Fundamental tədqiqat əsəri

 

Bu gün Azərbaycan elmi-ictimai fikir tarixində dünya ədəbiyyatı üzrə ən güclü, məhsuldar işləyən mütəxəssislərdən biri filologiya elmləri doktoru, professor Cəlil Nağıyevdir. Alim bu istiqamətdə bir sıra əsərlər yazmış, monoqrafiyalar nəşr etdirmiş və Tronskinin “Antik ədəbiyyat tarixi” kitabını dilimizə çevirmişdir.

Bu günlərdə professorun işıq üzü görmüş “Qərbi Avropa ədəbiyyatı” (Orta əsrlər və İntibah dövrü) adlı fundamental dərsliyi həmin əsərlərin davamıdır. 520 səhifədən ibarət olan bu dərsliyin elmi redaktoru akademik Kamal Abdulla, rəyçiləri isə qərb ədəbiyyatı üzrə görkəmli mütəxəssislər, professorlar Qorxmaz Quliyev, Şahin Xəlilli və Ülfət Bədəlbəylidir. Onu da qeyd etmək lazımdır ki, BDU rektorunun əmri ilə “Qərbi Avropa ədəbiyyatı” əsəri AXC-nin və BDU-nun 100 illik yubileyinə ithaf edilmişdir. Ön sözün müəllifi prof. Qorxmaz Quliyev Əhdi-Ətiqlə Əhdi-cədid, antik dövrlə orta əsrlər, orta əsrlər dövrü ilə İntibah dövrü əlaqələrə, təsdiq və inkarlara münasibətini bildirdikdən sonra vurğulayır ki, humanistlərin antik mətnlərə, incəsənətə, fəlsəfəyə müraciəti, səlib müharibələrinin gedişində Yaxın Şərq mədəniyyətinin, Kolumb tərəfindən Amerikanın kəşfi Qərbi Avropa İntibahının təşəkkülündə mühüm rol oynadı.

Doqquz fəsildən ibarət dərsliyin I fəslində prof. C.Nağıyev orta əsrlərdən bəhs edərkən onu üç dövrə bölür: 1. İlkin orta əsrlər (IV-IX ); 2. Orta əsrlər (IX-XIII); 3. Yeni İntibah dövrü (XIII-XVI).

Əsərdən bəlli olur ki, orta əsrlərin birinci dövründə xalqların böyük köçü, ayrı-ayrı krallıqların yaranması, Avropanın mərkəzindən qərbinə və cənubuna hunların yürüşü və ərəblərin (mavrların, sarasənlərin) İspaniyanı işğal edib, burada elmi və mədəniyyəti yaratması ilə başa çatır. Tədqiqatçı həmin dövrdə Qərbi Avropa ədəbiyyatının inkişaf istiqamətlərindən bəhs edərək onları aşağıdakı kimi təqdim edir. Müəllifə görə, Mərkəzi Avropa ölkələrində ədəbiyyat əsas etibarilə üç istiqamətdə yaranmış və inkişaf etmişdir.

Birincisi, bu ilk növbədə müxtəlif xalqların öz dillərində yaratdıqları şifahi xalq yaradıcılığı (folklor, əsatir, dini və etnoqrafik mətnlər) idi ki, bu istiqamətdə xüsusilə xalq epik ədəbiyyatı (qəhrəmanlıq dastanları) yaranmışdır və bu ədəbiyyat latın dili ilə toqquşmuşdu. Başlanğıcda bu tipli ədəbiyyat hələ çox zəif idi, geniş yayılmamışdı.

Prof. C.Nağıyevin fikrincə, Avropa ədəbiyyatının inkişafının ikinci istiqaməti-antik dövrün mədəni təsiri altında formalaşırdı. Orta əsrlərdə dini dairələr nə qədər cəhd etsələr də, Avropa xalqları antik mədəniyyəti inkar etməmiş, ziyalı təbəqə həmin mədəniyyətin və ədəbiyyatın təsiri altına düşmüşdür ki, bu da öz növbəsində ümumavropa mədəniyyətinin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır.

