İnsan hüquqlarının müdafiəsi,
təmini və təbliği üzrə fəaliyyətin
dövrün tələblərinə uyğun davam etdirilməsi
strateji prioritet kimi
Müasir dövrdə hüquqi dövlətin əsas xüsusiyyətindən biri də qanunun aliliyinin təmin olunması və cəmiyyətin bu prinsip əsasında inkişafıdır. Cəmiyyətdə formalaşan ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən onların hüquqi cəhətdən nizama salınması ilə bağlı müvafiq islahatların həyata keçirilməsi daim aktuallıq kəsb edir.
Azərbaycan Respublikası ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvü olaraq ümumbəşəri dəyərlərə əsaslanmaqla demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Ölkədə hüquqi islahatların təməli ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuşdur
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Heydər Əliyev xalqımızın tarix boyu arzuladığı milli dövlətçilik amallarını gerçəkləşdirmiş, dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuşdur.
Müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquqları və azadlıqlarının təmini istiqamətində baş verən köklü dəyişikliklər məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də məhz insan hüquq və azadlıqlarının qorunması olmuşdur.
Ölkədə həyata keçirilən hüquqi islahatların təməli ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə qoyulmuşdur.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunun üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, hüquq bərabərliyinə hörmət ruhunda yazılmışdır ki, bu da ölkəmizdə insan hüquq və azadlıqlarına ən yüksək dəyər verildiyini bir daha təsdiq edir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər mütərəqqi qanunvericilik aktlarının layihələrinin hazırlanaraq qəbul edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Uğurla həyata keçirilən huquqi islahatların əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş müddəaların icrasının təmin edilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, həmin islahatlarının aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin təşkilindən ibarət olmuşdur.
Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının təmininə verilmiş ən mühüm töhfələrdən biri də yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur.
1993-cü ildə ölkəmizdə ölüm hökmünün icrasına moratorium qoyulması, 1998-ci ilin 10 fevral tarixində isə ləğv edilməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandı.
Şərqdə ilk dəfə, Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ölüm cəzasının ləğv edilməsi həm də humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin göstəricisi idi.
Ulu Öndərin ölkə Prezidenti kimi imzalamış olduğu “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanında insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının layihəsinin hazırlanması və digər bu kimi məqsədlərə nail olmaq üçün müvafiq tədbirlər müəyyən edilmişdir.
Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramında nəzərdə tutulmuş insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, insan hüquqları sahəsində elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər müəyyən olunmuş müddət ərzində öz həllini tapmışdır.
Aparılan hüquqi islahatlar çərçivəsində ölkəmiz çoxsaylı beynəlxalq müqaviləyə qoşulmuşdur ki, bunların da böyük əksəriyyəti insan hüquq və azadlıqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərdir və milli qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi prosesində mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, insan hüquqlarının səmərəli müdafiəsi, təmini və təbliği baxımından geniş səlahiyyətlərə malik olan müvafiq dövlət orqanlarının statusunu və fəaliyyət istiqamətlərini müəyyən edən qanunvericilik bazasının inkişafı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açmışdır.
Ombudsman təsisatının yaradılması Ulu Öndərin adı ilə bağlıdır
Bu gün Azərbaycanın dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkəmizdə insan hüquqları üzrə ilk strateji əhəmiyyətli sənədlərin, müstəqil hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
İnsan hüquqlarının müdafiəsi və təşviqi məqsədilə məhkəmədənkənar hüquq müdafiə mexanizmi və milli insan hüquqları institutu kimi səmərəli fəaliyyət göstərən Ombudsman təsisatının hüquqi statusu və müstəqilliyinin təminatları “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanununda öz əksini tapmışdır.
Azərbaycan Ombudsmanı Konstitusiya Qanununa uyğun olaraq, ölkə yurisdiksiyasında olan hər bir kəsin dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətində tədbirlər görür.
