Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

 

2020 -ci il 15 iyun müstəqil Azərbaycanın tarixini yaratmış, özü də Azərbaycanın tarixinə çevrilmiş dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının 27- ci ildönümü və Azərbaycan xalqının “Milli qurtuluş günü”dür. İllər ötdükcə çiçəklənən Azərbaycanı onun iqtisadi, siyasi tərəqqisini, artan beynəlxalq nüfuzunu gördükcə, bu dahi insanın şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, əvəzedilməzliyi bir daha göz önünə gəlir. İstər-istəməz xəyalən ulu öndərli illərə dönərək, onun ömür yolunu və siyasi fəaliyyətini canlandırmalı olursan. Lakin, məqalə xalqımızın milli qurtuluş gününə və ulu öndərin xilaskarlıq missiyasına həsr edilmiş olsa da, ilin və yaz fəslinin ən gözəl və bayramlar ayı sayılan may ayında bir əsr əvvəl Azərbaycanın həyatında baş verən və bu gün də tariximiz və dövlətçiliyimiz üçün böyük önəm daşıyan ictimai-siyasi hadisəyə toxunmamaq mümkün deyil.

 

XX əsr bütün dünyada olduğu kimi Azərbaycan üçün də siyasi hadisələr, müharibələr, təlatümlü illər, ictimai formasiyalar dəyişiklikləri kimi yadda qalmışdır. Lakin bu əsrin ikinci on illiyində 28 may 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda demokratik Cümhuriyyətin elan edilməsi müstəqil dövlətçiliyimizin ən parlaq və şanlı səhifəsi kimi tarixə düşmüşdür. Yarandığı ilk gündən Cümhuriyyət tərəfindən xalqımızın çoxəsrlik müstəqilliyi və milli dövlətçilik arzularını əks etdirən bir səhifəlik (preambula və 6 bəndən ibarət) “İstiqlal Bəyannaməsi” qəbul edilmişdir. Gənc Cümhuriyyət üçün bu hüquqi sənəd həm o dövr, həm də indiki dövr üçün Azərbaycanın ilk konstitusiya aktı sayıla biləcək qədər böyük tarixi əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət yaradıldığı gündən hökuməti təşkil etmiş, dövlət idarəçiliyinin əsas strukturlarını, dövlətin rəmzlərini təsdiq etmişdir, qadınlara seçki hüququ verilmiş və Azərbaycanda yaşayan bütün milli azlıqların Parlamentdə təmsil edilməsini qərarlaşdırmışdır.

 

Çox təəssüf ki, bu Cümhuriyyətin ömrü qısa olmuş, cəmi 23 ay fəaliyyət göstərə bilmişdir. Buna baxmayaraq, bu tarix Azərbaycan xalqı üçün çox əzizdir və üstündən bir əsrdən çox müddət keçsə belə, biz həmin tariximizlə daima qürur duyur və fəxrlə deyə bilirik ki, demokratik cəmiyyət bir çox Avropa dövlətlərindən də əvvəl məhz Azərbaycanda qurulmuşdur.

 

2018-ci ilin may ayında xalqımız Azərbaycanda demokratik Cümhuriyyətin yaradılmasının 100 illiyini dövlət səviyyəsində geniş və təntənəli şəkildə müxtəlif tədbirlərlə qeyd etdi. Bu günün belə yüksək səviyyədə qeyd olunması xalqımızı bir daha qürurlandıraraq sevindirməklə yanaşı, eyni zamanda, dünyaya göndərilən bir mesaj idi.

 

Bu əsrdə Azərbaycan ikinci dəfə 1991-ci ilin 18 oktyabrında müstəqillik barədə konstitusiya aktını qəbul etməklə öz müstəqilliyinə qovuşmuş və Azərbaycan Cümhuriyyətinin varisi kimi qəbul edilmişdir.

 

XX əsr, eyni zamanda, Azərbaycan xalqına ümummilli lider Heydər Əliyev kimi müdrik zəka sahibi, polad iradəli, xalqımızın iftixarı olan, dünya şöhrətli bir siyasətçi bəxş etmişdir. Anadan olmasının 97-ci ili bu il qeyd edilən dünya şöhrətli siyasətçi və şəxsiyyət, müstəqilliyimizin və bütün uğurlarımızın təminatçısı olan ulu öndər Heydər Əliyevi Uca Tanrı sanki, Azərbaycana bir xilaskar kimi göndərmişdir. O, öz tarixi xilaskarlıq missiyasını bütün çətinliklərə baxmayaraq, məharətlə yerinə yetirdi. Ümummilli liderin şəxsiyyəti, gördüyü işlərin dairəsi və həcmi o qədər cahanşümul və zəngindir ki, onu bir yazıda əhatə etmək mümkünsüzdür.

