözəl insanları daha yaxından tanıdım. İstərdim ki, anadan olduğu gün ərəfəsində kütləvi informasiya vasitələrinin birində bu məsələlərə daha geniş şəkildə aydınlıq gətirəsiniz.
Uzun müddət aramızda sükut oldu. Kövrəlmişdi. Gözləri qarşısında atalı günləri canlanır sanki... Məni isə qəribə hisslər bürüyüb. Birinci zəng ilə ikinci zəngin arasındakı əlaqəyə və təzada bax... İlahi!
İnadlı təkidlərimdəm sonra Rəhim müəllim materialın onunla dialoq üzərində qurulmasına razılıq verdi:
– Rəhim müəllim, əvvəlcə atanızın doğulub böyüdüyü mühitdən, keçdiyi şərəfli ömür yolundan başlayaq.
– Atam 1928-ci il iyul ayının 31-də Gəncə şəhərində dünyaya göz açıb.
1947-ci ildə orta məktəbi bitirib, həmin ildə də Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1952-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub, Bərdə rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib.
1956-cı ildən 1967-ci ilin may ayına qədər Bakı şəhərinin Voroşilov, 26 Bakı Komissarı, Oktyabr rayon Prokurorluqlarında müstəntiq və prokuror müavini vəzifələrində çalışıb.
1967-ci ilin may ayından 1979-cu ilin oktyabr ayına kimi Mingəçevir şəhər, Lənkəran rayon və Bakı şəhər Lenin rayonunun prokuroru vəzifələrində çalışıb.
21 iyul 1980-ci ildə isə Naxçıvan MSSR-nın prokuroru göndərilir.
SSRi Ali Soveti Rəyasət Heyətinin 7 sentyabr 1981-ci il tarixli fərmanı ilə ona 3-cü Dərəcəli Dövlət Ədliyyə Müşaviri (Ədliyyə general-mayoru) rütbəsi verilir. 3 gündən sonra isə Respublika Prokurorunun birinci müavini təyin edilir.
SSRi Ali Soveti Rəyasət Heyətinin 26 may 1982-ci il tarixli fərmanı ilə Ələddin Sultanov “Xalqlar Dostluğu” ordeni ilə təltif olunur.
Mərkəzi Hakimiyyətin məkri, erməni fitvası ilə 20 yanvar 1987-ci ildə tutduğu vəzifədən azad edilir.
1987-1998-ci illərdə Respublika Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunda, Respublika Prokurorluğunda, Bakı şəhər İcra Hakimiyyətində müxtəlif rəhbər vəzifələrində işləyir.
1998-ci il iyul ayının 14-də Milli Məclisdə Azərbaycan Prezidenti Heydər Əliyevin təqdimatı ilə Respublika Konstitusiya Məhkəməsinin hakimi təsdiq edilir.
12 iyul 2003-cü ildə “Tərəqqi” medalına, 31 iyul 2008-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.
– Ələddin müəllimin hüquq mühafizə orqanlarındaki 58 illik əmək fəaliyyətinin böyük bir hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edir.
– O dahi insan atamın həyatında, əmək fəaliyyətində elə dərin, silinməz izlər buraxıb ki, onları necə unuda bilərəm.
Heydər Əliyev onu şəxsən tanıyır, böyük etimad göstərirdi. Bu illər ərzində dəfələrlə görüşləri olmuşdur. Məhz onun təqdimatı ilə atam 54 yaşında Ədliyyə generalı rütbəsinə layiq görülmüş, Respublika Prokurorunun birinci müavini kimi yüksək vəzifəyə təyin edilmişdi. Atama qədər həmin vəzifəyə ancaq rus və digər millətlərdən olan şəxslər təyin edilirdilər. Təbii ki, bu, Heydər Əliyevin milli kadrların hazırlanmasındaki uzaqgörən siyasətinin nəticəsi idi.
– Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ələddin müəllimi unutmadı.
