“XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi” Teymur Əhmədovun jurnalistik fəaliyyətinə bir nəzər

 

Milli mətbuatımızın 145 ili tamam olur. Bu illərdə o, keşməkeşli, tarixi, zəngin bir inkişaf yolu keçmişdir. Həsən bəy Zərdabidən başlayan bu yolu sonrakı nəslin mətbuat fədailəri uğurla davam etdirmiş, adlarını milli mətbuatımızın tarixinə yazdırmışlar. Hər biri bir məktəb olan belə tarixi şəxsiyyətlərdən biri də bu sahədə zəngin təcrübəyə malik mətbuat xadimi, maarifçi ziyalı, filologiya elmləri doktoru, professor Teymur Əkbər oğlu Əhmədovdur. 70 il mətbuat yolunda can qoyan, saç ağardan Teymur Əhmədov Azərbaycan mətbuatının patriarxlarından biri, böyük mühərrir, zəhmətsevər, bacarıqlı idarə başçısı, əla təşkilatçı, nəhayət, sayğılı redaktor, vətənsevər, millətsevər bir insandır. Uzun illik redaktorluğu dövründə ağlagəlməz çətinliklər, mürəkkəb məqamlarla üzləşən Teymur Əhmədov bu illərdə xeyli istedadlı jurnalist nəsli yetişdirib, nəşrinə rəvac verdiyi qəzet və jurnallara böyük yanğı və sevgi ilə rəhbərlik etmişdir.

 

Milli mətbuatımızın 145 illiyi münasibətilə nəşr olunan Şəfəq Nasirin “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi” adlı kitabda “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun jurnalistik fəaliyyəti əks olunur. Mətbuat işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü ilə videokonfrans formatında keçirilən təqdimat mərasimində də bu təcrübəli, çoxumuz üçün müəllim olan ustadın zəngin yaradıcılıq yolundan söz açıldı.

 

 

 

Əflatun Amaşov (Mətbuat Şurasının sədri):

 

- Teymur Əhmədov həm jurnalistdir, həm tədqiqatçı. Akademik Cəmil Quliyev Teymur müəllimi xarakterizə edərkən bildirmişdir ki, o, tədqiqat fəaliyyətində yaxşı jurnalist, jurnalistik fəaliyyətində yaxşı tədqiqatçıdır. Bu yaxınlarda Teymur müəllimin 90 yaşı tamam olur. Konfrans iştirakçıları adından onu təbrik edir, uzun ömür, böyük yaradıcılıq uğurları arzulayıram. Teymur müəllim ömrünün 70 ilini həm tədqiqata, həm də jurnalistikaya həsr edib. 1954-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Yerevana yollanıb, “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başlayıb. 1961-ci ildə yenidən Bakıya qayıdıb Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində şöbə müdiri vəzifəsini icra edib. Hazırda həmin şöbənin rəhbəridir.

 

Bir tədqiqatçı kimi Teymur Əhmədov cəsarətli bir alimdir. O illərdə Nəriman Nərimanov haqqında heç kəs müsbət fikir söyləyə bilməzdi, 1926-cı ildən 1954-cü ilədək N.Nərimanovun adı Azərbaycan mediasında yalnız mənfi hallarda çəkilə bilərdi. 1956-cı ildə N.Nərimanovun tədqiqatçıları sırasına daxil olan Teymur Əhmədovun yaradıcılığının əsas, ana hissəsi N.Nərimanovun irsinin öyrənilməsinə yönəlmişdir. Əvvəlcə “N.Nərimanovun dramaturgiyası” və sonra “N.Nərimanovun yaradıcılıq yolu” mövzusunda elmi araşdırmaları yekunlaşdıraraq namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Onun tədqiqatçı kimi yaradıcılığında N.Nərimanov irsi qırmızı xətlə keçir. Teymur Əhmədov ilk əmək fəaliyyətinə müxbir kimi başlayıb, ədəbi işçi, məsul katibin müavini vəzifələrini yerinə yetirib. Orada işlədiyi dövrdə, 1959-cu ildə o zamankı “Pravda” qəzetinin SSRİ dönəmində təşkil etdiyi ikiillik jurnalist sənətkarlığı kursunu bitirib, jurnalistikanın sirlərinə bələd olub. Dili bilməsi ona Dövlət Tarix Arxivində işləməyə imkan verirdi və bu səbəbdən İrəvan xanlığının tarixini, Abbasqulu bəy Şadlinskinin fəaliyyətini araşdırıb maraqlı faktlar üzə çıxarmışdı.

