Koronavirus və onun sosial-iqtisadi həyata təsiri

 

2020-ci ildə özünü göstərən koronavirus infeksiyası cəmiyyətdə çox ağır vəziyyətin yaranmasına səbəb oldu. Hətta 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən, nankor qonşumuz erməni işğalçılarından da ağır vəziyyət yaratdı. Müharibə vaxtı qarşıdakı düşməni görür, müdafiə olunur, ona qarşı tədbirlər hazırlayır, topla, tüfənglə, tankla, təyyarə ilə, raketlə hücum edir, təlafatlar törədilir. Ancaq indi gözə görünməyən, gizli yayılan koronavirus sürətlə yoluxan düşmən olmaqla dünyanı diz çökdürdü, insanların kütləvi məhvinə səbəb oldu. İstəsək də, istəməsək də əzizlərimizlə, yaxınlarımızla, uzun müddət görüşə bilmədik, yaxından ünsiyyət qurmaq mümkün olmadı.

Bu dəhşətli virus 2019-cu ilin axırlarında Çinin Uhan şəhərində başladı və Yer kürəsinin 200-dən artıq ölkəsinə yayıldı. Milyonlarla insan-körpə, cavan, qoca virusa yoluxdu, 350 min nəfər həyatını itirdi. Lakin insanlar bu infeksiyaya biganə və məsuliyyətsiz yanaşdılar, qrip kimi fəsadlarla, quru öskürək, asqırmaq və hərarət baş qaldırdı, nəfəs yolu ilə yoluxub ölümə səbəb oldu.

Koronavirusa yoluxmaların qarşısını almaq və karantin nəzarəti yaratmaq üçün Respublika Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargahın göstərişlərinə əsasən qabaqlayıcı tədbirlər görüldü, vətəndaşların bir-birinə əl verməklə salamlaşmaq, qucaqlaşmaq, öpüşmək, sarılmaq kimi vərdişləri qadağan edildi. Belə bir müsbət meyil formalaşdı: məsafə saxlamaq, əyani təmaslardan qaçmaq, sosial müdafiə, sanitar-gigiyena qaydaları müəyyən olundu və onlara ciddi əməl edildi. Ona görə də bu dövrdə düşünülmüş sosial çarxlar hazırlandı. Dəhşətli, qorxulu və çox sürətlə yayılan bəlaya qarşı birlikdə mübarizə aparmaq üçün bütün vətəndaşlara - uşaqlara, gənclərə, xüsusən risk qrupu yüksək olan yaşı 60-65-dən yuxarı olan yaşlılara “Evdə qal”, “İdman et”, “Kitab oxu”, “Məsafə saxla”, “Evdə qal, özünü, ailəni, cəmiyyəti qoru” və s. kimi təbliğat kampaniyası aparıldı. Səhiyyə işçiləri, polis televiziya əməkdaşları, zəruri xidmət göstərən müəssisələrin işçiləri bu işə cəlb edildi. Vətəndaş-dövlət həmrəyliyi artırıldı. Tədbirlər hər bir vətəndaşın özünün və cəmiyyətin sağlamlığına diqqət yetirməyə imkan yaratdı, ərzaq məhsullarından düzgün və səmərəli istifadə etməyin zəruriliyini anlatdı. Hər kəsin bir-birinə yardım, kömək etməsi üçün aksiyaların keçirilməsi gücləndirildi, insanlar səfərbərliyə alındı. Bizim ata-babalarımızdan qalan hörmət, mərhəmət, qayğı, nəzakət kimi yüksək qiymətləndirilən normalar, insani keyfiyyətlər özünü göstərdi.

Koronavirus yoluxmasının yayılmasını azaltmaq üçün qabaqlayıcı tədbirlər kimi bir çox hərəkətlər tövsiyə olunmadı. Belə bir müsbət meyil formalaşdı ki, əyani təmasları azaltmaqla ölümə səbəb olan yoluxmadan qorunmaq olar, yaxınlarını və özünü təcrid edə bilərsən. Sosial məsafə saxlamaqla, sanitar-gigiyena qaydalarına əməl etməklə virusdan yayınmaq olar. Ona görə də düşünülmüş sosial çarxlar, ixtisaslı mütəxəssislərin keyfiyyətli məlumatları və bu istiqamətdə reallığa söykənən informasiyalar hazırlandı. Hesab edirik ki, əhalinin sağlamlığı, təhlükəsizliyi və ərzaqdan düzgün istifadəsi həyati əhəmiyyət daşıdığı üçün bu istiqamətə hədəflənən sosial çarxlar artırılmalıdır.

