Teatra həsr olunmuş həyat yolu

 

İllər səndə nəyim qaldı?! Elə bir insan yoxdur ki, ömrün müəyyən məqamında bu suallla baş-başa qalmamış olsun. Bax, onda bütün keçdiyin enişli-yoxuşlu yol, olub-keçənlər və yaşananlar bir kino lenti təki göz önündə canlanır, ötənlərin yaddaşlarda qoyduğu bu sualın cavabını axtarmağa çalışırsan, illərin sənə, sənin ona verib-aldıqlarını mizan-tərəzi ilə ölçüb-biçib, cəmiyyət üçün etdiklərinin dəyərini bilmək istəyirsən, düşünürsən ki, ömrün altıncı onilliyini necə yaşadın, nələr etdin, yaşamağa dəyərmi kimi suallara da cavab axtarırsan... Milli teatrımızda özünün məxsusi sənət yolu, fərqli yaradıcılıq üslubu, mənəvi və intellektual dünyası ilə seçilən İftixar Piriyev uzun illərdir ki, “Teatr mənim həyatımdır” konsepsiyası ilə Azərbaycan mədəniyyətinə, teatr sənətinə layiqincə xidmət edir.

Qaraçöpdən başlanan sənət yolu. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Fərhad oğlu Piriyev 1960-cı ildə Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində riyaziyyatçılar ailəsində dünyaya göz açmışdır. Ona İftixar adını əmisi İsa müəllim verib. İpə-sapa yatmazlığı ilə Düzəyrəm kənd orta məktəbinin sinfinə sığmayan və birdən, gözlənilməz şəkildə bədii yaradıcılığı ilə ortaya çıxan İftixar, divar qəzetində, məktəb yarandığı tarixdən ilk dəfə olaraq “Əsl pioner” adlı hekayəsi ilə müəllimlərinin diqqətini cəlb edir, heyrətə salır. Uzun illər məktəbin divarlarından düşməyən natürmortları ilə təsviri sənət nümunələri yaradır. Uşaqlıqdan rəssamlığa olan meyli, illər sonra teatrda bədii tərtibat işlərinin hazırlıq prosesində ona çox böyük köməklik göstərir. İftixarın, intellektual bacarıqları, məntiqi və abstrak təfəkkürü, xarakterdə israrla məqsədə çatmaq, aktivlik, uğura inanmaq kimi keyfiyyətləri, dözüm və düşüncəni formalaşdıran şahmata meylirayon çempionu olması onun qətiyyətli, cəsarətli şəxsiyyət və sənətkar kimi formalaşmasında əhəmiyyətli rol oynayıb.

Tələbəlik dövründə “Sovet Gürcüstanı” qəzetində miniatürləri çap olunan İftixar sonralar həmin qəzetin Azərbaycan üzrə ştatdankənar müxbiri kimi də fəaliyyət göstərir.

Diplom işində oynadığı rolu Akademik Milli Dram Teatrının direktoru Əli İsmayılovun diqqətini cəlb edir və həmin rol İftixarın taleyini Akademik Milli Dram Teatrına bağlayır.

1981-ci ildən təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlayan İftixar bu teatrda müxtəlif səpkili obrazlar yaratdı. Uzun zaman Azərbaycan Dövlət Televiziyasının Qızıl fondunda qorunanOzanfolklor toplusunun aparıcısı, Az.TV-nin çəkdiyi ədəbi-bədii proqramların iştirakçısı, bədii qiraətçisi, bir sıra radiotamaşalarda maraqlı rollar ifaçısı oldu. Çoxistiqamətli, əsrarəngiz yaradıcılıq palitrasına malik dəyərli sənətkarımız teatr səhnəsində əldə etdiyi uğurlarla yanaşı, televiziyada da maraqlı rolları ilə sevilmişdir.

