Xalq naminə və xalqın vasitəsi
ilə
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əlamətdar hadisələrdən biridir. Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qiymətləndirib.
AZƏRTAC Konstitusiya Məhkəməsi Aparatının Cinayət və inzibati hüquq şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, hüquq üzrə fəlsəfə doktoru Humay Əfəndiyevanın 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yazdığı “Xalq naminə və xalqın vasitəsi ilə” sərlövhəli məqaləsini təqdim edir.
XX əsrin sonlarında yeni siyasi nizamın bərqərar olması dünyanın siyasi xəritəsini dəyişdirdi və bir sıra dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının müstəqillik elan etməsi ilə nəticələndi. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsi ucaldı. Sovetlərin qurduğu imperiyaya qarşı xalqımızın ayağa qalxması dirçəlişimizin yolunda dönüş nöqtəsi oldu. Lakin, məlum olduğu kimi, müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir. Bu istiqamətdə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməli idi. Təəssüf ki, müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə böyük bir boşluq mövcud idi, Ermənistanın Azərbaycana qarşı təcavüzü vəziyyəti daha da mürəkkəb edirdi. Mövcud hakimiyyət ictimai, siyasi, ideoloji və iqtisadi münasibətlərin paradiqmasını müəyyən etmək, sistem-struktur islahatlarını həyata keçirmək vəzifələrinin öhdəsindən gələ bilmirdi. Nəticədə siyasi iradəsi, səriştəsi, uzaqgörənliyi olmayan, baş verən ictimai-siyasi hadisələri adekvat qiymətləndirməyi bacarmayan hakimiyyət qısa zamanda xalq arasında nüfuzunu itirdi. Hakimiyyət böhranı 1993-cü ilin may-iyun aylarında kulminasiya həddinə çatdı və hər an baş verə biləcək vətəndaş qarşıdurması nəinki müstəqilliyimiz, hətta milli identikliyimiz üçün ciddi təhlükə yaratdı.
Belə şəraitdə xalq güvəndiyi siyasi liderin hakimiyyətə gəlməsini tələb etməyə başladı və buna qadir olan şəxsiyyət kimi məhz Heydər Əliyevin respublikanı xaosdan çıxaracağına duyulan inam əsl mənada milli hərəkata çevrildi.
Hələ 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyevin Bakıya gəlməsi üçün müxtəlif maneələr yaradılır, təxribatlar törədilirdi. Bu, ozamankı iqtidarın Azərbaycan xalqının Heydər Əliyevə olan inamından, onun siyasi miqyasından, onun kimi bir sima ilə müqayisədən belə çəkinmələri, vəzifələrini itirmək qorxusundan qaynaqlanırdı. Belə şəraitdə Heydər Əliyev doğulduğu Naxçıvana getməyi qərara aldı və muxtar respublikanın sakinləri tərəfindən böyük sevinclə qarşılandı, dəstəkləndi. Təsadüfi deyil ki, 1990-cı il noyabrın 7-də keçirilən Naxçıvan Ali Sovetinin sessiyasında sədrlik Heydər Əliyevə həvalə edildi və onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adına dəyişdirildi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik dövründə ilk dəfə dövlət qurumunda ucaldıldı.
Heydər Əliyevin blokada şəraitində yaşayan Naxçıvanda həyata keçirdiyi siyasət, onun şəxsi nüfuzu və diplomatiya sahəsində bacarıqları sayəsində qonşu İran və Türkiyə ilə yaratdığı münasibətlər, nümayiş etdirdiyi siyasi təmkin, zəka və iradə Azərbaycan xalqında onun şəxsiyyəti qarşısında ehtiramı daha da gücləndirdi. Xalq Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb etdi.
Heydər Əliyev xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu tarixdən etibarən müasir Azərbaycanın qurtuluş tarixi başladı, sabitlik və dinamik inkişaf təmin edildi. Həmin tarixi iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bildiyimiz kimi, XVIII əsrin sonlarında Amerika Birləşmiş Ştatlarında yaranmış prezidentlik institutu tədricən qitədən qitəyə, ölkədən ölkəyə yayılıb. Bununla belə bu institut zamanın hökmündən və ərazilərdən asılı olaraq yeni xüsusiyyətlər əldə edir, dolğunlaşırdı. Belə ki, sosial və siyasi həyatın təməlini təşkil edən idarəetmə forması ölkənin milli-tarixi xüsusiyyətlərini, mədəni ənənələrini və əhalinin mentalitetini əks etdirməlidir. Bu baxımdan Heydər Əliyevin həyata keçirdiyi prezidentlik konsepsiyası olduqca milli, ənənələr ideologiyasından qaynaqlanan bir konsepsiya oldu. Ümummilli Lider ölkənin XXI əsrdə inkişaf ideologiyasının forma və məzmununu özü belə izah edirdi: “...biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər”.