 

Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərliyi dövrünü üç mərhələyə bölmək olar. Bu, onun Sovet dönəmində Azərbaycana rəhbərliyi, Moskva dövrü və sonuncu müstəqillik illərini əhatə edir.

 

Hələ Sovet dönəmində, 60-cı illərin sonunda onun dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycan iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, hardasa dinimizə qayıdış, gənclərin tərbiyə və təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi və mühüm iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, fitri istedadı, yüksək işgüzarlığı və gərgin əməyinin məhsulu olmuşdur.

 

Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən nizam-intizam tərəfdarı olmuş, qanunçuluğun möhkəmləndirilməsi və onun aliliyinin təmin edilməsi, xüsusən bu gün “korrupsiya” adlandırılan rüşvətxorluğa qarşı qəti mübarizə əzmində olmuş və cəmiyyəti bu kimi neqativ hallara qarşı səfərbər olmağa çağırmışdır.

 

Onun cinayətkarlığa qarşı mübarizəyə qalxması o dövrdə tərkibində olduğumuz İttifaq rəhbərliyində eyni mənalı qarşılanmamışdır. Buna baxmayaraq, ulu öndərin fəaliyyəti respublikanı o zamankı müttəfiq respublikalar arasında öncüllər sırasına çıxarmaq, iqtisadiyyatın, elm-tədris, mədəniyyət, incəsənət, sosial, ictimai-siyasi həyatın bütün sahələrində əməli yüksəlişə nail olmaq və xalqın güzəranının yaxşılaşdırılmasına istiqamətlənmişdir.

 

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Azərbaycan SSRİ-nin tərkibində “müstəqil, suveren” respublika hesab edilirdi. Həmin dövrdə respublikamız İttifaq hakimiyyətinin tabeçiliyində olsa da, Heydər Əliyev zəkasının qüdrəti, dövlət idarəçiliyində təşkilatçılıq bacarığı, ölkənin iqtisadiyyatını tənəzzüldən qurtardı, geridə qalmış respublikanı qabaqcıllar sırasına çıxardı. Ölkədə qayda-qanun, ciddi nizam-intizam yaradıldı. Onun uzaqgörənliyi nəticəsində həmin dövrdə elə işlər görülürdü ki, onlar Azərbaycanın sonrakı iqtisadi-siyasi həyatının inkişafında təməl rolunu oynadı.

 

Ulu öndərin təşkilatçılıq bacarığını, işgüzarlığını, təşəbbüskarlığını və partiya işçisi kimi yüksək şəxsi keyfiyyətlərini görən ittifaq rəhbərliyi onu Moskvaya dəvət edib, yüksək vəzifəyə - Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin etdi. Tərkibində olduğumuz 70 ildə ulu öndər Heydər Əliyev ittifaq hakimiyyətində yüksək vəzifə alan nəinki ilk azərbaycanlı, eləcə də ilk müsəlman idi. O dövrdə mən Azərbaycan KP Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsində təlimatçı işləyirdim. Onunla keçirilən vida tədbirində mən də iştirak edirdim. Baxmayaraq ki, onun ittifaqda təmsil edilməsi xalqımıza başucalığı gətirən xoşxəbər idi, lakin zalda əyləşənlərin demək olar ki, əksəriyyəti ağlayırdı. Heç kim ondan ayrılmaq istəmirdi. O, özü də kövrəlmişdi. Çıxışında da bildirdi ki, bu vəzifədən o imtina etmiş və Azərbaycanda hələ çox işlərin görülməli olduğunu bildirmiş, lakin ona deyilmişdi ki, Siz artıq böyümüsünüz, Siz bizə burda lazımsınız!

