İqtisadçı alimin zəngin və mənalı ömür yolu

 

 

Hər bir xalqın tarixində, taleyində mühüm rol oynayan ziyalıları mütləq var və olmaması da mümkün deyil... Çünki heç bir xalq, heç bir müstəqil dövlət ziyalısı olmadan inkişafa, aydınlığa, tərəqqiyə doğru gedə, hədəflərinə çata bilməz. Dövlətlərin və xalqların taleyini müəyyən edən onların maddi, yerüstü və yeraltı sərvətləri, hərbi, siyasi, iqtisadi gücü ilə yanaşı, həm də onları var edən, yaşadan, irəliyə aparan, aydınlığa, işığa çıxaran, düzgün yol göstərən ziyalılarıdır. O ziyalılar ki, gecələrini gündüzlərinə qatır, ömürlərini şam kimi xalqları, dövlətləri yolunda əridirlər. Hər xalqın da yarandığı gündən onu irəliyə aparan, yolunu, izini işıqlandıran, nurlandıran, aydınlatan ziyalıları olub. Onlar keçmişdə də, dünəndə də olublar, bu gün də vardırlar, sabah da olacaqlar.

 

Belə ZİYALIlardan, xalqının, dövlətinin yoluna işıq, nur saçanlardan biri də mübaliğəsiz, demək olar ki, Ziyad Əliabbas oğlu Səmədzadədir. O, əsrin yarıdan çoxunu, ömrünün 55-60 ilini istər Sovetlər dövründə, istərsə də artıq 30-cu ilinə yaxınlaşmaqda olan müstəqillik dönəmində - məhz Azərbaycan xalqının, Azərbaycan dövlətinin inkişafına, iqtisadi tərəqqisinə, iqtisad elminin sərhədlərinin genişlənməsinə, həm də mənəviyyatının qorunmasına həsr edib. Bu günlərdə bu böyük ZİYALInın - fundamental araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İdarəçilik Akademiyasının akademiki, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, iqtisad elmləri doktoru, professor, postsovet məkanının görkəmli iqtisadçı alimlərindən biri, adı ölkədə iqtisad elminin əsas istiqamətlərinin formalaşması və inkişafı ilə sıx şəkildə bağlı olan Ziyad Əliabbas oğlu Səmədzadənin 80 yaşı tamam olur. Çətinliklərlə, keşməkeşlərlə, əziyyətlərlə dolu və ən əsası şərəflə, ləyaqətlə yaşanmış 80 illik ömür yolu... Bir yazıda tam əhatə edilməsi mümkün olmasa da, gəlin, bu 80 illik ömür yoluna bir nəzər salaq, ekskurs edək. Heç şübhəsiz ki, Ziyad Səmədzadənin həyatının, ömrünün əsas leytmotivi fundamental elmi araşdırmalar olsa da, onun çoxsahəli istedadının başqa tərəfi də böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. Hələ çox erkən, gənc yaşlarından elmə böyük həvəsi və marağı olan Ziyad Səmədzadə keçmiş Sovetlər Birliyi dönəmində iqtisad elmi üzrə ən gənc elmlər doktorlarından biri olub. Onun elmi rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda 1960-cı illərin sonlarında xalq təsərrüfatının quruluşu ilə sıx əlaqədə olan əmək məhsuldarlığı problemləri, həmçinin istehsalatın artımı nisbətləri üzrə intensiv tədqiqatlar aparılmasına başlanılmışdır. Z.Səmədzadənin 31 yaşında müdafiə etdiyi “Əmək məhsuldarlığı və əhalinin məşğulluğunun quruluşu problemləri” adlı doktorluq dissertasiyası Sovet İttifaqında bu sahədə ilk böyük elmi sayılırdı. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlanmışdır. Bu proqramlardan planlaşdırma və idarəetmə sistemində istifadə edilmişonlar bu gün də iqtisadçı alimlərin, mütəxəssislərin maraq dairəsindədir. Alimin elmi rəhbərliyi altında nəşr edilmiş “1976-1990-cı illər üçün Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”, “Gələcək üçün Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyası”, “İctimai istehsalın quruluşu və səmərəliliyi”, “Bakının iqtisadisosial inkişafı” kimi sanballı əsərlər iqtisad elminə və təcrübəsinə əhəmiyyətli töhfədir. Zəngin faktiki materialı sistemləşdirmək və ümumiləşdirməklə, Ziyad Səmədzadə keçmiş İttifaq respublikalarının makro göstəricilərində baş verən ən vacib prosesləri müəyyənləşdirməyə müvəffəq olmuşdur. Respublikaların iqtisadi inkişafı səviyyəsindəki problemlər, əhalinin həyat səviyyəsindəki fərqlərin səbəbləri ilə bağlı apardığı tədqiqatların nəticələri çox cəsarətli və elmi əsaslandırılmışdır. Ziyad Səmədzadə narahatlıqla qeyd edirdi ki, respublikanın iqtisadi inkişafında müharibədən sonrakı dövrdəki müsbət dəyişikliklərə baxmayaraq, sabit artım templərinə nail olunmamış, əhali artımının dinamikasından və əmək qabiliyyətli hissəsindən xeyli geridə qalmışdır. Qeyri-standart yanaşmalar, yaradıcı düşüncələr, üstünlük təşkil edən anlayışların tənqidi təhlili alimə maddi sferanın sərhədləri haqqında və cəmiyyətin tərəqqisində qeyri-istehsal sferasının ikinci dərəcəli rolu barədə təsəvvürlərdən uzaqlaşmaq zəruriliyi barədə orijinal nəticələr çıxarmağa imkan vermişdir.

