HEYDƏR ƏLİYEV YOLUNUN UĞURLU DAVAMI

 

Hər bir xalqın ən böyük xoşbəxtliyi onun müstəqilliyi, azadlığı ilə bilavasitə bağlıdır. Dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutaraq suveren bir dövlət kimi tanınmaq, taleyini öz əllərilə həll etmək arzusu dünyada olan beş minədək xalqın bir çoxunun ən böyük istəyi olsa da, indiyədək təxminən 200 dövlət qurulmuşdur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır və müstəqillik illərində iqtisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha xoşbəxtdir. 30 ilə yaxın müstəqillik tariximizin yarıdan çoxu bu iqtisadi uğurların baş memarı Heydər Əliyevin kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirərək Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın minimuma endirilməsinə, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır. O, milli təhsil konsepsiyasının müasirləşdirilməsini, “iqtisadi potensialı insan kapitalına çevirmək” strategiyasının reallaşmasını, Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasını cəmiyyət həyatındakı müsbət dəyişikliklərin fundamenti hesab edir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə 2003-cü ildə dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” devizinə sadiq qalmışdır.

 

 

 

Bu baxımdan bu gün dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanan çətin sınaq dövründə onun göstərdiyi iradə və mətinlik ən yüksək qiymətə layiqdir. Möhtərəm Prezidentimizin yüksək elmi dünyagörüşə, sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, böyük siyasi təcrübəyə, uzaqgörən təfəkkürə əsaslanan preventiv qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı innovativ addımlar, qabaqlayıcı tədbirlər artıq öz nəticəsini vermiş, ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı şərtləndirmişdir. Məhz hazırkı mürəkkəb tarixi mərhələdə pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunur. Koronavirus fəlakətini, buya digər səbəblərdən dünya iqtisadiyyatında yaranmış ciddi böhranı və onun təzahür formalarından biri kimi neftin qiymətində baş verən kəskin ucuzlaşmanı Azərbaycanın hazırlıqlı qarşılaması ölkədə son illərdə onun tərəfindən aparılmış genişmiqyaslı islahatların, rəhbər kadrları düzgün seçməsi, komandasını elmi əsaslarla formalaşdırması və vahid orqanizm şəklində çalışdıra bilməsi sayəsində mümkün olmuşdur. Yeri gəlmişkən qeyd etmək istərdim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu çətin günlərdə də ölkə başçısının yanında oldu, xalqa bir neçə dəfə müaciət edərək bu mübarizədə səfərlərliyə dəvət etdi, mən deyərdim ki, bütün dünyanı düşündürən çağırış etdi: “Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, bu günədək bəlli olmayaninsan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü geridə qalıb. Reallıq isə fərqli oldu”. Mehriban xanım bu məsələdə baxışından, düşüncəsindən asılı olmayaraq bütün vətəndaşlarımıza həmrəy olub, bu bəlaya qarşı birgə mübarizə aparmağı, məsuliyyətli olmağı, Operativ Qərargahın verdiyi təlimatlara ciddi riayət etməsini tövsiyə etdi. Görülən əməli işlərin və çağırışların şahidi kimi biz bu mübarizədə yenə də hər zaman olduğu kimi öndə Azərbaycan Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı gördük. Biz bir daha cənab PrezidentBirinci vitse-prezidentin xalqın sağlamlığının, təhlükəsizliyinin təmin olunması istiqamətində fədakarlığının şahidi olduq. Azərbaycan xalqı bir daha öz xoşbəxt gələcəyini, sağlamlığının müdafiəsini və təhlükəsizliyinin təmin edilməsini etibarlı əllərə etimad göstərdiyinə əmin oldu. Son dövrlərdə ölkədə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlarla təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə obyektlərinin istifadəyə verilməsi, yenilərinin inşası və planlaşdırılması, xaricdə çalışan həkimlərin, tibb üzrə alimlərin ölkədə gedən proseslərə cəlb edilməsi xalqın rifahı, təhlükəsizliyi və sağlamlığı naminə cənab İlham Əliyevin göstərdiyi uzaqgörənliyin daha bir bariz sübutudur. Biz əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan düşünülmüş addımlar Azərbaycanı bu vəziyyətdən şərəflə çıxacaqdır. Bu gün Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əsaslı tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.