Araşdırıcının qənaətinə görə, bu dövrün ədəbiyyatının üçüncü istiqaməti Avropanın sürətlə xristianlaşması ilə əlaqədar olmuşdur və bu dövrdə geniş yayılmış dini-kilsə (klerikal) ədəbiyyatı yaranmış və Orta əsrlər Qərbi Avropa ədəbiyyatının əsas inkişaf istiqamətlərindən birini təşkil etmişdir.

Dərsliyin I bölməsinin “Dini-kilsə (klerikal) ədəbiyyatı” adlanan birinci fəslində müəllif bu ədəbiyyatın ümumi səciyyəsi barəsində yığcam məlumat vermiş, onun ən görkəmli nümayəndələri - Mediolanlı Amvrosi (340-397), Stridonlu (Müqəddəs) Jeronim (342-420), Avqustin Avreli (354-430), Anisi Manlı Torkvat Severin Boetsi (480-524), İordan (?-551), Pyer Abelyar (1079-1142), Foma Akviantın (1225- 1274) həyat və yaradıcılığını, Jitiye və Bizans ədəbiyyatını tədqiqata cəlb etmişdi.

Əsərdə göstərilir ki, “Bizans” adı Şərqi Roma imperiyası anlayışı Roma imperiyası süqut edəndən sonra yaranmışdır. Bu ad Konstantinopol Bizans adı ilə əlaqədardır. Belə ki, Roma imperatoru I Konstantin 330-cu ildə Roma imperiyasının paytaxtını bu şəhərə köçürür. Konstantinopol Bizans imperiyasının dəyişilməz paytaxtı və orta əsrlər dünyasının sivilizasiya mərkəzi olmuşdur. XV əsrin Konstantinopolundan danışan dahi fransız ədibi Volter də yazırdı ki, bu şəhər həmin dövrdə dünyanın paytaxtı idi.

Bölmənin “İlkin qəhrəmanlıq dastanları” adlanan II fəslində müəllif “Kelt, german, ingilis-sakson, Skandinaviya, island, skald, karel-fin epos, epik poeziya, əsatirlərini tədqiqat obyekti kimi götürmüşdür.

Qeyd edək ki, dərslikdə ayrı-ayrı fəsillərdə xalqımızın kökü ilə bağlılığı olan hun tayfalarına və Avropanın tarixində ən nəhəng hökmdar olmuş Atilla barəsində yazılara sıx-sıx təsadüf olunur. Məsələn, Jordanın “Çetika” əsərində Atilladan, onun ata və qardaşlarından, xarakterindən, çobanın Mars qılıncını tapıb ona verməsindən, bu məşhur sərkərdənin döyüşdən əvvəl falçılarla məsləhətləşməsindən, apardığı döyüşlərdən bəhs olunmuşdur. Onu da xüsusi vurğulamaq lazımdır ki, prof. C.Nağıyev yeri gəldikcə Qərbi Avropa ədəbiyyatını Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edir - “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s.

Bölümün “Feodal qəhrəmanlıq dastanları” adlı III fəslində fransız, ispan, alman qəhrəmanlıq dastan-eposları tədqiqat obyektinə çevrilmişdir.

“Roland haqqında dastan”da əsas mövzunu müsəlman-mavrlarla fransızların müharibəsi təşkil edir. Rolandın ögey atası Hanelonun xəyanəti nəticəsində onun oğulluğu da, fransız ordusu da məhv olur. Doğrudur, araşdırıcı dastandakı bəzi məqamları “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisə edir. Ancaq burada baş verən xəyanət məsələsi “Astiyaq əfsanəsi”ndə Harpaqın xəyanətinə daha çox oxşayır.

