“Ozan-aşıq ensiklopediyası”dövlət
qayğısına layiqli bir
cavabdır
Bu gün qloballaşma prosesi bütün hallarda qaçılmaz olmuşdur və o, istər-istəməz, milli-mənəvi dəyərlərə, mentalitetə, dinlə bağlı məsələlərə də mənfi təsir göstərir. Belə halda, ən mühüm məsələ öz kökümüzə bağlılığımızı itirməmək, yəni mənəviyyatından, dinindən, imanından qopmamaq şərtilə qloballaşmaqdır. Dünya mədəniyyətinin vahidliyinə nail olmaq istəyi mənəvi mədəniyyətlərin uzlaşmasına və mübadiləsinə real imkanlar açır. Bu baxımdan mədəniyyətlərin qloballaşması və bu sahədə mövcud problemlərin nəzəri təhlilinin araşdırılması olduqca əhəmiyyətlidir və müasir dünyanın reallıqları fonunda Azərbaycan mədəniyyəti incilərinin qorunması və təbliğinin başlıca prioritet kimi müəyyənləşdirilməsi çox təbii görünür.
Azərbaycan incəsənətinin qədim növlərindən olan aşıq sənətinin inkişafı və tarixin ən dərin qatlarından xalqımızın bu sahədə yaratdığı zəngin milli sərvətin qorunaraq bütün dünyada təbliği istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da IV sessiyasında Azərbaycan aşıq sənəti bu qurumun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqlədi.
Bu uğurun əldə edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Onu da deyək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinin inkişafında yeni mərhələ açmışdır. Belə ki, Fond yazılı və şifahi ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan aşıqlarımızın irsinin qorunması, üzə çıxarılması, bərpası, “Azərbaycan aşıqları ensiklopediyası”nın yaradılması, disklərin yenidən hazırlanması, üzünün köçürülməsi, aşıqların xüsusi geyimlərinin hazırlanması kimi tədbirlərə də dəstəyini əsirgəmir. Bütün bunlar isə ictimai-siyasi həyatı, ədəbi-mədəni mühiti hərəkətə gətirmiş, genişmiqyaslı işlərin görülməsi üçün əsas olmuşdur. Dövlət və hökumətin mənəvi mədəniyyətimizə olan bu həssas münasibətindən qaynaqlanaraq son dövrdə Azərbaycan Aşıqlar Birliyi də aşıq sənətinin öyrənilməsi, gənc istedadların üzə çıxarılması, ustadların yaradıcılıq ənənələrinin davam etdirilməsi istiqamətində böyük işlər görür. Ustad sənətkarların yaradıcılığı ilə bağlı respublika səviyyəsində tədbirlərin keçirilməsi, toplu və tərtiblərin hazırlanması və s. müstəqillikdən sonra həmişə artan tendensiya ilə davam edir. Birinci cildi 2019-cu ilin sonunda, ikinci cildi isə 2020-ci ilin əvvəllərində işıq üzü görən “Ozan-aşıq ensiklopediyası” da bu istiqamətdə uzun illərin ağır, həm də gərgin əməyinin sayəsində reallaşmışdır. Bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin, ozan-aşıq mədəniyyətinin geniş və dolğun təqdimatına yönəldilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci il 3 iyul tarixindən YUNESKO-nun üzvüdür. Bu qurumla Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addımlar ulu öndər Heydər Əliyev tərəfindən atılmışdır. Azərbaycan mədəni irsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri ulu öndər Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərmanla bağlıdır. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülmüş, bütün bunları yüksək qiymətləndirən ümummilli lider “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırmışdır. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə qalmamış, 2000-ci il “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuş, bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.
Bu xətt Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də uğurla davam etdirilmişdir. Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri təyin edilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuş, bu sahədə bir çox uğurlara imza atılmışdır. Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi və artıq ümumbəşəri dəyər kimi beynəlxalq himayə altına alınması xalqımızın və aşıq sənətinin dünyadakı bütün pərəstişkarlarının qəlbini sonsuz sevinc və iftixarla dolduran bir hadisə idi.
