Aqrar sahə üzrə tanınmış
alim
Mən hələ uşaq olanda böyüklərin bir soyadı hər zaman böyük hörmət və ehtiramla yad etdiklərinin tez-tez şahidi olardım. “Verdiyev yaxşı katib idi... Səməd Vurğun Kəlbəcərə gələndə katib Verdiyev idi... Rayona Verdiyev kimi katib gəlmədi və s.”. Beləcə üzünü görmədiyim Verdiyev (adı Səfər - red.) soyadı yaddaşımda ilişib qaldı. Aradan illər keçdi, ölkədə çox sular axdı, duruldu. Zaman gəldi ki, fələyin çarxı döndü. Mənfur ermənilər halal çörəyimizə bıçaq batırıb torpaqlarımıza göz tikdilər. Xalqın başbilənləri, işıqlı adamları bu ağır durumdan çıxmağın yollarını axtarmağa başladılar. Məlum oldu ki, erməni xəyanətinin kökü çox dərin imiş və sovet təbliğat maşını bunu on illər boyu beynimizdən silməklə məşğul imiş. Ermənilərin təkcə Dağlıq Qarabağla deyil, Kəlbəcərlə bağlı da uzun illər məkrli planlar cızırmışlar və bu xəyanətlərin qarşısının alınmasında Səfər Verdiyevin xüsusi xidməti olubmuş. Tale belə gətirdi ki, günlərin bir günü həmin məşhur soyadın daşıyıcısı mərhum Səfər Verdiyevin özüylə görüşmək mənə qismət oldu.
...90-cı illərin əvvəlləri idi. Qarabağda seperatizm dərinləşərək artıq açıq müharibə müstəvisinə keçmişdi. Mənim doğulduğum Kəlbəcər rayonu da bu qaynar qazanın ortasına düşmüşdü. Mən gənc jurnalist kimi əmək fəaliyyətinə yenicə başlamışdım və torpaqlarımızın taleyi hamı kimi məni də çox narahat edirdi. Yazılarımızın da əsas mövzusunu Qarabağ və ümumən yurdun taleyi ilə bağlı məqamlar təşkil edirdi. Böyüklərdən eşitmişdim ki, ötən əsrin 50-ci illərində ermənilər Moskvanın əli ilə Kəlbəcəri boşaltmağa can atırmışlar. Bu təxribatın qarşısı isə öncə qeyd etdiyim kimi o zaman rayona rəhbərlik edən Səfər Verdiyev başda olmaqla yerli əhalinin iradəsi və ölməz şairimiz Səməd Vurğunun partiya qurultayındakı alovlu çıxışı hesabına alınmışdı. Bu məsələ ətrafında Səfər Verdiyevlə geniş müsahibə hazırlamışdım və yazı mətbuatda çap olunmuşdu.
Daha sonralar bu məşhur soyadın daha bir tanınmış nümayəndəsi ilə tanış oldum və aramızdakı yaş fərqinə baxmayaraq onunla səmimi dostluq münasibətlərimiz yarandı. Səfər müəllimin kiçik qardaşı Rəhman Verdiyevin haqqında çox eşitsəm də onunla şəxsi tanışlığım illər sonrası başladı. Bir gün əlimə Rəhman Verdiyevin imzası ilə çap olunmuş “Qardaşımdan qalan dünya” adlı bir kitab düşdü. Kitabda Rəhman müəllim böyük qardaşı mərhum Səfər Verdiyevlə bağlı xatirələrini və özünün şahidi olduğu çox maraqlı tarixi hadisələri qələmə almışdı.
Sonralar Rəhman müəllim mənə “Bu, mənim dünyamdı” adlı kitabına redaktor olmağı təklif etdi və biz daha yaxından tanış olduq.