İspan qəhrəmanlıq dastanının əsas mövzusunu Roland haqqında dastanda olduğu kimi mavrlar və ispanlar arasında gedən müharibələr təşkil edir və burada əsas obraz olan Sidin qəhrəmanlıqlarından bəhs olunur. Dərslikdə o da bildirilir ki, dastandakı bu mövzu sonralar yazılı ədəbiyyata keçmiş, XVII əsrdə yaşamış ispan dramaturqu Çilyen de Kasto “Sidin gəncliyi” və həmin əsrdə yaşamış fransız dramaturqu Pyer Kornel “Sid” adlı məşhur dram əsəri yazmışdır.

Bölmənin “Cəngavər - kurtuaz (“Saray ədəbiyyatı” adlanan IV fəslində orta əsrlərin lirik poeziyası, trubadur, truver poeziyası, ispan, alman, fransız, ingilis cəngavər romanları tədqiqata cəlb edilmişdir. Müəllif yazır ki, “Kurtuaz” (saray) ədəbiyyatı Çində (Tan və Sun dövrlərində), İranda və Ərəbistanda çox geniş şəkildə yayılmış və inkişaf etmişdir. Xüsusilə, XI-XII əsrlərdə olan ərəb məhəbbət lirikası (İbn-əl Mütəzz, Əbu Firas, İbn Zeydun, İbn Həmdis və s.) Avropa kurtuaz lirikası ilə eyni səciyyə daşıyır.

Əsərdən bəlli olur ki, XIV-XV əsrlərdə ən güclü kurtuaz ədəbiyyatlarından biri ispan ədəbiyyatı idi. Tədqiqatçının fikrincə, ispan ədəbiyyatına Provans və italyan ədəbiyyatının çox güclü təsiri olmuş, burada Danteyə və Bokkaçoya nəticələr yazılmış, antik ədəbiyyata maraq göstərilmişdir. Vilyen (1384-1434), Markiz Santilyan (1398-1458), Menan bu dövrün ən tanınmış saray şairlərindən olmuşdur. Vilyen “Herkulesin zəhmətləri” poemasını yazmış, Vergilinin, Lukianın əsərlərini tərcümə etmişdir.

XII-XIII əsrlərdə alman cəngavər (kurtuaz) ədəbiyyatı inkişaf edir ki, bu da “minnezanq” (minne-məhəbbət, zanq-nəğmə) adlanır. Minnezanq poeziyasının əsas nümayəndəsi olan Valter fon Foqelveydenin (təxminən 1170- 1230) həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Onun “Cökə ağacı altında” şeiri təkcə XII-XIII əsrlər alman poeziyasının tayı-bərabəri olmayan bir nümunəsi yox, eləcə də ümumiyyətlə, yetkin Orta əsrlərdə bütün Avropada nadir əsər kimi təqdim olunur.

Fransız cəngavər romanından danışan müəllif ilkin olaraq belə əsərlərin Yaxın Şərqdə yarandığını söyləyir və Nizami Gəncəvinin “Xəmsə”, Fəxrəddin Qurqaninin (Çürqaninin - Ə.Z.), Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin adını çəkir. Dərslikdə fransız cəngavərlik romanları, XII əsrdə bu sahənin ən böyük nümayəndələri Kretyen dö Truanın həyat və yaradıcılığı, “Okassen və Nikolet” (əslində Okasən olmalıdır - Ə.Z.) romanı geniş surətdə təhlil edilmiş, ingilis cəngavər romanına isə yığcam surətdə nəzər salınmışdır.