Qürurla söyləmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra aparılan məqsədyönlü fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən böyük və gərəkli işlərin strateji hədəf olaraq seçilməsidir. İndiki mərhələdə xalqımızın zəngin mədəniyyətinin dünyaya təqdim olunması Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir: “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin hazırlanması aşıqşünaslığın qarşısında duran vacib məsələlərdən biri idi, çünki mükəmməl sənət ənənələrini, zəngin tarixi, qədim mədəniyyət təsəvvürlərini əhatələyən ozan-aşıq sənəti həmişə xalqla birgə olmuş, tarixin ən ağır sınaqlarından çıxaraq uğurlara imza atmışdır. “Kitabi-Dədə Qorqud”, “Oğuz Kağan”, “Maday Kara”, “Manas”, “Alpamış”, “Edige”, “Corabatır”, “Koroğlu” və s. kimi dünya şöhrətli dastan nümunələri tarixin ayrı-ayrı dönəmlərinin əks-sədası olaraq ozanların, jomokçuların, baxşıların, aşıqların təfəkkürünün bədii və fəlsəfi-estetik məhsulu səviyyəsində ortaya çıxmış, el sənətkarlarının yaratdıqları bu abidələr həm də onların mənəvi dünyasına qol-qanad vermişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudlunun da yazdığı kimi: “Ozan-aşıq ensiklopediyası” məhz bu mədəni-tarixi gedişatın qanunauyğun nəticəsi olaraq ortaya çıxmışdır. Qədirşünaslıqla qeyd etnək lazımdır ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin yaradıcılıq təşkilatlarına, o cümlədən də Aşıqlar Birliyinin fəaliyyətinə dəstək məqsədi ilə ayırdığı vəsaitin müəyyən hissəsi hesabına hazırlanıb nəşr olunan “Ozan-aşıq ensiklopediyası” dövlət qayğısına layiqli bir cavabdır. Azərbaycan Aşıqlar Birliyinin hazırladığı bu ensiklopediya böyük zəhmətin, həm də uzunmüddətli fəaliyyətin nəticəsi olaraq yaranmışdır. Zəngin elmi faktura ilə müəyyənləşən geniş əhatə dairəsinə malik ikicildlik əsərdə artıq əsaslı mənbə olaraq aşıq sənətinin tarixi, epos-dastan mədəniyyəti, musiqi və teatral istiqamətləri, ozan-aşıq sənətinin mifoloji qaynaqları, onun ilkin elementləri, tarixi-mədəni axarı, qam-şaman mədəniyyəti, ozanlığa gəlişin ümumi axarı, türk şamançılığının yerinə yetirdiyi funksiya və s. ayrı-ayrı oçerklər şəklində ensiklopediyada özünə yer alır. Şamandan ozana transformasiyanın sənət və sənətkar baxımından sərgilədiyi məzmunun ənənə və özünəməxsusluq baxımından nələrlə əhatələnməsi, etnosun bədii-estetik, əxlaqi-mənəvi, dini-fəlsəfi təfəkkür hadisələrinin ozan-aşıq mədəniyyətində hansı səviyyədə təzahür etməsi ensiklopediyanın müxtəlif oçerk-maddələrində sistemli şəkildə aydınlaşdırılır.
