Odessa səhifələri

 

(Nəriman Nərimanovun həyat və fəaliyyətinin Odessa dövrü)

 

Tiflisdən Odessayadək

Kür üzərində şəhərdə, Zaqafqaziyanın mənzərəli guşələrindən birində, Tiflisdə, xırda tacir ailəsində 1870-ci il apreldə Nəriman adlı uşaq dünyaya gəldi. Ailənin ən kiçiyi idi. Atası Kərbəlayi Nəcəf böyük ailəsini təmin etmək üçün qüvvəsini əsirgəmədən gecə-gündüz işləyirdi. Nərimanın uşaqlığı və yeniyetməliyi xeyirxah, ədalətli və həssas qəlbli anasının təsiri altında keçmişdir. Həlimə xanım təhsilsiz idi, lakin o savad və mədəniyyətin vacibliyini anlayırdı. Onun müqəddəs arzusu gələcəkdə oğlu Nərimanı təhsilli, hərtərəfli inkişaf etmiş insan görmək idi.

Nəriman uşaq yaşlarından xalqın ağır həyatının şahidi olur. Zəhmətkeş kütlələrin hüquqsuzluğu, yorucu əmək, yoxsulluq və sair onun kiçik, bərkiməmiş sinəsində dərin etiraz doğururdu. Xalq kütlələrinin cahilliyindən istifadə edən nadan mollalar ayrı-ayrı xalqlar arasında ədavət toxumu səpir, mütərəqqi rus ədəbiyyatına sevgi göstərənləri lənətləyirdilər.

Onlar öz uşaqlarını rus məktəbinə verən valideynləri Allahın cəzasıyla qorxudurdular. Lakin təhdidlərə və böyük çətinliklərə baxmayaraq Həlimə oğluna rus dilini öyrətmək qərarına gəlir.

Nərimanov hələ 1901-1902-ci illərdəki tərcümeyi-halında göstərirdi ki, rus dilini öyrənməsinin əsas səbəbkarı anası olmuşdur.

Və budur, ananın arzusu həyata keçir.

1882-ci ildə 12 yaşlı N.Nərimanov divarları arasında bir çox mütərəqqi Azərbaycan ziyalılarının tərbiyə və təhsil aldığı Tiflis quberniyasının Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur.

Burada o rus klassiklərinin əsərlərilə daha yaxından tanış olur. Rusiyanın inqilabçı-demokrat mütəfəkkir yazıçılarının əsərləri onun stolüstü kitablarına çevrilir. Coşqun təxəyyülü olduğu üçün ədəbiyyata xüsusi maraq göstərdiyi qeyd olunmalıdır. Gertsen, Çernışevski, eləcə də Qoqol, Dostoyevski, Tolstoy, Lermontov onun sevimli yazıçıları olur.

Onların əsərləri onda rus mədəniyyətinin ilk möhkəm təməlini yaradır, yeniyetmə Nərimanın mənəvi meyillərinə təsir edir. Seminariyada çalışarkən o çox işləmək vərdişi qazanır. Vəziyyət də onu buna vadar edir. O, yaxşı anlayırdı ki, həyat yolunda duran bir çox məsələlərin aydınlaşdırılması üçün çox oxumalıdır.

Seminariyada sərt qaydaların mövcud olmasına baxmayaraq, milli tərkib cəhətdən müxtəlif oxuyanlar arasında mütərəqqi, demokratik baxışı olanlar çox idi. Nərimanov onlara rəğbət bəsləyirdi, onlar ruhən ona yaxın idilər.

Artıq o vaxt onun xarakterində ən başlıca olanı—gimnaziya divarları arasında onu əhatə edən digər millətlərin nümayəndələrinə qardaş sevgisi hissini müəyyən etmək çətin deyil.

Tamamilə gənc Nərimanın həssas şüurunda yuva salmış güclü siyasi təəssüratlardan biri 1881-ci ilin 1 martında çar II Aleksandrın xalqçılar tərəfindən öldürülməsi olmuşdur.

O vaxt Nəriman bu qətlin səbəbini heç cür anlaya bilməmiş və bir neçə il hadisədən baş çıxarmağa çalışaraq bu haqda düşünmüşdür.

Artıq bir qədər keçmiş N.Nərimanov öz xatirələrində o dövr üçün bu fövqəladə xəbərin, istəklərinə bütün əhalinin qul tək müntəzir olduğu dünyanın ən nəhəng ölkələrindən birinin çarının, mütləq hakiminin öldürülməsinin onda yaratdığı böyük daxili təlatümü qeyd edəcəkdir.

Dəfələrlə olurdu ki, gənclər toplaşaraq qeyri-leqal ədəbiyyat oxuyurdular, Nərimanov isə böyük maraqla dinləyir və orada öz müəmmalı suallarına cavab axtarırdı.

Bir dəfə necə oldusa o özündən bir neçə yaş böyük gürcü dostuna sual verdi: “Bununla belə çar II Aleksandrı niyə öldürdülər?” Onda dostu ona o dövrün şəraiti haqda danışdı və xalqa çağırışı göstərdi. Nərimanov onun üçün uzun müddət müəmma olanı anlamağa başlayır. Bu təəssürat altında o, belə nəticəyə gəlir: kütlələrdə ölkədəki rejim barədə heç olmasa müəyyən təsəvvür yaratmaq. Gənc Nərimanovun ictimai-siyasi baxışlarının inkişafında D.D.Semyonov, A.O.Çernyayevski kimi mütərəqqi dünyagörüşlü müəllimlərinin az əhəmiyyət daşımadığı burada qeyd olunmalıdır.