 

Bildiyimiz kimi, Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevə ən çətin və mürəkkəb sahələrin idarəçiliyi (kuratorluğu) verilməsinə baxmayaraq, o, bütün işlərin öhdəsindən bacarıqla, ləyaqətlə gələrək tez bir zamanda nəinki Rusiyada, digər respublikalarda da tanınaraq böyük nüfuz qazanmış, Azərbaycanın və xalqımızın qürur mənbəyinə çevrilmişdi.

 

Hətta onun biliyi, bacarığı, gördüyü işlərin nəhəngliyi bəzi həmkarlarında qısqanclıq yaratmağa başlamış və 1987-ci ildə o, xəstəlik adı ilə, Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Büro üzvlüyündən və tutduğu vəzifədən azad edilib istefaya göndərilmişdir. Lakin sonradan tarix sübut etdi ki, o heç də xəstə olmamış, bu yalnız onun savadına, bacarığına və işgüzarlığına həsəd aparan M.Qorbaçovun xəbiscəsinə qurduğu oyun imiş.

 

İstefaya göndərildikdən bir müddət sonra ulu öndər Azərbaycanın bir hissəsi olan Naxçıvana pənah gətirmişdir. Naxçıvan əhalisi öz keçmiş rəhbərini böyük məhəbbət və qayğı ilə əhatə etmiş və təkidli tələblə onu Naxçıvan MR-in Ali Məclisinə sədr seçmişdi. O, buna razılıq vermədikdə hətta Ali Məclisin iclasları bir neçə dəfə təxirə salınmışdır. Ulu öndərin Ali Məclisə seçilməsi ilə o illərdə bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da hökm sürən hakimiyyət böhranına son qoyuldu. Artıq bu illərdə Heydər Əliyev şöhrətli bir siyasətçi və şəxsiyyət kimi, demək olar ki, bütün dünyada tanınırdı. Heydər Əliyevə olan hörmət və rəğbətin nəticəsi olaraq qardaş Türkiyə Respublikasının o vaxtkı Prezidenti Süleyman Dəmirəl tez bir zamanda Naxçıvana səfər edərək ulu öndərlə görüşüb, işgüzar əlaqələr yaratmaqla Muxtar Respublikanın hər cür ərzaqla təmin olunmasında yardımçı olmuşdu.

 

Ulu öndər İran İslam Respublikası rəhbərliyinin dəvəti ilə 1992-ci ildə bu ölkəyə səfər etmiş və bu zaman İranın dini rəhbəri Seyid Əli Xamneyi, Prezidenti Rəfsəncani ilə danışıqlar apararaq müxtəlif sahələrdə yardımla bağlı tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalamış və bundan sonra Naxçıvan İran İslam Respublikasından da yardımlar almışdır.

 

Türkiyə tərəfi özünün İqdır əyalətini Sədərəklə birləşdirən nəhəng körpü salmış, Süleyman Dəmirəl Naxçıvana gələrək, şəxsən körpünün açılışında iştirak etmişdir. Bu körpüyə haqlı olaraq “Ümid” körpüsü adı verilmişdir. Bu körpünün Naxçıvan əhalisinin təminatında böyük rolu olmuş və həqiqətən də naxçıvanlıların ümidlərini doğrultmuşdur. O illərdə Naxçıvan MR-in Şahbuz və Sədərək rayonlarının əhalisi də bədnam ermənilərin hücumuna məruz qalırdı. Hətta döyüşlərdə yaralanmış əsgərlər bu yolla Türkiyənin xəstəxanalarına müalicə üçün göndərilirdi.

 

Heydər Əliyevin nüfuzuna hörmət əlaməti olaraq ABŞ-ın o vaxtkı Prezidenti Bill Klinton Azərbaycandakı səfirliyi vasitəsi ilə Naxçıvanla əlaqə yaradaraq bir təyyarə dava-dərman, sarğı materialları və digər zəruri tibbi ləvazimatlardan ibarət yardım göndərmişdir. Beləliklə, ulu öndərin iqtisadi-siyasi fəaliyyəti və qonşu dövlətlərin köməyi nəticəsində blokada şəraitində yaşayan Naxçıvan tədricən dirçəlməyə başladı.

 

Elə bu illərdə ulu öndərin soy-kökümüzə, milli dəyərlərimizə bağlılığı və demokratik düşüncə tərzi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən biri olan üçrəngli bayrağın Ali Məclisin iclas zalına gətirilməsi Muxtar Respublikanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi ilə öz təsdiqini tapdı.