Mühüm əhəmiyyətli strateji sənədlərin əsas qayəsini təşkil edən hamı üçün bərabər hüquqların təmin olunması, heç bir halda ayrı-seçkiliyə yol verilməməsi, əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsi və onların təmin olunması məsələsi Ombudsmanın fəaliyyətində əsas meyar kimi rəhbər tutulur.
Ombudsman fəaliyyəti dövründə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, qaçqınların, məcburi köçkünlərin və miqrantların, həbs edilmiş şəxslərin və məhkumların, hərbi qulluqçuların hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamışdır.
Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq, polis bölmələri, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, qarnizon hauptvaxtları ilə yanaşı, psixiatriya və sosial xidmət müəssisələrində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdəki şəxslərin hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm verir, mütəmadi olaraq həmin müəssisələrin monitorinqi aparılır, saxlanılan şəxslərlə görüş keçirilərək onların saxlanılma şəraiti, habelə şikayətləri yerində araşdırılır, müraciətlərin təmini məsələləri aidiyyəti qurumlar qarşısında qaldırılır.
Həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda daim insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılmış, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılmış, həlli istiqamətində zəruri tədbirlər görülmüş, müvafiq təkliflər irəli sürülmüş və bir çox hallarda birgə səylər nəticəsində pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Göründüyü kimi, Ulu öndərin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, qısa müddət ərzində həyata keçirilmiş hüquqi islahatlar çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması, yeni hüquq müdafiə mexanizmlərinin formalaşdırılması ilə nəticələnmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar
insan hüquqları və azadlıqlarının
qorunmasına müstəsna töhfədir
Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimizin tərəfindən qoyulmuş həmin siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində islahatlar, yeniliklər həyata keçirilmiş və mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə inkişaf edən ölkəyə çevrilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə sosial əhəmiyyətli bir sıra mühüm layihələrin həyata keçirilməsi ölkəmizdə insan hüquqlarının səmərəli müdafiəsinə, sosial cəhətdən həssas əhali qruplarının rifah hallının daha da yaxşılaşdırılmasına xidmət etməklə əhali arasında böyük sevinc və razılıq hissi ilə qarşılanır.
Ötən dövr ərzində Azərbaycan daha da inkişaf etmiş, yeni-yeni proqramlar, yol xəritələri, Azərbaycanın hərtərəfli, daha dinamik inkişafı naminə islahatlar həyata keçirilmiş və bu proses sürətlə davam etməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci ildə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunmuş və həmin sənədlərin icrasının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilmişdir. Bu strateji sənədlər insan hüquqlarının sürətlə, sistematik və ardıcıl olaraq inkişafı üçün yol xəritəsi olmuşdur.
Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi 18 iyun tarixi müstəqil respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
Yeri gəlmişkən, maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurasının 5/1 saylı qətnaməsi ilə “İnstitusional quruculuq paketi” qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir. Yeri gəlmişkən, bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur və aidiyyəti dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir.
Ombudsman
Aparatı
pandemiya
dövründə öz fəaliyyətini
xüsusi
karantin rejiminin tələblərinə uyğun davam etdirib
Ümumiyyətlə, Ombudsman təsisatı da pandemiya
şəraitində öz fəaliyyətini müəyyən
olunmuş qaydalara uyğun təşkil edib. Əhali
qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə
də sağlamlıq hüquqlarının təbliğinə
əsaslanan məlumatlandırma tədbirləri ilə
yanaşı, pozulmuş hüquqların bərpasına və
pozulmasının qarşısının alınmasına xidmət
edən işlər canlı təmas olmadan, müasir
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
istifadə edilməklə həyata keçirilir. Bu istiqamətdə texnoloji imkanlar və innovativ
yanaşmalardan istifadə edərək öz fəaliyyətimizi
davam etdiririk.
