Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin qurucusudur
Azərbaycan xalqı zaman-zaman bir-birindən çətin və ağır sınaqlardan çıxmış, tarixin sərt dönüşlərində ona yol göstərən, millətin varlığını qoruyub saxlayan, liderlik və xilaskarlıq missiyasını üzərinə götürən, bu missiyanı ömrünün sonunadək şərəflə doğruldan görkəmli şəxsiyyətlərin fədakarlığı, onların Vətənə, xalqa sonsuz məhəbbəti sayəsində varlığını qorumuş, öz müstəqilliyini bərpa edə və möhkəmləndirə bilmişdir. Böyük şəxsiyyətlərin fəaliyyətinin ən düzgün qiymətləndirilməsində tarixi gerçəkliklərin müqayisəsi obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.
Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük inkişafın başlandığı göz önündə idi. Ötən əsrin 60-cı illərinin sonunda SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meyilləri müşahidə olunmaqda idi. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başladı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.
Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır və bu, ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Dahi öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası naminə göstərdiyi səyləri də xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində İttifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar vermişdi. Lakin şəxsi nüfuzundan istifadə edən ulu öndər Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandırdı. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi dahi şəxsiyyətin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətinin məntiqi nəticəsi idi.
Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artdı. Ölkənin sosial sahələri inkişaf etdirilir, əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində geniş layihələr həyata keçirilirdi. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib insanların istifadəsinə verildi. Respublika paytaxtı və digər şəhər və rayon mərkəzlərində müasir şəhərsalma normalarına uyğun yeni parklar, küçə və meydanlar salınır, milli memarlıq xüsusiyyətlərini özündə əks etdirən elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və kurort kompleksləri yaradılırdı. Dövlət idarələri üçün yeni və müasir tələblərə cavab verən yaraşıqlı inzibati binalar tikilirdi.
Ümummilli lider Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən? Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.
Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra respublikada milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm tədbirlər həyata keçirilmiş, Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl, inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək sovet hökumətinin respublikamızın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan SSRİ-də qabaqcıl mövqelərə çıxdı.
Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin hökmranlığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılmasına nail oldu, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşini vətənə qaytardı. Məhz bu dövrdə ilk dəfə olaraq Azərbaycanın görkəmli sənət adamlarının böyük bir qrupuna - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.
Bu dövrdə dahi rəhbər milli dilin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxil olmaqla, ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” müddəası təsbit edildi. Ulu öndər Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: “...Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
51 il bundan qabaq - 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlandı. Elə bir dövrü ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır.
Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanmışdır.
Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərinə moratoriumun qoyulması, 1998-ci ildə isə bu hökmün birdəfəlik ləğv olunması, insan hüquqları üzrə müvəkkil institutunun (ombudstan) yaradılması, bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Heydər Əliyev öz siyasətçi qüdrəti, xarizmatik liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, diplomatik məharəti ilə çoxdan Azərbaycan hüdudlarını adlamış, böyük siyasətə gəldiyi gündən dünya miqyasını əhatə etmişdi. Ümummilli liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün ömrü elə Azərbaycan üçün yaşanmışdı - bu xariqüladə şəxsiyyət bütün həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. Ulu öndər hər zaman həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanılmasında görürdü. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
Bu gün Azərbaycan ulu öndərin möhkəm təməllər üzərində bərqərar olan, xalqımızın və dövlətimizin etibarlı gələcəyini təmin edən vahid siyasi xətt üzərində inkişaf etməkdədir. Prezident İlham Əliyev ümummilli liderin müdrik siyasətini, layiqincə davam etdirir. Həm dövlət başçısı, həm də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ulu öndərin ideyalarının həqiqi təminatçılarıdır. Heydər Əliyev yolunun bu sadiq davamçıları Azərbaycanın inkişafı naminə böyük fədakarlıq göstərirlər. Xalqımız ulu öndərin ölçüyəgəlməz Azərbaycan sevgisinin möhtəşəm bəhrələrini bundan sonra da hər zaman görəcəkdir.
Vüqar
MİKAYILOV,
“Az-Granata” MMC-nin
İdarə Heyətinin sədri.
Respublika.- 2020.- 11 iyul.- S.4.