1 Avqust Azərbaycan əlifbası
və Azərbaycan dili günüdür
Ana dilimiz milli varlığımızdır
Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini bilməlidir.
Heydər Əliyev,
Ümummilli lider.
Ana dili hər bir millətin varlığı, qüruru, mənbəyidir. Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın tarixi, milli sərvəti, mədəniyyəti və yaşamıdır. Dilini sevməyən, onu yaşatmayan kimsə nə Vətəninin, nə də xalqının qədrini bilər.
İlk gündən körpə dünyaya göz açarkən ana qucağında onun isti nəfəsi, şirin laylası ilə boya-başa çatır. Deməli, ana dili məhz körpəlikdən insanın beynində hopub qalır.
Qədim tarixə malik olan Azərbaycan dili xalqımızın qüdrətli silahıdır. Odur ki, dilimizi göz bəbəyi kimi qorumaq, onu inkişaf etdirmək, yad ünsürlərdən təmizləmək hər birimizin ən ümdə vəzifəsidir. Çünki dili, əlifbası olmayan xalq - xalq kimi mövcud deyildir.
Dünyada 60 milyona yaxın, təkcə Azərbaycanda 10 milyondan artıq azərbaycanlı doğma dildə danışır. Ana dilini sevmək, onu qoruyub saxlamaq Vətəni, xalqı, milli adət-ənənəni, mədəniyyəti sevmək və yaşatmaq deməkdir.
Bu fatkdır ki, tarixən Azərbaycan xalqı keşməkeşli yollar keçmiş, müsibətlərə, zülmlərə məruz qalmış, inadlı mübarizə əzmilə yürümüş, lakin dilini, milli adət-ənənələrini, mədəniyyətini heç vaxt unutmamış, onu qoruyub bu günümüzə kimi saxlamışdır.
Hər kəsə məlumdur ki, keçən əsrin əvvəllərinə qədər ərəb və fars dillərinin hegemonluğuna məruz qalan Azərbaycan dili öz varlığını yaşatmışdır. Söz ustadlarımız, klassiklərimiz, görkəmli alimlərimiz, dövlət xadimlərimiz bu dilin yaşamasında, inkişaf edib formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Hətta Azərbaycan Səfəvi dövlətinin yaradıcısı Ş.İ.Xətainin dövründə (XVI əsr) - Azərbaycan mədəniyyətinin canlanmağa başladığı bir dövrdə - ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dili də dövlət dili statusunu qazanmışdır.
Məlumdur ki, vaxtilə Azərbaycanda dərsliklərin olmadığından məktəblərdə ancaq Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri tədris olunurdu. Fars dilində yazılmış bu əsərlər milli dilimizi öyrənməyin qarşısını sipər kimi almışdı. “Əkinçi” qəzeti müstəsna olmaqla, bir-iki qəzet nəşr olunurdu ki, - “Kəşkül” (1883) və “Ziyayi-Qafqaz” (1883) - onların da dili çətin başa düşülürdü. Həmin qəzetlər də sonralar hökumət tərəfindən bağlanmışdır. Bundan başqa, Ə.Hüseynzadənin “Füyuzat”, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalları meydana gəldi. Lakin bunlarla yanaşı, dilimizdə bir çox yad ünsürlərin işlədiləməsi özünü göstərirdi. O zaman da dilimizə keçən çətin sözlərə lüzumsuz ləfzlərə qarşı zilyalılarımız mübarizə aparırdı. Bu sırada Ə.Haqverdiyevin, Ö.F.Nemanzadənin, M.Şahtaxtlı, C.Məmmədquluzadənin, Y.V.Çəmənzəminlinin, N.Nərimanovun, sonralar M.İbrahimovun, S.Vurğunun, B.Vahabzadənin xidmətlərini qeyd etmək olar.
Ə.Haqverdiyev hələ o dövrdə “Ədəbi dilimiz haqqında” məqaləsində yazırdı ki, gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər... Məsələn, “sırt” - çiyin, “erkək” - kişi. “Erkək” sözü Azərbaycan türkü təsəvvüründən heyvaniyyəti təşkil edən bir sözdür.
