İRƏVAN
XANLIĞI ENSİKLOPEDİYASI
Tarixi Azərbaycan torpaqlarına zaman-zaman erməni kütləsinin köçürülməsi Çar Rusiyasının Qafqaz geopolitikasında əsas siyasi amil olmuşdur. Bu siyasi maraq son iki əsrdə daha intensiv surətdə həyata keçirilmişdir. Azərbaycan ərazisinə tarixən erməni köçürülməsi əsasən iki istiqamətdə olub:
I. İran ərazisindən Qarabağ xanlığı ərazisinə köçürülmə.
II. Osmanlı ərazisindən İrəvan xanlığı ərazisinə köçürülmə.
Burada, mövzu İrəvan xanlığı ilə bağlı olduğuna görə ikinci istiqamətin (bəzi mənbələr əsasında) təhlili üzərində dayanmaq, xüsusən, ermənilərin İrəvan xanlığına köçürülməsi və müvafiq yerlərdə məskunlaşdırılması məsələsinə aydınlıq gətirmək istərdim.
Rusiya istilaçı imperativ dövlət olaraq mövcud olduğu tarixdən bu günədək Türk millətinə qarşı köklənib... Bu mətləbi dərindən dərk etmək üçün Pyotrun vəsiyyətnaməsindəki “Nəzərdə tutduğumuz böyük Rusiyanı reallaşdırmaq üçün Şərqin ürəyi olan Konstantinopola sahib olmalıyıq” siyasi hədəfinə nəzər salmaq kifayətdir. Yuxarıda qeyd etdiyim kimi heç şübhəsiz ki, erməni amili Çar Rusiyasının Şərq siyasətində istifadə edə biləcəyi siyasi vasitələrin ən önəmlisi olmuşdur. Şərq müsəlman ölkələri arasında Osmanlı əsas yer tutduğuna və aparıcı qüvvə olduğuna görə Çar Rusiyası bütün gücünü ona qarşı istiqamətləndirməyi vacib hesab edirdi. Aparılan bütün əməliyyatların siyasi mahiyyətində isə daxildən parçalama əsas məqsəd olaraq qarşıya qoyulmuşdur.
Tarixçi alim V.Quko Krayjinin 1926-cı ildə nəşr edilmiş “Böyük Sovet Ensiklopediyası”nda erməni məsələsi ilə bağlı yazdığı məqalənin üzərində ümumiləşdirmə aparıb, onun əsas qayəsini ehtiva edən ermənilik sisteminin istiqamətində iki istiqaməti aşağıdakı kimi göstərmək olar:
I. Erməni məsələsi Şərq məsələsinin bir hissəsidir və ona (daxili və xarici olmaqla) iki istiqamətdən yanaşılmalıdır. Böyük dövlətlərin Osmanlını daha asanlıqla işğalına görə onun mərkəzdənqaçma qüvvələrini gücləndirmək, beləliklə də ölkənin zəifləməsinə şərait yaratmaq.
II. Ermənilər öz burjuaziya rəhbərliyi altında milli müqəddəratının müstəqil həlli üçün iqtisadi-siyasi amillərin əldə edilməsi uğrunda mübarizəyə cəlb edilmişdir ki, bu plan da ölkənin ərazi bütövlüyünün parçalanmasını təmin etməli idi.
Aparılan araşdırmalar nəticəsində
belə qənaətə gəlmək olar ki, Osmanlı
dövlətinin daxilində çaxnaşma və
üsyanların ideoloji təşkilatçıları
sırasında xüsusi rolu olan, 1864-1876-cı illərdə
Rusiyanın Osmanlıdakı səfiri, general Nikolay
Pavloviç İqnatyev olmuşdur. Bu səfirin əsas fəaliyyəti
yerli şəraitə uyğun olaraq erməni
separatçılarının təşkilat və komitələrinin
yaradılması, onların silahlandırılması və
idarə edilməsinin nəzəri sxemini, həm də işlək
mexanizmini hazırlamaq olmuşdur. Osmanlı ərazisində
erməni muxtariyyəti məsələsi də İqnatyevin
icraçılığı ilə Çar Rusiyasının
planı olmuşdur. Bunun açıqlanması
üçün bir məsələ xüsusi
vurğulanmalıdır. Belə ki, vaxtilə
ruslar İstanbula girəndə indiki “Yaşıl-Köy”, həmin
dövrdə isə “Ayastefans” adlı məhəllədə
imzalanan müqavilədə rus hökumətini elə həmin
İqnatyev təmsil edirdi və müqavilənin 16-cı bəndində
“Türkiyə ərazisində erməni muxtariyyəti”
mövzusunu da O, təyin etmişdir. Başqa sözlə,
sonra İrəvan xanlığında qondarılan “Ermənistanın”
bünövrəsi də həmin müqavilədən
qaynaqlanmışdır və çox təəssüf ki, bu
muxtariyyət tarixi Azərbaycan torpaqlarda
reallaşdırıldı... Burada bir məsələ də
qeyd edilməlidir ki, rusların bu planı ermənilərin
arzu və maraqlarını təmin edirdi. Məs: 1912-ci ildə
ABŞ-da çap olunan “Hayrenik” jurnalında Şahan Natan
adlı daşnak-terrorçunun “Türklər və biz” əsərində
belə bir məqam var: “Erməninin türkdən başqa
düşməni yoxdur. Türkə qarşı
intiqamçı olmağı erməniyə Tanrı
özü öyrədib”. Bu ifadədən
aydın görünür ki, müttəfiq dövlətlərin
və rusların işğalçı siyasəti ermənilər
üçün nə dərəcədə arzuedilən bir
hadisə olmuşdur. Çünki bu ifadə yalnız bir erməni
nümayəndəsinə, qrupuna məxsus ifadə deyil,
bütövlükdə bir etnik kütlənin yoluxduğu
və daşıdığı kütləvi milli-dini psixoz
ideologiyanın əsasıdır. Erməni təşkilatları
və komitələri istənilən şəraitdə
öz məqsədlərini həyata keçirmək
üçün istənilən qeyri-insani kütləvi
qırğın, etnik təmizləmə vasitələrdən
istifadə etməyə hazır idilər və müvafiq əlverişli
məqam gözləyirdilər. Necə ki, Loşe
Nalbandyan yazır: “Erməni komitələrinin qarşıya
qoyduqları hədəflərə çatmaq
üçün üsyan başlatmanın ən uyğun
zamanı Osmanlı dövlətinin müharibə halında
olduğu zaman idi”. (Loşe
Nalbandyan. Amerikan Rovalution ary Movemt”. Unverstitiy of Coliforniya Pres 1963. s.
110-111.)
Osmanlı dövlətinin I Dünya Müharibəsində
olduğu zaman daxildə təxribat fəaliyyəti törədəcək
erməni təşkilat və komitələrindən
şübhələnməsi tam təbii idi. Dövlət
1914-cü ildə Ərzurumda bir iclas təşkil etdi. Həmin iclasda daşnaklar müharibə şəraitində
vətəndaş olaraq öz vəzifələrini yerinə
yetirəcəyinə və Osmanlı dövlətinin ordu
sıralarında sədaqətlə xidmət edəcəklərinə
söz vermişdilər. Lakin iclasın
görünən tərəfi bu oldu. Görünməyən
tərəfi isə daşnakların bir araya gəlməsi və
hələ bir neçə ay əvvəl özlərinin
keçirdikləri gizli iclasın nəticələrini
paylaşmaq idi. Belə ki, onlar həmin
iclasda Osmanlı dövlətinə qarşı aparılan
xarici planlardan istifadə etməyin ən əlverişli tarixi
şəraitin olduğu və bu fürsətin əldən
verilməməsi haqqında müzakirələr
aparmışdılar. Bu hadisənin
geniş şərhini “Ermeni Komitelerinin amal ve İhtilah
Hareketi”. İstanbul, 1333 (1917), s.144-146.
