N.NƏRİMANOV VƏ AZƏRBAYCAN DİLİ

(əvvəli 15 iyul tarixli sayımızda)

 

 

 

N.Nərimanov yazırdı: “Azərbaycan Hərbi İnqilab Komitəsi bu barədə əmr vermiş, üç aylıq möhlətdən sonra idarələr, təbii ki, bu qayda ilə işləməli olacaqlar. Bunun üçün, əlbəttə ki, savadlı adamlar lazımdır”. N.Nərimanov bu əmri bir dövlət sənədi hesab edərək yazırdı: “Nəhayət, məsələyə hüquqi nöqteyi-nəzərincə də baxmaq olur. Türk dili Azərbaycanda dövlət dili elan olunmuşdur, ona binaən öz hüquq və imtiyazına təmamilə malik olmalıdır”. N.Nərimanovun Azərbaycan dilinin hüquqları uğrunda apardığı mübarizə ardıcıl və prinsipial səciyyə daşıyırdı. Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün 1920-ci il iyulun 3-də Xalq Maarif Komissarlığı latın qrafikasına keçid haqqında qərar qəbul etdi. Həmin ilin noyabr ayında Juzenin sədrliyi ilə Türk Əlifba Komitəsi təşkil olundu. İnqilab başlanarkən yeni əlifba üçün ilk təşəbbüs göstərilmişdi. Xalq Maarif Komissarlığının 1921-ci il 5 yanvar tarixli əmri ilə artıq bu keçidin yolu müəyyənləşdirildi. Yazı qrafikasının dəyişdirilməsi ideyasını xalq arasında yaymaq məqsədi ilə qəzalarda şöbələr təşkil olundu. N.Nərimanovun təşəbbüsü ilə Azərbaycanda yeni əlifbaya keçmək üçün iki Komissiya yaradılmışdı. “Yeni yol” qəzetində yazılırdı ki, bunlardan biri ərəb əlifbası yerinə latın əlifbasına keçid üçün material hazırlamalı, digəri ərəb əlifbasının islah yollarını müəyyənləşdirməli idi. Lakin ikinci Komissiya fəaliyyətsiz olduğuna görə birinci komissiya əsasında fəaliyyətdə olan Əlifba Komitəsi təşkil olundu. Bu dövrdə bir çox təşkilatlar, eləcə də İstanbuldan gələn bir çox ziyalılar əlifba təşkilatına etirazını bildirir, yeni əlifbanın qəbul olmasına qarşı çıxırdılar. Lakin N.Nərimanov ziyalıların iclasında “yeni əlifba məsələsini qət etməliyik. Əksər ziyalılar latın əlifbasını qəbul etmək fikrindədir, bu isə həyatımızda böyük bir inqilabdır”- deyə onları yeniliyə səsləyirdi. 1921-ci il dekabr ayının 30-da Azərbaycan Xalq Komissarları Soveti yanında əlifba müşavirəsi çağırılıb, bu müşavirədə Yeni Əlifba Komitəsi təşkil olunur. 1922-ci il dekabr ayının 30-da Yeni Əlifba Komitəsinin latın əlifbası əsasında tərtib etdiyi layihəsi elan olunur. 1922-ci ilin mart ayında N.Nərimanovun təklifi ilə S.Ağamalıoğlunun rəhbərlik etdiyi bir komissiya yarandı. Həmin ilin iyul ayında komissiya Yeni Türk Əlifbası Komitəsinə çevrildi. Bu komitə qəzet və jurnalların yeni əlifbaya keçməsi, mətbəələrdə latın şriftli maşınların quraşdırılması işində müəyyən uğurlar qazanmışdı. Komitənin təklifi ilə Azərbaycan MİK 1922-ci ilin oktyabrın 20-də idarə və müəssisələrin kargüzarlıq işlərinin yeni və köhnə əlifba ilə paralel işlənməsi haqqında dekret verir. O vaxt Azərbaycanda yazı və dilin səs sistemi arasındakı münasibəti düzgün qiymətləndirə bilən, dilimizin fonetik sisteminə uyğun hərfi işarələr sistemindən ibarət bir əlifba tərtib edilməsi geniş müzakirə olunmuşdur. Həmin layihə fonetik prinsip əsasında tərtib edilmiş, Azərbaycan dilinin bütün fonemlərinin işarələri düzəldilmişdir. Hərflərin böyük əksəriyyəti latın əlifbasındakı hərflərlə üst-üstə düşürdü. Komitə yeni əlifbanın tətbiqi və öyrənilməsi sahəsində geniş təbliğat aparırdı. 1922-ci ildə “Kommunist” qəzetində yeni əlifbaya qarşı çıxanlara N.Nərimanov belə cavab vermişdir: “Bizə deyirlər ki, yeni əlifbanı qəbul ediriksə, sədilərimizin, mollayi rumilərimizin yazdıqları puç olacaq. Lakin biz əlifbamızı bu gün düzəltməsək, on il bundan sonra bu inqilabı edəcəklər. O vaxt nəinki biz, hətta bizim uşaqlarımızı da Sədini, Mollayi Rumini, Vaqif və başqalarını asanlıqla oxuyacaqlar”. Bu müzakirələr ərəb əlifbasının dəyişdirilməsinin vacibliyi zərurətini şərtləndirdi. N.Nərimanov 1922-ci il dekabrın 3-də Tiflisdə Türk dram teatrının binasında yeni qrafika haqqında məruzə ilə çıxış edərək onun dəyişdirilməsi haqqında daha cəsarətli olmağa çağırmışdır. Bu nitq haqqında Tiflisdə çıxan “Zarya Vostoka” qəzetinin 6 dekabr tarixli nömrəsində Əziz Şərif N.Nərimanovun mövqeyini alqışlayan məqalə ilə çıxış edərək onun nitqindən parçalar vermişdir: “Biz ləngiyə bilmərik, bir ətrafa baxın! Bütün xalqlar irəli gedirlər! Bir dəqiqə də gözləmək olmaz!” Görkəmli ictimai xadim yeni əlifbaya keçməyin yolları haqqında yazırdı: “Yeni əlifba tədricən nəşr olunacaqdır. Onunla bərabər, ərəb əlifbası da qalacaqdır. O vaxta qədər ki, millət özü yeni əlifbanı lazım, qayət yüngül və əlverişli olduğunu təqdir edib, latın hürufatı ilə yazılmış əlifbanı qəbul edəcək və eyni zamanda əski əlifbasının əsassızlığını anlayaraq onu da rədd edəcəkdir”. 1921-ci il dekabrın 30-da Darülmüəllimin binasında qrafikaya həsr edilmiş xüsusi birinci konfrans oldu. Konfransda N.Nərimanov demişdi: “İndi ixtiyar özümüzdədir. Hərgah biz indi bu əlifbaya keçməsək, o zaman on ildən sonra bu əlifba özü-özünə itəcək. Odur ki, indi keçməli və elə etməli ki, on ildən sonra olacaq ədəbiyyatı zəhmətkeş balaları oxuya bilsinlər”. M.F.Axundovdan gələn ideyaları həyata keçirmək, xalqın maarif və mədəniyyətdə qabaqda olması üçün əlifbanın qəbul olunmasını əsaslandırırdı: “İnsan yaradıcı olmalı, bəşəriyyətə lazım olan şeyləri icad etməlidir. Bundan ötrü bilikelm lazımdır. Bilik üçünasan əlifba... Xülasə bu çətin əlifbanın nə qədər çətinliklər törətdiyini, nə qədər vaxt itirdiyini ancaq müəllimlər yaxşı bilir”.

