Xalqın və dövlətin qurtuluş
günü
15
İyun - Milli Qurtuluş Günü Azərbaycanın
taleyüklü tarixi dönüş günü olmaqla
yanaşı, ölkənin hərtərəfli
inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin
müstəqilliyinin möhkəmlənməsinə yönələn
yeni bir mərhələnin başlanğıcıdır.
Bu əlamətdar gün Azərbaycanın tarixində ən önəmli hadisə kimi xüsusi əhəmiyyətə malikdir. Böyük siyasi xadim Heydər Əliyev bu qayıdışla tamamilə dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmış Azərbaycan dövlətini səbirlə, qətiyyətlə, müdrikliklə yenidən qurmağa başladı. Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkədə daxili vəziyyət
və hakimiyyət böhranı yarandı. İctimai həyatın
bütün sahələrində xaos, hərc-mərclik
baş alıb gedirdi. Orduda da vəziyyət
ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü
gündən-günə güclənirdi. Azərbaycanda
hakimiyyət boşluğu yaranmışdı. Gənc
respublikada rəhbərliyə yiyələnmək
üçün ayrı-ayrı şəxslər və
qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin
yayında isə Azərbaycanda vətəndaş müharibəsi
təhlükəsi yarandı. Vətənin belə
ağır günündə xalq Naxçıvandan Azərbaycanın
görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət
etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin
dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər
Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını ala bildi. 1993-cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə
Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin
iyununda bu günü bayram elan etdi.
Heydər
Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial,
iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə
dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlanmışdır. Heydər
Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin
nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini
qorumağa qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atılmış, digər tərəfdən, atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salınmış, bunun da nəticəsində
1994-cü ilin mayında ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən atəşkəsə nail
olunmuşdur.
Azərbaycan
daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə
edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”
adlandırılan ilk neft müqaviləsinin imzalanması və
onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən
işlənib hazırlanmışdır ki, bu da müstəqil
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil
edən neft strategiyasının həyata keçirilməsinin
parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında
aparılmış son dərəcə gərgin fəaliyyət
nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası
oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş,
ölkədə cinayətkarlığın
qarşısı tam alınmış, bütün qanunsuz
silahlı dəstələr ləğv olunmuşdur. Bu da
bütövlükdə Azərbaycanda dövlət
quruculuğu prosesinin uğurla aparılması
üçün şərait yaratmışdır. Azərbaycan
dövlətçiliyinin mövcudluğuna böyük təhlükə
olan 1994-cü il oktyabr və 1995-ci il mart
dövlət çevrilişi cəhdlərinin
qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində
alınmış, dövlət müstəqilliyi qorunub
saxlanmışdır. Məhz buna görə də
ölkəmizdə müstəqil dövlət təsisatlarının
yaranması və dövlət quruculuğu prosesi böyük
vüsət almışdı ki, bunun da əsasını
müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil
edir. Sonrakı dövrdə də Azərbaycanda
dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin bərqərar olması, demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin
uğurla, sürətlə həyata keçirilməsi şəxsən
Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi,
dünyəvilik kimi ümumbəşəri dəyərlər
təşkil edən yeni azərbaycançılıq
ideologiyasının əsası qoyulmuşdur. Heydər
Əliyevin apardığı daxili siyasət Azərbaycanın
hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olub. Heydər
Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar
iqtisadiyyatının bərqərar olması, inkişafın
təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr olub.
Ulu öndər demokratik, hüquqi dövlət
quruculuğu istiqamətində davamlı siyasət
yürüdərək, ölkədə insan hüquq və
azadlıqlarının başlıca prinsiplərinin bərqərar
olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi
altında Azərbaycan dövlətinin xarici siyasəti,
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları ilə əlaqələri milli maraqlara və
uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə
inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar
atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi
baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal
diplomatiyası nəticəsində Azərbaycan
dünyanın demokratik dövlətlərinin və
aparıcı ictimai təşkilatlarının ölkəmizə,
onun zorla cəlb olunduğu silahlı münaqişəyə
münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bilib. Heydər
Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq
hüquq normalarına, sərhədlərin
bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil edib.
