ŞƏRƏFLİ ALİM ÖMRÜ
Bu il Azərbaycan və keçmiş SSRİ məkanında fiziologiya elminin görkəmli nümayəndələrindən biri, ictimai xadim, akademik Abdulla Qarayevin anadan olmasının 110 ili tamam olur. O, Azərbaycanda eksperimental fiziologiya istiqamətinin əsasını qoymuş və aparıcı təşkilatçılarından biri olmuşdur.
Abdulla İsmayıl oğlu Qarayev 1910-cu il yanvar ayının 14-də Bakıda qulluqçu ailəsində anadan olmuşdur. O, 1920-ci ildə 10 nömrəli Sovet məktəbinə, oranı bitirdikdən sonra isə Bakı Xalq Maarif Şöbəsinin Pedaqoji Texnikumuna daxil olmuş, 1927-ci ildə texnikumu bitirərək, orta məktəb müəllimi diplomu almışdır.
A.İ.Qarayev 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin Pedaqoji fakültəsinin təbiət bölməsini bitirərək İnsan və heyvan fiziologiyası kafedrasında laborant vəzifəsində saxlanılır. 1932-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur və 1936-cı ildə oranı müvəffəqiyyətlə bitirir.
A.İ.Qarayev hələ tələbə ikən SSRİ-nin fiziologiya sahəsində qabaqcıl tədqiqat mərkəzlərinə ezamiyyətə göndərilir. O, 1932-ci ildə Leninqradda məşhur rus fizioloqu İ.P.Pavlovun laboratoriyasında olur və onunla şəxsən görüşür. Qısa müddətdə laboratoriyanın işləri ilə ətraflı tanış olan Abdulla Qarayev burada yeni tədqiqat metodlarını mənimsəyir və hətta fiziologiyanın aktual məsələləri üzrə bir sıra təcrübələr qoyur, araşdırmalar aparır.
1935-ci ildə gənc Abdulla Qarayev XV Beynəlxalq Fizioloqlar Konqresinə nümayəndə kimi dəvət olunur və məruzə ilə çıxış edir. Bu zaman o, 2-ci dəfə İ.P.Pavlovun laboratoriyasında olur və dövrün görkəmli fizioloqları ilə tanış olur.
1940-ci ildə 30 yaşlı A.İ.Qarayev “Bioelektrik hadisələrin nəzəriyyəsinə dair” doktorluq dissertasiyası müdafiə edir. Beləliklə, 4 ildə 3 dissertasiya müdafiə edən A.İ.Qarayev doktorluq dissertasiyasında əldə olunan nəticələr əsasında canlı orqanizmlərdə bioelektrik potensialların mənşəyinə dair öz nəzəriyyəsini təqdim edir. O, göstərir ki, V.Bernşteynin irəli sürdüyü fiziki-kimyəvi nəzəriyyə bu prosesləri tam izah etmir və dəqiq eksperimentlərlə təsdiq edir ki, əzələ və sinir toxumasının bioelektrik potensiallarının fəaliyyəti maddələr mübadiləsi və xüsusilə sulu karbonlar mübadiləsinin vəziyyətindən asılıdır. A.İ.Qarayevin bu nəzəriyyəsinin əsas müddəaları 1937-ci ildə Leninqrad şəhərində keçirilən XV Beynəlxalq Fizioloqlar Konqresində geniş alimlər auditoriyasının diqqətinə çatdırılmışdır.
A.İ.Qarayev 1937-1938-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda Təbiət fakültəsinin dekanı vəzifəsində çalışır.
1938-ci ildə Abdulla Qarayevin təşəbbüsü ilə nəzəri fiziologiyanın vacib nəticələrinin tibbdə tətbiqi üçün S.M.Kirov adına Elmi-Tədqiqat Kurortologiya İnstitutunda ilk dəfə olaraq eksperimental fiziologiya laboratoriyası yaradılır və həmin laboratoriyanın rəhbərliyi A.İ.Qarayevə həvalə olunur. Elə həmin ildə dünyada yeganə müalicə nefti olan Naftalanın orqanizmin müxtəlif fizioloji funksiyalarına təsiri mexanizmlərinin öyrənilməsinə başlanılır. Bu laboratoriyada aparılan intensiv işlər nəticəsində 1939-1941-ci illərdə Sovet İttifaqının aparıcı elmi jurnallarında A.İ.Qarayevin Naftalan neftinin müalicəvi təsir mexanizmlərinə həsr olunmuş nəzəri və praktiki əhəmiyyətli məqalələri çap olunur.