 

Müstəqillik illərinin əvvəllərinə doğru o, daha müstəqil fəaliyyət göstərməyə başladı, 1989-cu ildə “Ata yurdu” qəzetini nəşr etdi və qəzet o dövrdə populyarlıq qazandı. Sonralar Qaçqınlar Cəmiyyətinin “Vətən səsi” qəzeti yaranarkən ona rəhbərliyi Teymur müəllimə həvalə etdilər. Qəzet Azərbaycanın qaçqın problemini, ata yurdlarını tərk etmiş insanların taleyini geniş əks etdirirdi.

 

“Vətən həsrəti” qəzeti də vətənlərini tərk etmiş soydaşlarımızın acı taleyini işıqlandırır, problemlərinin həllinə xidmət edirdi.

 

Teymur müəllim “Respublika” kimi tanınmış qəzetin baş redaktorudur. Qayğıkeş insandır, onun qapısı hər zaman oxucuları, vətəndaşlar üçün açıqdır, əməkdaşlarının problemlərini məqamında həll etməyə çalışır. Mətbuatımızın ağsaqqalı, əsl azərbaycanlı, türk oğludur. Milli mətbuatımızın 145, Teymur Əhmədovun 90 və jurnalistik fəaliyyətinin 70 illiyi ərəfəsində işıq üzü görən “XX-XXI əsrlərin qovşağında Milli mətbuatın çətin və şərəfli mübarizəsi” kitabı onun jurnalistik fəaliyyətinə bir nəzərdir.

 

Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti): 

 

- Müasir Azərbaycan jurnalistikasının canlı korifeyi, ustad, böyük qələm sahibi Teymur Əhmədovla 30 ildən çoxdur ki, dostluq edirik. Onunla ünsiyyətdə olduğum zaman bir dəfə də olsun aramızda yaş fərqini hiss etmədim. O, heç özü də bir an olsun belə bunu büruzə vermədi. Teymur müəllimlə 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri daha yaxından dostlaşdıq. Həmin vaxtlar Azərbaycanın üzərində qara buludlar əsir, ölkə ən çətin anlarını yaşayırdı. Ermənistandan 300 min azərbaycanlı didərgin salınmışdı. İnsanlarımızın belə bir çətin, ağır dövründə Teymur müəllim qaçqınların, vətənini itirmiş insanlarımızın ümid yeri, pənah yeri idi. O, “Vətən səsi” qəzetinin baş redaktoru idi. Hər gün onlarla, yüzlərlə insan onun qapısını döyürdü. O da öz növbəsində yorulmaq bilmədən hər kəsə yol göstərməyə, kömək etməyə çalışırdı. Teymur müəllim 1991-ci ildə baş redaktoru olduğu “Vətən səsi” qəzeti, vətənpərvərlik ideyasının aşılanması, erməni vandalizminin dünyaya tanıdılması, xalqımızın üzləşdiyi faciələrin işıq üzü görməsi, qaçqın və didərgin düşmüş insanlarımızın haray səsinin, dərd-sərinin mətbuatda ucaldılması üçün bir platforma idi. Məhz onun sayəsində “Vətən səsi” qəzeti deportasiya tarixi ilə bağlı zəngin bir məlumat bazasına, millətimizin ucalan ruporuna çevrilmişdi. Yaxşı xatirimdədir, o zamanlar ümummili lider Heydər Əliyevlə bağlı yazıların heç yerdə dərc edilmədiyi bir dövrdə “Vətən səsi” qəzeti onunla bağlı geniş yazılar yazır, silsilə məqalələr çap edirdi.