Ensiklopediyanın uğurlu alınmasında onun üzərində çalışan yaradıcı-elmi heyətin yüksək səviyyəli professional mütəxəssislər olması mühüm rol oynamışdır. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor M.Qasımlının baş redaktorluğu altında ortaya çıxan bu abidədə yaradıcı heyətin üzvləri professorlar M.Allahmanlı, İ.Köçərli, K.Dadaşzadənin əvəzsiz xidmətləri vardır. Belə bir iş məhz onların zəngin biliyi, mənbələrə bələdliyi və həm də xalqın mənəvi mədəniyyətinə sonsuz sevgisi sayəsində ortaya çıxmışdır. Onu da əlavə edək ki, bu cür işlər həmişə böyük kollektivlərin, institutların illərlə davam edən fəaliyyyətləri nəticəsində reallaşa bilir. Çünki hər hansı bir oçerkin ensiklopedik səviyyədə işlənməsi üçün həmin mövzu ilə bağlı mənbələrin bir araya gətirilməsi və daha doğru olanın ortaya qoyulması bir prinsip olaraq əsas götürülür. Şifahi ənənəyə söykənən aşıq yaradıcılığı üçün isə bunun çətinlikləri daha da artır. Söyləyici auditoriyasında mövcud olan çoxvariantlı bilgilərin, ustad repertuarında yer alan fərqli təqdimatların, elmi-nəzəri fikrin çeşidli qənaətlərinin (folklorşünasların, musiqişünasların, etnoqrafların, arxeoloqların, tarixçilərin, dilçilərin, aşıq yaradıcılığı tədqiqatçılarının və s.) yaxın və fərqli yanaşmalarında özünü göstərən müxtəliflik fonunda tarixi gerçəkliyi müəyyənləşdirmək o qədər də asan deyildir. Bütün bunlar məhz yaradıcı heyətin fakt və tarixi hadisələrə obyektiv yanaşması və mənbələrə dərindən bələdliyi sayəsində mümkün olmuşdur. Onu da əlavə edək ki, yaradıcı heyəti təmsil edənlər folklorşünaslıq, musiqişünaslıq sahəsində Azərbaycan elminə, mədəniyyətinə töhfələr vermiş elmi simalardır”.
Ensiklopediyada iki mindən çox mini-informativ təqdimat və yığcam oçerk cəmləşmişdir. Bu da asan başa gəlməmişdir, çünki ayrı-ayrı oçerklərlə bağlı bütün mənbələrin izlənməsi, qaranlıq tərəflərin aydınlaşdırılaraq bir araya gətirilməsi son dərəcədə ağır və məsuliyyətli bir prosesdir və ensiklopediya fundamentallığı və mənbə zənginliliyi ilə seçilir.
Digər bir tədqiqatçı filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər Əliyeva ensiklopediyanın əsas cəhətlərinə toxunaraq yazır: “Qam-şaman kompleksi, ozanepos mədəniyyəti, ozandan aşığa keçidin tarixi mənzərəsi, aşıqlığın təşəkkül və inkişaf mərhələlərində sənətin keyfiyyət göstəriciləri, aşıq adı ilə tanınmadan sonranın ümumi mənzərəsi, baxşı, akın, varsaq, yanşaq və s. adlar şəbəkəsinin sərgilədiyi təsəvvür haqqında hər iki cilddə maddə şəklində lakonik bilgilər verilir. Folklorşünasların, aşıq ədəbiyyatı tədqiqatçılarının, musiqişünasların, etnoqrafların bu məsələdə gəldiyi qənaətlər də diqqətdə saxlanmışdır. Dünya sənət ənənəsində özünə yer alan, yunanların aedləri, rapsordları, ispanların vaqantları, almanların minnezingerləri, fransızların trubadurları, ukrainlərin kobzarları və s. haqqında bilgilər, onların aşıq sənəti ilə oxşar xüsusiyyətləri göstərilir.
Aşıqlığın bir sənət kimi xalqın təsəvvüründə formalaşdırdığı status, “aşıq el anasıdır”, “aşıq haqq aşığıdır”, “aşıq gördüyünü çağırar”, “aşığa hər yer məhrəmdir” və s. kimi deyimlərin sərgilədiyi məzmun bütün ensiklopediya boyu çeşidli maddələrdə təfsilatı ilə açıqlanır. Ayrı-ayrı aşıq mühitləri, aşıq yaradıcılığında mühit və məktəb məsələləri, sufi terminologiyasının aşıq yaradıcılığında işləkliyi, təkyə (zaviyə) və təkyə ocaqları, aşıq və aşıq ocaqları və s. diqqəti daha dərin mətləblərə yönəldir. Təbriz, Qaradağ, Göyçə, Qarabağ, Borçalı, Urmiya, Şirvan, Dərbənd, Gəncəbasar, Zəncan, Naxçıvan, İrəvan, Dərələyəz və s. aşıq mühitləri, bu mühitlərin özünəməxsus sənət şəcərəsi, repertuar ənənəsi, dastan söyləyiciliyi və tarixi mənzərəsi haqqında mükəmməl mənzərə yaradılır”.
