ZƏHMƏTLƏ KEÇƏN ÖMRÜN BƏHRƏLƏRİ

 

Hər bir insan öz lövhi-məhfuzundakı yazısı ilə dünyaya gəlir və yaşadığı ömür payında bacarığını göstərir. Ona görə, hər bir insan ayrılıqda bir aləmdir. Dünyasını məqsədyönlü yaşamaq istəyən hər kəs çalışmaqla yanaşı, öz amalları uğrunda, yeni məqsədlərə çatmaq həvəsi ilə zamanın hər parçasından bir mərifət dərsi alır, zaman içində yaşayaraq, öz əməlləri (yaradıcı adam yazdığı əsərləri) ilə nəsillərin və tarixin yaddaşında qalmaq üçün zamanın ona verdiyi fürsətdən istifadə edərək ömrün zaman payını zənginləşdirməyə çalışır.

 

Haqqında bəhs etmək istədiyim belə insanlardan biri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Mahirə Quliyeva Azərbaycan ərəbşünanslığını təmsil edir. Zəhmətkeş və istedadlı müəllimlərimizin, alimlərimizin sayəsində Azərbaycanda təşəkkül tapmış ərəbşünanslıq məktəbi bir çox istiqamətdə səmərəli bəhrələr vermiş və verməkdədir. Ərəb dilçiliyi, ədəbiyyatı, Azərbaycan fəlsəfi fikri, Azərbaycan tarixi, ərəbdilli Azərbaycan ədəbiyyatı, Azərbaycan-Ərəb ədəbi əlaqələri kimi sahələrdə yaranmış əsərlər Azərbaycan ərəbşünaslığının uğurlarını yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da nümayiş etdirir.

 

Bu böyük işdə öz payı olan Mahirə xanımın fəaliyyəti məni həmişə maraqlandırmışdır. Həmkar olmağımızla yanaşı iki amil məni Mahirə xanımın fəaliyyəti ilə birləşdirir. Əvvələn, elmlər namizədi elmi dərəcəsi almaq yolunda hər ikimizə rəhbərliyi tanınmış şərqşünas və Azərbaycan elminin Rusiyadabir çox dünya ölkələrində layiqli təmsilçisi olmuş professor Rüstəm Əliyev etmişdir. İkincisi, Mahirə xanım rəhbərlik etdiyim Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsində (indiki Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində) 1990-2013-cü illərdə elmi-tədqiqat işi aparmışdır. Mən həmişə ona tövsiyə etmişəm ki, XIII əsr ərəb filoloqu Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin “Elmlərin açarı” (“Miftəhül-ulum”) əsəri əsasında araşdırdığı ərəb poetika sisteminin əsaslarını öyrənməyi davam etdirsin, klassik poetika sistemi və Azərbaycan ədəbiyyatında söz sənəti probleminin özəlliklərini açan cığırı genişləndirməyə çalışsın. Onun nəşr etdirdiyiOrta əsrlər bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı (Füzuli yaradıcılığı əsasında”, 1996), “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” (1999), “Quran bəlağəti və Azərbaycan ədəbiyyatı” (2008), “Şərq poetikasının əsas kateqoriyaları” (2010) kimi əsərlər və 2000-ci ildə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası Mahirə Quliyevanın bu sahədə səriştəli tədqiqatçı olduğunu göstərdi.

 

Çevik işləməyə vərdiş etmiş Mahirə xanım sonrakı illərdə də səmərəli çalışmış, “Klassik ərəb-müsəlman ədəbiyyatşünaslığı” (2015), “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından” (2016), “Quran və Azərbaycan ədəbiyyatı (XIV-XV əsrlər)” (2016), “Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində” (2017), “Molla Pənah Vaqif irsi xalq yaradıcılığı və klassik poeziyanın qovşağında” (2018), “Klassik ərəb-müsəlman ədəbiyyatşünaslığına giriş” (2018), “Yazdım ki, izim qalsın... Mir Cəlal Paşayev haqqında “Ədəbiyyat” və “Mir literaturı” qəzetlərində dərc edilmiş məqalələr” (2018), “Nəsimi və söz” (2019) adlı kitabmonoqrafiyalar nəşr etmişdir.