 

Xalqımızın mətbuat tarixinin araşdırılmasında, jurnalistikamızın elmi-nəzəri tərəflərinin formalaşmasında Teymur müəllimin böyük xidmətləri vardır. Heç kimə sirr deyil ki, müstəqil Azərbaycan mətbuatının təşəkkülü Həsən bəy Zərdabi, üzeyir Hacıbəyov, Əhmədbəy Ağaoğlu, Cəlil Məmmədquluzadə və digər mütəfəkkirlərin ədəbi yaradıcılıqlarının məhsuludur. Müasir dövr mətbuat tariximizi vərəqlədikdə onun ərsəyə gəlməsi, tədqiq olunması Teymur müəllim və digər korifey insanlarımızın adı ilə bağlıdır. Onun dördcildlik “Heydər Əliyev və Mətbuat”, üçcildlik “Heydər Əliyev və Mədəniyyət” və bu səpkidə hazırladığı kitablar müasir Azərbaycan mətbuat tarixinin salnaməsidir. Teymur müəllimin milli fikir tariximizin, milli məfkurənin öyrənilməsi, araşdırılması yolunda xidmətləri böyükdür. O, Əlibəy Hüseynzadənin istiqlal dövründə “Füyuzat” jurnalında başlatdığı mücadilənin, ictimai fikir hərəkatının, maarifpərvər ədəbi irsin davamçısıdır. Müasir dövrdə yaratdığı və yaşatdığı “Füyuzat” jurnalının baş redaktorudur. Bu günlərdə Şəfəq Nasirin müəllifi olduğu “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının təqdimatı da Teymur müəllimin şərəfli həyat və yaradıcılığı haqda danışmaq, onun jurnalistika irsini öyrənmək üçün bizlərə imkan yaratmış oldu.

 

Teymur müəllimin ömrü çox zəngin və keçməkeşli bir həyat yoludur. “Sovet Ermənistanı” qəzetindən “Respublika” qəzetinə kimi yaşanan uzun və şərəfli bir yolda ədəbi mühitin qorunması, azərbaycançılıq məfkurəsinə sadiqlik, həqiqətlərin işıq üzü görməsi kimi vacib missiyasından bir an belə kənarda qalmadı, böyük ustadımız. O, özünün qətiyyəti, mübarizliyi, əsl ziyalı siması ilə hər kəsə bir nümunədir. Teymur müəllimin həyat yolunun hər dəqiqəsi, hər anı dopdolu, zəngin xatirələrlə aşıb daşır. O, canlı bir tarix, canlı bir salnamədir. Onun yaşadığı ömür nəsillər üçün örnək olan bir həyat yoludur. Teymur müəllimin yazıb yaratdıqları, ərsəyə gətirdiyi çoxcildlik kitabları, ensiklopedik nəşrləri mətbuat tarixi, ictimai fikir tariximiz üçün zəngin bir xəzinədir.

 

Şəfəq Nasir (yazıçı, filologiya üzrə fəlsəfə doktoru):

 

- Mətbuatımızın mogikanı, bir neçə jurnalist nəslinin müəllimi, professor Teymur Əhmədovun 70 illik jurnalistik fəaliyyətinə nəzər salmaq mənim mənəvi borcum idi. Ötən əsrin 80-90-cı illərində - milli oyanış dövrü mətbuatımızın təşəkkülü, inkişafında məhz onun yaratdığı bir sıra qəzet və jurnalların rolu danılmazdır. Bu gün də Teymur Əhmədovun jurnalistik fəaliyyətinin mətbuat mühitində əks-səda doğurduğunun şahidiyik. Teymur Əhmədovu mətbuat xadimi kimi 30 ildir tanıyıram. Xatırladım ki, müstəqilliyimizin bərpasının oyanış dövründə Teymur müəllim özünün cəsarəti, mübarizliyi ilə artıq mətbuatda kifayət qədər tanınırdı. Onun jurnalistik fəaliyyəti İrəvandan — “Sovet Ermənistanı” qəzetindən başlayıb. Teymur müəllimin adıçəkilən qəzetin səhifələrindəki yazıları insanda qürur hissi doğurur. O, İrəvan mətbuatında çox ciddi mövzularda yazdığı məqalələrlə çıxış edirdi.