Ensiklopediyada həmçinin ozan-aşıq sənəti kontekstində qopuz və sazla bağlı bilgilər və bu musiqi alətlərinin gerçəkləşdirdiyi mədəni-tarixi funksiya ətrafında da diqqətçəkici elmi məlumatlar vardır. Qopuz və sazın növləri, saz havalarının çeşid və variativ bolluğunun səbəbləri, məşhur saz havalarının not yazıları akademik ardıcıllıqla verilir və təhlil edilir. “Koroğlu” dastanı timsalında “Koroğlu” havalar silsiləsi (“Cəngi Koroğlu”, “Misri Koroğlu”, “Sürütmə Koroğlu”, “Eyvazı”, “Atlı Koroğlu”, “Bozuğöu Koroğlu”, “Piyada Koroğlu” və s.), “Kərəmi” havalar silsiləsi (“Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Hicrani Kərəmi”, “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Quba Kərəmi” və s.), “Müxəmməs” (“Baş müxəmməs”, “Orta müxəmməs”), “Mansırı”, “Cəlili”, “Dilqəmi”, “Qaytağı”, “Qarabağ şikəstəsi”, “Dərbəndi”, “Faxralı gözəlləməsi”, “Çoban bayatı”, “Yurd yeri”, “Baş sarıtel” və s. havalar barədəki təqdimat və təhlillər öz yeniliyi və əhatəliliyi ilə seçilir. Onların ifa məqamları, not yazıları, saz havalarının nota alınmasının tarixi və müasir vəziyyəti ilə bağlı bilgilər sırf elmi-ensiklopedik səciyyə daşıyır.
Aşıq ədəbiyyatının ustad sənətkarları Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Aşıq Valeh, Ağ Aşıq, Varxiyanlı Məhəmməd, Aşıq Alı, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Cıldırlı Şenlik, Molla Cuma, Əsəd Rzayev, Mirzə Bayramov, Şair Nəbi Borçalı, Xındı Məmməd, Şair Ağacan, İsgəndər Ağbabalı, Əkbər Cəfərov, İmran Həsənov, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Mikayıl Azaflı, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və s. haqqında verilən oçerklər bir tərəfdən avtobioqrafik səciyyəsi ilə mühüm önəm daşıyırsa, digər baxımdan tarixi-mədəni prosesin daim dövriyyədə olmasını əks etdirir. Çağdaş mərhələdə yaşayıb-yaradan aşıqlara diqqət göstərilməsi və onların sənət ənənələrinin hansı səviyyədə qorunması məsələsinə toxunulur.
Ustad sənətkarların ədəbi irsinin, eləcə də repertuarlarında olan örnəklərin toplanması, nəşri və tədqiqi məsələləri də ensiklopediyanın ümumi axarında mühüm bir hissəni təşkil edir. Orta əsr əlyazmaları, Ə.Qaradağinin, H.Zərdabinin, M.Mahmudbəyovun, A.Şaiqin, Ə.Haqverdiyevin, H.Ə.Qaibovun, M.M.Nəvvabın, M.Müctəhidzadənin, S.Mümtazın, H.Əlizadənin, V.Xuluflunun, F.Köçərlinin, Ə.Abidin, M.F.Köprülünün, M.Erginin, O.Ş.Gökyayın, İ.Qəfəsoğlunun, M.H.Təhmasibin, H.Araslının, M.İbrahimovun, Ə.Axundovun, P.Əfəndiyevin, M.Həkimovun, V.Vəliyevin, S.Paşayevin, İ.Abbaslının, R.Rüstəmzadənin və onlarca başqalarının gördüyü gərəkli işlər ensiklopediyanın müvafiq bölmələrində əksini tapmışdır.