– Elədir. Heydər Əliyev özününkü hesab etdiyi kadrların zəhmətini itirmirdi.
1998-ci il iyul ayının 13-də Konstitusiya Məhkəməsində çalışacaq 7 hakimi Prezident Heydər Əliyev qəbul edəcəkdi. Onlardan biri də atam idi.
İyulun 14-ü isə Milli Məclisin iclasında Konstitusiya Məhkəməsi hakimlərinin təsdiq edilməsi məsələsi müzakirə olunur. Təqdimatı verilən şəxslər növbə ilə Milli Məclisin tribunasına qalxır, həyat və fəaliyyətləri barədə qısa məlumat verir, millət vəkillərinin suallarını cavablandırırdılar.
Yekunda atam tribunaya yaxınlaşır. Millət vəkilləri onu alqışlarla qarşılayırlar.
Biz Sultanovu yaxşı tanıyırıq, tanışlığa, sual-cavaba ehtiyac yoxdur - deyirlər.
– Atanızın Heydər Əliyevlə bağlı xatirələri yadınızdadırmı?
–
Hansı birini deyim? Saysız-hesabsız. Bütün qəlbi ilə ona bağlı idi.
Danışırdı ki, ilk dəfə onu Mingəçevirdə
prokuror işləyən zaman görüb. Onda Heydər Əliyev Respublika Dövlət Təhlükəsizlik
Komitəsinin sədri idi. 1967-ci ildə ermənilər
Xankəndidə üç soydaşımızı vəhşicəsinə
qətlə yetirmişdilər - üstlərinə benzin
töküb yandırmışdılar. Hələ
bununla da kifayətlənməyib onların meyitləri ətrafında
dövrə vurub yallı getmişdilər. Məhz onun qətiyyəti sayəsində bu
ağır cinayətin üstü vaxtında
açıldı. Məlum oldu ki, həmin
azərbaycanlılarla ölən erməninin heç
tanışlıqları belə olmayıb. Ermənini isə öz millətinin nümayəndəsi
qətlə yetirmişdi. Cinayəti
törədənlər isə həbs edilərək
ağır cəzalandırıldılar.
– Ələddin müəllim tərəfindən təkrar-təkrar
ifadə olunan: “Biz düşmənlərimizi dəfələrlə
bağışlamağımızın, pislikləri tamamilə
unutmamızın acı nəticələrini
yaşayırıq” - sözlərinin şahidi olmuşam.
– Elədir.
Çağdaş dünyamızda mənfur
qonşularımız bizə qarşı torpaq iddiasına
Qazax rayonunun Kəmərli kəndindən başladılar.
1969-cu il may ayının 7-də (diqqət
edin, Heydər Əliyev hələ iyulun 14-də Mərkəzi
Komitənin birinci katibi seçiləcək) Azərbaycan SSR
Ali Soveti Kəmərli kəndinin 2000 hektar torpaq sahəsinin
Ermənistana verilməsi haqqında qərar qəbul edir. Heydər
Əliyev respublikaya birinci dəfə rəhbərlik etdiyi
dövrdə, 13 il ərzində ermənilər
bu məsələni dəfələrlə qaldırsalarda kəskin
cavab alırlar. Heydər Əliyevin cavabı
qısa və konkret olmuşdu. Demişdi: “Gedin, o
torpaqlar Azərbaycanındır. Heç kimə
də verilməyəcək”. Yalnız Heydər
Əliyevdən sonra xain qonşularımız Moskvadakı
havadarlarının köməkliyi ilə 1984-cü ilin
sonlarında həmin torpaqları almağa müvəffəq
oldular.
Heydər Əliyevin 1987-ci ildə vəzifədən
getməsi erməniləri daha da ruhlandırdı. Onun
istefasından 2 həftə sonra Dağlıq Qarabağ məsələsini
qaldırdılar. Atam həmişə deyərdi ki, əgər
Heydər Əliyev vəzifədə olsa idi, heç kim cəsarət edib torpaqlarımızı
işğal edə bilməzdi.