İftixarın şeirlərində tale, zaman, ömür-gün haqda poetik düşüncələri toplanmışdır. O, özünə şair deməsə də, “Şeir içimdən gələn səsdir” - deyir. Görkəmli Xalq şairi Nəriman Həsənzadə: “Poeziyasında qəribə bir əlçatmaz uşaqlıq axtaran istedadlı şair İftixarın sərt, ağıllı, dərdli, əzablı olduğu qədər də yaşamağa çağıran yazılarında, nəğmələrində çoxlarının görə bilmədiyi rənglərin toxuduğu qeyri-adi bir işıq var. Bu işıq göz qamaşdıran çilçıraqlı bir toy mağarını işıqlandırdığı gur işıq yox, yaylıq hənirli xəfif pıçıltı qədər sirli-sehrli olan Ay işığıdı” - deyə, xarakterizə edir İftixarın yaradıcılığını. Mərhum Xalq şairi Zəlimxan Yaqub isə onu həmişə “Elimizin iftixarı - İftixar!” - deyə, çağırırdı.

İftixarın bir çox şeirlərinə müxtəlif bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. İftixar özü də, özünün “Naxçıvan” şeirinə mahnı bəstələyib, bu mahnını Xalq artisti Samir Cəfərov ifa edir. Şeirləri əsasında yazılmış ssenariyə uyğun olaraq Azərbaycan Dövlət Televiziyası “Mənim ömür nəğmələrim” adlı film-tamaşa çəkmişdir.

İftixar Piriyev 16 oktyabr 2007-ci il tarixində (vəsiqə 00199) İrəvan Teatrının 125 illik yubileyi zamanı həmin teatrın dirçəldilməsində və inkişafında müstəsna xidmətlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevin imzası ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxri adına layiq görülmüşdür.

Görkəmli teatrşünas alim, professor İlham Rəhimli uzun illərdən bəri tanıdığı, sənətini və şəxsiyyətini yüksək dəyərləndirdiyi İftixarı xarakterizə edərkən yazır: “İftixarnan söhbət edəndə onun səmimiyyət işığına düşməmək mümkün deyil. Sərbəst olursan, istənilən mövzuda danışa bilirsən. Həm dinləməyi, həm də həmsöhbət, həmdərd, həmfikir olmağı bacarır. ...Onun sənət eşqinin alovuna kölgə salmaq mümkün deyil. ...İftixarın ötkəmliyi adama ona görə xoş gəlir ki, bu qətiyyətdə emosional coşqunluq və həmsöhbətinə səmimi ehtiram var. ...Elə ki, söhbət teatrdan, onun problemlərindən, aktyor yaradıcılığından, rejissor işindən düşür, bax onda bu səmimiyyətin o biri qütbündə prinsipiallıq, ötkəmlik, bir qədər də sərtlik durur. ...Bu sərtlik İftixarın sənətdə güzəştə getməmək prinsipiallığını formalaşdırıb. ...İftixar səhnəni həssaslıqla duyur. Aktyorluq üçün kifayət qədər bacarıq və istedadı var. Dramaturgiyanın estetik prinsiplərini zövqlə mənimsəyib. Teatr kimi mürəkkəb sənət ocağının idarəetmə mürəkkəbliklərini reallaşdırmaqda səriştəlidir. ...Səmimiyyət İftixarın poemalarına, şeirlərinə, geniş mənada poeziya yaradıcılığına qəribə məhrəmlik ovqatı aşılayır. ...İftixar Piriyev bütün hallarda öz ifasına peşəkarlıqla, səhnəyə ehtiram və məhəbbətlə yanaşıb. ...İrəvan teatrında “Xilaskar” (Aqşin Babayev), “Burdan min atlı keçdi” (Hidayət), “Qurtuluş dastanı” (İftixar) tamaşalarında ulu öndərin obrazını məharətlə canlandırıb”.

Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən ulu öndərin 90 illik yubileyi münasibətilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış İftixarın müəllifi olduğuQurtuluş dastanı” tamaşası öz bədii-estetik təcəssümü və yüksək emosional gücü ilə tamaşaçı yaddaşına həkk olundu və İftixarın ifasında Heydər Əliyev obrazına böyük məsuliyyətlə yanaşıldı. “İftixar müəllim mənəviyyatı çox zəngin, qələmi iti, düşüncəsi parlaq olan yaradıcı insandır” (Vüsar İsmayılov).Qurtuluş dastanı” epik-tarixi dramı 2015-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyuldu. “Tarix ədəbi əsərlərdə daha yaxşı yaşayır. Sənədlər arxivlərdə, bədii əsərlər isə oxucuların və tamaşaçıların gözü önündə olur. Bu əsər və tamaşa bədii cəhətdən çox mükəmməldir...” (Vasif Talıbov).

Gəncliyindən ədəbiyyatla məşğul olan yaradıcı insanömrünü teatr sahəsinə həsr edən sənət fədaisi İftixarın ilk səhnə əsəri, “Dan yeri söküləndə” pyesi layihə olaraq hazırlandı və Bakı teatr şəbəkəsinin aktyorlarının ifasında səhnələşdirildi. Bu o dövr üçün yenilik idiİftixar bu yeniliyi ilə teatr prodüsserliyinin təməlini qoydu. Ard-arda bir neçə beynəlxalq layihənin müəllifi, rejissoru oldu və Bakı teatrlarının aktyorları ilə yanaşı Gürcüstan və Dağıstan teatrlarından dəvət olunmuş aktyorları da bu işlərə cəlb etdi. Daha sonra “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı”, “Qalx ayağa, Azərbaycan!”, “Soyqırımı tarixinin dastanı” mənzum, xronikal, tarixi dramını, Şuşanın işğalına həsr etdiyi “Qanlı qızıl toy”, “Naxçıvannamə”, “Qurtuluşa gedən yol”, “Kalbalı xan Kəngərli”, “Haqq mənəm” pyeslərini yazdı.

2016-cı ilMultikulturalizm ili”ndə üç müxtəlif mədəniyyətləri birləşdirən “O da aşiq ola...”, X.HüseynininMin möhtəşəm günəş”, ElçininAkvariuma xüsusi sifariş” tamaşalarının layihə rəhbərliyini həyata keçirdi. “O da aşiq ola...” və “Akvariuma xüsusi sifariş” tamaşalarının isə həm də bədii rəhbəridir. “Akvariuma xüsusi sifarişabsurd tamaşasının premyerasının müzakirəsi zamanı əsərin müəllifi görkəmli ziyalı, Xalq yazıçısı Elçin İftixara: “Sən əgər rejissor olaraq bu dəst-xəttini belə davam etdirsən, Azərbaycan səhnəsinə avanqard teatrı sən gətirmiş olacaqsan”-, fikrini söylədi.

İftixarın “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Sevgilim” poeması, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşBöyük Turanın Himni”, dünyanın bir çox dillərinə tərcümə olunmuş “Müstəqil Vətənin Memarı” poemaları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə yazdığı və tamaşaya hazırladığı “İşıqlı, nurlu sabah” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kampaniyası” çərçivəsində yazdığı və tamaşaya hazırladığı “Soyqırımı tarixinin dastanı” mənzum pyesləri və ayrıca olaraq türk dilində “Bağımsız Vatanın Mimarı” poeması və “Qurtuluş dastanı” tarixi pyesi kitab şəklində həm Bakıda, həm də Naxçıvanda çap olunub; 3 cilddə “Pyeslər” kitabı nəşr edilib; “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” elmi-tarixi-publisistik monoqrafiyası çapa təqdim olunub.

İftixarın rəhbərliyi altında İrəvan Teatrı dəfələrlə Azərbaycandan kənarda təmsil olunmaq fürsəti əldə etmişdir. “İşıqlı, nurlu sabah”, “Nurlu ömrün anları”, “Çanaqqalaya can verənlər”, “Azərbaycan bayrağı”, “Cümhuriyyətin ilk sədası”, “Soyqırımı tarixinin dastanı” və digər əsərlərin tamaşaları ilə həm respublikada, həm də xarici ölkələrdə böyük rəğbətlə qarşılanan qastrol səfərləri həyata keçirmişdir.