Aşıq yaradıcılığının mühüm bir hissəsini aşıq şeir üslubunda yazıb-yaradan el şairlərinin yaratdığı poetik nümunələr tutur. Öz ruhu, düşüncəsi ilə aşıq şeiri ənənələrinə köklənmiş nümunələr yaradan el şairlərinin müəyyən hissəsi saz çalıb-oxumağı bacarsalar da, ancaq məclis aparmamış və dillər əzbəri olan şeirləri ilə adlarını aşıq yaradıcılığının tarixinə yazmışlar. Y.Əmrə, Qaracaoğlan, Dadaloğlu, Seyid Əbülqasım Nəbati, Mustafa ağa Arif, Şair Məmmədhüseyn, Məlikballı Qurban, Şişqayalı Aydın, Ağdabanlı Qurban, Çoban Əfqan, Şeyda Əziz, Mirzə Səməd, Şair Vəli, Paşa Salahlı və başqaları haqqında verilən bilgilər də aşıq yaradıcılığının zənginliyini əks etdirmək baxımından əvəzsizdir.
Sənətin ümumi axarına töhfələr vermiş böyük şəxsiyyətlərin də ensiklopediyanın ayrı-ayrı bölmələrində özünə yer alması müsbət təsəvvür formalaşdırır. Ş.İ.Xətai, M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, O.Sarıvəlli, H.Arif, M.Günər, N.Həsənzadə, M.İsmayıl, İ.Tapdıq, Z.Yaqub və s. kimi yazılı ədəbiyyatın istedadlı nümayəndələri haqqında verilən oçerklər aşıq yaradıcılığının ana axarında mükəmməl bir qaynaq olması ilə bağlı təsəvvürü də möhkəmləndirir.
Məlumdur ki, aşıq yaradıcılığı şeir biçimləri və çeşidlərinin rəngarəngliyi ilə fərqlənir. Mətn, musiqi, ifaçılıq səviyyəsində reallaşan bu zənginlik bayatı, təsnif, gəraylı, qoşma, təcnis, divani, müxəmməs, cahannamə, vücudnamə, deyişmə və s. örnəklərdə ifadəsini tapır. Yaradıcı heyətin bacarığı və səriştəsi sayəsində bu məsələlər ensiklopediyanın ayrı-ayrı səhifələrində əks olunur. Burada təkcə forma xüsusiyyətləri deyil, həm də həmin formada yaranan örnəklərin saz havalarında ifaçılıq məqamları, bayatı, gəraylı, qoşma, divani və s. formada yazılmış şeirlərin adlanma etimalogiyası məsələlərinə və bu istiqamətdə yazılmış tədqiqatların xülasələrinə də diqqət yetirilmişdir.
Ensiklopediyada böyük önəm daşıyan məsələlərdən biri aşıq havalarının notlaşdırılması məsələsidir. Ayrı-ayrı aşıq havalarının not yazılarının verilməsi bu möhtəşəm abidəyə əlavə ovqat qatmışdır. Ü.Hacıbəyov, Bülbül, C.Qaryağdıoğlu, X.Şuşinski, Q.Pirimov, C.Hacıyev, Q.Hüseynli və başqaları haqqında verilmiş oçerklər aşıq sənətinin musiqişünaslıq qanadında gedən prosesin zənginlik mənzərəsini əks etdirir. Burada eyni zamanda mühüm məsələlərdən birisi qopuzun, sazın musiqi aləti olaraq quruluşu, yaranma tarixi, düzəldilmə prinsipi, sazın pərdə düzümü, cürə sazdan tavar saza qədər inkişafı və s. məsələlər öz təhlilini tapır.
Aşıq yaradıcılığında sənətin tarixi dinamikası ustad-şagird ənənəsi ilə bağlıdır. Bu ənənənin öyrənilməsi və tarixi mənzərəsi həmişə aşıqşünaslığın qarşısında durmuşdur. Folklorşünas alimlər müxtəlif səviyyələrdə ayrı-ayrı ustad sənətkarların sənət ənənəsinə əsaslanmaqla məsələnin mahiyyətinə həssaslıq göstərmişlər. Dastanlarda bu ənənənin klassik örnəkləri vardır. Eləcə də ustad sənətkarlar timsalında Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi mükəmməl nümunəsi örnəkdir. Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı, Ağacan, Dərələyəzli Aşıq Alı, Cıldırlı Şenlik, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Mikayıl Azaflı və s. kimi sənətkarların şəxsində olan ustad-şagird ənənəsi bunun klassik nümunələridir. Ensiklopediya bütün mahiyyəti ilə bunları əhatələmək kimi ciddi missiyaya köklənmişdir.