 

Mən həmkarımın uğurlarına həmişə sevinmiş, əsərlərinə rəylər vermiş və mətbuatda təqdiredici fikirlərlə çıxış etmişəm. Onun klassik Azərbaycan ədəbiyyatında söz sənəti özəlliklərinin Qurana aid tədqiqatlarla əlaqələndirməsi istəyimcədir. Əsərlərinin adlarına diqqət edildikdə onların bir hissəsinin Quranın poetikası və bəlağəti ecazının öyrənilməsi ilə bağlı olduğunu müşahidə edirik. Məlum poetika sistemlərindən (yunan, ərəb, hind, türk) biri kimi ərəb poetika sistemi daha çox dilçilik materialı əsasında formalaşmışdır. VII əsrdə Quranın yazıya alınmasından sonra ərəb poeziyası islamdan əvvəlki dövrdə yaradılmış nümunələrilə birlikdə ərəb ədəbi dilinin qrammatik qaydalarını tənzimləməyə təkan verdi. Bu yöndə fəaliyyət göstərən Kufə və Bəsrə dilçilik məktəbləri, onların tanınmış nümayəndələri eyni zamanda “bədi elminin (“ilmul-bədi”) formalaşması üçün zəmin yaratmışdır. VIII-IX əsrlərdə isə Bağdad filoloji məktəbinin nümayəndələri ədəbiyyatşünaslıq təmayüllü sahələrdə yeni maraqlı əsərlər yaratdılar. Bəyan elminə maraq göstərən Cahiz əl-Bəsri və İbn Kuteybə Dinəvəridən sonra Abdulla ibn əl-Motəz bir neçə bədii ifadə vasitəsini “Əl-bədi” adlandırdığı kitabda təqdim etmişdir. Bilindiyi kimi, həmin dövrdə belə bir fikir daha çox yayılmışdı ki, Abbasilər dövrü ərəb poeziyasında yeni bədii ifadə vasitələri yaradıldı və poeziya zənginləşdi, nəticədə bu dövrü təmsil edən şairlərin sənəti əvvəlkilərdən üstün oldu. Bununla belə, IX əsrin bəzi filoloqları bu fikrə qarşı çıxmış və şeiri qiymətləndirməkdə obyektivlik mövqeyindən çıxış etdiklərini yazmışlar. İbn əl-Motəz bu mövqeyə münasibətini bildirərək göstərmişdir ki, “Əl-bədi” əsərində Quranda, hədislərdə, keçmiş şairlərin şeirlərində seçdiyi söz və ifadələri təqdim edir.

 

Göründüyü kimi, alimin göstərdiyi bədii ifadə vasitələrinin qaynaqları sırasında Qurani-Kərim birinci yerdədir. Ədəbi tənqidin formalaşmağa başladığı IX əsrdə İbn əl-Motəzin əsərində gətirilən ilk nümunə də Qurandan seçdiyi təşbihdir.

 

Ümumiyyətlə, Quran fəsahəti və bəlağətinin mükəmməlliyinə görə, yaradıcı sənət adamlarının dönə-dönə müraciət etdikləri mənbəyə çevrilmiş, işarə, təlmih, təzmin, həll, iqtibas, təmsil şəklində bəhrələnməyə səbəb olmuşdur. Bunu klassik Azərbaycan ədəbiyyatının ayrı-ayrı dövrlərini təmsil edən şair və ədiblərimizin yaradıcılığında da görürük. İstər XI-XII əsrlərdə yazıb-yaratmış dahi Nizami Gəncəvi, Xaqani Şirvani və başqaları, istərsə XIII əsrdə Azərbaycan-türk dilində ilkin nümunələr ortalığa qoymuş İzzəddin Həsənoğlu, Qazi Bürhanəddinin əsərlərində bədii söz sənətinin zənginləşməsində Quran ecazının təsiri böyükdür. M.Quliyeva tərəfindən tədqiqatları üçün Quran mətnlərinin seçilməsi məhz göstərilən səbəblərlə bağlıdır. O, tədqiqatlarında Quran bəlağətinin özəllikləri və Quran ecazının mahiyyətini izah etməyə ayrıca yer verir. Çünki Quran və ədəbi-bədii sənətlə bağlı yazılan əsərlərdə Quran qissə motivləri və bəzi ayələrin məzmununun təsirilə yaradılmış nümunələr şərh, izah və təhlil obyekti olmuşdur. Lakin bəlağət elminin tələbləri baxımından onların araşdırılıb dəyərləndirilməsi lazım olduğu kimi öz əksini tapmamışdır. M.Quliyevanın tədqiqatında bəlağətin daşıdığı semantika, əhatə etdiyi bölmələr (məani, bəyan, bədi), bağlı olduğu sahələr (fəsahət, kəlam), Quranda söz və məna vəhdəti kimi problemlərin öyrənilməsi məsələləri qarşıya qoyulmuşdur. Bu məqsədlə Əbu Ubeydə, Cahiz əl-Bəsri, İbn Kuteybə Dinəvəri, Əbulhəsən ər-Rummani, Əbu Suleyman Xitabi, Abdulla Cürcani, Əbu Məhəmməd ibn Əbil-Əsbə və onlarla orta əsr filoloqlarının Quran bəlağəti və ecazına dair aydınlaşdırma və izahların təqdimi klassik ədəbiyyat tədqiqatçılarımız üçün çox əhəmiyyətlidir.

