Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində tarixi rolu

 

Tarixdə, sadəcə yaşadığı dövrə deyil, onilliklər sonraya da möhürünü vurmuş, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Böyük siyasət və dövlət adamı, ulu öndər Heydər Əliyevin adı, imzası yarım əsrdir ki, tariximizdə bu cür müstəsna yerə sahibdir. Ümummilli lider Heydər Əliyevin 51 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlaması respublikamız və xalqımız üçün tarixi bir şans idi və ötən zamanın gərdişi, yaşanan hadisələr, tarixi sınaq anları bunu dəfələrlə təsdiq edib.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi.

Sovet siyasi sisteminin qaydalarına əsasən, müttəfiq respublikalara kimin rəhbərlik edəcəyini mərkəzi hakimiyyət, onun birinci şəxsləri müəyyənləşdirirdi. Ona görə də onun respublikaya rəhbər seçilməsi üçün namizədliyini irəli sürmüşdü. Sovet dövlətinin təhlükəsizliyini təmin edən orqanda bütün vəzifə pillələrini keçmiş, əslində, xidməti fəaliyyəti daha çox məxfi xarakter daşıdığı üçün xalq arasında o qədər də yaxından tanınmayan Heydər Əliyevin respublika rəhbərliyinə irəli çəkilməsinə qərar verilmişdi.

Bəli, həmin vaxt xalq onu yetərincə tanımırdı, amma o, tarixinə dərindən bələd olduğu əziz millətinin arzu, istək və ümidlərini yaxşı duyur, bunları gerçəkləşdirməyin yolları haqqında düşünürdü. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində çox gənc yaşlarından işləməyə başlamışdı, özünün fitri istedadı və iti zəkası, yenilməz əzmkarlığı və dürüstlüyü, səmərəli fəaliyyəti ilə hər zaman önə çıxmağı, liderlik xüsusiyyətlərini göstərməyi bacarmışdı. Ona qədər Sovet Azərbaycanına rəhbərlik etmiş şəxslərin heç biri öz xalqının istək və arzularını reallaşdırmağı, milli inkişaf strategiyasını müəyyənləşdirməyi bacarmamışdı. Nəticədə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətlərindən sayılmış, iqtisadiyyatı, əsasən, təbii sərvətlərdən xammal yönümlü istifadəyə əsaslanmış, əhalisinin yaşayış səviyyəsi digər müttəfiq respublikalarla müqayisədə aşağı olmuşdur. Mərkəzi hakimiyyət Azərbaycanda idarəçiliyi möhkəmləndirmək, uzun illər boyu yığılıb qalmış sosial-iqtisadi problemləri aradan qaldırmaq, respublikanın mövcud potensialından səmərəli istifadəni təmin etmək üçün qətiyyətli və enerjili, təşəbbüskar və işgüzar bir rəhbər seçməli idi. Nadir fitri istedadı, dərin zəkası, saf mənəviyyatı, misilsiz təşkilatçılıq qabiliyyəti ilə dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşdan komitə sədrliyinə və general rütbəsinə qədər yüksəlmiş Heydər Əliyev ölkənin siyasi hakimiyyətindəki islahatçıların seçimi idi. Bu həm də zəngin dövlətçilik ənənələri olan xalqımıza və gələcək nəsillərimizə tarixin və Tanrının bəxşişi idi.

Ulu öndərin xalqımız qarşısındakı tarixi xidmətlərini möhtərəm Prezident İlham Əliyev belə dəyərləndirmişdir: “Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə — 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.

1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlər milli dövlətçilik ideyalarının cəmiyyətdə hərəkətverici qüvvəyə çevrilməsi üçün möhkəm təməl oldu. Həmin dövrdə ulu öndər özünəməxsus müdriklik və uzaqgörənliklə Azərbaycanın nə vaxtsa gerçəkləşəçək istiqlalına sanballı töhfələr hazırlayırdı. İqtisadiyyatın bütün sferalarında, ələlxüsus, sənayedə və kənd təsərrüfatında əldə olunan uğurlar, xalqın mədəni-intellektual səviyyəsinin sürətlə artması, milli kadr potensialının yaradılması, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin formalaşdırılması və digər saysız-hesabsız nailiyyətlər gələcək müstəqillik üçün möhkəm zəminə çevrilirdi. Azərbaycanın bütün sahələrdə inkişafın yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, intibah dövrü yaşaması Heydər Əliyev idarəçiliyinin ən başlıca xüsusiyyəti olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasını siyasi müstəqilliyin təməl prinsipi kimi aydın şəkildə görən ulu öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq tabeliyindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə mühüm əhəmiyyət verirdi.

