Unudulmaz diktorun xatirəsinə söz...

 

Azərbaycan Beynəlxalq Radiosunun diktoru Səfər Cəfərov 1942-ci ildə qədim Naxçıvan torpağında, Ordubad şəhərində anadan olmuşdur. O, ziyalı ailədə böyüyüb. Digər qardaşı professor Fərhad Zeynalov dünya türkoloqları içərisində tanınan görkəmli alim idi. Qardaşı tanınmış jurnalist Zöhrab Zeynalov uzun illər Azərbaycan radiosunda rəhbər vəzifələrdə çalışmışdı. Təbii ki, ailədə özündən böyük ziyalı qardaşlarının elmi-ədəbi mövqeyi Səfərin dünyagörüşünün zənginləşməsinə, elmi biliklərə dərindən yiyələnməsinə təsirsiz ötüşə bilməzdi.

 

Səfər Ordubadda orta məktəbi bitirdikdən sonra paytaxta — Bakıya gəlir. Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. Tələbəlik illərində Azərbaycan Radiosu ilə əməkdaşlıq edir. Radiodan başlayan 50 illik ömür yolu çox zəngin olmuşdur. Mərkəzi hökumətin qərarı ilə 1941-ci ildən fəaliyyətə başlayan Moskva Radiosunun Xarici Verilişləri nəzdində faşizmin ifşa edilməsi, ona qarşı əks təbliğat aparılması məqsədilə Bakı Radiosunda türkfars dillərində yayımlar təşkil edildi. Yaxın Şərq ölkələrinə verilən bu proqramlar tez bir zamanda yüksək aktuallıq kəsb etdi. Ona görə də ərəb dilində verilişlərin yaranma zərurəti günün vacib problemlərindən biri oldu. Amma belə bir şöbənin tezliklə təşkil edilməsi o qədər də asan deyildi. Çünki o vaxtlar bütün SSRİ məkanında ərəb dilini bilən yüksək dərəcəli mütəxəssis tapmaq çox çətin idi. Çoxsaylı xarici dildə veriliş yayımlayan SSRİ kimi nəhəng bir ölkənin yerli ərəb dili bilən mütəxəssisi yox idi. Ona görə də Moskva Radiosu məcbur olub Misirdən kommunist düşüncəli ərəb diktorlar dəvət etmişdir. Belə bir məqamda Moskva Radiosu Azərbaycan Xarici Verilişlərini mütəxəssislə təmin edə bilməzdi. Azərbaycanın isə buna ehtiyacı da yox idi. Çünki artıq Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində görkəmli alim Ələsgər Məmmədovun rəhbərliyilə Aida İmanquliyeva, Malik Mahmudov, Vasim Məmmədəliyev, Elza Hüseynova, Malik Qarayev kimi dili mükəmməl bilən, püxtələşmiş ərəbşünas alimlər yetişmişdi. Artıq Azərbaycan Radiosunun ərəb dilində verilişlərində yerli mütəxəssislər çalışırdılar. 50-ci illərin sonu, 60-cı illərin əvvəlində Radionun ərəb şöbəsində redaktor, tərcüməçi Vasim Məmmədəliyev, diktor Sinan Səid və başqa peşəkarlar işləyirdi.

 

1967-ci ildə Bakı Dövlət Universitetinin Ərəb şöbəsini bitirən Səfər Cəfərov radionun ərəb şöbəsinə təyinat alır. O vaxtdan əmək fəaliyyətinə başlayır və kərküklü Sinan Səidlə bərabər işləməli olur. Sinan Səid Kərkük - Azərbaycan xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər, ərəb dilində peşəkar diktor idi. Xoşbəxtlikdən Səfər ilk fəaliyyətinə Sinan Səidin rəhbərliyi altında başladı. Bu, gələcəkdə Səfərin ərəb dünyasında tanınması, fəaliyyət göstərməsi peşəkar ərəb diktoru olması üçün əla fürsət idi. O, Sinan Səiddən sənətin bütün incəliklərini öyrənir və müstəqil diktor kimi yetişir. Getdikcə Səfərin səsi, sözü bütün ərəb ölkələrində eşidilirsevilir. O, ərəbcə o qədər təmiz, qüsursuz danışır, mətn oxuyurdu ki, onun ərəb olmadığına heç kəs inanmırdı.

 

Səfərin bu istedadı diqqəti çəkməyə bilməzdi. O vaxtlar Sovet mütəxəssisləri Yəmən Ərəb Respublikasına ezamiyyətə göndərilirdi. Göndərilənlərin sırasında Səfər Cəfərov da vardı. Belə ki, S.Cəfərov 1968-ci ildə Yəmən Ərəb Respublikasında işləmək üçün Moskvadan dəvət alır. Elə həmin ildən də Yəməndə müxtəlif təşkilatlarda tərcüməçi işləyir. Müqavilə müddəti bitdikdən sonra Bakıya qayıdır. Beynəlxalq Radionun Ərəb şöbəsində diktorluq fəaliyyətini davam etdirir. Nəhayət, bir neçə ildən sonra yenidən ezamiyyət başlayır. Bu dəfə S.Cəfərov Suriyaya göndərilir və müxtəlif təşkilatlarda 2 il tərcüməçi işləyir. Sonuncu ezamiyyəti İraq Respublikasına olur. 80-ci illərin sonlarına yaxın İran-İraq müharibəsi başlayır. Müharibə İraqda bütün işləri dayandırır. Həmin il ölkədə çalışan Sovet mütəxəssisləri də öz vətənlərinə dönməli olurlar. Səfər də 4 il İraqda işlədikdən sonra Bakıya qayıdır. Beynəlxalq Radioda diktorluq fəaliyyətini davam etdirir. Bu müddətdə həm də ərəb dilində diktor mütəxəssislərin yetişməsində xüsusi xidmət göstərir. Bu sahədə özünün məktəbini yaradır. İndi bir çox tanınmış ərəbşünas mütəxəssislər Səfər Cəfərovu özlərinin ustadı, müəllimi olduğunu deyirlər.

 

Dünya bir pəncərədir, hər gələn baxar gedər... Ancaq dünyafanidir, nə də beşgünlük. İnsan özünün ağlı, zəkası, elmi ilə xalqın hörmətini qazanır, fiziki yoxluğundan sonra da unudulmur. Mayın 1-də Səfər müəllim haqqın dərgahına qovuşdu. Allah ona rəhmət eləsin. İnanırıq ki, Səfər müəllim onu tanıyanların, səsinə, sözünə valeh olanların qəlbində həmişə yaşayacaq.

 

 

 

Mehman VƏLİYEV.

 

Respublika.- 2020.- 13 iyun.- S.7.