AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI VƏ ONU ZƏNGİNLƏŞDİRƏN MƏNBƏLƏRİN TƏDQİQİ

 

Akademik Möhsün Nağısoylu və professor Sayalı Sadıqovanın “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” (Bakı, Elm, 2020, 416 s.) adlı monoqrafiyası nəşr olunmuşdur. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Qrant Layihəsi çərçivəsində nəşr olunmuşdur. Kitabın elmi redaktoru professor B.Xəlilov, rəyçilər professor İ.Məmmədli, İ.Qasımovdur. Müəlliflər yeni kitabda dilin lüğət tərkibinin inkişaf və zənginləşmə prosesini xarakterizə etmiş və zəngin faktlarla dili zənginləşdirən və inkişaf etdirən mənbələri tədqiq etmişlər. Əsərdə qeyd edildiyi kimi, xalqın tarixi onun dilində əks olunur, sözündə ifadə olunur, həyatın hər bir sahəsi iqtisadi yüksəlişlə, sosial quruluşun, mədəni, elmi, məişət və s. sferaların dəyişmələrilə əks olunur. Yeni anlayış və hadisələr formalaşır, yeni predmet və hadisələri ifadə edən sözlər əmələ gəlir, yeni mənalar üzə çıxır. Dilin lüğət tərkibi leksik-semantik istiqamətdə inkişaf edir və həmişə dəyişmələrə məruz qalır, yeni söz, sözün yeni mənası meydana çıxır. Dilin lüğət tərkibinin inkişafı və zənginləşməsi həmişə, onun leksik-semantik sisteminə, bir ictimai hadisə kimi dilin tarixi inkişaf qanunlarına söykənir.

 

Əsər Ön söz və 4 fəsildən ibarətdir. Fəsillər isə yarımbölmələri təşkil edir. Əsərin I fəslində Azərbaycan dilinin zənginləşmə qaynaqları nəzərdən keçirilir, lüğət tərkibinin inkişafı izlənilir. Azərbaycan ədəbi dilində dilin lüğət tərkibinin zənginləşmə mənbələri müəyyənləşdirilir. Müəlliflər Azərbaycan dilinin lüğət tərkibinin zənginləşmə yollarını və mənbələrini zəngin faktlarla tədqiq etmişlər. Təhlillərdən aydın olur ki, lüğət tərkibinin inkişafına təsir edən, onu zənginləşdirən və mükəmməlləşdirən dildaxili və dildənkənar faktorlar mövcuddur. Həmin faktorlar dilin leksik mövqeyində yeni sözlərin yaranması ilə şərtlənir. Dilin leksikası hadisələri qabaqlayır, aktiv reaksiya doğurur, təsirə cavab verir, həyat bu ictimai dəyişmələrə çağırışı təmin edir. Leksik-semantik üsulla yaranan yeni sözlərin semantik həcmi genişlənir. Aydın olur ki, lüğət tərkibi bir-biri ilə bağlı olan sözlərin məcmusudur. Sözlər və terminlər dilin lüğət tərkibində heç də izolə edilmiş formada mövcud deyil.

 

Əsərin II fəslində Azərbaycan dilinin tarixi leksikologiyası araşdırılır və müəllif öz mötəbər fikirlərini mənbələr əsasında verir. Tarixi leksikologiyada leksik sistemin iki əsas inkişaf yolu göstərilir: 1) hər hansı bir dövrdə ana dilinin öz sözlərinin inkişaf edərək müəyyən dövrdə arxaikləşməsi; 2) digər dillərdən alınma sözlərin zaman keçdikcə dəyişərək struktur-semantik cəhətdən yeniləşməsi. Orta əsrlər dövründə Azərbaycan dilinin lüğət tərkibinin zənginləşmə mənbələrini, konkret olaraq, Hinduşah Naxçıvaninin “Sihahül-Əcəmiyyə” lüğətinin leksik xüsusiyyətlərini dərindən araşdıran akademik Möhsün Nağısoylu leksikanın areallarının təyin edilməsini başlıca vəzifə hesab edir, farsca-türkcə lüğətlərin geniş yayıldığını göstərir. M.Nağısoylu müəyyənləşdirir ki, bu lüğətdə 5117 fars sözü və onların ekvivalenti kimi 10000-ə yaxın türkmənşəli söz işlənmişdir. Haqqında danışılan lüğət türkcənin söz varlığını özündə ehtiva edir, XIII əsr derivasiya prosesinin müxtəlif vasitələrini tədqiq etmək baxımından xüsusi önəm daşıyır. Kökü fars, şəkilçisi isə türkmənşəli olan düzəltmə sözlər əmələ gəlir. -çı, -çi; -lıq, -lik, -lu, -; -sız, -siz, -cük, -cuk isim düzəldən formalar və -aq, -ək, -q, -k; -ıq, -iq, -uq, -y, -ış və s. morfoloji göstəricilərlə formalaşan sözlər o dövrün ədəbi dilinin zənginləşmə mənzərəsini üzə çıxarır. Məs.: ədikçi, falçı, görkçi, qovanlıq, taşlıy, yaraşıqlıy, ululuy, andlu, xəşmlü, vəqssüz, əslsüz, bəzəyiş, dəprəniş, conbeş, örtük, inləyiş, gədik, ulaşıq, qorqaq, ödək, örtüşs. Buya digər sözlər göstərir ki, iki müxtəlif sistemli dil bir-birini öz derivasiya vasitələri ilə zənginləşdirmək imkanlarına malikdir.