 

90-cı illərin əvvəllərində ölkəmizin üstünü qara buludlar almışdı. Ölkə xaos, anarxiya girdabına salınmışdı. Cəbhədəki uğursuzluqlar, daxildəki siyasi və hərbi qarşıdurmalar yenicə müstəqillik qazanmış respublikamızı vətəndaş müharibəsi astanasına sürüklədi. Təkcə onu demək kifayətdir ki, 1990-93-cü illər ərzində üç nəfər dövlət başçımız (Ə.Vəzirov, A.Mütəllibov və Ə.Əliyev) dövlət idarəçiliyini, Prezident kürsüsünü və ölkəni başsız qoyub qaçmışlar.

 

Ardıcıl olaraq baş vermiş “kürsüdən qaçmalar” bir daha sübut etdi ki, yüksək kürsü hər kəsə şərəf gətirib onun nüfuzunu artırmır, əksinə, kürsünü bəzəyən və şərəfləndirən insan özü olur.

 

Azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün bir illik səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsilə üzləşdi. Şimalda və cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri, Əlikram Hümbətov və Surət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi.

 

4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələr, qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı.

 

Xalq Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə üz tutdu, onun xilaskar qüdrətinə bel bağladı. Maraqlıdır ki, həmin vaxt AXC-Müsavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir və xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdü. Lakin O, Naxçıvana onu gətirməyə gedən iki təyyarəni geri qaytarmış ve demişdi ki, mən bütün vəzifələri görmüşəm, bundan sonra mənə heç bir vəzifə lazım deyil. Lakin vaxtilə qurub- yaratdığı, canı qədər istədiyi Azərbaycanın iflic vəziyyətini görüb, nəhayət, razılaşmışdı.

 

Xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi və mətbuat nümayəndələrini ətrafına yığıb Gəncə şəhərinə yollandı. Gəncə qarşıdurmasının nəticələrini görüb, məsləhət və tövsiyələrini verib geri qayıtdı. Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində o, Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək göstərdi ki: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən bəri, müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam demokratik, hüquqi, həm də ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”. Bununla da xalqın ürəyində bir ümid çırağı yandırdı və yalnız bu dünya şöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı. O, 1993-cü il iyunun 15-də Milli Məclisdə yekdil səslə və alqış sədaları altında Ali Sovetə sədr seçildi və 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

 

1997-ci il 27 iyunda Milli Məclisin qərarı ilə 15 iyun günü rəsmi olaraq Azərbaycan xalqının “Milli Qurtuluş Günü” kimi qəbul edildi. Bu tarixi qərarda deyilirdi ki, “Azərbaycan xalqının azadlığını, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin bir vəzifəni könüllü olaraq öz üzərinə götürüb, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

 

Bundan sonra Azərbaycan xalqının “Milli Qurtuluş Günü” Əmək Məcəlləsinin 105.2-ci maddəsində haqlı olaraq iş günü hesab edilməyən bayramlar sırasında təsbit edildi.

 

Ümumiyyətlə, Azərbaycan dövlətinin və xalqının bir ildə rəsmi olaraq qeyd etdiyi xalqımızın siyasi-ictimai, tarixi və milli-mədəni dəyərləri ilə bağlı olan, peşə bayramları istisna olmaqla, on dörd bayramı mövcuddur. Sözsüz ki, bu bayramların hər birinin öz özəlliyi, siyasi-tarixi əhəmiyyəti və milli dəyəri var və hər biri bizim üçün əzizdir. Fikrimcə, mövcud bayram günlərimizin istər iş günü, istərsə də qeyri-iş günü olsun, dəyərlərini və əhəmiyyətlərini aşağılamadan 15 iyun - “Milli Qurtuluş Günü” bu bayramlar sırasında ən yüksəyi və dəyərlisi hesab edilməlidir. O anlamda ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan yox ola bilərdi. 1993-cü ildə məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə respublikamız dağılma, parçalanma təhlükəsindən qurtuldu. “Milli Qurtuluş Günü” ilə də Azərbaycanın gələcək intibahının təməli qoyulmuş oldu.