 

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin ailə mühitinin ciddi və zəngin ənənələri Prezident İlham Əliyevin universitetləri funksiyasını yerinə yetirmişdir. İlham Əliyev Heydər Əliyevin həyat, siyasət, diplomatiya, dövlətçilik, bütövlükdə, Azərbaycançılıq universitetlərini, özü də hamıdan yüksək səviyyədə, necə deyərlər, bu sahədə heç kimin ala bilmədiyi fərqlənmə diplomu ilə bitirmişdir. Bu dahi şəxsiyyətin ailəsində ləyaqətli bir övlad kimi təmsil olunması İlham Əliyevin hamıdan çoxdaha yaxından Heydər Əliyev dövlətçilik məktəbindən dərs almasına münbit zəmin yaratmışdır. Hələ gənclik illərindən aktiv siyasi fəaliyyətlə məşğul olub Heydər Əliyevin təqiblərə məruz qaldığı ağır illərdə siyasi mətanət nümayiş etdirərək Moskvada Azərbaycan Vətəndaş Assambleyası, Azərbaycan məktəbi təsis edilməsinə nail olmuşdur. Keçdiyi məsuliyyətli və şərəfli yol, qazandığı mükəmməl təcrübə və yetkin dünyagörüşü cənab İlham Əliyevin sonralar bütün vəzifələrdə böyük uğurla fəaliyyət göstərməsində həlledici amilə çevrilmişdir. Fikrimizcə, İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri vəzifələrindəki uğurlu fəaliyyətinin əsasında onun kamil elmi-iqtisadi dünyagörüşü, Avropa dillərini mükəmməl bilməsi, neft strategiyasının siyasi mahiyyətini doğru-düzgün müəyyənləşdirməsi dayanırdı. Artıq həyatının bu məsuliyyətli mərhələsində cənab İlham Əliyev idarəetmə sahəsindəki özünəməxsus yanaşmaları ilə diqqəti cəlb etmişdi. Yaxşı xatırlayıram ki, hələ 2000-ci ilin martında Bakı Dövlət Universitetində qonaq olarkən professor-müəllim heyəti və tələbələr qarşısında parlaq bir çıxış etdi və dərin analitik təfəkkürü ilə hamını heyrətləndirdi. Bir qədər sonra isə Universitetdə onun yazdığı “Azərbaycanın Xəzər nefti” adlı böyük həcmli monumental monoqrafiyasının təqdimatı keçirildi və həmin əsər mütəxəssislər tərəfindən ölkəmizə və neft elminə ciddi, sanballı töhfə kimi dəyərləndirildi. Qeyd edildi ki, cənab İlham Əliyevin problemin həllinə çoxaspektli - siyasi-tarixi, iqtisadi-nəzəri və diplomatik baxımdan yanaşmasının realuğurlu nəticələri kimi meydana çıxmış bu əsər müstəqillik dövrü Azərbaycan neft elminin mühümparlaq göstəricisidir. Həm də siyasətin elmə əsaslanması, iqtisadiyyatın elmi hesablamalara istinad etməsi ilə təsdiqini tapan bu hadisələr yeni tipli dövlət xadimiböyük siyasətçinin yetişdiyini nümayiş etdirirdi. Zaman sübut etdi ki, cənab İlham Əliyev həqiqətən mükəmməl dünyagörüşə, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik yeni tipli dövlət xadimidir. Böyük siyasətin nəhəngi kimi dünyada şöhrət qazanmış Heydər Əliyevin dövlətçilik ənənələrini qiymətli əlavələrlə zənginləşdirərək pillə-pillə böyük inkişaf yolu keçmiş, mətinləşmiş, dünyada qəbul olunan nüfuzlu dövlət xadimi səviyyəsinə yüksəlmişdir. Bu il mayın 4-də cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, burada 120 ölkənin, o cümlədən Afrika İttifaqından 55 ölkənin, Avropa İttifaqından 27 ölkənin iştirakı, həmin görüşə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruAvropa Komissiyasının vitse-prezidentinin qatılması Azərbaycan Respublikasının dövlət başçısının unikal bir dövlət xadimi kimi beynəlxalq arenada çox yüksək nüfuz qazanmasının bariz nümunəsidir. Cənab Prezident müsahibələrinin birində bununla bağlı çox dəqiq qeyd etdi ki, “Azərbaycan və Azərbaycanın təşəbbüsü praktiki olaraq bütün dünyanı birləşdirdi.”