 

M.Nağısoylu təsəvvüf mövzusunda olan, sırf sufi anlayış-terminologiyasını əks etdirə bilən Şirazinin “Gülşəni-raz” tərcüməsinin dil tarixi üçün dəyərli qaynaq olduğunu tərcümənin dili üzərində apardığı müşahidələrə əsasən müəyyənləşdirmişdir. Verilmiş şeir parçalarında işlənmiş tana qamaq (heyrətlənmək, bərk təəccüb etmək; sabaha qalmaq), ögüş (günəş), yışıq (ışıq), dəbilqə (dəmir başlıq), ökursın (mütaliə etmək, oxumaq) və s. sözlərin işlənmə imkanlarını və sözlərin şeirdəki funksionallığını meydana çıxarır. Təhlildən belə nəticəyə gəlinir ki, “Gülşəni-raz” tərcüməsinin dili üçün səciyyəvi olan xüsusiyyətlər lüğət tərkibində özünəməxsus çəkisi olan türkmənşəli sözlərin zənginliyini də özündə əks etdirir. Tərcümədə bütünlükdə yalnız türkmənşəli sözlər üzərində qurulan çoxlu beytya misralar vardır. M.Nağısoylu “Gülşəni-raz” tərcüməsinin dilində xeyli sayda qədim və unikal türkmənşəli sözləri də mətndən çıxış edərək ilkinsonra yaranan semantikasını da aydınlaşdırmışdır. Alimin həmin sözlərə aid hərtərəfli izahları göstərir ki, Azərbaycan dilini zənginləşdirən həmin sözlər “Kitabi-Dədə Qorqud” dastanlarında, Yusif BalasaqunlununKutadğu-Bilig” əsərində, Mahmud Kaşğari lüğətində, “Qədim türk lüğəti”ndə, “Kitab əl-idrak”da, Mustafa Zəririn “YusifZüleyxa” poemasında və digər əsərlərdə də eyniya fərqli mənalarda işlənmişdir.

 

M.Nağısoylu Əhmədi Təbrizinin “Əsrarnamə” tərcüməsinin ümumən dil xüsusiyyətlərini araşdırır və başlıca olaraq leksik xüsusiyyətlərin üzərində dayanır, sözlərin mənaları barədə geniş məlumat verir. Bu tip sözlərin Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində və işləndiyi mətnin komponentlərinin əlaqə yaratmasındakı rolunu göstərir. M.Nağısoylu Azərbaycan dilinin zənginlik qazanmasında orta əsrlərdə Azərbaycan tərcümə əsərlərini o epoxanın ədəbi dilinin lüğət tərkibini zənginləşdirən mənbə kimi tədqiq edir. Müəllif Hinduşah Naxçıvaninin “Sihahül-Əcəmiyyə” lüğətinin leksik özəllikləri üzərində dayanır. Qeyd edir ki, Şirazinin “Gülşəni-raz” tərcüməsi ədəbi dil tarixinin dəyərli qaynağıdır. M.Nağısoylu Əhməd Təbrizinin “Əsrarnamə” tərcüməsinin leksik xüsusiyyətlərini təhlil edir. Müəllifin müşahidələrinə görə, tərcümənin dilində sırf türkmənşəli sözlər üzərində qurulan misra və beytlər çoxdur.

 

Monoqrafiyanın III fəsli professsor Sayalı Sadıqova tərəfindən qələmə alınmışdır. Bu sahədə uzun illərin təcrübəsini qazanmış S.Sadıqova obyektiv olaraq dilimizin lüğət tərkibinin zənginləşməsi prosesini söztermin yaradıcılığı prosesinin bir tərkib hissəsi kimi götürür. Semantik, morfoloji, sintaktik, kalka, abreviatura üsullarının köməyi ilə yaranan leksik-semioloji vahidlərin təbiəti açılmaqla yanaşı, bu yolla dilin lüğət tərkibinin inkişafı və zənginləşməsinin vasitələri təhlil edilir. Terminləri yaradan mənbə və üsullar sırasında Azərbaycan dilinin daxili imkanlarını üzə çıxarır, xalq dilinin dərindən öyrənilməsini, dialekt və şivələrdən istifadə edilməsini zəruri sayır. Müəllif Azərbaycan dilinin leksikasının zənginləşmə mənbələrini müəyyənləşdirir: 1) yeni sözlərin yaradılması yolu ilə; 2) ümumxalq dilinə məxsus sözün yeni məna qazanması yolu ilə; 3) digər dillərdən sözlərin alınması yolu ilə. Müxtəlif dövrlərdə dövlətçiliyin tarixində özünü göstərən güclənmə və zəifləmə, cəmiyyətin həyatında baş verən müəyyən dəyişmələr, xüsusən də ictimai dəyişmələr təbii olaraq dilin lüğət tərkibinə öz təsirini göstərir. Yeni məfhum və anlayışlar və onları ifadə edən leksik-terminoloji vahidlər dilin zənginləşməsinə şərait yaradır.