- adlı mənbə vermişdir. Əslində bu gizli iclas Rusiya ordusunda fəaliyyətdə
olan yüksək rütbəli ermənilərin planlı təşkilatçılığı
ilə baş tutmuşdu. Həmin iclasda Eçmiədzin
katolikosu başda olmaqla erməni heyəti ilə Qafqazın
ümumi valisi V.Daşkov arasında əldə edilən belə
bir razılıq var idi: “Osmanlı dövlətində erməni
maraqlarına müvafiq islahatlar icra edilməsi müqabilində
Osmanlı və Rusiya ermənilərinin Rusiyanı dəstəkləməsi
qeyd-şərtsiz olacaqdır. Bu
razılaşmadan bir müddət sonra katolikos Tiflisdə
çarın xüsusi qəbulunda olmuş və
bildirmişdir ki, “Anadoluda erməniləri türk hakimiyyəti
altından çıxarıb avtonom bir Ermənistan vilayəti
yaradılması ilə bu vilayətin Rusiyanın himayəsi
altında olması təmin edilərsə, ermənilər
Rusiyanın istənilən sifarişini icra etməyə
hazırdır”. (Tehal kovchian Gr. “Le Livre
Rouqe”. Paris. 1919. S. 12.) Məhz
elə ermənilərdən istifadə edərək Şərqi
Anadolunu işğal etmək buradan da isti sulara - Hind
okeanına çıxmaq Rusiyanın əsas planlarından
biri idi. Beləliklə, Rusiyanın Osmanlı dövlətinə
qarşı başladığı təcavüz zamanı
Daşnak Komitəsinin “Horizond” adlı mətbuat vasitəsi
belə bir şüar bəyan etmişdi: “Ermənilər
heç bir tərəddüd göstərmədən
Osmanlıya qarşı ittifaq yaratmış dövlətlərin
yanındadır. Onlar var qüvvələrini
Rusiyanın tapşırığına yönəltmiş və
könüllü dəstələr hazırlamışlar”.
(Mehmet Hocaoğlu, “Tarihde Ermeni Mezalimi ve ermeniler. İstanbul. 1976. s. 570-571.) Dəqiqlik
üçün qeyd edilməlidir ki, əslində
könüllü dəstələr qədər də muzdlu
qatillər toplanmışdı. Çünki
Rusiyanın hərbi qərargahlarında və diplomatik mərkəzlərində
cızılan planı icra edəcək qədər yetərsay
erməni könüllüləri yox idi.
Daşnak
Komitəsi öz təşkilatlarına belə bir təlimatla
tapşırıq vermişdi: “Ruslar sərhədi keçərkən
türklər geri çəkildikləri hər yerdə
üsyanlar təşkil etməklə türkləri iki od
arasında qoymaq lazımdır. Türk
orduları irəlilədikdə isə erməni əsgərləri
silahlarını götürüb yerlərini tərk edərək
ruslarla birləşəcəklər”. (Mehmet Hocaoğlu.
“Tarihde Ermeni Mezalimi ve ermeniler. İstanbul. 1976. s. 570-571.)
Osmanlı
dövlət məclisində yer alan Van
deputatı Papazyan da belə bir məlumat
yayımlamışdı: “Qafqazda könüllü erməni
dəstələri hazırlanaraq rus ordularının
öncülləri kimi ermənilərin yaşadıqları
bölgələrdəki strateji nöqtələri ələ
keçirməli və bununla da Anadolu istiqamətində irəliləyərək
oradakı erməni dəstələri ilə birləşməlidir”.
(Esat Uras. Tarihde Ermeniler və ermeni meselesi”.
İstanbul. 1976. s. 596-600).
Gizli cızılan bu planlar tamamilə yerinə
yetirilmişdi.
Belə ki, rus ordularının ön
sıraları ermənilərdən ibarət olaraq təşkil
edilmiş və şərq tərəfdən Osmanlı
torpaqlarına soxulmuşdu. Türk ordusunda
xidmət edən ermənilər isə “plana” uyğun olaraq
silahlarını da götürüb qaçmış və
məktəblərdə, kilsələrdə gizlədilən
silahlarla yaraqlanaraq yeni dəstələr, terror
qruplaşmaları təşkil etmişdilər. Onu da xüsusi vurğulamaq vacibdir ki, bütün
icra mexanizmi kilsələrdən gəlirdi və bütün
kilsələr mərkəzləşmiş Akdamar kilsəsindən
idarə edilirdi. Başqa sözlə,
Akdamar kilsəsi ibadətgah deyil, terror qərargahı idi.
Bütün terror mexanizmi İqnatyevin
planları üzrə işləyən erməni komitələri
tərəfindən icra edilirdi. Komitələrin
əsas prinsipi isə “azad olmaq istəyirsənsə əvvəl
qoşunları çaşdıran təxribatlar yarat” -
amalına söykənilirdi. Bu prinsiplə
də həmin təxribatçı terrorist dəstələr
türk kənd, qəsəbə və şəhərlərində
qətliamlar törədir, bununla da Türk ordularına arxadan
zərbə vurmuş olurdular. Arxadan zərbə
əməliyyatlarına yolları kəsmək,
yaralıların təxliyyə xidmətini gülləbaran
etmək, körpüləri dağıtmaq da daxil idi. Bununla da hədəf hər vasitəylə
rusların işğalını asanlaşdırmaq
olmuşdu.
Bir
sıra mənbələrə əsasən
vurğulamalıdır ki, terror təşkilatlarının
törətdikləri qətliam yalnız türk xalqına
qarşı deyil, Trabzon ərazisindəki “rumlu”lara,
Hakkari ərazisindəki “musəvi”lərə və başqa
etniklərə qarşı da aparılmışdır.
(Sehemsi Kara. Turcs et Armeniens devant İ
Histerie”. Genevie, İmperimerie National. 1919. s. 19).
ABŞ-da
dərc edilən “Goçnak” adlı erməni qəzetinin 24
may 1915-ci il tarixli sayında “Vanda bir
milyondan artıq türkün qırıldığı”
iftixarla yazılmışdır. Həmin mənbədə
o da qeyd edilmişdir ki, “Daşnak” nümayəndələrinin
1915-ci ilin fevralında Tiflisdə toplanan “Erməni Milli
Konfransı”nda vurğulanmışdır ki, “Rusiya Osmanlı
ermənilərini silahlandırmaq, onların üsyana cəlb
edilməsini təmin etmək üçün müharibədən
öncə 242900 rus rublu vermişdir”. (Esat Uras. Tarihde Ermeniler və Ermeni Meselesi. İstanbul. 1976. s. 604.) Bu
minvalla 15 mart 2011-ci ildə “Demokratik Prinsiplər Dərnəyi”nin
təşkil etdiyi konfransda iştirak edən və öz
çıxışını “Erməni diasporu ölü
ermənilərdən təbliğat aparmaqla diri azərilərin
faciəsini unutdurmaq istəyir” tezisi ilə başlayan ingilis
jurnalisti Dr. Manqo erməni uydurmalarına çox maraqlı bir
açıqlama verir: “Erməni millətçiləri
rusların təhriki ilə 1878-ci ildən etibarən
Osmanlı dövlətində daha çox əhalisi türklər
olan Anadoluda bir erməni dövləti yaratmaq arzusuna
düşmüşdülər, lakin buna müvəffəq
ola bilməmişdilər. Buna baxmayaraq rus çarı onlara
Azəri türklərinin torpaqlarında dövlət
quracağını vəd verdi və vədini
yerinə yetirdi. Nəticədə bundan ruhlanan
ermənilər Qafqazda Azərbaycan torpaqları üzərində
böyük Ermənistan yaratmaq iddiasına düşdülər”
(Dr. Manqo. Demokratik Prinsipler Dergisi”
konfransı. 15 mart 2001).
Yuxarıda verilən elmi-tarixi-siyasi təhlillər ermənilərin
İrəvan xanlığına hansı şəraitdə,
hansı məqsədlə, necə köçürülməsinə
və məskunlaşdırılmasına müəyyən
aydınlıq gətirmək üçün idi.