1950-1952-ci illərdə A.İ.Qarayev Naftalan neftinin ayrı-ayrı fraksiyalarının orqanizmin müxtəlif funksiyalarına və boy artımına təsiri sahəsində maraqlı tədqiqatlar aparır. Nəticələr sonradan kənd təsərrüfatı mütəxəssisləri tərəfindən inkişaf etdirilərək neft mənşəli boy maddəsinin alınması və onun bitkilərin məhsuldarlığına təsiri üzrə tədqiqatların həyata keçirilməsinə təkan verdi.
A.İ.Qarayev 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının rəhbəri və Azərbaycan Tibb İnstitutunda Normal fiziologiya kafedrasının professoru vəzifəsini tutmuşdur. 1941-1942-ci illərdə A.İ.Qarayev Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı və 1942-1944-cü illərdə elmi hissə üzrə prorektoru, 1944-cü ildən 1950-ci ilin oktyabr ayına qədər isə rektoru vəzifələrində çalışmışdır.
1943-cü ildə A.İ.Qarayevə Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı verilmişdir. 1949-cu ildə, 39 yaşında ikən tanınmış alim Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1952-1956-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır.
Qeyd etmək lazımdır ki, akademik A.İ.Qarayevin elmi işləri, xüsusilə də müharibə illərinə təsadüf edən tədqiqatlar orqanizmin immunobioloji və müdafiə-uyğunlaşma fəaliyyətinin tənzimlənməsinə həsr olunmuşdur. Bu tədqiqatların əsas səciyyəsi hüceyrələrin normal müdafiə funksiyalarının həyata keçməsində mərkəzi sinir sisteminin iştirakının mexanizmlərinin araşdırılması ilə bağlı olmuşdur və 1960-cı ildə Abdulla Qarayevin “Faqositozun fiziologiyası” monoqrafiyasında hərtərəfli şərh edilmişdir.
A.İ.Qarayev çox uzaqgörən bir alim idi. 1950-ci ildə İ.V.Stalinin göstərişi ilə keçirilən “Fiziologiya elmində vəziyyət” mövzusunda Ümumittifaq sessiyasında bir sıra alimlərin öz tədqiqatlarında orqanizmdə fizioloji proseslərin gedişində sinir sisteminin rolunu inkar etmələri müzakirə olunur və bu metafizik fikirli alimlər ciddi tənqid edilirlər. Burada Abdulla Qarayevin tutduğu mövqe fiziologiya elmində yaranmış çaşqınlığın aradan qaldırılmasına yardımçı olur. Akademik A.İ.Qarayev öz müdrikliyi ilə Azərbaycan fizioloqlarının əsas fəaliyyətini orqanizmin daxili üzvlərindəki analizatorların maddələr mübadiləsinin tənzimlənməsində rolu istiqamətində tədqiqatlara yönəldir. Bu tədqiqatlar fiziologiya elmində yeni bir sahə açır ki, bu da böyük fizioloq alimin 1957-ci ildə çap etdirdiyi “İnteroreseptorlar və maddələr mübadiləsi” adlı monoqrafiyasında öz əksini tapmışdır. Abdulla Qarayevin baş beyin qabığı ilə daxili orqanlar arasında qarşılıqlı əlaqələr haqqında təsəvvürləri Pavlovun ali sinir fəaliyyəti nəzəriyyəsinin məntiqi davamı kimi yaranıb inkişaf etmişdir. Monoqrafiyada yer alan kortikovisseral əlaqələr haqqında müddəalar o zamanlar SSRİ Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun direktoru, SSRİ Fizioloqlar Cəmiyyətinin sədri akademik K.M.Bıkov tərəfindən yüksək qiymətləndirilmişdir.
A.İ.Qarayevin bir alim, elm təşkilatçısı kimi ən gözəl xüsusiyyətlərindən biri də onun zamanın tələbinə uyğun olaraq elmi problemləri görməsi və müvafiq tədqiqatların aparılmasına can atması idi.
1936-1937-ci illərdə malyariya və qrip xəstəliklərinin geniş yayıldığı dövrdə bu xəstəliklərin orqanizmdə törətdiyi patologiyalar haqqında respublikada demək olar ki, heç bir tədqiqat aparılmamışdı. Bu xəstəliklər zamanı miokardda baş verən dəyişikliklər ilk dəfə olaraq A.İ.Qarayev tərəfindən elektrokardioqrafiya üsulu ilə tədqiq edilmişdi.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Bakı xəstəxanalarına minlərlə yaralı gətirilirdi. Yaralıların müalicəsi üçün dərmanlar çatışmırdı və o dövrdə istifadə olunan dərmanların istifadəsinin səmərəliliyi çox aşağı səviyyədə idi. Belə bir vəziyyətdə A.İ.Qarayev azərbaycanlı həmkarlarından farmakoloq Rüstəm Əliyev, biokimyaçı Əbdüləhəd Həsənov və başqaları ilə birgə təbii mənşəli vasitələrdən (naftalan, müxtəlif müalicəvi bitkilər) istifadə edərək dərman preparatlarının hazırlanması üzrə kompleks tədqiqatlar aparmış və məşhur yerli cərrahların (M.Mirqasımov, M.Topçubaşov) köməyi ilə onların ağrıkəsici, yarasağaldıcı, yanıqəleyhinə və qantörədici vasitələr kimi tətbiq edilməsinə nail olmuşdur.