– Məkrli
düşmən həmişə havadarlarının köməyi,
bəzən də onların əli ilə
xalqımızın öndə gedən ziyalılarını
fiziki cəhətdən məhv etməyə, ləkələməyə,
sıradan çıxarmağa çalışıb.
–
Doğrudur, buna minlərlə konkret misallar göstərmək
olar. Erməni siyasi terrorunun qurbanlarından biri
də elə Ələddin müəllimin özü olub.
Hiyləgər, məkrli düşmən həmişə
çalışıb ki, Azərbaycan xalqının öndə
gedən, parlaq perspektivi gözlənilən
övladlarını bu və ya digər şəkildə
sıradan çıxarsın.
Atam ədliyyə generalı rütbəsi alanda,
prokurorluq sistemində yüksək vəzifəyə təyin
olunanda 54 yaşı vardı. Keçmiş
İttifaq və Respublika səviyyəsində yaxşı
tanınır, hörmət qoyulur və yeni, daha yüksək
təyinatlar gözlənilirdi. Onun fəaliyyətinin
xronologiyasına nəzər yetirəndə bu, aydın
görünür. Bunu o vaxt “gizli
düşmən” də çox yaxşı
görürdü.
– Rəhim
müəllim, SSRİ Prokurorluğu Kollegiyasının 1987-ci
il 20 yanvar tarixli qərarı ilə Ələddin
Sultanov tutduğu vəzifədən azad edilib, baxmayaraq ki,
rütbəsi ədliyyə generalıdır, çox
aşağı bir vəzifə - Bakı şəhər
Prokurorluğunun istintaq şöbəsinə prokuror təyin
edilir. Bu necə baş verdi?
–
Çox müəmmalı məsələdir. Tarixçəsi
isə uzundur. Ümumiyyətlə, 80-ci
illər öz mürəkkəbliyi, tarixi hadisələrin zənginliyi
ilə digər onilliklərdən köklü surətdə fərqlənir.
Moskvanın - mərkəzi hakimiyyətinin məkri, ermənilərin
hiyləsi və fitvası o illərdə respublikamız,
xalqımız üçün son dərəcə təhlükəli
və qorxulu vəziyyət yaratmışdı. Həmin
qüvvələr Azərbaycanı da Özbəkistanın
gününə salmaq istəyirdilər.
SSRİ Prokurorluğunun Qdlyan və İvanov tərəfindən
rəhbərlik edilən istintaq briqadasının bu respublikada
törətdiyi özbaşınalıqlar ağlasıqmaz
idi. Yüzlərlə
günahsız adam işgəncəli
istintaqa cəlb edildi, ölüm cəzasına, uzunmüddətli
həbs cəzasına məhkum edildi, axtarışlar bəhanəsilə
evlər talan olundu.
SSRİ Baş Prokurorunun müavini, istintaq idarəsinin rəisi
Naydeonov, istintaq hissəsinin rəisi milliyətçə erməni
olan Karagözov çalışırdılar ki həmin
briqadanı Azərbaycana da göndərsinlər.
Bəhanələri isə bu olurdu ki, sizdə
istintaqın gedişi ləngiyir. Atam isə onların
niyyətini yaxşı bilirdi. Bilirdi ki, mənfur
Qorbaçov və onun satqın komandası Ümummilli
Liderimizin fəaliyyətinə kölgə salmaq
üçün saxta bəhanələr axtarır. Yuxarıda sadaladığım respublikanın faciəli
taleyi isə ona yaxşı məlum idi.
