N.NƏRİMANOV
VƏ AZƏRBAYCAN DİLİ
Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun çoxşaxəli fəaliyyəti nəticəsində yeni ədəbi-siyasi, elmi, mədəni irs meydana gəlmiş, bütövlükdə fəaliyyəti xalqın azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr olunmuşdur. Onun elmi, bədii və publisistik irsi milli ideologiyanın əsasında dayanır və milli mübarizənin, dövlətçiliyi düşündürən, narahat edən köklü suallara N.Nərimanovun əsərlərində, mübarizə yolunda tapmaq mümkündür. Özündən sonra zəngin irs qoyan ədibin fəaliyyətinin ana xəttini xalqı oyanışa çağıran haqq səsi idi. XIX əsrin axırı, XX əsrin başlanğıcı Azərbaycan xalqının ictimai fikir tarixində ziddiyyətli, mürəkkəb, həm də çox zəngin inqilabi, siyasi mübarizələr dövrü idi. Belə bir dövrdə fəaliyyətə başlayan N.Nərimanov inqilabi hərəkat və çarizmə qarşı mübarizə aparan həm ictimai-siyasi xadim, həm də ədəbi dilin təkmilləşdirilməsində, bədii, publisist və elmi üslubunun inkişafında, lüğət tərkibinin zənginləşdirilməsində, dil normalarının tətbiqi və tədqiqində görkəmli alim və publisist idi.
Xalqın həyatını, onun keçmişini, gələcəyini ürək yanğısı ilə düşünən sənətkar həm bədii əsərlərində, həm də publisistik məqalələrində Azərbaycan ədəbi dilinin saflığı və təmizliyi uğrunda fəal mübarizə aparmışdır. Ana dili sözünün mənasını açmağa çalışan ədib “Həyat” qəzetinin 15 avqust 1906-cı il tarixli sayında “Nər” imzası ilə çap olunmuş “Bu gün” adlı məqaləsində yazırdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyati - qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-mərdanəsini sənə o dildə bəyan edirdi. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında dil sayəsində bir fikir hasil edilibsə, cism və ruhun olunduğu mütəvadi o dildə tələb eləyibsən...”
Dili xalqın varlığı hesab edən mütəfəkkirin yaradıcılığının an xəttini dil və əlifba problemi təşkil edir. Millətin gələcəyini düşünən, müstəqilliyi, istiqlaliyyəti uğrunda mübarizə aparan görkəmli ictimai-siyasi xadim marifləndirmənin əsasında dil və əlifba probleminin dayanmasını məqalələrində xüsusi qeyd edirdi. Ana dilini anadan gələn bir varlıq hesab edərək yazırdı: “Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətdə, biganələr içinə düşəndə, ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın təhəyyüc edir, beynin, fikrin, xəyalın işləməyə başlayır”. Hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən ana dilinin tədrisinin vəziyyəti, bu dilin zənginliyi, qədim bir tarixə malik olması, lakin aparılan siyasətin düzgün olmaması onu düşündürürdü. Dil, ana dili məsələləri onun bədii və publisistik yazılarının daimi mövzularından olmuşdur. 1906-cı ildə “Həyat” qəzetində yazırdı: “Azərbaycan dili lazımsız dərslərdən hesab olunur və bilmərrə unudulur, axırda Azərbaycan dilinə bir dərəcədə həqarətlə baxılır ki, oranı bitirən müəllimlərimiz Azərbaycan əlifbasını da bilmirdilər”. “Mühüm bir məsələ” adlı bir-birinin ardınca çap etdirdiyi məqalələrində ana dilinin tədrisinin genişlənməsi haqqında yazır və çar hökumətinin siyasətini pisləyirdi. Gimnaziya və realni məktəblərdə proqramlarda ana dilinin tədris olunmaması, yaxud da az saatların verilməsini savadsızlığın mənbəsi hesab edirdi. Gimnaziyada çar hökumətinin ruslaşdırmaq siyasətini tənqid edir, 1892-ci ildən aparılan bu siyasətin getdikcə sürətlənməsini yazırdı. Ana dilinin tədrisi zamanı tədris vəsaitinin yoxluğu onu narahat etmiş, bu vəziyyətin aradan qaldırılması yollarını düşünmüşdür. Bakı gimnaziyasında 1899-cu ildə Azərbaycan dili müəllimi olduğu zaman bir il ərzində üç