Bölmənin “Şəhər və xalq ədəbiyyatı” adlanan V fəsli çox maraqlı təqdimatları ilə diqqəti cəlb edir. Müəllif göstərir ki, Avropada özünəməxsus şəhər mədəniyyəti XI əsrdə yaranmağa başlamış, XII əsrdə və XIII əsrin birinci yarısında formalaşmışdır. Tədqiqatçı bunu XII əsrdə və xüsusilə də XIII əsrdə kəndli təbəqəsinin şəhərə axını, xalq həyatı ilə bağlı olan mövzuların burada xalq ədəbi ənənələri ilə gücləndirməsi ilə əlaqələndirir. Avropada ilk dəfə olaraq azad insan konsepsiyasını təbliğ edən vaqantlar Almaniya, Fransa, İngiltərədə yaşamış, vaqant poeziyası əsasən nisbətən inkişaf etmiş bu ölkələrdə yaranmış, bir sıra vaqant şairləri meydana gəlmişlər: Orleanlı Quqon Primas, Kölnlü Arxipiita, Şatilyonlu Valter.

Kitabda bir məqam da diqqəti cəlb edir: Bizim dövrümüzə qədər gəlib çatan ən qədim romanslar “sərhəd” (mavr) romanslarıdır. Və əsərə əsaslanıb onu da əlavə etmək olar ki, romansero adı romans sözündən götürülmüşdür və bu kiçik həcmli lirik-epik məzmunlu bədii - poetik ədəbi növdür. Fransız mənbələrində verilən məlumata görə 711-ci ildə ərəblər-mavrlar İspaniyaya hücum edərkən şeir deyərək irəliləyirdilər. 711-14-cü illərdə mavrlar İspaniyanı işğal etdikdən sonra onların söylədikləri şeirlər bütün ölkəyə yayılmağa başlayır ki, ispanlar onları mavr romansları adlandırırlar. Bir müddətdən sonra ispanlar mavr romanslarının təsiri altında özlərinin romanslarını yaradırlar. Təsadüfi deyildir ki, uzun əsrlər boyu - hətta mavrlar İspaniyadan qovulduqdan sonra da hər iki xalqa məxsus romanslar yanaşı surətdə istifadə olunmuşdur. İspan romanslarını ilk dəfə 1821-ci ildə Viktor Hüqonun qardaşı Abel Hüqo tərcümə etmişdir. Ancaq Viktor Hüqo mavr romanslarını oxuduqdan sonra onların ispan romanslarından daha qüvvətli olduğunu qeyd etmişdir. Görünür, Hüqo bu romanslardan təsirlənərək özünün “Mavr romans”ını yaratmışdı. Sonralar mavr və ispan romanslarının bir-birinə qaynayıb - qarışması əsasında “Ümumi Romansero”lar yaranmışdır ki, Hüqo özünün “Uduzulmuş döyüş” şeirini “ümumi romansero”nun təsiri altında yazmışdır.

Fəslin “Satirik ədəbiyyat. Fablio. Svank” başlığında müəllif XII əsrə qədər Şərq ədəbiyatının Qərbi Avropa ədəbiyyatına təsirini vurğuladıqdan sonra, XII əsrdə Şərqdə mədəni münasibətlərin fəallaşmasının inkişafı nəticəsində hind, ərəb, yəhudi və İran süjetlərinin Avropa ədəbiyyatına daxil olmasından, hind qaynaqları əsasında yazılmış “Yeddi müdrik kitab” haqqında kitabdan bəhs olunur.

Avropa ədəbiyyatındakı “Eşşəyin vəsiyyəti” pabliosu ilə S.Ə.Şirvaninin “Köpəyə ehsan” satirasını müqayisə edib, buradakı hadisələrin eyniliyini göstərən tədqiqatçı belə qənaətə gəlir ki, Azərbaycan şairi həmin mövzunu Şərqdən götürmüşdür.

Dərslikdə XII əsrdə yaranan xalq tamaşaları da diqqətdən kənarda qalmamışdır - “Çobanlar”, “Lazar”, “Daniel haqqında tamaşa”, “Müqəddəs Daniel haqqında oyun”. Buradakı bəzi tamaşalar Azərbaycan xalqının “Yuğ” mərasimlərini xatırladır.

