KEÇMİŞDƏN
GƏLƏCƏYƏ: YÜKSƏLİŞ YOLLARINDA
Azərbaycanın ali təhsil sektorunda önəmli və özünəməxsus yeri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90 illik yubileyini qeyd edir. Bu böyük bir tarixə nəzər saldıqda, universitetin çox mürəkkəb, keşməkeşli və ən əsası şərəfli bir yol keçdiyini görərik.
Araşdırmalar göstərir ki, Azərbaycanda 1930-cu ilə qədər ali təhsilli iqtisadçı kadrlar hazırlayan ayrıca təhsil müəssisəsi olmamışdır. Buna baxmayaraq,1930-cu illərə qədər müxtəlif ali təhsil müəssisələrində iqtisad yönümlü fakültə və bölmələr fəaliyyət göstərmiş və bu və ya digər formada iqtisadçı kadrların hazırlığı həyata keçirilmişdir. Sonradan ovaxtkı Azərbaycan İnqilab Komitəsi tərəfindən yaradılan Bakı Politexnik İnstitutunun 5 fakültəsindən biri iqtisad fakültəsi olmuş, 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsində iqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Bu dövrdə təcrübəsizlik, elmi-pedaqoji kardların məhdudluğu kimi bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışacaq iqtisadçı kadrların hazırlanması işinin təməlləri atılmışdır. Həmin dövrdə ayrı-ayrı kurslarda, texnikumlarda, ali məktəblərin müvafiq fakültə və bölmələrində təhsil alan mütəxəssislər sonradan iqtisadçı kadrların yeni nəslinin formalaşması prosesində yaxından iştirak etmişlər.
1920-ci illərin sonundan başlayaraq, planlı iqtisadiyyata keçid edən Sovet İttifaqı buna uyğun olaraq təhsil sistemində də ciddi dəyişikliklərə başlamışdı. Həmin dəyişikliklər dövründə ayrı-ayrı nazirliklərə, komitələrə təhkim edilən yeni institut şəbəkələrinin yaradılması, öz növbəsində müxtəlif sahələr üzrə iqtisadçı kadrların hazırlanması üçün yeni imkanlar yaratmışdır. Belə bir şəraitdə 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilmiş və onun müvafiq fakültələrinin bazasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılmışdır. Bu ali məktəblərdən biri də Azərbaycan SSR Xalq Komissarlarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında yaradılan Azərbaycan Ticarət-Kooperasiya İnstitutu, başqa sözlə desək indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilk sələfi olmuşdur. Bununla da, bu gün 90 yaşını qeyd etdiyimiz Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulmuşdur.
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu
1933-cü ilə qədər fəaliyyət göstərmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi katibliyinin 2 yanvar 1933-cü il tarixli qərarı ilə
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu yenidən təşkil
edilmiş və onun bazasında Karl Marks adına Azərbaycan
Sosial-iqtisad İnstitutu yaradılmışdır. 1936-cı
ilədək fəaliyyət göstərən bu institutun tərkibinə
sosialist uçotu, sovet quruculuğu və hüquq, maliyyə
və plan-iqtisad fakültələri də daxil edilmişdir. Respublika Plan
Komitəsinə təhkim edilən instituta ayrıca bina da
verilmişdir.
1936-cı
il dekabrın 30-da Azərbaycan SSR Xalq
Komissarları Şurası Azərbaycan Sosial-İqtisad
İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun yaradılması
haqqında qərar qəbul etmişdir. Tərkibinə Azərbaycan
Sovet Ticarət İnstitutunun da daxil edildiyi institut 15 yanvar
1937-ci ildə fəaliyyətə başlamış və
1941-ci ilin iyul ayına qədər müstəqil ali təhsil qurumu kimi fəaliyyətini davam
etdirmişdir. 1939-1941-ci illərdə instituta
tarixə ilk azərbaycanlı hüquqşünas qadın,
ilk azərbaycanlı qadın - hüquq elmləri namizədi,
ilk azərbaycanlı qadın institut rektoru kimi daxil olan Bilqeyis
Əhməd qızı Həşimzadə rəhbərlik
etmişdir. Bilqeyis xanım Azərbaycan
Dövlət İqtisad Universitetinin tarixinə də ilk və
indiyə qədər tək olan qadın rektor kimi daxil
olmuşdur.
1941-ci ildə
İkinci Dünya Müharibəsinin başlanmasına görə
bir sıra ali məktəblər, o
cümlədən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu da bağlanmışdır. 1944-cü ilin 16
sentyabrında Karl Marks adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin
bərpa edilməsi haqqında müvafiq qərar verilmiş və
institut bu adla 1959-cu ilə qədər fəaliyyət göstərmişdir.