dərslik yazmışdır. Bu kitablar xalqın marifləndirilməsi üçün faydalı dərsliklər idi. Azərbaycan dili dərslərinin səmərəsini artırmaq məqsədi ilə çətin şəraitdə yazılmış “Türk -Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabı ondan əvvəl yazılmış dərsliklərdən sadəliyi, aydın izahı ilə fərqlənirdi. Əsərin ön sözündə durğu işarələri və onların işlədilməsi qaydaları, Azərbaycan dilinin sintaktik xüsusiyyətlərinə aid daha geniş məlumat verilmişdir. Əlifba islahatının aparılması, onun faydası haqqında “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabının müqəddiməsində yazırdı. Vahid yazı qaydasının olmaması, bir sıra hərflərin bir neçə cür “qaydasız” yazılmasının mənfi nəticələri təhlil edilir, ərəb və fars dillərinin mənfi təsirinə qarşı çıxır, bu əlifbanın yazıda əmələ gətirdiyi mənfi cəhətlər göstərilirdi. Müəllifin fikrincə, bir dilin yazısı nə qədər asan olarsa, dil bir o qədər tez intişar tapar və xalq da bundan fayda qazanar. N.Nərimanov yazırdı: “Türk-Azərbaycan dilini çətin edən, əvvəla bu əlifbada saitlərin (müsəvvətə) az olmasıdır”. Qeyd edirdi ki, saitlər nə qədər çox olsa, sait səsləri nə qədər tez aşkar etsək, yazı da o qədər asan olar. Ərəb yazı sisteminin dilimizin hərflərinə uyğun olmadığını, Azərbaycan yazı sistemini mürəkkəbləşdirmə səbəblərini müəyyənləşdirərək yazırdı: “Ərəb dilində bir səsli hərfin neçə nişan ilə yazılmağına səbəb odur ki, ərəb dilində hər hərfin bir məxrəci var və məxrəcə görə hansı hərf yazılmağı məlum olur və kəlmələrin mənaları dəyişilir, amma o kəlmə bizim dildə qarışıbdır”. Bununla da Azərbaycan dilinin orfoqrafiyasında olan dolaşıqlıqların aradan qaldırılması zərurətindən bəhs edir və aradan qaldırmaq yollarını göstərərək yazırdı ki, ümid edirik ki, əhli-qələm qardaşlarımız yazımızda olan bu müşkülata diqqət edib, yuxarıda zikr olunan nöqsanları bir-bir yazımızdan götürərlər. 1899-cu ildə yazdığı 47 səhifəlik bu kitabda orfoqrafiya, əlifba məsələləri, vahid yazı qaydalarının problemləri haqqında öz fikirlərini faktlarla əsaslandırılmışdır. N.Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur. N.Nərimanov yazırdı: “Mən bu sərf və nəhvi o vaxtlar yazmışam ki, “millətçilər” o vaxt hələ türk (Azərbaycan) dilinin sərf və nəhfi olduğunu bilmirdilər”. Sonralar bu kitab təkcə Azərbaycan məktəblərində deyil, Krım, Türküstan, Dağıstan məktəblərində tədris üçün əsas dərsliklərdən olmuşdur. A. Abdullayev yazırdı ki, N.Nərimanovun bu dərsliyi uzun müddət məktəblərimizdə azərbaycanlı uşaqlara dilimizin qayda və qanunlarını öyrədən faydalı bir dərslik kimi istifadə olunmuşdur. Sonralar dərsliklər yazılarkən bu qrammatika kitabından bir mənbə və metodik vəsait kimi istifadə etmişlər. Eləcə də “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, “Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça” əsərini yazıb nəşr etdirmişdir. Onun əsas məqsədi Azərbaycan dilini ruslara, rus dilini isə azərbaycanlılara öyrətmək idi. Buna görə də qrammatikanın nəzəri məsələləri deyil, praktik cəhətlərinə üstünlük verilmişdir. Dərslik yazılan zaman onun əsas tələblərinin nəzərə alınması haqqında ön sözdə geniş məlumat verən müəllif bu tələbləri nəzərə alaraq dərslik yazmışdır. Belə ki, sadədən mürəkkəbə doğru prinsipi əsas götürülərək nəzəri və praktik məsələlər bir-birini tamamlayır. Azərbaycan dili haqqında yazdığı bu dərsliklər onun metodist kimi doğma dilinə məhəbbətini əks etdirməklə yanaşı, zəngin bir dil olan ana dilinə ziyalıların diqqətini cəlb etmək idi. Tədris üçün yazılan bu kitablar məktəblərdə olan ehtiyacları ödəyirdi.