Parklardan, istirahət məkanlarından, işdən və s. evə gəldikdə, hər hansı iş gördükdə, marketlərdən məhsul alıb gətirdikdə və s. əllərini iyirmi saniyə sabunla yumaq, spirtli məhlulla dezinfeksiya etmək ənənəsi yaradıldı. Beləliklə, insanlardan şəxsi sanitar-gigiyena qaydalarına əməl edənlərin sayı sürətlə artdı, kütləviləşdi.

COVİD-19 pandemiyası vaxtı nağd hesablaşmalar, bildirişlər daha çox elektron sistemlə əvəzləşdirildi, kartla, sifarişlə, qeyri-nağdsız alış-veriş genişləndirildi. Yəni sifarişlə dərman, meyvə, tərəvəz, çörək və s. ərzaq məhsullarının çatdırılması xidməti inkişaf etdirildi. Biznesin bu sahəsi daha da inkişaf etdirilə bilər.

Koronavirusa qarşı mübarizə şəhər və rayonlararası sərnişin nəqliyyatının və metroda gediş-gəlişin dayandırılması, bəzi marşrutların məhdudlaşdırılması müsbət addımlardan biri hesab edilməlidir. Bu baxımdan əhalinin məsafə saxlamadan sıxlıq şəraitində hərəkəti qorxulu xəstəliyin sürətlə yayılmasına səbəb olardı. İşə gedib-gəlmək məhdudlaşdırılaraq bir çox işlər onlayn, elektron terminalların müştəri xidmətləri vasitəsilə yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb. İnsanların vaxt və vəsait itkilərinə yol verməmək üçün yeni vərdişlər, innovativ yanaşmalar, rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Hesab edirik ki, əvvəlcə Bakıda supermarketlərdən bir neçəsini xəzinədarlara nağd pul əvəzinə birbaşa terminallara kartla vəsait ödənilməsinə keçmək olar.

Başqa bir məsələyə diqqət yetirək. Koronavirus infeksiyası dövründə xüsusi karantin rejimində əhalinin sıx toplanması, ünsiyyət qurması və s. üçün inzibati tənzimləmə qaydaları qoyulsa da, bəzi məsuliyyətsiz, biganə insanlar qonaq gedir, qonaq qəbul edir, yaxınları, qonşuları, qohumları ilə təmas qurur, onları ziyarət edirdilər. Elə bil evdə qalmaq “Evdə qal” çağırışı olanları, tətilə, istirahətə çıxmaları kimi başa düşülür. Beləliklə, onlar öz qohumlarını, yaxınlarını, ətrafındakıları çox qorxulu təhlükə qarşısında qoyurdular. Karantin rejiminin tətbiqi, evdə qalıb özünütəcrid etməkdir, kütləvi xəstəliyin, virusun qarşısının alınmasıdır, kampaniya, kef məclisi təşkil etmək, şadlıqlar keçirmək demək deyil. Belə olmasaydı, Bakının, bəzi rayonlarda, misal üçün Lənkəranda, Zərdabda, Goranboyda, Göyçayda, Tərtərdə, Gəncədə və digər rayonlarda belə məsuliyyətsiz hərəkətlər baş verməzdi.

Koronavirus yoluxması vaxtı ciddi qadağalar tətbiq olunmasına baxmayaraq bəzi qeyri-formal işləyənlərin müqaviləsi olmadığı meydana çıxdı. Tikintidə, bəzi müəssisələrdə rəsmi müqaviləsi olmadan işləyən və vergidən yayınan (2018-ci ildə vergi nəzarəti tədbirləri ilə əlaqədar müəyyən olunmuşdur) xüsusi topdansatış obyektləri, market şəbəkələri, özəl tibb müəssisələri də diqqəti cəlb etdi. Beləliklə, kölgə iqtisadiyyatının ortaya çıxması kimi hallar olduğu üzə çıxır.

Bəzi intizamsız, məsuliyyətsiz, biganə və cahil insanlar kütləvi yoluxmaya və ölümə səbəb olan bu dəhşətli virusun mahiyyətini dərk etmədən - “mən sağlamam”, “mənə heç nə olmaz”, “mən qorxmuram”, deyərək icazəsiz evdən çıxır, yoluxucu xəstəliyi istər-istəməz qarşıdakı insanlara ötürürdülər. Ciddi özünütəcrid qaydalarına riayət etmədən küçələrdə, parklarda, digər məkanlarda gəzişir, danışanda, güləndə, ağlayanda və s. bir-birinə çox yaxın olur, özü də bilmədən virus daşıyıcısına, yayıcısına çevrilirlər.

