Lider-millət vəhdəti
- qələbəyə aparan yolun təminatı
Haqq yolunda, öz azadlığı uğrunda
tökülən qanlar millətin ruhunu çəkic dəmiri
döyən kimi döyüb itiləyir, möhkəmləndirir
və yalnız bir halda ərsəyə gələn
qılınc əsrlər boyu öz kəsərini itirmir əgər
onu tutan əl həqiqi bir qəhrəmana-liderə məxsus
olursa. “El bir olsa, dağ oynadar yerindən; Güc bir olsa, zərbi
kərən sındırar”. 14 iyulda millətin
orduya və dövlətə dəstək üçün
keçirdiyi möhtəşəm yürüş məhz
dağı yerdən oynadacaq gücdə idi. Bir milləti millətlər arasında ən uca bir
zirvəyə qaldırıb, haqqında dastan qoşduran da onun
lideri, qəhrəmanı olur. Daha dəqiq
desək, bir millətin lideri varsa və millət öz lideri
ilə bir vəhdət halındadırsa, o millət
yaşayacaq, heç bir təhlükə onu sındıra,
öz yolundan edə bilməyəcək. Məhz millətinə
arxalanan, millətindən güc alan bir
Lider Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev belə əminliklə deyir ki, “Ordu dövlətçiliyi,
bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır”.
Bütün bu proseslərdə gözlə
görünməyən çox əhəmiyyətli bir
faktı təkrar vurğulamaq istəyirik. Azərbaycan Prezidenti ölkəsi
və milləti üçün nə edirsə, iki faktı
daim əlində rəhbər tutur: Azərbaycan bir hüquqi
dövlət kimi bütün beynəlxalq prinsiplər çərçivəsində
hərəkət edir və Azərbaycanın milli-mənəvi
dəyərləri, milli marağı və kimliyi hər
şeydən uca tutulmalıdır. Bunu isə məhz
milli Lider edə bilər. Xatırladaq ki, müasir
dünyanı idarə edən dəyərlər dəyişib,
millətləri, xalqları köləyə çevirən
vasitələri zahiri görkəmindən nəinki tanımaq
olmur, hətta onu ən doğma, dost kimi qəbul etmək bir zərurətə
çevrilib. Ən təhlükəlisi isə millətlərin
öz içlərindən özlərinə düşmən
yetişdirib, dövlətləri öz içindən
yıxmaq super dövlətlərin siyasətinin az qala başlıca xəttinə çevrilib.
Ancaq müasir Azərbaycanda gedən inkişaf prosesini,
dövlət başçısının millətlə necə
yaxın, doğma əlaqələr qurmasını izləyəndə
belə qənaətə gəlirsən ki, Lider millətin
arxasında durur ki, o da ona dayaq olsun!
2020-ci il sınaqlarla başlandı və hələ
də davam edir: iqtisadi böhran, neftin ucuzlaşması,
COVİD-19 bəlasının gətirdiyi pandemiya. Azərbaycanın payına bir sınaq da artıq
düşüb - mənfur qonşunun hücumlarından
qorunmaq. Bu ağır günlərdə Azərbaycan
xalqının güvəndiyi çox şey var: qədim
tarixi, zəngin sərvəti, polad kimi möhkəm ruhlu
xalqı, başlıcası isə xalqı ilə bir yerdə
olan Lideri. 14 iyul yürüyüşü Azərbaycan
xalqının bütün sınaqlara hazır olduğunun
göstərici oldu.
Düz 32
il sonra Bakının meydan və
küçələrini dolduran millət yenə haqq səsini
qaldırdı. Baxış bucaqları fərqlidir,
ancaq bizim fikrimizə görə, milli ruhun qalxması, bu gecənin
başlanğıcı Ramil Səfərovun ekstradisiyası ilə
qoyuldu. Cənab Prezidentin öz sözləri
ilə desək, “ədalət bərpa edildi”, “Azərbaycan
öz zabitini vətənə qaytardı”, Azərbaycan öz
vətəndaşına, oğluna sahib çıxdı.
Təbii ki, ekstradisiya haqqında beynəlxalq aləmdə
fərqli rəylər, hətta hədə-qorxular səslənsə
də, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin öz qərarı üzərində dönməz
qalması millətin sanki passivləşmiş,
sönmüş cəsarətini oyatdı.