Hazırkı
dünya siyasətində siyasi ideologiyaların böhranı
daxilində mənəvi-əxlaqi dəyərlərin
darmadağın edildiyi, sələmçi kapitalizmin
hökmranlığı altında humanizmin sıradan
çıxarıldığı, beynəlxalq təşkilatların
formallığı fonunda hüquqi aktların arxa plana
keçirildiyi, milli dövlətlər üzərində
geopolitik maraqların dominantlığı, bir sözlə,
siyasi ədalətin yoxluğu şəraitində öz
mövcudluğu uğrunda çarpışan xalqlar-millətlər
üçün informasiya siyasəti əsas xəttdir və
aparıcı qüvvədir. Nəzərə alsaq ki,
bütün qarşıdurmalar, mübarizələr,
münaqişələr, müharibələr ilk növbədə
informasiya, xüsusən, koordinasion informasiya əsasında
idarə edilir, demək olar ki, artıq (XX əsrdən etibarən)
dünyada daha çox “informasiya müharibəsi”
aparılır. Hadisənin dözülməz tərəfi
odur ki, bu informasiya müharibəsi (dünyanın
böyük güc mərkəzlərinin və xristianlıq
birliklərinin dəstəyi ilə) “dezinformasiya” üzərindən
aparılır, uydurmalar silah qismində işlədilir və
haqlı tərəfin həqiqətləri qaranlıqda
qalır...
Tarixi ərazisinin
100-də 80 faizi zəbt edilən, xüsusilə, son 200 il
boyunca parçalanan, talanan, Azərbaycan üçün
informasiya siyasəti prioritet məsələdir. Uzun illərdi
xarici havadarların manipulyasiyası altında Azərbaycan ərazisində
yaradılan, Azərbaycana qarşı işğalçı,
təcavüzkar siyasət aparan terrogen Ermənistan dövləti,
onun siyasi sistemi, geniş sferada isə erməni lobbisi, erməni
diasporu və erməni diplomatiyası dezinformasiya ilə
dünya ictimaiyyətinə təsir etməkdədir. Başqa
sözlə, “xristianlıq” elementlərinə köklənən,
monofizit olan - həqiqi xristianlıqdan çox uzaq,
böyük güclərin siyasi maraqlarına adət olan buna
görə də qlobal “simpatiya” qazanan “ermənilik”
bütün daxili və xarici resurslarını
bütövlükdə Türk millətinə, “real planda” isə
Azərbaycan türkünə qarşı səfərbər
edib. Məhz, dezinformasiya üzərində...
Ermənistan
siyasi sisteminin daxili və xarici siyasətə
hesablanmış, biri-digərinə tamamilə zidd olan, daxildə
mif, xaricdə dezinformasiya siyasəti əsasən iki istiqamətdədir:
I. Daxili
siyasətdə; daimi olaraq əhalini “şanlı
keçmiş”, “cəngavər əcdad” simptomları vasitəsilə
“Böyük Ermənistan” mifinə inandırmaq, bununla da
(balayanların ideoloji fəaliyyəti ilə) kütləvi
dini-milli psixoz fenomeninə uğramış kütləni
mövcud vəziyyətdə sabit təsirdə saxlamaq.
II. Xarici
siyasətdə isə; “düşmən türk” obrazı
fonunda “zavallı”, “yazıq”, “məzlum” maskası ilə dilənçilik
xislətini öndə tutub dünya dövlətlərindən
imtiyaz qapmaq və himayə edilmək.
Bu baxımdan ermənilik sisteminin hədəflərini
dezinformasiyasını ifşa edən olduqca gərgin zəhmətlə,
yurd yanğısı və Vətən vəfası ilə tərtib
edilən Azərbaycanın əzəli və əbədi
torpağı İRƏVAN XANLIĞI adlı genişhəcmli
dörd cildlik ensiklopedik kitab nəfis şəkildə nəşr
edilmişdir.
Görkəmli ziyalı, professor Teymur Əhmədovun
tərtibatı və elmi redaktorluğu ilə nəşr
olunan dörd cildlik əsər Azərbaycan ictimaiyyəti
üçün ciddi hadisədir. Ona
görə də həmin toplu barədə geniş ictimaiyyətin
məlumatlanması olduqca zəruridir.
Ensiklopedik
toplu struktur etibarilə iki metodologiya əsasında təsnifatlaşdırılmışdır:
1. Məntiqilik.
Topluda irəli sürülən ideyalar ilk
növbədə əqli mühakimələrə uyğun
olaraq tarixi həqiqətlərə, rəsmi sənədlərə
və arxiv materiallarına əsaslandırılmışdır.
2.
Ardıcıllıq. Topluda, qələmə
alınan mövzular uzlaşdırılmış şəkildə
ardıcıl tərtib edilmişdir.
Hazırkı nəslin və gələcək nəsillərin
öz tarixi keçmişi barədə dürüst maariflənməsi
milli mövcudluğun vacib şərtlərindəndir. Bu baxımdan
topluda əsaslandırılır ki, “tarixi həqiqətlə
qurmaq üçün təkcə hadisələrin və
faktların tarixini deyil, həm də bunları nəzəri cəhətdən,
aşkar - necə və hansı yöndə şərh
edildiyini və ermənilərin xristian dünyasına öz
şəxsi qurumlarını necə təqdim etdiklərini
bilmək lazımdır”.
Azərbaycanın
ümummilli problemi olan erməni təcavüzü ilə əlaqədar
əsərlərin konseptuallığına dair bir neçə
istiqamət nəzərdə tutulur:
-
dünya miqyasında ermənilər bir cinayətkar etnos kimi
ifşa edilməli, bəşəriyyətə yüzlərlə
yalan və saxta informasiyalar yaymaqla bu haylar bir tərəfdən
özləri haqda, digər tərəfdən Azərbaycan
türkləri və ümumiyyətlə müsəlmanlar
haqda yalnış, heç bir əsası olmayan təsəvvürlər
formalaşdırılmasının qarşısı
alınmalı, saxta fikirlərin alt-üst edilməsi əsas
vəzifə olmalıdır;
- xalqın maarifləndirilməsi
üçün təhsil sisteminə yardım məqsədilə
Azərbaycan dilində ermənilərin cinayətlərini
ifşa edən və son informasiyanı özündə əks
etdirən yeni kitablar yazılmalıdır;
- yazılan kitabların oxunmasını, tədqiqatçılar
tərəfindən təhlil edilməsini, ayrı-ayrı
strukturlarda, təşkilatlarda və qurumlarda erməni dezinformasiya
və təxribatlarının ifşasının metodları
geniş təbliğ olunmalıdır.
Əhatə olunan mövzuların müəyyən məqamlarını
ümumiləşdirilmiş şəkildə diqqətə
çatdırmağa zərurət vardır. Topluda İrəvan
xanlığının əhali və ərazisinə dair dəqiqliyə
uyğun əhatəli məlumatlar (etibarlı mənbələrə
əsasən) yer almışdır. Əsərdə
qeyd edilir ki, erməni tarixçilərinin “Albanya tarixi”nə
dair ermənlərin inhisara aldığı Moisey Kalankatuklunun
əsərinə dair akademik Ziya Bünyadovun tədqiqatları,
o cümlədən “Azerbaidjan v VII-IX vv. Bakı, 1965”
monoqrafiyası albanistika istiqamətində erməni
inhisarını sarsıdan mötəbər mənbə kimi
qiymətləndirilir. Ziya Bünyadovun 1993-cü
ildə Azərbaycan dilində tərcümə etdiyi “Albaniya
tarixi” Azərbaycanda nəşr edilmişdir. Bu istiqamətin açılması Qafqaz tarixinin
qaranlıq tərəflərini aydınlatmışdır.
İrəvan xanlığında tarixən formalaşan
siyasi sistemin və idarəetmənin türk-müsəlman
şəxsiyyətləri ilə bağlı olmuşdur. Bunu ermənilər
açıq şəkildə etiraf ediblər. Ermənistan SSR-də erməni dilində nəşr
edilən Sovet Ensiklopediyasında Kahin Hovhannes Şahxatunyan tərəfindən
tərtib edilən yazıda “1400-cü ildən 1828-ci ilədək
İrəvan xanlığını idarə edən
bütün hökmdarların siyahısı və tarixi
göstərilir. Həmin nümayəndələr
bütövlükdə türk-müsəlman olmuşdur.
Göstərilən siyahı böyük bir
dövrün hakimiyyət sisteminin siyasi aktorlarının
siyahısıdır. Fakta məntiqi mühakimə ilə
yanaşaraq nəzərə alsaq ki, dövlət əhali, ərazi
və hakimiyyət sistemindən ibarət vahid sistemdir və
hakimiyyət də həmin əhalini təmsil edir, nəticə
alınır ki, İrəvan xanlığı ərazisində
aborigen əhali türk-müsəlman əhalisi olub, ona
görə tarixən hakimiyyət sistemində bir nəfər
də olsun erməni təmsil olunmayıb.
