HEYDƏR
ƏLİYEV VƏ AZƏRBAYCANIN QURTULUŞU
Azərbaycan xalqının qurtuluş hərəkatının rəhbəri olan Heydər Əliyevin ictimai-siyasi və dövlət quruculuğu sahəsindəki fəaliyyəti o vaxta qədərki Azərbaycan gerçəkliyinin və mənliyinin canlı ensiklopediyasıdır. Azərbaycan xalqının bütün arzu və istəkləri Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində birləşmişdir. Ulu öndərin ecazkar gücü və qüdrətli təşkilatçılığı ilə müstəqillik ideyaları daha da möhkəmlənmişdir. Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmişdir. Heydər Əliyev Azərbaycan xalqının bütün yaradıcılıq potensialını, onun tarixi inkişaf yolunu və böyük xidmətlərini müstəqillik ideyalarında birləşdirən və bu müstəqilliyi daha da möhkəmləndirən ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Ulu öndərin ecazkar gücü və qüdrətli təşkilatçılığı ilə müstəqillik ideyaları zamanın sovet məkanında da parlaq və şəfəqlənən ideala çevrilmiş, sanki gələcək azadlıq mübarizəsinin konturlarını müəyyənləşdirmişdir. Heydər Əliyev bəşər həyatının ən yüksək zirvəsindən insan azadlığını və müstəqilliyi tanrı vergisi kimi müqəddəs bilmiş, hələ vaxtında, yəni ötən əsrin 70-ci illərində keçmişlə gələcəyi bir-birinə bağlayan və bir-birini tamamlayan qırılmaz vasitə kimi əlaqələndirmə körpüsü yaratmış və beləliklə, Azərbaycan xalqının vahidliyini düşünərək tarixi tərəqqinin inkişaf istiqamətlərini və müstəqillik yollarını müəyyən etmişdir. Əslində də ürəyində olan arzu və ideyaların əməli işə çevrilməsini, praktikada onun təsdiqi dahi insanların ölməzliyidir və sağlığında ikən əbədi məşələ çevrilməsidir. Bu arzu və ideyalarla yaşayan və dövlət vəzifələrini icra edən Heydər Əliyev hər bir Vətən övladının qəlbində özünə əbədi heykəl yarada bilmiş, xalqımızın sevgi dolu dövlət rəhbəri olmağa, layiqli vətəndaş olmağı işdə sübut edə bilmişdir.
Milli dövlətçilik və azərbaycançılıq fəlsəfəsini Azərbaycan mentaliteti ilə birləşdirən Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində bütün mütərəqqi qüvvələri müstəqilliyin qorunması ətrafında cəsarətlə birləşdirə bilmiş, xalqın və dövlətin demokratik dəyərlər qanunu ilə idarə edilməsinin zəngin məktəbini yaratmışdır. Bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası daxili və xarici siyasətdə böyük nailiyyətlər qazanmış, sosial, iqtisadi, mədəni və beynəlxalq sahədə fundamental müvəffəqiyyətlərə nail olmuş, iqtisadi inkişaf sürətinə görə lider dövlətə çevrilmişdir.
Milli Azərbaycan dövlətçiliyinin yaradılmasının və möhkəmləndirilməsinin banisi olan Heydər Əliyevin yaratdığı yeni-yeni dövlət strukturları, müəyyən etdiyi inkişaf strategiyası müstəqilliyimizin möhkəmlənməsini müəyyən edən başlıca istiqamətlərdir. Prezident İlham Əliyevin dediyi kimi, 1993-2003-cü illərdə 10 il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir, məhz Heydər Əliyevin böyük fəaliyyətinin nəticəsində Azərbaycan dövləti quruldu. Buna görə də ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur, onun banisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycana, Azərbaycanın inkişafına yönəlmişdir... Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”.
Heydər Əliyev XX əsrin nadir şəxsiyyətlərindən biri olmaqla yanaşı Azərbaycanın bütün dünya ölkələri ilə strateji tərəfdaşlığının təməlini qoymuş, uğurlu və tarazlaşdırılmış siyasətin bünövrəsini yaratmış, beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərini hazırlamış, dövlətimizin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmiş, güclü, idarə edilən dövlətin qüvvətli dayaqlarını yaratmış və bununla da XX əsrin reallıqlarında müstəqil və güclü Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, bu gün həyata keçirilən tədbirlər onu göstərir ki, “...ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir”.
Heydər Əliyev tərəfindən yaradılmış yeni dövlətçilik strukturları daxili mahiyyətinə və vəzifələrinə görə bəşəri məzmun daşıyır və elmi baxımdan daha dolğun və daha düzgün istiqamətləndirilmişdir ki, bugünkü uğurlarımız və nailiyyətlərimiz də həmin köklərə və həmin mənbələrə söykənir. Prezident İlham Əliyevin dediyi kimi, Heydər Əliyev ölkəmizin bütün istiqamətlər üzrə əsas inkişaf strategiyasını müəyyən etmişdir, onu həyata keçirmişdir.
