“Azərbaycan, Ukrayna: tarixi paralellər” mövzusuna
həsr olunmuş “dəyirmi masa”
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da Ukrayna Ali Radasının deputatları Sergey Taruta, Andrey Nikolenko, Svyatoslav Yuraş, Vadim Struneviç, Aleksandr Dubinskiy, Aleksandr Kunitskiy, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, diaspor nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbirə qatılanlar ilk öncə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin yeni mərkəzi ilə tanış olublar.
1918-ci ildə şərqdə ilk dəfə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev o dövr Bakıda fəaliyyət göstərən xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyinin olduğunu bildirib. Qeyd edib ki, tarixin bütün dönəmlərində bir-birinə yaxından dəstək verən Azərbaycan və Ukrayna xalqı bu gün də dostluq və qardaşlıq münasibətlərini uğurla davam etdirir.
Müstəqillik tarixlərini qoşa addımlayan ölkələrimiz beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınır. Azərbaycanın 2-ci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini bildirən diaspor sədri, Ukraynanın da eyni ssenariyə uyğun olaraq 20 faizə yaxın ərazilərinin işğala məruz qaldığını diqqətə çatdırıb. R. Tağıyev müstəqil Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Prezident İlham Əliyevin də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, energetika, nəqliyyat və digər sahələrdə mövcud olan əlaqələrin inkişaf dinamikasından bəhs edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Ukrayna münasibətlərinin memarı və qurucusu olduğunu bildirən diplomat qeyd edib ki, ölkələrimiz ötən 100 ildə bir çox uğurlar əldə etməklə yanaşı, müxtəlif çətinliklərlə üzləşiblər. Sevindirici haldır ki, hər iki dövlət beynəlxalq arenada prinsipial məsələlərdə eyni mövqedən çıxış edərək həmrəylik nümayiş etdiriblər.
Ukrayna Ali Radasının deputatı Sergey Taruta əsrlər boyu Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən söz açıb. Ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin inkişaf edilməsində böyük dövlət xadimi Heydər Əliyev və Leonid Kuçmanın tarixi xidmətlərindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan qlobal sosial- iqtisadi inkişaf strategiyasından söz açan deputat, müstəqil Azərbaycan dövlətinin üzləşdiyi çətinliklərə baxmayaraq cənubi Qafqazın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin qürurverici hal olduğunu vurğulayıb. Sergey Taruta Ukraynanın ən aparıcı diaspora təşkilatı olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətindən bəhs edərək, Ukrayna Ali Radası ilə üz-üzə olan Konqresin yeni ofisinin işinə uğurlar arzulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibəti ilə xalqımıza xoş və səmimi təbriklərini çatdıran Ukrayna Ali Radasının deputatları Andrey Nikolenko, Svyatoslav Yuraş, Aleksandr Dubinskiy, Vadim Struneviç və Aleksandr Kunitskiy tarix boyu iki ölkə arasında münasibətlərin səmimiyyətə və dostluğa söykəndiyini vurğulayıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan və Ukrayna parlamentləri arasında sıx və səmimi əməkdaşlıq mövcuddur, deputatlar beynəlxalq təşkilatlarda bir-birilərinə dəstəklərini əsirgəmirlər. Ali Radanın deputatları bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev tədbirə onlayn qoşularaq Azərbaycan-Ukrayna dostluq əlaqələrindən danışıb. Hər iki ölkənin parlament təmsilçilərinin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkil olumasının vacibliyini bildirib. Daha sonra azərbaycanlı ziyalılar Ukrayna Ağsaqqallar Şurasının sədri Firuddin Mamedov, professor Arif Quliyev, professor Fərhad Turanlı, diaspor fəalları Hacı Əbülfəz Qasımov, Fazil Əsgərov çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıblar.
Möhsüm QƏDİROĞLU,
“Respublika” qəzetinin Ukrayna və
Şərqi Avropa ölkələri
üzrə xüsusi müxbiri.
Respublika.- 2020.-10 iyun.- S.6.