Milli təhsilimizin əlli illik inkişafı dahi rəhbərin
adı ilə bağlıdır
Bu günlərdə biz, dahi şəxsiyyət, böyük dövlət xadimi, mahir diplomat və dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin əllinci ildönümünü təntənə ilə qeyd edəcəyik. Mən Heydər Əliyevin təhsil siyasətindən bəhrələnən bir alim kimi unudulmaz rəhbərimizin təhsil sahəsində göstərdiyi nəhəng fəaliyyətindən qısa da olsa danışmağı özümə borc bilirəm. Həmin fəaliyyət nəticəsində mənim kimi yüzlərlə alim yetişmiş, respublikamızın ali və orta məktəb məzunları cəmiyyətdə layiqli mövqe tutmuşlar.
Qeyd etmək lazımdır ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxır, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət verirdi. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görüb.
Hələ keçən əsrin 70-ci illərində ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyətini xüsusi qeyd edirdi.
Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Ümummilli liderimiz tədris ocaqlarında, o cümlədən orta məktəblərdə şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilirdi. “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çox vacib şərt hesab edirdi. Bu da təsadüfi deyil. Çünki gələcəyin qurucuları olan yeni nəsillərin milli ideologiyaya yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün böyük əhəmiyyət daşıyır. Ona görə də ümummilli liderimiz tövsiyə edirdi: “Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”.
Şagird və tələbələrin müasir tələblər səviyyəsində formalaşması üçün təlimin keyfiyyəti, yüksək savad, dərin bilik verilməsi yeganə şərt deyil. Bu məsələyə də diqqət yetirən müdrik rəhbər digər mühüm faktoru da təhsilalanların mənəvi kamilliyində, əqidə saflığında görürdü. Qısaca desək, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti mühüm şərt kimi qiymətləndirilirdi. Təhsil müəssisələrinin funksiyasına diqqət yetirən ümummilli liderin aşağıdakı sözləri bu ali həqiqətin ifadəsidir: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Təlim, təhsil və tərbiyə prosesində müəllimin peşə hazırlığını, savadını, biliyini şagirdlərə çatdırmaq bacarığı, mənəviyyatı mühüm əhəmiyyət kəsb edir. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, - deyən dahi rəhbərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq olmaq, şagird və tələbələrə mükəmməl, hərtərəfli bilik vermək, onları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı, müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə olmalıdır: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı gərək mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün ... Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.
Minnətdarlıq hissi ilə vurğulayıram ki, unudulmaz rəhbərimiz Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri konsepsiyası son dərəcə qiymətli olub müasir dövrdə də, gələcək yüzilliklərdə də öz dəyərini saxlamaq gücünə malikdir. Bu konsepsiya hər bir təhsilalanın, hər bir pedaqoqun, ümumən, hər bir Azərbaycan vətəndaşının yetişməsinin başlıca meyarıdır. Respublikamızda ümumi orta, texniki peşə, orta ixtisas və ali təhsilin əsaslı yüksəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul olunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, o cümlədən “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün parlaq nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr potensialının əsaslı surətdə yaxşılaşdırılması xüsusi qeyd olunmalıdır. Məlumat üçün deyək ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatıb. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb. Nəticədə Azərbaycanda texniki peşə təhsili də yeni yüksəlişə qədəm qoyub. 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, onlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatdırılıb. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə o illərdə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanıb və uğurla həyata keçirilib.
Ali və orta ixtisas təhsili məsələləri də ümummilli liderin diqqət mərkəzində olub. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil ocaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Müdrik rəhbər respublikanın ehtiyacı olan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm verib. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çox məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Xatırladıram ki, 1970-ci ilədək respublikamızdan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi azərbaycanlı idi. Lakin Heydər Əliyevin respublikaya rəhbərliyə gəlməsindən sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişirdi. Belə ki, artıq 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndələri idi.
Dahi rəhbərin uzaqgörənliklə atdığı addımlardan biri də keçən əsrin 70-ci illərində azərbaycanlı gənclərin hərbi təhsilə yiyələnməsi sahəsində sistemli tədbirlər həyata keçirməsidir. 1982-87-ci illərdə Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev SSRİ-də təhsil sahəsinə rəhbərlik etməklə yanaşı, Azərbaycan təhsilinin inkişafina da ardıcıl qayğısını davam etdirirdi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması da məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz müstəqil dövlətimizin təhsil sisteminin qarşısında duran böyük perspektiv barədə deyirdi: “Bu gün biz Azərbaycanda bütün təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır. İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”.
Yenicə dövlət müstəqilliyi əldə edən Azərbaycanda həyata keçirilən təhsil islahatlarının məram, məqsəd və vəzifələri ilə bağlı dahi rəhbərin qiymətli, konseptual fikirləri var. Böyük qurucu rəhbər deyirdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırsın ... On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.
Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi milli təhsil konsepsiyasının tətbiqində ənənə və müasirliyin vəhdətini, respublikamızda illər boyu toplanılmış dəyərli təcrübəni də nəzərə almaqla islahatlar aparmağı vacib şərt sayırdı. Təhsil islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyırdı. Təhsilimizin böyük himayədarının bu sahənin nümayəndələri qarşısında söylədiyi kimi: “Biz təhsil sahəsində yeniləşmənin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.
Ümummilli liderimizin tapşırığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac verirdi. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli Sərəncamına əsasən təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlandı. 15 iyun 1999-cu il tarixli Sərəncamla qəbul olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara perspektivlər açan mühüm tarixi sənəddir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli Sərəncam müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür. Təhsilin istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə 23 avqust 1996-cı ildə “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Qərarın qəbulu və icrası da özünün müsbət nəticələrini indi də verməkdədir.
Ümumiyyətlə, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirir. Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və digər sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən xəbər verir.
ümumiyyətlə, Azərbaycan təhsilinin son əlli ildəki inkişafı, ümummilli liderimizin adı ilə sıx bağlıdır.
Razılıqla qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin təhsil sahəsindəki arzuları və ideyaları bu gün layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıllıqla həyata keçirilir. Nəticədə milli təhsilimiz öz inkişafının ən yüksək mərhələsinə çatıb.
“Təhsil millətin gələcəyidir”, - deyən Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun və vəsiyyətlərinin təntənəsi yüz illərlə davam edəcək və gələcək nəsillərimiz ümummilli liderimizin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəklər.
Zəhra MURADOVA,
pedaqogika üzrə elmlər
doktoru.
Respublika.- 2020.- 11 iyun.- S.5.