 

Bu illərdə ölkəmizdə gedən elan olunmamış Qarabağ müharibəsi, torpaqlarımızın işğalı, daxildəki qarşıdurmalar, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri, dövlət çevrilişinə cəhdlər ölkəmizdəki vəziyyəti bir az da ağırlaşdırırdı. Hətta o illərin siyasi dünya ədəbiyyatı və mətbuatında Azərbaycan haqqında çox bədbin proqnozlar verilir, Azərbaycan tənəzzülə uğrayan və dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu.

 

Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devirmək tendensiyasından, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. Ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü. Lakin Heydər Əliyevin dərin zəkası, güclü siyasi fəhmi, polad iradəsi və dövlətçiliyi idarəetmədə fitri istedadı qısa zaman kəsiyində tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi.

 

Çox çəkmədi ki, ulu öndər gecəsini gündüzünə calayıb ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, nəticədə düşmənə sarsıdıcı zərbələr endirildi və Ermənistan atəşkəsə vadar edildi.

 

Ulu öndərin bütün həyatı və fəaliyyəti həmişə şəffaf və xalqa açıq olduğundan bizlər onun xarici səfərlərini izləyirdik. Onun böyük dövlətlərin rəhbərləri tərəfindən yüksək səviyyədə qarşılandığının şahidi olmuşuq. Səfərlərdə məqsəd təkcə bu dövlətlərlə diplomatik əlaqələr qurmaq deyil, əslində həm Azərbaycanın dünyada tanıdılması, həm də 20 faiz torpaqlarının erməni təcavüzünə məruz qalmasının dünya ictimaiyyətinə çatdırılmasına hesablanmışdır.

 

Çox çətinliklə də olsa, yalnız ulu öndərin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Tarixin acı təcrübəsindən məlumdur ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq və əbədiləşdirmək ondan qat-qat çətin və mürəkkəbdir.

 

Qeyd olunmalıdır ki, hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Hələ ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana keçirmişdi. Artıq müstəqilliyini əldə etmiş ölkəni köhnə qanunlarla idarə etmək mümkün deyildi.

 

Qarşıda ilk olaraq yeni demokratik konstitusiyanın qəbulu dururdu. Bilavasitə ulu öndərin başçılığı ilə hazırlanan müstəqil Azərbaycanın ilk konstitusiya layihəsi xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib və həmin ayın 27-də qüvvəyə mindi. Konstitusiya layihəsi ilə yanaşı, “Milli Məclisə seçkilər haqqında” Qanun da hazırlanıb qəbul edildi, elə referendum günü çoxpartiyalı sistem əsasında həmin dövr üçün məqbul hesab edilən majoritar və proporsional qaydada Milli Məclisə də ilk demokratik seçkilər keçirildi.

 

Azərbaycanın bu Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən və Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsi sayılan, 1918-ci ildə qəbul olunmuş “İstiqlal Bəyannaməsini” özündə yaşadan, tarixi varisliyi təmin edən ən yüksək hüquqi qüvvəyə malik Qanundur. Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü kimi deyə bilərəm ki, ulu öndər layihədəki hər sözü, hər cümləni zərgər dəqiqliyi ilə ölçüb-biçirdi. Konstitusiya sözü qurmaq, yaratmaq, nəsə təsis etmək anlamını verdiyindən onun bu hərəkətləri başa düşülən idi. Çünki müstəqil Azərbaycanı qurmaq, yaratmaq nəsə təsis etmək üçün birinci növbədə onun hüquqi əsaslarını yaratmaq lazım idi. Müstəqillik dövründə qəbul edilən bu ilk Konstitusiya tam demokratik prinsiplərə söykənmiş və beynəlxalq aləm tərəfindən onun demokratikliyi etiraf edilmişdir.

 

Qeyd edim ki, 1995-ci ilin noyabrında mən ədliyyə naziri vəzifəsini icra edərkən, Avropa Şurasının dəvəti ilə Avropa Şurasında olub onun bir neçə departamentində görüşlər keçirib, Avropa Şurasının Nazirlər Sovetinin o vaxtkı sədri Daniel Tarşislə də görüşümüz olmuşdur. Bizim nümayəndə heyəti Avropa Şurasında olarkən, Konstitusiya artıq qəbul olunmuşdu, lakin o hələ qüvvəyə minməmişdi. Biz gedərkən özümüzlə Konstitusiyanın mətninin rus dilində çap edilən qəzeti götürmüşdük. Avropa Şurasının iki rus dilli eksperti Fransadan olan professor Lessaj və Çexiyadan olan ekspert (soy adını unutmuşam) ilə Konstitusiyamızla bağlı müzakirələr aparmışıq. Həmin qəzet üç gün bu ekspertlərdə qaldı, onu öyrəndilər və bizimlə növbəti görüşdə bildirdilər ki, bu Konstitusiya ilə Azərbaycan bir sıra Avropa ölkələrindən də çox irəli getmişdir.