İrəvan xanlığının taleyindəki tənəzzülün
başlanğıcı kimi Osmanlı dövləti ilə Səfəvilər
dövləti arasında gedən müharibələr göstərilir. Səfəvi dövlətinin
ərazisində, bəylərbəyliyində olan Çuxursəd
adlandırılan İrəvan xanlığı ərazisinin
iki dəfə Osmanlı tərəfindən fəth edilməsi,
İrəvan xanlığı ərazisi (Çuxursəd) XVI
əsrin sonu XVII əsrin əvvəllərində və XVIII əsrin
20-30-cu illərində Osmanlı dövlətinin tərkibində
olması, Osmanlı hakimiyyət orqanları İrəvan əyaləti
üçün iki müfəssəl, dörd icmal və iki
sicil dəftəri tərtib etməsi, onlardan biri, “Dəftəri-sicil-livayi-Rəvan”
(1603-cü il) Sofiyada, qalanlarının isə İstanbulda
saxlanılması əsaslandırılır. Göstərilir
ki, -Sicil dəftəri- 1590-cı və 1728-ci ildə tərtib
edilmiş iki müfəssəl habelə, təqribən,
1595-ci ildə və 1728-ci ildə tərtib edilmiş iki icmal
dəftərlər əldə olunmuş və onların
axırıncısı 1728-ci ildə icmal dəftər kimi
çap etdirilmişdir. “İcmal dəftər”
bir çox məsələni, xüsusən İrəvan
xanlığının 1590-cı ildə və 1728-ci ildə
inzibati-ərazi məsələsini əks etdirir.
1590
-cı ildə İrəvan xanlığı iki hissədən,
İrəvan və Naxçıvandan ibarət olmuşdur.
İrəvan nahiyəsi Karbi, Vedi, Aralıq, Talin, Ərmus,
Abnik, Abaran, Şərəbxana, Naxçıvan nahiyəsi isə
Ağcaqala, Mavaziyul-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam,
Dərəşahbuz, Bazarçayı, Şərur, Zəbil,
Əlincə, Sisyan, Azadçiran, Ordubad, Şorlut, Dərənürküt
adlanan əraziləri əhatə etmişdir. Mənbələr
göstərir ki, həmin dövrdə Ordubad Təbrizin tərkibinə
daxil edilmişdir. Lakin XVIII əsrin əvvəllərində
bu bölgüdə xeyli dəyişiklik edilmişdir.
Maku, İğdır, Sürməli nahiyələri əyalətə
daxil edilmiş, Bərgüşad Gəncə-Qarabağ əyalətinə
qatılmış, Göyçə, Məzrəə,
Xınzırək, Qırxbulaq, Dərəçiçək
nahiyələri Sürəgəl livası
yaradılmış, Talin, Ərmafi, I Abnik, Şərəbxana,
Bazarçayı və Ağcaqala nahiyələri ləğv
edilərək onların kəndləri yeni
yaradılmış nahiyələrə verilmişdir. Yer alan
mənbələrin bir hissəsində İrəvan
xanlığı ərazisi üzrə 1172 abad, 307 heç
kimin yaşamadığı kənd, ayrıca olaraq Zarzəmin
nahiyəsində 172 kəndin qeydə alındığı
göstərilirsə, digər tərəfdən dəqiqliyə
uyğun məlumatlara əsasən abad kəndlərin sayı
1423, heç kimin yaşamadığı kəndlərin
sayı isə 89 olmuşdur.
Topluda erməni kütləsinin İrəvan
xanlığına köçürülməsi ilə əlaqədar
xarici ölkələrdə nəşr edilən ədəbiyyatlardan
geniş istifadə edilmiş, hətta erməni müəlliflərinin
yazılarından da sübutlar gətirilmişdir. Məsələn,
“erməni tarixinin bəzi məsələlərində
obyektivliyi itirməyən erməni müəllifləri
vardır. Fəlsəfə doktoru B.İşxanyan
1913-cü ildə Berlində alman dilində, 1916-cı ildə
isə Peterburqda rus dilində nəşr olunan “Narodnosti
Kavkaza” kitabında yazmışdır: “Ermənilərin həqiqi
vətəni, qədim-tarixi Böyük Ermənistan
Kiçik Asiyadadır, yəni Rusiya hüdudlarından kənardadır
və ermənilər Zaqafqaziyada (başlıca olaraq İrəvan
quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrində
yalnız son əsrlərdə məskunlaşmışlar”
kimi nümunələr göstərilir.
Erməni kütləsinin İrəvan xanlığı
ərazisinə tədricən məskunlaşması barədə
olduqca mötəbər tarixi sənədlərə müraciət
edilir. “İrəvan qalabəyisi və Qərbi Azərbaycan
bəylərbəyi Rəvan xan 1519-cu ilin oktyabrında Şah
İsmayıl Xətaiyə yazmışdır. “Ulu
şahım Tanrı atan Heydər Səfiyə qəni-qəni
rəhmət eləsin. Sən nökər
bəndəni bu oğuz-türk diyarına bəylərbəyi
təyin edərkən, adamlar içrə Şahmərdan
Əli kimi ədalətsevər olmağı, möminlərə
İmamımız Hüseyn kimi insanpərvər
davranmağı dönə-dönə tövsiyə etmisən.
Mən qulluq meyarının dairəsindən
çıxmamışam. Lakin son illər müşahidəmə
görə, əhalinin bir qismi, yəni Bəynənnəhreyndən
Van gölü sahillərinə, oradan da beş-beş, on-on
Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər
kimi, kəsbikarlıqla, xırda ticarətlə, bənna və
dülgərliklə güzəran sürüb farağat
oturmaqdansa, tabeliyindəki torpaqlara yerdəyişmə
vurnuxmalarına başlamış, geniş oturaq həyat
iddialarına qapılmışlar. İndi
Ağkilsə (Eçmiədzin) kəndində əyləşən
dünya ermənilərinin katalikosu 2-ci Qriqori zünnarına
(təyinatına - R.R.) xas olmayan fəaliyyəti ilə təxribatçılıq
əməlləri ilə idarəmizi müşküllərə
məruz qoyub. Katalikos erməni dini mərkəzinin vəqf
sərmayəsi hesabına öz soydaşlarını kəndlərin
kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını
maliyyələşdirir, onlara ufacıq (xırda - R.R.) kilsələr
tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti
təsəvvürü yaradır ki, bunlar istiqbalda nəsillərimizə
başağrısı verə biləcək fəsadlar
törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz,
obamız qalmayıb ki, orda üç yad ailə
işığı yanmasın. İsmətsizlik əxlaqına
qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı
cavanlarına sırınmağa can atır, qədim peşəliklə
könüllər ovundurur, oğuzlara ərə getməyə,
başqa sözlə, mülkümüzə, malımıza
şərik çıxmağa çalışır, siyasətdə
sakit təcavüz adlanan cinayətlər törədirlər.
Qarışıq nikahların vüsəti məni
qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi
on beş min gəlməni
mövsümü işçilər kimi qism-qism qaytarım vətənin
dışına. Sənin qulun Rəvan xan”.
Əlbəttə bu məktubun məzmunu özündə bir
sıra hadisələri əks etdirir: ermənilərin Qafqaza
necə ayaq açmalarından, İrəvan
xanlığına hansı yollarla, vasitələrlə məskunlaşmalarından
xəbər verir. Məktubun mühüm bir cəhəti
də XVI əsrdə “Qafda qədim mövcudiyyəti təsəvvürü
yaradır ki, bunlar istiqbalda nəsillərimizə
başağrısı verə biləcək fəsadlar
törənməsinə zəmin yarada bilər” kimi
proqnozlaşdırılan, gələcəkdə baş verəcəyi
ehtimal edilən hadisələrin XX əsrdə
reallaşmasıdır.