Onun dünya təcrübəsinin bütün nailiyyətlərini,
sivil beynəlxalq normaları özündə tam əks etdirən
sülhsevər xarici siyasətinin əsasında isə, ilk
növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi,
dövlətlərin hüquqlarına hörmətlə
yanaşılması, bütün mübahisəli məsələlərin
sülh və danışıqlar yolu ilə həll edilməsi,
qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaradılması,
dövlətlərarası əlaqələrə mane olan hər
cür məhdudiyyətlərin aradan qaldırılması
prinsipləri dayanırdı.
ümummilli liderimiz Azərbaycanın təbii sərvətlərindən,
əlverişli coğrafi-strateji mövqeyinin
üstünlüklərindən ölkənin milli mənafelərinə
uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş
irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində
son dərəcə gərgin və səmərəli fəaliyyət
göstərib. Onun böyük siyasi iradəsi
və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli
beynəlxalq müqavilələrə imza atılıb və
həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə
böyük siyasi məna kəsb edən bir sıra dünya
miqyaslı iqtisadi proqramların həyata keçirilməsində
Azərbaycan aparıcı rol oynayıb. Böyük
bir coğrafi məkanda region qüvvələrinin birləşməsində
də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları
dövründə dünyanın ayrı-ayrı ölkələrinə
səpələnərək yaşamaq məcburiyyətində
qalmış azərbaycanlıların birlik və həmrəyliyinin
əldə edilməsi işində Heydər Əliyevin
müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının
təşkilatlanması və onların bir Vətən -
müstəqil Azərbaycan ətrafında sıx birləşməsi
üçün daim və əzmlə səy göstərmiş,
bu istiqamətdə son dərəcə qiymətli qərarlar
qəbul etmişdir.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni
həyatın bütün sahələrində həyata
keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti
də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil
edir. Bir sözlə, hər bir azərbaycanlının
taleyində Heydər Əliyev dühasının bir zərrəsi
var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın
özü hər bir azərbaycanlı üçün
qürur və iftixar mənbəyidir. O eyni zamanda, taleyin
xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir
və Azərbaycanın tarixi inkişaf prosesinə təkan
vermişdir. Müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi müasir milli dövlətçiliyimizin ideya əsasını
məhz Heydər Əliyev yaratmışdır.
Bütün mənalı həyatını öz
xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və
dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət
idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
bu böyük məktəbdən, Heydər Əliyevin zəngin
siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq.
Heydər Əliyevin xalqımızın və tariximizin
qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə
Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan
varlığını parçalanıb yox olmaq təhlükəsindən
qurtarmaqda idi.
Dövlətimizin möhkəmlənməsi isə
azadlığımızın, müstəqilliyimizin qorunub
saxlanması deməkdir, qurtuluş deməkdir!
Bəli, Azərbaycan dövlətçiliyi ona
qarşı yönəlmiş qəsdlərdən uğurla
çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh
yüksəkliyi gətirdi, inamımızı
özümüzə qaytardı, sabitlik və əmin-amanlıq
yaratdı. Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz
bərpa edilmiş, onun qətiyyəti, apardığı
uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək
böyük nailiyyətlər qazanmışdır. Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi dəfələrlə
söylədiyi məşhur kəlamına sadiq
qaldığını sübut etdi: “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir”.
Tarixin, dövrün, zamanın yazıları əsrlərlə
silinməyən, daim xatırlanan yaddaş olduğu kimi, zaman
da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı,
bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən,
əbədiləşdirən isə qüdrətli,
müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi,
bəşəriyyət isə azad, firavan həyatı
üçün belə insanlara, şəxsiyyətlərə
borcludur.
Məhz ümummilli liderimizin həmin tarixi
qayıdışından sonra uzaqgörənlik və
müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın
müstəqilliyini əbədi, dönməz və
sarsılmaz etmişdir. Məhz 1993-1995-ci illər müasir Azərbaycanın
tarixinə dövlət müstəqilliyinin qorunub
saxlanılması uğrunda mübarizə dövrü kimi
yazılmış, ictimai-siyasi sabitliyin və
qanunçuluğun bərqərar edilməsi bu müddətin
ən mühüm nailiyyəti olmuş, ümummilli liderimizə
dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni
həyatda böyük işlərə başlamaq,
genişmiqyaslı və ardıcıl islahatlar aparmaq
üçün əlverişli şərait
yaratmışdır.