Bölümün “Önintibah ədəbiyyatı” adlı VI fəslində XII-XIV əsrlərdə ictimai-siyasi vəziyyətdən və ilk dəfə bu ifadənin Dante tərəfindən işlədildiyi “Yeni şirin üslub” ədəbiyyatından, onun nümayəndələrindən geniş söhbət açılmışdır.

Dante “İlahi komediya”sında Cəhənnəm, Ərafat və Cənnətə səyahət edir. Cəhənnəmə də, Ərafata da gedəndə onun bələdçisi Vergili, Cənnətə də gedəndə bələdçisi Beatriçedir. Əsərdən o da bəlli olur ki, sonralar ənənə halını almış xristian təəssübkeşliyi “İlahi komediya”da da öz əksini tapmışdı. Şərq ədəbiyyatında olduğu kimi “İlahi komediya”da da göyün yeddi qatdan ibarət olduğu göstərilir. Onu da xatırlatmaq lazımdır ki, əsərdə Azərbaycanla bağlı məqamlara da təsadüf olunur.

Fəslin “İngilis önintibah ədəbiyyatı. Cefri Çoser” başlığında həmin dövr ingilis ədəbiyyatı haqqında qısa, ümumi məlumat verildikdən sonra şair Cefri Çoser yaradıcılığı, xüsusilə bu yaradıcılığın ən yüksək zirvəsi “Kenterberi hekayələri” poeması geniş şəkildə təhlil olunmuşdur. Müəllifin verdiyi məlumata görə “Kenterberi hekayələri” kitabına ədib “Proloqla” bir-birinə bağlanmış 120 hekayə daxil etmək istəyirmiş, ancaq bu plan baş tutmamış, Çoserin bu kitabında 23 zəvvarın dilindən cəmisi 24 hekayə danışılır.

Dərsliyin II bölməsinin “İntibah” başlığında prof. C.Nağıyev “İntibah” sözünün ilk dəfə işlənmə tarixinə, onun əhatə olunduğu dövrlərə və Avropa intibahının başlıca nəzəri-estetik prinsiplərinə öz münasibətini bildirmişdir.

Bölmənin “İtaliya intibahı” adlanan VII fəslinin “XIV əsr (Treçento) Françesko Petrarka” başlığında XIV əsr İtaliyanın ictimai-siyasi həyatına ötəri nəzər salınıb, dahi şair Petrarkanın yaradıcılığı geniş surətdə təhlil süzgəcindən keçirilir. Əsərdə Petrarka yaradıcılığının mərhələləri, bu mərhələlərdə yaranmış əsərləri, onun səyahət aləmi, Laura ilə münasibətləri öz əksini tapmışdır.

Covani Bokkaçço yaradıcılığına, xüsusilə onun “Dekameron” əsərinə bölmədə geniş yer ayrılmış, bu novellalar toplusundakı ayrı-ayrı surətlər xarakterizə edilmiş və belə qənaətə gəlinmişdir ki, bu hekayələr yazılarkən bir çox qaynaqlardan, o cümlədən Şərq nağıllarından istifadə olunmuşdur.

Prof. C.Nağıyev XV əsrə (Kvatroçento) müraciət edərkən, bu dövrdə yaranmış ədəbiyyata, yazıb-yaratmış ədiblərlə yanaşı, dahi sənətkarlar Leonardo da Vinçinin və Mikelancelonun da həyat və yaradıcılığına geniş şəkildə ekskurs etmişdir. Təqdirəlayiq haldır ki, tədqiqatçı istər Vinçini, istərsə də Mikelancelonu təkcə dahi rəssam, yaxud heykəltəraş kimi təqdim etməmiş, onların bədii yaradıcılığı da yüksək səviyyədə öz əksini tapmışdır.