 

Ümumiyyətlə, Konstitusiya hər bir ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə və dövlət quruluşunun formalarını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilinin əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur.

 

Yeni Konstitusiyanın preambulasında dövlət müstəqilliyi və suverenliyinin qorunması ilə yanaşı, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq məqsədilə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.

 

Bu Konstitusiyanın qəbulu ilə ulu öndər demək olar ki, Xalq Cümhuriyyətinin ideyalarını həqiqətə çevirdi. Bu da çağdaş tariximizin ən mötəbər hadisələrindən olmaqla, ulu öndərimizin Azərbaycan dövlətçiliyinin qarşısındakı xidmətlərindən biri sayılır. İlk dəfə olaraq sivil dövlət quruculuğuna xas olan, onun qanunverici icra və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmış, hakimiyyətin yeganə mənbəyinin xalq olması prinsipi deklarativ şəkildə bəyan edilmişdir. Eləcə də, Konstitusiyanın qanunvericilik sisteminin əsası olmaqla respublikada ən yüksək birbaşa hüquqi qüvvəyə malik olması təsbit edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, yeni Konstitusiyada haqlı olaraq “əsas qanun” terminindən imtina edilmişdir. Bu düzgün qəbul edilməlidir, çünki indi hər sahəni tənzimləyən özünün əsas qanunu vardır. Bu gün isə Konstitusiya dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunu hesab edilir.

 

Ümumbəşəri, demokratik dəyərlərə əsaslanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə ulu öndərimizin bilavasitə rəhbərliyi altında yaradılmış hüquq islahat komissiyası milli qanunvericiliyimizi yaratmağa başladı. İlk növbədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin bilavasitə fəaliyyətini tənzimləyən qanunlar, maddi və prosessual məcəllələr, ölkəmizin iqtisadiyyatının inkşafına təminat verən iqtisadi, torpaq islahatı və özəlləşməni tənzimləyən qanunlar hazırlanıb qəbul edildi. Yalnız bundan sonra ölkəmizdə demokratik islahatların aparılmasına zəmin yarandı və ardıcıl olaraq demokratik təsisatların yaradılmasına başlandı.

 

İlk dəfə olaraq bu Konstitusiyanın “məhkəmə hakimiyyəti” fəslində demokratik təsisat olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz əksini tapdı, onun say tərkibi, formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri qeyd olundu. Demokratiyanın atributlarından və müasir hüquqi dövlətin ən vacib institutlarından biri sayılan ali konstitusiya nəzarəti orqanı kimi 1998-ci ilin 14 iyun tarixində Konstitusiya Məhkəməsi yaradıldı və bu təsisat tez bir zamanda cəmiyyətdə öz layiqli yerini tuta bildi. Elə həmin ildə qadınların dövlət quruculuğunda və siyasətdə iştirakını təmin etmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi, eləcə də dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının dövlətimiz tərəfindən qorunması məqsədilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş komitəsi yaradıldı və bir sıra iqtisadi qurumların strukturları təkmilləşdirildi. Ölkədə uğurlu torpaq islahatı aparıldı, dövlət əmlakının özəlləşdirilməsi və bazar iqtisadiyyatına keçid başlandı.

 

1998-ci ildə ölüm hökmünün icrasına moratorium qoyuldu və ölüm cəzası cinayət qanunvericiliyindən çıxarıldı. Söz, fikir azadlığına önəm verilərək mətbuat üzərindən senzura ləğv edildi. 1999-cu ildən başlayaraq ilk dəfə ölkəmizdə demokratiyanın atributlarından biri hesab edilən yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilər keçirildi və sonralar ardıcıl olaraq bu iş davam etdirildi. Eləcə də Prezidentin yanında əfv komissiyası yaradıldı və əfv institutu mexanizmi işləməyə başladı. Ulu öndər humanizm prinsiplərini rəhbər tutaraq ardıcıl olaraq yüzlərlə məhkumu əfv etmiş, onun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktlarına əsasən on minlərlə şəxs cəzadan azad edilmişdir. Sevindirici haldır ki, ulu öndərin bu sahədə yeritdiyi siyasət möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu qəbildən olan tədbirlərin dairəsi daha da genişləndirilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən Cinayət Məcəlləsinə bir qrup cinayətlərin dekriminallaşdırılması ilə bağlı edilən dəyişikliklər və cəza siyasətinin humanistləşdirilməsi deyilənləri bir daha sübut edir.