 

S.Sadıqova Azərbaycan ədəbi dilində leksikasının zənginləşmə mənbələrini təhlil edərkən “Kitabi-Dədə Qorqud” dastanlarının materiallarını örnək götürmüşdür. Çünki dastanda qədim azərbaycanlıların həyat tərzi barədə konkretelmi həqiqətə uyğun məlumatlar verilir. Eposun terminoloji leksikası bütün diferensial sahələri ilə birlikdə etnoqrafik məzmuna malikdir - burada bilavasitə hər bir sahə üçün və ümumiyyətlə bütün sahələr üçün səciyyəvi olan etnoqrafik xüsusiyyətlər öz əksini tapir. Mahmud KaşğarininDivanü-lüğat it-türkensiklopedik əsəri qələmə alınan ilk türk lüğətidir. Adi sözlük deyil, eyni zamanda yazıldığı dövrün, zamanın xarakterik cizgilərini müəyyənləşdirən güzgüsüdür, min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir qaynaqdır. Burada istifadə edilmiş sözlər, söyləmlər, ifadələr, cümlələr, ədəbi nümunələr - şeirlər, atalar sözləri və məsəllər, hikmətli kəlamlar hələ də canlıdır. “Divan” təkcə Azərbaycan dilinin lüğət tərkibini zənginləşdirməmiş, digər türk dillərinin leksikasına da əhəmiyyətli dərəcədə təsirini göstərmişdir.

 

Müəlliflərin təhlilindən aydın olur ki, qədim türklər söz yaradıcılığı prosesində dilin lüğət tərkibini zənginləşdirmək üçün lazım olan əsas törədici tip və üsulları zaman-zaman istifadə etmişlər.

 

IV fəsildə dillərin qarşılıqlı əlaqəsi problemi aydınlaşdırılır, bu xüsusda alınmaların müasir Azərbaycan dilinin zənginləşməsindəki rolumövqeyi təyin olunur. Ərəb-fars, rus-Avropa dillərindən dilimizə keçmiş söz və terminlərin necə yaranması, dilə daxil olması və həmçinin də mənimsənilməsi yolları və həmin terminlərin semantikası öyrənilir. Müəlliflərin fikrincə, Azərbaycan dilinin leksik layının tarixən formalaşması yalnız sosial həyatın ifadə forması olmayıb, həm də tarixin təzahür faktı kimi üzə çıxır. Əsərin müsbət məziyyətlərindən biri də lüğət tərkibinin zənginləşmə mənbələrinin müasir prosesinin də araşdırılmasıdır. Dilin lüğət tərkibinin zənginləşməsində Azərbaycan dilinin daxili imkanları və alınma prosesi xüsusi qeyd edilir. Daxili imkanlar üçün bir sıra istiqamətlər müəyyənləşdirilir: 1) ümumişlək sözlərin terminləşməsi; 2) dialekt və şivələrdə işlənən, anlayışı dəqiq ifadə edən sözün seçilib terminləşməsi; 3) qədim abidələrdə peşə və sənətkarlıqla bağlı anlayışları ifadə edən sözlərin terminləşməsi; 4) ədəbi dilin söz yaradıcılığı üsullarından istifadə etməklə sözlərin terminləşməsi. Dünyanın digər xalqları kimi, xalqımız da tarix boyu müxtəlif xalqlarla əlaqə və münasibətdə olduğundan həmin xalqların dillərindən minlərcə söztermin almış və hazırda Avropa dillərindən almaqdadır. Bu baxımdan kitabın dördüncü fəslində dillərin qarşılıqlı zənginləşməsində alınmaların rolu əsaslandırılır. Müəlliflər dilçilikdə ən aktual problem olan ədəbi dilin zənginləşmə mənbələrini və inkişafını, çox ciddi dil problemini tədqiq etmişlər. Bu tədqiqat ciddi intellektual-metodoloji prinsipə əsaslanaraq aparılmışdır, buradakı təfəkkür yenilikləri müəlliflərin konseptual düşüncəsini əks etdirir.

 

 

 

İsmayıl KAZIMOV,

filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2020.- 3 iyul.- S.7.