N.Nərimanov müəllim, pedaqoq, həkim, yazıçı olmaqla bərabər, görkəmli ictimai-siyasi xadim idi. Onun yaradıcılığında ana dili məsələsinə sırf siyasi məsələ kimi yanaşılırdı. Müseyib Məmmədov yazırdı ki, Nəriman Nərimanov ana dili məsələsini milli məsələnin bir hissəsi kimi həll etməyə çalışırdı. Buna görə də Nəriman Nərimanovun mübarizəsi həm də çarizmin milli-müstəmləkə zülmünə qarşı bir mübarizə idi. Siyasi fəaliyyətində də ictimai xadimi ən çox düşündürən məsələ ana dili məsələsi olmuşdur. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə N.Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı, aprelin 28-də isə Müvəqqəti İnqilab Komitəsinin iclasında N.Nərimanovun sədrliyi ilə Xalq Komissarları Şurasının tərkibi təsdiq edildi. Mayın 16-da Bakıya gələn N.Nərimanov yüksək vəzifələrin icrasına başladı. Böyük xalqçı N.Nərimanovun dövlət rəhbəri olması böyük faktor idi. Hakimiyyətin ilk anlarından Cümhuriyyət dövründə olan - dil, əlifba, imla, elmi-tərəqqi ilə bağlı yeni yaranan termin məsələləri yenidən müzakirə olunmağa başlandı. AXC dövründə ziyalılar tərəfindən latın qrafikalı türk əlifbasına keçmək üçün hazırlanan layihələr yenidən müzakirə olunurdu. Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən ərəb əlifbasının yeni əlifba ilə əvəz edilməsi ilə bağlı tədbirlər keçirilirdi. İnqilabi fəaliyyətə başlandığı ilk illərdən N.Nərimanovu düşündürən məsələlərdən biri də çar rejimi tərəfindən “tatar dili” adlandırılaraq, hər vasitə ilə sıxışdırılan Azərbaycan dilinin hüquqlarını qorumaq idi. Çar hökuməti rus dilinin məcburi dövlət dili kimi tətbiqinə dövlətin əsasını təşkil edən hakimiyyət birliyinin bir aləti, əsarət vasitəsi kimi baxırdı. Bu dövrdə dövlət idarələrində Azərbaycan dilinin işlədilməsindən söhbət gedə bilməzdi. 1905-ci il 17 oktyabr manifestindən sonra 1906-cı ildə Rusiya imperiyasının “Əsas dövlət qanunları” yenidən işlənib qəbul edilərkən (ilk dəfə 1832-ci ildə ), inqilabın təsiri ilə mütləqiyyətin burjua islahatlarına meylini nümayiş etdirməli olduğu halda belə, dil məsələsində güzəştə yol verilməmişdi. Qanunda yazılmışdı ki, rus dili ümumdövlət dilidir, orduda və donanmada, bütün dövlət təsisatlarında və ictimai qurumlarda işlədilməsi məcburidir. Qanunun 3-cü maddəsində göstərilirdi ki, “Dövlət təsisatlarında və ictimai qurumlarda yerli dillərin və ləhcələrin işlədilməsi xüsusi qanunlarla müəyyən edilir”. Bir ziyalı kimi təhsil aldığı dövrdə də bu proseslərə öz məqalələrində etirazını bildirən görkəmli ictimai xadim ilk gündən Cümhuriyyətin işlərini davam etdirməyə başladı. N.Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırmışdır. Şovinistlər ancaq Azərbaycan dilini sıxışdırmaqla kifayətlənmirdilər, onların irəli sürdükləri mülahizələr arasında belə bir fikir də var idi ki, sovetlərin Azərbaycana gəlməyi “rus torpaqlarının toplanması” ideyasının reallaşmasıdır. N.Nərimanov bunlara da cavab verərək deyirdi: “Bu, rus torpaqlarının toplanması deyil, sadəcə müxtəlif millətlərə mənsub fəhlələrin toplanmasıdır”. 