Bu baxımdan XX və XXI əsrlərin qovşağında müstəqil Azərbaycanın hərtərəfli inkişafında, gənc dövlətimizin beynəlxalq müstəvidə mürəkkəb siyasi əlaqələr şəraitində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu və memarı, dövlətimizin və dövlətçiliyimizin banisi Heydər Əliyevin böyük rolu və xidmətləri olmuşdur və bu gün də vardır. Zəngin və dərin ensiklopedik biliyə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, dahi elmi biliyə, zəngin dövlətçilik nəzəriyyəsinə və geniş təcrübəyə malik idi. Heydər Əliyev XX əsrin reallıqlarında Azərbaycan tarixində böyük rol oynamış, geniş və zəngin fəaliyyəti ilə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, hərbi, elmi və mədəni həyatında əsaslı dönüş yaratmış dahi dövlət xadimi olmuşdur. Heydər Əliyevin yaratdığı zəngin irs və universal məktəb bugünkü Azərbaycanın hərtərəfli inkişafının başlıca prioritet istiqamətləridir və gələcək tərəqqinin strateji proqramıdır.
Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı həqiqətən zəngin dövlətçilik ənənələrinə malikdir və tarix boyu qüdrətli dövlətlərə malik olmaqla yanaşı ölkəni və dövləti idarə etməklə bərabər xalqı öz arxasınca apara bilmək qabiliyyəti, ona komandanlıq etmək hünəri, ən çətin məqamlarda qələbə əldə etmək və zəfər çalmaq istedadı olan böyük şəxsiyyətlər, siyasi liderlər, görkəmli dövlət xadimləri, əfsanəvi rəhbərlər və el ağsaqqalları yetirmişdir. Tariximizin bütün dövrlərində adı və fəaliyyəti ilə fəxr etdiyimiz belə şəxsiyyətlərimiz və dövlət rəhbərlərimiz olmuşdur və indi də vardır. Həmin şəxsiyyətlər tarixin müəyyən zamanlarında bəzən ümumxalq lideri olmaqla yanaşı, özünün intellektual fəaliyyəti və fitri istedadı ilə dünya meydanına çıxır, qlobal və beynəlxalq problemlərin həllində bəşəri əhəmiyyətə malik işlər görür, ad çıxarır, hörmət və nüfuz sahibi olur və beləliklə, planetar əhəmiyyətli dünya şəxsiyyətlərinə çevrilirlər. Belə şəxsiyyətləri yetişdirən ilahi bir varlıqdır, zaman və məkandır. Belə bir məkan dünya xəritəsində kiçik bir əraziyə malik olan, ancaq dünyanın böyük dövlətlərinin diqqət və tədqiqat mərkəzində olan Azərbaycan məmləkətidir.
Azərbaycan xalqının dünya əhəmiyyətli görkəmli dövlət xadimlərindən biri də adı ilə fəxr etdiyi, iman və güvənc yerimiz olan, şərəf və ləyaqət mücəssəməsi olan parlaq şəxsiyyət Heydər Əliyev şəxsiyyətidir. İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən bu dahi şəxsiyyət qısa zaman kəsiyində nəinki Azərbaycanı dünyaya tanıtdıra bildi, habelə Azərbaycan sivilizasiyalı dövlətlər bərabərliyinə yüksələ bildi. İstər sovet məkanı vaxtında və istərsə də müstəqilliyimiz illərində Azərbaycan sosial-iqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində fundamental nailiyyətlər qazandı, demokratik dəyərlərə malik yüksək göstəricilər əldə edə bildi. Unutmaq olmaz ki, Azərbaycanın tarixi əsrin üçdə biri qədər bu xalqa rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır”. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olmuşdur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev özünün geniş və böyük fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz diqqətini əsirgəməmişdir. Əgər biz Vətən tariximizə nəzər salsaq, onun hər hansı bir ömür kitabını vərəqləsək, onda görərik ki, Heydər Əliyev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı, görkəmli ictimai-siyasi dövlət xadimi, dünyanın tanımış şəxsiyyəti və dövlət rəhbəri, ayrı-ayrı dünya ölkələrində siyasi və dövlət rəhbərləri içərisindən seçilmiş “İlin adımı” olmuşdur. Heydər Əliyevin bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxdı, hərəkətə gəldi, öz rəhbərinin arxasınca getməyə, onu ən çətin anlarda müdafiə etməyə, ona arxa olmağa, ona dəstək verməyə, onu şər qüvvələrdən qorumağa and içdi. Azərbaycan xalqının bugünkü firavan yaşaması, müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi məhz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləridir.
Müqəddəs rəhbər
Heydər Əliyev ideyaları qədim tariximizin və ulu babalarımızın müdriklik xəzinəsinin misilsiz elmi-mədəni və milli-mənəvi dəyərlərini özündə əks etdirir. Bu ideyalar xalqımızın minilliklərdən gələn mənəvi-mədəni təravətini, məzmun mahiyyətini ifadə edir, ruhən mənəviyyatımıza malik olan müqəddəs və zəngin bir hikmət kimi günümüzü və dövrümüzü bir məşəl kimi işıqlandırmağa qadir olan strateji istiqamətlərdir. Bugünkü inkişafımız Heydər Əliyev tərəfindən hazırlanmış proqramdır.
Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyəti onun proqram xarakterli çıxışları, nitq və məruzələri çağdaş tariximizin sistemli-müqayisəli formada öyrənmək baxımından çox qiymətli bir məxəzdir və zəngin tarixi mənbədir.
Hər bir çıxışın və məruzənin spesifik paleoqrafiyası, xüsusiyyətləri və dəyəri vardır, özünəməxsus cəhətləri vardır.
