“Sabahlara deyilən söz”

 

Bu ilin yanvar ayının ilk günləri idi. Bakı Dövlət Universitetində işlərimi qurtarıb, yaxınımızdakı metro stansiyasına endim. Gözlədiyim, yəni Əhmədliyə gedən qatar hələ gəlməmişdi. Elə bu anda əlində qalın bir kitab tutmuş gülərüz bir şəxs mənə yaxınlaşdı. Dərhal tanıya bilmədim. Lakin diqqətlə baxıb, gördüm ki, bu, Əfqan (Əfrasiyab) Məmmədovdur. O dedi: “İzzət müəllim, Sizi axtarırdım, kafedranıza getmişdim. Dedilər ki, metro istiqamətində getdiniz. Bu kitabı Sizə hədiyyə olaraq gətirmişəm”. Əlbəttə, kitabı məmnuniyyətlə qəbul etdim. 620 səhifəlik idi. “Sabahlara deyilən söz” adlanan bu kitabın müəllifləri Eyyub Bəşirov və Əfqan (Əfrasiyab) Məmmədov idi. Əfqan müəllim bildirdi ki, bu kitab akademik Firuz Məlikovun həyatına və elmi yaradıcılığının təhlilinə həsr olunub. Həm kitabın adı - “Sabahlara deyilən söz”, həm də onun akademik Firuz Məlikova həsr olunması məni maraqlandırdı. Firuz müəllimi Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Genetika kafedrasında professor işləyərkən tanıyırdım; birgə tədbirlərdə onu tez-tez görərdim. Lakin etiraf edim ki, onunla tanışlığımız elə dərin deyildi. Lakin Firuz Məlikovun haqqında ümumiyyətlə məlumatlı idim. Verilən kitabı mütaliə etməyə başladım. Baxdım ki, kitabın üstündə mənim də haqqımda xoş sözlər yazılıb... Ara-sıra Əfqan müəllim telefonla zəng edib, soruşardı ki, kitabı oxuyurammı? Mən də oxuduqlarım bölmələr haqqında Əfqan müəllimə danışardım. Amma hiss edirdim ki, Əfqan müəllim müsbət mənada nədənsə narahatdır. “İzzət müəllim, bu kitabda Azərbaycanın görkəmli alimləri, elm korifeyləri haqqında, hətta Həsən bəy Zərdabi və Sizin haqqınızda da yazılar verilib”, - dedi. Marağım bir qədər də artdı. Bu minvalla kitabı oxuyub başa çatdırdım. İxtisasıma tam uyğun olmasa da, əsərin məndə doğurduğu təəssüratları oxucularla paylaşmaq qərarına gəldim.

 

 

Kitabın müəllifləri haqqında qısa məlumatı oxucuların nəzərinə çatdırıram. Eyyub Balamməd oğlu Bəşirov 1906-cı ildə dekabr ayının 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olub. 1945-ci ildə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olub. Yaxşı oxuduğuna, İ.V.Stalin təqaüdçüsü olduğuna görə Moskvada akademik K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin III kursuna oxumağa göndərilib. 1950-ci ildə bu Akademiyanı uğurla bitirib. 1954-cü ildə akademik V.K.Milovanovun elmi rəhbərliyi ilə “Azərbaycan camışının çoxaldılmasının biologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. “Süni mayalanmanın metod və texnologiyası və Azərbaycanda heyvandarlığın tərəqqisi” mövzusunda elmi məruzəsinin əsasında Rusiya Federasiyası Ali Attestasiya Komissiyası ona biologiya elmləri doktoru elmi dərəcəsi verib. Eyyub Bəşirov həmçinin Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademikidir. Keçmiş İttifaqda, dünyada görkəmli alim kimi tanınmışdır. Akademik Firuz Məlikovun ən yaxşı yetirmələrindən biridir. Təəssüf ki, Eyyub müəllim 2017-ci ilin noyabr ayının 7-də vəfat etmişdir. Bunu da nəzərə alsaq, deyə bilərik ki, “Sabahlara deyilən söz” adlı irihəcmli, çox sanballı, yüksək bədii tərtibatlı kitabın işıq üzü görməsində onun ikinci müəllifi Əfrasiyab Məmmədovun xidmətləri olduqca böyükdür. Əfrasiyab müəllim 1953-cü ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, üstəlik də istedadlı jurnalistdir. Müəlliflərin də təsdiq etdikləri kimi, haqqında bəhs etdiyimiz kitab Azərbaycan heyvandarlıq elminin banisi, heyvandarlıq elmi məktəbinin yaradıcısı Firuz Əli oğlu Məlikovun elmi yaradıcılığının təhlilinə, onun bir şəxsiyyət kimi formalaşması tarixcəsinə həsr olunmuşdur.

