Xalqının qurtuluş mübarizi

 

 

Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü müasir dövlətçiliyimizin banisi, ulu öndər, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətini, xalqını, millətini zamanın ən çətin sınaqlarından çıxaran, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olan qüdrətli şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, müdrik siyasəti dünyanın ən qabaqcıl ölkələri ilə Azərbaycanın iqtisadi-siyasi və mədəni əlaqələrinin yaranmasına və möhkəmlənməsinə imkan vermişdir.

 

Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan ümummilli lider, ulu öndər Heydər Əliyevin adı bu gün dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. O, öz zəngin siyasi fəaliyyəti sayəsində xalqının milli dirçəlişini strateji dövlət siyasətinə çevirmiş, Azərbaycanın dinamik inkişafının təməlini qoyaraq müstəqilliyimizin bünövrəsini möhkəmlətmiş, ölkəmizin bu gün dünyada analoqu olmayan templə davamlı inkişafına zəmin yaratmışdır. Xalqımız məhz Heydər Əliyevin sayəsində milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və ən nəhayət müstəqil Azərbaycan dövlətinin yaradılmasında Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olmuşdur. Ölçüyəgəlməz misilsiz xidmətləri ilə tariximizin ən yüksək zirvəsini fəth edən dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli tərəqqi mərhələsi olmuşdur. Respublikamızda müstəqil dövlət təsisatlarının, beynəlxalq normalara əsaslanan hüquqi dövlət quruculuğunun yaradılması, suveren dövlətimizin əsas qanunu olan Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması, Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsi kimi saysız-hesabsız vacib məsələlərin müvəffəqiyyətli həlli məhz ulu öndərin adı ilə bağlıdır.

 

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızın həyatında ictimai-siyasi proseslər, iqtisadi islahatlar geniş vüsət almış, bütün sahələrdə nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi, milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz yeniliklərin təşkilatçısı və himayədarı məhz ulu öndər Heydər Əliyev idi.

 

1969-1982-ci illərdə xalqımızın həyatında baş verən dəyişikliklər Azərbaycanın quruculuq salnaməsində önəmli yer tutur. Heydər Əliyev xalqının qəhrəmanlıqlarla dolu olan tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. O, xalqının mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini ən ümdə vəzifəsi hesab edirdi. Vətəni sevmək, ona ürəkdən bağlanmaq, onun dilinə, mədəniyyətinə, tarixinə, dünəninə, bu gününə, sabahına sahib çıxmaq onun alın yazısı idi.

 

XX əsr dünyada köklü dəyişikliklərlə, siyasi proseslərlə əlamətdar olmuşdur. Əsrin sonlarında Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmadı, xalqımız ağır və çətin bir şəraitdə əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatdı, öz müstəqilliyinə qovuşdu. Dünyada, keçmiş sovetlər ittifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi bir hadisə, eyni zamanda, xalqımızın milli sərvəti, milli nailiyyəti idi. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən qısa müddət sonra respublikamızın düşdüyü ağır, iqtisadi, sosial-siyasi, ictimai və mənəvi böhran 1993-cü ildə daha da dərinləşdi. Həmin ilin iyun ayında ölkə ərazisində daxili sabitlik tamamilə pozuldu, ayrı-ayrı qüvvələrin qarşıdurması bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq cəhdləri daxili böhranı daha da genişləndirdi. O zaman - 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qalan xalq öz taleyini yalnız yüksək idarəçilik bacarığı, tükənməz enerjisimisilsiz işgüzarlığı ilə hər an xalqının yanında olan Heydər Əliyevə etibar etdi. Xalqının təkidli istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı.

 

Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət olaraq formalaşdırmaq kimi çətin bir missiyanı şərəflə yerinə yetirən ümummilli liderin müstəqil Azərbaycanın prezidenti kimi fəaliyyəti müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə tapır. Dahi şəxsiyyət, xalqımızın və dövlətçiliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyev vətənə, xalqa, dövlətə sədaqətlə, şərəflə xidmət etməyi, xalqı üçün ömrünün hər anını fəda etməyi özünün mənəvi borcu hesab edirdi.