Çağdaş tariximizin ictimai-siyasi və dövlətçilik tarixinin varislik əlaqəsi baxımından araşdırılması bir daha onu sübut edir ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bir çox yarımçıq qalmış problemlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş köklü islahatlar kursu qətiyyətlə davam etdirilməkdədir. Müstəqil Azərbaycanın daxili və xarici siyasət kursunda qazanılmış fundamental uğurlar dediklərimizə sanballı arqumentlərdir.
Heydər Əliyev ideyaları, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində onun qətiyyətli mövqeyi və dəmir iradəsi xalqımızın tarixə və tariximizin də xalqa verdiyi bir ibrət dərsidir ki, bu mövqe hamı tərəfindən qəbul və təsdiq edilən həqiqət konsepsiyasıdır. Çünki müstəqilliyimizə edilən qəsdlərin qarşısının alınması, ilk illərdə “ölüm və ya olum” qarşısında qalan müstəqilliyimizin qorunması, daxili və xarici düşmənlər tərəfindən dövlətçiliyimizə və dövlətimizə edilən qəsdlərin qarşısının alınması, xilas edilməsi və nəhayət, hüquqi, demokratik və dünyəvi dövlətin qurulması sahəsində həyata keçirilən prinsipial tədbirlər məhz Heydər Əliyevin misilsiz xidmətləridir. Açıq demək lazımdır ki, itirilməkdə olan müstəqil dövlətimizi qorumaq və onu müdafiə etmək üçün Heydər Əliyevin bir çağırışı milyon-milyon insanın şüuruna hakim kəsildi. Bütün Azərbaycan xalqı ayağa durdu, dövlətçiliyimizi qorumağa səs verdi, “Heydər-xalq”, “Xalq-Heydər” şüarları ilə dövlət başçısı, Prezident Heydər Əliyevin ətrafında monolit bir yumruq kimi birləşdi. Beləliklə, məhz Heydər Əliyevin əvəzsiz xidmətləri, qətiyyətli fəaliyyəti sayəsində müstəqiliyimiz qorundu. Ölkəmizdə sakitlik və sabitlik yarandı, hüquqi və demokratik islahatlar həyata keçirildi, xalqın sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, qlobal əhəmiyyətli beynəlxalq layihələrə imza atıldı. Beləliklə, Heydər Əliyev müstəqilliyimizin möhkəmləndirilməsinin qarantı, qurucusu və memarı oldu.
Xalqımızın və tariximizin müdriklik zəkasından qaynaqlanan Heydər Əliyevin ideyaları dövlətçilik və azərbaycançılıq prinsiplərini ifadə edərək milli mentalitetimizin bütün atributlarını və prioritet məsələlərini əhatə edir.
Heydər Əliyevin ictimai-siyasi və dövlət quruculuğu sahəsindəki fəaliyyəti o vaxta qədərki Azərbaycan gerçəkliyinin və mənliyinin canlı ensiklopediyasıdır. Azərbaycan xalqının elə bir müqəddəs arzusu və niyyəti, fikir və ümid çırpıntısı, azadlıq və mücadilə mübarizəsi yoxdur ki, bir möcüzə kimi Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində əbədiləşməsin.
ümumdünya tarixində elə şəxsiyyətlər var ki, onlar geniş mənəvi təsir gücü, zəngin mənəvi aləmi və idarəetmə səviyyəsi ilə təkcə bir xalqın, bir milli mədəniyyətin çərçivəsinə sığınıb qalmır, ümumdünya miqyasına çıxır, ümumbəşəri şöhrət qazanır, bütün dünya tarixinin ön cərgəsinə keçir. Böyük təşkilatçılıq və rəhbərlik istedadı ilə ümumbəşəri hörmət və nüfuz sahibi olur, qlobal əhəmiyyətli şəxsiyyətə çevrilirlər. Belə dahi şəxsiyyətlər bəşər tarixində özlərinə əbədi heykəl yaradan ölməz qəhrəmanlardır, görkəmli dövlət xadimləridir. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti müasir çağdaş dövrümüzün və müstəqilliyimizin əvəzsiz ensiklopediyasıdır. Onun yaratdığı, yeni-yeni dövlət strukturları, müəyyən etdiyi inkişaf strategiyası müstəqilliyimizi müəyyən edən başlıca istiqamətlərdir.
Müstəqillik ideyaları
Əgər biz desək ki, müstəqillik uğrunda mübarizə aparan və müstəqilliyimizi də qazanan Azərbaycan xalqının özüdür, bütün tarix boyu inkişaf edib öz milli tarixini, ədəbiyyatını və mədəniyyətini, mentalitetinin bütün dəyərlərini də zənginləşdirən xalqımızın özüdür, onun zəkasıdır, yanılmarıq. Bu, doğrudan da belədir. Ancaq bununla belə bu zəngin mədəniyyəti daha da inkişaf etdirmək, ümumdünya səviyyəsinə yüksəltmək istedadı və bacarığı dahi şəxsiyyət olan, müstəqilliyimizin möhkəmləndirilməsinə var qüvvəsi ilə çalışan məhz Heydər Əliyevdir. Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmişdir. Heydər Əliyev Azərbaycan xalqının bütün yaradıcılıq potensialını, xidmətlərini müstəqillik ideyalarında birləşdirən və bu müstəqilliyi daha da möhkəmləndirən ümummilli lider olmuşdur.
