Elmin zirvəsinə ucalan
alim
Ömrünün
yarım əsrlik bir hissəsini geofiziki tədqiqatlara həsr
etmiş görkəmli elm xadimi, geologiya-mineralogiya elmləri
doktoru, akademik Fəxrəddin Əbülfət oğlu Qədirovun
70 yaşı tamam olur.
Fəxrəddin Əbülfət oğlu Qədirov 1950-ci il iyul ayının 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə fizika müəllimi kimi başlayan və geofizika elminin sirlərini öyrənməyə böyük meyli olan F.Qədirov 1974-cü ildə AMEA Geologiya İnstitutunun “Qravimetriya” laboratoriyasına işə qəbul edilmişdir. Onun 1975-ci ildən sonrakı əmək və elmi fəaliyyəti AMEA Geologiya İnstitutu (indiki Geologiya və Geofizika İnstitutu), pedaqoji fəaliyyəti isə Bakı Dövlət Universiteti ilə bağlıdır. F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, 1989-1991-ci və 1998-2005-ci illərdə isə “Qravimetriya” laboratoriyasının rəhbəri olmuşdur. F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universitetini “Zəlzələ Araşdırma Mərkəzində”, 1996-1998-ci illərdə isə Qara dəniz Texniki Universitetinin “Geofizika mühəndisliyi” bölümündə professor vəzifəsində çalışmışdır.
F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə namizədlik, 2002-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Akademik F.Qədirov 2005-2007-ci illərdə “Geotektonika və Geodinamika” şöbəsinə, 2008-ci ildən “Geodinamika və Seysmologiya” şöbəsinə rəhbərlik etmişdir. O, 2008-ci ildən “Yer Fizikası” seksiyasının, 2015-ci ildən isə “Geodinamika və kosmik geodeziya” şöbəsinin rəhbəridir.
O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F.Qədirov 2013-2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi olmuşdur. O, 2020-ci ildən Neft və Qaz İnstitutunun direktorudur.
2000-2001-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS tədqiqatları üçün sertifikat almışdır. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi yaradılmış və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur. Fəxrəddin müəllimin rəhbərliyi altında Azərbaycanda 20 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbi əksinə dönməsi və Azərbaycan ərazisinin seysmogeodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv Yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır. F.Qədirov Xəzər regionu Buqe qravitasiya xəritəsinin həmmüəllifidir. O qravitasiya sahəsinin ədədi analizi üçün ilk dəfə Hatley çevirməsini tətbiq etmiş və Azərbaycan ərazisinin 3D qravitasiya modelini hazırlamış, anomaliyaların yeni geoloji interpretasiyasını təklif etmişdir. F.Qədirov Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq tədqiq edərək, burada konveksiya axınının mümkünlüyünü göstərib, karbohidrogenlərin miqrasiya modelini təklif edib. O, Azərbaycan ərazisində zəlzələ epimərkəzlərinin, enerji və qırılmaların paylanmasının fraktal xüsusiyyətlərini öyrənmiş, seysmikliyin topoloji statistik metodlarla tədqiqini aparmış, Yerin qravitasiya sahəsinin qabaran dəyişmələri ilə seysmik hadisələr arasında əlaqəni öyrənmişdir.
F.Qədirov elmin təhsilə inteqrasiya məsələlərinə də öz tövsiyələrini verməkdədir. 2006-cı ildən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında bakalavriat, sonra isə magistratura səviyyələri üzrə əvəzçiliklə tədrisə cəlb olunub, 2014-cü ildən Yekun Dövlət Attestasiya Komissiyasının sədridir. Eyni zamanda, “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının 2013-cü ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda yaradılmış filialının rəhbəri kimi fəaliyyət göstərir.
2010-cu ildə AMEA-nın Rəyasət Heyətinin və Yer Elmləri Bölməsinin Fəxri fərmanları, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli alimin 250-dən çox elmi əsəri, o cümlədən 12 monoqrafiya və dərsliyi, 6 strateji əhəmiyyətli xəritəsi çap olunmuşdur. O geofizika sahəsində əldə etdiyi nailiyyətləri ilə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olaraq Azərbaycan elmini məruzə və məqalələri ilə təmsil etmişdir.
İxtisaslı kadrların yetişdirilməsinə də öz töhfələrini verən alimin rəhbərliyi ilə Azərbaycanda 20 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.
Mənalı ömür yolunda elmin zirvəsinə ucalan görkəmli alim, gözəl insan və humanist bir şəxs olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı və sevimli baba olan və 70 illik yubileyini qeyd edən akademik Fəxrəddin Qədirov bu gün də elmi və pedaqoji fəaliyyətini davam etdirir. Yubiley münasibətilə akademik Fəxrəddin Qədirovu Geologiya fakültəsinin professor-müəllim heyəti adından təbrik edir, elmi və pedaqoji fəaliyyətində uğurlar, uzun ömür, həyatda ən boyük sərvət olan cansağlığı və xoşbəxtlik arzu edirik.
Məhluqə MƏmmƏdova,
BDU-nun Geologiya fakültəsinin dekanı, dosent.
Əli Novruzov,
BDU-nun “Seysmologiya və
Yer təkinin
fizikası” kafedrasının
müdiri, dosent.
Respublika.- 2020.- 21 iyul.- S.6.