XVI əsr (Petroçento) İtaliya İntibahı ilə əsəri davam etdirən prof. C.Nağıyev həmin əsrin yetirdiyi çox böyük simaları Matteo Boyardonun, Lüdoviko Ariostonun, Torkato Tassonun, Nikkolo Makiavellinin yaradıcılığını tədqiqata cəlb etmişdir. Bu ədiblərin əsərlərinin içərisində Torkato Tassonun “Azad olunmuş Yerusəlim”i ayrıca qeyd etmək lazım gəlir. Tasso nə üçün bu poemanı yazmışdır? Tədqiqatçı əsərin yaranması ilə bağlı yazır: “O, xristianlığı vəsf etmək istəyirdi. Həmin dövrdə türklər Avropaya yürüşlər edirdi və müsəlmanlarla savaş mövzusu o dövrdə çox populyar idi. Tasso yaxşı anlayırdı ki, onun bu poemasının süjeti müqəddəs torpağı müsəlmanlardan xilas etmək yolunda ilk səlib yürüşü olacaq. Onun həyatını həsr etdiyi bu işi uca Tanrı özü himayə edir, ona görə də xaç yürüşünün iştirakçılarına mələklər, müsəlmanlarla döyüşlərdə həlak olmuş ötən illərin qəhrəmanlarının teyfləri kömək edir”.

II bölmənin “Alman və Niderland İntibahı” (humanizm) adlanan VIII fəslində əsasən XIV-XVI əsrlərdə yaranmış alman və holland ədiblərinin əsərlərinə münasibət bildirmişdir. Bu əsrlərdə Volkenşteyn, Tayxneri, Kuranski, Vimpfelinq, Seltiş, Pirkheymer, Hütten, Brant, Yuterin yaratdıqları əsərlərlə yanaşı, alman xalq romanları da ədəbiyyatın zənginləşməsində mühüm rol oynamışdır. Əsərdə göstərilir ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində komik - satirik əsərlərlə yanaşı daha ciddi mövzulara həsr olunmuş xalq romanları da yaranmışdır ki, bunlardan da ən məşhuru Doktor Faust və Əbədi Jid-Aqasfer haqqında romandır. Müəllifin verdiyi məlumata görə, Johan və yaxud Georq Faust uydurma obraz deyil, o, XVI əsrin əvvəllərində yaşamışdır. Görünür, Faust haqqındakı əhvalatlar sonralar əfsanəyə çevrilmişdir ki, dərslikdə qeyd olunduğu kimi, bu əfsanənin ilk ədəbi variantı 1587-ci ildə nasir İ.Şpis tərəfindən “Məşhur sehrbaz və cadugər doktor Faust haqqında tarix” adı altında çap edilmişdir. Təbii ki, bu yerdə Hötenin “Faust” əsərini xatırlamamaq mümkün deyil.

II bölmənin IX fəsli İspaniya və Portuqaliya İntibah ədəbiyyatına həsr olunmuşdur. Bu fəsildə XIV əsrdə ilk İntibah ədəbiyyatı nümunələri, XV əsrin sonlarında vahid ispan dövləti yaranır. 1492-ci ildə bu yarımadada - Qrenadada, mavrların son istinadgahı məhv edilir; dünyanın ən böyük kəşflərindən biri edilir və Yeni dünyanın (Amerikanın) kəşflər və istilası başlanır.

Müəllifin qeyd etdiyi kimi, XVI əsrin ortalarında İspaniyada daha bir roman janrı yaranmışdır ki, bu janrın həyatı daha uzun və məhsuldar olmuşdur, həmin janr kələkbazlıq romanıdır. Bütün bunlarla yanaşı İspan ədəbiyyatının ən yüksək zirvəsi, şübhəsiz ki, Migel de Servantesdir. Əsərdə göstərilir ki, Servantesin döyüşlərdə iştirakı hələ erkən yaşlarından İspaniyanın ən böyük şəhərlərində - Seviliyada, Valyadoliddə, Madriddə olması gələcək yazıçının hafizəsində dərin izlər buraxır. Bəli, Servantesin hərbi xidmətləri, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar unuduldu, ancaq əsərləri, xüsusilə “Don Kixot”u onu tarixdə yaşatdı.

