DAŞKƏSƏN SUKANAL SAHƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLİB

 

5 İyun — “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binasının açılışı olub.

 

Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binasının açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, 5 İyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bütün melioratorları və “Azərsu” ASC-nin kollektivini, bu sahədə çalışan hər bir kəsi səmimi qəlbdən təbrik edərək, yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, Daşkəsən şəhərinin içməli su təminatı olduqca ciddi problemli bir məsələ idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonuna çox böyük diqqət, qayğısı və tapşırığı ilə Daşkəsən şəhərinin sukanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Dövlət Proqramına daxil edilərək yüksək səviyyədə həyata keçirildi. Hazırda Daşkəsən şəhərinin sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Sakinlərin təmiz, içməli su ilə təmin olunması, onların məişət şəraitinin yaxşılaşması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına da olduqca müsbət təsir göstərir. Qədirbilən daşkəsənlilər üçün bu gün sözün əsl mənasında ikiqat bayramdır. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən əhalisinin rifahı və sağlamlığı üçün gördüyü çoxşaxəli tədbirlərin nəticəsidir.

 

Çıxışının sonunda rayon rəhbəri qədirbilən daşkəsənlilər adından, şəhərin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasına görə möhtərəm ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

 

“Azərsu” ASC 7 ¹-li Sukanal İdarəsinin rəisi Xaqani Vəliyev çıxış edərək bildirdi ki, Daşkəsəndə əhaliyə yüksək xidmətin göstərilməsi məqsədilə Daşkəsən Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib. Ümumi sahəsi 190 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Sonda Daşkəsən Sukanal Sahəsinin bir qrup işçisi 5 İyun — “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı və göstərmiş olduqları yüksək peşəkarlığa görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.

 

 

 

Zabit XƏLİLOV,

 

Respublika”.

 

Respublika.- 2020.- 6 iyun.- S.4.