 

Bu, indi bir çoxlarına, xüsusilə də, o dövrü yaşamayanlara adi, sıradan bir məsələ kimi görünə bilər. Amma həmin dövrü yaşayanlar və bilənlər üçün bunun nə qədər böyük bir zirvə olduğu tam aydındır. Məhz bu parlaq istedadı nəticəsində Ziyad Səmədzadə dövlət işinə, dövlət idarəetməsinə cəlb olunmuş və irəliyə çəkilmişdir. Belə ki, o 1976-1982-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi ETTİ-nin direktorunun birinci müavini, Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. Z.Səmədzadə 1983-1993-cü illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Plan-büdcə komissiyasının sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, TASİS, TRACECA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.

 

1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Onun elmi rəhbərliyi ilə 60-dan çox namizədlik, bir neçə doktorluq dissertasiyası müdafiə olunmuşdur. Z.Səmədzadənin bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilmişdir. Hansı ki, onda Azərbaycan hələ müstəqil dövlət deyildi. Məhz Sovetlər dönəmində belə bir sənədin hazırlanması böyük təcrübə və risk tələb edirdi. Ancaq Ziyad Səmədzadə yüksək vəzifə daşımasına baxmayaraq, bu riski, onu gözləyə biləcək təhlükələri gözə almış, üzərinə götürdüyü bu böyük işin öhdəsindən uğurla, layiqincə gəlmişdir.

 

Z.Səmədzadə Sovet dövründə elm sahəsində Lenin Komsomolu mükafatına (1974), “Qırmızı Əmək Bayrağı” (1986) ordeninə layiq görülmüşdür. Hələ Sovetlər dönəmində xalqın elçisi, deputat seçilən Ziyad Səmədzadə həmin vaxtdan bu günə kimi (1995-2005-ci illəri çıxmaqla) parlamentdə təmsil olunmaqdadır. 3 dəfə Sovetlər dönəmində, müstəqillik dönəmində isə 4 dəfə ali qanunverici orqana xalqın elçisi seçilib. Həmçinin, 2005-2015-ci illərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olmuş və hazırda da həmin komitənin üzvüdür. Ən maraqlı məqamlardan biriodur ki, Ziyad Səmədzadə 1991-ci ilin 18 oktyabrında - Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunduğu Ali Sovetin sessiyasına sədrlik etmişdir.

 

Z.Səmədzadə görkəmli alim olmaqla yanaşı, böyük təcrübəyə və təşkilatçılıq qabiliyyətinə malik şəxsiyyət, müasir iqtisadi ideyaların yaradıcısı kimi də tanınır. O, respublika iqtisadiyyatının aktual problemlərinə dair dərin tədqiqat və araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, demoqrafiya və məşğulluğun tempi və nisbətləri mövzularında monoqrafiyaların müəllifidir. Alimin dövlətin iqtisadi təhlükəsizliyi probleminə həsr edilmiş, müstəqilliyin ilk illərində apardığı tədqiqatları, elmi məqalələri, elmi ideya və məruzələri mahiyyət etibarı ilə respublikada iqtisad elminin bu yeni istiqamətinin yaranmasının əsasını təşkil etmişdir. Ziyad Səmədzadənin 1999-cu ildə təsis etdiyiİqtisadiyyat” qəzeti müntəzəm nəşr olunur. Onun bilavasitə rəhbərliyi ilə təşkil edilən ənənəvi “dəyirmi masa”ların materialları, məqalələr, respublika və beynəlxalq iqtisadi həyat haqqında məlumatlar və digər nəşrləri orijinallığı, etibarlılığı və obyektivliyi, ən başlıcası, geniş oxucu üçün əlçatanlığı ilə fərqlənir ki, bu da akademikin böyük, müasir alim və iqtisadçı, elmin təşkilatçısı, yeni ideya və istiqamətlərin təbliğatçısı kimi yorulmaz əməyinin əyani sübutudur, bütün bunlar olmadan elm və iqtisadiyyatın tərəqqisini təmin etmək mümkün deyil. AliminBöyük yolun mərhələləri” adlı irihəcmli, fundamental monoqrafiyası isə onun şah əsəri kimi qiymətləndirilə bilər. Çünki bu əsərdə 1950-2000-ci illərdə Azərbaycan iqtisadiyyatının keçdiyi yol sistemli təhlil edilmiş, ölkə iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər dərindən və əsaslandırılmış şəkildə tədqiq edilərək ümumiləşdirilmiş, gələcək prioritetlər barədə fikirlər açıqlanmışdır. Həmçinin, alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən Müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Onun 2005, 2010 və 2015-ci illərdə Böyük Vətən Müharibəsinin 60, 65 və 70-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” və “Qaliblər - Azərbaycan Böyük Vətən Müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir. Xüsusi qeyd etmək istərdik ki, insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ensiklopediyaların tarixi uzun olsa da, Azərbaycanda bu mühüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ardıcıl ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən oncildlik “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Prezident İlham Əliyev həmin ensiklopediyanın nəşrini Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisə kimi səciyyələndirmişdir. Bu nəşrlər ölkəmizdə sahə ensiklopediyalarının hazırlanması işini də aktuallaşdırdı, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın yaradılmasını zərurətə çevirdi. Akademik öz çiyinlərini bu ağır yükün altına verdi, belə məsul və şərəfli missiyanı üzərinə götürdü. “Böyük İqtisadi Ensiklopediya”nı yaratmağın zəruriliyi iqtisad elminin cəmiyyətdə rolunun artdığı müasir dünyada inkişaf etmiş ölkələrin iqtisadiyyatının mahiyyət və xarakterini, inkişaf meyilləri və qanunauyğunluqlarını müəyyənləşdirən əsas ideya, konsepsiya, model, anlayış və kateqoriyaların öyrənilməsi və istifadəsini asanlaşdırmaq istəyindən irəli gəlirdi.