Ö.F.Nemanzadə 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap etdirdiyi “Dilimiz və imlamız” məqaləsində yazırdı: “...dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir”.
C.Məmmədquluzadə “Cırcırama” imzası ilə 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Ana dili” felyetonunda yazır: “Yazıq bizim dilimiz, “ana” əvəzinə “madər” yazırıq, tatar qəzetçilərimiz də “İran”ı “Persiya” yazırlar...”.
1914-cü ildə Y.V.Çəmənzəminli də “Dil məsələsi” məqaləsində yazırdı: “Necə” sözü əvəzində “nasıl”, “arvad” əvəzində “qadın”, “ata” yerinə “baba” və ya “pədər” yazmaq millətin dilini dolaşdırıb, işini çətinləşdirməkdən savayı bir şeyə yaramır”.
Göründüyü kimi, dahilərimizin bir əsr bundan əvvəl dil haqqında vurğuladıqları fikirlər hələ indi də öz aktuallığını itirməyib. Hətta 1929-cu ildə Vəli Xuluflunun çap olunmuş “İmla lüğəti” kitabı da lüzumsuz, gərəksiz sözlərlə çox olduğundan tənqidə məruz qalmışdır. Çünki orada da olan sözlərin çoxu ərəb və fars sözlərindən ibarətdir.
Sovet hakimiyyəti dövründə də dilimizə rus dilindən və bu dil vasitəsilə çoxlu Avropa mənşəli sözlər və terminlər keçmişdir. Onların qalıqları hələ də danışıq dilimizdə işlədilir. Məsələn: xolodilnik, morojna, stol, krovat, vilka, vişnə, papa, mama, ukol (şpris), zamok və s. Biz həmin sözlərin əvəzinə: soyuducu, dondurma, masa, çarpayı, çəngəl, albalı (gilənar), ata, ana sözlərini nə üçün işlətməyək?! Bunlardan əlavə, hələ də neujeli, niçeqo, xoroşo, est, koneçno və sair sözlər işlədilir.
Elə adamlar da vardır ki, danışıq prosesində Azərbaycan, rus, ingilis, türk dillərini bir-birinə qarışdırıb danışır: no, nasılsan, yes, nasıl və s. sözlərdən daha çox istifadə olunur. Məgər bu, ana dilini korlamaq deyilmi?! Bunlar əlbəttə, öz ana dilinə xor baxmaqdır, ana dilinə qarşı hörmətsizlikdir.
Hazırda həm uşaqlar, həm də böyüklər türk kanallarına və xarici seriallara daha çox meyillidirlər, nəinki Azərbaycan televiziya kanallarına. Ana dilimizə soyuqluq da burdan yaranır. Gənclər Azərbaycan sözləri ilə türk sözlərini qarışıq işlədirlər. Bunun nəticəsində də hər iki dildən yarımçıqdırlar. Rus və ingilis dillərində də vəziyyət eynidir.
Biz hər hansı bir xalqın dilinin öyrənilməsinin əleyhinə deyilik. Xarici dillərin hər hansı birində danışmaq bizim üçün çox vacibdir. Çünki həmin dildə dünya səyahətinə çıxmaq olar.
İndi pis bir ənənə yaranıb. Hər hansı bir idarə, müəssisədə işə girmək istəyən adamdan soruşurlar ki, ingilis dilini bilirsənmi? Belə nəticə çıxır ki, ingilis dilini bilməyənə iş verilməməlidir?! İlk növbədə, insan gərək öz ana dilini mükəmməl bilsin ki, fikrini öyrəndiyi əcnəbi dilində düzgün ifadə edə bilsin.
Ümummilli lider Heydər Əliyev həmişə vurğulayırdı ki, dili inkişaf etdirməliyik. “Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.