Gənc maarifçini ağır müstəmləkə boyunduruğu altında inləyən xalqının taleyi çox düşündürürdü. Və Nərimanov bu hüquqsuz xalqa azca da olsa kömək etmək, ona bir fayda vermək üçün yeganə yolu təhsilini davam etdirməkdə görürdü. Amma görünür, həmişə hər şey həyata keçmir. Seminariyanı bitirməyə bir neçə ay qalmış, 1889-cu ilin 20 noyabrında Nəriman kədərli xəbər alır: atası vaxtsız vəfat etmişdir. Bu ağır, əvəzsiz itki Nərimanovun təhsilini davam etdirmək haqda bütün planlarını alt-üst etdi.

Faktiki olaraq ailə həyatının bütün ağırlığı indi onun çiyinlərinə düşdü. Sonralar N.Nərimanov yazacaq: “Bu vəziyyət mənə güclü təsir etdi və mən təhsilimi davam etdirmək barədə arzumla vidalaşdım və atamdan sonra yaşamaq üçün vəsaitsiz qalıb ailəmiz haqqında düşünməyə başladım”. Lakin maddi çətinliyə baxmayaraq, o, bununla belə Qori Müəllimlər Seminariyasını 1890-cı ildə bitirməyə müvəffəq oldu. Elə həmin ildə o, Qızılhacılı kəndinə müəllimliyə göndərilir.

Seminariyadakı təhsil illəri, şübhəsiz, N.Nərimanovun ictimai-siyasi baxışlarının formalaşmasında çox vacib mərhələlərdən olmuşdur. Qabaqcıl müəllimlərlə ünsiyyətdə olaraq, onların məhsuldar təsiri altında N.Nərimanov mütərəqqi rus mədəniyyətindən xəbərdar olur və maarifçi-inqilabçı demokrat kimi formalaşır.

Nərimanov bütün şüurlu həyatını xalqa xidmətə həsr etmək arzusunda idi. O, tamamilə əmin idi ki, Azərbaycan xalqı maarif yoluyla getməli, gerilik, cəhalət, savadsızlığa qarşı öz insani hüquqları uğrunda mübarizə aparmalıdır.

Zəhmətkeş kütlələrlə ilk dəfə yaxından təmasda olan N.Nərimanov kəndlilərin hüquqsuz, ağır həyatını bütün aydınlığıyla görür. Nadanlıq, mədəniyyətsizlik, heç bir tibbi yardımın olmaması—o zamankı acı, kədərli Azərbaycan gerçəkliyi belə idi.

Kəndlilərin ağır həyatıyla tanışlıq N.Nərimanova hələ seminariyada başladığı “Nadanlıq” dramını bitirmək imkanı verir. O, bu əsərdə insanların ağır həyatını təsvir edir, mövcud rejimə qarşı etirazını kəskin şəkildə bildirir, ona rüsvayçılıq damğası vurur.

Bir müddət kənddə müəllim işləyən N.Nərimanov 1891-ci ildə Bakıya gəlir.

XIX yüzilliyin sonlarına doğru bu şəhər Rusiyanın mühüm sənaye mərkəzlərindən birinə çevrilir. Bakı əhalinin sayına görə Peterburq, Moskva, Kiyev və Odessadan sonra beşinci şəhər idi.

On doqquzuncu yüzilliyin 80-90-cı illərində burada çoxmillətli Bakı proletariatı inkişaf edir və möhkəmlənirdi—o qüdrətli qüvvə ki rus proletariatıyla birlikdə çarizmi devirmiş, taqətsiz mütləqiyyət quruluşunu kökündən dəyişmiş və xalq kütlələrini istismarçıların zülmündən birdəfəlik azad etməyə nail olmuşdur.

Və elə burada, Zaqafqaziya proletariatının ocağında N.Nərimanov ictimai-siyasi və ədəbi fəaliyyətini qızğın surətdə davam etdirir. O, məhz bu illər “Şamdan bəy”, “Nadir şah” pyeslərini və “Bahadır və Sona” romanını yazır, Qoqolun məşhur “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə edir, onun Azərbaycan teatrlarının səhnəsində qoyulmasına nail olur və özü orada baş rollardan birini oynayır. Bundan başqa, Nərimanov azərbaycanlılar üçün xüsusi rus dili dərsliyi və təkbaşına Azərbaycan dilini öyrənənlər ruslar üçün Azərbaycan dili dərsliyi yaradır.

1894-cü ildə Nərimanovu dəstəkləyən qabaqcıl insanların yardımı və Nərimanovun təşəbbüsü ilə müsəlman dünyasında ilk dəfə Bakıda qiraət üçün rus və türk kitabları toplanmış, kütləvi milli kitabxananın əsası qoyulmuşdur.

Bu Azərbaycanın mədəni həyatında böyük hadisə idi. Çox tezliklə kitabxana-qiraətxana təkcə çoxmillətli Bakıda deyil, həm də Zaqafqaziyada mədəni mərkəzə çevrilir.

1896-cı ildə N.Nərimanov müəllimlik işindən çıxarılır, belə ki, progimnaziya dövlət gimnaziyası olur, rəsmi qərara görə isə müsəlman müəllimləri dövlət müəssisələrində qulluq etmək hüququndan məhrum idilər.

N.Nərimanov böyük çətinliklə Bakı real məktəbində işə düzəlir, sonra isə o, Bakıdakı imperator III Aleksandr oğlan gimnaziyasına keçməyə nail olur. O, eyni zamanda öz ictimai-siyasi, maarifçi fəaliyyətini davam etdirir.

Artıq XIX əsrin sonlarında N.Nərimanov qarşımızda istedadlı publisist, yazıçı, pedaqoq kimi dayanır. O, pyeslər yazır, qəzetlərdə əməkdaşlıq edir, söhbətlər və mühazirələr aparır, həvəskar teatr truppasında çıxış edir, valideynlərlə təbliğat aparır ki, uşaqlarını məktəblərə göndərsinlər, dərsliklər tərtib edir, tərcüməylə məşğul olur və s. Lakin tezliklə Nərimanov əmin olur ki, əldə edilən uğurlar onu tamamilə razı salmır.