Firuz Məlikov 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olub. Müxtəlif vəzifələrdə çalışıb, o cümlədən bir vaxtlar Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini işləyib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən olub. 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının akademiki seçilib. Firuz müəllim Azərbaycanın böyük təbiətşünas alimi, maarifçi filosofu Həsən bəy Məlikov Zərdabinin elmi yaradıcılığına dərindən bələd olub, onun Azərbaycan heyvandarlıq elmi sahəsində söyləmiş olduğu ideyaları öz yaradıcılığı prosesində məharətlə həyata keçirmiş, özü də dünyamiqyaslı alim kimi formalaşıb, tanınmışdır. Onun heyvandarlıq sahəsindəki çox sanballı əsərləri mütəxəssislər üçün stolüstü kitablar olmuşdur. “Sabahlara deyilən söz” kitabını oxuduqca bir daha yəqin edirsən ki, akademik Firuz Məlikov heyvandarlıq elmi sahəsində həm böyük nəzəriyyəçi, həm də görkəmli praktik olmuşdur. Camışçılıq, qaragül dərili qoyunların yetişdirilməsi, atçılıq, keçicilik, dağ merinos qoyunları cinsinin yaradılması, süni mayalanma texnologiyasının yaradılması, deyilən sahələr üzrə layiqli mütəxəssis kadrların hazırlanması Firuz Məlikovun çoxsahəli elmi yaradıcılığının istiqamətlərini təşkil edir. Kitabda bayaq sadaladığımız istiqamətlərin, demək olar, hər birinə ayrıca fəsillər, yaxud bölmələr həsr olunmuşdur. Tam əminəm ki, oxucular, eyni zamanda, uyğun sahənin mütəxəssisləri həmin kitabdan çox dəyərli, özü də bu gün üçün də qiymətli olan məlumatlar əldə edə biləcəklər. Əlbəttə, əvvəl dediyim kimi, Firuz Məlikovun elmi yaradıcılığını təhlil etmək kimi çox məsuliyyətli bir vəzifəni öz üzərimə götürə bilməzdim. Sadəcə olaraq oxucuları səsləyirəm ki, haqqında bəhs etdiyimiz kitabı oxuyub, Azərbaycanda heyvandarlıq elminin yaranması və inkişafı tarixi ilə yaxından tanış olsunlar, bu elmin məntiqi və fəlsəfəsini düzgün dərk etsinlər.

Oxucunu yormamaq üçün müəlliflərin camışlarla bağlı təsvir etdikləri qəribə bir əhvalatı nəzərə çatdırmaq istərdik (bax: bu kitab, s. 25-26). Qeyd olunduğu kimi, kəndin camış naxırı örüşdən qayıtmaq ərəfəsində imiş. Novbata çıxan kənd uşaqları görürlər ki, camışlar həyəcanla böyürə-böyürə kəndə doğru qaçırlar. Ana camışın da belində nə isə bir şey çırpınır... Camışlar yaxınlaşırlar; sən demə camışın belində çırpınan canavar imiş; dişləri camışın belinə ilişib, çıxara bilmir. Canavar məhv edilib, yandırılır. Balası olan camışı isə doğrayıb, dərin quyuda basdırırlar. O vaxt nə baytar həkim, nə də dərman var imiş. Camaat qorxub ki, quduzluq xəstəliyi yayıla bilər. Bunu oxuyarkən atamın vaxtı ilə danışdığı bir əhvalat yadıma düşdü. İnəklərimizin biri axşam evə qayıtmır. Məlum olar ki, inək (dəli inək deyərlərmiş) meşənin fızıllığında balalayır. Nagahan canavar buzova hücum edəndə inək şiş buynuzları ilə canavarı vurub, qarşıdakı iri ağaca doğru sıxışdırır. Səhərəcən də elə beləcə qalır. İnəyi tapanda görürlər ki, canavar artıq çoxdan ölüb, inək isə balasının qorxusundan onu buraxmayıb...