Təhsili millətin gələcəyi adlandıran Heydər Əliyev gənc nəslin ən yeni biliklərə yiyələnməsi, fundamental elmlərlə məşğul olması üçün hər cür şərait yaradırdı. Onun təşəbbüsü ilə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması imkanları genişləndirilmiş, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayı artırılmışdı. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən tələbələrin sayı təxminən 60 nəfər olmuşdusa, 1975-ci ildə onların sayı 600, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Bu, çox böyük göstərici idikeçmiş müttəfiq respublikaların heç də hamısı belə imtiyaza sahib ola bilmirdi. Müstəqil dövlətimizə rəhbərlik edərkən ulu öndər həmin dövrdə respublikadan kənarda təhsil almış mütəxəssislərlə keçirdiyi görüşdə demişdir: “Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqbu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Ötən əsrin 70-ci illərində ulu öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da respublikamızın həyatında olduqca mühüm hadisə idi. Bu təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynamış, məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında mühüm rol oynamış, torpaqlarımızın müdafiəsi uğrunda mübarizədə qəhrəmanlıqlar göstərmişlər və bu gün də Silahlı Qüvvələrimizin özəyini təşkil edirlər.

Xalqımızın milli sərvəti olan neftqaz ehtiyatlarından respublika iqtisadiyyatının inkişafı üçün məqsədyönlülüklə istifadə edilməsi istiqamətində həmin dövrdə həyata keçirilən tədbirlər də ulu öndərin cəsarətini və uzaqgörənliyini bir daha təsdiqləyir.1970-ci illərdə neft sənayesinin dinamik inkişafı, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsi xalqımızın rifahına xidmət etmişdir. Məhz Heydər Əliyev Azərbaycanda neftayırma sənayesinin yenidən qurulmasının təşəbbüsçüsü və müəllifi olmuş, bu sənaye sahəsinə aid müəssisələrin, iri komplekslərin tikilməsi ilə bugünkü yeni neft strategiyasının mühüm istiqamətləri müəyyənləşdirilmişdir.

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə baş vermiş köklü dəyişikliklər respublikamızın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Keçmiş ittifaq dövlətinin rəhbərliyində işlədiyi 1982-1987-ci illərdə isə ulu öndər nəinki Azərbaycanın və azərbaycanlıların, həm də bu dövlətin ərazisində yaşayan bütün türksoylu xalqların cəfakeş müdafiəçisi olmuş, eyni zamanda öz qətiyyətli siyasi mövqeyi, humanizmi, qanunpərvərliyi və ədalətliliyi ilə çoxmillətli ölkənin hər bir vicdanlı vətəndaşının hörmət və ehtiramını qazana bilmişdi. Onun idarəçilik istedadı, tükənməz enerjisimisilsiz işgüzarlığı sayəsində ittifaq dövlətinin bir sıra irimiqyaslı layihələri, o cümlədən Baykal-Amur dəmir yolu magistralının inşası uğurla həyata keçirilmişdir. Heydər Əliyev fenomeninin ümumittifaq miqyasında etiraf olunması bir həqiqət idibu faktın özü imperiyapərəst qüvvələri və xalqımızın düşmənlərini ciddi narahat edirdi.