Qüvvət elmdədir

Biliklərə qarşısıalınmaz ağlı, mütləq təhsil almaq məqsədyönlü istəyi - bu gənc Nərimanovu özünə çəkirdi. Məqsədə çatana qədər o, çoxlu çətinlikləri dəf etməli olmuşdu. Və yalnız bir fikir şübhə anlarında ona dayaq olurdu - düşmənə qalib gəlmək üçün ondan güclü olmalısan. Bu gücü o, biliklərdə görürdü. O, hələ Qori seminariyasının son kursunda təhsilini davam etdirmək fikrinə gəlmişdi. Lakin atasının ölümü Nərimanın planlarını pozdu və yalnız 1902-ci ildə, Qori seminariyasını bitirdikdən 12 il sonra öz arzularına çatmaq imkanı qazandı. Bu haqda o, özü belə yazırdı: “İndi bacım qızını ərə verdikdən, o biri uşaqları təhsil müəssisələrinə qoyduqdan sonra, düşünürəm ki, ailəmə borcumu yerinə yetirmişəm və öz təhsilimi davam etdirməklə məşğul ola bilərəm”.

1902-ci ilin mayında N.Nərimanov kamal attestatı imtahanını uğurla verir. O, attestatı alıb Novorossiysk (Odessa) universitetinin tibb fakültəsinə daxil olmağa qərar verir.

N.Nərimanov peşəsini dəyişmək haqda qərara təsadüfən gəlməmişdi. Hələ Bakıda əhali arasında geniş mədəni-maarif işi apararkən o, Bakı zəhmətkeşlərinin ağır şəraitdə yaşadıqlarının və işlədiklərinin şahidi olmuşdu.

Çox pis mənzil-məişət şəraiti, az maaş, adi tibbi yardımın olmaması, xəstələnmənin əhali arasında yüksək faizi - zəhmətkeş xalqın həyatı belə idi.

Bundan başqa, o vaxt azərbaycanlılar arasında demək olar ki, həkim yox idi, buna tələbat isə xüsusən kənd yerlərində böyük idi. Bu səbəbdən Nərimanovun həkim peşəsini seçməsi təsadüfi deyildi, xarakterindəki daxili narahatlıq onu buna sövq edirdi və bu şəraitdə başqa cür ola bilməzdi.

1902-ci ilin iyulunda N.Nərimanov Novorossiysk (Odessa) universiteti rektorunun adına onun tibb fakültəsinə qəbul edilməsi barədə ərizə yazır və tezliklə müsbət cavab alır. Bu universitet o zaman Rusiya imperiyasının cənubunda yeganə ali təhsil müəssisəsi idi. Burada təkcə Ukraynanın cənub vilayətlərindən deyil, eləcə də Don, Kuban, Krım, Zaqafqaziyadan tələbələr oxuyurdu. Məsələn, “Şərqi rus” qəzeti yazırdı: “Gənclərimizin bir çoxu Peterburqda, Moskvada, Xarkovda, Odessada və Rusiyanın başqa universitetlərində təhsil alırlar. Kimi həkim, vəkil, kimi mühəndis olmağa səy göstərir... Təkcə müsəlmanlardan Odessada on tələbə var”.

Beləliklə, on illik təcrübi işdən sonra 32 yaşında Nəriman Nərimanov Novorossiysk (Odessa) universiteti tələbələrinin sıralarına daxil olur. V.P.Filatov, İ.A.Kobozev, V.P.Snejkov, N.İ.Skrotskiy kimi sonralar akademik və professor olan digərləri onun dostları olurlar.

***

Azərbaycanın qabaqcıl insanlarının ictimai-siyasi və elmi-təbiyyat baxışlarının formalaşmasında Peterburq, Moskva, Kiyev Odessa kimi şəhərlərə gəlmələri və oxumaları böyük əhəmiyyətə malik idi.

Odessa Bakı kimi Rusiya dövləti cənubunun iri sənaye mərkəzi idi. XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı Odessada sənaye proletariatının artmasına və sosial-demokratik dərnək və qrupların yaradılmasına səbəb olurdu. XX əsrin əvvəllərində iri sənayedə fəhlə sinfi güclü siyasi qüvvəyə çevrilir və siyasi mübarizə meydanına qədəm qoyur.

İnqilabın sürətli yüksəlişi şəraitində tələbə hərəkatı ölkədə öz inkişafının yeni mərhələsinə daxil olur. Demokratik tələbələrin qabaqcıl hissəsi get-gedə daha çox əmin olur ki, yalnız proletariatla yanaşı ümumi mübarizədə və onun rəhbərliyi altında mütləqiyyət üzərində qələbə çalmaq və ölkədə elmin, təhsilin inkişafı üçün zəruri şərait yaratmaq mümkündür.

Novorossiysk (Odessa) universitetinin qabaqcıl demokratik tələbələri də Rusiya tələbələrinin ilk sıralarında gedirlər. Çar hökumətinin etirafına görə Novorossiysk universiteti “İnqilab yuvası” idi.

Novorossiysk universiteti həqiqətən Rusiyanın cənubunda inqilabi hərəkat ocaqlarından biri olub. O məsələ qeyd olunmalıdır ki, 1900-cü illərin tələbələri universitetdə onun açılmasından dərhal sonra mövcud olan həmin şanlı ənənələri davam etdirirdilər. Belə ki, onun tarixinin birinci səhifəsində biz Andrey Jelyabovun şərəfli adını görürük. 1900-cü ilin iyulunda Moskva universiteti tələbə təşkilatının təşəbbüsü ilə Odessada Ümumrusiya tələbə qurultayı toplandı. Moskva, Peterburq, Kiyev, Xarkov ali təhsil ocaqlarının nümayəndələri onun işində iştirak etdilər. O vaxtlar qurultayın işi V.İ.Leninin diqqətini cəlb etdi. Düzdü, qurultay konkret qərarlar qəbul etmədi, belə ki, onun işinin ikinci günündə bütün nümayəndələr həbs edilmiş və Rusiyanın ən ucqar yerlərinə göndərilmişdilər.

