Azərbaycan arxivlərinin 100 illik inkişaf yoluna qısa nəzər
İnsan sivilizasiyası yarandığı gündən bu günə kimi çoxsaylı kəşflərin, ixtiraların şahidi olmuşdur. Bu qiymətli kəşflər, ixtiralar olmadan bugünkü dünyanı təsəvvür etmək mümkün olmadığı kimi, insan fəaliyyətinin ən böyük nailiyyəti olan elmin, bədii, təsviri, tarixi düşüncələrin yazıldığı sənəd materialları yaranmadan bəşəriyyətin inkişafını düşünmək mümkün deyildir. Bəşəriyyət hər zaman böyük kəşflər etmiş insanlara borcludur. Bu kəşflər, ixtiralar, nailiyyətlər insan sivilizasiyasının elmi, mədəni, tarixi irsidir və sivilizasiyanın təkamülünü təmin edən əsas vasitədir. Bu mədəni, tarixi irsi qoruyub saxlamaq üçün insanlar düşünərək arxivləri yaratmışdır. Bu gün arxivlərimizdə təkcə elmi, mədəni tarixi abidələr qorunmur, həm də dövlət hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların arxiv sənədləri mühafizə edilir. Arxivlər təkcə tarixlə əlaqəli materialların öyrənilməsində deyil, həm də müəyyən qrup insanların sosial maraqlarının təmin edilməsində əvəzsiz tarixi mənbəyə çevrilir.
Arxivlərin bəşəriyyət üçün böyük əhəmiyyətini nəzərə alan Beynəlxalq Arxiv Şurasının Baş Assambleyası 2007-ci ilin noyabr ayında Kanadada keçirdiyi növbəti toplantısında “9 İyun Beynəlxalq Arxivlər Günü”nü təsis etmişdir. Bu rəqəm təsadüfi deyildir, məhz 1948-ci ildə Beynəlxalq Arxiv Şurasının yaradıldığı tarixlə eynilik təşkil edir. Ənənəvi olaraq həmin gün dünyanın müxtəlif ölkələrində, o cümlədən ölkəmizdə arxivlərin və arxivçi peşəsinin rolu və əhəmiyyətini təbliğ məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir.
Azərbaycanda arxiv quruculuğunun tarixi ötən əsrin əvvəllərindən başlanır. Şərqin ilk demokratik respublikası olan AXC Hökuməti rəsmi olaraq mərkəzləşmiş dövlət arxivini yarada bilməsə də bu sahədə ilkin addımlar atmışdır. Cümhuriyyət Hökumətinin Xalq Xarici İşlər nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair arxiv sənədlərinin toplanılması və öyrənilməsi məqsədilə Xüsusi Komissiya yaradılmışdır. Həmin Komissiyaya Azərbaycanda fəaliyyət göstərən Rusiya imperiyasının yerli idarəetmə orqanlarında yaranmış sənədlərin toplanılması, sistemləşdirilməsi və arxeoqrafik cəhətdən işlənərək çap etdirilməsi tapşırılmışdır. Cümhuriyyət Hökumətinin süqutunadək fəaliyyət göstərmiş Xüsusi Komissiya qısa müddətdə Bakı, Gəncə şəhərlərində yerləşən idarəetmə orqanlarının arxivlərində məhv olmaq təhlükəsilə üzləşmiş on minlərlə sənədi toplayaraq sistemləşdirmiş və toplu halında çap etdirmişdir. Xüsusi Komissiya faktiki olaraq Azərbaycanda arxiv işinin və arxeoqrafiya elminin ilkin əsasını qoymuşdur.
1920-ci ilin aprel işğalı Cümhuriyyət Hökumətinin süqutu və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə nəticələnmişdir. Yeni qurulmuş hökumətin 6 dekabr 1920-ci il tarixli iclasında ölkə ərazisindəki tarixi sənədlərin qorunması üçün təcili tədbirlərin görülməsi məsələsi müzakirə edilmişdir. Həmin iclasın tarixi nəticəsi olaraq Azərbaycan İnqilab Komitəsi Rəyasət Heyətinin sədri Nəriman Nərimanov “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı nəzdində Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekreti imzalamışdır. Bununla da Azərbaycanda rəsmi olaraq arxiv işinin təşkilinin əsası qoyulmuş və onun mərkəzləşdirilməsinə başlanılmışdır.
