Xalq yazıçısı Süleyman Rəhimov haqqında xatirələrim

 

Mən böyük söz ustadı, Xalq yazıçısı Süleyman Rəhimovu ilk dəfə 1970-ci ildə görmüşəm. Həmin il aprel ayının 29-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yazıçının anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli görüş gecəsi keçirilirdi. O vaxt Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şəhər şöbəsinin təşkil etdiyi bu tədbirə qatılmağımdan çox məmnun idim. Mötəbər şəxslərin də iştirak etdiyi bu tədbirə çətinliklə də olsa, dəvətnamə əldə edib qatılmaq bir tələbə üçün fəxr ediləsi hadisə idi. Yazıçının həyatı və yaradıcılığı ilə hələ orta məktəb illərində “Ədəbiyyat” dərsliyindən tanış idim. Elə o vaxtlardan həm ədəbiyyat dərslərində, həm də Mərkəzi Kitabxanada yazıçı Süleyman Rəhimovun qalın cildlərini həvəslə oxumuşdum. Humanitar fakültənin tələbəsi olmasam da, məni bu təntənəli gecəyə çəkib gətirən yazıçının real həyatdan götürülmüş əsərlərinin cazibəsi idi. İstəyirdim Azərbaycanda məşhur olan bu nəhəng söz ustadını yaxından görüm, özünü dinləyim. Bundan başqa, məni buraya çəkib gətirən maraq həm də onun gənc ikən həyatdan köçən oğlu, məşhur seysmoloq, fizik, alim-şair Şamo Rəhimovla bağlı idi.

 

Həmin gecədə Süleyman Rəhimov Naxçıvanın Şahbuz və Şərur rayonlarında rayon partiya komitəsinin birinci katib işlədiyi vaxtlardan da danışdı. Yazıçı həmin gün Şahbuza gedib yaşadığı mənzilə baş çəkdiyini də dedi. Və qeyd etdi ki, bu evə onu çəkib aparan səbəb oğlu Şamo ilə bağlıdır. Onun yaşadığı ağrılar içində kövrələrək dediyi bu sözlər salondakıları da mütəəssir etdi. Elə o vaxtdan, yazıçının Naxçıvanda təntənəli yubiley gecəsindən sonra ona məktublar yazır, əsərləri haqqında təəssüratımı bildirirdim...

 

Süleyman Rəhimov XX yüzilliyin əvvəlində (1900) dünyaya göz açdığı üçün həyat yollarında müxtəlif siyasi hadisələrin şahidi olmuşdur. Bütün bu hadisələri Azərbaycan ədəbiyyatının şah əsəri (epopeyası) olanŞamoda dərin yanğı ilə, məhəbbətlə təsvir edib. Azadlıq uğrunda gedən döyüşlərin bədii tarixi olanŞamoda xalqın hünəri, əzəməti və mənəvi qüdrəti ön plandadır. Yazıçı bu 5 cildlik əsər üzərində uzun illər işləyib. Əsərdən müxtəlif sinifictimai təbəqəyə mənsub olan adamların düşüncəsində, həyat tərzində baş verən təbəddülatların təzahürünün sənətkarlıqla qələmə alındığının şahidi oluruq.

 

Şamoilk dəfə 1931-ci ildə kiçik kitabça şəklində Mehdi Hüseynin müqəddiməsi ilə nəşr olundu. Tənqidçi “Şamonu ədəbiyyatımızda “müvəffəqiyyətli bir addım” adlandırmışdı. Bundan sonra Süleyman Rəhimov 1939-cu ilədək ədəbiyyat aləmində görünmədi. Rayonlarda müəllimlik edən və rəhbər işlərdə çalışan müəllif 1940-cı ildə “Şamonun birinci cildi ilə yenidən ədəbiyyat aləmində göründübu əsəri ilə Azərbaycanın ədəbi həyatında şöhrət tapdı. Filologiya elmləri doktoru Vaqif Yusifli yazır:Süleyman Rəhimovun “Şamosu Azərbaycan kəndini kənd kimi tanıdan, kənd kimi yaddaşlara həkk edən bir əsərdir. Açığını desək, otuzuncu illərdən üzü bəri heç bir romanımızda kəndimizin Şura inqilabına qədərki mənzərəsi bu cür realistcəsinə əks olunmayıb”.