Camış bir qayda olaraq canavardan qorxmur... Bu kitabda göstərildiyi kimi, heyvandarlıq tarixi ilə məşğul olan tarixçilərimizin rəyincə Azərbaycan dünyada camışın əhilləşdirildiyi ilk ölkədir; camış Avropaya elə Azərbaycandan aparılıb. Bolqar alimi, professor Aleko Aliksiyev göstərir ki, “Azərbaycan camışı 24 karatlı brilyantdır, yüksək əyarlı qızıldır” (yenə orada, s. 83).

“Sabahlara deyilən söz” kitabında nəzəri xüsusilə cəlb edən, əsər boyu ana xətt kimi görünən cəhət müəllimlərə hörmət, onların xatırlanması, böyük xidmətlərinin unudulmaması, müəllimin isə öz tələbələrinə, yetirmələrinə məhəbbətlə, qayğı ilə yanaşmasıdır. Bu cəhətdən haqqında söhbət açdığımız materiallara yer verilib. Hər şeydən əvvəl Eyyub Bəşirovun öz müəllimi, xeyirxahı, ideya rəhbəri Firuz müəllimin ona məktublarını çox səliqə ilə, əziz bir yadigar kimi indiyəcən saxlaması insanda xüsusi məmnunluq hissi doğurur. Digər tərəfdən Eyyub müəllimin öz elmi xilaskarına göstərdiyi alicənablıq, səmimiyyət, etibar, Firuz müəllimin isə ona hədsiz bir etibarla yanaşması, bəzən özünü narahat edən problemlərin həlli yollarını Eyyub müəllimlə bölüşdürməsi, bəzən də öz dərdini ona açması xalqımızın alim, mütəfəkkir oğullarının əxlaqi-mənəvi, intellektual dəyərləri nə qədər uca tutmasından xəbər verir.

İndi də Əfrasiyab Məmmədovun Firuz Məlikov və Eyyub Bəşirovla yanaşı özünün Universitet müəllimlərini böyük sevinc və məhəbbətlə xatırlaması, Əkrəm Cəfər, Bəxtiyar Vahabzadə, Abbas Zamanov və digərləri kimi şöhrətli müəllimlərini əziz tutması, tez-tez onların ədəbi-elmi irsinə müraciət etməsi çox xoş qarşılanılır. Elə bu anda mən də öz müəllimlərim, xeyirxahlarım haqqında bir neçə söz demək istərdim. Ümid edirəm ki, mənim bu hərəkətim təvazökarlıqdan kənara çıxmaq kimi dəyərləndirilməyəcək. Mən 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdində Fəlsəfə şöbəsini bitirmişəm. 1961-ci ilin aprel ayında “Həsən bəy Məlikov Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm. Elmi rəhbərim adlı-sanlı filosof, Fəlsəfə kafedrasının müdiri professor Mehbalı Qasımov, birinci rəsmi opponentim isə böyük bioloq alim, akademik Abdulla Qarayev idi. (Onu da deyim ki, 1949-cu ildə ADU-nun rektoru olaraq bir sıra bürokratik çətinliklərə baxmayaraq məni imtahanlara buraxmışdı.) Müdafiə çox uğurla keçdi. 20-25 gün keçməmişdi dedilər ki, Abdulla müəllimlə Mehbalı müəllim məni axtarırlar. Dərhal gəldim. Məlum oldu ki, Abdulla müəllimin elmi məsləhətçisi olduğu Həmid Fərzəlibəyli doktorluq dissertasiyası müdafiə edəcək. Mövzusu da Həsən bəy Zərdabi ilə bağlıdır. Lazım olsa, mən də çıxış etməliyəm. Çıxış da etdim. Elmi Şuranın üzvləri məni əvvəlcə təəccüblə qarşıladılar, lakin çıxışımı da maraqla dinlədilər. Əsas məsələ akademik Abdulla Qarayevin və professor Mehbalı Qasımovun keçirdikləri sevinc hissi idi... Bir xeyli vaxt keçdi. Bu isə mənim üçün böyük mənəvi dayaq və xüsusi töhfə idi... Bir xeyli vaxt keçdi. Abdulla müəllimlə tez-tez görüşürdüm. Hər dəfə məni görəndə deyərdi: “İzzət, tez ol, mən yenə sənin opponentin olmaq istəyirəm”. Mənim üzrlü səbəbdən baş verən “tənbəlliyim” doktorluq dissertasiyasını yazıb, vaxtında təqdim etməyimə mane olurdu... İllər keçdi, artıq nə Abdulla müəllim, nə Mehbalı müəllim vardı. 1972-ci ilin mart ayının 1-də doktorluq dissertasiyasını uğurla müdafiə etdim. Mövzunu isə hələ 1961-ci ildə akademik Abdulla Qarayev təklif etmişdi. Dörd rəsmi opponentlərimdən ikisi öz müəllimlərim idi. Bunlardan biri Fəlsəfə şöbəsində Təbiətşünaslıq fənnindən dərs demiş sevimli müəllimim, Universitetdə də həmkarım Mirəli Axundov idi. Elmi məsləhətçim isə Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin professoru, ülvi insan Şeydabəy Məmmədov idi. Belə insanları necə unudasan, ümumiyyətlə unutmaq mümkündürmü?! Bu cür mənəvi-intellektual dəyərlər, sütunlar üzərində qərarlaşmış elm-təhsil həmişə uğur gətirəcəkdir.