 

O, iqtisadi ensiklopediyanı yaratmaq ideyasını irəli sürərkən artıq dünya iqtisadiyyatının tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, dünyada baş verən qlobal iqtisadi proseslər, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında kifayət qədər məlumatlar toplamış, dünya iqtisad elminin nailiyyətlərini müasir gerçəkliklər fonunda hərtərəfli araşdırmış, sanballı elmi əsərlər nəşr etdirmişdi. Beləliklə, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə ölkəmizdə ilk dəfə “Böyük İqtisadi Ensiklopediya”nın yaradılması kimi gərgin və yaradıcı işə başlanıldı. Təqribən 10 illik gərgin zəhmət və səmərəli öz bəhrəsini verdi. 2012-ci ildə akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə ilk dəfə irihəcmli, mötəbər və unikal elmi informasiya mənbəyi olan 5 cildlikBöyük İqtisadi Ensiklopediya” nəşr edildi.

 

Xüsusi vurğulamaq lazımdır ki, akademik respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə, ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının gücləndirilməsi məsələlərinin həllində uzun illərdir ki, fəal iştirak edir. Xüsusilə, şəffaflığın artırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və bu ümumbəşəri problemə həsr olunmuş konfrans, seminar, simpozium və digər tədbirlərin keçirilməsinin də əhəmiyyəti böyükdür. Ziyad Səmədzadənin təşəbbüsü və iştirakı, rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə onlarca beynəlxalq tədbir, konfrans, simpozium və dəyirmi masalar keçirilmişdir. Bu nüfuzlu tədbirlərdə də ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Həmin olduqca önəmli və vacib tədbirlərin keçirilməsində də əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olmuşdur. Ziyad Səmədzadə “Şöhrət” (2010) və “Şərəf” (2015) ordenləri ilə təltif edilmişdir. 2012-ci ildə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə “Fransisk Skorina” medalı ilə təltif edilmişdir. Z.Səmədzadə Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin Fəxri prezidentidir. 2005-ci ildən bu günədək Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2006-cı ilin yanvar ayında Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti seçilmişdir. Bir sözlə, əməyi, zəhməti dövlətimiz, dövlət başçımız tərəfindən qiymətləndirilən və hazırda ömrünün müdriklik çağını yaşayan Ziyad Səmədzadə yenə də müasir duyumdaha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanımızın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. Azərbaycanın nurlu, işıqlı simalarından olan böyük ədəbiyyatşünas-alim, nəhəng söz ustadımız, Səməd Vurğunun yaxın dostu, filologiya elmləri doktoru İmamverdi Əbilovun da dediyi kimi, “...Ziyad Səmədzadə ona görə ümumxalq mehri-məhəbbəti qazanmışdır ki, nəhəng elmi uğurları, gündəlik rəftarı ilə millətin qüruruna yeni məzmun əlavə edir, əxlaqi sərvət kimi tariximizi zənginləşdirir”. Bəli, Z.Səmədzadə ömrü, Z.Səmədzadə yolu belə bir zənginlik, belə bir çeşmədir. Bu yolda görkəmli alimə, akademik Ziyad Səmədzadəyə uğur və müvəffəqiyyətlər diləyir, qarşıdan gələn şərəfli yubileyi münasibətilə bir daha onu ürəkdən təbrik edirik və fikirlərimizi hörmətli akademikin kitaba yazdığı giriş sözlərindən bir cümlə ilə yekunlaşdırmaq istəyirik. “İnsan o vaxt xoşbəxt olur ki, onun ürəyində sevincinam olsun”. Hesab edirik ki, Ziyad müəllimin xoşbəxtliyi ondadır ki, onun qəlbində həmişə inam güclü olmuşdur, bu inam da ona həmişə sevinc gətirmişdir.

 

Qorxmaz İMANOV,

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor,

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının sədri, iqtisad elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 19 iyun.- S.5.