1900-cü ilin noyabrında qeyri-leqal surətdə birləşmiş həmyerlilər birliyi və təşkilatlarının İttifaq soveti yaradılmışdı. İttifaq sovetinin fəaliyyəti, onun vərəqələri mütləqiyyətə qarşı mübarizədə həmrəyliyə çağırırdı.

Digər təşkilatlarda—“Novorossiysk universiteti tələbələrinin sosialist qrupu”, “Demokrat tələbələr qrupu” mövcud idi.

Tələbə çıxışlarına rəhbərlik edilməsi, digər universitetlərlə əlaqələrin qurulması üçün Təşkilat Komitəsi yaradılmışdı.

1901-ci ildə V.İ.Leninin təşəbbüsü ilə RSDFP-nin Odessa təşkilatının “İskra”yla birbaşa əlaqəsi qurulmuşdu. Partiyanın görkəmli xadimləri D.İ.Ulyanov (V.İ.Leninin qardaşı) və R.S.Zemlyaçka Odessaya göndərilmişdi.

1902-ci ilin fevralında Riqada, “tələbə hərəkatının siyasi hərəkat” olduğunu, tələbə hərəkatının öz hüquqları uğrunda mübarizəsinin qaçılmaz surətdə çar hökumətinə qarşı mübarizə olduğunu qeyd edən I Ümumrusiya ümumtələbə qurultayı keçirilmişdir.

“İskra”nın 18-ci sayında bu qurultayın manifestinin mətni dərc edilmiş və bu, bir çox təhsil müəssisələri və Odessa tələbələri üçün istiqamət xarakterli sənəd olmuşdur.

XX əsrin əvvəllərində Novorossiysk universitetində Rusiyanın digər ali təhsil müəssisələrində olduğu kimi “zemlyaçestva”lar mövcud idi. Bu zemlyaçestvalar tələbələri ərazi xüsusiyyətləri üzrə, yəni həmyerli tələbələr kimi birləşdirirdi. Və qeyri-leqal xarakter daşıyırdı. Novorossiysk universitetində xüsusilə “Qafqaz zemlyaçestva”sı inkişaf etmişdi, belə ki, orada öz diyarında universitetləri olmayan Qafqaz əsillilərin böyük təbəqəsi var idi. Aralarında daha böyüyü “gürcü zemlyaçestvosu idi. Onun bir çox üzvləri milli-liberal idi, zemlyaçestvanın sədrləri isə Kote Çakelidən (1900-1901-ci illər) tutmuş Semyon Avaliakiyədək (1902-1903-cü illər) inqilabi tələbə hərəkatından uzaq durur, öz həmyerli tələbələri arasında millətçi-şovinist baxışlar yayır, onları qabaqcıl tələbələrlə birgə çarizmə qarşı siyasi çıxışlardan çəkindirirdilər.

Gürcü zemlyaçestvasının sədri Semyon Mdivani öz həmyerli tələbələrinə çağırışında deyirdi ki, çara qarşı mübarizəyə dəyməz, yaxşısı budur evə qayıdaraq, “...Elmi hazırlıqlı silahlanmış şəkildə nə iləsə vətənimizə faydalı olaq”. Və təsadüfi deyil ki, millətçi gürcü təşkilatları arasında eserlər daha böyük uğura malik idilər.

1901-ci ildə çar hökuməti Kiyev universitetindən 183 tələbəni icazəsiz yığıncaqda iştirak üstündə əsgərliyə göndərdi. Bu demokratik tələbələr arasında etiraz dalğası yaratdı. Novorossiysk universitetinin təşkilat komitəsi öz vərəqələrində tələbələri tətilə çağırırdı. Universitetdə hər gün qeyri-leqal yığıncaqlar keçirilirdi. Administrasiya qəzəb dalğasını yatıra bilmirdi və polislərin köməyindən istifadə etdi, onlar isə yığıncaq iştirakçılarına divan tutdu.

Tələbələrin qabaqcıl qismi şəhərin fəhlələrilə sıx əlaqə yaratmaq üçün dəfələrlə təşəbbüs göstərmişdi. Tələbələrin planlarından xəbər tutan şəhər rəisi 1901-ci ilin 25 martında tələbələrin hərəkətlərinin “fəhlə kütlələrinə çox pis təsir göstərdiyi” haqda polis departamentini məlumatlandırdı və keçirilən bütün tədbirlər üzərində jandarmeriya və polis nəzarətinin gücləndirilməsini xahiş etdi.

Göründüyü kimi, əsrin əvvəlləri Odessada təkcə iqtisadiyyatda deyil, həm də ictimai-siyasi həyatda böyük hadisələrlə xarakterizə olunurdu.

Beləliklə, Nəriman Nərimanov eyni zamanda siyasi mübarizə təcrübəsi qazanır, onu narahat edən suallara cavab tapırdı. Odessada təhsil illəri Nərimanov üçün ehtiyac və məhrumiyyət illəri idi, həqiqi mənada hər qəpiyin hesabını aparmalı olurdu, axı təhsil, mənzil haqqı verir, ailəsinə kömək edirdi. Sonralar biz oxuyacağıq: “...Nərimanov böyük yoxsulluq içindəydi. Onun sadəcə ehtiyac içərisində tələbə olduğunu söyləmək azdır, zira onun çox vaxt ən zəruri ehtiyaclarını ödəməyə vəsaiti çatmırdı. Lakin maddi ehtiyac nəinki Nərimanovun xarakterini və iradəsini qıra bilmədi, əksinə onu daha da möhkəmləndirdi”.

Əlbəttə, yalnız imkanlı uşaqların savad ala biləcəyi təhsil müəssisəsində oxumaq son dərəcə çətin idi.