 

İnsan hüquqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil (Ombudsman) təsisatı və AMEA-nın tərkibində İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı və hər ikisi bu gün də uğurla fəaliyyət göstərir.

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, digər demokratik təsisatlar yaradıldı və ilk dəfə 2000-ci ildə test üsulu ilə hakimlərin seçim prosesinə başlanıldı. Qeyd olunmalıdır ki, hazırda bu iş daha da təkmilləşdirilmiş və şəffaf prosedurlar qaydasında həyata keçirilir.

 

Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyinin təminat tapdığı və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə zəmin yaradan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul olundu. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə yönəlmişdir.

 

Demokratik, hüquqi dövlət quruculuğu və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Heydər Əliyev siyasi kursunun və dövlətçilik ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktik tədbirlərin dairəsi genişləndirilir, ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında son 03 aprel 2019-cu il tarixli Fərmanını və 2020-ci ildən başlayaraq işin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədi ilə inzibati-iqtisadi məhkəmələrin bazasında iki ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılmasını buna misal göstərmək olar.

 

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim elmin, təhsilin, mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar vermiş, xüsusi təqaüdlər təyin etmiş, ittifaq dövləti tərəfindən onların təltif edilməsinə və yubiley tədbirlərinin nəinki Azərbaycanda, həm də bir neçə ölkədə təşkilinə nail olmuş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. İnamla demək olar ki, o, öz qayıdışı ilə nəinki Azərbaycanı, eləcə də elmimizi, təhsilimizi, mədəniyyət və incəsənətimizi tənəzzüldən xilas etdi.

 

Heydər Əliyev azərbaycançılıq məfkurəsini formalaşdırmağa nail olmaqla, xalqda Azərbaycana və dilimizə məhəbbət oyatdı. O, həmişə vurğulayırdı ki, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Dil hər bir millətin milliliyinin əsasıdır. Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam” - kəlamı dillər əzbəri olub. Həqiqətən belə bir deyim var ki, əgər bir milləti yox etmək istəyirsənsə əvvəlcə onun dilini al.

 

Ümumiyyətlə, Heydər Əliyev müxtəlif peşə sahiblərinin əməyini yüksək qiymətləndirərək ayrı-ayrı sərəncamlarla peşə bayramları təsis etmiş, onların fəaliyyətinin daha da səmərəli, nümunəvi olması üçün ruhlandırmış və xalqa sədaqətlə xidmət etmələrinə stimul yaratmışdır.

 

Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanan, gənc nəsli vətənpərvər, dövlətimizə və milli dəyərlərimizə bağlılıq ruhunda tərbiyələndirən qadınlara da ölkə həyatının bütün sahələrində xüsusi yer verərək qadın şəxsiyyətinə olan böyük hörmətini vurğulamış, gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişdir. O, daima Azərbaycan qadınının mərdliyini, iradəsini, sədaqətini ən ali dəyər kimi qiymətləndirmişdir.

 

Ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanan “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlər bu gün də öz aktuallığını itirməmiş və ölkəmizdə uğurla davam etdirilir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi bunun bariz nümunəsidir. Ümumiyyətlə, qadınlar hansı ali vəzifələrdə təmsil olunmaqlarından asılı olmayaraq böyük məsuliyyət və əzmlə çalışırlar.

 

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm ölkədə, həm də xaricdə gördüyü işlərlə, müxtəlif sahələrdəki geniş fəaliyyəti ilə Azərbaycan qadınına örnək olaraq mərhəmətlilik, xeyriyyəçilik simvoluna çevrilmişdir. O ailə, qadın və uşaqların problemlərini öz nəzarətində saxlayaraq uşaqların təhsili, sağlamlığı, tərbiyəsi sahəsində böyük layihələri uğurla həyata keçirir. Mehriban xanımın bu yüksək vəzifəyə təyin edilməsinin özü də məhz Heydər Əliyevin qadın siyasətindən qaynaqlanır.