İkicildliyin səhifələrində Azərbaycan elmi-nəzəri fikri ilə yanaşı, dünya folklorşünaslarının aşıq sənəti ilə bağlı irəli sürdükləri qənaət və fikirlər də ön plana çəkilir. Orta əsr səyyahlarının, coğrafiyaşünasların, etnoqrafların Azərbaycanla bağlı söylədikləri fikirlərə də həssaslıqla yanaşılır. Məsələn, “Dədə Qorqud” dastanının elm aləminə təqdim edilməsi və haqqında yürüdülən ilk mülahizələr, sonrakı mərhələdə gedən proseslər, Y.Reyski, H.F.Dits, E.Rossi, T.Nyoldeke, V.Bartold, V.M.Jirmunski, A.İ. Şerbak, A.J.Yakubovski, A.Kononov və başqalarının gördüyü gərəkli işlər, eləcə də “Koroğlu” dastanının Avropada yayılması prosesi, İ.Şopen, A.Xodzko, J.Sand, A.N.Pıpin, A.N.Samoyloviç və s. bir xətt olaraq ensiklopediyada diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, ozan-aşıq mədəniyyəti ilə bağlı A.Samoyloviç, V.V.Bartold, A.Qordlevski, F.Köprülü, O.Ş.Gökyay və başqa türkoloqların dəyərli elmi mülahizələri üzərində də dayanılır.
Aşıq yaradıcılığının ana xəttini dastan ənənəsi təşkil edir. Türk xalqlarının zəngin dastan yaradıcılığı tarixin çox dərin qatlarından gəlir, etnosun sənət və mədəniyyət təsəvvürlərini, məişətini, tarixini, bütünlükdə etnoqrafik yaddaşını əhatə eləmək imkanına malikdir. Dastanlarda xalqın bahadırlıq, qəhrəmanlıq təsəvvüründən dövlətçilik düşüncəsinə, qopuzdan saza, ozan söyləyiciliyindən aşıq məclis ədəb-ərkanına, ailə həyatından sosial münasibətlərin nizamına qədər zəngin bilgilər cəmləşir. Bu baxımdan mifdən eposa, eposdan dastan ənənəsinə qədər olan etnocoğrafi genişlik və bütövlük ozan-baxşı-akın-aşıq xətti ilə “Yaradılış”, “Bilqamıs”, “Törəyiş”, “Boz Qurd”, “Şu”, “Ərqənəkon”, “Köç”, “Manas”, “Alpamış”, “Uralbatır”, “Edige”, “Corabatır”, “Canqar”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. kimi abidələrin ehtiva etdiyi məzmun kimi ayrıca istiqamət olaraq ensiklopediyada özünə yer alır. Həmçinin “Dədə Qorqud”, “Koroğlu” ,”Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Qurbani”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Nəcəf və Pərizad”, “Şah İsmayıl” (məhəbbət və qəhrəmanlıq hüdudunda dayanan dastan), “Alı xan və Pəri xanım” (ailə-məişət dastanı), “Xəstə Qasım və Mələksima”, “Valeh və Zərnigar”, “Şahzadə Əbülfəz”, “Aslan şah” və s. dastan nümunələri haqqında verilən oçerklər də ensiklopediyanın strukturunda geniş yer almışdır.
Azərbaycan Aşıqlar Birliyinin və birliyin sədri, Əməkdar elm xadimi M.Qasımlının rəhbərliyi ilə gerçəkləşən “Ozan-aşıq ensiklopediyası” xalqımıza, onun zəngin mədəniyyətinə, tarixinə olan sevgidən yaranmışdır. İnamla deyə bilərik ki, ikicildlik xalqımızın milli-mənəvi mədəniyyətinin mühüm bir sahəsinin möhtəşəmliyini əks etdirən abidədir.
Hazırladı:
Zümrüd QURBANQIZI
Respublika.- 2020.- 26 iyul.- S.7.