Ruhun yüksəlməyinə doğru atılan ikinci
addım isə Milli Qəhrəman Mübariz İbrahimovun
öz millətinə yaşatdığı qürur hissi və
bu qüruru daha da böyüdən, öz əsgərinin
arxasında millətin Liderinin, Ali Baş Komandanın dağ
kimi durması oldu. Bir gecəlik hadisədə nə qədər
böyük mətləblər yatır! Ata-anasına
yazdığı məktubuna da dediyi kimi, Mübariz Vətəni
üçün şəhid olmağa gedir və tək
başına cəbhəni yara bilir. Bu, bir
gizirin deyil, ordunun ruhu idi. İstənilən
anda düşməni yox etmək gücünə malik
olması yalnız bir oğulun əməlində üzə
çıxdı. Mübarizdən sonra həlak
olan Fərid Əhmədov da bunu öz canı və qanı
ilə təsdiqlədi. Onlarla vida mərasimində Ali
Baş Komandan məhz bu məqamı vurğuladı: “Bizim
ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid
kimi qəhrəmanlar vardır. Onlar Ali Baş
Komandanın əmrini gözləyirlər. Onlar öz
doğma torpaqlarını azad etmək üçün hər
an hazırdırlar. Azərbaycan
Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar,
ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı
bunu bir daha sübut edir. Bizdə nəinki
böyük sayda silah-sursat, hərbi texnika, döyüş
imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh
yüksəkliyi vardır. Çünki
bizim işimiz haqq işidir. Biz heç bir
ölkənin torpağını zəbt etməmişik.
Bizim torpaqlarımız uzun illərdir ki,
işğal altındadır. Bizim heç
bir başqa dövlətin torpağına iddiamız yoxdur.
Amma öz torpağımızdan heç kimə
bir qarış verməyəcəyik. Biz
öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Mübarizlə Fərid başqa ölkənin ərazisində
həlak olmamışlar, öz doğma torpağında şəhid
olmuşlar”.
Ali Baş Komandan gördüyü hər işində
yüksək təvazökarlıq göstərir, hər
işin öhdəsindən məhz millətin gəldiyini
vurğulayır. Əslində, bu, böyük həqiqətdir,
çünki millət və həqiqi Lider bir-birindən
ayrılmaz fenomenlərdir. Məsələnin
mahiyyətinə baxsaq, Liderin öz millətinin birliyinin
nüvəsi olması nəinki təəccüblü deyil, əksinə,
zərurətdir. Prezident deyir: “Bu aylar ərzində
bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin
yanında idi. Azərbaycan xalqı həmrəylik
göstərmişdir. Mən bilirəm,
bütün bu aylar ərzində vətəndaşlarımız,
müxtəlif bölgələrdə yaşayan vətəndaşlar
şəhid övladlarımızın ailələrinə
baş çəkib başsağlığı vermiş,
öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli
həyatı Azərbaycan xalqını daha da birləşdirdi”.
Əlbəttə, bu ərəfədə cəbhədə
bir çox əhəmiyyətli proseslər gedirdi. Hər
şeydən əvvəl, Ali Baş Komandanın düzgün
kadr siyasəti orduya yeni bir döyüş ruhu bəxş eləmişdi.
2014-cü ilin noyabr ayında düşmən helikopterini vuran
hərbiçimizlə bərabər, az
qala bütün millət hayqırdı: “Vur, komandir, vur!” Çox əhəmiyyətli bir faktdır ki, uzun illər
ərzində yalnız faciəli günlərində əlbir-dilbir
olan xalq artıq döyüş ruhu ilə də birləşməyə
başlamışdı. Əslində,
millətin yalnız matəmli, qara günlərdə birləşməsi
çox kədərli bir faktdır - millətin kədərli,
ağlayan ruhunun gözünün yaşını silmək,
onu sakitləşdirmək, üstəlik onu öz qüvvəsinə
inandırıb təkrar ayağa qaldırmaq. Torpaqların 20%-ni itirmək, 1 mln.