 

Ermənistanda ötən əsrin 50-ci illərində azərbaycanlı şair və yazıçıların mətbuatda çıxışlarına, Azərbaycan ədəbi mühitinin intişarına imkan verilmirdi. Teymur Əhmədov bu məsələ ilə bağlı Ermənistan Yazıçılar Birliyini ciddi tənqid edəndən sonra azərbaycanlı yazarların mətbuatda görünməsinə yol açıldı. Kitabları dərc olundu. Hər il “Ədəbi İrəvan” almanaxı da işıq üzü gördü.

 

Teymur müəllim Bakıya qayıtdıqdan sonra aspiranturaya daxil oldu. O elmi fəaliyyətlə məşğul olduğu illərdə jurnalistik fəaliyyətini davam etdirdi. Belə ki, Teymur müəllim milli oyanış dövrü mətbuatının yaradılmasında özünün ziyalı olaraq azərbaycançılıq mövqeyini göstərdi. “Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir”, “Elturan”, “Füyuzat” kimi qəzet və jurnalları yaratdı. Həm də bu mətbu orqanlara zamanın diktə etdiyi mövzularla gəldi.

 

Bir qədər əvvəldə qeyd etdiyi kimi, bu il Milli mətbuatımızın 145, Teymur Əhmədovun 90 illik yubileyi, jurnalistik fəaliyyətinin isə 70 ili tamam olur. Bu üç əlamətdar tarixlər məndə belə bir kitabı ərsəyə gətirmək arzusunu doğurdu.

 

Teymur Əhmədov öz araşdırmalarında klassik mətbuatımızı, maarifçi ziyalılarımızın, yazıçı publisistlərimizin həyat və yaradıcılığını da tədqiq edərək bir ədəbi-mətbu salnamə yaradıb. Böyük Həsən bəy Zərdabi “Əkinçi”ni, Əli Bəy Hüseynzadə “Həyat”ı, “Füyuzat”ı, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”i hansı yanğıyla yaratmışdılarsa, Teymur Əhmədov da “Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir”, “Elturan”, “Füyuzat”ı eyni yanğı, sevgi ilə, mənəvi borcla azərbaycançılıq mövqeyindən meydana çıxarıb. Teymur Əhmədov sələflərinin amallarını milli təəssübkeşlik, vətənpərvərlik hissi, elmi-mədəni yüksəlişin tərənnümçüsü, təbliğçisi kimi sözü, əməli ilə davam etdirmişdir.

 

Hümmət Musayev (“Respublika” qəzetinin baş redaktorunun müavini):

 

- Azərbaycan milli mətbuatının canlı klassiki, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun 90 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edirəm.

 

Biz dünya elmində olan kəşflərin tarixinə, mahiyyətinə deyil, predmetinə varsaq, görərik ki, ən böyük kəşflər iki və daha çox elmi müstəvilərin kəsişməsində baş verir. Bu elmi müstəvilərdə fəaliyyət göstərməyi və onların sintezini yaratmağı bacaranlar isə həmin kəşflərin ideya daşıyıcıları, müəllifi olurlar. Bir az da konkretləşdirsək, yəni hər hansı şəxs müxtəlif elm və peşə sahələrinin zəka yükünü paralel apara bilirsə, o, mütləq elm tarixində öz izini qoymağı bacaracaq. Teymur müəllimin elmi və jurnalistlik fəaliyyətinə həsr olunan kitabda da akademik Cəmil Quliyevin qeyd etdiyi kimi, Teymur müəllim iki müxtəlif müstəvidə - tədqiqatçılıq və jurnalistlik - yüksək səviyyədə fəaliyyət göstərib, onların qovuşuğunu yarada bilib.