 

Ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. Yarandığı ilk günlərdən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görmüş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin inkişafına öz layiqli töhfələrini verir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasında avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur. Cəmiyyətin sosial-psixoloji impulslarını dəqiq müşahidə etmək, ölkədəki ictimai-siyasi durumu düzgün araşdırmaq, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirmək xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının tarixi missiyasıdır. Heydər Əliyev ideyaları əsasında işini davam etdirən Yeni Azərbaycan Partiyasının lideri cənab İlham Əliyev zamanın nəbzini dəqiqliklə tutaraq strateji hədəfləri, taktiki gedişləri dəqiq müəyyənləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir.

 

Son illər Azərbaycanda elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib. 2009-cu ildə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müəyyənləşdirilməsi, 2010-cu ildə Elm fondunun təsis edilməsi, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2017-ci ildə Yüksək Texnologiyalar Parkının yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyası istiqamətində atılan addımlar Prezident İlham Əliyevin bu sahəyə diqqətinin göstəricilərindəndir. Belə addımlardan biri də ölkəmizdə yeni elm sahəsi kimi nanotexnologiyanın təşəkkülü də onun adı ilə bağlıdır. Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalanmış, dövlət başçısının göstərişinə əsasən bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzi, ardınca Nanomaterialların kimyəvi fizikası kafedrası yaradılmış və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlanmışdır. Universitet alimləri müxtəlif texnoloji üsullarla nanohissəciklərin alınması, stabilləşdirilməsi, xassələri və tətbiq imkanlarının müəyyən edilməsi ilə texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı və hərbi sahələrdə uğurlu nəticələr əldə etdilər. Belə ki, BDU alimləri ilk dəfə olaraq nanohissəciklərin bitki hüceyrələrinin membranından daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına səbəb olduğunu müəyyənləşdirdilər ki, bununla dünyada yeni bir elmi istiqamətin - nanotoksikologiyanın əsası qoyuldu. Bununla yanaşı məhz bu laboratoriyada dərman maddələrinin digər hüceyrələri zədələmədən xəstə hüceyrələrə daşına bilməsi, metal əsaslı nanohissəciklərlə yükləndikdən sonra bitki toxumlarının şoran torpaqlarda inkişaf qabiliyyətinin artması, şiş hüceyrələrinə maqnit nanohissəcikləri vasitəsi ilə dərman maddələrinin daşınması kimi çox mühüm uğurlar əldə edildi. Nanoaraşdırmalar Mərkəzinin əldə etdiyi uğurlar dünyanın bir çox elm mərkəzlərinin, o cümlədən ABŞ-ın Massaçutes Texnologiya Universiteti, Yaponiyanın Kumamoto universiteti, İsveçrənin Lozanna Politexnik Federal İnstitutu və digər nüfuzlu qurumların diqqət mərkəzinə düşdüonlarla intensiv əlaqələr quruldu.