Artıq bir neçə ildir ki, İftixar Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar ocağının rəhbəri nüfuzlu şəxsiyyət Pr.dr. İbrahim Öztəklə İrəvan Teatrı arasında birliyi quraraq,Türkiyə Cümhuriyyəti Aydınlar ocaqları ilə bərabər “Azərbaycan-Türkiyə sənətdə Nəhəng qardaşlıq və candaşlıq layihəsi” çərçivəsində Türkiyə-Azərbaycan arasında mədəniyyət, idmanstrateji münasibətlərin möhkəmləndirilməsinə xidmət edən qastrol səfərlərinin, müştərək konfransların, tədbirlərin, görüşlərin keçirilməsində əvəzsiz fəaliyyət göstərir. Teatrın maraqlı səfərlərindən biri 2016-cı ildə Azərbaycan ordusunun apardığı Aprel döyüşləri ərəfəsində Türkiyə Cümhuriyyətinə növbəti səfərimiz oldu. Səfərin ilk günü, kollektivimiz Tiflis şəhərində ulu öndərimizin abidəsini ehtiramla ziyarət etdikdən sonra, Türkiyə sərhədinə tərəf istiqamət aldı. Yolumuz ermənilərin sıx yaşadığı Axalkalaki kəndindən keçirdi. Bunun çox təhlükəli olduğunu eşidərkən İftixar inam və cəsarətlə: “Aprel döyüşlərindəki qəhrəmanlarımızın hər biri kimi, İrəvan Teatrının da ruhunu qırmaq mümkün deyil!” - deyərək, məhz onların içindən keçəcəyimizi bildirdi; teatr rəhbəri olaraq bu cəsarəti özündə tapdı, kollektivlə birgə yolu Türkiyə sərhədinə qədər qət etdi.

İftixar Piriyev Azərbaycan Teatr Xadimləri İttifaqının və Yazıçılar Birliyinin üzvüdür. Beş uşaq atasıdır. İftixar necə atadır? - sualıma övladlarından aldığım cavabları bir sözdə birləşdirmək olar: Qəhrəman!

Hörmətli oxucu! Bəli, bütün bunlar İftixarın yaşadığı ömür tarixidir. Tarix boyu sağlığında həqiqi sənətkarlara layiq olduqları dəyərin, qiymətin, diqqətin verilməməsinin nə qədər ağrılı olduğu fakt qarşılığında, sadə və iddiasız ömür sürməyi doğru hesab edən, vətəninə, dövlətinə, xalqına, millətinə xidməti özünün həyat mövqeyi, vətəndaşlıq borcu, amalı kimi qəbul edən, vətən təəssübünün milli və beynəlmiləl səviyyələrdə yüksək ifadəsinə çalışan, ümumən milli mənafe naminə mübarizə aparan, sənət ocağının ənənələrini qoruyub yeni inkişaf strategiyası ilə irəlilədən və onu Qafqazın nümunəvi teatrları səviyyəsinə ucaldan, qarşılaşdığı çətinliklərə qalib gələn fəhmi, cəsarəti, fədakarlığı, məsuliyyətli yanaşmaları, yüksək peşəkarlığı ilə Sənətkar və Şəxsiyyət adını mədəniyyət tariximizə yazan İftixar Piriyevə 60 illik ömrün astanasında “dopdolu bir ömür” arzulayıram. Birki, həyat davam edir, qarşıda neçə onilliklər var hələ və kim bilir illər ona daha neçə-neçə uğurlar gətirəcək. İftixar müəllim, bundan sonra da uğurların bol, Tanrı payın çox olsun.

 

Əli SADIQOV

 

Respublika.- 2020.- 1 iyul.- S.7.