Odur ki, 18 iyun 2001-ci ildə “Dövlət dilinin təkmilləşməsi haqqında” fərman qəbul edildi. Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 1 avqust respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqqında” Qanunun qəbul edilməsi ana dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində daha bir addım atıldı.
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il sərəncamı ana dilimizin inkişaf edib daha da möhkəmləndirilməsinə böyük qayğının təzahürüdür. 23 may 2012-ci il tarixində yenə də İlham Əliyev “Azərbaycan dilinin qloballaşması şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” yeni bir sərəncam imzaladı. Bunun ardınca 29 mayda “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncam verdi. Ana dilimizə göstərilən qayğını yalnız dilçilər deyil, bütün Azərbaycan xalqı qürur hissi ilə alqışlayır.
Dövlətimiz tərəfindən xalqımıza göstərilən bu etimadı yüksək səviyyədə doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Belə ki, müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca düzgün istifadə etməli, dilimizi özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərdən qorumalıyıq.
Gəlin görək televiziya və radio verilişlərində orfoepik qaydalara, qrammatik qanunlara, mətbuatda və yeni nəşrlərdə bədii-publisistik və elmi üslubun bir çox normalarına nə dərəcədə əməl olunur?! Qeyd edək ki, ölkə daxilində gedən iqtisadi-siyasi hadisələrlə əlaqədar dövri mətbuatda güclü söz axını vardır. Belə olan halda, termin xarakterli sözləri süzgəcdən keçirmək daha məqsədəuyğun olardı.
Ölkə daxilində yüzlərlə qəzet nəşr olunur. Əksəriyyəti səhvlərlə dolu, cümlə-fikir anlaşılmazlığı, yeri gəldi-gəlmədi əcnəbi terminlərin işlədilməsi, sözlərin orfoqrafik qaydalara uyğun yazılmaması, qrammatik normalara riayət olunmaması bizi təəssüfləndirir. Məsələn, qəzetçilər hələ də “nikah” (kəbin, izdivac) əvəzinə, “nigah” sözünü işlədirlər. Bu, olduqca kobud səhvdir. Çünki “nigah” sözü “baxma, nəzər, baxış” deməkdir. Və yaxud da “məşhur” əvəzinə “məhşur”, “müşayiət” əvəzinə “müşaiyət”, “tövsiyə” əvəzinə, “töfsiyyə”, “töhfə” əvəzinə “töfhə”, “əfv” əvəzinə “əvf” işlədirlər.
Televiziya verilişlərində diktorlar ədəbi dil normalarına riayət etmirlər. Sözləri danışıq dilində necə gəldi işlədirlər, tələskənliyə yol verirlər, müğənnilərin bir çoxu səhnə mədəniyyətindən uzaqdırlar, oxuduqları qəzəlin son beytində müəllifin adı əvəzinə öz adlarını deyirlər, bəzən də aparıcıya xoş gəlsin deyə, onun adını hallandırırlar.
Orta məktəbin bütün sinifləri üzrə yazılmış dərsliklər nöqsanlarla doludur. Ələlxüsus da ibtidai siniflər üçün tərtib edilmiş dərsliklərin dili olduqca çətindir. Uşaqlar sözlərin çoxunun mənasını bilmir, tez yorulurlar. Əvvəlki dərsliklərdən əsər-əlamət qalmayıb. Bəzən dərslik müəllifi kitaba özünün poetik gücə, məzmuna malik olmayan şeirini salır ki, bu da uşaqları kor qoymağa bərabərdir. Halbuki, elə müqtədir uşaq şairlərimiz var ki, biz balalarımıza onların şeirlərini öyrətməliyik.
Yuxarıda göstərilən bütün nöqsanlar haqqında dəfələrlə yazılmasına baxmayaraq, deyilənlərə zərrə qədər də əhəmiyyət vermirlər. Atalar demişkən: “dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar”.
