Aşıq Ələsgərin 200 illik yubileyi qarşısında

 

Zəngin sənət xəzinəsi

 

 

 

Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız göyçəli Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Bu doğmalığın səbəbi ondan ibarətdir ki, Dədə Ələsgər XIX əsrin müdrik ozanı, korifey sənətkarı kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmişdir.

 

Saz, söz sərrafı, aşıq poeziyasının, ədəbiyyatımızın ən uca zirvəsində dayanan Aşıq Ələsgər 1821-ci ilin baharında Göyçə Mahalının Ağkilsə kəndində dünyaya göz açmış, kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir.

 

Tanınmış bəstəkar Hacı Xanməmmədovun bir sıra mahnılarını yada salmaq yerinə düşərdi. “Sarıköynək”, “Güləndam”, “Güllü”, “Xoş gəldin”, “Telli”, “Salatın”, “Dağlar” və sair qoşma və gəraylılarına yazılan mahnılar könlü xalq musiqisinə məlhəm insanların zümzüməsindən əskik olmur.

 

Aşıq Ələsgər el şənliklərini, el məclislərini aparan, ustadlarının deyişmə məclislərinin başında görünən aşıqlardan olub. Onun şeirlərini oxuduqca hiss edirsən ki, sərraf şair yurdunun, Göyçə gölünün, el-obasının vurğunu olub. Dədə Ələsgərin şeirlərinin hər birində bir rəssam, musiqi duyumu, memar zərifliyi, söz sərrafı qüdrəti görünür.

 

Aşıq Ələsgərin Göyçə gözəli Həcər xanıma xitabən dediyi:

 

Həcər xanım, qaşın, gözün təhrində

 

Xətt yazsam, Quranda ayə düşərmi? - misralındakı bənzətmə nə qədər gözəl, nə qədər dərin fəlsəfi hisslərdən yoğrulub. Bu sətirlərdə həm gözəlin gözəlliyini söz nizamına düzmək məqamı var, həm də ustadın ərəb əlifbasını yaza bilmək qabiliyyəti görünür.

 

Aşıq Alının yanında şəyirdlik edən Dədə Ələsgər sənətinin sirləri ilə bərabər, ondan ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı toy məclislərinin birində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə qəsdən ona məğlub olaraq sazını qalib tərəfə-Ələsgərə təqdim etmək istəmişdir. Ələsgər isə böyük təvazükarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə etmişdir:

 

Bir şəyird ki, ustadına kəm baxa,

 

Onun gözlərinə qan damar-damar.

 

Şəyidlik dövrünü başa vurduqdan sonra Aşıq Ələsgər Göyçə ilə yanaşı, İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Gəncədə məşhurlaşmış, Göyçə aşıq məktəbinə rəhbərlik etmişdir.

 

1918-1919-cu illərdə erməni daşnaklarının türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz ata-baba yurdunu tərk edib, Azərbaycanın müxtəlif rayonlarına köçməyə məcbur olmuşlar. İki ilə qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay orada qalmış, Murov, Xaqbula üçün darıxmış, yurd həsrəti ilə yenidən aşıqlar yurdu loğman təbiətli Göyçə mahalına qayıtmış. Dədə Ələsgər tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

 

Səksəni, doxsanı keçibdir yaşım,

 

Əzrail həmdəmim məzar yoldaşım

 

Gor deyə tərpənir bəlalı başım

 

Daha köç təbilin çal, qoca baxtım.

 

Aşıq Ələsgər yaradıcılığının bir qolunu da onun təbiət gözəlliklərinə vurğunluğu, təbiət aşiqi olması, təbiət tərənnümünün hissləri təşkil edir. Xüsusən dağlara söz qoşması bir ayrı aləmdir. Ustad sənətindən qaynayan çeşmədir.

 

Aşıq Ələsgər öz elini Göyçə gölünün nəğməli sahillərini, başı buludlardan nəm çəkənÇalmalıdağının romantik mənzələrini, bütövlükdəQafqaz elininecə dolandığını ustalıqla, poetik ilhamla qələmə almışdır.

 

Ölkəmizdə Aşıq Ələsgər irsinin öyrənilməsinə həmişə diqqət yetirilir.

 

1972-ci ildə Dədə Ələsgərin anadan olmasının 150 illiyi, 1998-ci ildə isə 175 illiyi Azərbaycanın hər yerində qeyd olunmuşdur.