 

Latın qrafikası əsasında yeni əlifbaya keçmək üçün ölkəmizdə ilk təşəbbüs Azərbaycan ziyalıları tərəfindən göstərildi. Azərbaycan hökuməti yeni əlifbanın ərəb əlifbası ilə yanaşı, ədəbi dildə rəsmi işlənməsi haqqında qərar çıxartdı. 1922-ci ildə N.Nərimanovun başçılıq etdiyi xüsusi komitə geniş müzakirələrdən sonra latın qrafikası əsasında yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etdirdi. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası 1924-cü ildən başlayaraq, ərəb əlifbası ilə bərabər, yeni əlifbanın rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret imzaladı. Həmin dekretdə göstərilirdi ki, bütün idarə, təşkilat və müəssisələr yeni əlifba ilə yazılmış hər bir ərizə və sənədləri qəbul etməlidirlər, kargüzarlıq işləri hər iki əlifbada aparıla bilər. Yeni türk əlifbasına keçid Azərbaycan xalqının maariflənməsində, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm hadisə idi. Bu hadisəni milli ziyalılar da müsbət hal kimi qiymətləndirmişlər. Bütün ömrü boyu əlifba, ana dilinin inkişafı uğrunda mübarizə aparan N.Nərimanov hakimiyyətə gələndən sonra da bu işi ardıcıl olaraq davam etdirmişdir. Bütün idarələrdə yazı işinin rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılması barədə sərəncam vermişdir. 1920-ci ilin avqustunda İnqilab Komitəsinin xüsusi dekreti ilə məktəblərdə “Ana dilinin tədris olunması qərara alınmış, kadr çatışmazlığı ilə əlaqədar olaraq, məktəblərdə Azərbaycan dilinin tədrisi işi genişləndirilmişdir. Azərbaycan dilində kadrların hazırlanması üçün xüsusi dərnəklər təşkil edilmişdir. 1921-ci ilin avqustunda İnqilab Komitəsinin qərarı ilə bütün dövlət idarələrində kargüzarlığın Azərbaycan dilində aparılması haqqında qərar qəbul olunmuşdur. 1922-ci ilin yanvar ayında dövlət idarələrində işləyən kadrların seçilməsində Azərbaycan dilini bilənlərə xüsusi qayğı göstərilməsi barədə qərar qəbul etmişdir. Onun verdiyi bu qərar ona münasibəti dəyişdirdi, bu işi həyata keçirmək olduqca çətin idi.