 

Heydər Əliyev tərəfindən 10 ildə bir əsrə bərabər iş görülmüşdür. Lakin qeyd olunmalıdır ki, O, ikinci dəfə hakimiyyətə gələndə dövlətin büdcəsi boş idi. Yoxsa daha böyük və qlobal işlər görülə bilərdi. Məhz bu səbəbdən ölkənin iqtisadi vəziyyətini dirçəltmək üçün O, bütün maneələrə baxmayaraq, 1994-cü ilin oktyabrında neft yataqlarının işlənməsi ilə bağlı xarici investorlarla “Əsrin müqaviləsi”ni imzaladı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası təmin edildi.

 

Ulu öndər var gücü ilə çalışıb atəşkəsə nail olsa da, Qarabağ problemini Qərbin və hegemon dövlətlərin yalançı demokratiya pərdəsi altında ölkəmizə qarşı apardıqları “ikili standart” oyunları və qəfil gələn əcəl bunu axıradək həll etməyə imkan vermədi. Bu ikili oyun bu gün də davam etməkdədir. Lakin dövlətimiz və xalqımız əmindir ki, haqq nazilər, amma üzülməz. Nankor erməni faşistlərinin bu çirkin oyunlarına möhtərəm dövlət başçımız, Ali Baş Komandanımızın rəhbərliyi ilə bir gün son qoyulacaqdır.

 

Nəhayət, ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə bu gün onun siyasi kursunu layiqincə davam etdirən, Azərbaycanı yüksəklərə qaldıran, respublikada qlobal beynəlxalq tədbirlərin keçirilməsinə rəvac verməklə ölkəmizi bütün dünyada tanıdan möhtərəm Prezidentimiz İlham Əliyev kimi bir siyasətçi oğul yetişdirib xalqa bəxş etməsidir. Həyat göstərdi ki, bütün məsələlərdə olduğu kimi, ulu öndərin 2003-cü ildə “Mən İlhama özüm qədər inanıram”...deməsi ilə də yanılmamışdı. Cənab İlham Əliyev bir Prezident kimi ona göstərilmiş etimadı doğruldaraq müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, dövlətin milli maraq və mənafeyini müdafiə edən bir siyasi lider kimi xalq qarşısında verdiyi vədə əməl edərək bu məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlmişdir.

 

Hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi, dövlətin bütün xalqın yanında olması, xəstələrin qayğı ilə əhatə edilməsi, müalicəsi məhz Prezidentin adı ilə bağlı olmağının nəticəsidir və bu bəla ilə mübarizədə respublikamızın dünya ölkələri arasında yeddinci, postsovet ölkələri arasında isə birinci yerdə durması onun diqqətinin sayəsindədir.

 

Ulu öndər Heydər Əliyev fəaliyyətinin üçüncü dövründə Azərbaycanda bütün sahələrdə gördüyü saya gəlməyən nəhəng işlərlə öz dövləti və xalqı qarşısında bir xilaskarlıq missiyası daşımışdır. O, Azərbaycanı, müstəqilliyimizi və varlığımızı xilas etmişdir.

 

Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bu günü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır.

 

Bu müstəsna fəaliyyətə ən yüksək dəyəri və qiyməti də, məncə, Heydər Əliyev özü hələ sağlığında, “Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam”, deməsi ilə vermişdir.

 

Bəli, Azərbaycan həmişə var olacaq, ulu öndər də qəlblərdə qurduğu əbədilik taxt- tacı ilə həmişə yaşayacaqdır!

 

Fürsətdən istifadə edərək xalqımızı 15 İyun - “Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edir, ölkəmizin tez bir zamanda COVİD-19-a yoluxanların bu xəstəlikdən xilas olmasını və hər kəsə möhkəm cansağlığı, xoş günlər arzu edirəm.

 

 

 

Südabə HƏSƏNOVA,

 

Azərbaycan Respublikası Konstitusiya

 

Məhkəməsinin “Şöhrət” ordenli hakimi,

 

II dərəcəli dövlət ədliyyə müşaviri,

 

Əməkdar hüquqşünas

 

Respublika.- 2020.- 13 iyun.- S.2.