XIX əsrin ikinci yarısında Azərbaycanda
milli-mədəni hərəkatın təşəkkülü
(M.F.Axundzadə və
H.B.Zərdabi)
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Əşrəf qızı Bayramova milli ədəbiyyatşünaslıq aləmində XX əsr Azərbaycan ictimai-fəlsəfi fikrin korifeyi, azərbaycançılıq ideologiyasının banisi Əli bəy Hüseynzadə irsinin tədqiqatçısıdır. O, “Füyuzat” (1906-1907) jurnalını transliterasiya edib, komplekt halında nəşr etdirib. “Həyat” qəzetini tədqiq edib.
Əli bəy Hüseynzadənin ədəbi-fəlsəfi əsərlərini ilk dəfə transliterasiya edib, elmi şərh və müqəddimə ilə nəşr etdirib.
Ofelya Bayramlı bütün istedad və bacarığını böyük mütəfəkkir alimin irsinin öyrənilməsinə həsr edib. Ona “əbədiyaşar mənəvi abidə” yüksəltmişdir. Onun çapa təqdim olunan “Əli bəy Hüseynzadə həyat və yaradıcılığı” elmi monoqrafiyası Milli ədəbi fikir xəzinəsini zənginləşdirən əsərdir, yeni tədqiqatlara yol açır.
Milli Mətbuatın 145 illiyi münasibətilə monoqrafiyanın bir fəslini oxucularımaza təqdim edirik.
“Respublika”.
Azərbaycanda milli hərəkatın ilk dönəmlərini tədqiqatçılar haqlı olaraq XIX əsrin ortalarından - M.F.Axundzadəyə və H.B.Zərdabiyə aparıb çıxarır və bu dövrü “milli oyanış dövrü”, “mədəni millətçilik hərəkatı” və “Azərbaycanda milli hərəkatın ilkin mərhələsi” adlandırırlar. Lakin Axundzadənin böyüklüyünə göz yuman bəzi tədqiqatçılarımız XIX əsrin ikinci yarısında Azərbaycanda milli hərəkatın ilkin dönəminin tədqiqində ciddi xətalara yol verərək, Azərbaycanda yeniləşmə hərəkatının başlanğıcını XIX əsrin 50-60-cı illərindən deyil, 1875-1905-ci illərdən götürürlər. Halbuki, 1850-1870-ci illərdə dil və ədəbi fikirdə ortaya çıxan yenilik hərəkatını “Mədəni millətçilik” mərhələsi hesab etmək olar. Bu mərhələdə millətləşmə yolunda səfərbərlik işi ən çox M.F.Axundzadənin üzərinə düşür.
İlk dəfə M.F.Axundzadə XIX əsrin ikinci yarısından “mütəəssib və qaranlıq mühitdə ictimai və fikri bir inqilab doğuraraq” millətçiliyə doğru gedən yolun ilk cığırını açır. Bu yol M.F.Axundzadənin milli dildə yaratdığı komediyaları ilə başlayır. “Milli dilə, ümumxalq ədəbi dilinin formalaşmasına xidmətdə Nəsimidən, Xətaidən, Füzulidən və Vaqifdən sonra ən böyük işi Axundzadə görür”. O, yazı dilinin sadələşdirilməsi yolunda ilk addımı atır. “Azərbaycan dilində yazdığı pyeslərilə ədəbiyyatımızda bir inqilab yaradaraq, bizi əski İran ədəbiyyatı təsirindən qurtarmış və bu yoldakı çalışmaları ilə Azərbaycan türk ziyalılarına da ilham qaynağı olmuşdu”.
Yusif Akçuraoğlu onun ana dilinə münasibətindən danışarkən yazırdı: “Qərb təlim və tərbiyəsi görmüş Mirzə Fətəli ana dilinin də hürriyyəti-fikriyyə dərəcəsində şiddətli tərəfdarı idi... teatrolarını da həp Qafqaz türkcəsilə yazmışdır”.
XIX əsrin ikinci yarısında Azərbaycan türklərinin oyanışında önəmli rol oynayan Axundzadənin komediyalarının dilindən danışan Z.Göyalp yazır ki: “Qafqaz türkcəsilə qayət gözəl və psixoloji komediyalar yazan bu zat, Qafqaziyada əcəm lisanının zərərinə olaraq türkçülüyü oyandıranların başında dururdu”...
“Biz təəssüf ki, Mirzə Fətəli, Ş.C.Əfqani kimi türk böyüklərinin həyatını bilmirik, əsərlərini araya qoymiyoruq. Bu zatın komediyaları Avropa lisanlarına tərcümə edildiyi halda, məəttəəssüf məmləkətimizdə bir nüsxəsi mövcud deyildir”.
Beləliklə, türkçülük milli dil və ədəbiyyata dayanan milli özünüdərkə yol açırdı. “Lakin Mirzə Fətəli bütün türk və islam dünyasında ilk dəfə olaraq dramaturgiya məktəbi yaratmaqla, yalnız milli harsın təməllərindən ən mühümü olan dil və ədəbiyyatımıza xidmət etmiş deyildi”. Yəni Axundzadə yalnız ədəbi bir inqilab yaratmaqla qalmır, Axundzadə Azərbaycanın, XIX əsrin yeniləşmə hərəkatında şərəfli bir mövqe tutur. O, xalqımızın təfəkkür tarixinə təkcə görkəmli ədib kimi, milli dramaturgiyamızın banisi kimi deyil, eyni zamanda həmin dövrdə yeniləşmə hərəkatına yaxından kömək edən, siyasi həyat yolunu izləyən fəal bir ictimai-siyasi xadim kimi də daxil olmuşdur. O, eyni zamanda bizdə mədəni və ictimai bir inqilab üçün də zəmin hazırlamış və bu uğurda çalışmaqla yalnız Azərbaycanda deyil, “bəlkə bütün türk və islam aləmində birinci adamdır ki, mənsub olduğu xalq kütləsini yeni həyata doğru çəkmək üçün “doğru bir yol intixab etmişdir”. Bu yolda o, milli-mədəni yüksəlişə mane olan qüvvələri də vurur, baltalayırdı, türk, müsəlman oyanışına xidmət etmək üçün fəaliyyətini yalnız Azərbaycanla məhdudlaşdırmamış, qonşu Türkiyə və İran ölkələrində də mədəni maarifçilik məfkurəsini yaymağa çalışmışdır.