Hələ 1902-ci ilin avqustunda Nərimanov Bakı Duması məktəb komissiyasının sədrinə xahişlə müraciət edərək yazırdı: “... Bu il mən ali təhsil müəssisələrinin birində təhsilimi davam etdirmək üçün kamal attestatı imtahanı verdim. Lakin maddi dəstəyə son dərəcə ehtiyacım olduğu üçün cənabınızdan mənə sərbəst stipendiya verilməsi haqda Bakı şəhəri dumasının məktəb komissiyası sədri qarşısında xahişdə bulunmağınızı rica edirəm. Bununla yanaşı, zəruri sayıram əlavə edim ki, mən universitetdə oxuyaraq anamı və dörd uşağı olan bacımı da saxlamalıyam”.

Nərimanov stipendiya ayrılması barədə 1902-ci ilin oktyabrında “Kaspi” qəzeti vasitəsilə xəbər tutdu. İldə ona 350 rubl verilməliydi. Bu pul ona faktiki olaraq milyonçu Tağıyev tərəfindən verilmişdi.

Odessa universitetindəki ilk təhsil aylarında Nərimanov əsas diqqəti dərslərə, ətraf şəraitlə tanışlığa ayırırdı.

Və yalnız 1903-cü ilin əvvəllərində onun fəaliyyətində hansısa canlanma müəyyən olunur, 1903-cü ilin noyabr-dekabrında isə o daha qətiyyətli fəaliyyətə keçir. 1903-cü ildə N.Nərimanov “Müsəlman tələbələrin həmyerlilər birliyi”nin üzvü olur. Həmyerlilər birliyi ərazi deyil, dini xüsusiyyətlərə görə qurulmuşdu. Burada bu fakt qeyd olunmalıdır: universitetdə Azərbaycandan cəmi bir neçə tələbə var idi. Lakin qüvvələri birləşdirmək üçün bu məqamda tələbələrin din ümumiliyindən istifadə etmək olardı. Belə ki, N.Nərimanov, K.Bayramov və Şahmalıyev qardaşları (üç qardaş idilər) Azərbaycanı təmsil edirdilər, Olgerd Kriçinski Litva tatarı idi, Maqomed Misikov Dağıstandan gəlmişdi, Avak Txostov Krım tatarıydı və s. Nərimanov həmyerlilər birliyinin sədri seçilir.

Elə bu vaxt o, qeyri-leqal yaradılmış birləşmiş zemlyaçestva və təşkilatların İttifaqı Sovetinə daxil olur. Nəriman Nərimanovun rəhbərliyi altında müsəlman tələbələrin həmyerlilər birliyi millətçi gürcülər zemlyaçestvasından fərqli siyasət yürüdür və buna görə Qafqaz zemlyaçestvaları arasında onun yeri xüsusidir.

Burada tələbələrin səsi get-gedə çox eşidilir. Tələbələrin əhalinin bütün təbəqələriylə və ilk növbədə şəhərin fəhlələriylə çox sıx əlaqəsinin yaradılması günün ən vacib məsələlərindən biriydi.

İttifaq soveti və dəmiryolu və liman fəhlələri arasında inqilabi təbliğata xüsusi diqqət ayırırdı. İttifaq soveti proklamasiyalarının tərtibi, eləcə də onların yayılmasında N.Nərimanov iştirak edir. İttifaq şurası proklamasiyalarının birində bütün vətəndaşlara deyilirdi: “...Tələbələrin mübarizə taktikası və proqramının dəyişdirilməsi xeyrinə səslər get-gedə daha güclü və ucadan eşidilir, hadisələrin özü siyasi mübarizənin və fəhlə hərəkatının ölkənin ümumi müxalifət hərəkatıyla birləşməsi zəruriliyini daha kəskin irəli sürür”.

1903-cü ilin iyulunda Bakıda başlanmış siyasi tətil tezliklə digər şəhərlərə də yayıldı. O, Rusiyanın bütün cənubunu, o cümlədən Odessanı bürüdü və beləliklə, ümumsiyasi tətilə çevrildi.

Lenin “İskra”sı yazırdı: “Bakının ardınca - Tiflis, Tiflisin ardınca - Kiyev, Kiyevin ardınca - Yelizavetqrad, nəhayət Odessa. Cənub fəhlələrinin nəhəng üsyanı bütün gələcək azadlıq hərəkatı üçün çox böyük əhəmiyyətə malik olan hadisədir”.

Odessada tətil 1903-cü ilin 1 iyulundan 19-dək keçirilib. Ona 1903-cü ilin aprelində “İskra”nın baxışlarıyla tamamilə razılaşan və onu öz ali orqanı qəbul edən RSDFP Odessa Komitəsi rəhbərlik edirdi. Rubovsk bağında inqilabi sosial demokratların siyasi şüarları altında izdihamlı mitinqlər, kütləvi küçə nümayişləri gedirdi.

Ümumi siyasi tətil gedişində Novorossiysk (Odessa) universitetində tələbə hərəkatı yeni pilləyə qalxdı.

V.İ.Lenin “İnqilabi gəncliyin vəzifələri haqqında” məqalədə müasir tələbələrdə altı qrupu ayırırdı: irticaçılar, mədəni-maarifçilər, akademistlər, liberallar, sosial inqilabçılar və sosial demokratlar. Demək lazımdır ki, Odessa tələbələrinin tərkibində irticaçı ünsürlər də az deyildi. Onlar Novorossiysk universitetində müəyyən təsirə malik idilər.

Beləliklə, burada, Odessada N.Nərimanov öz ictimai-siyasi fəaliyyətində ilk addımlarını atır.

Nəriman Nərimanov, A.Şahmalıyev, A.Txostov və müsəlman tələbələrin həmyerlilər birliyinin digər üzvləri mitinq və yığıncaqların ən fəal iştirakçıları idilər.