Heydər Əliyev Azərbaycan xalqının
xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin
zəngin irsi, ideyaları və tövsiyələri müasir
cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir,
həmçinin möhtəşəm səfərbəredici
amilidir. Ümummilli liderin təlatümlərdən,
təhlükələrdən çıxararaq
qurub-yaratdığı Azərbaycan indi Prezident İlham
Əliyevin rəhbərliyi altında bütün dünyaya
möhtəşəm yüksəliş dinamikası nümayiş
etdirir. Ulu öndərin
yaratdığı quruculuq şəraiti indi Azərbaycanın
real siyasi və iqtisadi həyatında təzahür edir.
Tarixin çətin sınağı
qarşısında qalan bir xalqı həmin imtahandan
alnıaçıq çıxara biləcək ən vacib
amil o xalqın həmin şəraitdə nə qədər müdrik
qərar qəbul etməsidir. 1993-cü ilin iyun günlərində
də Azərbaycan xalqı taleyinin ən çətin,
ağır dönəmində, nəinki yenicə bərpa
edilmiş müstəqilliyin, hətta ölkənin
özünün müqəddəratının sual altına
düşdüyü bir vaxtda məhz öz tarixi
müdrikliyinə söykəndi və son dərəcə
düzgün qərar qəbul etdi: dünya şöhrətli
siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi
respublika rəhbərliyinə dəvət etdi. Beləliklə
də 27 il bundan öncə ulu öndər Heydər
Əliyevin titanik siyasi kursu ətrafında sıx birləşən
və Milli Qurtuluşa, dövlət müstəqilliyinin
xilasına nail olan Azərbaycan xalqı bununla onu böyük
gələcəyə, sosial firavanlığa, xoşbəxt gələcəyə
aparan davamlı inkişaf yoluna səfərbər oldu.
Heydər Əliyev dünyanın nadir
insanlarındandır. O, hamının qəlbinə yol tapmağı
bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız,
heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə
xas olan ensiklopedik biliyə malik idi. Geniş
və zəngin fəaliyyəti onu yalnız milli maraqlar
çərçivəsinə sığmayan, bəşəri
dəyərlərin əxz olunmasında fəal iştirak edən
böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə
çevirmişdi. Bu yenilməz şəxsiyyət
həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə xalqımız
deyil, bütün dünya bu görkəmli dövlət
xadiminə, əsrimizin siyasi həyatında mühüm yer
tutmuş, uzun və şərəfli yol keçmiş, ən
yüksək vəzifələrin məsuliyyətini
daşımış insana dərin hörmət və ehtiram
bəsləyir.
ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət
hər bir soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı sevməyi
Heydər Əliyevdən öyrənməliyik. Azərbaycan
mənim ürəyimdir, nəfəsimdir, - deyən
böyük öndərimiz millətimizin və dövlətimizin
əbədiyaşarlığı üçün əvəzsiz
bir strateji siyasi xətt, ideoloji baza miras qoydu. Heydər
Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir
və daim öyrənilməlidir. Şükürlər
olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin,
əzablı günlər yazsa da, bu əzablara sinə gərə
bilən, bütün düyünləri açmağa qadir
olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət
də qismət edib. Cəmiyyətə xidmət
nümunəsi olan bu böyük şəxsiyyət həmişə
xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım,
gücüm və inamımdır”. Xalq yolunda
canını fəda etmiş, bütün həyatı boyu Vətənini
və millətini düşünmüş, onun əsgəri
olmuş ümummilli liderimiz əbədiyaşarlıq
qazanmışdır.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
ümummilli liderimiz cismən aramızda olmasa da, təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu və bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Vəli
ALBƏNDOV,
“Qarabağ-E.R”
MMC-nin
baş direktoru, Əməkdar mühəndis,
Yeni Azərbaycan Partiyasının üzvü.
Respublika.- 2020.- 14 iyun.- S.6.