 

M.Quliyevanın əsərləri Şərq adlandırılan ərəb poetikası ilə bağlıdır. Çox geniş bir sahə olan ədəbi-nəzəri fikrin bu bölməsi özünəməxsus yanaşma tələb edir. Təəssüf ki, ədəbiyyatşünaslığımızda bu sahənin yalnız yunan-Avropa ədəbi-nəzəri təliminin standartları ilə öyrənilməsinə üstünlük verilir. Mahirə xanımın “Klassik Şərq poetikası”, “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı”, “Şərq poetikasının əsas kateqoriyaları”, “Klassik ərəb-müsəlman ədəbiyyatşünaslığına giriş” adlı əsərlərində poetik nümunələrin dəyərləndirilməsi üçün tətbiq edilmiş üsullar, müasir bədii əsərlərdə işlədilməyən çoxsaylı bədii ifadə vasitələri və fiqurlar, təqlid və nəzirə sənəti, hərflər bədii vasitə kimi, sözün tərkibi və quruluşu ilə bağlı sənətkar məharəti haqqında maraqlı izahlar, məani, bəyan, qafiyə sisteminin özəlliklərinə dair bilgilər verilir. Bu sahələr klassik ədəbiyyatı tədqiq edən araşdırıcılar üçün əhəmiyyətlidir.

 

Alimin tədqiqatlarının digər bir qismi klassik Azərbaycan ədəbiyyatının sənətkarlıq məsələlərinin öyrənilməsi ilə bağlıdır. Ədəbiyyatımızın anadilli dövrünün materiallarına daha çox üstünlük verildiyi bu əsərlərdə Füzuli və Nəsimi irsi seçilmişdir. M. Quliyevanın bu tipli tədqiqatları bizə belə bir qənaətə gəlməyə əsas verir ki, XII yüzillikdə Azərbaycan poeziya məktəbinin bəzi xüsusiyyətləri (Quran ayə və motivləri, hədislər, ərəb söz və ifadələrindən daha çox istifadə etmək) sonrakı dövrlərdə də özünü göstərməkdədir.

 

Mahirə xanım fəal tədqiqatçı kimi tanınır. Onun fəallığı böyük zəhməti hesabına başa gəlmiş və lövhi-məhfuzunda yazılmış çətinliklərin bir qismini həll edə bilmişdir. Doktorluq dissertasiyasının müdafiəsinin təşkilində AAK tərəfindən doktorant kimi onun üçün qoyulmuş tələbin (2000-ci ildə Rusiya EA Şərqşünaslıq İnstitutundan rəy almaq) reallaşdırılması həmin dövr üçün bir sıra çətinliklərlə bağlı idi. Bu işdə Mahirə xanımın zirəkliyi özünü göstərdi. Əlbəttə, onun tədqiqatları ilə tanış olan hər kəs bu işlərin əhəmiyyətini görür. Təsadüfi deyil ki, akademik Həmid Araslı, professor Əkrəm Cəfər, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları B.Y.Şidfar, M.N.Osmanov, İ.Stebleva M.Quliyevanın elmi işlərini yüksək qiymətləndirmişlər. Klassik Şərq bəlağəti və orta əsrlər Azərbaycan poeziyası” adlı doktorluq dissertasiyası haqqında türkoloq professor Steblevanın rəyində göstərilir ki, işdə çox geniş material əhatə olunmuş, ədəbi nümunələr ərəb poetikasının sahələri üzrə obrazlar sisteminə uyğun şəkildə öyrənilmiş və yüksək elmi nəticələr alınmışdır.