Axundzadə əsərlərində dini fanatizm və cəhalətə qarşı mübarizəni əks etdirən mükəmməl obrazlar aləmi yaratmışdır. Çünki cəhalət və fanatizm milli özünüdərk və mədəni intibah yolunda ən böyük əngəl idi. O, maariflənmək işində əlifba çətinliklərini yüngülləşdirmək üçün mövcud ərəb hürufatı üzərində islahat aparmağı qarşıya məqsəd qoysa da, onun bu təşəbbüsü baş tutmadı.
M.F.Axundzadə intixab etdiyi “doğru yol” uğrunda mübarizəsində həm də “ilk qərbçi” idi. İlk dəfə avropalaşmanın gerçəkliyini Azərbaycan türkçülüyündə M.F.Axundzadə ortaya atmışdır. O, Volter, Russo, Monteskyö kimi maarifçilərdən ilham alaraq yazılarında bilik və elmlə “müsəlman xalqlarını nəşəyi-azadiyyət və hüquqi-insaniyyətdən xəbərdar etmək”, “onları yekcəhətliyə, yekdilliyə çağırmaq”, “zalıma demək ki, səltənət və hökumət büsatından əl çək!” kimi fikirləri ilə milli və inqilabi maarifçilik məfkurəsini aydınlaşdırmaq istəmişdir.
“Despotizmin ittiham aktı kimi səslənən bu ideyalar, o zaman nəinki Azərbaycanda, eyni zamanda Yaxın Şərq ölkələrində siyasi şüurun oyanmasında, fikirləri, zəkaları inqilaba hazırlamaq işində böyük tarixi rol oynamışdır”. “Cəmiyyəti inqilabi yolla dəyişdirməyin zəruriliyi ideyalarını irəli sürmüş”, “70-ci illəri fikirlərdə siyasi coşqunluq mərhələsinə”, yəni qurtuluş və azadlıq yolunu hazırlayan bir mərhələyə çevirmişdir. Məhz buna görə də tədqiqatçılarımız insan və onun azadlıq probleminin ilk dəfə Azərbaycan xalqının tarixində qaldırılmasını Axundzadənin adı ilə bağlayırlar.
Doğrudur, M.F.Axundzadə əsərlərində özünün amalı, məqsədi olan xalqının azadlıq bayrağını yüksəklərə qaldırmaq ideyalarını tamamilə əsaslandıra bilməmişdir. Lakin bu, Mirzə Fətəlinin tarixi qiymətini əksiltməz. Y.Qarayevin dediyi kimi, “Axundzadənin yaradıcılığı o dövrdə “Şərqin oyanması” ideyası, arzusu və təşəbbüsü demək idi”.
Məhz buna görə də M.F.Axundzadənin rəhbərlik etdiyi tam bu yeni mərhələ alimlərimiz tərəfindən “lisanca, mənaca ədəbiyyatımızda yeni, həm də olduqca parlaq ədəbi dövr” (A.Şaiq), “Ürəfa ilə xalq arasında yekdigərini anlamaq dövrü” (M.Ə.Rəsulzadə), “Məfkurə sahəsində yüksəliş mərhələsi” (Əziz Mirəhmədov), “Azərbaycan xalqının milli mənlik və istiqlal şüurunun tarixində yeni dövr” (Yaşar Qarayev) kimi yüksək mənada səciyyələndirilmişdir.
Milli mədəniyyətimiz tarixində bu yeni mərhələnin Axundzadəylə başlaması haqqındakı həqiqətə münasibətdə ədəbiyyatşünaslığımızın bu yekdilliyi nəticəsində mövcud elmi ədəbiyyatda həmin mərhələ “Mirzə Fətəli əsri”, yaxud “M.F.Axundzadə mərhələsi” adlandırılmışdır.
Bu mərhələnin Axundzadədən sonra tanınmış ikinci böyük siması H.Zərdabi idi. Çünki Axundzadənin müasirləri içərisində onun seçdiyi “doğru yola” ilk dəfə önçülük verən H.B.Zərdabi olur. O, Axundzadə ideyalarının “yetirib ərsəyə gətirdiyi mübariz xələfi” və onun mütərəqqi, demokratik, maarifçi ənənələrinin “sadiq davamçısı” kimi, milli mətbuatın binasını qoymuş, həm milli teatr yaratmış, həm elm və maarif yolunda çalışan, avropalaşma tərzində “Üsuli-cədid” məktəblərinin açılmasını irəli sürən görkəmli maarifpərvər idi. Zərdabi Axundzadənin nəinki dil siyasətinə, türk dilinin sadələşdirilməsinə xidmət etmiş, onun ictimai-siyasi ideyalarını da izləmiş və inkişaf etdirmişdir.