 

Əsərdəki hadisələr əsasən Mağavız (indiki Laçın) nahiyəsində, Çalbayır dağlarında baş verirsonra bütün Azərbaycanı əhatə edir. Əsərdə maraqlı obrazlar qalereyası vardır: Şamo, Alo, Safo, Gülsənəm, Qənbər, Qədir, Fərzəli, Sara, Tutu, yasovul Kəlbalı, Sibir Matvey, Kankan (quyuqazan) Qeybəli, Mirzə Polad müəllim, Dağ İsrafil, Hətəmxan, Maro, Pası...

 

Roman-epopeyadakı surətlər, müsbət, mənfi obrazlar öz orijinallığı ilə yadda qalır. Görkəmli tənqidçi Mehdi Hüseyn yazırdı: “Şamo” romanının ən böyük məziyyəti Azərbaycan kəndinin inqilablar ərəfəsindəki mənzərəsini realist bir qələmlə rəsm etməsidir”.

 

Bəzən oxucuları bir sual çox maraqlandırır: Əsərdəki Şamonun prototipi olubmu? Ədib “Həyat yolundabu barədə yazıb. Yazıçı Laçının Hoçaz kəndində işləyərkən müəllim yoldaşlarından biri “Şamo-Qəmər” əhvalatını ona danışır və necə deyərlər, S. Rəhimov həmin hadisənin cazibəsindən qurtara bilmir və “Şamokimi V cildlik roman-epopeyanın yaranmasına nail olur. Amma yazıçı ömrünün yarısını, bəlkə də çox hissəsini bu romanı yazmağa sərf etmişdir. O, dönə-dönə əsər üzərində işləmişdir. Bəzən buna görə ədib çox tənqid olunsa da, onun əli işdən soyumayıb, əksinə, o, daha böyük həvəslə, cəsarətlə öz işini davam etdirmişdir. Böyük yazıçı “Şamo” roman-epopeyasının sonuncu-beşinci cildinin üzərində 1974-1977-ci illərdə işləmiş və əsəri 1977-ci ildə tamamlamışdır. Deməli, ədib ömrünün 46 iliniŞamoya həsr edib.

 

Mən onun yaradıcılıq laboratoriyasında “Şamo” ilə bağlı əlyazmaları görəndə yazıçı dözümünə, zəhmətinə heyran oldum. “Şamo” əsəri bütünlükdə beş cild, 181 çap vərəqi həcmində 3.447 səhifədir.

 

Yazıçının “Şamo” epopeyasına məni daha çox bağlayan oğlu Şamonun uğursuz taleyi idi. Çox qəribədir, onun əsərdə qələmə aldığı səhnələr həyatda öz başına gəlirdi. 1974-cü ildən 1983-cü ilin oktyabrına kimi mən bu hadisələrin canlı şahidi oldum.

 

S.Rəhimov 1931-ci il aprelin 2-də Bakıda doğulan oğlunun adını Şamo qoyur. Əsərdəki Şamo azadlıq mücahididir və həyatını azadlıq uğrunda mübarizədə qurban verir. Oğlu Şamo isə elm fədaisidir, həm də azadlıq mücahididir. Oğlu da qəhrəmanı kimi öz ömrünü qurban verir. Elmdə çox böyük kəşflər edən Şamonun uğursuz taleyi atanı - böyük ədibi həyatının sonuna kimi dərin sarsıntılar içində yaşadır. Və yazıçı bu sarsıntıları “Şamonun sonuncu -5-ci cildində dərindən təsvir edib.

