Bir şəhid ailənin tarixçəsi”

 

Filologiya elmləri doktoru, professor Teymur Əhmədov Azərbaycanın ictimai-siyasi, inqilabi, mədəni, ədəbi tarixində mühüm yer tutan Nəriman Nərimanov və şəcərəsi haqqında onlarca sanballı kitabın, yüzlərlə məqalənin müəllifi kimi tanınır.

Bu günlərdə orijinal tərtiblə, elmi-bədii üslublaNurlar Nəşriyyat Poliqrafiya Mərkəzi”ndə çapdan çıxmış “Bir şəhid ailənin tarixçəsi” yeni kitabı da professor Teymur Əhmədovun “Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi xadim Nəriman Nərimanovun həyatı və ədəbi yaradıcılığının ilk tədqiqatçısı, ədəbiyyatşünas alim Vəli Hüseyn oğlu Məmmədovun əziz xatirəsinə” səmimi qeydləri ilə başlayır və forzas vərəqində üç nəfərin — Nəriman Nərimanov, Gülsüm xanım və balaca Nəcəfdən ibarət fotoşəkil verilir.

Bu sənədli, tarixi povest 1925-ci il, yanvarın 14-də Moskvada Şərqşünaslıq institutunda SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədri Nəriman Nərimanovun ədəbi, ictimai-siyasi fəaliyyətinin 30 illiyinin təntənə ilə qeyd edilməsindən bəhs edir.

N.Nərimanovun taleyinin sevincli və kədərli günlərinin bir-birinə qarışdığı vaxtda ölkənin həyatında baş verən dağıdıcı hadisələr və səhhətinin pozulması onu çox narahat edirdi. O, Mərkəzi Komitədə dedi-qodularla məşğul olanbaşqatan, vacib işləri buraxan rəhbərlərin hakimiyyəti uçuruma apardıqlarını görür, onlarla barışmırdı...

N.Nərimanov oğluna ünvanladığı vəsiyyətnamə-məktubunda yazırdı: “İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər. Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı”.

Bu yığıncağın acı nəticəsi haqqında Teymur Əhmədov arxiv sənədlərinə istinadən yazır: “N.Nərimanov əqidəsi, vicdanı qarşısında MK-da qeyri-rus xalqların, eləcə də, imperialistlərin əsarətinə və təxribatına məruz qalan Şərq xalqlarının taleyinə biganəlik göstərən hakimiyyət düşkünlərinə qarşı şüurlu olaraq tarana gedirdi. N.Nərimanovu fikrindən döndərmək çətin idi. Kremildə Sov.İKP MK Bürosunun 1925-ci il, martın 19-da saat 3-də başlanan iclası axşam başa çatdı. Cari məsələlərdən sonra N.Nərimanovun məruzəsi ətrafında çıxışlar gərgin keçdi”.

Həmin axşam N.Nərimanov Kremlin Spassk darvazasından çıxıb Qızıl meydana sarı, oradan da, Moskva çayına tərəf getdi.

Bu, N.Nərimanovun Moskvada həyatının son dəqiqələri oldu. 1925-ci il martın 19-da axşam saat 8:30-da ürək tutmasından vəfat etdi. Onu təntənə ilə Kreml divarı önündə dəfn etdilər. Həmin matəm mitinqində M.İ.Kalinin öz nitqində “Nərimanov şəxsində Qızıl meydan Şərq xalqlarından ilk qurbanı qəbul edir...” deməsi təsadüfü deyildi.

Nərimanov şəxsiyyətinə qibtə edənlər, bədxahlar, xainlər öz arzularına çatdılar.

Nəriman Nərimanovun faciəli ölümü onun ailəsinə, nəslinə qara günlər gətirdi.

Bir şəhid ailəsinin tarixçəsi”ndə müəllif Gülsüm xanımın və kiçik Nəcəfin qəmli talelərinin başlanmasını tarixi faktlar və ürək göynərtisiylə təsvir edir.

Gülsüm xanım ailə faciəsinə dözə bilmirdi. Mənəvi sarsıntı keçirirdi. Həkimlərin nəzarəti altında müalicə olunurdu. Səhhəti yaxşılaşdıqca, N.Nərimanovun yeganə yadigarı, oğlu Nəcəfin taleyini-böyüdüb ərsəyə çatdırmasını düşünürdü”.

Müəllif maraqlı düşünülmüş kompozisiyaya uyğun olaraq Gülsüm haqqında oxuculara məlumat verir.

Gülsüm xanım kiçik yaşlarından ailə şəraitində təhsil almışdı. Gənc yaşlarından N. Nərimanovla ailə həyatı qurandan sonra — 1916-1917-ci illərdə Bakıda gizli inqilabi fəaliyyətlə məşğul olmuşdur. O, N. Nərimanovun tapşırığı ilə qadın hərəkatına qoşulmuş, müsəlman qadınlar arasında qeyri-leqal ədəbiyyat, inqilabi vərəqələr yaymışdır. 1918-1919-cu illərdə Həştərxanda N. Nərimanovun “Xalq Universitetləri”nin və “ çiçək” mərasimlərinin təşkilində yaxın köməkçisi olmuşdur.