Topluda təqdim
edilən əsərlərdə erməni nümayəndələrinin
etiraf xarakterli fikirlərini aşkarlayan (nümunə olaraq
aşağıdakı kimi göstərilən) məqamlar
geniş yer almışdır:
- “tarixdə
erməni dövləti olmadığına görə erməni
nümayəndələri birmənalı olaraq öz tədqiqat
işlərinin adını “Ermənistan tarixi” deyil, “erməni
xalqının tarixi” adlandırırlar”;
- “ermənilərin
öz həmcinsləri - tarixçi K.Patkanyan etiraf edir ki, “Ermənistan...
bu, ermənilərin yayılıb səpələndikləri bir
regionun adıdır”;
- “erməni tarixçisi Mabeqyan bu məsələni bir
qədər fərqli formada qoyur. Onun etiraf dolu suallarında “... erməni
xalqının əsli nədir, necə və nə vaxt,
haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl
və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə
və etnik tərkibinə kim, necə təsir göstərib?”. Bizim əlimizdə bunları
sübuta yetirən aydın və dəqiq dəlillər
yoxdur”... fikirləri yer almışdır.
Yuxarıda qoyulan “haradan və hansı yollarla o, buraya gəlib?”
sualı məhz elə erməni tərəfindən
cavablanır.
“1951-ci ildə nəşr edilən “Erməni xalqının
tarixi” kitabında yazılır: “Qədim erməni
tayfaları Zaqafqaziyada deyil, məhz yuxarı Fərat vadisində
məskunlaşmışlar”. Halbuki, digər bir məqamda “Azərbaycandakı
türklər barəsində qədim mənbələr”
adlı tədqiqat əsərində tarixçi Z.Yampoliskinin
“mixi yazıları”, habelə, ilk mənbələrin məzmunu
bunu deməyə imkan verir ki, “türkdilli xalqlar Azərbaycanda
eramızdan əvvəlki dövrdə peyda olmuşdur”
arqumenti irəli sürülür.
Toplunun əsas məziyyətlərindən biri də ermənilərin
İrəvan xanlığına nə vaxt, necə, hansı
şəraitdə köçürülməsini son dərəcə
aydın mənbələr əsasında sübut edilməsidir. Məsələn,
“N.N.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə”
adlı kitabında tarixi faktlara istinadən göstərdiyi
kimi, “1826-cı ildən 1830-cu ilədək biz Zaqafqaziyaya 40
mindən çox İran və 84 min Türkiyə ermənisi
köçürərək, onları erməni əhalisi cuzi
olan Yelizavetpol (Gəncə) və İrəvan
quberniyalarında, habelə Tiflis, Borçalı, Axalsix və
Axalkalaki qəzalarında yerləşdirdik. Yelizavetpol
(Gəncə) quberniyasının dağlıq hissəsi və
Göyçə gölü sahələrində bu ermənilər
yurd salmışlar. Onlara 200 min desyatindən
çox xəzinə torpağı ayrıldı”. Yaxud, “ABŞ professoru C.Makkarti “Genasid olmuşdurmu”
adlı kitabında deyilir ki, “İrəvan quberniyasında
1828-ci ilə kimi əhalinin 80 faizi azərbaycanlı müsəlmanlar
olmuşdur. 1828-1830-cu illərdə ermənilər bu ərazilərdə
yerləşdirildikdən sonra Qarabağda azərbaycanlıların
sayı azaldılıb 64,8 faizə,
Naxçıvanda 50,6 faizə, İrəvanda isə 46,2 faizə
enmişdir” kimi zəngin məlumatlar öz əksini
tapmışdır.
Toplunun səciyyəvi
cəhətlərindən biri də 10 fevral 1828-ci ildə
“Türkmənçay müqaviləsi” bağlandıqdan
sonra, Naxçıvan və İrəvan xanlığında
idarəetmənin dəyişdirilməsi və I Nikolayın sərəncamı
ilə 21 mart 1828-ci ildə həmin ərazidə, Azərbaycan
torpaqlarında “Erməni vilayəti”nin
yaradılmasının əsas mahiyyətinin
açılması məsələsidir. Rusların
işğal etdiyi Azərbaycan torpaqlarında erməni-xristian
vilayəti yaratma planı nəticəsində (Qacarlarla
Osmanlılar arasında) bir sədd çəkildi. Nəhayət,
1917-ci il fevral inqilabından sonra İrəvan
quberniyasında hakimiyyət orqanlarının
formalaşdırılması ilə Quberniya İcraiyyə
Komitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin
yerli orqanı elan etdi, bir müddət sonra isə Quberniyada
sovetlər yarandı... Bu minvalla RSFSR İrəvan
quberniyasında və Osmanlıda olan erməniləri öz
siyasi maraqlarına uyğun istifadə etmək
üçün daşnakları xeyli dərəcədə
silah-sursatla gücləndirərək rus hərbi hissələrini
Qafqaz cəbhəsindən geri çəkməklə ermənilərin
müsəlmanlara qarşı qətliam və
soyqırımı aktlarının aparılmasına şərait
yaratdı və rəvac verdi. Bununla da Qafqazda türk-müsəlman əhalinin ərazisi
üzərində rus-erməni birliyi fonunda yeni erməni əhalisi
yaratma planı həyata keçirilirdi. Yalnız
İrəvan quberniyası deyil, bütövlükdə Qərbi
Azərbaycan ərazisində erməni dövlətinin
yaradılması erməni millətçi və terror təşkilatlarının
əsas hədəfi idi.
Tarixi tənəzzül nəticəsində Azərbaycan
Milli Şurası nəzərdə tutulan Azərbaycan
Cümhuriyyətinin reallaşmasına növbəti əngəllərin
yaradılmaması zərurətini əsas götürərək
erməni şərinin qarşısının alınması
baxımından İrəvan xanlığı ərazisini ermənilərə
güzəştə getməli oldu. Əlbəttə bütün zərurətlərə
baxmayaraq bu güzəşt birmənalı olaraq tarixi-siyasi xəta
idi... Beləliklə də ermənilər I
Dünya Müharibəsi nəticəsində Qafqazda güc
sahibi olan xarici qüvvələrin himayəsi altında
“Ararat” dövlətini yaratmağa müvəffəq oldular.
Bununla belə ermənilər daimi olaraq etnik “təmizləmə”
siyasəti aparır, öz ata-baba torpaqlarında yaşayan Azərbaycan
türklərinə qarşı təxribatlar və təcavüzlər
törədirdilər. Etnik “təmizləmə”
və terror siyasəti 1918-20-ci, 1948-53-cü, 1988-ci illər ərzində
aparılmaqla İrəvan xanlığı ərazisində
bir nəfər də olsa aborigen əhalinin nümayəndəsi
olan türk-müsəlman qalmamışdır. Bundan
daha öncə, I Dünya Müharibəsindən bir az sonra
İrəvan xanlığındakı 575 min türk-müsəlman
əhalinin bir hissəsi qətlə yetirilmiş və 565 mini
öz yurdundan çıxarılmışdır. Hətta kütləvi soyqırıma məruz qalan əhalinin
demoqrafik göstəricisi konkret rəqəmlərlə erməni
müəlliflərinin yazılarında da əks
olunmuşdur. Z.Korkadyanın
yazdığına görə daşnakların hakimiyyətindən
sonra 1920-ci ildə sovet hökuməti dövründə
(yuxarıda göstərilən 575 min nəfərdən) 10
min nəfər türk-müsəlman əhali qalmışdır.
A.Lalayanın etirafına görə “erməni
daşnak hökuməti 30 aylıq (1918-1920 noyabr) hakimiyyəti
dövründə türk-müsəlman əhalisinin 60 faizini
qırmışdır”.
Sovet hakimiyyəti dövründə Ermənistanda rəsmi
“addəyişmə əməliyyatları 1935-ci ildən
1980-ci ilə kimi Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında
həyata keçirilmişdir. Ermənilərə
belə beynəlxalq qanunları pozma əməliyyatına əlbəttə
ki, Stalinin ətrafındakı ermənilər, Stalindən
sonrakı dönəmdə isə sovetlərin ermənipərəst
siyasi nümayəndələri vermişdir. 1988-ci ildən 2000-ci ilədək dövlət səviyyəsində
Ermənistan ərazisində 521 türkmənşəli
yaşayış məskənlərinin adı dəyişdirilmişdir.