Məhz buna görə də tədqiqatçılarımız həmişə Axundzadəylə Zərdabiyə Azərbaycanda milli şüurun oyanmasının və inkişafının iki əsas baniləri kimi baxmışlar. Buna, əsrin əvvəllərində ilk dəfə Ə.Hüseynzadədə rast gəlirik. O da Axundzadəylə Zərdabinin ictimai fikir tarixindəki rolundan danışarkən onları eyni mövqedən qiymətləndirərək: “Bizim Qafqaz müsəlmanları arasında, tənviri-əfkarın vasitələrindən biri qəzetə olduğunu ilk əvvəl Həsən bəy Məlikov dərk etmiş bulunduğu kimi, təhzibi-əxlaqın vasitələrindən biri teatr və darül-bədaye olduğunu ən əvvəl mərhum Mirzə Fətəli Axundzadə anlamış idi” - deyə “hər ikisini öz məsləklərində böyük bir istedad, qabiliyyət sahibi” kimi, “cəmaətin ayılmasına” xidmət etmək baxımından eyni mərhələnin nümayəndələri kimi təqdim etmişdir.
Bu da bir həqiqətdir ki, tədqiqatçılarımız nə qədər Zərdabidən, Axundzadədən “həmrəy, həmfikir” kimi bəhs etsələr də, bu qiymətlərində M.F.Axundzadənin H.B.Zərdabidən üstünlüyünü xüsusi vurğulamışlar. Bu haqda hələ əsrin əvvəllərində yazırdılar ki: “M.F.Axundzadə nəinki öz müasirlərindən, hətta ondan sonra yaşayan nəsildən də bir baş yuxarı dururdu”.
Bu üstünlüyün nədə olduğunun ilk və ən düzgün cavabını bizə əsrin başlanğıcında Əli bəy Hüseynzadə verir. O, Axundzadənin müasirlərindən və xələflərindən fərqli ideyalarının üstünlüyünü açmaq üçün Şillerin o zaman yubileyindən istifadə edərək “Füyuzat” məcmuəsində dərc etdirdiyi “Şiller” adlı məqalədə təqdim edir. Bu da təsadüfi deyildir. Çünki məqsədi Şillerin hürriyyətpərvər ideyalarının şərhi fonunda Axundzadənin ictimai-siyasi, inqilabi-demokratik ideyalarına qiymət vermək idi. Ə.Hüseynzadə Axundzadəni məqalədə Avropanın ən məşhur faciə, dram və məzhəkə yazarları Molyer, İbsen, Gete, Şiller kimi dünya klassiklərilə yanaşı qoyub hürriyyətpərvər ideyalarından söz açmışdır. Ə.Hüseynzadəyə görə, bu sənətkarların dahiliyi sadəcə olaraq, teatra aid əsərlər yazmalarında deyil, onların böyüklüyü həmin əsərlərlə “öz qövmlərinə aşıladığı hürriyyət ideyaları sayəsində vətənlərinin tərəqqisinə nail olmalarında, millətlərini nicat yoluna çıxarmalarında” və mübarizələrini bu yola həsr etmələrindədir.
Ə.Hüseynzadə sələfi Axundzadənin üstünlüyünü də, böyüklüyünü, təkrarolunmazlığını da məhz bu məsləkdə, bu yolda görürdü və bu baxımdan da yazırdı ki: “Təəssüf, içimizdə Mirzə Fətəli kimi teatr mühərriri bir daha zühur etmədi. Çünki öylə istedadi-fövqüladələr sadəcə bizdə deyil, sair əqvam arasında dəxi əsrlərdə bir-iki dəfə görünən şeylərdir”.
İlk dəfə Ə.Hüseynzadə tərəfindən Axundzadəyə verilən bu böyük qiymətin bir qədər açıq şərhini Hüseyn Baykarada da görürük.
O da Axundzadənin Zərdabidən üstünlüyünü məhz bu həqiqətdə görürdü və yazırdı ki: “Onların ən öndə gələn ideoloji arzularında feodal monarxiya rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən, o biri işlərin həyata keçməyəcəyini daha çox Mirzə Fətəli başa düşmüş və anlamışdır”.
Axundzadə mərhələsinin mahiyyəti də, dəyəri də bunda idi. Buna görə də axundzadəşünaslar Axundzadəyə həmişə bu mövqedən yanaşaraq o dövrü “Axundzadə mərhələsi” kimi yüksək qiymətləndirmişlər.
Bu haqda mövcud elmi ədəbiyyatda göstərilir ki: “Bir azərbaycanlı ziyalısına Azərbaycan renessansı kiminlə və nə zamanla başlayıb soracaq olursanız o, dərhal M.F.Axundzadədən sözə başlar” sonra H.B.Zərdabiyə, Ə.Hüseynzadəyə və Ə.Ağaoğluna keçər və 1905-ci ilə adlayar”.
Məhz buna görə də XIX əsrin ikinci yarısından Azərbaycanda baş verən yeniləşmə hərəkatının öyrənilməsilə məşğul olan alimlərimiz Axundzadəylə Zərdabini nəinki eyni mərhələnin nümayəndələri kimi tədqiq və təqdim etmişlər, eyni zamanda onların daxil olduğu “Axundzadə mərhələsi”ni 80-90-cı illərin ədəbi, ictimai mərhələsindən də fərqləndirmişlər. Bu fərqi yenə də bizə ilk dəfə Əli bəy Hüseynzadə 1906-cı ildə “Şiller” məqaləsində açıqlayır. O, Axundzadəylə Zərdabinin təşəbbüs etdikləri işlərin sonralar 80-90-cı illərin ədəbi qüvvələri tərəfindən davam etdirilməməsinə təəssüflənərək yazırdı ki: “Bu iki işığın ikisi də söndü, həm də bir xeyli müddət şölələnmək üzrə söndü”.