Ulu öndər demişdir: “müstəqilliyi qorumaq və onun möhkəmləndirilməsi, onun əbədi edilməsi hər birimizdən var qüvvəsini sərf etməyi tələb edir”.
Əgər dərindən araşdırsaq, o zaman hər kəsə gün kimi aydın olar ki, bugünkü nailiyyətlərimizin kökündə Heydər Əliyev dövlətçiliyinin möhkəm təməl prinsipləri dayanır. Və bu fundament üzərində müasir inkişaf strategiyası qərar tutur. Deməli, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni inkişafının bütün istiqamətləri elə müəyyənləşdirilmişdir ki, o, ancaq Azərbaycan xalqına xidmət etmək amalında bərqərar olur. Bununla da tarixi baxımından bu inkişaf dialektikası sanki ardıcıl davam edərək irsən daha yüksək nailiyyətlər qazanır. Bu gün müstəqil Azərbaycanın daxili və beynəlxalq uğurları dediklərimizə sanballı sübutlardır, dəlillərdir.
Tarix boyu bəşəriyyətin parlaq zəkalarını və beyinlərini, dövlət başçılarını düşündürən, öz ölkəsinin və xalqının inkişafını, müstəqil dövlətinin daha da möhkəmlənməsini təmin edən strateji planlar və problemlər olmuşdur. Çünki hər bir müstəqil dövlətin sosial-iqtisadi və hərbi-siyasi cəhətdən güclü inkişafı onun möhkəmlənməsinin qarantıdır və xalqın firavan həyat keçirməsinin rəhnidir. Bu baxımdan respublikamızın hərtərəfli inkişafına biz hansı prizmadan yanaşsaq, görərik ki, dövlətimiz həqiqətən nəinki xeyli inkişaf edib, eyni zamanda olduqca möhkəmlənib. Həm iqtisadi cəhətdən, həm sosial cəhətdən və həm də hərbi cəhətdən. İqtisadi cəhətdən Azərbaycan bölgədə lider dövlətdir və inkişaf strategiyasına görə hazırda dünyanın 140 ölkəsi arasında 35-ci yerdə dayanır. Bu böyük göstəricidir.
Qurtuluş hərəkatı
Dövlət müstəqilliyi qazanan Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində ciddi imtahan qarşısında qaldı. Ölkədə dərin və təhlükəli ictimai, siyasi və iqtisadi böhran yarandı. Həmin dövrün ətraflı təhlilini verən ümummilli lider Heydər Əliyev demişdir: “...Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın Müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”. Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə dünyəvi şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Belə çətin və mürəkkəb bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının dəvəti ilə müdrik el ağsaqqalı, zəngin dövlətçilik təcrübəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də Respublika Ali Sovetinin (indiki Milli Məclis) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının şərəfli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan xalqının tarixində yeni bir dövr başlandı. Milli Məclisin 1997-ci il 27 iyun tarixli iclasında 15 iyun günü “Milli Qurtuluş Günü” elan edildi.
Milli-mənəvi dəyərlərə malik olan qurtuluş hərəkatı əslində ötən əsrin 70-ci illərində başlanmış və ən ülvi məqsədlərlə həyata keçirilmişdir. Bu vəzifələr məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli təəssübkeşliyinin nəticəsi idi. İnzibati-amirlik sisteminin güclü vaxtında milli dəyərlərin həyata keçirilməsi çox böyük cəsarət tələb edirdi. Heydər Əliyev istedadı buna nail ola bildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə köklü islahatlar aparıldı və fundamental əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. Konkret desək, zənnimizcə həmin tədbirlər əsasən aşağıdakılardır:
Birincisi, Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə fundamental nailiyyətlər qazanıldı. Həmin illərdə respublikada 250-dən çox zavod, fabrik və digər sənaye müəssisələri, o cümlədən Mingəçevir və Şamxor SES-ləri, Bakı kondisioner zavodu, Sumqayıt kompressorlar zavodu, Gəncədə xalça zavodu, qənnadı zavodu, çini-saxsı qablar zavodu, Əli-Bayramlı məişət cihazları zavodu, Bakıda neft emal zavodu, neft maşınqayırma zavodu, ELOU-AVT üzən qurğusu, Naxçıvanda, Balakəndə, Zaqatalada və Xankəndidə aeroportlar, Bakıda yeni təyyarə limanı, Yevlax-Balakən və Ağdam-Xankəndi dəmir yolları, Bakı metrosunun 2-ci növbəsi, Bakıda 7 mikrorayon, Badamdar, Əhmədli, Hövsan yaşayış kompleksləri və digər sənaye müəssisələri tikilib istifadəyə verildi. Heydər Əliyevin göstərişi ilə Azərbaycanda 6 yeni ali məktəb, C.Naxçıvanski adına hərbi məktəb, çoxlu təhsil müəssisələri yaradıldı, milli yaddaş və milli özünüdərk ideyaları inkişaf etdirildi. Nizami, Nəsimi, Gəncə, Babək adına rayonlar yaradıldı.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında 15 sovet respublikaları içərisində yeganə olaraq bizim Əsas Qanunumuzda Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiyaya daxil edildi.
Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Aşıq Alı, Ü.Hacıbəyov, M.Maqomayev, H.Cavid və başqalarının təntənəli yubileyləri keçirildi. Taqanroqda, Sevastapolda milli diviziyaların şərəfinə abidələr ucaldıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan tarixində dönüş mərhələsi adlanır. Çünki həmin illərdə Azərbaycan sosial-iqtisadi, hərbi və mədəni inkişafda böyük nailiyyətlər qazandı.
İkincisi, Heydər Əliyev 1990-cı ilin iyununda Bakıya, oradan da Naxçıvana gəldi, 1991-ci ilin sentyabrından Azərbaycan xalqının qurtuluş hərəkatı başlandı və bu qurtuluş hərəkatına başçılıq etməyə başladı. Naxçıvana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin təşəbbüsü ilə əvvəla, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, ikincisi, “Ali Sovet”, “Ali Məclis” adlandırıldı, üçüncüsü, ADR-in üçrəngli bayrağı ilk dəfə Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi, dördüncüsü, Kommunist partiyasının fəaliyyəti dayandırıldı, beşincisi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, altıncısı, 20 Yanvar faciəsinə ilk dəfə MR-də siyasi və hüquqi qiymət verildi, yeddincisi, Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar qəbul edildi. Bu cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxardı və Heydər Əliyevə ümumxalq məhəbbəti daha da artdı. Bütün Azərbaycan xalqı aydın şəkildə başa düşdü və dərk etdi ki, ölkəni bu xaosdan qurtara bilən yeganə şəxsiyyət və dövlət rəhbəri ancaq və ancaq Heydər Əliyev ola bilər.
Köklü islahatlar: müstəqilliyin
möhkəmləndirilməsi
üçüncüsü, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və doxsanıncı illərin əvvəllərində ölkədə yaranmış dərin siyasi hakimiyyət böhranı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə qarşısında qoydu. Belə ağır və mürəkkəb vaxtda Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin hərtərəfli fəaliyyəti daha da genişləndi, qətiyyətli və prinsipial uğurlar əldə edildi.
Dördüncüsü, Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının qarşısının alınmasına, sakitliyə və sabitliyə, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqda olan inflyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəldildi.
Prezident İlham Əliyevin dediyi kimi, sabitlik inkişaf üçün əsas şərtdir.
Qısa zaman kəsiyində Heydər Əliyevin çox böyük təşkilatçılığı və rəhbərliyi, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi, ictimai, siyasi sabitlik bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, əhəmiyyətli qərarlar və fərmanlar qəbul edildi, təsirli tədbirlər həyata keçirildi, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yarandı.
Beşincisi, Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı, dövlətçiliyimizə qarşı törədilən qəsdlər ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəldilmiş qəsdlərin aradan qaldırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər bir daha real faktlarla sübut etdi ki, respublikamızda qiyam üçün heç bir sosial və siyasi baza yoxdur, xalq öz prezidentini ürəkdən sevir, onun müdrik daxili və xarici siyasi xəttini bəyənir və dəstəkləyir.
Altıncısı, Qısa zamanda Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. Hazırlanan Proqramda sülhsevərlik, mehriban qonşuluq və dinc yanaşı yanaşmaq prinsipləri, başqasının daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq kimi yüksək bəşəri dəyərlər öz əksini tapdı.
Heydər Əliyev hakimiyyətə başladığı ilk gündən milli xarici siyasət konsepsiyasını hazırlayıb başa çatdırmaq üçün bütün qüvvələri və potensial imkanları bir mexanizm kimi hərəkətə gətirdi. Mütəxəssis alimlərin potensial qüvvələrini səfərbərliyə aldı, dünya təcrübəsindən istifadə edərək yeni və elmi cəhətdən əsaslandırılmış xarici siyasət doktrinasının Dövlət Proqramını və onun başlıca istiqamətlərini hazırladı. Respublikamızın geosiyasi vəziyyətini və beynəlxalq siyasətə təsir etmə imkanlarının dərin elmi, nəzəri və praktik təhlili əsasında xarici siyasət konsepsiyasında mövcud reallıqları nəzərə alaraq ölkənin mənafe və maraqlarının qorunmasına yönəlmiş dəyişikliklər edildi. İlk növbədə müstəqil dövlətimizin beynəlxalq münasibətlər müstəvisində dünya dövlətləri ilə əlaqələrinin başlıca istiqamətləri müəyyənləşdirildi, planetin ayrı-ayrı böyük və xırda dövlətləri ilə dərindən düşünülmüş əlaqələr sistemi yaradıldı. Prezident Heydər Əliyev dövlətimizin xarici siyasət proqramını belə müəyyənləşdirirdi: “Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir”. Bununla da Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılan istiqamətləri, prinsip və vəzifələri, həyata keçirilməsinin elmi cəhətdən dərindən düşünülmüş taktiki yolları müəyyənləşdirildi ki, həmin demokratik prinsiplər onun dünyəvi əhəmiyyətini xeyli artırdı.
Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan Respublikası hazırda dünyanın təqribən 180-dən çox ölkəsi ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda 70-ə qədər xarici dövlətin səfirlikləri fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanın 60 xarici ölkədə səfirliyi, daimi nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir.
Yeddincisi, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturlarının yaradılmasında və formalaşmasında Yeni Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı.
Deməliyik ki, müstəqil dövlətimizin Konstitusiyası Heydər Əliyevin şah əsəridir. Ona görə ki, Milli Konstitusiyasının hazırlanması və qəbul edilməsinin müəllifi məhz Heydər Əliyevdir.
