Şərqdə ilk demokratik, hüquqi dövlət

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 102 il ötür

 

Tarixi faktlar sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb və çətin mərhələdə belə, demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət uzun müddət mövqeyini qoruya bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Seymdə Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. Maraqlı, eyni zamanda qanunauyğun hal idi ki, Rusiya dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində də ən aparıcı üzvlər Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də isə Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla ilk Azərbaycan parlamenti yarandı və parlamentli respublikanın təməli qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Xosrov Paşa bəy Sultanov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında, ümumiyyətlə, Şərqdə, ilk dəfə Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

1918-ci il mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi. Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. İlk hökumət “Müsavat”, “Müsəlman sosialist bloku”, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 naziri təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak - “Sentrokaspi” diktaturasından da təmizləndi. 1918-ci il sentyabrın 17-də AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Müsəlman Şərqində ilk parlamentli respublikanın tarixi Azərbaycan parlamentarizminin tarixidir. Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməli olan təsisatların, ilk növbədə, parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən biri hesab edirdi. Parlamentin fəaliyyətə başlamasına qədər Azərbaycan Təsis Məclisi - Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox mürəkkəb şəraitdə fəaliyyət göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında əhəmiyyətli işlər görmüşdülər. Dünya təcrübəsində, ekstremal şəraitdə Milli Şura kimi ali hakimiyyət orqanının yaradılması presidentləri mövcud olmuşdur.

Azərbaycan hökuməti, eləcə də parlamenti respublikanın müstəqilliyinin Paris Sülh Konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən tanınmasına çalışırdı. 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət, həmin nümayəndə heyəti 1920-ci il yanvarın 12-də sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.

1920-ci il aprelin 22-də Azərbaycan Cümhuriyyəti Parlamenti Paris Sülh Konfransında missiyasını uğurla yerinə yetirmiş Azərbaycan nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin ciddi səylərinə baxmayaraq, onu de-fakto belə tanımayan sovet Rusiyasında da nümayəndəliklərin açılmasını təkid edərək buna nail oldular.

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilmədi: milli hökumət 1920-ci ilin 28 aprelində bolşevik qaragüruhu tərəfindən devrildi, ölkə işğala məruz qaldı. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğuldu, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu.

70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir. Ötən əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan başlanmışdır. Ümummilli lider böyük hakimiyyət ustadı kimi dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə - keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmişdir. Bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

1998-ci il yanvarın 30-da ümummilli lider Heydər Əliyev ilk dəfə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam imzalamış və bu yubiley dövlət səviyyəsində geniş keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğularıyla yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 15 fevral 2008-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də Xalq Cümhuriyyəti Parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirdi.

28 May - Respublika Gününü Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib: “Müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır.”

Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən xalq cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edildi. Nazirlər Kabinetinin 2018-ci il yanvarın 10-da keçirilən iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi və müvafiq sərəncam imzaladı. Hər kəs bu sərəncamı ölkə rəhbərinin milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirdi və təşəkkürünü ifadə etdi.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Müstəqil siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqilliyimiz isə əbədidir. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz.

 

Mahir MUSAYEV,

“Caspian Catering Cervice”

şirkətinin direktoru.

 

Respublika.- 2020.- 2 iyun.- S.6.