Hələ 1903-cü tədris ilinin əvvəlində tələbələr Nərimanovu kursun nümayəndəsi seçirlər və o artıq nizamnaməyə görə starostalar sovetinin üzvü idi, tezliklə isə o, Koalisiya Şurasına seçilir. Burada özünü qısa müddətdə bacarıqlı təşkilatçı kimi göstərir, tələbə hərəkatına başçılıq edir.

İnspeksiya öz məlumatlarında N.Nərimanovun mitinq və yığıncaqlardakı roluna xüsusi diqqət yönəldib. Nərimanovun adı artıq Odessa mühafizə bölməsində də məlum idi.

Novorossiysk universitetinin rektoru Bakı Şəhər Dumasının məktəb komissiyası sədrinə məktubunda bildirirdi ki, N.Nərimanov “...1903-cü ilin 17 noyabrında icazəsiz tələbə toplanışında iştirak etmişdir”.

Universitetin tələbə məsələləri üzrə inspektoru K.Krıjanovski də N.Nərimanovun şəxsi qovluğunda bu barədə qeyd edirdi.

1903-cü ilin 20 noyabrında və dekabrın əvvəllərində Novorossiysk universitetinin bir neçə yığıncağı oldu və onlar burada qurultayın qətnaməsi ilə tanış oldular və “liqa”yla sonrakı mübarizəyə dair bir sıra qərar qəbul etdilər. Bu yığıncaqlar da N.Nərimanov və həmyerlilər birliyi üzvlərinin iştirakı olmadan keçmədi. Müsəlman həmyerlilər birliyinin üzvləri fevral yığıncağında fəal iştirak etdilər.

Həmyerlilər birliyi üzvləri vərəqələr müraciətnamələr yayır, liman fəhlələri qarşısında çıxışlar edir, çar mütləqiyyəti menşevik və eserlərlə qəti mübarizə aparırdılar.

Tələbələr liman fəhlələrinin maariflənməsinə böyük diqqət ayırırdılar. Fəhlələrlə daha da yaxınlaşmaq məqsədi ilə “İnternasional” üzvləri N.Nərimanovun başçılığı altında limanda yükvuran fəhlələr üçün rus və gürcü dillərində tamaşalar təşkil edirdilər.

Nərimanova böyük hörmətlə yanaşan kurs yoldaşları İ.A.Kobozyev və V.P.Snejkov tez-tez onu Simferopola qonaq çağırırdılar. Və Nərimanov burada tez-tez dostları qarşısında çıxış edir, tamaşalar qoyurdu. Simferopolda olarkən, Nəriman Nərimanov 1903-cü ilin 9 yanvarında teleqramla senzura komitəsinə müraciət edərək, Simferopolda “Nadanlıq” pyesinin tamaşaya qoyulmasına icazə istəyir və bu haqda Simferopol polismeysterinə məlumat verilməsini xahiş edir. Sonralar bu pyes Simferopolda göstərilir. “Tərcüman” qəzeti bu hadisə barədə müfəssəl danışmışdır.

Nərimanov tarixi dramı “Nadir şah”ın səhnəyə qoyulmasına icazə almaq üçün dəfələrlə cəhd göstərmişdir. 1904-cü ilin 2 dekabrında o, elə bu xahişlə yenidən yazılı surətdə baş Peterburq senzoruna müraciət edir və yalnız 7 aydan sonra, yəni 1905-ci ilin 25 iyununda N.Nərimanov senzorun cavab məktubunu almışdır. Məktubda o, bunun “ziyanı” səbəbindən icazə vermir. Pyes yalnız birinci rus inqilabı illərində (1906-cı ildə) ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulmuşdur. Sonra rus artistlərinin istəyilə dram müəllif tərəfindən rus dilinə tərcümə edilmişdir. Görünür dram Odessada da səhnəyə qoyulmuşdur.

Hər addımına göz qoyulduğunu gözəl anlayan Nərimanov çox ehtiyatla hərəkət edirdi. Dözüm, maksimal enerji tələb edən bu gərgin illər N.Nərimanov Bakı zəhmətkeşlərilə əlaqələrini kəsmir.

Tələbə tətillərində o, ora gəlir, fəal təbliğat işi aparır, təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində də mühazirələr oxuyur.

Qeyd edilməlidir ki, inqilab ərəfəsindəki həmin illər N.Nərimanovun fəaliyyətinin bolşevik istiqamətini müəyyən etmək hələ çətindir.

Lakin onun istismarçılara nifrəti, xalqının ağır vəziyyətini yaxşılaşdırmağa istiqamətlənmiş ictimai-siyasi, ədəbi-maarifçi fəaliyyəti, zəhmətkeş kütlələrin azad edilməsinə yönəlik cəhdləri və bunu mövcud rejimin kökündən dəyişdirilməsində görməsi, onun düzgün yolda olmasından danışır.

İ.A.Kobozyev öz xatirələrində N.Nərimanov haqqında qeyd edir: “Mən yaxşı bilirdim ki, o—inqilabçıdır, lakin məhz hansı partiyaya mənsub olduğunu bilmirdim”.

Sonrakı illər Nərimanovun hansı partiyaya mənsub olduğunu təsdiq etdi. Bu, Vladimir İliç Lenin tərəfindən yaradılmış bolşeviklər partiyası idi.

Əhalinin müxtəlif təbəqəsi mütləqiyyətə qarşı mübarizəyə qalxdı. Vəhşiləşmiş jandarmeriya qəddar davranış göstərirdi. Hər addımı xəfiyyələr tərəfindən izlənilən Nərimanov üçün xüsusilə çətin idi. Lakin üç il ərzində qazandığı təcrübə ona son dərəcə ehtiyatlı hərəkət etməyə imkan verirdi. O tez-tez universitet administrasiyasına bildirmədən yaşayış yerini dəyişir, ehtiyatla hərəkət edirdi.