 

Yazıçının oğlu Şamo istedadlı alimromantik, lirik şeirlər yazan şair idi. Moskva Dövlət Universitetinin fizika fakültəsini, orada aspiranturanı bitirmiş, elmi işini uğurla müdafiə edib Azərbaycana qayıtmışdı. Doğma Bakıya dönüb seysmoloq kimi çalışan alim nakam bir tale yaşamışdı. O, 40-dan artıq elmi işin və “Yerin strukturunun öyrənilməsi məsələləri” adlı monoqrafiyasının müəllifi idi. Əsər rusca yazılıb və çox təəssüf ki, Şamonun vəfatından sonra işıq üzü görüb. 241 səhifədən ibarət olan bu əsər (məqalələr toplusu) bu gün də fiziklərin stolüstü kitabıdır. Kitabı yazıçı atası Süleyman Rəhimov çap etdirmişdi. Sonra avtoqrafla mənə də bağışlayıb: “Şamonun unudulmaz xatirəsini öz sinəsində - ürəyində yaşadan Musa müəllimə. Hörmətlə S.Rəhimov. 15/Vİİ-1974, Bakı”.

 

Şamonun elmipoetik yaradıcılığı ilə bağlı yazıçıya bir neçə məktub yazmışdım. Bu məktublaşma bizi 1974-cü il iyulun 15-də Bakıda, yazıçının evində görüşdürmüşdü. Həmin isti yay günü indiki kimi gözlərim önündədir: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 6 nömrəli ev, 4-cü mərtəbə, 15 nömrəli mənzil, yazıçının göz oxşayan böyük salonu. Buradan Xəzər apaydın görünür. Süleyman müəllim demişkən, nazik bığlı bir cavan oxucu və məşhur bir yazıçı ilə üz-üzə oturub doğmalıqla söhbətləşirlər. Tez bir zamanda bu söhbətləşmə ürəkdən dərdləşməyə çevrilir. Mən, şagird müəllimin önündə oturduğu kimi, Süleyman müəllimin qarşısında oturub aludəliklə ona qulaq asırdım. Oğlundan çox danışırdı. Şamo Rəhimov fizik, seysmoloq olmaqla bərabər, həm də “Ayrılıq” adlı poetik şeirlər toplusunu da çapa hazırlamışdı. Ancaq onun elmi irsi və “Ayrılıq” poetik şeirlər toplusu Şamonun ölümündən 3 il sonra (o, 1965-ci ildə vəfat etmişdi), yəni 1968-ci ildə işıq üzü görə bildi.

 

Həmin 15 iyulda yazıçı atanın alim oğlu haqqında dedikləri bir yazıya sığmaz. Süleyman müəllim mən cavanı kədərləndirməmək üçün çox kədərli, üzücü anlardan, hadisələrdən danışmırdı. Mən də bu haqda sual vermirdim. Ürəyi yaralı olan atanın qəlbindəki ağrılara toxuna bilməzdim. Özü nə lazımsa deyirdi. Amma mənim Şamo haqqında oxuduqlarım çox idi. Hər yazıdan, kitabdan anladığım məsələlər vardı. Məsələn, qalın, bir neçə cildlik kitabda Şeyda (yəni Vurğun) adı ilə Şamonun bütöv həyatı təsvir olunub. Qulu Xəlilovun, Ramiz Heydərin və digərlərinin çap etdirdikləri məqalələrdə, poemalarda Şamonun taleyi vardı. Yazıçı O.Salamzadənin “İkinci güllə” əsərində Şamonun 8-ci sinifdə oxuyarkən məqsədli şəkildə bıçaqla vurulması təsvir edilib. Yazıçı “Kəsilməyən kişnərti” əsərində oğlu Şamonun həyatına qıyanlardan yazıb.

 

Böyük yazıçı Süleyman Rəhimov Şamonun “Ayrılıq” şeirlər kitabına geniş bir avtoqraf yazaraq mənə bağışlayır: “Oğlum, mənim ürəyimi parçalayan Şamo-Şamil, sənin zəhmətin bada getdi, sənin istedad və zəkana qarşı duranlara, sənin əvəzindən cavab verən cavanlar vardır! Səni sinəsində gəzdirən gənc müəllim Musa vardır! Heç söz tapmıram, həyəcanlıyam! Sən mənim yerimdə olsaydın, bilmirəm necə qələmə sarılıb mənim kimi necə öz başını qarışdıra bilərdin?! Mən sənin səsini - “dədə-dədə!” deyən səsini eşidirəm. Sənin əvəzində qələm işlədirəm! Sənin qələmin böyük qələm idi, dünya qələmi idi. ... Daha bilmirəm”.