Hər dəfə Ermənistan Ali Sovetinin fərmanı
ilə yaşayış məskənlərinin adları dəyişdirilməklə
yanaşı kəndləri birləşdirmək adı
altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistan
yaşayış məntəqəsinin siyahısından
çıxarılmışdır. 1918-1987-ci
illərdə indiki Ermənistan ərazisində 254
türk-müsəlman yaşayış məntəqəsi
müxtəlif yollarla (əhalisi soyqırıma məruz
qoyulmaqla və deportasiya edilməklə) siyahıdan
silinmişdir.
Erməni Qriqoriyan kilsəsinin tarixi saxtalaşdırma fəaliyyəti
xüsusi bəhs edilməli əsas mövzulardan biri kimi təhlil
edilir. Erməni kilsəsinin “fəaliyyəti”
saxtalaşdırma prosesi ilə məhdudlaşmayıb. Kilsə bir tərəfdən ideoloji təbliğatlar
aparırdısa, digər tərəfdən də gizli terror təşkilatları,
silahlı dəstələr yaradıb türk-müsəlman əhaliyə
qarşı qətliam və soyqırımı aktları
planlarını hazırlayırdı. Topluda
ardıcıl olaraq, (coğrafi və siyasi kontekstdə)
“Böyük Ermənistan” mifi düzəldən müəlliflərin
yazıları mənbələr üzərində dərin məzmunlu
dəlillər ilə ifşa edilir. Məsələn,
erməni tarixçilərinin atası hesab edilən Moisey
Xorenskinin 1893-cü ildə Moskvada, 1940-cı ildə İrəvanda
nəşr edilən “Ermənilərin tarixi” adlı kitabında
etiraf edilir: “...biz çox azsaylı, zəif və adətən
başqalarının hakimiyyəti altında yaşayan
xalqıq”. Bir məqam xüsusi vurğulanmalıdır:
bir tərəfdə “Şərqi Ermənistan”, “Qərbi Ermənistan”
sonra isə “Böyük Ermənistan” kimi mifləşdirilən
ərazi, digər tərəfdə isə (öz ifadələri
ilə) az və zəif xalq... hər halda bu ziddiyyətin
özü həqiqətin nədən ibarət olduğunu
isbat edir.
Toplunun əsas qayəsi İrəvan
xanlığının qədim türk-müsəlman
torpağı olmasını və yaxın tarixdə ermənilərin
həmin əraziyə köçürülməsini sübut
etməkdən ibarətdir. Ona görə də
bu missiya daha çox təqdim və təqdir edilməlidir.
Ermənilərin
İrandan Azərbaycan torpaqlarına köçürülməsi,
onlara vətən yaradılması üçün fəaliyyət
göstərən Çar Rusiyası ordusunda xidmət edən
çoxsaylı zabitlər sırasında mənşəcə
erməni, polkovnik Qazaros Lazaryan (Lazarev) tərəfindən
köçürülən ermənilərə müraciətən
yazılmış məktubu da ermənilərin necə,
hansı şəraitdə
köçürüldüyünü ifşa edən amillərdəndir.
Onun yazdığı məktubun mətni
aşağıdakı kimidir. “... siz
xristianların yaşadığı yeni vətən
tapacaqsınız... Xristianlar birləşdiklərini
görəcəklər və siz bilirsiniz Rusiyanın
Böyük Monarxı sizin sədaqətinizi necə
mükafatlandıracaq? Tələsin! Vaxt
qiymətlidir. Tezliklə Rusiya
qoşunları İran sərhədlərindən
çıxacaq, o zaman sizin köçməyiniz çətinləşər
və biz sizin yolunuzun təhlükəsizliyinə cavabdehlik
gücündə olmayacağıq. Az sayda
qurban verməklə qısa vaxtda hər şeyi həmişəlik
alacaqsınız”. Bu barədə A.S.Qriboyedovun 1828-ci ildə
çara ünvanladığı məktubda
köçürmə prosesinə geniş izah verir və
Lazarevin erməni xislətini və bu xislətindən irəli
gələn fəaliyyətini belə şərh edir: “...
polkovnik Lazarev özünü bu mühacirliyin əsas təşfiqedicisi
saymışdır, bu barədə, bizə məlum olduğu
kimi, o kifayət qədər aşkar, lakin əsassız
öz fikrini izah etmişdir. Ona görə ki,
onun barəsində ermənilərin heç bir
anlayışı yox idi, onlar təkcə Rusiyaya etibar etməklə
və onun qanunları altında olmaq arzusu ilə hərəkət
edirdilər”. A.S.Qriboyedovun məktubunda
vacib bir məqamlardan biri də bu gün Azərbaycanın
üzləşdiyi Qarabağ faciəsi ilə
bağlıdır. “Polkovnik Lazarev yalnız olduqca yersiz
proklamasiyalar (bəyannamələr) uydurulması, nizami erməni
könüllü qoşunları
formalaşdırılması barədə
düşünürdü... Qarabağın
özünü və digər vilayətləri öz niyyətləri
dairəsinə daxil etməyi fikirləşirdi”. Digər
bir məqam: “ermənilərin çox hissəsi müsəlman
mülkədarların torpaqlarında məskunlaşdırılmışdır”.
Məktubun bu məqamı ermənilərin nə
vaxt Qarabağa köçürülməsini və ora
hansı şəraitdə, necə yerləşdirilməsinə
aydınlıq gətirir. Köçürülmə
prosesi yalnız İrandan deyil, Osmanlı ərazisində məskunlaşan
ermənilərə də şamil edilmişdir. Osmanlıdan köçürülən ermənilərin
bütün (iqtisadi-sosial) göstəriciləri təfsilatı
ilə verilmişdir. Maraqlı məqamlardan
biri də qraf İvan Paskeviçin köçürülmə
planı və köçürülən ailələrin məskunlaşdırması
üzrə təsis etdiyi komitənin fəaliyyətini müəyyənləşdirən
12 maddəlik fəaliyyət planında bu ermənilərin
coğrafi relyef və iqlim qurşağı baxımından ən
əlverişli yerlərə yerləşdirilməsi qərarıdır.
Deməli, erməni dövləti yaratmaq üçün
İrandan köçürülən erməniləri
Qarabağ xanlığının ən dilbər guşələrində
yerləşdirilmişdisə, Osmanlıdan
köçürülən ermənilər Gəncə və
İrəvan xanlığının ən füsunkar ərazilərində
yerləşdirilməliydi... Məhz elə də
olmuşdur.
S.N.Qalinkanın
“Pyotr erməniləri gözdən qaçıra bilməzdi...
O, erməniləri faydalı vətəndaşlar kimi Rusiyaya
çağırır və onları dindaşları kimi
himayə edəcəyinə və qoruyacağına əmin
edirdi” təhlili xüsusi maraq doğurur. Buradakı
“faydalı vətəndaşlar” və “dindaşları” ifadələri
həmin dövrdən etibarən türk- müsəlman əhalinin
başına gətirilən müsibətləri aşkarlamaq
üçün açar sözlərdir. Azərbaycan
torpaqlarına köçürülən ermənilərin
harada yerləşdirilməsi ilə bağlı S.N.Qalinka qeyd
edir ki, “Naxçıvan xanlığında dövlətə
məxsus torpaqların azlığı səbəbindən o,
(Lazarev) erməni köçkünlərin böyük hissəsini
yol xərci ilə təmin edib onları İrəvan və
Qarabağ xanlığına getməyə sövq etdi... Üç ay yarım vaxt ərzində 8000-dən
çox ailə Arazı keçdi. Onlara
maddi yardıma və gözlənilməz xərclərə
görə 14.000 əşrəfi və gümüş pulla
dörd yüz rubl verilmişdi”. Erməni
kütləsinin, tarixi Azərbaycan torpaqlarına
köçürülməsi real mənbələr və rəsmi
arxiv materialları əsasında sübut edilir.