Səkkizincisi, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan “Əsrin müqaviləsi” sazişlərinin imzalanması Heydər Əliyev dühasının düşünülmüş və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin parlaq uğuru idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq əhəmiyyətə malik olan neft kontraktları haqqında 1994-cü il sentyabrın 20-də sazişlərin imzalanması müstəqil Azərbaycanı dünyanın nəhəng dövlətlərinin diqqət mərkəzinə gətirdi. İri dövlətlərin böyük neft şirkətlərinin tezliklə bu müqaviləyə qoşulması istəkləri artdı. Azərbaycan neft sənayesinin inkişafına beynəlxalq sərmayələrin qoyulması çoxaldı. Azərbaycan neft sənayesi sürətlə inkişaf etməyə başladı. Heydər Əliyevin rəhbərliyi ilə tezliklə Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri çəkilib istifadəyə verildi. Bakı nefti Rusiyaya və Avropaya nəql edilməyə başladı. Bununla yanaşı, Prezident Heydər Əliyev daha böyük beynəlxalq layihələrə imza atdı.
Məhz onun fəal və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan transmilli layihələrə qoşuldu, qlobal və regional layihələrin, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılmasına nail olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Heydər Əliyev siyasətinin qələbəsidir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinə Heydər Əliyevin adının verilməsi xalqların və millətlərin ona olan böyük sevgisi və istəyidir.
Milli-mənəvi dəyərlərin qorunması,
Vətən tariximizə əhəmiyyət verilməsi
Doqquzuncusu, Heydər Əliyev siyasətinin ən parlaq uğurlarından biri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dirçəlişi və qorunub saxlanılması, böyük cəsarətlə milli soykökümüzə, milli tariximizə, milli ədəbiyyatımıza və mədəniyyətimizə, ana dilimizə və Vətən tariximizə verilən böyük qiymətdir. Məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində istər sovet dövründə olan rəhbərliyi zamanında, istərsə də müstəqillik illərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və müasir dövrümüzdə yeni-yeni müsbət keyfiyyətlərlə daha da zənginləşdirilməsində, ağıllı və dərin, düşünülmüş diplomatik siyasətin həyata keçirilməsində zəngin dövlətçilik təcrübəsinin çox böyük rolu və əhəmiyyəti olmuşdur. Dünya Azərbaycanlılarının Birinci Qurultayında Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”. 1969-1982-ci illərdə və müstəqillik illərində bir çox elm və mədəniyyət xadimlərinə, ədəbiyyat və incəsənət işçilərinə fəxri adların verilməsi, onların yüksək səviyyədə qiymətləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir və bu dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Azərbaycançılıq fəlsəfəsinin yeni və inkişaf istiqamətlərini yaradan, bununla da inkişaf dialektikasının əsasını qoyan Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında (noyabr, 2001) böyük qürur hissi ilə demişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Onuncusu, milli soykökümüzə qayıtmaq, milli şüurun və milli tariximizin “ağ” və “qara ləkələrinin” silinməsi, tarixi ədalətin bərpa olunması və obyektiv həqiqətlərin üzə çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyevin cəsarətli siyasəti və qəbul etdiyi təsirli dövlət qərarları Azərbaycan tarixinin öyrənilməsi üçün böyük tarixi əhəmiyyətə malik olan sənədlərdir. Azərbaycanlı əhalinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən doğma dədə-baba yurdlarından və torpaqlarından zorakılıqla deportasiya edilməsi haqqında 1997-ci il 18 dekabr tarixli və 31 Mart azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Heydər Əliyevin imzaladığı Prezident Fərmanları, sözün əsl mənasında, xalqımızın tarixinə olan qayğı, diqqət və hörmətdir, tarixi ədalətin və sovet imperiyası dövründə unudulmuş tariximizin və yaddaşımızın bərpasıdır, o tarixi cinayətlərə verilən hüquqi-siyasi qiymətdir. Həmin Prezident Fərmanları tarixçi və ictimaiyyətçi alimlərimizə aydın və konkret istiqamətlər verdi və hadisələrin tədqiqinə və araşdırılmasına əsaslı şərait yaratdı.