Onu yaxşı xatırlayırıq ki, sovet hakimiyyətinin çökməsi ərəfəsində imperiyapərəst qüvvələr xalqımıza qarşı qanlı 20 Yanvar cinayətini törədəndə Heydər Əliyev doğma millətinin həqiqi lideri kimi öz mətinliyini, mübarizliyini bütün dünyaya göstərdi. Hər zaman xalqının yanında olan ulu öndərin bu hadisələrlə əlaqədar kəskin bəyanat verərək, Kommunist Partiyası sıralarından çıxması Azərbaycan tarixində dönüş anı oldu. Qətiyyətlə demək olar ki, məhz həmin vaxt Heydər Əliyev mənəvi-siyasi böhran keçirən sovet dövlətinin tezliklə dağılacağını görürböyük öndəri olacağı Azərbaycanın istiqlalı üçün mübarizəyə başlayırdı. Az sonra Vətənə qayıdan, Bakıda təqiblərə məruz qalıb doğma Naxçıvana üz tutan, xalqın arzusu, istəyi ilə burada siyasi fəaliyyətini bərpa edən ulu öndərin respublika parlamentindəki müdrik çıxışları, Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində qəbul etdiyi qərarlar və üçrəngli bayrağımıza yeni həyat verməsi Azərbaycanın suverenliyi yolunda atılan ilk addımlar kimi tarixin yaddaşında həmişəlik yaşayacaq.

Tarixi yaddaşın daha bir şərəfli səhifəsi isə Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində üzərinə böyük məsuliyyət qoyduğu avanqard siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Bir qrup vətənpərvər ziyalı və ictimai fəal ilə birlikdə 1992-ci ilin noyabrında Naxçıvanda əsasını qoyduğu bu siyasi təşkilatı Heydər Əliyev əsl xalq partiyasına çevirə bildi ki, ölkəmizdəki monolitləşmiş xalq-iqtidar birliyinin təməlində bu amil özünəməxsus yer tutur.

Ulu öndər 1993-cü ilin 15 iyununda Qurtuluş hərəkatını xalqın dəstəyi və öz siyasi həmfikirləri ilə birlikdə zəfərə çatdıraraq, ölkəni xaosdan tərəqqiyə aparan yolun əsasını qoydu. “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram” deyən Heydər Əliyev öz titanik fəaliyyətini doğma millətinin tərəqqisinə yönəltdi. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin sükanını öz qüdrətli əllərinə alan Heydər Əliyev Azərbaycanın suverenliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlikiqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirdi, respublikamızı hərtərəfli tərəqqi yoluna çıxardı. Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar müasir Azərbaycanın həqiqətləridir.

Bu gün təməli ulu öndər tərəfindən qoyulmuş xalq-iqtidar birliyi azad, müstəqil, demokratik Azərbaycanın davamlı inkişafını şərtləndirir. Heydər Əliyevin siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuza malik Prezident İlham Əliyev onun müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirir, özünəməxsus möhkəm iradə və qətiyyətli mövqeyi, məhsuldar fəaliyyəti ilə Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübuta yetirir. Möhtərəm Prezidentin düşünülmüş, uzaqgörən daxilixarici siyasəti, xalqa olan səmimi məhəbbəti və doğma vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə hədsiz qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Heydər Əliyev ideyaları milli inkişafımızı müəyyənləşdirdiyi kimi, həm də bəşəri mahiyyət daşıyır. Bu iki amil Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 16 ildən çoxdur ki, səmərəli və parlaq fəaliyyət göstərən Heydər Əliyev Fondunun layihələrində öz əksini tapır. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində və digər sahələrdə gördüyü çox böyük işlərlə fond ulu öndərin ideyalarını yaşadır. Xalqımızın mənəvi irsinin qorunmasında və təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılmasında və digər istiqamətlərdə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bütün təşəbbüslərinin də təməlində ulu öndərin arzu və ideyaları dayanır.

Bu gün Azərbaycanda Heydər Əliyev erası davam edirdaim davam edəcəkdir. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu öndərin “Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam” sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur.

 

 

 

Sabir ƏLİYEV,

“Murphy Shipping and Commersial Servis Azərbaycanşirkətinin

Baş direktoru.

Yeni Azərbaycan Partiyasının üzvü,

Qarabağ müharibəsi veteranı.

 

Respublika.- 2020.- 12 iyul.- S.3.