Rəhman Xəlil oğlu Verdiyev 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq Kəndində anadan olub. Uşaqlığı qanlı müharibənin ağır illərinə düşüb. Zamanın və dolanışığın ağırlığına baxmayaraq orta məktəbdə yaxşı oxuyub. 1951-ci ildə Yanşaq kənd orta məktəbini bitirib. Elə həmin il Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olub. 1955-ci ildə ali təhsilini başa vuraraq təyinatla doğulduğu Kəlbəcər rayonuna qayıdıb. Bir il rayonda ixtisası üzrə işləyib. Bacarığını və təşkilatçılığını nəzərə alaraq o, Azərbaycan Komsomol Mərkəzi Komitəsinin Qarabağ üzrə inspektoru vəzifəsinə təyin olunub. Elə ilk dəfə erməni məkri, erməni ikiüzlülüyü ilə də bu təşkilatda çalışarkən qarşılaşıb. Burada Rəhman müəllimin “Bu, mənim dünyamdı” kitabında müəllifin illər öncəsi yaşadığı bir məqama da diqqət çəkmək istərdim. O, hələ Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində işlədiyi vaxtlar, yəni 1960-cı illərdə respublikada yaxşı tanınan Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Şahnəzərov adlı bir erməni daşnakı ilə görüşünü ürək ağrısı ilə xatırlayır. Elə olur ki, on ildən sonra, yəni 1970-ci ildə Respublika Nazirlər Sovetində yenidən bu adamla bir şöbədə işləməli olur və elə ilk günlərdən də o, qarşısında murdar erməni xislətini hiss etməyə başlayır:
- Məni tanıdınızmı yoldaş
Şahnəzərov? - deyir. O, yox, hardan tanıyıram, bura təzə gəlmisiniz-deyə
cavab verir:
- Ancaq mən
sizi 60-cı illərdən tanıyıram. Yadınızda
olar yəqin, siz Dağlıq Qarabağda Vilayət Komitəsinin
birinci katibi işləyəndə mən ezamiyyətdə
olaraq Mərkəzi Komitənin tapşırığı ilə
Muxtar Vilayətin Komsomol Komitəsinin plenumunda seçki
keçirməli idim. Orada Şuşa
Rayon Komsomol Komitəsinin birinci katibi Mahirə Fərəcovanın
Vilayət Komitəsində ikinci katib vəzifəsinə
seçilməsi məsələsi gündəlikdə idi. Sizsə qəti etiraz edir, bu təyinatın
qarşısını almağa
çalışırdınız. Lakin Mərkəzi
Komitənin təkidi ilə Mahirə xanım Muxtar Vilayətin
komsomol təşkilatının ikinci katibi vəzifəsinə
seçildi. O vaxt bu seçki sizin istəyinizcə
olmasa da, ancaq bu gün yəqin dil taparıq. Çünki mənim
milli marağım bu gün sizinlə müzakirə
mövzusu ola bilməz, sadəcə sizin
buna gücünüz çatmaz. O, az qala
hövsələdən çıxacaq idi ki, mən ona “sakit”
- deyib otaqdan çıxdım.
O vaxtlar
komsomol təşkilatı nəhəng Sovetlər ölkəsinin
əsas hakim qüvvəsi olan kommunist partiyasının ən
mobil və yetkin ehtiyat qüvvəsi olub. Dövlət
və hökumət qərarlarının həyata
keçirilməsində ciddi fəaliyyət göstərib.
Rəhman Verdiyev 4 il respublika komsomolunun Mərkəzi
Komitəsində işləyəndən sonra
işgüzarlığını və elmi işə
xüsusi marağını nəzərə alaraq 1960-cı
ildə ixtisası üzrə Moskvaya aspirantura təhsili
almağa göndərilib. O vaxtlar Moskvada aspiranturada oxumaq
çox böyük prestij sayılıb və bu statusu
qazanmaq da elə asan məsələ olmayıb.