On birincisi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatın bütün sahələrində prinsipial dönüşün yaranmasına, dövlətimizin və dövlətçiliyimizin obyektiv və tarixi həqiqətlərə uyğun doğru-düzgün tarixinin yazılmasına əsaslı şərait yaratdı. 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində tarix elmində yaranmış subyektiv “ideyalar”, populizm, nihilizm, dilentantçılıq, konyukturçuluq və digər xoşagəlməz meyillər geniş yayılmağa, yaxın və uzaq tariximizin mürəkkəb problemlərinə dair “ağ və qara ləkələr” süni şəkildə artmağa başlamışdı. Xüsusilə, XIX-XX əsrlər Azərbaycan tarixinin müxtəlif mərhələlərinə dair bir-birinə zidd fikirlər sürətlə yayılırdı. Tarix elmimizdə sanki bir boşluq, vakuum yaranmışdı. Dövlətimizin və tariximizin belə bir mürəkkəb zamanında Heydər Əliyev 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-də Azərbaycan MEA-da ziyalılarla, elmi institutların və ali təhsil müəssisələrinin rəhbərləri ilə, elmi ictimaiyyətin və Azərbaycan tarixçilərinin qabaqcıl nəsli ilə tarixin yaddaşına həkk olunan görüşlər keçirdi. Bu görüşlərdə Heydər Əliyev Azərbaycan tarixi elmində yaranmış vəziyyəti dərindən təhlil etdi, tarixçi alimlərin təklif və mülahizələrinə hörmətlə yanaşaraq XIX-XX əsrlər tarixinin yenidən yazılmasına dair konkret göstərişlər və tapşırıqlar verdi. Bu görüşlərdə Heydər Əliyev son vaxtlarda tarix elmində baş qaldırmış nihilist, populist və volyuntarist meyillərin aradan qaldırılmasını, Vətən tariximizin, xüsusilə XIX-XX əsrlər tarixinin yeni təfəkkür tərzində tədqiq edilməsinin zəruriliyini vurğuladı. Eyni zamanda, XIX-XX əsrlər Azərbaycan tarixinin yazılmasını daim nəzarət altında saxlayacağını, ona hərtərəfli kömək və yardım edəcəyini də bildirdi. Bu, Prezident Heydər Əliyevin Azərbaycan tarixinə dövlət siyasəti səviyyəsində diqqət və qayğısının parlaq ifadəsi, tarixçilər qarşısında isə duran Dövlət Proqramı, fəaliyyət proqramı idi. Ulu öndər demişdir: “Bizim xalqımızın böyük və möhtəşəm tarixi var. Biz tariximizlə fəxr edə bilərik”.
On ikincisi, iyirminci yüzilliyin 90-cı illərinin ortalarından başlayaraq respublika iqtisadiyyatında köklü dəyişikliklər aparıldı, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatlar keçirildi. Bu baxımdan dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, aqrar islahatların həyata keçirilməsi, şəhər və kənd təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi, fərmanlar və qərarlar verildi.
Məhz həmin islahatların nəticəsində Azərbaycan sosial-iqtisadi, siyasi və hərbi cəhətdən inkişaf edən güclü bir dövlətə çevrildi, işsizliyin və inflyasiyanın qarşısı alındı, yeni-yeni iş yerləri açıldı və bu siyasət uğurla davam etdirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, son 13 ildə 1 milyon 300 mindən çox iş yeri açılmışdır. Bu gün Azərbaycan iqtisadi artım baxımından dünyada birinci yerdə olan lider ölkədir. Ölkəmiz hərtərəfli möhkəmlənir, güclənir və bölgədə baş verən proseslərə həlledici təsir göstərir. Azərbaycanın maraqları dünya birliyi tərəfindən müdafiə edilir, dəstəklənir.
On üçüncüsü, Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, dərinləşməkdə olan Dağlıq Qarabağ hadisələrini ədalətlə həll etmək, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı azad etmək üçün müasir standartlara cavab verə bilən güclü Silahlı Qüvvələr lazımdır. Bu məqsədlə ordu quruculuğunda köklü islahatların aparılması zəruri idi. 90-cı illərin əvvəllərində isə Azərbaycan Ordusu pərakəndə halda və könüllü hərbi birləşmələrdən ibarət idi və mərkəzə bəzən tabe olmurdu. Belə bir şəraitdə könüllü hərbi birləşmələri buraxmaq, mərkəzləşdirilmiş ordu yaratmaq və onu komplektləşdirmək, əlbəttə çox çətin idi və vaxt tələb edirdi. Ancaq böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və dəmir iradəyə malik olan ümummilli liderimiz qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası ilə və müasir dünyəvi silahlarla təchiz və təmin olunmasına, siyasi və təşkilati cəhətdən möhkəmləndirilməsinə nail oldu. Şəxsən özünün diqqətində və nəzarətində saxladığı ordu quruculuğu məsələsi ilə əlaqədar hərbi hissələrə getdi, döyüş cəbhələrində oldu, əsgər və zabitlərlə görüşdü, generalları dinlədi, mütəxəssis təkliflərini bəyəndi və dünya təcrübəsindən istifadə edərək NATO və Türkiyə Silahlı Qüvvələrinin nümunəsində güclü Silahlı Qüvvələr Ordusunu yarada bildi ki, bu gün biz öz milli ordumuzla fəxr edə bilərik. Ordumuzun bütün şəxsi heyəti və komandirləri işğal edilmiş torpaqlarımızı azad etməyə, Ali Baş Komandanımızın əmrinə hazırdır. Danılmaz faktdır ki, müasir Azərbaycan Ordusunun yaradılmasının və formalaşdırılmasının memarı ümummilli lider Heydər Əliyevdir.
2020-ci ilin yanvarında əvvəlki ilin yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyev demişdir ki, müqayisə üçün deyək ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci yerdə, Ermənistan 96-cı yerdədir. O cümlədən hava hücumu üzrə Azərbaycan 63-cü yerdə, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdə, Ermənistanda dəniz yoxdur. Tank üzrə Azərbaycan 32-ci yerdə, Ermənistan isə 78-ci yerdədir. Buna görə də faktlara əsasən Prezident İlham Əliyevin dediyi kimi, müasir Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.