 

Vaxtı ilə Ulu Göyçənin Ağkilsə kəndində Dədə Ələsgərin büstü qoyulmuş, dövlət səviyyəsində keçirilən bu geniş tədbirdə Azərbaycan nümayəndələri, görkəmli incəsənət ustaları, el aşıqları iştirak etmişlər. Təəssüflər olsun ki, Aşıq Ələsgərin dünyaya göz açdığı Ağkilsə kəndi bu gün nankor ermənilərin tapdağı altındadır...

 

Ölkəmizdə Aşıq Ələsgər irsinin öyrənilməsinə həmişə diqqət yetirilir. 2011-ci ildə Dədə Ələsgərin anadan olmasının 190 illiyi təntənə ilə qeyd olundu.

 

Paytaxtda min bir könüldən aşıq poeziyasına üstünlük verən, Göyçə mahalının yetirməsi, xeyriyyəçi kimi məşhurlaşmış, tədqiqatçı Akif Nəbiyevin təşəbbüsü ilə Dərnəgül Əyləncə Mərkəzində, geniş bir məkanda Dədə Ələsgərə həsr olunmuş yubiley tədbiri keçirildi. Mərasimdə bəlkə minə yaxın saz-söz həvəskarı, Ukrayna, Rusiya Federasiyası, İran başqa ölkələrdə yaşayan həmvətənlərimiz, müxtəlif bölgələrdən gəlmiş el aşıqları iştirak edirdi. Belə bir əzəmətli tədbir Heydər Əliyev sarayında da keçirildi.

 

İlhamla hazırlanmış Ulu Göyçənin xəritəsi, Aşıq Ələsgərin zövqlə hazırlanmış portreti insanlarda xoş ovqat yaradırdı.

 

İllər ötüb keçəcək, xalqımız el sənətkarı, söz sərrafı Aşıq Ələsgərlə bağlı silsilə tədbirlər keçirən, sidq ürəklə aşıq poeziyasına bağlanan adamı Akif Nəbiyevin xidmətlərini heç vaxt unutmayacaqdır. Bir sözlə, o, öz xeyirxah əməlləri ilə aşıqsevərlərin sevimlisinə çevrilmiş, özünə şan-şərəf heykəli ucaltmışdır.

 

Qarşıdan Göyçə aşıq mühitinin formalaşmasında özünəməxsus dəst-xətti olan, saz-söz dünyasının zirvəsinə ucalan göyçəli Dədə Ələsgərin 200 illik yubileyi gəlir. Göyçə aşıq məktəbinin banisi olan Aşıq Ələsgərlə bağlı tədqiqatçı Akif Nəbiyevlə görüşüb söhbət etdik. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

 

Xalqımız Ələsgər kimi qüdrətli, ozan sənətinin inkişafında böyük xidmətləri olan, adı dillərdə gəzən el sənətkarının 200 illik yubileyinə hazırlaşır. Dədə Ələsgər aşıq poeziyasının, saz ifaçılarımızın zənginləşməsinə böyük təkan vermiş, öz yüksək sənətkarlığı ilə aşıq sənətinin şöhrətini göylərə qaldırmışdır. Onun dilə gətirdiyi telli sazın simlərindən nələr süzülüb gəlmirdi?

 

Sidq ürəklə Ələsgər poeziyasına bağl

 

anan Akif Nəbiyev vurğuladı ki, onun təşəbbüsü ilə son illərdə Xaçmaz rayonunda Dədə Ələsgərlə bağlı tədbirlər keçirilir. Aşıq Ələsgərin Xaçmaz Qazaxda büstləri qoyulmuşdur.

 

Dədə Ələsgərin 200 illik yubileyi yaxınlaşır. Ölkəmizdə saz, söz sərrafı Aşıq Ələsgərin yubileyi geniş şəkildə qeyd olunacaq. Yəqin ki, el sənətkarının adının əbədiləşməsi üçün lazımi işlər görüləcək, Ələsgərin əzəmətli abidəsi ucaldılacaq, adına küçələr veriləcəkdir.

 

Çoxəsrlik aşıq poeziyasını əlçatmaz, əzəmətli bir dağa bənzətsək, bu dağın zirvəsində sənət qartalı olan, XIX əsrin müdrik ozanı Dədə Ələsgər dayanır. Aşıq Ələsgər şifahi xalq ədəbiyyatına, aşıq poeziyasına dərindən bələd olan, şeirin-sənətin qiymətini bilən el sənətkarı kimi məşhurlaşmışdır.

 

 

 

Qədir ASLAN,

 

Əməkdar jurnalist.

 

Respublika.- 2020.- 11 iyul.- S.6.