Həqiqətən, 1877-ci ildə M.Ə.Sabir demişkən “Əkinçi” vəfat edir”. 1878-ci ildə isə M.F.Axundzadə həyatdan köçür. Bu iki işığın xeyli müddət şölələnmək üzrə sönməsinin, yəni Axundzadədən sonra Zərdabinin “meydani-mücahidədə tək qalmasının” və onun Axundzadəylə birgə gördüyü işlərin “daimi və qabili-tərəqqi” etməməsinin səbəbini Ə.Hüseynzadə “camaatın ayıqlığının” olmamasında görürdü. Doğrudur, Əli bəy Hüseynzadə həmin məqalədə 80-90-cı illərdə N.Vəzirovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, S.M.Qənizadənin “Azərbaycan şivəsində bir neçə pyes vücuda gətirdiklərini” təqdir edirdi, lakin həmin əsərləri “günün ehtiyacını ödəmədiyi” üçün “nakafi” adlandırırdı. Çünki bu ədəbi qüvvələr Axundzadəylə başlayan yeniləşmə hərəkatını: həm forma (dram, povest, nəsr janrlarında), həm də ideya (elm, maarifin təbliği, avropalaşmaq, dünyəvi məktəb problemi və s.) cəhətdən davam etdirmişdilər. Lakin onlar M.F.Axundzadə səviyyəsinə, yəni onun inqilabi-demokratik fikirləri səviyyəsinə yüksələ bilməmişdilər. Ona görə də mövcud elmi ədəbiyyatda XIX əsrin ikinci yarısında yeniləşmə hərəkatının “Axundzadə mərhələsi” adlanan 50-70-ci illər mərhələsini 80-90-cı illərin mərhələsindən ayırmadılar. Tədqiqatçılarımız nəinki həmin yeniləşmə dövrünü bu cür təsnifləndirmişdirlər, hətta onlar Ə.Hüseynzadənin əsrin əvvəllərində, yəni 1906-cı ildə XIX əsrin 80-90-cı illərinin ədəbi mühitinə verdiyi “nakafi” qiymətini də sonralar təkrar edərək, həmin mərhələni “yetimlik” (M.K.Ələkbərli), “istihalə” (Ə.Nazim), “böhrani-tənəzzül” (Ə.Mirəhmədov) kimi səciyyələndirmişlər.
Lakin XIX əsrin ikinci yarısında Azərbaycanda başlanan yeniləşmə hərəkatının “Axundzadə mərhələsi” adlanmasına bu gün etiraz edənlər də vardır. Onlar “Azərbaycan xalqının milli “mən”lik və istiqlal şüurunun tarixində ayrıca bir mərhələ təşkil edən M.F.Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığının ümumşərq və ümumbəşəri tarixi məna və əhəmiyyətini” kölgədə qoyub XIX əsrin 50-60-cı illəri üzərindən xətt çəkir və milli-mədəni oyanış tarixini 1875-1905-ci illərdən başlayaraq bu dövrü “Zərdabi mərhələsi” kimi təqdim etməyə çalışırlar. Məsələn, Aybəniz Əliyeva Azərbaycan Milli hərəkatının ilkin dönəminin tədqiqatçıları S.Əliyarlının, N.Nəsibzadənin, M.B.Məmmədzadənin Axundzadənin başladığı yeniləşmə hərəkatını Zərdabinin adına yazması və Axundzadənin üzərindən xətt çəkməsi böyük təəssüf doğurur. A.Əliyevanın Zərdabini “Axundzadə mərhələsi”ndən (1850-1870) çıxararaq, özünün dililə desək, “şərti səciyyə” daşıyan 1875-1905-ci illəri “Zərdabi dövrü” kimi təqdim etməsi və bunu “məqsədəuyğun hesab etməsi” çox süni görünür. Tədqiqatçının Zərdabinin maarifçilik fəaliyyətinin yarısını “Axundzadə mərhələsi”nə, yarısını da 80-90-cı illərə keçirməsi yanlışdır. Halbuki, Zərdabi 1875-1877-ci illərdə cəmi iki il yarım “Əkinçi”ni nəşr edib, sonrakı illərdə isə “siyasi cəhətdən etibarsız, təhlükəli adam” kimi siyasi-mədəni həyatdan uzaqlaşdırılmış, iki il işsiz qalmış, 20 il də sürgün olduğu kənddə müəllimliklə məşğul olmuşdur.
Bəlkə tədqiqatçı Zərdabinin maarifçilik ideyalarının və jurnalistlik ənənələrinin 80-90-cı illərin mədəni mühitinə təsirini nəzərdə tutursa, bu da düzgün deyildir, çünki bu mərhələnin ideya qaynaqlarını yalnız H.B.Zərdabilə məhdudlaşdırmaq olmaz. 80-90-cı illərin ədəbi simaları tərəfindən “Axundzadənin həm “səpdiyi nəzəri toxumların cücərməsini” (komediya, publisistika, bədii nəsr əsərləri, ədəbi-tənqidi məqalələr), həm də “maarifçilik hərəkatı qarşısında onun irəli sürdüyü perspektiv vəzifələrin həyata keçirilməsini nəzərdən qaçırmaq olmaz. Bu dövrün əsası Axundzadə və Zərdabi tərəfindən qoyulmuşdur. Lakin buna baxmayaraq, 80-90-cı illərin ədəbi nümunələri “Axundzadə ideyalarının fəth etdiyi ideoloji yüksəkliyə ucala bilməmişdilər”. Çünki onlar tədqiqatçıların dediyi kimi: “80-90-cı illərdə “türk millətçiliyi” siyasi mənada arxada qalsa da, kültürəl sahədə çox iş görmüşdür”.