Heydər Əliyevin gətirdiyi yeniliklərdən biri azərbaycançılıq ideologiyası oldu, lakin burada başlıca faktor etnik mənsubiyyət deyil, vətənə sevgi və ehtiramdır. Heydər Əliyevin bu konsepsiyası respublikada yaşayan bütün xalqların vahid bir ideologiya ətrafında birləşməsini, dünyanın hansı ölkəsində məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda, ölkəmizin beynəlxalq nüfuzunun artırılması yolunda çalışmalarını ehtiva edirdi. O deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Ulu Öndərin bu xəttini davam etdirən Prezident İlham Əliyev isə öz növbəsində deyib: “Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar”.
Beləliklə, Ulu Öndər azərbaycançılıq ideologiyasını etnik millətçiliyə alternativ olaraq Azərbaycan xalqının və cəmiyyətinin vahidliyini təmin edən və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini şərtləndirən, multikulturalizmə əsaslanan mənəvi baza kimi irəli sürdü. Məhz bu ideoloji siyasət respublikada müxtəlif konfessiyaların və etnosların nümayəndələri arasında həmrəylik yaratdı, tolerantlıq, dini loyallıq, milli özünəməxsusluq və bəşəri dəyərlərə sadiqliyi həyat tərzinə çevirdi. Ümummilli Liderimizin təməlini qoyduğu azərbaycançılıq və multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfındən davam etdirilməsi dünyanın üzləşdiyi təhlükələrin - ksenofobiya, irqçilik, islamofobiya və digər potensial risklərin aradan qaldırılmasına xidmət edir. Bu siyasətin təzahürlərindən biri 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərinin konfransında dövlətimizin başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin əsasının qoyulması oldu və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrildi.
Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə üsulları, uzaqgörənliyi xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi. Respublikamız demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə qoşuldu. Nəticədə ictimai həyatın bütün sahələrini əhatə edən, hüquqi dövlət quruculuğuna istiqamətlənmiş islahatların həyata keçirilməsi üçün münbit bir zəmin formalaşdırıldı.
Xüsusilə qeyd edilməlidir ki, hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev bu sahədə islahatlara rəhbərliyi bilavasitə öz üzərinə götürərək onların qısa müddətdə və mütəşəkkil həyata keçirilməsini təmin etdi. Belə ki, SSRİ-dən miras qalmış, totalitar rejimə xas olan hüquq sistemi və qanunvericilik sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Başlanılmış islahatlar fonunda ən mühüm, ən taleyüklü hadisə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu.
Konstitusiya layihəsi hazırlanarkən Heydər Əliyev Əsas Qanunda əks olunmasını vacib hesab etdiyi məqamları xüsusi olaraq vurğulayırdı: “Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır. Konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin”.
Nəticədə Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan hüquqlarının təminatı dövlətin ali məqsədi kimi bəyan edildi.
Əsas Qanunun ən böyük fəsli insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların realizəsi mexanizmləri nəzərdə tutulub. Diqqətəlayiq məqam ondan ibarətdir ki, bu hüquq və azadlıqlar Konstitusiyada dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi təsbit olunmuş, toxunulmaz, pozulmaz və ayrılmaz elan edilib. İnsan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması kimi konstitusion müddəa isə Ümummilli Liderin bu sahəyə verdiyi xüsusi əhəmiyyət və diqqətin təzahürüdür.
1995-ci il Konstitusiyasının gətirdiyi mütərəqqi yeniliklərdən biri də konstitusiya nəzarəti orqanının - Konstitusiya Məhkəməsinin yaradılması oldu. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimlərinin təyin olunması ilə və həmin il iyulun 18-də ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı.
Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək və hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Belə ki, hüquq və azadlıqların pozulması yalnız dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ilə deyil, həm də qanunların Konstitusiyaya uyğunsuzluğundan irəli gələ bilər. Bu səbəbdən dövlət hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etməsi üçün real imkanlar yaratmalıdır. Bu baxımdan məhkəmə müdafiəsi hüququnun tam şəkildə həyata keçirilməsinin vacib formalarından biri konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət etmək imkanıdır.