 

Bu dövrdə dərsliklərdə, elmi əsərlərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki, onları başa düşmək üçün xüsusi izah tələb olunurdu. XX əsrin 20-ci illərindən Azərbaycanda elm və mədəniyyətin inkişafı, ibtidaiorta tədris müəssisələrinin yaranması, elmi-tədqiqat müəssisələrinin təşkili elmi terminologiyanın sistemli şəkildə inkişafına təkan verdi. Zamanın tələbinə uyğun bütün elm sahələrinə aid terminlər yaradılmalı, sürətlə inkişaf edən elmin tələblərinə cavab verməli idi. Azərbaycan dilində dövrün tələblərinə uyğun terminologiya inkişaf etdirmək zərurəti yaranmışdır. Bu dövrdə nəşr olunanYeni yol” qəzeti bunu tənqid edir və yazırdı: “...dilimizdə elm və idarə istilahların yüzdə doxsan doqquzu ərəb, farsbaşqa dillərin sözləridir”. “Gələcək” jurnalı “Nə üçün coğrafiyatarix adlarını türkləşdirməmişlər?” adlı məqalədə yazırdı: “...Coğrafiyatarix kitablarımız ərəb tərkibləri ilə doludur. Dəniz tərkiblərinin başında bəhr, dağ tərkiblərinin başında cədəl və ada tərkiblərinin başında cəzirə kəlmələri dayanmışdır”. Ziyalıların bir qismi ədəbi dilin lüğət tərkibi və terminologiyasında işlənən ərəb və fars sözləri və terminlərinin çıxarılmasını tələb edir və bunların əvəzində qondarma terminlər yaradırdılar. Elmi dilin vahidləri olan terminologiyanın inkişafı zəruri idi. Buna görə Azərbaycan dilində terminologiyanın nizama salınması üçün 1922-ci ildə N.Nərimanovun təşəbbüsü ilə terminoloji işə rəhbərlik etmək və bu işi qaydaya salmaq üçün Azərbaycan Xalq Komissiyaları Şurası yanında xüsusi orqan İstilah Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi idi. Bir il sonra Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və S.Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyası həmin dövrdə məktəblərin ehtiyaclarını ödəmək məqsədilə riyaziyyat, kimya, iqtisadiyyata, fizika, coğrafiyaya aid bir sıra terminoloji lüğətlər hazırlayıb nəşr etmişdir. İstilah Komissiyasının hazırladığı lüğətlərdə əvvəlcə rusca terminlər, sonra isə həmin terminlərin o dövrdə Azərbaycan dilində işlənən qarşılığı və müəllif tərəfindən təklif edilən yeni terminlər verilmişdir. N.Nərimanov Azərbaycan dilinin saflığı uğrunda daim çalışmışdır. Lüğətlərin tərtibində bu prinsiplər nəzərə alınmış və ilk terminoloji lüğətlər kimi əhəmiyyətə malik idi. Bu dövrdə N.Nərimanovun təşəbbüsü ilə yaradılan “Azərbaycanı Tədqiq və Tətəbbö” cəmiyyətində hər cildi 10-15 çap vərəqi həcmində olmaqla təxminən 100 çap vərəqi həcmində “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb buraxılması qərara alınmışdır. Bunun nəşrinə o dövrün görkəmli dilçi alimləri cəlb olunmuşdur. 1924-cü ildə, vəfatından bir neçə ay əvvəl Moskvadan Bakıya göndərdiyi “Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub”unda müəllimlərə dilimizin saflığı keşiyində durmağı tövsiyə edərək yazırdı ki, dilimizi lüzumsuz qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb, məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm. N.Nərimanovun Azərbaycan dilinin hüquqları uğrunda apardığı mübarizə ardıcıl və prinsipial səciyyə daşıyırdı. Obyektivsubyektiv amillərin doğurduğu maneələri dəf etmək iqtidarında olmadığı halda belə, mülahizələrini, etirazlarını yazıya almaqla tarixi gerçəkliyi gələcək nəsillərə çatdırmağı lazım bilirdi. N.Nərimanov milli dövlətçilik ideologiyasını inkişaf etdirən, Azərbaycan dilinin saflığını qoruyan, ona qayğı göstərən, onu inkişaf etdirən görkəmli ictimai-siyasi xadimdir.

 

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası

Nazirlər Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.

 

Respublika.- 2020.- 17 iyul.- S.6.