A.İ.Qarayev Azərbaycanda fizioloq kadrların hazırlanmasında çox böyük rol oynamışdır. 1937-ci ilə qədər respublikanın ali təhsil müəssisələrində çalışan alimlər arasında fiziologiya ixtisası üzrə bir nəfər də olsun azərbaycanlı professor, elmlər doktoru yox idi. O, ilk fizioloq alim kimi hələ 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yarananda gələcəkdə onun tərkibində Fiziologiya İnstitutunun olmasını arzulayırdı. Bu məqsədlə A.İ.Qarayev Azərbaycan Dövlət Universitetinin, Tibb və Pedaqoji institutların fiziologiya kafedralarında ixtisaslı kadrların hazırlanması işinə çox böyük əhəmiyyət verirdi. 1940-1965-ci illərdə Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasında A.İ.Qarayevin rolu əvəzedilməzdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 71 namizədlik və 14 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Həmin kadrlar sonradan ali təhsil müəssisələrində professor, kafedra müdiri (T.Paşayev, C.Ocaqverdizadə, Q.Qəhrəmanov, T.Qaibov, R.Səfərov, R.Qafarova və s.) vəzifələrində çalışmış, elmi-tədqiqat laboratoriyalarına rəhbərlik etmişlər.
1953-cü ildə A.İ.Qarayevin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyasının Zoologiya İnstitutunda Fiziologiya şöbəsi yaradılmış, 1956-cı ildə isə şöbənin əsasında Azərbaycan SSR EA-da fiziologiya sahəsində ilk müstəqil qurum - Fiziologiya Sektoru təsis edilmiş və onun rəhbərliyi akademik A.İ.Qarayevə həvalə olunmuşdu.
Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin olmasını vacib hesab edən Abdulla Qarayev fəaliyyətinin ilk dövrlərindən bu ağır işi o, şəxsən öz üzərinə götürmüşdü. 1931-ci ildə onun “Əsəb-əzələ fiziologiyasına dair təcrübə işləri” adlı ilk dərsliyi çap olunmuşdu. Sonrakı illərdə “Tənəffüsün fiziologiyası (1934), “Anatomiya və fiziologiya terminləri” (1938), “Vitaminlərin ölkənin müdafiəsində rolu (1942), “Qan dövranının fiziologiyası” (1943), “Endokrinologiya” (1945), “Analizatorların fiziologiyası” (1947), “Mərkəzi sinir sisteminin fiziologiyası” (1951), “Qidalanmanı necə təşkil etməli” (1954), “Faqositozun fiziologiyası” (1960), “İnsan və heyvan fiziologiyası terminləri” lüğəti (1964) və s. kimi qiymətli dərsliklər, dərs vəsaitləri onun qələmindən çıxmış və çap olunmuşdu. Həqiqətən çox böyük intellekt və zəhmət tələb edən bu əsərlər milli kadrların hazırlanmasında böyük rol oynamışdır.
Akademik A.İ.Qarayev
məhsuldar alim olmuşdur. O, 7 monoqrafiyanın,
çox sayda dərslik və dərs vəsaitinin, 300-dən
artıq elmi məqalənin müəllifi
olmuşdur.
1969-cu ildən Azərbaycan
SSR Elmlər Akademiyasının
Fiziologiya İnstitutu akademik Abdulla Qarayevin - görkəmli alim, istedadlı pedaqoq, ömrünü vətənində
fiziologiya elminin təşəkkül tapmasına
və inkişafına
həsr etmiş, daim xalqının xidmətində olmuş böyük insanın adını daşıyır.
Abdulla Qarayevin xalqımızın
və dövlətimizin
qarşısında xidmətləri
onun təkcə elm sahəsində misilsiz fəaliyyəti ilə məhdudlaşmır. O, eyni zamanda böyük ictimai və dövlət xadimi kimi geniş və səmərəli fəaliyyət göstərmişdir.
Alim
1961-1963-cü illərdə Respublika Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri kimi yüksək vəzifə
tutmuşdur. Onun
dövlət xadimi və ictimai xadim kimi digər
fəaliyyətləri sırasında
1948-ci ildə Bakı
Sovetinin deputatı seçilməsini, Azərbaycan
SSR Ali Sovetinin 2 çağırış
deputatı olmasını,
1948-1968-ci illərdə Azərbaycan
Respublikası Bilik Cəmiyyətinin sədr müavini, 1951-1968-ci illərdə
Ümumittifaq Fizioloqlar
Cəmiyyətinin Azərbaycan
bölməsinin sədri
olmasını qeyd edə bilərik.