Atam qətiyyətlə onlara cavab verirdi ki,
respublikamızda kifayət qədər savadlı,
bacarıqlı istintaqçı kadrlarımız var və
işimizin öhtəsindən vaxtında gələ biləcəyik. Qorbaçov
siyasi simasını itirərək ermənilərinin əsirinə
çevrilmişdi. SSRİ
Prokurorluğunun aparıcı idarələrinə sanki qəsdən
seçib elə adamları rəhbər qoyurdular ki, ya Azərbaycandan
kobud səhvlərinə görə qovulmuş, ya da narazı
adamlar olsunlar.
O
dövrdə SSRİ Baş Prokurorluğunda Məhkəmə
Qərarlarının Qanuniliyinə Nəzarət İdarəsinin
rəisi Şadrin təyin edilmişdi. Qeyd edim
ki, o, nöqsanlı fəaliyyətinə görə Azərbaycan
KP Mərkəzi Komitəsi Bürosunun qərarı ilə vəzifəsindən
kənarlaşdırılmış, respublikadan qovulmuşdu.
O, həmişə bu vəzifədə onun yerində
oturmasına görə atamı qısqanır, ona
paxıllıq edirdi.
– Şadrin və Stepanyans kimilərinin əlinə qisas
almaq üçün fürsət verən Danakyan - Baqdasaryana
aid cinayət işinin mahiyyəti nədən ibarət idi?
–
1983-cü ildə Ali Məhkəmənin hökmü ilə
xüsusilə külli miqdarda dövlət əmlakını
mənimsədiklərinə görə Qutqaşen (indiki Qəbələ)
rayon Aqrar Sənaye Birliyinin baş direktoru Danakyan və baş
mühasibi Baqdasaryan ölüm cəzasına məhkum
edilmiş, təqsirləndirilən 18 nəfərə isə
uzunmüddətli həbs cəzası verilmişdi. Ali Məhkəmənin məlum hökmündən
sonra Danakyan və Baqdasaryan ölüm hökmünün ləğv
edilməsi xahişi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyətinə müraciət edirlər.
O vaxt Azərbaycan
SSR Ali Soveti yanında xüsusi bir komissiya
yaradılmışdı. Bu komissiyada
ölüm cəzasına məhkum edilmiş müttəhimin
bağışlanıb-bağışlanmamasının
mümkünlüyü ilə əlaqədar aidiyyatı təşkilatlardan
- Respublika Prokurorluğundan və Respublika Ali Məhkəməsindən
rəy - arayışlar toplanır, sonra ümumi bir fikrə gəlinirdi.
Komissiya həmin 2 müttəhimin - Danakyan və
Baqdasaryanın əfv xahişi ilə əlaqədar Respublika
Prokurorluğundan arayış istəyir. Respublika
Prokurorluğunun aiddiyati şöbəsi - məhkəmə qərarlarının
icrasına nəzarət şöbəsi həmin
arayışı hazırlayır. O vaxt Respublika
Prokurorunu əvəz etdiyinə görə arayışı
atam imzalayır. Komissiyaya belə bir rəy-arayış
verilir ki, Azərbaycan SSR Ali Məhkəməsinin
çıxardığı hökmə razıyıq və
onlar öz layiqli cəzalarını almalıdırlar.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yekun qərar
qəbul etdikdən sonra son qərarı SSRİ Ali Soveti Rəyasət
Heyəti qəbul etməli idi.
Bununla əlaqədar həmin işi SSRİ Baş
Prokurorluğu tələb etmişdi.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. İstintaqın
və məhkəmə prosesinin getdiyi ərəfədə
Danakyan və Baqdasaryanın adamları əllərində
çamadan dolu pullar Bakının küçələrində
gəzərək vəziyyətdən çıxış
yolu axtarırdılar. Lakin Azərbaycanda
buna müəssər olmadıqda üz tutdular Moskvaya.
Stepanyants onların qohumları ilə cinayət əlaqəsinə
girir, rüşvət alır və bunun müqabilində
hökmün ləğvi üçün protest
hazırlayır. Həmin protesti rəisi Şadrin ilə
razılaşdırır və Naydyonova qol çəkdirir.