Kitabda XIV-XVI əsrlər Portuqaliya ədəbiyyatında ümumi şəkildə nəzər salınıb, bu ədəbiyyatın ən böyük nümayəndəsi, məşhur səyyah Vasko da Qamanın nəslindən olduğu ehtimal edilən Kamoenin yaradıcılığı tədqiqata cəlb edilmişdir. Əsərdə Kamoenin “Luziada” poemasında Vasko da Qamanın Afrikadan keçərək Hindistana getməsi təsvir edilmişdir. Səyyahın Hindistanda rastlaşdığı macəralar əsərdə öz əksini tapmışdır.

II bölmənin X fəslində “Fransız intibah ədəbiyyatı”ndan danışan prof. Cəlil Nağıyev yazır ki, bir sıra iqtisadi, sosial, mədəni proseslərin ləng getməsi nəticəsində Fransa digər Avropa ölkələrindən - İtaliyadan, Almaniyadan geri qalırdı. Bu baxımdan Fransa İntibah mədəniyyətinin İtaliyadan, Almaniya və Niderlanddan, hətta İspaniyadan bir qədər (ən azı bir əsr) gec inkişafa başlaması təsadüfi deyildir. Müəllifə görə, Fransada humanist fikrin cəmlənməsi I Fransiskin dövründə (1515-1547) olmuşdur. O, İtaliyanın ən yaxşı rəssam və heykəltəraşlarını -Vinçini, Sartonu, Çelilini öz sarayına cəlb etmişdir. İtaliya ədəbiyyatının təsiri də Fransız ədəbiyyatında öz sözünü demişdir. Kitabda qeyd olunduğu kimi, Navarrlı Marqaritanın “Heptamaeron” əsəri İtaliya yazıçısı Covanni Bokkaconun “Dekameron” əsərinin təsiri altında yazılmışdır. Tədqiqatçı bu iki əsəri müqayisə edərək onların arasında oxşar və fərqli cəhətləri göstərməyə çalışmışdır.

Rablenin “Qarqantua və Pantaqruel” romanının Homerin “İliada” və “Odisseya”, Ə.Firdovsinin “Şahnamə”, N.Gəncəvinin “Xəmsə”, A.Dantenin “İlahi komediya”, M.Servantesin “Don Kixot”, R.Erazmın “Axmaqlığın tərifi”, M.Füzulinin lirik poeziyası, U.Şekspirin dram əsərləri, O.Balzakın “Bəşəri komediya”, L.Tolstoyun “Hərb və Sülh” əsərləri, C.Məmmədquluzadə və M.Ə.Sabirin yaradıcılığı ilə bir sırada dayandığı qənaətində olan azərbaycanlı alim fransız yazıçısının bu əsərini təhlil edərkən yeri gəldikcə onun dünya ədəbiyyatı nümunələri və eyni zamanda “Kitabi-Dədə Qorqud”la müqayisəsini aparmışdır.

Rablenin bu əsərindən danışarkən bir məqamın üzərində dayanmaq lazım gəlir. Dərslikdəki həmin epizodu olduğu kimi təqdim etməyi məsləhət bilirik: “Məlum olur ki, Panurq türklərin əlində əsir olmuşdur və xüsusi məharət göstərərək oradan qaçmışdır. Belə ki, türklər onu piyə bələyib qızartmağa başlayırlar. Bir möcüzə nəticəsində o, türklərin əlindən qaçır, onu “1311 it” qovur, Panurq ancaq üzərində olan piyləri bu itlərin qabağına atmaqla xilas edə bilir”.

