Xalqın məhəbbətini qazanan ümummilli lider
XX əsr Azərbaycan tarixinin parlaq siması, böyük şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Ümummilli lider ötən əsrin birinci yarısından etibarən öz fenomen xüsusiyyətləri ilə günəş kimi parladı. XXI əsrin astanasında əbədiyaşarlıq rəmzinə çevrilərək gələcək yüzilliklərin, minilliklərin möhkəm bünövrələrini, sarsılmaz təməllərini yaratdı.
XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal proseslərin və milli azadlıq hərəkatının nəticəsi kimi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda demokratik, hüquqi və dünyəvi dövlət olduğunu bəyan etsə də, qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləmək imkanı qazanmamışdı. Azərbaycanda hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi problemlər hökm sürürdü. Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş respublikamızda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri elan edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması zəminində baş qaldırmış xaotik və ziddiyyətli proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi, ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin yaranması, vətəndaşların təhlükəsizliyi üçün real təhdidlərin meydana çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi bu istəyin reallaşmasında ciddi maneəyə çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdən hakimiyyətdə olan diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu xalqın demokratik və hüquqi dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya çevirmişdi.
1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirin və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qanunsuz hərəkətləri məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Hadisələrin gedişi təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Belə bir ağır vaxtda Azərbaycanın taleyini düşünən insanlar, nüfuzlu ziyalılar xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşdilər.
Hələ keçmiş İttifaq dövründə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin necə böyük siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. 1991-ci ilin iyulunda Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda yeni mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusu, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz bir zərurət idi. Həmin vaxt Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, ağır vəziyyətdə yaşayan naxçıvanlılarda böyük nikbinlik yaratmış, muxtar respublika qısa müddətdə üzləşdiyi blokada şəraitində bir çox çətinlikləri dəf edə bilmişdi.
1993-cü ilin iyununda - ölkədə ciddi siyasi böhranın, hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla birlikdə ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir.
Heydər Əliyev qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
“Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq” - deyən ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır. Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür.
Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.
Ümummilli liderin rəhbərliyi altında 6 ay müddətində hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində də ardıcıl addımlar atmışdır. Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil ölkəmiz dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsini irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqətdə saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.
Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Üçrəngli bayrağımız Naxçıvanda ilk dəfə salona onun səyi ilə gətirildi. Müstəqillik dövrünün yeni Konstitusiyası qəbul edildi, özəlləşdirmə böyük uğurla həyata keçirildi, torpaq sahibkarlara verildi, ilkin olaraq onlara yardımlar göstərildi, neft sənayesi milliləşdirildi, Azərbaycan ədəbi dili inkişaf etdirildi, milli kadrların yetişməsi üçün münbit şərait yaradıldı və onlar dövlət qulluğuna cəlb edildi.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikamızın demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
İnamla deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəffəqiyyətlə davam etdirən, onu yeni layihələrin icrası və dərin islahatlar tətbiqi ilə daim irəliyə aparan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yaxın illərdə daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir.
Məhəmməd MUSAYEV,
“ArchiCO Engineering Group”
MMC-nin direktoru.
Respublika.- 2020.- 14 iyun.- S.3.