Su itkisinin qarşısı alınır

 

Həqiqət budur ki, su yer üzünün bütün canlılarına həyat mənbəyidir. Su olmasa, gözəllik olmaz, su olmasa, ruzi-bərəkət olmaz. Elə coğrafi məkanlar var, orada əkin-biçin suvarılmadan, yəni dəmyə şəklində becərilir. Yayı isti keçən aranda nə əkirsənsə-ək, becərdiklərinin canı sudadır. Mil-Muğan düzündə min hektarlarla torpaq bol suvarma suyu ilə öz sahiblərinin üzünü ağardır. Bu yerlərdə melioratorlar illər uzunu gecəni gündüzə qatıb torpağı duzdan-şoranlıqdan təmizləyib yararlı hala salmış, əkinləri bol suvarma suyu ilə təmin etmək üçün əllərindən gələni əsirgəməmişlər. Meliorator peşəsi bu səbəbdən də həmişə yüksək qiymətləndirilir, bu peşənin daşıyıcıları xətir-hörmət sahibi olurlar. Dövlət başçısının sərəncamı ilə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının qeyd olunması bu xətir-hörmətə əyani misaldır.

 

Son illərdə havanın quraqlıq keçməsi suvarma sistemlərində çalışan insanların qayğısını birə-beş artırmışdır. Ölkənin əsas su mənbələrində-Kür və Araz çaylarında, eləcə də digər çaylarda sululuğun aşağı səviyyəyə düşməsi sudan maksimum qənaətlə istifadə tələbi qarşıya qoyur. Su təsərrüfatlarında suvarma suyunun nəqli zamanı itkinin qarşısını almaq məqsədi ilə müsbət tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.

 

Peşə bayramı ərəfəsində görüşüb söhbət etdiyimiz Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəisi İbrəhim İbrəhimov başçılıq etdiyi kollektivin bu həyati əhəmiyyət kəsb edən məsələnin həllində gördüyü işlər barədə danışdı:

 

-  Kollektivimiz rayonun 20.893 suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Çətin, lakin şərəfli vəzifəni icra etmək üçün ilk növbədə balansımızda olan suvarma sistemlərinin qorunub saxlanılmasına, onların normal rejimində işləməsinə çalışırıq. 2020-ci təsərrüfat ilində 13.850 hektarda taxıl, 309 hektarda çoxillik əkin, 1676 hektarda yem bitkiləri, 302 hektarda bostan-tərəvəz, 260 hektarda pambıq, 127 hektarda qarğıdalı, 2153 hektar həyətyanı sahədə əkin aparılmış, bu əkinlər normada göstərilən həcmdə suvarma suyu ilə təmin olunmuşdur. Su təminatını yaxşılaşdırmaq məqsədi ilə bu ilin 5 ayında 138,5 kilometrə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Bu işlər əsasən rayonun ayrı-ayrı kəndlərində həyata keçirilmiş, təmizləmələrdən sonra kanalların suötürmə imkanları yaxşılaşmışdır. İlin ötən 5 ayında bir neçə nasos aqreqatı, elektrik mühərriki əsaslı təmir olunmuş, bir neçə hidropost, nasos stansiya binası, mülki bina cari təmir edilmişdir. Hazırda rayonda 6 sudan istifadə edənlər birlikləri fəaliyyət göstərir.

 

Uzun illərin təcrübəsinə əsaslanıb deyə bilərəm ki, fəsillərin quraqlıq keçməsi suvarma işinin normal səviyyədə aparılmasını böyük çətinliklər qarşısında qoymuşdur. Dövlət başçısı cənab İlham Əliyev mövcud vəziyyətin müsbət həlli istiqamətində mühüm tapşırıq və tövsiyələr vermişdir. Belə başa düşürük ki, əlaqədar təşkilatlar, o cümlədən suvarma sistemləri öz imkanları daxilində vəziyyətdən səmərəli çıxış yolları düşünməlidirlər. Bu istiqamətdə kollektivimizin həyata keçirdiyi tədbirlər səmərəli nəticəsini verir. Hələ bir neçə il bundan əvvəl Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyinin göstərişi və köməkliyi ilə 6 ədəd üzən nasos qurğusu istifadəyə vermişik. Kür çayında suyun səviyyəsi minimal həddə düşəndə bu qurğular su vurma gücünü özündə saxlayır, istənilən həcmdə suvarma suyu nəql edə bilir.

 

Günün vacib işlərindən biri su itkisinin qarşısını almaqdır. Aydın məsələdir ki, torpaq məcralı kanallar istismarda olarkən su itkisinə yol verilir. İtkinin qarşısını almaq məqsədi ilə istifadəmizdə olan 3,5 kilometrlik torpaq məcralı kanala beton üzlük vurmuşuq. Beton üzlük su itkisini aradan qaldırmaqla yanaşı, torpaqların təkrar şoranlaşmasının qarşısını alır.

 

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2020.- 6 iyun.- S.5.