Kiyev şəhərində Milli Qurtuluş Günü ilə bağlı “Biz hamımız azərbaycanlıyıq!” mövzusuna həsr olunmuş
elmi-praktik konfrans
Azərbaycanın
Ukraynadakı səfirliyinin təşkilatçılığı
ilə keçirilən konfrans iştirakçıları ilk
öncə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki
abidəsinin önünə tər çiçəklər
qoyaraq, onun xatirəsinə dərin hörmət və
ehtiramlarını bildiriblər.
Ukraynanın dövlət və hökumət rəsmilərinin, elm və mədəniyyət adamlarının, diaspor və media təmsilçilərinin iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan bəhs edib. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında Azərbaycan diaspor hərəkatının inkişafına xüsusi diqqət ayrıldığını bildirən diplomat, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşlarımızın milli məfkurə altında birləşməsində ümummilli liderin tarixi xidmətlərindən danışıb.
Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli dövlətçilik ideologiyası ətrafında birləşməsini daima ön planda tutub. Ümummilli lider soydaşlarımızla görüşlərində söyləyirdi ki, Azərbaycan diasporu müasir siyasi həyatda böyük rol oynaya bilər. O, ölkənin maraqlarını fəal şəkildə müdafiə etməli, Vətəni haqqında obyektiv məlumat verməli, bütün dünyaya sübut etməlidir ki, Azərbaycan təcavüzün qurbanına çevrilib. Heydər Əliyev hansı ölkəyə gəlsə, iş qrafikinin gərgin olmasına baxmayaraq, xaricdə yaşayan həmvətənləri ilə görüşməyi öz vəzifəsi hesab edirdi və bu görüşlərdə bir məqam xüsusilə səslənirdi: “Milli birlik bizə su, hava kimi lazımdır. Biz hamımız azərbaycanlıyıq”, - deyə diplomat qeyd edib.
Elmira Axundova vurğulayıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də diaspor təşkilatlarımızın milli ideologiya ətrafında birləşməsinə xüsusi diqqət ayıraraq, bu məsələni daima nəzarət altında saxlayır.
Milli Qurtuluş Günü münasibətilə xalqımıza xoş və səmimi təbrikini çatdıran Ukrayna Xarici İşlər nazirinin müavini V.Bodnar, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
“Bu bayram Azərbaycan xalqı üçün tarixi və şərəfli günlərdən biridir. Təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan, Ukrayna əməkdaşlığı bu gün hər iki ölkənin prezidentləri tərəfindən inkişaf etdirilir. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərimizin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycanın mühüm yer tutması tamamilə məntiqlidir. İnanıram ki, yeni səfir Elmira Axundova ikitərəfli əməkdaşlığın daha da inkişafında öz töhfəsini verəcək”, - deyə nazir müavini əlavə edib.
Tədbirdə Ukraynanın ikinci Prezidenti Leonid Kuçmanın mətbuat xidmətinin rəhbəri Darka Olifer sabiq dövlət başçısının tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda deyilir: “Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün ağır günlər yaşayıb. Fəxr edirəm ki, mənim dostum, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə Ukrayna-Azərbaycan münasibətlərinin əsasını qoymuşuq. Şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevi dostum deyə çağıra bilərəm. Azərbaycan Prezidenti ölkəsinin inkişafı və sabitliyi üçün atasının siyasətini uğurla həyata keçirir. Azərbaycan və Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir və biz bir-birimizə bu işdə dəstəyimizi davam etdirməliyik”.
Müraciətində L.Kuçma əminliyini bildirib ki, yeni səfir öz fəaliyyəti ilə iki dost ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Sonra Ali Radanın deputatları Valeri Kolyux, Vladimir Kreydenko, institut direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin ulu öndərin həyat və fəaliyyətindən danışıblar.
Tədbir çərçivəsində yazıçı-publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üç cildlik roman-tədqiqatının Azərbaycan, rus və ingilis dillərində təqdimat mərasimi keçirilib.
Möhsüm QƏDİROĞLU,
“Respublika” qəzetinin Ukrayna və
Şərqi Avropa ölkələri
üzrə xüsusi müxbiri.
Respublika.- 2020.- 18 iyun.- S.5.