Vacib məqamlardan biri də Kremldəki ermənilərin
və erməni xislətlilərin fitnəsi, təhriki nəticəsində
23 dekabr 1947-ci ildə İ.Stalin tərəfindən imzalanan
“kolxozçuların və digər azərbaycanlı
(türk-müsəlman - R.R.) əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında SSR Nazirlər Sovetinin
qərarı” adlı 11 bənddən ibarət sənəddir. Həmin sənədin
siyasi tematikasını açıqlamaq üçün
birinci və sonuncu bəndlərə (ixtisarla) nəzər
salaq. Əgər birinci bənddə “1948-1950-ci illərdə
Ermənistan SSR-dən 100 min əhali Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülsün”
hökmü qoyulursa, sonuncu (11-ci) bənddə, Ermənistan
SSR Nazirlər Sovetinə azərbaycanlı (türk-müsəlman
- R.R.) əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi ilə əlaqədar
olaraq onların azad olunmuş tikililərindən və
yaşayış evlərindən Ermənistan SSR-ə gələn
xarici ölkələrin ermənilərinin yerləşdirilməsi
üçün istifadə edilməsinə icazə verilsin”
hökmü qoyulur... Burada iki nəticə var:
I. İrəvan xanlığı ərazisində mərhələli
və süni surətdə yaradılan erməni dövlətinin
coğrafiyasının genişləndirilməsi
üçün türk-müsəlman əhalini öz tarixi
torpaqlarından çıxarıb onların yurduna xaricdən
erməni kütləsi axıtmaqla Türkiyə ilə Azərbaycanın
arasında forpost formalaşdırmaq.
II.
Qafqazda erməni dövləti yaratmaq siyasəti menşeviklərlə
bolşeviklərin üst-üstə düşən geopolitik
marağı olmuşdur. Başqa sözlə,
bu maraq tarixən Kremlin ənənəvi marağı olaraq
qalır.
Bura qədər qeyd edilənlər dörd cildlik
ensiklopedik əsərin mahiyyətini (ümumiləşdirilmiş
surətdə) ifadə edir.
Bu məqamda
olduqca mühüm bir hadisə xüsusi qeyd edilməlidir:
İrəvan xanlığının əlverişli
coğrafiyası, səfalı relyefi, füsunkar iqlimi, qədim
abidələri, memarlıq incisi olan maddi mədəniyyət
nümunələri orada zəngin insan resurslarının və
milli-mənəvi dəyərlərin meydana gəlməsinə
şərait yaratmışdır. Başqa
sözlə, bütün kəmiyyət dəyişmələri
keyfiyyət yüksəlişinə səbəb olmuşdur.
Bu çox vacib amildir. (Aydınlıq
üçün vurğulayaq ki, dahi filosof F.Hegel “Tarixin fəlsəfəsi”
adlı əsərində insan resurslarını xeyli dərəcədə
iqlim qurşağı ilə əlaqəli şəkildə
izah edirdi). Yəni, İrəvan
xanlığında (xüsusən 1501-ci ildən sonra)
sosial-ictimai baxımdan elə bir ünsiyyətlər sistemi
formalaşmışdır ki, oğuz türkünün
genezisində, intellektual yaddaşında olan bütün
keyfiyyətlər təcəlli etmişdir. Bu keyfiyyətlər sənət, elm, din, xüsusilə,
mədəniyyət və poeziya sahəsində təcəssüm
olunmuş, habelə, adət-ənənələr, milli-mənəvi
dəyərlər sistemi kimi inkişaf yolu keçmişdir.
Məsələn, İrəvan
xanlığı ərazisindən olan çoxsaylı insanlar
İraqa gedib Həzrəti İmam Əlinin müqəddəs
məqbərəsinin olduğu (həmin dövrün möhtəşəm
elmi mərkəzi hesab edilən) Nəcəf şəhərində
uzun illər ilahiyyat və dünya elmləri üzrə təhsil
alaraq böyük elmi rütbələrlə İrəvan
xanlığına qayıtmış, əhalinin maariflənməsi
üçün ciddi fəaliyyət göstərmişlər.
Əlbəttə topluda bu barədə hər
hansı bir məlumat yer almamışdır. Bunu nəzərə alaraq biz burada “İrəvani” ləqəbli
nümayəndələri təqdim etmək istərdik. Həmin tarixi şəxsiyyətlərin İslam
alimləri qismində həyatları və fəaliyyətləri
dünyanın bir sıra elmi-tədqiqat institutlarında
araşdırılmış və şərqşünaslar
tərəfindən öyrənilmişdir. Onların
(bir qisminin) siyahısı aşağıdakı kimidir:
1. Ayətullah
Şeyx Əbdül-Kərim İrəvani. 1770-1858.
2. Ayətullah Həkim Şeyx Əbül-Qasim İrəvani. 1774-1823.
3. Ayətullah-ül-üzma
Şeyx Əbdül Hüseyn İrəvani.
4. Ayətullah-ül-üzma
Mirzə Əli İrəvani. 1884-1935. 50-dən
çox elmi əsəri vardır. Məşhur
“Əl-Mizan” təfsirinin müəllifi Ayətullah Əllamə
Təba-Təbainin və bir sıra görkəmli alimlərin
müəllimi olmuşdur.
5.
Müctəhid-Ayətullah Hacı Şeyx Yusif İrəvani.
6. Ayətullah
Əbdül-Kərim “Mollabaşı” İrəvani. 1805-1889.
7. Ayətullah
Şeyx Mövla Həsən İrəvani. 1864-
....
8. Ayətullah Mirzə Baqir İrəvani.
9. Ayətullah Seyyid Əbdül-Məcid İrəvani.
10. Ayətullah Hacı Şeyx Əli Əsgər İrəvani. 1810-1891.
11. Ayətullah
Şeyx Əbdül-Hüseyn İrəvani. 1835-1898.
12. Ayətullah Hacı Şeyx Musa İrəvani.
13. Ayətullah
Şəhid Şeyx Məhəmməd Əli İrəvani.
14. Ayətullah
ül-üzma Şeyx Məhəmməd İrəvani. 1817-1889.
15. Ayətullah Hacı Şeyx Əhməd İrəvani.
16. Ayətullah Hacı Şeyx Əbdül-Cabbar İrəvani. 1820- ....
Haqqında aparılan araşdırmalar nəticəsində
məlum olmuşdur ki, 1835-1860-cı illərdə Nəcəfi-Əşrəfdə
təhsil alıb, İrəvan əhalisinin maariflənməsi
üçün Vətənə qayıdıb. Apardığı fəaliyyət rus çarı
Nikolayı təşvişə salıb, nəhayət,
çar tərəfindən doğma diyarından
sürgün edilib.
17. Ayətullah-ül-üzma
Şeyx Məhəmməd Fazil İrəvani.
18. Ayətullah Hacı Şeyx Cavad İrəvani.
19. Ayətullah Hacı Məhdi İrəvani. 1840-....
Əlamətdardır ki, bu alim Nəcəfdə İmam
Əlinin şərəfinə onun məqbərəsinin
yaxınlığında 19 otaqlı “İrəvani” adlı məktəb
inşa etdirmişdir.
20. Ayətullah
Şeyx Məhəmməd Təqi İrəvani.
21. Ayətullah
Şeyx Məhəmməd Baqir İrəvani.
22. Ayətullah Seyyid Mürtəza İrəvani.
23. Ayətullah
Mövla Məhəmməd İrəvani.
24. Ayətullah Mirzə Ağası İrəvani.
25. Ayətullah Hacı Seyyid Əli Ağa İrəvani. 1822-1873. Nəcəf
şəhərində yaratdığı böyük
kitabxana bu gün də qorunub saxlanılır.
26. Ayətullah-ül-üzma
Mirzə Fəzl Əli Müctəhid İrəvani. 1862-1918.
27. Ayətullah
Şeyx Məhəmməd Təqi İrəvani.
28.
Müctəhid, Şeyxülislam Axund Fazil İrəvani.
29. Ayətullah
Ağa Mir Əbdül-Höccət İrəvani.
30.
Höccətül-İslam Şeyx Sadiq İrəvani.
31. Ayətullah
Şeyx Məhəmməd Amuli İrəvani.
32. Ayətullah
Şeyx Əbdül-Qəni İrəvani.