“Sabahlara deyilən söz” kitabı ilə ətraflı tanışlıq bu fikri də söyləməyə əsas verir ki, həmin kitab eyni zamanda aydın nəzərəçarpan humanitar profilə də malikdir. Kitabda heyvandarlıq sahəsində uğurlar, kəşflər, yeniliklər, sadəcə olaraq sadalanmır. Burada Azərbaycan torpağına bağlılıq, vətənpərvərlik əhval-ruhiyyəsi, vətənimizin fauna və florasının zənginliyi və s. məsələlər də öz şərhini tapmışdır. Kitabda heyvandarlıq elmi məsələləri təhlil olunarkən folklor materiallarından, məsələn, “Dədə Qorqud” dastanından, “Koroğlu” dastanının materiallarından, bədii ədəbiyyat nümunələrindən məharətlə istifadə olunur. Gətirilən nümunələr qətiyyən süni xarakter daşımır, əksinə, oxucuda təhlil olunan, elmi heyvandarlıq məsələlərinə daha dərindən, maraqla yanaşmaq tələbatı doğurur. Məlumdur ki, kitab boyu qaragül dərili qoyun cinsinin yetişdirilməsinə ciddi yer verilir. Bu halda müəlliflər unudulmaz şairimiz Şahmar Əkbərzadənin “Qaragül əmlik” şeirinə müraciət edirlər. Şeirdən bir-iki nümunəyə müraciət edək:

Xəzli tükün gözəlliyi,

Qıvrımlığı itər deyə,

Qoymadılar qaragülü,

Anasıyla görüşməyə

Ayaq altda kəsilsə də,

Gül dərisi zinət oldu.

Heykəlləşib başa çıxdı,

Papaqlaşıb qeyrət oldu.

(Yenə orada, s. 240).

Digər bir nümunə atlarla, o cümlədən Qarabağ atları ilə bağlıdır. Atçılığın elmi şərhi ilə yanaşı, məşhur atların tarixi qəhrəmanların dayağı, mühafizəçisi olması barədə folklor materiallarına xüsusi yer verilir. Məsələn, “Dədə Qorqud” dastanında Bamsı Beyrəyin atı, Koroğlunun Qıratının təsviri və s. oxucunu xüsusi cəlb edir. Qarabağ atlarından (Ağdam atçılıq zavodunda yetişdirilmiş) biri - “Zaman” adlı atın Böyük Britaniyanın kraliçası II Yelizavetaya hədiyyə olaraq göndərilmişdi. Göndərilən ata heyran qalan kraliça demişdir: “Həqiqətən Qarabağ atı yer üzündə yaradılmış cins atların brilyantıdır. Bu atlar Günəş kimi parıldayırlar, ətrafa işıq saçırlar” (yenə orada, s. 313). Sözügedən hadisə 1956-cı ildə baş vermişdi. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Qarabağ atı” şeirinə müraciət etmək yerinə düşər. Dinləyək:

Qamçı vurma!