İnkişaf edən Azərbaycan
Bu gün Azərbaycanın hərtərəfli inkişaf strategiyası, həyata keçirilən köklü islahatlar XXI əsrin reallıqlarında aydın görünür və bəşəri əhəmiyyətə malik dövlət siyasətidir. Bu siyasət dahi rəhbər Heydər Əliyev siyasətidir. Sürətli inkişaf, dayanıqlı sabitlik nəticəsində ölkəmizi lider dövlətə çevirmişdir və hazırda 52 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Prezident İlham Əliyev demişdir: “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bundan sonra da Azərbaycan inkişaf yolu ilə gedəcək”.
Cənab Prezidentimizin dediyi kimi, Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı və davamlı iqtisadiyyatdır və gündən-günə dinamik inkişaf edir. Müasir dünyada müxtəlif mürəkkəb proseslər, ərazi və məhəlli müharibələr gedir, belə bir şəraitdə Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Uğurlu siyasətin nəticəsində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır, qurub, yaradır. İlham Əliyevin dediyi kimi, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi, hərbi-siyasi və milli-mənəvi uğurlar istər ölkə daxilində və istərsə də beynəlxalq müstəvidə yüksək qiymətləndirilmişdir. Dövlət başçısının həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasət nəticəsində ölkənin iqtisadi və sosial infrastrukturunda yeni-yeni texnoloji nailiyyətlər qazanılmış, hətta müxtəlif təyinatlı müasir texnikalar istehsal edən qüvvətli ölkəyə çevrilmişdir, beynəlxalq aləmdə söz sahibi olan lider dövlət olmuşdur.
Son 15 ildə ölkədə bərqərar olan dayanıqlı sabitlik güclü Azərbaycan dövlətinin inkişafını təmin etmiş, 2 milyon yeni iş yeri yaradılmış, 3272 məktəb tikilib təmir edilmiş, 640 tibb müəssisəsi, 44 olimpiya mərkəzi yaradılmış, 6650 şəhid ailələrinə evlər verilmiş, əhalinin sosial vəziyyətində böyük irəliləyişlər olmuşdur. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyanın 148 ölkəsi arasında Azərbaycan daha 2 pillə yüksələrək 35-ci yerdə qərar tutmuşdur. Bu, o deməkdir ki, Azərbaycan planetimizdə olan hər 4 ölkədən 3-nü geridə qoyub. MDB məkanında isə liderliyini qoruyub saxlayıb.
İqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycan hətta İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, CAR kimi ölkələrdən irəlidədir. Müqayisə üçün deyək ki, qlobal rəqabət reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada dayanıb.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yollarını müəyyənləşdirdi, belə ki, 1) Qərbə inteqrasiya; 2) demokratik inkişaf və hüquqi dövlət quruculuğu; 3) azad bazar münasibətlərinə keçid; 4) dərin sosial-iqtisadi və hüquqi-siyasi islahatlar kursu; 5) azərbaycançılıq və vətəndaş həmrəyliyi; 6) işğal edilmiş torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyünün bərpası və Qarabağ probleminin ədalətlə həlli. Heydər Əliyev prinsipial və qətiyyətli xarici siyasət yeridərək dövlətimizin regional və beynəlxalq maraqlarından çıxış edirdi. Onun siyasi kursunun uğurla reallaşması sayəsində Bakı-Tbilisi-Ceyhan, TRASEKA proqramı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi və digər transmilli layihələr Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxardı.
Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli sosial-iqtisadi, siyasi və mədəni islahatlar kursunu inkişaf etdirdi. Prezident Heydər Əliyev qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının elmi cəhətdən əsaslandırılmış proqramını hazırladı. Dünya sivilizasiyanın inkişaf proqramından və təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrləri nəzərə alınaraq yeni-yeni layihələr və Dövlət proqramları hazırlandı.
Bəli, çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından olan Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi böyük möcüzədir. Heydər Əliyev taleyin İlahi vergisidir. Dövlətçilik və azərbaycançılıq onun fundamental fəaliyyətinin və ömür bioqrafiyasının məzmununu təşkil edir. Heydər Əliyev XX əsrin reallıqlarında müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması, güclü idarəetmə qabiliyyəti, nəhəng dövlət mexanizminin təkmilləşdirilməsinə rəhbərliyi ilə işdə bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur.
Fundamenti Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan Respublikası sürətlə inkişaf edən qüvvətli dövlətə çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafının dördüncü “Dövlət Proqramı”nın icrası bu gün uğurla davam edir. Nazirlər Kabinetinin geniş yığıncağında Prezident İlham Əliyev demişdir ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Azərbaycan Dünya Bankı hesabatında 25-ci yerə layiq görülmüş, dünyanın ən islahatçı ölkəsi kimi 10 ölkə arasında yer almışdır. Respublikamızın infrastruktur sahələri sürətlə dəyişir və inkişaf edir, dayanıqlı və davamlı inkişaf aparılır, sabitlik şəraiti təşkil edilmişdir, ötən illər olduğu kimi, 2019-cu il uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunun uğurunu və alternativsizliyini çox konkret və dolğun mənalı ifadə edib: “Biz Heydər Əliyev siyasətinə sadiqik, Azərbaycanı etibarlı şəkildə idarə edirik, Azərbaycanı uğurla inkişaf etdiririk... Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır”.
Nuru MƏMMƏDOV,
Tarix elmləri
doktoru, BDU-nun
Azərbaycan
tarixi kafedrasının professoru,
respublikanın Əməkdar müəllimi.
Respublika.- 2020.- 14 iyun.- S.4.