Hazırda
Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar
tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq,
Ombudsman Aparatında və regional mərkəzlərində vətəndaşların
canlı qəbulunun müvəqqəti olaraq
dayandırılmasına baxmayaraq, hər bir şəxs
elektron qaydada (poçt, onlayn müraciət, e-mail, faks), sosial
şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində
xidmət göstərən “qaynar xətt” telefonları
(0503709896 və 012916) vasitəsilə Müvəkkilə
müraciət edə bilirlər. Bu dövrdə
də Ombudsmanın ünvanına daxil olan bütün
müraciətlərə hər zaman olduğu kimi çox həssaslıqla
yanaşılır, qaldırılan məsələlərin
həlli ilə bağlı operativ şəkildə təcili
addımlar atılır.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15
sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramında və dövlət
başçısının 2019-cu il fevralın 1-də Azərbaycan
Gəncləri Gününə həsr olunmuş respublika
toplantısındakı çıxışında dövlət
orqanları qarşısında gənclərin
potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin
bütün sahələrində gənclərin fəal
iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini
aşılamaq və təcrübi biliklərini artırmaq,
onların yaradıcı və innovativ potensialının
üzə çıxarılmasını dəstəkləmək
və ölkədə könüllülük hərəkatını
inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Beləliklə,
ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 30
dekabr tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında 2020-ci il “Könüllülər ili” elan edildiyindən
“Könüllü fəaliyyət haqqında” Azərbaycan
Respublikasının Qanununu nəzərə almaqla Ombudsman
Aparatı 2019-cu il dekabr ayında gənclər arasında
könüllülük fəaliyyəti elan etmiş və
cari ilin yanvar ayından etibarən könüllü fəaliyyətin
tətbiq edilməsinə başlamışdır. Ombudsman
Aparatının fəaliyyətində iştirak edən
könüllülər arasında Bakı Dövlət
Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, ADA
Universiteti, Dövlət Gömrük Komitəsinin
Akademiyasının Hüquq fakültəsinin məzun və tələbələri
ilə yanaşı, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər
Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan
Universiteti, o cümlədən xarici universitetlərdə
müxtəlif ixtisaslar üzrə bakalavr və magistr təhsili
alan gənclər də olmuşlar. Ombudsman Aparatında
könüllü kimi iki ay müddətində fəaliyyət
göstərib müqavilə öhdəliklərini uğurla
başa vuran gənclərə diplomların təqdim edilməsi
də məhz “İnsan Hüquqları Aylığı”nın keçirildiyi dövrə təsadüf
etmişdir.
Digər
tərəfdən, hər zaman olduğu kimi, Ombudsman və
Aparatın əməkdaşları tərəfindən
İşgəncələrin qarşısının
alınması üzrə Milli Preventiv Mexanizm (MPM)
funksiyalarının icrası çərçivəsində
müvəqqəti saxlanma və istintaq təcridxanalarında,
penitensiar, psixiatriya, sosial xidmət müəssisələrində,
qanunsuz miqrantların saxlanılması mərkəzlərində
və saxlanılan şəxslərin öz iradəsi ilə
tərk edə bilmədiyi digər yerlərdə pandemiya
dövründə saxlanma şəraiti, müyəssərlik,
rəftar məsələləri, qidalanma səviyyəsi,
tibbi-sosial xidmətlərə çıxış
imkanları, daxil olmuş müraciətlərin
araşdırılması, hospitallaşdırılmış
pasiyentlərin, o cümlədən əlilliyi olan şəxslərin
hüquqlarının təmin olunması, müvafiq şəkildə
sənədləşmənin aparılması vəziyyətinin
öyrənilməsi məqsədilə başçəkmələr
həyata keçirilmiş, saxlanılan şəxslərlə
xüsusi karantin rejimi qaydalarına əməl etməklə
görüşlər təşkil olunmuş, müəssisə
rəhbərliyi və məsul əməkdaşlarla hüquqi
maarifləndirici söhbətlər aparılmışdır.