Moskva dövründə - 1919-cu ildə Nəcəfin anadan olması Nərimanovlar ailəsinə sevinc bəxş etmişdir.

1920-1921-ci illərdə N. Nərimanov Bakıda Xalq Komissarları Sovetinin sədri işlədiyi gərgin vaxtlarda Gülsüm xanım Bakıda ilk əlillər evinin, körpələr evininuşaq bağçalarının təşkilində fəal iştirak etmişdir. Eyni zamanda müsəlman qadınlarının ümumtəhsil kurslarında təhsil almışdır”.

***

1920-ci ildən başlanan repressiya dalğaları Azərbaycanın həyatına qara yellər əsdirdi. Azadlıq, milli tərəqqi, müstəqillik sözlərini dilə gətirən ziyalılar, inqilabçılar, “millətçi”, “xalq düşməni” damğası ilə ləkələnib həbs edildilər, güllələndilər, sürgün olundular.

Hələ o zaman N. Nərimanovun uzaqgörənliklə hiss etdiyi, narahat olduğu vəziyyət 30-cu illərdə həyat tərzinə döndü. Ölkədə baş verən bu qorxu, həyəcan minlərlə insanın dinc həyatını, xoşbəxt gələcəyə inamını, arzusunu ürəyində qoydu.

Bu qara yellər azadlıq eşqi, gələcəyə ümidlə yaşayan Nərimanovlar ailəsinin də üstündən keçdi. Gülsüm xanım belə bir şəraitdə hər cür çətinliklərə, iztirablara, təqiblərə sinə gərib N. Nərimanov ocağını işıqlandırdı, yeganə oğlunu böyütdü. 1938-ci ildə orta təhsilini aldıqdan sonra Leninqrad tank məktəbinə daxil olan Nəcəfin və Gülsüm xanımın narahat günləri daha da artdı.

Müəllif bu iztirablı illəri tarixi sənədlər və şəxsi fikirləri, düşüncələri əsasında yığcam şəkildə, təsirli publisist dillə diqqətə çatdırır. Xeyrxah insanların əhatəsində ömür sürən Gülsüm xanımın analıq qayğısından, nakam həyatından bəhs edir.

1941-ci il, iyunun 22-də Böyük Vətən müharibəsinin başlanması milyonlarla insanın həyatına, taleyinə daha böyük qara günlər, fəlakətlər gətirdi. Nəcəf Nərimanovun gəncliyi ordu sıralarında, Gülsüm xanımın həyatı iztirablar içində, 19 yaşlı Nəcəfinsə həyatı müharibənin dəhşətləri, odu-alovun qaynar ocağında keçdi. Nəcəf 24 yaşında şəhid oldu. Gülsüm ananın ah-naləsi, harayı ərşə dayandı.

Bir şəhid ailənin tarixçəsi”ni oxuduqca kədərli, üzüntülü günlər yada düşür. Bu sənədli povestdə oğlunun cəbhədən göndərdiyi və nakam ananın ciyərparasına göz yaşları ilə yazdığı məktublar bizə ürək dağlayançox kədərli bir tarix danışır.

Tarixi sənədlərin dililə qələmə alınan əsərin sonluğu bu sözlərlə qurtarır: “Mən Nərimanın ölümündən sonra onun bütün qiymətli nəyi vardısa, muzeyə bağışlamışam. Oğlumdan da mənə qalan, mənim üçün çox əziz bütün hər şeyi və kitablarını uşaq evinə vermişəm...”.

Gülsüm Nəriman Nərimanovun vəfatından sonra 18 il oğlu Nəcəfə, həm də ata əvəzi olmuşdu, ağıllı-kamallı bir igid böyütmüşdü...

On il mübarizə apardı. Nəcəfin qəbir üstünün düzəldilməsinin nigarançılığını çəkdi.

1952-ci il, mayın 1-də Volnovaxa rayon soveti qəbrin düzəldilməsi xəbərini verdi.

1953-cü ildə Gülsüm ana əbədiyyətə qovuşdu. Moskvada Vorankova qəbirstanlığında dəfn olundu.

Bir şəhid ailənin tarixçəsikitabı qədirbilən xalqımızın heç bir zaman unutmadığı, əziz xatirələrini ürəklərində yaşatdığı, vətəndən çox-çox uzaqlarda, qərib ellərdə torpağa tapşırılan Odlar Yurdunun bu üç müqəddəs şəhidi haqqında elegiyadır.

Allah onlara qəni-qəni rəhmət eləsin!...

 

Sabir GƏNCƏLİ,

tarix elmləri doktoru.

 

Respublika.- 2020.- 26 iyul.- S.6.