Həyatımızı dəyişdirən, tərəqqini sürətləndirən çoxlu tədbirlər həyata keçirilir. Bu tədbirlər içində kütləvi təbliğat işləri, mətbuat, televiziya böyük rol oynayır. Ancaq televiziyalarda nümayiş etdirilən verilişlərdə bəzən insanların düşüncə və həyata baxış səviyyəsini korlayan bayağı, aşağı səviyyəli şoular göstərilir. Orada iştirak edənlərin bəzilərinin danışığına fikir verməyən nalayiq və söyüşlə dolu ifadələr işlədir. Belə millət antipodlarını koronavirus qədər təhlükəli, ağrılı, acınacaqlı informasiya virusları adlandırmaq olar. Müxtəlif rubrikalar altında nümayiş etdirilən verilişlərdə, sosial şəbəkələrdə, kimlər bəzən tamaşaçıları qarşısına qoyub ağıl dərsi keçir, yol göstərir, məsləhət verirlər? Çalışmaq lazımdır ki, verilişlər tamaşaçılara hörmət ruhunda hazırlansın.

Sosial şəbəkələrdə, televiziyada incəsənət ustalarına, artistlərə, şoumenlərə həsr edilən verilişlərə, reklamlara daha çox yer verilir. Təbiidir ki, bir çox hallarda Az TV, İTV, Mədəniyyət TV, İdman TV istisnadır. Televiziyada verilişə dəvət olunanlar, hətta bəzi aparıcılar oturuşuna, duruşuna, geyiminə, danışığına fikir vermirlər. Hələ də çoxlu sayda əcnəbi dildə ifadələr işlədirlər. Çox vaxt aparıcıların ifadələri qırılır, yarımçıq qalır, müsahibinin sözünü lazımsız yerə kəsir. Onların nə demək istədiklərini başa düşmək olmur. Aparıcılar müxtəlif pozalarla öz şəkillərini verməkdən çəkinmirlər, rəhbərlik isə buna imkan verir. Hətta onların bir çoxu ailəsini, uşaqlarını, nəvələrini, evlərini, həyatlarını, paltarlarını, saç ustalarını, dərzilərini, bağlarını, itini-pişiyini, var-dövlətini reklam etməklə məşğuldurlar. Geniş tamaşaçı kütləsinə bunların heç bir dəxli olmasa da, bunlar tez-tez təkrar olunur. Verilişlərin aparıcıları ailə-məişət məsələlərini çox çılpaqlığı ilə müzakirə edirlər (Qarabağımız kimi problemimiz olduğu halda verlişlərdə dəfələrlə eyni simaları - daha çox müğənniləri, incəsənət adamlarını dəvət edirlər), bəziləri aparıcılıq etmir, təlxəklik edirlər. Özlərinin və verilişdə bəzi iştirak edənlərin danışıq və davranış mədəniyyəti aşağıdır, danışıqlarına, ifadələrinə fikir vermirlər, neqativ çağırışlar, mesajlar, fikirlər verirlər. Özlərini hər şeyi bilən kimi göstərirlər. Millətə hörmət qoyulmalı, danışığını, yerini bilməyən bəzi ekran “qəhrəmanlarını” əvvəl danışdırıb sonra çıxışa ixtiyar verilməməlidir.

Bəzi verilişlərdə nümunə olacaq, mənəvi-psixoloji və etik normalara hörmət əvəzinə hərc-mərclik, bir-birinin sözünü kəsmək, ifrat dərəcədə tərifləmək, tənqid və təhqir etməklə əxlaqa sığmayan ifadələr işlətməklə müzakirələr keçirilir. “Ona qalsa”, “Səhər-səhər”, “Şən-bazar”, “Praym şou”, “Gəl dərdivi danış”, “ATV maqazin”, “Səni axtarıram”, “Elgizlə izlə”, “Şou nyus”, “Gərgin saat”, “Ad günü”, “Komediaxana”, “Bizimləsən” və s. verilişlərində (və teleseriallar adı altında) məntiqi, mənəvi dəyərləri zədələyən tamaşalarda sıralanan çəkilişlərə, yayımlara senzura-nəzarət yoxdur. Burada və sosial şəbəkələrdə istədikləri sözləri işlədirlər, özlərini ədalı, hətta istintaq, təhqiqat orqanlarının əməkdaşları kimi aparırlar. Orada iştirak edənlər və çox hallarda haqqı olmayanlar “məşhur”, “dahi”, “görkəmli”, “böyük şəxsiyyət”, “dəyərli insan”, “star”, “superstar”, “toylar kralı”, “ulduz”, “xalqın sənətkarı” və s. kimi təqdim edilir.