***

Aylar ötür, universitetdə dərslər isə davam edən tələbə hərəkatı səbəbindən bərpa olunmurdu. Nərimanovun maddi vəziyyəti dözülməz olmuşdu. Lakin bu situasiyada belə o, bir çox tələbə toplantılarının ilhamçısı olaraq, özündə mövcud rejimə qarşı mübarizə aparmaq, tələbə hərəkatına başçılıq etmək gücü tapırdı.

Hökumətin hər cür təhdidlərinə baxmayaraq, tələbə toplantıları davam edir. Artıq 1905-ci il avqustun əvvəllərində tələbələrin, eləcə də orta təhsil müəssisələri şagirdlərinin çıxışları qeyd edilir. 10 avqustda izdihamlı toplantı baş verir və burada tələbələrdən başqa, şəhərin fəhlə müəssisələri, eləcə də şəhər əhalisinin digər təbəqələri iştirak edir. Toplantının təşkilatçılarından biri Nərimanov idi.

1905-ci ilin 3 avqustunda N.Nərimanov onun Kazan universitetinə köçürülməsi haqda universitet rektorunun adına xahiş ərizəsi verir. Və tələbə işləri üzrə inspektor Krıjanovski dərhal Nərimanovun köçürülməsinə mane olmağa təşəbbüs göstərir. Onu şübhəlilikdə günahlandırmaq məqsədilə o, Kazan universitetinə hazırlanmış məktubda bu məzmunda arayış verir: “N.Nərimanov 1903-cü il 17 noyabr, 1905-ci il 10 avqust toplantısında iştirak etmişdir”.

Bununla belə Kazan universiteti idarə heyətinin 1905-ci il 23 avqust tarixli qərarıyla N.Nərimanov tələbələrin siyahısına daxil edilmişdir.

Nərimanov Kazan universiteti idarə heyətinin qərarından xəbər tutmağa macal tapmamış Odessaya, onun yanına qardaşı Rizvan gəlir və anasının ölümü xəbərini verir. Bu xəbərlə eyni vaxtda o tələbələrin inqilabi çıxışlarının vüsət alması səbəbindən Kazan universitetinin bağlanması xəbərini eşidir.

Beləliklə, sentyabrın sonlarında, daha doğrusu 1905-ci il oktyabrın əvvəllərində Nərimanov Odessaya gəlir və yenə də universitet tələbələrinin sıralarına qatılır.

***

Yeni dərs ili universitetdə çarizmlə qəti döyüşlərin yaxınlaşması şəraitində başlamışdı.

1905-ci ilin oktyabrının bu təlatümlü günləri Nərimanov artıq Odessada idi.

Nərimanovun mitinqlərin, yığıncaqların təşkili və keçirilməsində yardımı az deyildi. Nərimanovun kurs yoldaşı M.Levi 1905-ci ilin oktyabr hadisələrini xatırlayarkən, qeyd edirdi: “...Xüsusilə onun çıxışında mövcud çar rejiminin dəyişdirilməsi, Dövlət Dumasının boykotu və inqilab yoluyla demokratik respublika qurulması haqda dedikləri yaxşı yadımdadır”.

1905-ci ilin 16 oktyabrında Odessa fəhlələri küçə səngərləri qurmağa başladılar. Universitetin tələbələri, tibb fakültəsi tələbələri onlara fəal yardım göstərirdilər. Tibb fakültəsi özünümüdafiə qruplarının başçılarından biri Nərimanov idi. Onun təşəbbüsü ilə “Zərər çəkənlərə yardım fondu” yaradılmışdı, sonralar, yəni düz 2-3 gün keçmiş bu təşəbbüsə bütün universitet qoşulmuşdu.

1905-ci il hadisələri şübhəsiz N.Nərimanovun ictimai-siyasi baxışlarının inkişafında müəyyən rol oynamışdı. N.Nərimanovun Rusiyada baş verən ixtişaşlar barədə yazdığı, sonra isə kütlə arasında oxuduğu referat elə o zamana aiddir. Referat Nərimanovun görüşlərinin öyrənilməsində ən vacib mənbələrdən biridir.

N.Nərimanov referatında söyləyir ki, “Nazirlərdən tutmuş son keşikçisinə qədər bütün çar məmurları rəhmsiz, məkrli və nadandırlar”.

N.Nərimanov iddia edir ki, əsarətdən qurtulmaq üçün inqilabi mübarizə zəruridir, müstəbid çarlar heç vaxt öz mövqelərindən müqavimətsiz əl çəkməyəcəklər. Ona görə mütləqiyyəti yıxmaq üçün inqilabi mübarizə zəruridir. Referat müəllifi öz dinləyicilərinə müraciət edərək “Partiyanın çarın portretini aparmağa çağıran təslimçi cahil sözlərinə uymamağa, inqilabçı partiyanın qırmızı bayrağı altında birləşərək, digər xalqlarla əl-ələ verib getməyə” səsləyir.

İndi artıq gördüyümüz kimi, N.Nərimanov xalqın azadlıq yolunun yalnız inqilabi mübarizədə olduğu barədə möhkəm qənaətə gəlir.

N.Nərimanov Odessada olarkən Bakıyla əlaqələrini kəsməmişdi. O, Qafqazdakı bütün hadisələrdən xəbərdar olurdu.

Birinci rus inqilabı ərəfəsində Bakı proletariatının başladığı inqilabi mübarizənin də N.Nərimanovun inqilabi əqidəsinin formalaşmasında az əhəmiyyəti olmamışdır.

1906-cı ildə İnqilabi tələbə hərəkatının səngiməməsi səbəbindən Novorossiysk universiteti müvəqqəti bağlanır.

N.Nərimanov 1906-cı il yanvarın əvvəllərində Bakıya gəlir. Onun qayıtması ilə “Hümmət” qrupunun fəaliyyəti xeyli genişlənir.

1906-cı ildə N.Nərimanovun tərcüməsində RSDFP proqramı Azərbaycan dilində nəşr edilib. Proqram Bakı rayonunun fəhlələri arasında yayılır, tirajın xeyli hissəsi Bakıdan İran Azərbaycanına yollanan təbliğatçılara paylanır.