Doğrudanmı türklər həmişə belə qəddar olmuşlar? Axı II Sultan Mehmet Fateh İstanbula daxil olarkən özünü Aya Sofiya məbədinin müdafiəçisi elan etmiş, ilk namazını orada qılmışdır. Dahi Volter yazırdı ki, türklər xristianlarla heç də bizim düşündüyümüz tək vəhşi kimi rəftar etmirlər. Onlar İstanbulda yunanlara kilsə tikməyə icazə vermişdilər ki, onların çoxu kollegial idi. Burada Aristotelin fəlsəfəsi, qədim yunan dilini öyrənirdilər ki, onlar Yunanıstanda qadağan olunmuşdu.

Professor Cəlil Nağıyevin “Qərbi Avropa ədəbiyyatı” əsərinin sonuncu—XI fəsli “İngilis İntibah ədəbiyyatı” adlanır. İngilis İntibah ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Tomas Mor bütün dövrlər üçün arzu edilən ideal cəmiyyəti özünün 1510-cu ildə yazdığı “Utopiya” əsərində geniş okean meydanında aşkar edilmiş bir adada təqdim edir. Nizaminin “İsgəndərnamə”sindəki kimi xəyalı bir dünyadır, aləmdir. Bu cəmiyyətdə pul nə olduğu bilinmir, hamı ictimai yeməkxanalarda - saraylarda yemək yeyir... Cavan oğlan və qızlar bir yerdə tərbiyə alır, xüsusi istedadlı uşaqları sənət və kənd işlərindən azad edirlər ki, elmlə məşğul olsunlar.

Fəslin “Nəsr, lirika və Şekspirə qədərki ingilis dramaturgiyası” başlığında Uolter Raley, Con Lili, Tomas Neşin yaradıcılığı tədqiqata cəlb edilmiş, Lilinin “Kampaspa” komediyasından daha ətraflı bəhs edilmişdir. Prof. C.Nağıyev haqlı olaraq yazır ki, Avropa İntibah mədəniyyətinin son nəhəng nümayəndəsi Uilyam Şekspirdir. Şekspirin 36 pyes yazdığını, onlardan 13-nün komediya, 8-nin xronika, 10-nun faciə və 5-nin romantik dram olduğunu göstərən tədqiqatçı ingilis ədibinin yaradıcılıq mərhələlərini də diqqətə çatdırmışdı.

Şekspirin özünün şəxsiyyəti barəsində müxtəlif fikirləri təqdim edən müəllif onun dram əsərləri haqqında danışarkən yazır ki, öz pyesləri üçün süjetləri Şekspir özü yaratmayıb. O, əsərlərinin mövzularını ədəbiyyatda, tarixdə mövcud olan süjetlərdən götürmüş və onları səhnə üçün uyğunlaşdırmış və yenidən işləmişdir.

“Hamlet” əsərinin də süjetinin böyük tarixi kökləri, mənbələri var və bu süjet Şekspirə qədər ədəbiyyatda işlənmişdir” , - deyən müəllif “Otello” faciəsindən danışarkən əsərin mövzusunun hansı ünvandan götürüldüyünü dəqiqliklə çatdırır. Araşdırıcı qeyd edir ki, dramaturq bu əsərin mövzusunu italyan zadəganı, yazıçı Combatista Ciradlı Çintionun “Ekatommiti” (“Yüz novella”) əsərinin bir novellasından (üçüncü dekadanın VII novellası) götürmüşdür.

Yaxın günlərdə görkəmli ədəbiyyatşünas alim, məhsuldar tədqiqatçı, səmimi, zəhmətkeş insan, filologiya elmləri doktoru, professor Cəlil Nağıyevin 75 yaşı tamam olur. “Qərbi Avropa ədəbiyyatı” kimi fundamental əsəri alimin öz yubileyinə layiqli töhfəsidir. Biz bu möhtəşəm əsər və qarşıdan gələn yubileyi münasibətilə Cəlil müəllimi təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Əsgər ZEYNALOV,

filologiya elmləri doktoru, professor.

 

 Respublika.- 2020.- 14 iyun.- S.7.