COVİD-19 pandemiyası ilə əlaqədar karantin dövründə televiziyalarda səviyyəsiz, şou xarakterli verilişlər, şəxsi toyların nümayişi dayandırıldı. Maraqlı, mənəviyyatı saflaşdıran sosial çarxlar, düşünülmüş verilişlərlə əvəz edildi. Bu çox yaxşı haldır. Ancaq istəyim budur ki, zəngin təbiətimizi, mədəniyyət abidələrimizi, musiqilərimizi, yeməklərimizi, ölkəni tanıdan, yaradıcı insanlarımızı tərənnüm edən verilişlər hazırlansın və göstərilsin. Xarici dövlətlərin maddi-mədəniyyəti, adət-ənənələri, görkəmli şəxsiyyətləri barədə verilişlər də maraqla qarşılanır. Bundan başqa, özünütəcrid vaxtı onlayn təşkil olunan I-XI siniflər üçün, hətta universitetlərin tədris proqramlarına uyğun hazırlanan dərslərin elektron tədrisinə, virtual təhsilə, xüsusi maarifləndirmə işlərinə xüsusi verilişlər həsr edilməsi çox böyük kömək ola bilər.

Koronavirus dövrü başa çatdıqdan sonra bəzi həyati əhəmiyyətli məsələlər yeni dönəmdə tənzimlənməlidir. Ad günləri, sünnət, məktəbə getmə, məktəbi qurtarma, universitetə qəbul və bitirmə, əsgərlik, nişan, xınayaxdı, toy mərasimləri və digər şadlıq mərasimləri təntənəli, toplam şəkildə- 50-300-500 nəfərin iştirakı ilə keçirilir. Buraya çoxlu sayda qohum-əqrəba, dost-tanış, iş yoldaşları və digərləri dəvət olunur, ifrat toplantılar keçirilir, sıx toplaşırlar. İaşə obyektləri, saraylar, şadlıq məclislərinin sayı artır. Televiziyalarda öz toylarını reklam edənlər 1-2 saat başqalarına dəxli olmayan prosesləri göstərməklə nə məqsəd güdür? Qlobal ərzaq təhlükəsizliyi şəraitində ifratçılığa yol verilir. Yaxud, yaxınlarını itirənlərin bir neçə dəfə çoxsaylı insanların iştirakı ilə yas mərasimləri, anım günləri keçirmələri, qucaqlaşma, öpüşmə və s. infeksiya mənbəyidir, məhsul və vəsaitin israf edilməsidir. Belə tədbirlərin koronavirus infeksiyası ilə əlaqədar karantin rejimi müddətində dayandırılması çox müsbət qarşılanmalıdır. Hesab edirik ki, bu tədbirlərin təkcə xüsusi karantin rejimi vaxtı məhdudlaşdırılması ilə kifayətlənmək olmaz, bu, adi həyat dövründə də davam etdirilməlidir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsi aclıq təhlükəsi ilə qarşılaşıb. Bu təhlükə arta bilər. Ona görə də istehsal ehtiyatlarından və ərzaqdan düzgün istifadə edilməlidir. Hesablamalarımıza görə, bir ildə şənlik və yas mərasimlərində ölkəmizdə təxminən 50 min ton ət, adambaşına 30 kq çörək işlədilir və bunun 15-20%-i itkilərə gedir. İsrafçılığın qarşısını almaq və təmasları azaltmaq üçün toy və yas mərasimlərində iştirakçıların say həddi 30-40, maksimum 50 nəfər müəyyən edilməli, menyuların tərkibi isə xeyli azaldılmalıdır. Buna isə yerli və mərkəzi orqanlar tərəfindən ciddi nəzarət olunmalıdır.

Məktəblərdə, uşaq, bağçalarında, universitetlərdə uşaqların, şagirdlərin, tələbələrin, həmçinin müəssisələrdə konfrans zallarında və s. məsafə saxlamaqla oturması, ünsiyyəti və s. barədə qaydalar, normalar tənzimləmə mexanizmləri hazırlanmalıdır.