qaçqınını yerləşdirmək, öz Vətənindən
didərgin düşmüş insanlara qucaq açmaq,
onların sosial-psixoloji problemlərini həll etmək və
bunlarla paralel olaraq onlarda sağlam, düşmənə, qara
qüvvəyə sinə gərə bilən bir ruh tərbiyə
etmək bəlkə də əsrlərin işi olardı, bəlkə
də heç mümkün olmazdı. Amma
İlham Əliyev bu prosesi tezləşdirdi. Öz xalqının qarşısında etdiyi hər
çıxışında onları əmin etdi ki, siz tək
deyilsiniz, çünki “mən hər vətəndaşın
Prezidentiyəm”. Respublikanın Prezidenti
ölkənin bütün bölgələrinə səfərlərini
xarici səfərlərdən daha vacib bildi, ən xoş məqamını
- ad gününü belə sadə insanların yanında
qeyd etdi. Onların inamını,
etibarını qazanmaq, özünün onların arxa
dayağı olduğunu sübut etməklə yanaşı,
onların mütləq öz dədə-baba yurdlarına
qayıdacaqlarına əmin etmək böyük mənəvi
güc tələb edirdi.
Azərbaycan sabit və davamlı bir inkişaf yolu
keçir və xalq hər addımda Liderin dəstəyini,
gücünü hiss elədikcə, bu inkişafla bərabər
Lider-Xalq vəhdəti də böyüyür və möhkəmlənir. Bəli, Azərbaycan
hər addımı, hər uğuru ilə bütün
dünyaya car çəkir ki, o, sülh ölkəsidir, hər
bir qonşusu ilə əmin-aman şəraitdə yaşaya
bilər, dar gündə ona dəstək dura bilər. Bu
çağırışda daha bir vurğu var: biz mənfur
düşməni silahsız da gücümüz
qarşısında çökdürə bilərik. Bu gün hər mənada çökmüş Ermənistan
buna canlı nümunədir.
Nəhayət, 2016-cı ilin aprel ayında 4
günlük müharibə başladı. Azərbaycan
milləti nəinki ayağa durdu, həm də aslan kimi
kükrədi. Belə bir silahlı toqquşma Ermənistan
- Azərbaycan
münaqişəsində nə ilk, nə də sonuncu idi. Hələ
1988-ci ildə əvvəlcə Ermənistanda etnik təmizləmə
siyasətinin aparılması və azərbaycanlıların
öz dədə-baba yurdlarından amansızca qovulması
prosesi daha sonra Qarabağ torpaqlarına irəli sürülən
əsassız iddia və başlanan müharibə, 20%
torpaqların işğalı və atəşkəs rejimi
olmasına baxmayaraq, hər gün xain hücumlarla davam etməkdədir.
Artıq 20 ildən artıq bir müddət ərzində
Azərbaycan ərazisi atəşə tutulur, dinc sakinləri
zərər görür, uşaqları, yaşlıları,
qadınları qəddarcasına qətlə yetirilir, zəmiləri
yandırılır, axar suları zəhərlənir.
Aprel döyüşləri və ya el arasında
Dördgünlük müharibə bir növ bu
savaşların ilk dönüş nöqtəsi ola bildi. Ancaq bu nöqtə nə
təsadüfdür, nə də bəxtin gətirməsi.
Aprel döyüşləri, qeyd etdiyimiz kimi,
özündə bir çox əhəmiyyətli məqamları
birləşdirir. Yəni bu hadisə sadəcə
növbəti bir atəşkəs pozulmasına verilən
cavab olmadı. Bu, əsrlərdir türk
adından tülkü kimi qorxan, ancaq öz adını zəif
qoca və uşaqları xaincəsinə öldürməklə
qəhrəman çıxartmaq istəyən alçaq
düşmənə öz yerini göstərmək idi.
Necə deyərlər, “Aslan aslandı,
yaralı da olsa, çaqqal çaqqaldı, arxalı da olsa”.
Bəli, illərdir Azərbaycan
düşdüyü siyasi və hərbi oyunlarda yaralı
düşmüş bir aslan kimi idi və Aprel
döyüşləri bu yaraların artıq
sağaldığının və yenə də ətrafındakı
çaqqal-çuqqallarda vahimə yaratdığının
sübutu oldu.
