Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyət
Tarixdə elə əlamətdar günlər var ki, milyonlarla insanın taleyində və müqəddəratında həlledici rol oynayıb, bir xalqın yaddaşına əbədi həkk olub və onun tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan xalqı üçün də 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Həmin tarixi gün ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı və dövlətimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür. 15 iyun əsl qurtuluş, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan dahi öndər Heydər Əliyevdir. Bu gün xalqımızın tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu, Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Azərbaycan xalqının taleyi və uğur tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının taleyinə biganə qalmayan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
“İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” bir aksiomu qeyd edən dahi öndərin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.
Bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.
Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Ümummilli liderin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlər idi.
Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini uzaqgörən dahi, ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxarmışdır. Bütün bunlar ulu öndər tərəfindən əsası qoyulmuş, düşünülmüş, uzaqgörən strategiyanın davam etdirilməsi və uğurla həyata keçirilən siyasətin nəticəsində əldə olunmuşdur. Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etdi: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarmışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, öz dövlətçilik siması, öz inkişaf yolu vardır. Artıq illərdir ki, Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş vahid inkişaf strategiyası, siyasi-iqtisadi və mədəni-mənəvi təkamül konsepsiyası, vahid milli ideologiya formalaşmaqdadır. Dövlətimizin öz milli maraqlarına söykənən beynəlxalq siyasi kursu da, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu, sadəcə, qoruyub saxlamaqla kifayətlənməyərək, onu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməkdədir. Dövlət başçısının yeritdiyi siyasi kurs milli həmrəylik, milli birlik üçün yaranmış ictimai-siyasi şəraitin, imkanların reallaşdırılması üçün də böyük imkanlar açır ki, bu da daxili siyasət sahəsində ən böyük nailiyyətlərdən biridir. Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin parlaq nəticələri göz qabağındadır. Son illərin bütün siyasi və sosial-iqtisadi yekunları təsdiqləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa verdiyi vədlər sırf əməli fəaliyyətə söykənərək real həyata vəsiqə almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin diqqətçəkən əsas məqamlarından biri və başlıcası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış ictimai-siyasi sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu illər ərzində həm də Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlətimizin başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla addımlayır. Məhz buna görə də xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir beynəlxalq siyasəti və iqtisadiyyatı gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkəmizdə olan xalq - iqtidar birliyi gələcək uğurlarımızın əsası və ən ali məqsədlərimizin reallaşmasının zəminidir. Bu yolda bugünkü və gələcək nəsillərin üzərinə düşən ən böyük məsuliyyəti, Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu, onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.
Alim ÖMƏROV,
“Orbita” Şirkətlər qrupu İdarə Heyətinin sədri.
Respublika.- 2020.- 13 iyun.- S.3.