 

Onun tədqiqatlarına da fikir verəndə aydın olur ki, həmin sahədə də xarakterinə uyğun işləri ilə fərqlənir. Can-dildən, sidq-ürəkdən bağlandığı N.Nərimanova aid tədqiqatlarında o, N.Nərimanovun ədəbi-elmi yaradıcılığı ilə ictimai-siyasi fəaliyyəti arasında güclü üzvi bağlılığı üzə çıxarmağı bacarmış, onun məziyyətlərini oxucuya çatdırmağa nail olmuşdur. Məhz bu xüsusiyyətləri T.Əhmədovu N.Nərimanovun digər tədqiqatçılarından fərqləndirir.

 

Son 30 ildə T.Əhmədovun araya-ərsəyə gətirdiyi nəşrlərin əksəriyyətində - “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir” və “Respublika” qəzetlərində onun xüsusi qayğısı ilə əhatə olunmaqla birgə fəaliyyət göstərmişik.

 

Bu gün Azərbaycan mediasında bir çoxları və mən özüm də milli mətbuatda fəaliyyətimizdə Teymur müəllimin özünəməxsus qayğı və himayəsini xüsusilə qeyd etməliyik.

 

Mən bir daha Teymur müəllimi təbrik edir və təşəkkürümü bildirirəm.

 

Rəşad Məcid (“525-ci qəzet”in baş redaktoru):

 

- Əvvəla, mən Mətbuat Şurasına təşəkkür edirəm, karantin şəraitində belə bir tədbirin keçirilməsi, borcdur, etibardır, vəfa borcu, Teymur müəllimin keçdiyi həyat yoluna minnətdarlıq ifadəsidir. Mən kitabın müəllifi Şəfəq xanıma da minnətdaram, oxudum, yeni məlumatlar əldə etdim.

 

Uzun illərdən bəri “Respublika” qəzetinə rəhbərlik etməsi onun peşəkar redaktor, həm dövlət xadimi kimi fəaliyyətinin nəticəsidir.

 

Hikmət Babaoğlu (“Yeni Azərbaycan” qəzetinin baş redaktoru):

 

- Teymur Əhmədovun müstəqillik dövründəki jurnalistik fəaliyyəti ayrıca bir dövr kimi səciyyə edilməlidir. Ermənistan mətbuatındakı fəaliyyəti və yaxud Ermənistanda yaşayan azərbaycanlıların mətbuat tarixi heç şübhəsiz ki, milli mətbuat tariximizin vacib bir səhifəsi, vacib bir dövrüdür. Teymur müəllimin həm jurnalist, həm alim-tədqiqatçı olmağı əslində onun uğurlarının mühüm komponentlərindən biridir. Uzun müddət Ermənistanda Azərbaycan mətbuatını təmsil edəndə, şübhəsiz ki, ilk növbədə orada yaşayan azərbaycanlıların həyat tərzini, məişətini, işini, mədəniyyətini, dilini mətbuata daşımaqla Azərbaycan xalqına xidmət göstərmişdir. Teymur müəllim o dövrdə həm də Azərbaycan ədəbi-bədii, mətbuat mühitilə Ermənistanda olan ədəbi-bədii və mətbuat mühiti arasında bir körpü olmuşdur, çünki “Sovet Ermənistanı” qəzetində daima Azərbaycandakı ədəbi mühitlə bağlı yazılar verir, bu mühiti Ermənistanda yaşayan azərbaycanlılara tanıdır və beləliklə dil və mədəniyyət arasında körpü qurmaqla Azərbaycan xalqının həm mətbu tarixini, həm də qədim tarixini, tarixi münasibətlərini bütöv tutmağa çalışırdı. Bu, olduqca diqqəti-şayən bir hadisədir. Onun yaradıcılığında maarifçilik bir xətt təşkil edir. Teymur müəllimin yaradıcılığına diqqət etsək görəcəyik ki, o, Azərbaycanın ictimai fikrinin nəhənglərinin həyatını, yaradıcılığını tədqiq etməklə bizə milli kimliyimizi tanıdıbdır. Onun yaradıcılığında maarifpərvərliklə bərabər, bir də milli özünüdərkə xidmət edən istiqamətlər var. 1961-ci ildə “Sovet Ermənistanı”nda fəaliyyəti başa çatdıqdan sonra o, daha geniş bir tədqiqat mərhələsinə qədəm qoyur və burda həm də böyük jurnalistika ilə məşğul olmağa başlayır. Böyük jurnalistikamızın keyfiyyətinin formalaşmasında öz dəst-xəttilə xüsusi bir üslub yarada bilir. Bu, tədqiqatçı üslubu, araşdırmaçı jurnalist üslubuyla publisistik jurnalistikanın sintezindən əmələ gələn ayrıca bir istiqamətdir.