Rəhman
Verdiyev 1964-cü ildə Moskvada aspirantura təhsilini uğurla
başa vuraraq Ümumittifaq Elmi-Tədqiqat Kənd Təsərrüfatının
Təşkili və İqtisadiyyatı İnstitutunun
şöbə müdiri, iqtisad elmləri doktoru, professor
Labines Vladislav Feliksoviçin rəhbərliyi ilə “Azərbaycanın
dağlıq rayonlarında kənd təsərrüfatı
istehsalının ixtisaslaşdırılması və sahələrin
əlaqələndirilməsi” mövzusunda dissertasiya müdafiə
edərək iqtisad elmləri namizədi, alimlik dərəcəsi
alıb. Elə həmin ildə gənc və
perspektivli bir alim kimi Azərbaycana qayıdıb. Azərbaycan ETKT-nin İqtisadiyyatı və Təşkili
İnstitutunda ixtisası üzrə işlə təmin
edilib. Üç il burada
çalışandan sonra 1967-ci ildə hökumət işinə
- Azərbaycan SSR Nazirlər Sovetində baş referent vəzifəsinə
təyin olunub. Nazirlər Sovetində işlədiyi
müddətdə də R.Verdiyevin kənd təsərrüfatı
ilə əlaqəsi qırılmayıb. Üzümçülük
sahəsiylə bağlı bilik və bacarıqlarını
nəzərə alaraq R.Verdiyev 1971-ci ildə
Üzümçülük-Şərabçılıq
Dövlət Komitəsində yüksək vəzifəyə
irəli çəkilib. Komitədə
idarə rəisi və kollegiya üzvü seçilib.
Dövlət Üzümçülük və Şərabçılıq
Komitəsində baş idarənin rəisi işləyən
R.Verdiyev bu sahənin inkişafında böyük xidmətlər
göstərib. Respublikanın Zəngilan rayonundan şimal-qərb
istiqamətində, Qazax rayonunadək uzanan ərazidə yeni
üzüm bağları salmaq üçün gərgin
iş aparıb. Məhz o illərdə üzüm sahələri
daha da genişlənib, sonda isə respublikada üzüm
istehsalı il ərzində 2 milyon tonu
ötüb keçib. Qeyd etmək
lazımdır ki, 1970-1975-ci illərdə respublikada
üzümçülük təsərrüfatlarının
ən çox gəlir gətirən bir sahəyə
çevrilməsində R.Verdiyevin də əməyi olub.
1977-ci ildə R.Verdiyev hökumət işindən yenidən
elm sahəsinə qayıdıb. Respublika
Üzümçülük-Şərabçılıq
İnstitutunda şöbə müdiri kimi fəaliyyətini
davam etdirib. Yenə də öz
işgüzarlığından və
çalışqanlığından qalmayıb. Elmi kadrların yetişdirilməsində, elmi nəticələrin
iqtisadiyyata tətbiqində öz bilik və
bacarıqlarını əsirgəməyib. Onun fəaliyyəti və elmi təşkilatçılıq
qabiliyyəti rəhbərlik tərəfindən yüksək
qiymətləndirilərək 1987-ci ildə həmin institutun
direktoru vəzifəsinə irəli çəkilib.
1990-cı illərdə Rəhman müəllim bir
müddət pedaqoji fəaliyyətlə də məşğul
olmuşdu. 1991-ci ildə müsabiqə yolu ilə Gəncədə
Texnologiya İnstitutunun İqtisadiyyat və Planlaşdırma
kafedrasında dosent vəzifəsinə qəbul edilmişdi.
O, bu institutda 1993-cü ilə qədər müəllimlik fəaliyyəti
ilə məşğul olmuş, daha sonralar Azərbaycan Dillər
İnstitutunda, Kooperasiya və Texnologiya İnstitutunda dərs
demiş, azərbaycanlı gənclərin iqtisadi biliklərinin
inkişafında öz töhfəsini əsirgəməmişdir.
R.Verdiyevin elmi araşdırmaları və əsərləri
respublikanın kənd təsərrüfatının müxtəlif
sahələrini əhatə edir. Bu əsərlərdə
heyvandarlıq, bitkiçilik, yem istehsalı,
üzümçülük, meyvəçilik, gübrələmə
sistemi, istehsalın təmərküzləşməsi, səmərəli
yerləşdirilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi, maya dəyərinin aşağı
salınması və s. problemlər öz həllini tapır.
Qeyd etmək lazımdır ki, adıçəkilən
sahələr üzrə Azərbaycan Sovet
Ensiklopediyasının I və II cildlərindəki elmi izahlar,
yazılar R.Verdiyev tərəfindən işlənib
hazırlanmışdır.