1920-30-cu illərdə ölkədə mövcud olan siyasi, elmi, tarixi əhəmiyyətli sənədlərin böyük hissəsi dövlət arxiv fondunda komplektləşdirilmiş, onların elmi-texniki cəhətdən qaydaya salınması və istifadəsinin təşkili üzrə geniş işlər görülmüşdür. 1930-cu ildə Mərkəzi İcraiyyə Komitəsi Azərbaycanda arxiv işinin yenidən təşkili ilə bağlı qərar qəbul etməklə bu sahədə idarəetməni daha da təkmilləşdirmişdir. Həmin qərarla Mərkəzi Arxiv İdarəsi, iki Mərkəzi Dövlət Arxivi - Oktyabr inqilabi və Tarix arxivləri yaradılmış, respublikamızın qəzalarında arxiv büroları təşkil edilmişdir. Görülən təşkilati tədbirlər geniş ölçüdə tarixi sənədlərin məhv olmasının qarşısını almış, dövlət arxivlərinə yeni arxiv fondlarının və sənədlərinin cəmləşdirilməsinə şərait yaratmışdır.
Azərbaycan arxivləri Böyük Vətən müharibəsi illərində öz fəaliyyətini dövrün tələblərinə uyğun təşkil etmişdir. Müharibə illərində Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri qəhrəmanlıqlarını özündə əks etdirən on minlərlə sənədi arxivlərimizə toplayaraq, dövrün həqiqətlərinin bu günümüzə çatdırılmasına öz layiqli töhfələrini verməyə nail olmuşlar. Eyni zamanda Şimali Qafqaz arxivlərindən köçürülmüş minlərlə sənəd materiallarını müvəqqəti mühafizəyə qəbul edərək məhv olmaq təhlükəsindən xilas edə bilmişlər.
1960-80-ci illərdə Arzərbaycanda arxiv işinin təkmilləşdirilməsi və dövlət arxivlərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhz həmin illərdə respublikamızda üç yeni mərkəzi dövlət arxivi — Ədəbiyyat və incəsənət, Elm-texnika və tibb sənədləri və Səsyazıları arxivləri yaradılmış, bir sıra rayon (şəhər) mərkəzlərində Mərkəzi Dövlət Arxivinin 15 filialı təşkil edilmiş, digər arxivlər sənəd tərkibi dəyişən rayon dövlət arxivlərinə çevrilərək fəaliyyətlərini davam etdirmişlər. Respublikamızda arxiv işinin təşkilati formalarının təkmilləşdirilməsi, həmin illərdə dövlət tərəfindən arxiv işinə verilən tələblərin yüksəldiyinin əyani göstəricisidir. Arxiv təşkilatları həmin illərdə konkret tarixi şəraitdə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, dövlət arxiv fondunun ictimai elmlərin inkişafı və geniş elmi-tədqiqatların aparılması üçün töhfə verə biləcək yeni sənəd materialları ilə komplektləşdirməsini təmin etmiş, dövlət mühafizəsinə elm-texnika, layihə-konstruktor sənədləri, elmi-tədqiqat işləri qəbul etməklə fundamental elmlərin inkişafı üçün zəngin sənəd bazası yaratmış, Azərbaycanın zəngin musiqi mədəniyyətini, bədii yaradıcılığını əks etdirən qiymətli materialları arxivlərdə cəmləşdirməklə cəmiyyətin maarifləndirilməsi, keçmiş tariximizlə bağlı informasiyaya olan tələbatın ödənilməsi istiqamətində mühüm işlər görmüşlər.
Həmin illərdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafına, onun milli-mədəni irsinin qorunmasına xüsusi həssaslıqla yanaşmışdır. Heydər Əliyev xalqımızın tarixi keçmişi ilə bağlı zəngin sənəd bazasının toplandığı dövlət arxivlərinin fəaliyyətini daimi nəzarətdə saxlamış, milli dövlətçilik tarixində arxivlərin rolunu yüksək qiymətləndirərək demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”. Ulu öndər bu müdrik fikiri ilə xalqın tarixini qoruyan arxivlərə bütün dövrlərdə ehtiyac olduğunu və onlara həssaslıqla yanaşılmasının zəruriliyini bir daha təsdiq etdi.
Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, Azərbaycan arxivləri də böyük çətinliklərlə üzləşmiş, onun maddi-texniki təchizatı, sənədlərin mühafizəsi işində ciddi problemlər yaranmışdır. Bu problemlər Azərbaycana yenidən rəhbərlik edən müdrik dövlət xadimi Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti ilə öz müvəffəqiyyətli həllini tapmışdır. Ulu öndərin tapşırığı ilə 1998-ci ildə ölkəmizdə arxiv işinin qanunvericilik bazasının formalaşdırılmasına başlanılmış və 1999-cu ilin yaz sessiyasında Milli Məclis “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununu qəbul etmişdir. Həmin ilin iyulun 27-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Milli arxiv fondu haqqında Azərbaycan Respublikası Qanunun təsdiq edilməsi barədə” Fərman imzalamışdır.
Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, arxiv işinin və arxivlərimizin inkişaf strategiyasını müəyyənləşdirən 5 fəsil və 23 maddədən ibarət bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsini təmin edən qanunvericilik bazasının əsasını qoymuşdur. Milli dövlətçiliyimizin möhkəmləndirilməsində arxivlərin rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” 2 dekabr 2002-ci il tarixli Fərmanı imzalamaqla arxivlərin dövlət idarəetmə sistemində vacib struktur olmasını bir daha təsdiq etmişdir. Həmin Fərmanla arxiv sənədlərinin dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan tələbatının ödənilməsində, elmi-tədqiqatların, monoqrafiyaların, dərsliklərin yazılmasında, vətəndaşların sosial-hüquq xarakterli sorğularının cavablandırılmasında əvəzsiz rolu qiymətləndirilmiş, həmçinin arxiv xidmətinin statusu və strukturunun Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə uyğun təkmilləşdirilməsi təmin edilmişdir. Dövlət arxivlərinin infrastrukturunun və texniki təchizatının möhkəmləndirilməsi, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində proqramların hazırlanması tapşırılmışdır. Bu Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti hüquqi statusunda Milli Arxiv İdarəsi yaradılır. Milli-mənəvi sərvətimiz olan arxiv sənədlərinin mühafizəsi, komplektləşdirilməsi, onlardan elmi-tədqiqat məqsədilə istifadəsi işində uğurlu nəticələrin əldə edilməsinə xidmət edən normativ-hüquqi baza formalaşdırılır. Dövlət arxivlərinə intensiv olaraq yeni sənədlər cəmləşdirilir, onlardan siyasi, elmi, mədəni məqsədlər üçün daha intensiv surətdə istifadə olunmağa başlanılır. Uzun illər bağlı qalmış və istifadəsinə məhdudiyyət qoyulmuş sənədlər tədqiqatçılar üçün açılır. Həmin sənədlərdən istifadə etməklə alimlərimiz yüzlərlə elmi əsər, monoqrafiya, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, Cümhuriyyət parlamentinin stenoqramları daxil edilmiş elmi məcmuələr hazırlayır, deportasiya tarixi, repressiya qurbanları olmuş görkəmli dövlət və elm, ədəbiyyat, incəsənət xadimlərinin həyat və fəaliyyətləri barədə elmi nəşrlər, sənəd topluları və məqalələr çap olunaraq geniş ictimaiyyətə təqdim edilir.
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin inkişaf strategiyası və siyasi kursu uğurla davam etdirilir, dövlətimiz dünyanın qabaqcıl ölkələrindən birinə çevrilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi məzmunlu islahatların ana xəttində ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, vətəndaşın sosial rifahı məsələsi durur. Aparılan uğurlu daxili və xarici siyasət, genişmiqyaslı sosial-siyasi islahatlar, həyata keçirilən Dövlət proqramları dövlətimizin beynəlxalq miqyasda nüfuzunu günü-gündən artırır.
Ölkəmizin sosial-mədəni həyatında baş verən inkişaf və tərəqqi arxiv işi sahəsində də öz real nəticələrini verir. Dövlətin diqqəti və qayğısı nəticəsində xalqın milli sərvəti olan arxiv sənədlərinin saxlama şəraiti yaxşılaşdırılır, dövlət arxivlərinin əməkdaşlarının normal fəaliyyəti üçün şərait yaradılır, innovativ texnologiyaların arxiv işində tətbiqinə geniş yer verilir. Respublikamızın tarixi şəhərləri olan Gəncə və Şəkidə yeni arxiv binalarının tikilməsi, respublika dövlət arxivlərinin binalarının əsaslı təmiri, Bakı şəhəri Mətbuat prospektində dövlət arxivləri üçün uyğunlaşdırılmış yeni binanın açılışında şəxşən Prezident İlham Əliyevin iştirak etməsi arxiv sahəsinin dövlətin diqqətində olmasını göstərir. Bu gün Azərbaycanın mədəni irsinin qorunması və dünya miqyasında tanıdılmasında ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu çox böyük töhfələr verir. Fondun dəstəyi və təşkilatçılığı ilə keçirilən beynəlxalq və ölkə xarakterli tədbirlərdə, sərgilərdə, Azərbaycanın şanlı tarixi, görkəmli dövlət xadimlərinin fəaliyyətləri ilə bağlı sənədli filmlərin, teleradio verilişlərinin hazırlanmasında Dövlət Kino-Foto sənədləri və Dövlət Səsyazıları arxivlərində mühafizə olunan nadir və qiymətli sənədlərdən geniş istifadə olunur, xarici ölkələrin arxivlərində, muzeylərində saxlanılan Azərbaycanla bağlı sənədlərin aşkar edilməsi istiqamətində mühüm işlər görülür. Fond tərəfindən görülən işlər Azərbaycan arxivçilərini ruhlandırır və öz işlərinə daha məsuliyyətli yanaşmağa sövq edir.