“İnsan
Hüquqları Aylığı”:
görülən tədbirlər hüquqların
qorunmasına və hüquq mədəniyyətinin inkişafına
xidmət edir
Qeyd etmək
lazımdır ki, insan hüquqlarının müdafiəsi və
təbliği sahəsində həyata keçirilən fəaliyyəti
gücləndirmək, əldə olunmuş nailiyyətlər
barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud
problemlərin aradan qaldırılması ilə bağlı
qarşıda duran vəzifələri müəyyən etmək,
habelə əhalinin hüquq düşüncəsini və
hüquq mədəniyyətini inkişaf etdirmək,
ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə
çatdırmaq məqsədilə Ombudsman tərəfindən
2020-ci il mayın 18-dən iyunun 18-dək ölkədə elan
olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilmişdir.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ
koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində
geniş yayılmasının qarşısının
alınması məqsədilə Azərbaycan hökuməti
tərəfindən xüsusi karantin rejimi tətbiq edilməsi,
profilaktik və mübarizə xarakterli təxirəsalınmaz
sosial izolyasiya tədbirlərinin həyata keçirilməsinin
davam etdirilir.
Bununla əlaqədar müraciətimizdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq
ölkədə kütləvi tədbirlərin keçirilməsi
də təxirə salındığını nəzərə
alaraq, əhali qruplarının hüquqi maarifləndirilməsi,
xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə
əsaslanan məlumatlandırma tədbirləri ilə
yanaşı, pozulmuş hüquqların bərpasına və
pozulmasının qarşısının alınmasına xidmət
edən işlərin canlı təmas olmadan, müasir
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
istifadə edilməklə də həyata keçirilməsinin
məqsədəuyğun olduğunu diqqətə
çatdırmışıq. Eyni zamanda, dövlət
qurumlarını, yerli özünüidarə
orqanlarını, vətəndaş cəmiyyəti institutlarını,
o cümlədən qeyri-hökumət təşkilatları və
kütləvi informasiya vasitələrini bu təşəbbüsə
qoşulmağa dəvət etmiş, xüsusi karantin rejimi
qaydalarına ciddi əməl etməklə elektron və
yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə
insan hüquqlarının, o cümlədən
sağlamlıq hüquqlarının təbliğinə dəstək
verməyə, onlayn görüşlərin,
videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif
sosial çarxların hazırlanmasını tövsiyə
etmiş, insanların müraciətlərinə, pozulmuş
hüquqlarının bərpası məsələlərinə
həssaslıqla yanaşmağa
çağırmışıq.
“İnsan
Hüquqları Aylığı” çərçivəsində
Müvəkkilin, Aparatın əməkdaşlarının, Gəncə,
Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf
rayonları əhatə edən Ombudsmanın regional mərkəzlərinin
nümayəndələrinin iştirakı ilə Bakı
şəhərində və respublikanın rayonlarında
onlayn formada silsilə tədbirlər keçirilmiş, təsisatın
nümayəndələri müxtəlif qurumlar tərəfindən
təşkil olunmuş onlayn görüş və konfranslarda
insan hüquqlarına dair müxtəlif mövzularda məruzə
və çıxışlar etmişlər.
Eyni zamanda,
Aylıq çərçivəsində dövlət
qurumlarının, o cümlədən yerli icra hakimiyyətlərinin
insan hüquqlarına dair təşkil etdiyi onlayn tədbirlər
əsasən ümummilli lider Heydər Əliyevin insan
hüquqları sahəsində həyata keçirdiyi
genişmiqyaslı fəaliyyətin uğurla davam etdirilməsi,
bu sahədə aidiyyəti dövlət qurumlarının və
vətəndaş cəmiyyəti institutlarının rolu,
mövcud pandemiya dövründə uşaqların, gənclərin,
qadınların, ahılların, əlilliyi olan şəxslərin,
qaçqın, məcburi köçkün və
miqrantların, habelə əhalinin digər sosial
qruplarının sağlamlığın qorunması, təhsil
və digər hüquqlarının müdafiəsi, sağlam
həyat tərzinin təbliği, ekoloji
sağlamlığın qorunması, insan alveri, erkən
evlilik, korrupsiya kimi neqativ hallara qarşı mübarizə
kimi mövzular əhatə olunmaqla hüquqi maarifləndirmə
məqsədini daşımışdır.