Qeyd etmək istəyirəm ki, bu işdə hər kəs
öz qara niyyətini həyata keçirmək istəyirdi. Stepanyants
öz ermənilərindən rüşvət alıb onlara
kömək edirdi. Eyni zamanda vaxtilə
Bakı şəhər Şaumyan (indiki Xətai) rayon
Prokurorluğunda işlədiyi zaman nöqsanlarına görə
işdən qovulmuşdu və bunun qisasını
alırdı. Şadrin də Azərbaycandan
narazı getmişdi. Naydyonov isə həmin
bədnam istintaq briqadasının Azərbaycana göndərilməsinə
mane olduğuna görə atamdan narazı idi.
Nəticədə Danakyan və Baqdasaryan haqqında olan
külli miqdarda dövlət əmlakının məninmsənlənməsi
haqqında olan cinayət işinə xitam verilir. Həmin
işdə adı keçən başqalarının cinayət
işi vəzifə məsuliyyətsizliyi maddəsi ilə məhkəməyə
göndərilir.
Atam 1986-cı
ilin dekabr ayında - işdə olmadığı müddətdə
həmin Stepanyants fürsətdən istifadə edib Moskvadan
Bakıya gəlir, bizdə olan materialları nəzərdən
keçirib onunla görüşmədən, söhbət etmədən
haqqında SSRİ Baş Prokurorunun adına arayış
yazır.
(Həmin
arayışın surətini Rəhim müəllim
özü ilə gətirib, alıb tanış
oluram. İnana bilmirəm ki, SSRİ kimi nəhəng
bir dövlətin Baş Prokurorluğunun Kollegiyasına belə
bəsit hazırlanmış arayışla məsələ
müzakirəyə çıxarırlar).
1987-ci il yanvar ayının 20-də atamı SSRİ
Prokurorluğunun Kollegiyasına çağırırlar.
Atam Kollegiya üzvlərinə bildirir ki, hazırda
Respublika Ali Məhkəməsində Oqtay Maksudovun sədrliyi
ilə Danakyan - Baqdasaryanın və başqalarının
işləri keçən cinayət işinə
baxılır.
Və biz bilmirik ki, məhkəmə hansı nəticəyə
gələcək.
Lakin hər şey əvvəlcədən
planlaşdırıldığına görə onun vəzifədən
azad olunması haqqında qərar qəbul edirlər.
Kollegiyadan dərhal sonra SSRİ Baş Prokuroru Rekunkovun
onu qəbul etməsini xahiş edir. Baş Prokuror onu qəbul
edir, deyir ki, heç vaxt Kollegiyada işdən azad olunan şəxsi
qəbul etmir. Bu, istinadır, təqsirinin
olmadığını yaxşı bilirəm. Sizi
yaxşı bir işçi kimi bu vəzifəyə mən təyin
etmişəm. Amma neyləmək olar,
tapşırıq belədir.
Atamın Kollegiyada dediyi sözlər düz
çıxdı. Oqtay Maksudovun sədrliyi ilə keçən
məhkəmə iclasında Danakyan və Baqdasaryanın
dövlət əmlakını xüsusilə külli miqdarda
mənimsədikləri faktı təstiq edildi və xüsusi
qərardad çıxarıldı.
Acınacaqlı haldır ki, Mərkəzi Komitənin
nomenklaturası olan yüksək vəzifəli şəxs
işdən çıxarılır, bu haqda isə birinci
katib Kamran Bağırovun xəbəri yoxdur. Ancaq Heydər
Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə
isə belə hallar mümkün deyildi.
Qədirbilən xalqımız bu həqiqətləri o
vaxt da bilirdi, indi də bilir. Zaman isə onun qiymətini
vaxtında verdi. Atam vəzifəsindən
azad olunduqdan sonra işləri təhvil verən gün rəhmətlik İsmət
Qaibov onun kabinetinə gələrək: “Heyif ki, səni qoruya
bilmədik, əlimizdən bir iş gəlmədi” -
demişdi.