Elə buna görə də, çox güman ki, A.Əliyeva “Zərdabi dövrü” kimi səciyyələndirdiyi 1875-1905-ci illəri ideoloji cəhətdən yüksək səviyyədə dəyərləndirmək üçün Zərdabi fəaliyyətini Qaspıralı fəaliyyətilə birləşdirərək həmin mərhələni “Zərdabi-Qaspıralı dövrü” adlandırmışdır.
Burada bir cəhəti qeyd etməliyik ki, İ.Qaspıralının ümumiyyətlə, Azərbaycan ziyalılarının fikri inkişafına təsirindən danışmaq olar, lakin Qaspıralını “Azərbaycan mədəniyyətinin “Zərdabi dövrü” ilə birləşdirmək olmaz.
Bundan başqa, onların hər ikisi ayrı-ayrı məramlı mərhələlərin nümayəndələridir. Bunu, A.Əliyevanın özü də etiraf edərək yazır: “Qaspıralı mərhələsinin özü, türk dünyası, türk mədəniyyət tarixi üçün xüsusi bir dövr, mərhələdir”. Lakin tədqiqatçı bu sözləri yazmasına baxmayaraq, Qaspıralı mərhələsini Zərdabi mərhələsilə eyniləşdirir. Halbuki, Qaspıralının başçılıq etdiyi mərhələ artıq xalis millətçilik mərhələsi idi. Bu mərhələdə XIX əsrin ideoloqlarında mücərrəd mənada işlənən millət anlayışının həqiqi mahiyyəti aydınlaşdırılır və bütün türklərin dil ətrafında birləşmək fikri irəli sürülmüşdür. Lakin tədqiqatçı bu fərqi, bu mahiyyəti aça bilmədiyindən, fikri dolaşıq qənaətlərə gətirib çıxarır. Məsələn, yazır ki: “H.B.Zərdabinin islamlaşmaq, qərbləşmək çağırışlarına İsmayıl bəy bir də türkləşmək çağırışını əlavə etdi”. Bu sözlərdən belə çıxır ki, bu gün bizim bayrağımızda üç rənglə əks olunan “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” məramı ilk dəfə XIX əsrdə Zərdabi və Qaspıralı tərəfindən irəli sürülmüşdür. Lakin bizə mövcud elmi ədəbiyyatdan məlumdur ki, həmin məram ilk dəfə 1905-ci ildə Ə.Hüseynzadə tərəfindən ictimai-siyasi fıkrə gətirilmiş və bu şüara görə də türk ideoloqu Z.Göyalp onu “peyğəmbər” adlandırmışdır.
Bu gün həmin fikirləri Zərdabiyə aid etmək və bütün bunları “Zərdabi fenomeninin gücü” adlandırmaq tamamilə yersizdir. Əlbəttə, biz Zərdabinin ictimai-mədəni xidmətlərini azaltmaq istəmirik. Əgər həmin fikirlərin tarixinə nəzər yetirsək, görərik ki, bu tarix çox uzaq - (məsələn, ilk dəfə islamlaşmaq - Nadir şah, avropalaşmaq isə Türkiyə sultanı III Sultan Səlim tərəfindən irəli sürülmüşdür) - dövrlərə gedib çıxır. Ancaq bu çağırışlar milli mahiyyətdə deyildir. Eləcə də XIX əsrin ideoloqlarında da: M.F.Axundzadənin, H.Zərdabinin yazılarında tez-tez işlədilən “millət”, “ittifaqi-millət” ifadələrində Qərbin “nation” deyilən məzmunda, milli kültürə əsaslanan “millət” təfəkkürü yox idi. Məsələn, Axundzadə öz komediyalarında dildən danışarkən, bu dili gah “tatar”, gah “türk”, gah da Azərbaycan dili kimi təqdim edirdi. Ümumiyyətlə, “türk” dili, ədəbi və tarixi səpkidə o dövrdə yazılmış əsərlərdə tez-tez işlənirdi. Lakin “türk” adı hələ millətin adı kimi siyasi mənada, dindən, islamdan ayrı təsəvvür edilmirdi. M.F.Axundzadə, Zərdabi və onların ideya davamçıları “millət” dedikdə, dini əsas komponent kimi götürürdülər. Axundzadə “türk milləti” dedikdə türkü islam mədəniyyətindən ayırmamaq şərtilə maarifləndirmək, mədəni zəmin üzərində Avropaya yaxınlaşdırmaq məqsədi güdürdü. M.F.Axundzadəyə görə, türk millət olmaq üçün köləliyini, kökündən və əsl mədəniyyətindən uzaq düşdüyünü dərk etməli, şüurda, məişətdə və dövlətçilikdə sərbəstlik və azadlıq hüququnu, müstəqilliyini mübarizə yolu ilə əldə etməlidir. Y.Qarayev bu barədə yazırdı: “Axundzadəyə görə, böhrana səbəb-mədəni gerilik, çıxış yolu-maarifçilik və qərbçilik idi. Böyük mütəfəkkir Azərbaycanı, türk dünyasını Şərqdən uzaqlaşmamaq hesabına Avropaya yaxınlaşdırmağa çalışırdı”. Türk dilində maariflənmə milli özünüdərkin, milli özünəqayıdışın başlıca mədəni, siyasi açarı olmaqla həm də avropalaşmaya yol açırdı. Türk dilində maariflənmə, yeniləşmə və islamlaşma, xürafatçılıqdan uzaqlaşma mənəvi-siyasi təkamül yolunun tən yarısı idi, avropalaşma ilə milli-siyasi şüur və ənənəvi kültür səviyyəsində bütövləşmə prosesi başa çatırdı.