1921-ci il may ayının 6-19-da keçirilmiş Ümumazərbaycan Şuralar Qurultayının birinci çağırışında (sonrakı illərin redaksiyasında: I Ümumazərbaycan Sovetlər Qurultayı) Xalq maarif komissarı D.Bünyadzadənin məruzəsi üzrə qəbul edilmiş qətnamə ilə ali təhsil sistemində dil məsələsi tənzimlənirdi. Həmin illərdə Azərbaycanın ali məktəblərində təhsil tamamilə rus dilində aparılırdı. Qurultayın qətnaməsi ilə ali təhsil sistemində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisi tətbiq edilməli idi. Qətnamənin 2-ci maddəsində qeyd olunurdu ki, Azərbaycanın dövlət mədəniyyətini yüksəltmək üçün türk dili və mədəniyyətinin öyrənilməsini lazımi səviyyədə təşkil etməkdən ötrü Azərbaycan Dövlət Universitetinin və Politexnik İnstitutunun bütün fakültələrində türk dilinin tədrisi məcburi elan edilsin. Nəzərdə tutulurdu ki, Azərbaycanın ali təhsil müəssisələrini bitirən şəxslər yalnız Xalq Maarif Komissarlığının müəyyən etdiyi həcmdə türk dilini bilmələrini təsdiq edən xüsusi yoxlamadan keçəndən sonra ali təhsil haqqında vəsiqə ala bilərlər. Ali təhsil müəssisələrinin bütün elmi işçilərinə və ordinatorlarına bir vəzifə olaraq tapşırılırdı ki, öz ixtisas məsələlərini öyrənməklə yanaşı, türk dilini də proqram əsasında və müvafiq ali təhsil müəssisəsi şurasının nəzarəti altında öyrənsinlər. Azərbaycanın ali təhsil müəssisələrində ana dilində təhsilə başlanana qədər həmin qətnamənin böyük əhəmiyyəti olmuşdur. Azərbaycan Sovet hökumətinin qarşısında əsrlərlə həllini tapmamış ən mürəkkəb məsələ - dövlət idarələrində Azərbaycan dilini tətbiq etmək məsələsi dururdu. Bu məsələlərin həlli istiqamətində mühüm işlər aparılırdı. 1921-ci il fevralın 8-də Azərbaycan İnqilab Komitəsi sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında belə bir əmr verdi: “Azərbaycanda Sovet hakimiyyətinin bərpası ilə əlaqədar həm mərkəzdə, həm də yerlərdə bütün idarə və müəssisələrdə kargüzarlığın rus dilində aparılması, respublikada inzibati-təsərrüfat quruculuğunun təşkili sahəsində Sovet hakimiyyətinin bütün tədbirlərinin həyata keçirilməsi işinə əngəl törətdiyinə və əsasən yalnız türk dilini bilən və anlayan geniş zəhmətkeş təbəqələrinin bu idarələrin işində bilavasitə və fəal iştiraka cəlb olunmasına imkan vermədiyinə və bununla da onları əslində bu işdən kənarlaşdırdığına görə bu əmrlə bütün idarə və müəssisələrə təklif olunur ki, bu əmrin dərc olunduğu gündən etibarən üç ay ərzində həm mərkəzi idarələrdə, həm də yerlərdə onların tabeliklərində olan idarə və müəssisələrdə bütün kargüzarlığın paralel olaraq türk dilində aparılmasını tətbiq etsinlər”. Əmri N.Nərimanovla yanaşı, həmin komissarlığın başçısı B.Bünyadzadə də imzalamışdı. 1921-ci il aprelin 27-də Azərbaycan ziyalılarının yığıncağında N.Nərimanov, qəzet hesabatında yazıldığına görə, məruzəsinin ikinci hissəsində Azərbaycan idarələrində işlərin türk dilində aparılacağından” bəhs etmişdi.
(davamı növbəti saylarımızda)
Sayalı SADIQOVA,
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Terminologiya
Komissiyasının sədr müavini,
professor.
Respublika.- 2020.- 15 iyul.- S.6.