 

Yazıçı Süleyman Rəhimovun məndə məktubları xatırladan avtoqraflı kitabları vardır. Həmişə deyirdi ki, sənin məktublarına yaza bilmədiyim cavablardır bunlar. Mən Bakıda qaldığım günlərdə onun arzusu ilə hər gün görüşür və söhbətləşirdik. Bəzən sahilə gedib bulvarda gəzişərək söhbətimizi davam etdirirdik. Süleyman müəllim zəngin canlı arxiv idi. Həqiqəti çox sevirdi. Onun mənə danışdığı hadisələri xeyli sonralar, yəni 1990-cı illərdə mətbuatda oxuyurdum. Süleyman müəllim 1937-ci ildə Naxçıvan Muxtar Respublikasında Noraşen (indiki Şərur) rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyəndə onu qəflətən Bakıya çağırıb həbs edirlər. Bu böhtan dolu hadisə 1937-ci il noyabr ayının 26-da baş verib. Yazıçı özü mənə bu hadisəni təfsilatı ilə danışmışdı. Hətta DTK-nın ona tərtib etdiyi arxiv işinin nömrəsini də unutmamışdı: 44187. Nəql edirdi ki, mən tutulanda həyat yoldaşım Zərqələmin 26 yaşı vardı. Onun ümidinə qalan övladlarımın: Oqtayın 8 yaşı, Şamonun 6 yaşı, Şəfiqənin 4 yaşı vardı. Arif isə yaş yarım idi. Yazıçı Süleyman Rəhimov iradəsi və mərdliyi sayəsində sovet DTK-nın repressiyasından qurtulmuşdu. Qeyd edək ki, 2010-cu ildə nəşr edilən “Dədə Süleyman Dünyası” kitabında istintaq materiallarından ətraflı söhbət açılıb.

 

Bir dəfə Süleyman müəllim Şamonun vəfatından və dəfn olunmasından ətraflı söhbət açdı.

 

27 iyun 1965-ci il. Həmin gün istirahət günü olduğundan hamı evdə idi. Süleyman müəllim nəql edirdi ki, Şamo həmin gün 8.30-da yuxudan qalxdı. Adəti üzrə mənim otağıma gəldi. Mənim həddən çox işlədiyimi dedi, narahatlığını bildirdi. Sonra eyvana çıxdı və xeyli müddət dənizə baxdı. Təkrar otağına daxil olanda mən qürurla ona baxdım. ürəyimdə özümü danladım. Dedim ki, belə oğlu olan ata da fikir eləyərmi? Dedim ki, Şamo, oğlum, sən mənim nəfəsimsən, Allah eləməsin, sən olmasan, mən tar-mar olaram. Şamo qayğılı-qayğılı gülümsəyib anasını səslədi və mətbəxə keçdi. Bir azdan Zərqələmin heç vaxt unuda bilmədiyim ana fəryadı dünyanı alt-üst etdi... Mən Şamonun otağına keçdim. Artıq sevimli oğlum Şamo əbədilik olaraq gözlərini yummuşdu. Mən keçirdiyim hisslərimi və vəziyyətimi yazdığım “Kəsilməyən kişnərti” əfsanə-povestində təsvir etmişəm. “Bakı” qəzeti 28 iyunda 150-ci nömrəsində xəbər verirdi: Şamonun cənazəsi iyunun 29-da gündüz saat 16.30-da Azərbaycan Neft-Qaz Sənayesi Elm-Texnika Cəmiyyəti evindən götürüləcəkdir. Ünvan da göstərilib. Malıgin küçəsi 2. Həmin gün “Bakı” qəzeti yazıçının sənət dostlarının, ziyalıların, elm adamlarının başsağlığını da çap edib. Çox sevdiyim əsərin-”Bir gəncin manifesti”-nin müəllifi unudulmaz yazıçı Mir Cəlal ailə üzvləri ilə birlikdə (Mir Cəlal, Püstə xanım, Arif, Aida, Elmira, Tofiq, Hafiz, Ədilə, Aqil) dostları Süleyman Rəhimova dərin kədərlə başsağlığı veriblər.