Görkəmli alimin fiziologiya və tibb elmləri
sahəsindəki nailiyyətləri
və xalq qarşısındakı qüsursuz
xidmətləri dəfələrlə
ali hökumət
mükafatları ilə
qiymətləndirilmişdir. O, bəlkə də Azərbaycanda tibbi-biologiya
sahəsində çalışan
yeganə alimdir ki, 3 dəfə “Qırmızı əmək
bayrağı” (1948, 1954, 1967), “Lenin”
(1961), “Qırmızı ulduz”
(1944), “Qafqazın müdafiəsi”
(1948) ordenləri kimi ən yüksək mükafatlara layiq görülmüşdür.
Bu gün fiziologiyanın az sahəsi
var ki, orada
Abdulla Qarayevin tədqiqatları
olmasın. Onun uzaqgörənliklə irəli sürdüyü
müddəalar bugünkü
elmi istiqamətlərdə
özünü göstərir,
müasir üsul və yanaşmalarla davam etdirilir.
Məlumdur ki, bu gün
orqanizm üçün
əsas stres faktorlardan biri səs qıcığıdır. Tədqiqatlar göstərir ki, uzunmüddətli səs qıcığı xərçəng
xəstəliyinə, müxtəlif
sinir pozulmalarının
yaranmasına səbəb
olur. A.İ.Qarayev öz uzaqgörənliyi
ilə hələ
1968-ci ildə “Elm və
həyat” jurnalının
12-ci nömrəsində çap
etdirdiyi “Sakitlik - istirahət və sağlamlıq deməkdir”
məqaləsində bu
amilin fizioloji təsiri haqqında məlumat vermişdi.
Həmin
illərdə A.İ.Qarayev
bu gün geniş tədqiqat obyekti olan musiqinin
orqanizmin funksiyalarına,
o cümlədən periferik
qanda leykositlərin fəallığına təsirini
öyrənmişdi. Alimin keçən
əsrin 40-50-ci illərində
faqositozun fiziologiyası,
immunofiziologiya sahəsində
apardığı tədqiqatlar
bu gün koronavirus pandemiyası dövründə nə qədər müasir səslənir.
A.İ.Qarayev çox mürəkkəb
bir dövrdə - repressiyaların tüğyan
etdiyi, heç bir söz və
mətbuat azadlığı
olmayan dövrlərdə
yaşamışdır. O vaxtlar
xaricdə məqalə
çap etdirməyə
icazə verilmirdi, məhz buna görə A.İ.Qarayevin
tədqiqatlarının nəticələri
geniş təbliğ
olunmurdu. Digər tərəfdən, bir azərbaycanlının
tanınmasına mane olan
düşmənlərimiz var
idi. Hesab edirəm ki,
əgər o vaxtlar ölkəyə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik etsəydi,
A.İ.Qarayevin tədqiqatları
bəlkə də
Nobel mükafatına layiq
görülərdi.
Akademik
Abdulla Qarayev adına Fiziologiya İnstitutu bu gün də
öz yaradıcısının
işlərini davam etdirir, onun tərəfindən
qoyulan problemlər istər qocalmanın fiziologiyası, ali sinir fəaliyyəti, homeostaz, adaptasiya sahələrində, istərsə
də təbii müalicəvi resurslardan istifadə sahəsində
müasir multidissiplinar
yanaşmalardan istifadə
olunmaqla tədqiq edilir, molekulyar-hüceyrəvi
mexanizmlərin aşkarlanması
üzrə tədqiqatların
nəticələri isə
biotibbin yeni istiqamətinin - translyasion
təbabətin inkişafına
yol açır.
Akademik Abdulla Qarayevin
Azərbaycan elminə
verdiyi töhfələr
hədsizdir, onun elmi irsinin tədqiqi
müasir elmşünaslıq
üçün qiymətli
tədqiqat obyektidir. Abdulla Qarayev bu gün
də bizimlədir və fiziologiya elmi yaşadıqca o da yaşayacaq.
Ulduz
HƏŞİMOVA,
AMEA-nın Akademik
Abdulla Qarayev adına
Fiziologiya
İnstitutunun direktoru,
b.e.d., professor.
Rafiq
QASIMOV,
AMEA-nın Akademik
Abdulla Qarayev adına
Fiziologiya İnstitutunun
baş elmi işçisi,
AMEA-nın müxbir üzvü.
Respublika.- 2020.- 9 iyul.- S.5.