 

Müstəqillik dövründə başqa bir Teymur Əhmədovla rastlaşırıq, çünki bu çətin dövr də, tarixi mərhələ də əslində bir növ 1918-1920-ci illərdəki dövrün təkrarıdır. 1987-1991-ci illərdə isə, Teymur müəllimi başqa bir keyfiyyətdə görürük. O, yaratdığı mətbu orqanlarda yeni mərhələdə yeni bir maarifçilik ənənəsi yaradır ki, bu, xüsusi qiymətləndirilməlidir.

 

Qaldı ki, onun “Respublika” qəzetindəki fəaliyyətinə. Bu isə, müstəqillik dövrümüzün salnaməsidir. Bu gün də eyni həvəslə, eyni analitik yanaşma ilə bu salnaməni yazmaqda davam edir. Ona və kollektivinə uğurlar arzulayıram.

 

Rauf Zeyni (Milli QHT Forumunun sədri):

 

- Dəyərli dostlar, hörmətli ictimai xadimlər ilk öncə bu tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Öz mənalı fəaliyyəti, əldə etdiyi nəticələri ilə fenomen bir ömür yaşayan, qocaman qələm sahibi, gözəl dövlət və ictimai xadim Teymur Əhmədovun 90 illik yubileyinin keçirilməsi təqdirəlayiqdir. Qeyri-hökumət təşkilatları adından Teymur müəllimi təbrik edir, cansağlığı arzulayıram.

 

Vüqar Rəhimzadə (“İki sahil” qəzetinin baş redaktoru):

 

- Mən ilk öncə belə bir tədbir təşkil etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm, eyni zamanda 90 illiyi münasibətilə Teymur müəllimi təbrik edirəm. Onun haqqında çox danışmağa ehtiyac yoxdur, çünki hər bir mətbuat işçisi onun fəaliyyəti ilə çox yaxşı tanışdır. Belə bir kitabın ərsəyə gəlməsi üçün onun müəllifi Şəfəq xanıma minnətdaram. Teymur müəllimlə mən təxminən 90-cı illərdən tanışam, 30 il öncə “Vətən səsi” qəzetinin baş redaktoru olarkən yazılarla müraciət edirdim və o, həmin yazıları məmnuniyyətlə öz qəzetində çap edirdi. Doğrudan da “Vətən səsi” qəzeti o dövrdə kifayət qədər insanların müəyyən mənada informasiya iddiasını təmin edirdi. “Vətən səsi”ndə ulu öndər Heydər Əliyevin parlamentdə çıxışının rus dilində dərc olunması və s. hadisələrin şahidi olmuşam. Hesab edirəm ki, o, kifayət qədər normal, qətiyyəti ilə oxucuların görüşünə gəlirdi.

 

Təxminən 20 il bundan əvvəl elmi iş götürməklə bağlı mənə dəfələrlə təkid edir, ağsaqqal kimi məsləhət verir, tövsiyə edirdi. Bu, onun gənclərə hörmət və qayğısından irəli gəlirdi, bir sözlə, o, gənclərin ən yaxşı yol göstərənidir. Öz təcrübəsini gənclərə aşılamaq istəyən gözəl ağsaqqal, dəyərli insandır. Mən Teymur müəllimi, onun kollektivini təbrik edirəm.