 

Elə buna görə də xarici təzyiqlər, daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qalan xalqımız öz taleyini yalnız və yalnız Heydər Əliyevə etibar etdi. Vətən darda ikən xalq öz nicat yolunu dahi lider, ulu öndər Heydər Əliyevin simasında gördü. Ölkəsinin, xalqının ən çətin günlərində ona arxa, dayaq durmağı özünə borc bilən, hər zaman xalqının, millətinin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşməsində müstəsna rolu olan ulu öndər, dahi lider Heydər Əliyev bu dəfə də çiyinlərinə xalqının tale yükünü götürərək üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirmək üçün ömrünün sonuna kimi qətiyyətlə mübarizə apardı.

 

1993-cü il iyunun 15-də Ali Sovetə - Milli Məclisə sədr seçilən Heydər Əliyev Azərbaycanı parçalanmaq, dağılmaq, vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişindən xilas etdi. Ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan, lakin heç bir təcrübəsi, savadı, dünyagörüşü olmayan, yalnız xarici ölkələrin xüsusi xidmət orqanlarının göstərişi ilə respublika ərazisində sabitliyi pozan qüvvələrin qarşısını aldı. Azərbaycanı çətinliklərdən, ağır sınaqlardan şərəflə keçirərək müstəqillik yoluna çıxartdı. Azərbaycanın milli mənafelərini hər zaman hər şeydən üstün tutan ümummilli lider respublikamızı nəinki bölgədə, böyük bir regionda inkişaf etmiş dövlətlər sırasına qoşmaq, onun xoş gələcəyini təmin etmək üçün var qüvvəsini səfərbər etdi.

 

Bu gün demokratik, hüquqi dövlət kimi gündən-günə inkişaf edən Azərbaycan müstəqil dövlət kimi dünya birliyində önəmli yer tutaraq öz sözünü deməyə qadir bir ölkədir. Qədim milli mədəniyyətimizin kökləri üstündə çiçəklənən Azərbaycan Heydər Əliyev dühasının bəhrəsidir. Müstəqilliyimizin, bütövlüyümüzün əbədi təminatçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin qurduğu, yaratdığı, göz bəbəyi kimi qoruduğu müstəqil Azərbaycan sabaha inamla addımlayır. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Onun ölkə daxilində və xaricdə böyük inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın qarantı oldu.

 

1969-cu ildən sovet Azərbaycanına rəhbərlik edən, sonradan SSRİ-nin ali hakimiyyətində təmsil olunan, 1993-cü ildən müstəqil Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyev ömrünü xalqına, millətinə, Azərbaycan dövlətçiliyinə həsr edərək Azərbaycan xalqının tale yükünü çiyinlərində daşıdı. O, xalqının müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda mübarizə apardı, doğma Vətənini bir dövlət kimi zamanın sərt sınaqlarından çıxartdı, dünya tarixində dahi bir lider, vətəndaş, şəxsiyyət kimi tanındı.

 

Bu gün ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan demokratik, hüquqi dövlət, dünyəvi cəmiyyət, sivilizasiyalı ölkə kimi gündən-günə inkişaf edir, xalqın rifahı yüksəlir. Azərbaycan nəinki bölgədə, regionda inkişaf etmiş dövlətlər sırasına qoşulur. Ölkəmizin hərtərəfli inkişaf prosesinə təkan verərək onu daimi yüksəliş yoluna çıxaran, xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində, müasir Azərbaycan dövlətinin yaradılmasında misilsiz xidmətləri olan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyimizin təmin olunduğu günü Azərbaycan xalqı ən yeni tarixinə - Milli Qurtuluş Günü olaraq yazdı.

 

Milli qurtuluşumuz, Azərbaycanın mövcudluğu onun ən böyük tarixidir. Bu tarixi gün xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyinin təmin olunduğu dövlətçilik tariximizin şanlı səhifəsi oldu. Bu şanlı tarixi səhifənin müəllifi isə daim xalqına arxalanan və hər zaman xalqına arxa olan ümummilli lider, ulu öndər Heydər Əliyevdir. Müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca Heydər Əliyev dühası yaşayacaq, xalqını xoş gələcəyə səsləyəcək.

 

Qurtuluş Günün mübarək, Azərbaycan!

 

 

 

Səxavət QURBANOV,

 

“K.E İnşaat” MMC-nin direktoru.

 

Respublika.- 2020.- 13 iyun.- S.5.