Axundzadə və Zərdabidən sonra İ.Qaspıralı da artıq millət anlayışının həqiqi mahiyyətinə yaxınlaşmışdır.
Lakin ilk maarifçilərdə olduğu kimi, Qaspıralının siyasi görüşlərində “millət” məsələsi mücərrədləşir və tədricən humanist məzmun daşıyır. Şübhəsiz ki, M.F.Axundzadə və İ.Qaspıralı milli və sinfi düşməni fərqləndirmişlər. Onların zülmə qarşı etirazlarında milli zülmə işarələr də vardır. Məsələn, M.F.Axundzadə yazırdı ki: “Hər dərədən baş qovzayan it, qurd nə vaxta qədər malımızı, canımızı dağıdacaq”. Yaxud, Zərdabi yazırdı ki: “Şəriətə görə qul azad etmək savab işdir. Bəli, biz də quluq, amma bu barədə hər işdə olduğu kimi gec qanmışıq”. Bu sözlərdə çar məmurlarının ağır vergi tələblərilə xalqın varını əlindən almaları və onları milli əsarətin quluna çevirdiklərinə üstüörtülü, yarıaçıq işarə vardır.
Belə bir şəraitdə İ.Qaspıralı çarizmi zülmü yumşaltmağa, humanizmə çağıraraq yazırdı ki: “Biz özümüzü Rusiya dövlətinə tabe hesab edirik, belə olan surətdə Rusiya dövləti öz əhli ilə etdiyi rəftarı bizim ilə eləsə, o vaxt bizim narazılıq etməyimizə ehtiyac olmaz”. Bu çağırışda milli zülm və əsarətə qarşı humanizm ideyası irəli sürülür. Bunun üçün çarizmin əsarətçi qanunları dəyişdirilməli, yüngülləşdirilməli idi. Ancaq çarizmə qarşı milli inqilabi hərəkatdan kənarda ictimai ədalətə nail olmaq mümkünsüz idi.
M.F.Axundzadə və onun həmfikirlərinin qarşısında duran ilkin məsələ ictimai-mənəvi həyatın bütün sahələrində milli köləliyin dərki və ondan qurtulmaq yolunun tapılması idi. M.F.Axundzadə komediyalarında bir realist kimi cəmiyyətdə hökm sürən mənəvi geriliyin, fanatizmə, mövhumata qapılmanın obrazlı təsviri və onları rişxənd və satira atəşinə tutarkən əslində insanları əqli təkamülə, sağlam düşüncə ilə ictimai eyibləri aradan götürməyə, bütövlükdə cəmiyyəti maarifləndirməklə islahatçı fikirlərini yaymağa çalışmışdır. Axundzadə Tiflisdə rus dilində təhsil aldığından Rusiyada baş verən dekabristlər hərəkatı ilə bağlı məlumatlar əldə etmişdir. Bu işdə 1830-cu illərdə Tiflisdə sürgün həyatı keçirən dekabrist inqilabçı yazıçı Bestujev-Marlinski Axundzadənin görüşlərinə güclü təsir göstərmişdir. Axundzadə rus dili vasitəsilə Avropa ədəbiyyatı ilə də tanış idi və bu yolla rus və Avropanın realist, demokratik baxışlarına yiyələnmiş, bədii yaradıcılığında bu baxışların güclü təsiri altında qalmışdı.
Belə görünür ki, Axundzadə yaradıcılığındakı milli-demokratik və inqilabi məfkurənin əsas mənbəyini rus dekabrist əhval-ruhiyyəli yazıçıların və Avropa demokratizmini əks etdirən ədib və dramaturqların əsərlərində aramaq lazımdır. Bunu aydın sezmək üçün Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasına nəzər yetirmək kifayətdir. Komediyada avam, zəif düşüncəli insanları min bir hiylə ilə soyub qarət edən müsəlman Məstəli şaha qarşı avropalı nəbatat alimi, əslən fransız müsyö Jordan ilə Axundzadə bu fikrə gəlmişdir ki, müsəlman Şərqini Avropa elmi və maarifi xilas edə bilər. Axundzadənin avropalaşmaq, dəyişmək və yeniləşmək haqqındakı fikirləri təkcə əxlaqda deyil, ictimai-mənəvi həyatda, məişətdə, dövlətçilikdə, maarifçilikdə, tədris üsulunda, şəxsiyyətin aliliyini təmin edən hüquqi qanunlarda dəyişməyi və yeniləşməni nəzərdə tuturdu. Bu dəyişmə hər yerdə mənəvi-sosial iflasa səbəb olan xan-bəy feodal quruluşunu və hakim üsul-idarəsini, müstəbidliyi aradan götürməyi gərəkli sayırdı. Axundzadənin bu məramı maarifçiliyə dayanırdı. Çünki Azərbaycanda feodal xan-bəy despotizmini o zaman yıxa biləcək real mədəni kütlə, XIX əsrdə dünya elminə və mədəniyyətinə sahib intellekt qüvvə hələ yox idi. Azərbaycan xalqı “üsuli-cədid”-yeni tədris üsullu məktəblərdə Avropa elminə, mədəniyyətinə, ictimai-siyasi fikir tarixinə, millətçilik hərəkatlarına, sosial həyat və məişətinə, dövlətçilik qanunlarına aid bütün bilik və məlumatlara sahib olduqdan sonra, yəni mədəni oyanış mərhələsində hərtərəfli inkişaf etmiş intellekt qüvvə kimi yetişdikdə milli özünüdərkin tələbilə mənəvi geriliklə, əsarət və despotizmlə, cəhalət və fanatizmlə qəti mübarizə aparmaq gücündə ola bilər.