 

Filologiya elmləri doktoru Mahirə Quliyevanın elmi fəaliyyəti onun pedaqoji fəaliyyəti ilə üst-üstə düşür, başqa sözlə desək, bunlar bir-birini tamamlayır. O, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi-tədqiqat işləri ilə məşğul olmaqla yanaşı, 20 ilə qədər Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ixtisas kursundan bakalavr və magistrlərə dərs demiş, magistr işlərinə rəhbərlik etmişdir. Onun pedaqoji fəaliyyətinin əsas qismi Azərbaycan Beynəlxalq Universitetinin payına düşür. Belə ki, o, 2002-ci ildən həmin universitetdə Şərqşünaslıq kafedrasının dosenti, 2003-cü ildən kafedranın müdiri, 2007-ci ildən isə Regionşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Misir Mədəniyyət Mərkəzi və Misirin Bakıdakı Səfirliyi ilə birlikdə “Ərəb dilinin qeyri-ərəblərə tədrisi” konfransının təşkilatçısı olmuşdur. Konfrans öz işini həm Bakıda - Azərbaycan Beynəlxalq Universitetində, həm də Misirdə davam etdirmişdir.

 

Filologiya elmləri doktoru M.Quliyeva 200-ə qədər məqalə və tezis müəllifidir. Alim həmkarları ilə elmi əlaqələr quran M.Quliyevanın məqalələri Rusiya, Türkiyə, Polşa, Fransa, Latviya, Misirİranda nəşr olunub. O, 20-dən artıq respublika və beynəlxalq konfransda məruzələr etmişdir.

 

M.Quliyeva fəaliyyətində öhdəsinə düşən işləri yerinə yetirməklə bərabər, təşkilatçılıq səriştəsini də göstərir. O, 2006-2010-cu illərdə Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri olmuşdur. Azərbaycan Beynəlxalq Universitetində işlədiyi dövrdə bir çox universitetdaxili, respublika və beynəlxalq səviyyəli tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. 2013-2017-ci illərdə Ədəbiyyat İnstitutunda yeni yaradılmış Füzulişünaslıq sektorunun və 2017-ci ildən isə Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi işlədiyi qısa müddətlərdə elmi-təşkilati işlərin nizama salınmasına nail olaraq yeni nəticələr ortaya qoya bildi. 2015-2016-cı illərdə Elmin İnkişafına Dəstək Fondunun elan etdiyi qrant layihələrinin xəttilə yerinə yetirilmiş “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından” Mahirə xanımın fəallığı nəticəsində vaxtında tamamlanmışdır. Filologiya elmləri doktoru M.Quliyeva elmi-təşkilati bacarığı və pozitiv intellektual cəhətlərinə görə daha yüksək səviyyədə çalışmağa qadirdir.

 

M.Quliyevanın fəaliyyəti dövlət və ictimai təşkilatlar tərəfindən qiymətləndirilmişdir. O, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, Ədəbiyyat İnstitutundaİlin alimidiplomuna layiq görülmüşdür. Zəhmətkeş alimin əməyi bir çox ictimai təşkilatlar və mətbuat birliklərinin diplom və mükafatları ilə təqdir edilmişdir.

 

Ömrünün yetmişinci baharını yaşayan filologiya elmləri doktoru həmkarımız Mahirə xanıma cansağlığı, yeni elmi düşüncə bəhrələri arzulayırıq.

 

 

 

İmamverdi HƏMİDOV,

 

AMEA Nizami Gəncəvi adına

 

Ədəbiyyat İnstitutunun şöbə müdiri,

 

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.-10 iyun.- S.6.