2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın mətninə edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə ediblər. Bu gün Konstitusiya Məhkəməsinə verilən fərdi şikayətlərin insan hüquq və azadlıqlarının müdafiəsinin ən faydalı və effektiv mexanizmlərindən biri olduğu danılmazdır. Konstitusiya nəzarəti orqanına fərdi qaydada müraciət etmənin mümkünlüyü insan hüquqlarına Konstitusiya səviyyəsində riayət edilməsinin təminatının vacib vasitələrindən biridir.
Qeyd edildiyi kimi, fərdi konstitusiya şikayəti institutu Konstitusiyaya edilən dəyişiklik nəticəsində milli hüquq sisteminə daxil olub. Əlbəttə, Konstitusiyanın hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya hakimiyyət və cəmiyyət arasında əsas sazişdir və ölkə daxilində bütün həyat və fəaliyyət sahələri bu saziş əsasında cərəyan edir. Bu baxımdan Konstitusiyanın sabitliyi vətəndaş üçün iqtisadi, sosial, siyasi reallığın qabaqcadan görünən və aydın olmasına xidmət edir. Bununla belə, əsas Qanunun sabitliyi heç də onun tamamilə dəyişməzliyi demək deyildir. İctimai münasibətlər dəyişdikcə, inkişaf etdikcə Konstitusiyanın da təkmilləşdirilməsi, ona zamanın tələbinə, yeni reallıqlara və cəmiyyətin gözləntilərinə uyğun olan müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır.
Bu baxımdan ölkəmizdə demokratik dəyərlərin möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, hüquq islahatlarının həyata keçirilməsi, sosial dövlət ideyasının gücləndirilməsi zərurətindən irəli gələrək, 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlarda Konstitusiyanın mətninə əlavələr və dəyişikliklər edilib, Əsas Qanun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşdirilib.
Bu, Heydər Əliyev tərəfindən başlanılmış islahatların davam etdirilməsinin, onun rəhbərliyi altında qəbul olunan Konstitusiyanın yeni çağırışlara cavab verən ruhla dolğunlanmasına yönələn siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinin əlamətdar və bariz nümunəsidir.
Dövlətimizin başçısı hüquq sisteminin təkmilləşdirilməsi prosesini uğurla davam etdirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu Fərman ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının məntiqi davamı, islahatların aparılmasının yeni keyfiyyət mərhələsidir. Fərmanda məhkəmələrin fəaliyyətində ədalət, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbit olunan ədalət mühakiməsinin digər prinsiplərinə riayət edilməsinin zəruriliyi əksini tapıb. Fərman ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etməklə yanaşı, xalqın hakimiyyətin bu qoluna etimadının artmasına, nüfuzunun yüksəldilməsinə, vətəndaşların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsinin, ədalət mühakiməsinin səmərəliliyinin inkişafına xidmət edir.
Nəinki məhkəmə-hüquq sistemində, bütün sahələrdə həyata keçirilən islahatlar cəmiyyət tərəfindən alqışlanır və xalq-prezident vəhdətinin gücləndirilməsini nümayiş etdirir. Bu vəhdət Ümummilli Liderin siyasətinin davam etdirilməsinin parlaq nəticəsidir.
Bu gün Heydər Əliyevin irsindən danışarkən onun adını daşıyan Fondun fəaliyyəti xüsusilə qeyd edilmədir. Yarandığı gündən Fond qarşısına qoyduğu hədəflərin və əldə etdiyi nəticələrin miqyası ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bütün imkanlarını vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığı, yeni nəslin təhsili ilə bağlı sahələrə yönəltdi. Əldə olunan nəticələr o qədər uğurlu oldu ki, Heydər Əliyev Fondu ehtiyacı olan hər bir vətəndaşın ümid yerinə çevrildi. Bu, Heydər Əliyevin hər bir vətəndaş üçün arzuladığı maddi və mənəvi əsasları olan ləyaqətli həyat tərzinin təmin edilməsinə verilən bir töhfədir.
Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Heydər Əliyev milli dövlətçiliyimizin xalqa arxalanan konsepsiyasını yaratdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı.
Bu gün - 27 il sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq.
Humay ƏFƏNDIYEVA,
Konstitusiya Məhkəməsi
Aparatının Cinayət və inzibati hüquq
şöbəsinin
müdiri, 3-cü dərəcə
dövlət müşaviri,
hüquq üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 14 iyun.- S.2.