Göründüyü kimi, Axundzadənin maarifçilik məramı geniş diapazonda mənəvi-kültürəl, elmi-fəlsəfi, əqli-nəfsi (əxlaqi) təkamül prosesini nəzərdə tuturdu. “Üsuli-cədid” sözü altında təkcə məktəb təhsili deyil, geniş planda gündəlik mətbuat-qəzet, həftəlik ədəbi-elmi məcmuələr, qabaqcıl elmi ehtiva edən kitabların nəşri və s. məsələlər də nəzərdə tutulurdu. Bütün bunlarla yanaşı, Axundzadə teatr-səhnə panoramını intibah mədəniyyətinin yetişməsi üçün ən məqsədəuyğun təsirli vasitə bilərək dramaturji əsərlər yazırdı. F.B.Köçərli Axundzadənin pyeslərinin ictimai fikirdə çox dərin maraq doğurduğunu belə ifadə edir: “Zənni-acizanəmizcə, əhli-savaddan az adam tapılar ki, məzkur komediyaları oxumamış olsun və bundan əlavə onlardan hər birisi dəfəat ilə səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə bir şəhəri və qəsəbəsi yoxdur ki, mərhum Axundzadənin komediyalarından bir-ikisi oynanılmamış olsun. Şayani-diqqət Axundzadənin komediyalarında səhneyi-tamaşaya gələn ünas tayfasıdır”.
Axundzadənin pyeslərinin Zaqafqaziyanın şəhər və qəsəbələrində teatr səhnəsinə gətirilməsi və bu əsərlərin geniş dairədə oxunmasının ictimai fikrə müsbət təsirini başa düşmək çətin deyildir. Bu məlumatın sonunda Köçərli yazır: “Bu da məişətimizdə yeni bir “reforma”, təzə bir dəyişiklik, təzə adət və qanun...”.
Axundzadənin əsərlərinin “reformist” mahiyyətini, onun cəmiyyətə “yeni dəyişiklik, yeni adət və qanun” gətirdiyini başa düşən yalnız F.B.Köçərli deyildi, savadlı-savadsız bütün fərdlər və cəmiyyət idi. Axundzadənin dramaturji əsərlərinin Türkiyə, Yaxın Şərqdə yayılması, Avropa dillərinə tərcümə edilərək geniş oxucu kütləsi arasında rəğbət qazanması onun fikirdə, mənəviyyat və məişətdə dəyişiklik və yenilik yarada biləcəyinə inamın yarandığına bir dəlil olmalıdır.
Mətbuatın, qəzet və elmi, ədəbi, siyasi-ictimai məzmunlu türkcə-Azərbaycanca məcmuələrin insanların və bütöv cəmiyyətin mədəni inkişafına müsbət təsirinə dair nəzəri, praktik əhəmiyyətini Ə.Hüseynzadə “Füyuzat” səhifələrində gərəyincə izah etmiş və ana dilində məktəblərdə təhsilin məqsədəuyğun qurulması haqqında maraqlı tövsiyələr vermişdir.
Axundzadənin əsərlərində şəxsiyyət azadlığı milli dil və milli ədəbi təfəkkür, milli mədəniyyətə sahib olmaqla məhdudlaşır. Milli dövlətçiliyə gəlincə, o, bu məsləkdən uzaq idi, zira Rusiya müstəmləkəsi olan Azərbaycanın milli istiqlaliyyətini o zaman Axundzadə ağlına gətirə bilməzdi. Buna görə o, dövlətçilikdə islahat və demokratik qanunlara ümid bəsləyə bilərdi, nəinki milli inqilabi hərəkata. Bu cəhətdən yetişməkdə olan və Avropanı bürüyən 1848-ci il inqilabı despotizmin beşiyi olan Rusiyanı da möhkəm silkələyəndə rus inqilabçı demokrat yazıçıları Belinski, Gertsen, Çernışevski və b. bu hadisəni böyük sevinclə qarşılayırlar. Məlumata görə, rus demokratları kimi Axundzadə da 1848-ci il fevral inqilabının təfsilatından xəbərdar olmuş və onun nəticələrini izləmişdir. F.Qasımzadənin fikrincə, Axundzadə “Hekayəti müsyö Jordan”da üstüörtülü, həm də obrazlı şəkildə 1848-ci il Fransa inqilabına toxunmuşdur. “Komediyanın sonunda nəzərləri az cəlb edən Xanpərinin: “Mən hələ ondan qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola” sözlərilə 1848-ci il inqilabının təsirinə ustalıqla işarə edir”. “Aldanmış kəvakib” povestindən aydın görünür ki, Axundzadə müstəbid rus mütləqiyyətinin düşməni kimi onun inqilabi yolla yıxılması tərəfdarıdır. Onun hakimiyyətə bir kəndlini gətirməsi islahatçılıq prinsipində xalqçılığa meylini göstərir. Axundzadə 1875-ci ildə Mirzə Yusif xanın “Yek kəlmə” əsərinə yazdığı tənqidində” deyirdi: “Ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür: yəni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalimə deməlidir: Səltənət və hökumət büsatından əl çək!”. Deməli, Axundzadəyə görə, “ədalətə” nail olmaq üçün millətə bəsirət və elm sahibi olmaq və “zülmü aradan qaldırmaq” üçün isə “ittifaq və yekdillik” lazımdır. Axundzadə milliyyəti dil və dil mədəniyyətilə təyin edirsə, zülmə və əsarətə qarşı mübarizənin əsas şərti kimi birlik və ittifaqa nail olmağı göstərir. Bu düsturda mədəni inqilab, ya mənəvi qalxışma ilə milli birlik bir-birini tamamlayır. Axundzadə bu iki amili cəmiyyətdə, dövlətçilik və məişətdə, sosial həyatda demokratizmin əsas prinsipləri sanır. “İttifaq”, başqa şəkildə “ittihad”-milli ittihad, mənəvi birlik Axundzadədən sonrakı türklərin ictimai fikir cərəyanlarında, Ə.Hüseynzadənin siyasi türkçülük məramında da əsas yer tutur.