 

Elçin Mirzəbəyli (jurnalist):

 

- Mən də burada söylənən təbriklərə qoşulur, mətbuatımızın ağsaqqalını 90 illiyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyirəm. Milli mətbuatımızın 145 illiyi tamam olur. Teymur müəllim də milli mətbuatımızın klassik ənənələrinin davamçısı kimi onun inkişafı üçün çox işlər görmüşdür. Mən bir məqama diqqət çəkmək istəyirəm. Teymur müəllimin müasir Azərbaycan mətbuatının tarixinin öyrənilməsində, onun haqqında məlumatların toplanılmasında da böyük xidmətləri var. Sözün doğrusu, mən həmişə təəccüblənmişəm ki, o, bu qədər böyük enerjini haradan tapır. Bütövlükdə həm Azərbaycan ədəbiyyatını, həm də mətbuatı yaxından izləyir, ən həssas məqamlara münasibətini bildirir. Azərbaycan mediasında əgər işıqlı bir yazı varsa, yeni bir yanaşma tərzi varsa dərhal həmin şəxslə əlaqə saxlamağa, onunla danışmağa, bir ağsaqqal olaraq onu daha da həvəsləndirməyə çalışır. Bax, mən düşünürəm ki, Teymur müəllimin yaradıcılığı, fəaliyyəti, şəxsiyyəti bütövlükdə Azərbaycan mediası üçün önəmli nümunələrimizdən biridir. Bir daha Teymur müəllimi təbrik edirəm.

 

Gözəl Ağayeva (AZƏRTAC-ın əməkdaşı):

 

- Teymur müəllim gözəl alim, tədqiqatçı, əsl insandır. Mən AZƏRTAC-ın idarə heyətinin sədri Aslan müəllimin, bütünlükdə kollektivimizin adından Teymur müəllimi 90 illiyi münasibətilə təbrik edir, ona böyük uğurlar arzulayıram. Bir məsələni də qeyd edim ki, Teymur müəllim mənim elmi rəhbərimdir. O, qayğıkeş elmi rəhbərdir, nə vaxt hansı məsələ ilə bağlı müraciət etsən anındaca kömək edir. Xeyirxah insandır, onun fəaliyyəti bizim üçün örnəkdir.

 

Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru):

 

- Mən Teymur Əhmədovu 15 ildir ki, yaxından tanıyıram, ona qədər də onun əsərləri, kitabları, araşdırmaları ilə məşğul idim. Biz “Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsində həm də ocaq qonşusuyuq, onu yaxından izləmək imkanlarım var. Tez-tez görüşür, söhbətləşirik. Teymur müəllim mənim mətbuat tarixinin öyrənilməsinə gəlişimdə çox böyük rol oynayan bir şəxsiyyət, Azərbaycan mətbuatı tarixi ilə bağlı araşdırmalarıma ilk dəfə müsbət rəy bildirən, istiqamət verən bir insandır. Mənim “Azərbaycan mətbuatı tarixi” kitabımın I cildinin elmi rəhbəri də Teymur Əhmədovdur.

 

Teymur müəllimin 90 illik ömrünün 70 ili Azərbaycan mətbuatı ilə bağlıdır. Bu dövrdə bir neçə şəxsiyyətin adını xüsusi qeyd edə bilərik: Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov kimi insanların sırasında Teymur Əhmədovun da xüsusi yeri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox qəzetlərin baş redaktoru kimi çalışan Teymur müəllim həm də Azərbaycan Ensiklopediyasında işləmişdir. Burada o, həm də “Yeni fikir” qəzetinə rəhbərlik edirdi. Teymur müəllim bizim Mətbuat tarixi muzeyinə həmin qəzetin bir nömrəsinin maketini hədiyyə edib və biz onu qoruyub saxlayırıq.

 

Teymur müəllim nurani, ziyalı insan, ağsaqqaldır. Azərbaycan mətbuatında bir çox imzaların parlamasında onun əvəzsiz xidmətləri var. Ona uzun ömür arzu edirəm.

 

Biz də kollektivimiz adından bu azman mətbuat xadiminə, qayğıkeş redaktorumuz Teymur müəllimə sonsuz hörmətimizi bildirir və deyirik: Qələminiz həmişə iti olsun, yazın, yaradın!..

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 23 iyul.- S.4.