Qamçı yola gətirərmi cins atları?

Zaman keçdi,

Zamanamda “Qırat”, “Dürat”, “Zaman” oldu

İgidliyi kitablara köçürüldü.

“Zaman” atım, aman atım!

Keçmişimdən bu günümə amanatım” (yenə orada. s. 310-312).

Oxucular nigaran qalmasınlar deyə kitabdan müəlliflərin aşağıdakı sözlərini eynilə burada veririk: “Kremlin Spassk qülləsinin qapısından ağ atın belində çıxan Sovet İttifaqı marşalı Georgi Konstantinoviç Jukov paradı qəbul etmək üçün meydanda səf-səf düzülmüş qoşunlara tərəf gedir. Paradın komandanı, Sovet İttifaqı marşalı Konstantin Konstantinoviç Rokosovski də olduqca yaraşıqlı, qara rəngli Qarabağ atının belində, qoşunların parada hazır olmaları barədə raport vermək üçün ona tərəf irəliləyir” (yenə orada, s. 375).

Azərbaycan dağ merinosunun yaradılması üzərində akademik Firuz Məlikovun elmi rəhbərliyi və metodikası əsasında ciddi axtarışlar həyata keçirilirdi. Bunun nəticəsində də 1946-cı ildə yeni zərif yunlu qoyun cinsi, “Azərbaycan dağ merinosu” yaradıldı. Akademik Mirzə Sadıqov, Gədəbəy Döllük Damazlıq Ocağının rəisi S.S.Hüseynov, həmin ocağın zootexniki V.Q.Smaroqdin və Çoban Qara (Qara Məmməd oğlu Haqverdiyev) akademik Firuz Məlikovla birlikdə həmin cinsin həmmüəllifləri idilər. 1947-ci ildə bu adları çəkilən şəxslər Stalin adına Dövlət mükafatına layiq görüldülər (yenə orada. s. 441-442). Bu əlamətdar hadisə poeziya və musiqimizdə öz əksini tapdı. Xalq şairi Mirvarid Dilbazinin sözləri əsasında Ağabacı Rzayeva “Çoban Qara” mahnısını bəstələdi. Kitab müəlliflərinin qeyd etdikləri kimi, “Çoban Qara” mahnısı Şövkət Ələkbərova, Gülağa Məmmədov, Anatollu Qəniyev kimi müqtədir sənətkarların repertuarlarından düşməyib (yenə orada, s. 442).

“Çoban Qara” şeirindən kiçik bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdik:

Vətən oğlu Çoban Qara,

Yay sürünü göy dağlara,

Nur saçır ay yamaclara, hey!

Çal tütəyin dilə gəlsin,

Azad nəğmən elə gəlsin! Hey!

Sürüləri çoxalt, bəslə

...

Yurdumuzun qəhrəmanı,

Azad elin xan çobanı.

Alqışla gəz bu dövranı, hey!

(yenə orada, s. 442).

Əlbəttə, mən də Çoban Qara haqqında müəyyən məlumatlara malik idim. Lakin etiraf etməliyəm ki, təkrarlanmayanda, ara-sıra təbliğ olunmayanda bir çox şeylər yaddaşlardan silinib gedir. Bu cəhətdən “Sabahlara deyilən söz” kitabını dəyərli mənbə, vəsait hesab edirəm. Xatırlatmaq istəyirəm ki, Gədəbəyə, o cümlədən doğma kəndimiz Düz Rəsulluya gedib, Bakıya qayıdarkən yolum Qızıltorpaq kəndinin yaxınlığında, Zəyəm çayının üstündəki körpüdən (Gədəbəyin mərkəzi istiqamətində) keçərkən körpünün böyründə, kiçik dağın yamacında Çoban Qaraya abidə olaraq qoyulmuş kiçik heykəli seyr edirik. Sevinirəm ki, Çoban Qara Haqverdiyev böyük zəhmətinin nəticələrinə görə İ.Stalin adına Dövlət mükafatına layiq görülmüş Azərbaycan oğludur, Gədəbəyin “xan çobanı”dır.