 

1974-cü ildən etibarən Bakıya gedəndə Süleyman müəllimlə görüşürdüm. O vaxtlar ildə 3-4 dəfə Bakıya gedirdim. Özünün tapşırığına əsasən Bakıya çatan kimi zəng edirdim. İndiyədək telefon nömrəsi də yadımdadır.

 

Dəstəyi özü götürürdü. Oğul, gəlmisən? Evə gəlsənə. Mən onun vaxtını çox almaq istəməsəm də, qayğıma çox qalırdı. Hətta hara gedəcəyimi, kimlərlə görüşəcəyimi və harada qalacağımı soruşardı. Böyük salonda divan göstərərdi: bax, ora sənin yatmaq yerin, başqa yerdə qalma.

 

Bax, belə oxucu-yazıçı dostluğumuz vardı. Məsələn, 1976-cı ilin 29 martında mənə bağışladığı “Seçilmiş əsərlərinin” 6-cı cildində Süleyman Rəhimov belə bir avtoqraf yazıb: “Əziz dostum, gözəl oxucum-tədqiqatçım Musa müəllim, oğul qədər istədiyim kişi insana dərin hörmət hissilə yadigar olaraq təqdim olunur”.

 

1975-ci ilin oktyabrında böyük yazıçı vəfalı, sədaqətli ömür-gün yoldaşı Zərqələm xanımı itirdi. Ana oğlu Şamonun yanında dəfn olundu.

 

Qüdrətli yazıçı “Saçlı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Qoşqar qızı”, “Mehman”, “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Uğundu” və sair əsərlərin müəllifidir.

 

Süleyman Rəhimov cəsarətli və cürətli yazıçı idi. Buna görə də yazıçının paxıllığını çəkənlər tapılırdı. Amma bu qüvvələr Süleyman Rəhimovun “dağ cürətinin” önündə davam gətirə bilmirdilər. Çünki onun əsərlərindəki hadisələrin mayası real həyat idi və yazıçının işlətdiyi ifadələr tutumlu və sərrast idi.

 

Hər dəfə görüşüb ayrılarkən deyirdi ki, hökmən mənimlə son görüşə gələrsən.

 

Axırıncı dəfə 1982-ci ilin mayında görüşdük. Mənə çap olunmamış əsərinin əlyazmasından, Əyin kəndində Zərqələm xanımla birgə çəkdiyi fotoşəkil və digər maraqlı fotoları bağışladı. Və 1983-cü ilin oktyabrında Azərbaycan radiosu Xalq yazıçısı, Sosialist əməyi Qəhrəmanı Süleyman Rəhimovun vəfat etməsi xəbərini verdi. Təcili təyyarə ilə Bakıya uçdumM.Maqomayev adına filarmoniyada yazıçının son görüşündə oldum. Cənazəni üzü yuxarı (xeyli məsafəni) çiynimizdə aparırdıq. Böyük yazıçı I Fəxri Xiyabanın girəcəyində torpağa tapşırıldı.

 

Həmin kədərli axşam Şamonun otağında oturub fikir karvanının məni çəkib apardığı maraqlı tarixləri, hadisələri iti sürətlə xatırlayırdım. 1960-cı ildə Süleyman Rəhimov ilk dəfə Azərbaycan Xalq yazıçısı adına layiq görülüb, 1975-ci ildə yazıçılardan ilk dəfə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Süleyman müəllim hər dəfə “Qızıl Ulduza sevinclə baxırdı. Deyirdi ki, bu ulduzu xalqımızın qəhrəman oğlu Heydər Əliyev verib mənə. Əgər o, 1969-cu ildə hakimiyyətə gəlməsəydi, məni də oğlum Şamo kimi öldürəcəkdilər. Heydər Əliyev ədəbiyyat aləmindəki intriqalara, mənasız çəkişmələrə son qoydu. Yazıçılara böyük qayğı göstərən Heydər Əliyev Moskovadan görkəmli professorları Azərbaycana dəvət edirdi ki, xəstə yatan qələm sahiblərini müalicə etsinlər.