Bu
sırada adları qeyd edilməyən onlarla ayətullah və
müctəhid titulu daşıyan maarifçi nümayəndələrin,
görkəmli şəxsiyyətlərin bir hissəsi
Çar Rusiyası dövründə, bütövlükdə
isə bolşevizmin hakimiyyətə gəlişi ilə erməni
qatilləri tərəfindən vəhşiliklə qətlə
yetirilmişdir. Həmin ali ruhanilər
İrəvan xanlığında öz simalarında yüksək
səviyyəli ünsiyyət mədəniyyətinin və
münasibətlər sisteminin yaranmasına rövnəq
vermişlər. Hətta bu münasibətlər əsasında
İmam Əli məktəbinin mənəvi-elmi irsi zaman-zaman
kollektiv yaddaş olaraq dildən-dilə yayılmış,
milli mədəniyyətin əsas mövzusu olmuş, bununla da
İrəvan xanlığının bütün ellərində,
xüsusən də Göyçə mahalında görkəmli
söz ustadlarının yaradıcılığının əsas
mövzusu olmuşdur. Başqa sözlə,
İrəvan xanlığında elə bir şair və
aşıq olmamışdır ki, onun
yaradıcılığında İmam Əli fenomeni yer
almasın. Bütün sənətkarların
bu mövzuda çoxsaylı poeziya nümunələri
vardır. Bu isə öz növbəsində o deməkdir
ki, yuxarıda adları qeyd edilən ruhanilər İslam dəyərlərini,
İmam Əlinin simasında Kamil İnsan obrazını, uca
şəxsiyyət nümunəsini, mərdlik və dönməzlik,
qeyrətlilik və ədalətlilik kimi ali xüsusiyyətləri
sosial-ictimai şüurda bərqərar etməklə folklorun,
klassik poeziyanın və şifahi xalq ədəbiyyatının
tematikasına, həmçinin, milli-mənəvi dəyərlərə
yeni bir mütərəqqi ovqat bəxş ediblər. Onların bu şərəfli xidmətləri daima
ehtiramla yad edilməlidir. Bu mətləb bir daha onu
göstərir ki, biz İrəvan xanlığında
yalnız ərazi deyil, həm də effektiv əhali və zəngin
insan resursları, eyni zamanda, böyük dəyərlər
sistemi itirmişik... Məhz bu dörd cildlik
ensiklopedik toplunun səciyyəvi cəhətlərindən
biri də yuxarıda qeyd edilən faciəvi itkilərimizi təsvir
edən nəsr və poeziya nümunələrinin topluya daxil
edilməsidir. Olduqca təqdirəlayiq
haldır ki, topluda rasional idraka söykənən akademik elmi tədqiqatlarla
yanaşı emosional duyumla qələmə alınan ədəbi-bədii
yaradıcılıq da öz əksini tapır. Əlbəttə,
dərin kədər və şiddətli ürəkağrısı
ilə meydana gələn bu yaradıcılıq İrəvan
xanlığının nisgilli baharını və qəmli
qışını hiss etdirir...
Azərbaycanda öz təqdirəlayiq əsərləri
ilə erməni mifinə və dezinformasiyasına
qarşı informasiya mücadiləsinə qalxan, qaranlıqda
qalan tarixi-hüquqi-siyasi həqiqətləri
işıqlandıran bir sıra nümayəndələr
vardır. Həqiqət naminə qeyd edilməlidir ki, erməni
yalanlarını, uydurmalarını və
dezinformasiyasını ifşa etmək, əks-hücuma
keçmək istiqamətində Azərbaycan Milli Elmlər
Akademiyasının müvafiq institutlarının müstəsna
xidməti vardır. Bu xüsusda isə az
sayda olan müəlliflərin fədakar fəaliyyəti və
dəyərli əməyi nəticəsində
yazdıqları əsərlər milli sərvət hesab edilə
bilər.
Hər
bir əsər iki mühüm amillə əlamətdardır:
özünün mahiyyəti və əhəmiyyəti ilə.
Bura qədər deyilənlər əsərin
mahiyyətini ifadə edir.
Əsərin əhəmiyyəti isə onun mahiyyəti,
yəni mövzusu ilə üzvü şəkildə
bağlıdır. Başqa sözlə, əsərin əhəmiyyəti
təyinatı ilə müəyyənləşir.
Bütövlükdə İrəvan xanlığının
ensiklopediyası olan bu dördcildliyin əhəmiyyətini əsasən
dörd istiqamətdə vurğulamaq olar:
I. Milli
özünüdərk. Dördcildlik, tarixi Azərbaycan
torpağı olan İrəvan xanlığına dair pərakəndə
məlumatların koordinasiyası ilə sözügedən ərazinin
məişətindən tutmuş siyasi idarəetməsinədək
yəni, maddi-iqtisadi, sosial-ictimai, ədəbi-mədəni,
hüquqi-siyasi, əxlaqi-mənəvi vəziyyətinə, bir
sözlə, mövcud həyat şəraitinə dair
külli informasiyaların sistemliliyi ilə milli
özünüdərk üçün çox əhəmiyyətlidir.
II. Milli
özünümüəyyənlik. Toplu, Azərbaycan ərazisini
zəbt edən, əhalisini soyqırıma məruz qoyan, onun
özünə inamına və milli hakimiyyət ruhiyyəsinə
təcavüz edən, deməli, dövlətçiliyinə
və dövlətinə qarşı açıq qəsdə
duran, hiyləgər, qəddar, mənfur düşməni
tanıtmaq, bu minvalla da milli özünümüəyyənlik
üçün hər bir azərbaycanlıya aşılamaq.
III. Milli
özünütəşkil. Əsər, xalqın, xüsusən,
hazırkı gənc nəslin öz yaxın tarixi
keçmişini dürüst öyrənməsi, ümummilli
faciələrini anlaması, ibrət alması, düşmənə
qarşı həm ideoloji-siyasi, həm də hərbi
mübarizəsi, torpağını vandal etnosun
tapdağından azad etmək uğrunda səfərbərliyi
və milli özünütəşkili üçün
tarixi praktiki yoldur.
IV. Milli
özünütəsdiq. Tarixən Azərbaycan
türkünə qarşı terror və soyqırımı
aktları törədən, onun ata-babalarının
uyuduğu torpaqları işğal edən düşməni
işğal altındakı ərazilərdən qovmaq, Ermənistan
siyasi sistemində təmsil olunmuş cinayətkar
qruplaşmaları, barbar birləşmələri layiqli cəzalandırmaq
və ərazi bütövlüyünü təmin edib milli
özünütəsdiqi üçün çox əhəmiyyətli
qan yaddaşıdır.
Nəticə etibarilə qeyd edilməlidir ki, qlobal böhranların girovuna çevrilən bəşər cəmiyyətinin ən ciddi problemi həm də “terror” problemidir. Elə bir problem ki, “idarə edilən xaos” kimi bütün ölkələri, cəmiyyətləri öz xofuna qərq edib. Terror (bütün növləri və tam mahiyyəti ilə) yalnız yaxın illərdə xarabalığa çevrilən İraqın, Suriyanın bir sözlə, Yaxın Şərqin timsalında müəyyənləşmir: bu, uzun illərdən bəri Azərbaycan torpaqlarında, xüsusilə, İrəvan xanlığında, son dövrdə Qarabağda türk-müsəlman əhaliyə qarşı aparılan siyasi-hərbi qanlı aktların xüsusiyyətlərində müəyyənləşir. Elə bir qanlı aktlar ki, zaman-zaman vandal erməni birləşmələri tərəfindən Azərbaycanın tarixi ərazilərində torpaq qatı, flora-fauna, canlı aləm daxil olmaqla türk-müsəlman memarlıq abidələri - məqbərələr, türbələr, yüksək səviyyədə inşa edilmiş maddi mədəniyyət nümunələri - qalalar, məscidlər, karvansaraylar, körpülər, saraylar və digər milli maddi sərvətlər üzərində, eyni zamanda bu deyilən səltənətin qurucusu olan yüz minlərlə günahsız insanların, mülki əhalinin üzərində aparılıb...
Heç şübhəsiz ki, haqqında bəhs edilən dörd cildlik toplu, erməni uydurmalarını ifşa etməkdə və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda real və təsirli vasitə olacaq. Onun dünya dillərinə tərcümə edilib yayılması vacibdir.
* Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı (İndiki Ermənistan (Dörd cilddə), Bakı, 2020-ci il.
Ruşan
RUŞANZADƏ,
Siyasi elmlər
üzrə fəlsəfə doktoru,
AMEA-nın Fəlsəfə
İnstitutunun böyük elmi işçisi.
Respublika.- 2020.- 9 iyun.- S.2-3.