Axundzadəylə həmfikir və məslək dostu olan H.B.Zərdabi də milli mədəniyyətin əhyası işində Axundzadəylə eyni dərəcədə mücadilə etməkdə idi. O, bundan öncə xatırlandığı kimi, maarif və milli mədəniyyətin intişarında mətbuatın əhəmiyyətini yüksək qiymətləndirmişdi. Ə.Hüseynzadə “Füyuzat”ın 1906-cı il beşinci sayında “Şiller” adlı məqaləsində Zərdabinin qəzet nəşri haqqındakı təşəbbüsünü belə qiymətləndirmişdi: “Bizim Qafqaz müsəlmanları arasında tənviri-əfkarın vasitələrindən biri qəzetə olduğunu ilk əvvəl Həsən bəy Məlikov dərk etmiş bulunduğu kimi, təhzibi-əxlaqın da vasitələrindən biri teatr və darülbədaye olduğunu ən əvvəl mərhum Mirzə Fətəli Axundzadə anlamış idi”.
İstər Axundzadənin, istərsə də Zərdabinin zülmə və istibdada qarşı mübarizələri o zaman “cəmiyyətin oyanması” üçün çox şey deyirdi. Doğrudur, Zərdabinin dediyi kimi, onların gördükləri iş “həyat uğrunda savaş” üçün hələ az idi. O özü bu haqda Axundzadəyə yazırdı: “Ancaq elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyeslə düzələsi şeydir. Xeyr! Burada görüləsi iş çoxdur”.
Zərdabinin dediyi həmin “görüləsi işi” XX əsrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə həyata keçirməyə çalışırdılar. Lakin onlar “bu işi”, yəni Axundzadəylə Zərdabinin hazırladıqları işləri düz 35 il sonra “başdan başlamalı oldular”.
M.F.Axundzadənin XIX əsrin 70-ci illərində “camaatın ayıqlığı üçün “Qəflət yuxusundan oyan!” və “zalımın atasının goruna od vur!” kimi mücərrəd çağırışlarına XX əsrdə Ə.Hüseynzadə öz böyük sələfindən fərqli olaraq, yeni konkret məzmun verərək “qəflət yuxusunu” da açıqlayır və zalımın ünvanını da göstərərək yazır ki, “qəflət yuxusundan oyanmaq üçün “əvvəl əmrdə özümüzü dərk etməliyik, kimliyimizi bilməliyik”, sonra isə qarşımızdakı milli düşmənə qarşı mübarizə aparmalıyıq”.
Azərbaycan türkçülüyünün iki tarixi mərhələsi arasındakı fərqin ifadəsi Axundzadəylə Ə.Hüseynzadənin ideya görüşlərinin müqayisəsində aydın görünür.
Lakin bu da həqiqətdir ki, M.B.Məmmədzadənin dediyi kimi: “Mirzə Fətəli və H.B.Zərdabi 50 il sonra dünyaya gəlsə idilər, istiqlal fikri, Azərbaycan milli xartiyası da 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır”.
Məhz buna görə də Azərbaycanda türkçülüyün mərhələlərindən danışarkən, mütləq Axundzadə mərhələsini-türkçülüyün hazırlıq dövrü kimi, yəni mədəni türkçülük dövrü kimi təsnifatda saxlamağı vacib bilirik. Axundzadə mədəni türkçülük dövrünün ilk və ən böyük nümayəndəsidir. Çünki ədəbi, ictimai-siyasi həyatımızda yeniləşmə hərəkatının hakim olmasında Axundzadənin tarixi xidməti müstəsnadır. “M.F.Axundzadənin özü milli şüurun rəmzi idi”. “Milliyyət hissi birinci olaraq bu ədibdə oyanmışdır” (Y.V.Çəmənzəminli).
Beləliklə, milliliyə doğru gedən yolların ilk cığırını açan M.F.Axundzadə və H.B.Zərdabi ilə başlayan milli yeniləşmə hərəkatı XX əsrdə millətçilik ideologiyasının meydana çıxması üçün əlverişli zəmin yaradır.
“Mədəni türkçülük” adlanan bu mərhələni tam halda tədqiq edib öyrənmədən, Ə.Hüseynzadənin başçılıq etdiyi siyasi türkçülük mərhələsinin siyasi məramlarının kökləri haqqında düzgün və aydın fikir hasil etmək mümkün deyildir.
Ofelya Bayramova
Respublika.- 2020.- 8 iyul.- S.5.