Artıq qeyd edildiyi kimi, Bakıda olduğu zaman Nərimanov xalqın maariflənməsinə böyük diqqət ayırır. “Tibb və İslam”, “Rus dövlətinin vəziyyəti” mövzularında mühazirələrlə çıxışlar edir. “İrşad” qəzeti oxucuya məlumat verərək yazırdı ki, “Odessa universitetində tibb təhsili alan N.Nərimanov zəhmətkeşlər arasında böyük iş aparır. Belə ki, onun 22 yanvarda oxuduğu mühazirə aydın və məzmunlu idi. Nərimanov xəstəliklərin bir sıra səbəblərini açaraq onların tibb elminin ən yeni nailiyyətləri yoluyla müalicəsi haqda danışıb”.

Nərimanov teatr fəaliyyəti ilə də məşğul olur, pyeslər tamaşaya qoyur, özü müxtəlif rolları ifa edirdi. Tamaşalardan yığılan pullar müharibədən ziyan çəkənlərə, xəstələrə xərclənirdi. O, tez-tez Azərbaycanın şəhər və kəndlərinə gedir, həkimlik fəaliyyəti ilə məşğul olur, mühazirələr və çıxışlar edirdi.

Bu səfərlər nəticəsində N.Nərimanovda bir qədər vəsait toplanır və 1906-cı ildə, Odessa universiteti açıldıqdan sonra, o öz təhsilini başa vurmaq üçün yenidən Odessaya gedir.

Doktor Nərimanov

1906-cı il dekabrın əvvəllərində Nərimanov Odessaya gəlir. Şəhərdə hələ inqilab təlatümü hiss olunsa da sentyabrın 22-də dərslər başlamışdı. Lakin Nərimanov mühazirələrə buraxılmadı. Məsələ belə idi ki, təzə qaydaya görə mühazirə kursunu dinləmək icazəsi üçün pul ödəməyən tələbə dərslərə buraxılmırdı. Nərimanovun vəziyyəti kritik idi: O, xəbər tutdu ki, 20 oktyabradək ödəniş etmədiyi təqdirdə siyahıdan çıxarılacaq. Nərimanov bu barədə 1906-cı il 12 oktyabr tarixli məktubunda Bakı şəhər upravası üzvünə bildirdi və tezliklə hər şey yoluna düşdü.

Təhsilinə böyük diqqət yetirən Nərimanov eyni zamanda həm universitetdə, həm də kənarda inqilabi fəaliyyətə davam edir. O, yenidən kursun starostası seçilir. Tələbə həyatına başlayaraq o yığıncaqlara rəhbərlik edir, tərkibi etibarilə çoxmillətli olan liman fəhlələri arasında gizlin inqilabi təbliğat aparır. İndi Nərimanov - təcrübəli, bacarıqlı, mübarizədə bərkimiş inqilabçıdır. O, inqilabi işin hər vasitəsindən istifadə edir.

1907-ci ilin əvvəllərində tələbə hərəkatı yenidən canlanır.

İnqilabi hərəkatda tələbələrin fəal iştirakı ucbatından universitetdən kütləvi qovulmaları ilə cəzalandı.

Buna baxmayaraq, qabaqcıl tələbələr və bu sırada Nəriman Nərimanov başladığı mübarizəni mərdliklə davam etdirir.

Nərimanov çox çətin şəraitdə həm təhsilinə davam edir, həm də inqilabi iş aparır.

Bu gərgin günlərdə Nərimanov qardaşı Salmanın ölümü barədə kədərli xəbər alır. Ailənin bütün ağırlığı indi onun çiynindədir və o, böyük maddi çətinlik çəkir.

Düzdür, Odessada oxuduğu müddətdə Azərbaycanın və Gürcüstanın qabaqcıl adamları ona maddi yardım göstərirdilər. Bu haqda N.Nərimanovun mütərəqqi “Molla Nəsrəddin” jurnalında məktubu saxlanılır. O, orada onlara öz təşəkkürünü bildirir.

1907-ci ilin avqustunda keçən Azərbaycan müəllimlərinin ikinci qurultayı Novorossiysk universitetində təhsilini davam etdirə bilməsi üçün Nəriman Nərimanovun vəziyyətini yüngülləşdirmək məqsədilə Salmanın ailəsinə maddi yardım göstərmək qərarına gəlir.

1908-ci il Nərimanovun Novorossiysk universitetində son təhsil ili olur.

Tibb elmlərinin tam kursunu dinləyərək, 1908-ci ilin yayında o, həkimlik dərəcəsi üçün imtahanlar verir. Buraxılış zamanı ona qaragüruhçu professorların və irticaçı Levaşovun münasibətinin necə olacağını gözəl bilən Nərimanov diplom müdafiəsinə səylə hazırlaşır.

Və budur Bakıya şad xəbər gəlib çatır: N.Nərimanov 1908-ci ilin payız yarımilində Novorossiysk imperator universitetində həkim dərəcəsi almaq üçün tibb sınaq komissiyası qarşısında imtahan verib, davam gətirib və bu sınaq komissiyasını 1908-ci il 20 oktyabrda keçirilmiş iclasında həkim təsdiq edilmişdir. Universiteti bitirməklə o, işədüzəlmə hüququ verən şəhadətnamə alır.

Beləliklə, tələbə həyatı bitir. O, kurs yoldaşlarından xatirə olaraq böyük tibb alətləri dəsti alır.

Sevincli və kədərli dəqiqələr, uğurlar və uğursuzluqlar arxadadır, irəlidə—həkimlik işi, zəhmətkeşlər arasında inqilabi fəaliyyət, mütləqiyyətə qarşı mübarizə durur.

 

Vaqif AĞASİYEV.

Ruscadan tərcümə:

Ülfət KÜRÇAYLININDIR.

 

Respublika.- 2020.- 30 iyul.- S.4;5.