Qeyd edək ki, heç bir dil mükəmməl olaraq öz milli sözlərinin hesabına inkişaf edə bilməz. Lakin bir qanunauyğunluq da var ki, dillər bir-birinin yardımına möhtacdır. Bütün bunlar isə elmin və texnikanın inkişaf etməsi ilə əlaqədardır. Dilə o vaxt yeni söz və termin gəlir ki, dilin həmin sözə ehtiyacı olur.
Dilə keçən elə sözlər var ki, həmin dildə onun qarşılığı olmur və elə sözlər də vardır ki, onları digər milli sözlə əvəz etmək mümkündür. Məsələn, dilimizə keçib qarşılığı olmayan beynəlmiləl sözlərdən aşağıdakıları misal çəkə bilərik: kompüter, internet, manşet, skaner, fayl, virtual, disk, virus (kompüterdə) klaviatura, listinq, vizual, matris, metafayl, metrik, provayder, taymer, mesenat, onlayn, bit, menecer, tvitter və s. Belə sözlər yalnız izahat tələb edir.
Elə sözlər və terminlər də vardır ki, onun qarşılığını milli sözlərimizlə verə bilərik. Bu mümkün olmadıqda digər alınmalara müraciət etməli oluruq: audit (nəzarət; yoxlama, təftiş), link (istinad, əlaqə kanalı), blank (aralıq), italik (kursiv), kartric (kasset), toner (rəngləyən tor), filter (süzgəc), vindovs (əməliyyat sistemi), interval (ara, aralıq), printer (çap qurğusu), dizayn (sxem, layihə), vord (söz), data (verilənlər), adapter (uyğunlaşdırıcı qurğu), enter (daxil olma (q), giriş), kseroks (surət), exit (çıxış), modul (hədd, ölçü), lokal (yerli), monitorinq (nəzarət), servis (xidmət etmə, xidmət göstərmə), planşet (altlıq), maus (siçan), banner, (titul), pult (idarəedici), mer (bələdiyyə rəhbəri) və digər nümunə göstərmək olar. Lakin həmin sözləri unifikasiya edib, yəni vahid sistemə salıb işlətmək lazımdır. Ruslar da “maus” əvəzinə “mış” işlədirlər.
Son vaxtlar dildə ən çox işlənən, “rozetka” sözünün mənasını tez-tez soruşurlar. Mübahisə doğuran həmin sözün açıqlamasını, fikrimcə, “elektroyuva” kimi qəbul etmək məqsədəuyğun olardı.
Biz ilk növbədə onu nəzərə almayıq ki, ana dilimizin saflığını, təmizliyini qorumalı, milliliyinə xələl gətirməməli, nüfuzunu qaldırmalıyıq. Dilimizin qayğısına qalmalı, onu yaşatmalıyıq. Bütün bunları ölkəmizdə yaşayan başqa millətlərə də aşılamalıyıq. Burada ulu öndər Heydər Əliyevin müdrikanə sözlərini xatırlamamaq olmur: “Azərbaycan, Azərbaycanda yaşayan bütün millətlərin doğma Vətənidir. Azərbaycan dili bizi bir-birimizə birləşdirib. Burada bizim bir çox etnik köklü millətlərə mənsub olan adamların hamısı Azərbaycan dilini öz ana dili kimi qəbul edib”.
Xalqı yaşatmaq üçün dil əsas vasitədir. Ana dili məhv olarsa, xalq da heçliyə yuvarlanar. Dilimizin sadəliyini, saflığını qorusaq, dil bir o qədər gözəl olar. Gəlin əcnəbi sözləri lüzumsuz yerə işlətməyək, düzgün ifadə edək. Yerində söylənmiş anadilli sözlərimiz qüdrətlidir, canlıdır. Dünya dilləri içərisində rəğbət bəslənilən dildir. Hətta xaricilərin bizim dilimizə maraq göstərib öyrənməsi faktı da dilimizin şəhdi-şəkərinə rəğbətləridir.
Sələflərimizdən bizə miras qalan ana dilimizi göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru.
Respublika.- 2020.- 31 iyul.- S.9.