Bu
kontekstdə təşəbbüsümüzlə “İnsan
Hüquqları Aylığı” çərçivəsində
Gənclər və İdman Nazirliyi ilə birgə “Gənclərin
hüquqları” adlı onlayn silsilə tədbirlər
keçirililməsini xüsusi qeyd etmək lazımdır. Respublikanın müxtəlif rayon və şəhər
gənclər və idman idarələrinin, çoxsaylı gənclərin
iştirakı ilə təşkil olunan görüşlərdə
onların təhsil, əmək, sosial təminat və digər
hüquqlarının müdafiəsi mövzularında
müzakirələrin aparılır.
“İnsan Hüquqları Aylığı” çərçivəsində
diqqət yetirdiyimiz məsələlərdən biri də
insan hüquqları sahəsində təhsilin inkişaf
etdirilməsi və bu sahədə elmi tədqiqatların
aparılması ilə bağlı olmuşdur. Bu məqsədlə, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatı və Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin “İnsan
hüquqları və informasiya hüququ” UNESCO
kafedrasının birgə təşkilatçılığı
ilə “İnsan hüquqlarının təmini Azərbaycan
dövlətinin ali məqsədidir” mövzusunda respublika
virtual elmi konfransı keçirilmiş, insan
hüquqlarının qorunmasının müxtəlif aspektləri
barədə elmi-nəzəri məsələlər barəsində
məruzələr dinlənilmişdir.
Digər
tərəfdən, pandemiya dövründə qaçqın və
məcburi köçkünlərin hüquqlarının təbliği
və müdafiəsi sahəsində Milli İnsan
Hüquqları təsisatlarının təcrübələrinin
bölüşülməsi, bu sahədə strategiyalar
hazırlanması, gələcək birgə fəaliyyətin
əsas istiqamətlərinin müəyyən edilməsi və
bununla bağlı əlaqələndirmə işinin
genişləndirilməsi məqsədilə bir sıra
addımlar atılmış, videokonfrans formatında tədbirlər
keçirilmişdir. Tədbirlərdə
xüsusi olaraq diqqətə
çatdırılmışdır ki, 10 milyon əhalisi olan
Azərbaycanda məcburi köçkünlər ölkə əhalisinin
on faizini təşkil edir ki, praktiki olaraq belə vəziyyət
heç bir ölkədə müşahidə olunmur. Ermənistanın Azərbaycan torpaqlarının 20
faizini işğal etməsi nəticəsində bir milyondan
çox soydaşımız qaçqın və məcburi
köçkünə çevrilib, onların bütün
fundamental hüquqları kütləvi şəkildə
kobudcasına pozulub. Təcavüzkar və
işğalçı Ermənistan BMT-nin 822, 853, 874 və 884
saylı qətnamələrini yerinə yetirməməklə
beynəlxalq hüququn tələblərinə məhəl
qoymamaqda davam edir.
Yeri gəlmişkən, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz “seçkilər”in keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq yaydığımız bəyanatda da bu məqamları xüsusi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışıq. Dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə, zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırmışıq.
Qeyd etmək istərdim ki, cənab Prezidentin təsdiq etdiyi insan hüquq və azadlıqlarının müdafiə olunmasında mühüm əhəmiyyət daşıyan və dövlət qurumları qarşısında bununla bağlı vəzifələr müəyyən edən strateji sənədlər uğurla icra olunmaqdadır.
Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə Prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.
Nəticə etibarilə, müasir dövrdə insan hüquqlarının qorunması aktual məsələ və strateji prioritet olaraq çıxış edir, bu kontekstdə Azərbaycanın təcrübəsi isə müsbət və mütərəqqi təcrübə kimi xarakterizə olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq xalqımızı 18 İyun - İnsan Hüquqları Günü münasibətilə təbrik edir, hamını pandemiya şəraitində özünün, ətrafının və cəmiyyətin sağlamlığını qorumaq naminə xüsusi karantin rejiminin qaydaları və tələblərinə riayət etməklə yüksək məsuliyyət nümayiş etdirməyə, sağlamlıq hüququnun müdafiəsi üzrə həmrəyliyə çağırıram.
Səbinə Əliyeva,
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman).
Respublika.- 2020.- 18 iyun.- S.4.