“Sabahlara deyilən söz” kitabında Azərbaycanın çox görkəmli şəxsiyyətləri, müxtəlif elm sahələri üzrə dəyərli alimlərimiz haqqında olduqca maraqlı, oxucu düşüncəsini zənginləşdirə bilən məlumatlar verilib. Bir cəhətdən bu, akademik Firuz Məlikovun elmi yaradıcılıqla məşğul olduğu dövrün ictimai-siyasi, mənəvi-intellektual mühitini düzgün anlamaq və dərk etmək baxımından əhəmiyyətlidir. Digər tərəfdən, kitabda adları çəkilən alimlərin Azərbaycanda heyvandarlıq elmi məsələlərinin həllinə müsbət yanaşmalarını oxucuya çatdırmaq baxımından əhəmiyyətlidir. Konkret olaraq Azərbaycanın böyük filosofu, akademik Heydər Hüseynov, dünya şöhrətli akademik Yusif Məmmədəliyev, böyük yazıçı, dövlət xadimi, akademik Mirzə İbrahimov, akademik İman Mustafayev, akademik Musa Musayev, professor Ağaxan Ağabəyli ilə bağlı gətirilmiş elmi informasiya və məlumatlar razılıqla qarşılanır. Kitab müəlliflərinin əməyini yüksək qiymətləndirirəm. Kitabın sanballı, gözəl tərtibatda ərsəyə gətirilməsində əməyi keçən hər bir kəsin xidməti təqdir olunur. Hesab edirəm ki, “Sabahlara deyilən söz” kitabı birbaşa mütəxəssislər və o cümlədən geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaqdır.

 

İzzət RÜSTƏMOV,

fəlsəfə elmləri doktoru, professor.

 

Published in Mədəniyyət Read more...

Cümə, 24 İyul 2020 09:39

Xarkov şəhərində Azərbaycan Ordusuna dəstək, işğalçı Ermənistan təxribatına etiraz mitinqi

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun və Azərbaycan diasporunun birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib. Fəxri konsulluğun binasının qarşısında keçirilən izdihamlı aksiyada Azərbaycan diasporunun fəalları, gənclər, türk, tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak edib.

 

Mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “erməni təcavüzünə son qoyulsun” şüarları səsləndirilib.

 

Aksiyada Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, ermənilərin xarici havadarlarına arxalanaraq son 2 əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətindən söz açıb. Son günlər azğınlaşmış düşmənin Tovuz rayonunda törətdiyi qanlı olayların da eyni məkrli siyasətə xidmət etdiyini vurğulayıb. Diplomat bildirib ki, ermənilər işğal etdikləri torpaqlardan geri çəkilməsə, Ukraynada yaşayan 500 mindən çox azərbaycanlı ölkəmizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə  istənilən zaman silaha sarılaraq Vətənimizi düşmən tapdağından azad etməyə hazırdır. Bunu artıq xəbis erməni ideoloqları dərindən anlamalı və məkrli niyyətlərindən geri çəkilməlidirlər.

 

Tədbirdə Ukrayna Milli Dəmir Yolu Nəqliyyatı Universitetinin prorektoru Qleb Vatulya və Sumı Vilayət Şurasının deputatı Oleq Ostapenko çıxış edərək, son günlər ermənilərin Tovuz rayonunda törətdikləri qanlı təxribatı pislədiklərini bildiriblər. Ukrayna dövlətinin həmişə olduğu kimi, Azərbaycanın haqqlı mövqeyinə dəstək verdiyini vurğulayan natiqlər, iqtisadi inkişafına görə bölgənin lider dövlətinə çevrilən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını qeyd ediblər.

 

Tədbirdə Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Diaspor rəhbərlərindən Kifayət Cəfərova, Murad Ömərov və digər soydaşlarımız çıxış edərək, indiyədək ermənilərin işğalçılıq siyasətinə göz yuman BMT, ATƏT və digər beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

 

Böyük coşqu ilə keçən aksiyada bir fikir xüsusi vurğulanıb ki, Xarkov vilayətində yaşayan 30 mindən çox soydaşımız özlərini müstəqil Azərbaycanın sıravi əsgərləri hesab edir, istənilən zaman silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdırlar.

 

 

 

Möhsüm QƏDİROĞLU,

“Respublika” qəzetinin

Ukrayna və Şərqi Avropa

ölkələri üzrə xüsusi müxbiri.

 

Respublika.- 2020.- 24 iyul.- S.7.