Aprel döyüşlərinin bununla yanaşı,
başqa bir əhəmiyyətli rolu da bu oldu ki, zənnimizcə,
düşmənə verilən dərslərin
hamısından daha öndə durmağa layiqdir. Bu, Liderin
öz millətinin inamını təkrar özünə
qaytarması idi. Bəli, Azərbaycan
xalqı həmişə qəhrəman olmuşdur. Bunu
ona xatırlatmaq az idi, onu bu əmələ
doğru aparmaq lazım idi ki, millətin Lideri, Ali Baş
Komandan cənab İlham Əliyev də məhz bunu bacardı.
Aprel döyüşlərinə gələn
yol bəlkə də məhz bir gecədə günahsız qətlə
yetirilən Yanvar hadisələrindən başlayırdı -
ümummilli liderin öz millətini tək qoymadığı
məqamdan. Düzdür, bu müddətdə millət
çox satqınlıqlar gördü, çox
günahsız qurbanlar verdi, çox qəhrəman
oğullarını itirdi, ancaq bir Liderinin olduğunu və ən
çətin anında üz tuta biləcəyi bir
güclü dayağının varlığını
unutmadı. Bu inam idi ki, illər ərzində
milləti tamamilə sınmağa qoymamışdı. Bu inam idi ki, əvvəl xarici arenada öz
adını təsdiqlətməyi bacardı, özünü
regionun ən gərəkli və etibarlı tərəfdaşı
kimi tanıtdı. Bu inam idi ki, bir əli
düşmənlə sərhəddə vuruşub, bir əli
ilə quruculuq işləri apara bildi. Nəhayət,
bu inam idi ki, aldığı yaralara rəğmən xain
düşmənin qarşısında nəinki dimdik
durmuşdu, həm də onda vahimə yaratmışdı.
Bəli, təsadüfi heç nə yoxdur.
Hər şeyin ciddi səbəbi, hər zirvəyə
gedən bir aydın yolu vardır. Bu yolu
aydınladan, qarşısına çıxan maneələri
aşmaq əzmi verən ən güclü vasitə isə
inamdır. Aprel döyüşlərinə
aparan yolu aydınladan isə Lider - millət vəhdətinə
olan inam idi.
Lider və millət arasında gedən birləşmə,
tamamlanma prosesinin kulminasiya məqamı isə 14 iyulda
yaşandı.
Heç bir millət önündə həqiqi bir Lider olmasa,
sel gücünü ortaya çıxara bilməz, heç bir
Lider arxasında milləti durmasa, Qəhrəman və Qurucu ola bilməz. Lidersiz heç bir toplu millət
kimi özünü təsdiq edə bilməz, heç bir
Lider millətsiz tarixdə qala bilməz!
Belə millətin bir nümayəndəsi olmaq böyük qürurdur. Belə cəmiyyətdə və belə bir çətin dövrdə öz yerini, öz missiyanı anlamaq isə borcdur, öhdəlikdir. “Əczaçılar klubu” İctimai Birliyinin yaranması həmin öhdəliyin ifadəsidir. Pandemiyanın ilk günlərindən millətin Liderinin cənab Prezident İlham Əliyevin çağırışına qoşulmağımız, risk qrupuna daxil olan əczaçıları səfərbər etmək ilk işimiz oldu. KİV vasitəsilə həm həmkarlarımıza, həm bizimlə daim ünsiyyətdə olan əhalimizə müraciətlərimiz, həm Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edib maarifçilik işimizi artırmağımız, həm dərman preparatlarının Azərbaycanın rayonlarına çatdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihələrə qoşulmağımız bizim vətəndaş kimi edə bildiklərimizin yalnız başlanğıcıdı. Bütün əməllərimizin isə bir məqsədi var: 14 iyulda Liderinə, ordusuna arxa, dəstək çıxan millət qələbəni də belə coşqu ilə yaşayan zaman həmin sevinc və qürurda biz əczaçıların da haqlı payı olsun.
Şövqi BÜNYATOV,
“Əczaçılar Klubu” İctimai Birliyinin
İdarə Heyətinin sədri.
Respublika.-
2020.- 22 iyul.- S.4.