–
Üzügülər, şən, incə yumoru xoşlayan,
saf əqidəli, ədalətli insan idi Ələddin müəllim.
Ona görə də tale onun qarşısına həmişə
qədirbilənləri çıxarıb!
– Tamamilə
doğrudur. İllər uzunu yazdığı
qeydləri oxuyuram. 1943-cü ildə odun-alovun içində
olan böyük qardaşı Qurban əmim cəbhədən
evə göndərdiyi məktubunda yazır: “Ələddinə
deyin ki, əgər o məktəbi atsa, mənim onun adlı
qardaşım yoxdur”. Atam isə qeydlərində
yazır ki, o məktub olmasaydı bugünki Ələddin də
olmayacaqdı.
Ulu öndərimiz Heydər Əliyevin etimadı onu
yüksək zirvələrə ucaltdı.
1987-ci ildə
Prokurorluq orqanlarından istefa verir, Azərbaycan KP Mərkəzi
Komitəsinə iş xahişi ilə müraciət edir. İnzibati orqanlar şöbəsinin müdiri Məhəmməd
Əsədov onu mehribanlıqla qəbul edir. Məhz onun tapşırığı ilə
Ədliyyə Nazirliyi Hüquqşünas Kadrlarının Təkmilləşdirilməsi
İnstitutunda prorektor vəzifəsində işə
başlayır.
1990-cı ilin sentyabr ayında İsmət Qaibov Respublika
Prokuroru təyin olundu. Sentyabr ayının 17-də zəng edir
ki, Ələddin müəllim sizinlə görüşmək
istəyirəm. Gedir,
görüşürlər. Deyir ki, bir də
Prokurorluq sisteminə qayıdarsınızmı?
Böyük həyat və iş təcrübəniz var, Sizin
kimi kadra ehtiyacımız var. Atam isə cavab verir ki, gələrəm,
amma təkcə Baş Prokurora tabe olacağam.
Gülə-gülə
cavab verir:
– Ələddin müəllim, hesab edin ki, Siz Respublika
Prokurorunun müavini gəlirsiniz. Siz mənim
tapşırığımdan başqa heç kimə tabe
olmayacaqsınız.
Bu minvalla bir ildən artıq bir yerdə işləyirlər. 1991-ci il
noyabr ayının 19-da məlum vertalyot hadisəsində hər
iki qədirbilən generalımız həlak olurlar. Yenə erməni fitvası, erməni terroru.
Mən Krasnodar ölkə Prokurorluğunda işlədiyim
zaman, 1989-cu ilin iyun ayında SSRİ Prokurorluğuna təcrübə
keçməyə göndərilmişdim. Təcrübəni
Məhkəmələrdə Cinayət İşlərinə
Baxılmasına Nəzarət İdarəsində
keçirdim. Bir gün Stepanyans mənə
yaxınlaşıb tanış oldu və
soruşdu ki, hansı Sultanovlardansan? Cavab verdim
ki, Ələddin Sultanovun oğluyam. Onda
duruxdu, sifətində qəribə bir ifadə yarandı.
Tez sağollaşıb ayrıldı. Ancaq o vaxt mən bilmirdim ki, atamın nahaqdan işdən
çıxarılmasına bais olan, erməni siyasi terrorunun əsas
iştirakçılarından biri budur.
– İyulun 31-i Ələddin Sultanovun ad
günüdür. Bu münasibətlə onun əziz xatirəsi,
ölməz adı yada düşüb, xatırlanır.
Onu tanıyanlar Ələddin Sultanovu qəlblərində
yaşadacaqlar.
Allah rəhmət
eləsin! Qəbri nurla dolsun!
Telman
Zülfüqaroğlu,
yazıçı-publisist,
“El
Gücü” Beynəlxalq Humanitar
Assosasiyasının sədri.
Respublika.- 2020.- 31
iyul.- S.9;10.