 

Süleyman müəllim 1977-ci ilin iyununda Mərkəzi Komitənin xəstəxanasında müalicə olunurdu. Mən Bakı yolu ilə Şimali Qafqaza, Jeleznovodska gedirdim. Vağzaldan zəng etdim, dedilər xəstəxanadadır (leçkomissiyada). Oradakı telefon nömrəsini öyrənib, yazıçıya zəng etdim. Süleyman müəllim sevindi, dedi ki, gəl görüşək. Həyətdə ona baş çəkməyə gəlmiş şairləri gördüm. Hüseyn Arif, Nigar xanım Rəfibəyli, Mədinə Gülgün, Balaş Azəroğlu. Hamısını fotoşəkillərdən, televiziya ekranından tanıyırdım.

 

Süleyman müəllim dedi ki, həkimim də naxçıvanlı Baba Qədimovun qızı, məşhur rejissor Həsən Seyidbəylinin həyat yoldaşıdır. Elə həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yazıçıya zəng etdi. Xeyli danışdılar.

 

Bütün bunları xatırladıqca inana bilmirdim ki, elə təkcə “Kəsilməyən kişnərti” əfsanə-povesti ilə müdriklik səlahiyyəti qazanan yazıçı dostumla bir daha görüşməyəcəyəm, onun səmimi, ürəkdən gələn şirin səsini eşitməyəcəyəm. Sonralar Bakıya yolum düşdükcə, ya yolüstü Bakıda olarkən birbaşa Fəxri Xiyabana gedirdim ki, dostumu yad edim. Qəbirüstü abidəni heykəltaraş, SSRİ Xalq rəssamı, akademik Ömər Eldarov hazırlamışdı. Sonra Şamonun dəfn olunduğu yerə gedirdim.

 

Bir dəfə yolumu Səməd Vurğun küçəsindən saldım, binanın önündə xeyli dayandım. Süleyman müəllimdən sonra bəzi hadisələr yadıma düşdü. 1987-ci ildə Vəzirov bir iclasın stenoqrammasını mətbuatda çap etdirmişdi. Həmin yazını “Literaturnaya qazetada da (Moskva) dərc olunmuşdu. Bu, həmin iclas idi ki, orada Süleyman müəllim Heydər Əliyev haqqında yüksək fikir söyləmişdi. Buna görə Süleyman Rəhimovun 1937-ci ilə aid işlərini yoxlayırdılar ki, ona ləkə yaxsınlar. Amma arxivlərdə onun kimsəyə yamanlıq etməsi haqda heçtapa bilmirdilər. Süyelman müəllimin dediyi bir müdrik kəlamı xatırladım: “Dünyanın nəhəng çaylarını üstümə axıtsalar, yenə mən, lil altında qalmaram”.

 

Ümummilli liderimiz müstəqil Azərbaycan Respublikasının prezidenti olarkən yenə Süleyman Rəhimov yaradıcılığına yüksək qiymət verdi: “Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad-Sosialist Əməyi Qəhrəmanı adı verdilər?...

 

Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus bir yer tutur, təkrarolunmazdırlar, onları heç kəs əvəz edə bilmir...”.

 

2000-ci ildə “Dədə Süleyman dünyası” kitabı nəşr edilib. Burada ədib haqda xatirələr toplanıb. 1980-ci ildən üzü bu yana, səhv etmirəmsə, yazıçının yubileyləri keçirilməyib. Çox qəribədir, iki böyük şəxsiyyətin - Süleyman Rəhimovun və Şamo Rəhimovun yaşayıb-yaratdıqları binaya onları xatırladacaq adi xatirə lövhəsi də vurulmayıb. Buna çox təəssüflənirəm. Cəmi 34 il yaşasa da, seysmologiyada böyük kəşflər edən, Bakının seysmik xəritəsinin müəllifi, istedadlı alim Şamo Rəhimov da hər nəslin yaşıdı olacaqdır. Çünki AtaOğulun yaradıcılıqlarının cazibə qüvvəsi çox böyükdür, güclüdür. Bu cazibə onları həmişə öz oxucularının qəlbində yaşadacaqdır.

 

 

 

Musa RƏHİMOĞLU,

 

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 30 iyul.- S.6.