Qeyd olunduğu kimi, son on ildə dövlət arxivlərinin maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, mühafizəxanalar müasir havalandırma, isitmə- soyutma və yanğından mühafizə sistemləri ilə təchiz edilmiş, iş proseslərinin qismən kompüterləşdirilməsi təmin edilmişdir. Dövlət arxiv fondu barədə məlumatların məcmusu olan Elektron Arxiv Məlumat Sistemi yaradılmış, idarəetmə proseslərinin avtomatlaşdırılması və inzibati idarəetmənin səmərəliliyinin təmin edilməsi məqsədilə elektron plan-hesabat sisteminin tətbiqinə və arxiv sənədlərinin skan edilərək rəqəmsallaşdırılmasına başlanılmışdır. Son on ildə dövlət mühafizəsinə müxtəlif dövlət orqanlarından, idarə və təşkilatlardan, görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərinin şəxsi fondlarından 470 mindən çox saxlama vahidi kağız əsaslı iş, kino, foto, video sənəd qəbul edilmiş, yüz minlərlə sənədin elmi təsviri aparılmaqla arxivlərimizin elmi-məlumat bazasını zənginləşdirmiş, hər il 40 mindən artıq müraciətə baxılmaqla vətəndaşların hüquq və maraqlarının qorunması təmin olunmuş, il ərzində arxivin oxu zallarında 600-ə yaxın tədqiqatçıya xidmət göstərilmiş, onların istifadəsinə 30 minə yaxın saxlama vahidi verilməklə elmi dövriyyəyə yüz minlərlə yeni arxiv sənədinin daxil olması təmin edilmişdir. Hazırda dövlət arxivlərimizdə Azərbaycan elminin müxtəlif sahələri üzrə elmi-tədqiqatların aparılmasında əvəzsiz tarixi mənbə olan 17 minə yaxın arxiv fondu 3 milyon 800 mindən artıq saxlama vahidi böyük diqqət və qayğı ilə qorunur. Bu sənədlərin böyük hissəsi istifadə üçün açıq sənədlər təşkil edir və elmi araşdırmaların aparılması üçün tədqiqatçı gözləyir.
Arxivlərimiz mədəni-maarifçilik və təbliğat məqsədilə müxtəlif tədbirlər, açıq qapı günləri, sərgilər, ekskursiyalar təşkil edir. Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə təşkil olunmuş “Görkəmli şəxslərlə və nadir sənədlərlə tanışlıq” lektoriyası görkəmli şəxslərin şəxsi arxiv fondu sənədlərinin dövlət arxivlərinə cəmləşdirilməsinə, gənclərin nadir sənədlərlə tanış olmasına və onlarda milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
2020-ci il Azərbaycan arxivçiləri üçün əlamətdar hadisələrlə zəngindir. Cari ildə respublikamızda arxiv quruculuğunun 100 illi tamam olur. Məhz yubiley ilində ölkə başçımız cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi arxivçiləri daha da ruhlandırmışdır. Dövlət Proqramı arxivlər qarşısında icrası vacib yeni tapşırıqlar qoymuş və onun növbəti altıillik inkişaf istiqamətlərini müəyyən etmişdir. Proqramda arxiv işi sahəsində qüvvədə olan qanunvericilik bazasının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, dövlət arxiv xidməti təşkilatları sisteminin strukturu və şəbəkəsinin optimallaşdırılması, arxiv sahəsində İKT tətbiq etməklə onun modernləşdirilməsi, vahid arxiv məlumat bazasının yaradılması və dövlət informasiya sisteminə inteqrasiyasının təmin edilməsi, arxivlərə yeni binaların tikilməsi, onların maddi-texniki təchizatının daha da möhkəmləndirilməsi, xarici ölkə arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin surətlərinin ölkəmizə gətirilməsi, arxiv xidmətlərinin rasionallığının təmin olunması, arxivçi kadrların peşə hazırlığının artırılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi vəzifələri qoyulmuşdur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası arxivlərimizin cəmiyyətin sosial-mədəni həyatında rolunun və arxivçi peşəsinin nüfuzunun daha da artmasına xidmət edəcək, arxiv məlumatlarına çıxış imkanlarını genişləndirməklə əhalinin retrospektiv informasiyaya əlçatanlığını təmin edəcəkdir.
Azərbaycan arxivləri və arxivçiləri özünün 100 illik fəaliyyəti dövründə, ölkənin müxtəlif inkişaf mərhələlərində qarşılarına qoyulmuş konkret vəzifələri layiqincə yerinə yetirdiyi kimi, bu Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışacaqlar. Həmkarlarımıza bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayır, onları “9 İyun - Beynəlxalq arxivlər günü” münasibətilə təbrik edirik.
Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəis müavini.
Respublika.- 2020.- 6 iyun.- S.6.