 

Nəticədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) “ElmTexnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı”nı nanomateriallarnanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə Bakı Dövlət Universitetinə vermişdir. Fərəhli haldır ki, bu tədqiqatlar İSESKO-nun üzvü olan 56 müsəlman ölkəsi arasında sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işlərin ən yaxşısı kimi dəyərləndirilmiş, tarixində ilk dəfə azərbaycanlı alimlərə təqdim edilmişdir.

 

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, müxtəlif vaxtlarda Nanoaraşdırmalar mərkəzində olan Nobel Mükafatı laureatları Robert Laflin, David Gross, John Polanyi, Markus Rudolf Artur aparılan araşdırma işlərinə yüksək qiymət vermişuniversitet alimlərinin bu istiqamətdə inkişaf etmiş ölkələrin alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını vurğulamışlar. Son illərdə Mərkəzdə Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, Yaponiya və digər ölkələrlə uğurla yerinə yetirilən layihələrin ümumi həcmi təqribən 10 milyon ABŞ dolları həcmindədir və bu bir daha göstərir ki, beynəlxalq səviyyədə yalnız Azərbaycanın təbii resurslarına, kənd təsərrüfatına deyil, həm də elminə investisiya qoyulur. Bu, cənab İlham Əliyevin Azərbaycanda elmin inkişafına, alimlərimizin beynəlxalq nüfuzunun yüksəlməsinə göstərdiyi qayğının daha bir bariz nümunəsidir. Elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində atılan uzaqgörən addımlar, səmərəli investisiyainnovasiya siyasətinin aparılması, istehsalın müntəzəm olaraq modernləşdirilməsi, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

 

Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləri - praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik - bütün bunlar onu xalqa sevdirən, əvəzsiz edən keyfiyyətlərdir. “Hər bir vətəndaşın Prezidenti olacağına” söz verən İlham Əliyev sanki bütün xalqı adbaad, nəfər-nəfər tanıyır, hamıya da diqqət yetirməyə macal tapır. Bakı Dövlət Universitetinin 100 illik yubileyində mən bir qədər arxa sırada əyləşmişdim. Yola salınarkən yüzlərlə adamın arasından məni gördü, yanına çağırdı, hal-əhval tutdu, mənimlə şəkil çəkdirdi və hamını, hamıdan da çox məni təəccübləndirdi. Vaxtının bu qədər az olduğu zamanda xalqa necə də diqqət yetirə bilir, bununla da bütün məmurlara nümunə göstərir. Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir.

 

Bu ardıcıl, çoxşaxəli və müdrik siyasətin nəticəsidir ki, bu gün dünyada Azərbaycana inanırlar, etibar edirlər və Azərbaycan dünyanın mədəniyyət mərkəzinə çevrilmişdir. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Qadınlar arasında futbol üzrə dünya çempionatına, Formula-1 yarışlarına, şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə, futbol üzrə Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etmiş, bütün bu tədbirlər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində reallaşmışdır. Mən həmişə demişəm, bir daha təkrar edirəm: “O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Xalqın daha böyük xöşbəxtliyi isə odur ki, onun ümummilli liderinin siyasi kursu uğurla davam etdirilir”. Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf edir, onun tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasiiqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Əldə olunan möhtəşəm uğurlar cənab Prezidentin ilk növbədə ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçünalternativsiz olduğunu təsdiq edir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Ulu öndər Heydər Əliyevin yaratdığı və şah əsəri olan müstəqil Azərbaycan dövləti bu gün daha güclü, daha nüfuzlu, daha füsunkardır. Yeni-yeni fəsillər yazaraq onu gündən-günə gözəlləşdirən, daha oxunaqlı, daha qüdrətli bir sənət əsərinə çevirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu unikal xidmətlərində yeni uğurlar arzulayırıq.

 

Abel MƏhƏrrƏmov,

 

YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü, YAP Elm və Təhsil Komissiyasının sədri, akademik.

 

Respublika.- 2020.- 11 iyun.- S.3.