Onun əsərlərində dağ və aran
rayonlarında kənd təsərrüfatı sahəsinin təbii
iqtisadi xarakteristikası və fərqləndirici cəhətləri,
üzümçülükdə üzüm əkini sahələrində
və onların tam məhsula düşənədək əmək
və vəsait xərcləri normalarının
hesablanması, kənd təsərrüfatı sahələrində
səmərəli yerləşdirilmə sxeminin
hazırlanması işıqlandırılmışdır.
Dörd hissədən ibarət “Sənaye emal müəssisələrində
əmək haqqının hesablanması” kitablarındakı
üzümçülüklə bağlı sahəsini də
məhz R.Verdiyev yazıb hazırlamışdır.
Üzümçülüyün elmi əsaslar üzrə
aparılması üçün, üzüm əkini sxemini və
üzümçülüyün tam məhsula düşənədək
onlara tələb edilən əmək və vəsait xərclərinin
hesablanması normativləri Rəhman müəllim tərəfindən
yazılmış, keçmiş SSRİ Dövlət Plan
Komitəsi, Yeyinti Sənaye Nazirliyi və daha sonra SSRİ
Nazirlər Soveti tərəfindən bəyənilmiş, təsdiq
edilmişdir.
Rəhman müəllimin elmi axtarışlarının
bir qolunu da Kəlbəcər rayonunun təbii və kənd təsərrüfatına
həsr edilmiş problemlər və onların həlli
üçün vacib cəhətlər təşkil edir. Çox təəssüflər
olsun ki, Kəlbəcərin işğalı alimin rayonla
bağlı həyata keçirəcəyi çox istəkləri
gözündə qoydu.
R.Verdiyevin
rus və Azərbaycan dilində yazılmış
kitablarından bəzilərini adlarını qeyd etməklə
onun elmi axtarışlarının miqyasını az da olsa
göz önünə gətirmək olar: “Azərbaycanda
üzümçülüyün və üzüm
emalının səmərəliliyinin yüksəldilməsi”
(1967-ci il, 125 səh), “Müasir şəraitdə Azərbaycanda
Üzümçülük və Şərabçılığın
intensiv inkişafının elmi əsasları” (1990-cı il,
140 səh.), “Orqanizasiya i oplata truda raboçix v ix
odelçeskoy promeşeynosti” (4 cilddə. 1985-ci il, 344 səh.),
“Azərbaycanda Üzümçülüyün Sənaye
İnteqrasiyası əsasında inkişafı” (1987-ci il, 74
səh.) “Metodik tövsiyələr” 1982, 46 səh (rus dilində),
“Normativı kapitalnıx vlojeniyna zakladki vinoqradnikov” (rus dilində),
(tövsiyələr-25 səh.), “Rekomendatsiya razmişeniya
stalovıx vinoqradnikov” (rus dilində), 1988-ci il, 14 səh., Kollektiv: “Problemı İntensifikatiya
vinoqradarstvo i vinolediya” (1991, 173 səh. rus dilində).
R.Verdiyevin elmi və əmək fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilmiş, o,
bir neçə medal və 1980-ci ildə SSR-nin “Şöhrət
ordeni” və “Əmək veteranı” medalı ilə təltif
edilmişdir.
Rəhman müəllim nümunəvi ailəsi ilə də
həmişə seçilmiş, vətən
üçün ziyalı övladlar yetişdirmişdir. İki qızı və
oğlu yüksək ali təhsil
almışlar.
Rəhman Verdiyev ömür zirvəsinin 85 yaşında
da bir gün də olsun yazıb-yaratmaq eşqindən kənar
qalmır. Yorulanda isə canının ağrılarını
telli sazla baş-başa qalaraq barmaqlarını onun zərif pərdələri
üzərində gəzdirməklə çıxarır.
Həyatda ən böyük arzusu isə
doğma Qarabağa, ata yurdu Kəlbəcərə
qovuşmaqdır. O, bu gün viran olmuş yurd yerlərinin
azad olunduqdan sonra yenidən bərpa olunub, təsərrüfatının
dirçəldilməsi arzusu ilə yaşayır.
İlham MƏMMƏDLİ,
yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 18 iyun.- S.7.