Xeyir və şər mərasimlərinin keçirilməsi xərcləri və s. normalar tətbiq edilərək tənzimlənməsi həyata keçirilməlidir. Bəy-gəlin maşınları və onları müşayiət edənlərə ciddi intizam tədbirləri müəyyən edilməlidir. Evlərdə yemək hazırlamaq və insanların evdə yemək yeməyə meyli xeyli artacaqdır. Bununla əlaqədar istehlakçılara keyfiyyətli yarımfabrikatlar və çeşidli hazır yemək təklifi artırılmalıdır.

Koronavirus rejimi vaxtı içki məclisləri, demək olar keçirilmədi. Bu vəziyyəti nəzarətdə saxlamaq lazımdır. Cinayət hadisələri və yol-nəqliyyat qəzalarının sayı xeyli azalıb. Cinayət məsuliyyətinə görə cəzalar, cərimələr, nəzarət və məsuliyyət gücləndirilməlidir.

Sərnişin avtobuslarında, metroda, qatarlarda, təyyarələrdə, gəmilərdə və digər ictimai yerlərdə insanların sosial məsafə saxlamaları yol getmələri, oturmaları üçün normalar müəyyən edilməlidir. Marketlərdə, yeməkxanalarda sanitar qaydalar ciddiləşdirilməli, işçilər həkim nəzarətindən keçirilməli, məsafə saxlanmasına, siqaret çəkilməsinə qadağalar gücləndirilməlidir, ciddi nəzarət olunmalıdır.

İnternetin bütün kəndlərdə, qəsəbələrdə fəaliyyət göstərməsi, keyfiyyətli və sürəti artırılmalı, yeni dövrün tələblərinə uyğun hər kəsin internetə çıxış imkanları olmalıdır.

Koronavirus pandemiyası insanların psixoloji yardıma tələbatını xeyli artırdı. Psixoloji sarsıntılar uzun müddət insanların şüuraltında uzun müddət qala bilər. Odur ki, psixoloji yardıma şərait yaradılması üçün mərkəzlər formalaşdırılmalıdır. Hesab edirik ki, bu məsələlərdə dövlət dəstəyi təmin olunmalıdır.

Vətəndaşların cəmiyyətin bu və ya digər hadisə və proseslər barədə məlumatlandırılmasının əhəmiyyəti artmışdır. Onlara rəsmi mənbələrdən düzgün informasiya çatdırılması, mətbuat və televiziyalardan hər hansı formada verilən informasiyalar üçün məsuliyyət artırılmalıdır. Restoranlar, kafelər, çayxanalar, ictimai iaşə müəssisələrinin, dükanların və s. iş rejiminə baxılmalı, insanların rahatlığını pozan hallar aradan qaldırılmalı, bəzi yaşayış yerlərinin yaxınlığında fəaliyyət göstərən obyektlərin fəaliyyəti dayandırılmalıdır.

Koronavirusa qarşı mübarizə başa çatdıqdan sonra turizmin inkişafına yeni prizmadan baxılmalıdır. Virus təhlükələrinin xaricdən daxil olmasının qarşısı alınmalı və nəzarət gücləndirilməli, ölkənin daxilində turizmin inkişafına şərait yaradılmalıdır. Bu turizm qiymət və keyfiyyətli xidmətlər baxımından insanlarımızın tələblərinə uyğunlaşdırılmalıdır.

Ətraf mühitə atılan tullantı və qarışıqların azaldılması, havanın, suyun, torpağın çirkləndirilməsinin qarşısını almaq üçün müəssisə, təşkilat və hər bir vətəndaşın məsuliyyətinin artırılması məqsədilə ciddi tədbirlər görülməlidir.

Koronavirus pandemiyasına qarşı mübarizə başa çatdıqdan sonra onun təkrarən yayılma təhlükəsi ola bilər. Ona görə də insanların xarici ölkələrə gedişi və ölkəmizə gəlişi ciddi həkim nəzarətində saxlanılmalıdır. Virus daşıyıcılarına qarşı vaxtında tədbir görülməsi üçün uşaq bağçalarında, məktəblərdə, universitetlərdə, metroda, sərnişin nəqliyyatında, orta və irihəcmli ticarət obyektlərində, idarə və təşkilatların girişində test aparılmalı, həkim nəzarəti qoyulmalıdır.

 

İslam İBRAHİMOV,

professor.

 

Respublika.- 2020.- 9 iyun.- S.6.