1959-cu ilin mart ayında institut SSRİ Nazirlər
Sovetinin müvafiq qərarı ilə bağlanmış və
yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdir.
Azərbaycan Dövlət Universitetində
iqtisadiyyat sahəsində mütəxəssislərin
hazırlanması əvvəlcə ümumi iqtisadiyyat, 1962-ci
ildən isə iqtisadiyyat və əmtəəşünaslıq
fakültələrində aparılmışdır. Bu fakültələrdə oxuyan tələbələrin
çoxluğunu nəzərə alaraq, SSRİ Nazirlər
Soveti 1966-cı ilin 10 fevralında yenidən Bakıda Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun yaradılması
haqqında qərar vermişdir. Bu dəfə institut
Dadaş Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa
edilmişdir. Qəbul edilən qərarla 1
sentyabr 1966-cı ildən Azərbaycan Dövlət
Universitetinin tərkibindəki ümumi iqtisadiyyat və əmtəəşünaslıq
fakültələri, həmçinin də Azərbaycan
Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı
fakültəsinin bir neçə yeni ixtisası bu institutun tərkibinə
daxil edilmişdir.
Dadaş
Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu öz fəaliyyətini 1966-cı ildən 1987-ci
ilə qədər davam etdirmişdir. Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi 1969-cu
ildən başlayaraq, “qoy ədalət zəfər
çalsın” şüarı altında ali
məktəblərdə həyata keçirdiyi islahat prosesləri
o vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu da
əhatə etmiş və bu institut ölkədə iqtisadi təfəkkürün
formalaşması və yüksək ixtisaslı
iqtisadçı kadrların yetişdirilməsi prosesinə
öz layiqli töhfələrini vermişdir. Ancaq sonradan
ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi,
1980-ci illərdə universitetin daxilində baş verən
çəkişmələr və bundan irəli gələrək
Moskvaya göndərilən şikayət məktubları nəticəsində
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
və SSRİ Nazirlər Sovetinin 1987-ci il 24 sentyabr və
SSRİ Ali Təhsil Nazirliyinin 1987-ci il 30 oktyabr tarixli qərarları
ilə institutun fəaliyyəti yenidən
dayandırılmış və N. A. Voznesenski adına
Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı təsis
edilmişdir.
Üç
il Leninqrad Maliyyə-İqtisad
İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərdikdən
sonra institut 1990-cı ilin iyul ayında SSRİ Nazirlər
Sovetinin qərarı ilə Azərbaycan Dövlət
İqtisad İnstitutu olaraq yenidən fəaliyyətə
başlamışdır.
Şübhəsiz ki, Sovet dönəmində universitetdə
planlı iqtisadiyyatın tələblərinə uyğun kadr
hazırlığı həyata keçirilir və tədqiqatlar
aparılmışdır. O dövrdə İttifaq
respublikalarından, həmçinin də digər sosialist
ölkələrindən çoxlu sayda gənc bu universitetdə
yüksək ixtisaslı kadr kimi hazırlanmışdır.
Sovet dövründə Əhməd Qaravəliyev, Qaçay
Heydərov, Lətif Əhmədov, Veysəl İsayev, Soltan
Salmanov, Fərid Fərəcov, Nazim Mustafayev, Bəhmən
Axundov, Adil Qasımov, Ələsgər Qasımov, Talıbxan
Nəsirov, Ağasəlim Ələsgərov, Tofiq Quliyev və
digər bir çox görkəmli iqtisadçı alim məhz
bu universitetdə yetişmiş və ya
çalışmışdır. Sovet dönəmində demək
olar ki, bütün dövlət strukturlarının, kooperativ
birliklərin ən məsul vəzifələrində
ovaxtkı adı ilə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun məzunları çalışmış və
abituriyentlərin bu ali təhsil müəssisəsinə
marağı hər zaman çox yüksək olmuşdur.
Müstəqillik
dövründə universitetin inkişafı ilk növbədə
ümummilli lider Heydər Əliyevin start verdiyi ali
təhsil islahatları ilə birbaşa bağlı
olmuşdur. Bu islahatlar bütövlükdə ölkə ali təhsil sektorunun müasir tələblər
əsasında yenidən qurulmasını nəzərdə
tuturdu. İslahatların həyata
keçirildiyi dövrdə Heydər Əliyev universitetlərin
inkişafına xüsusi diqqətlə yanaşır,
onların öz işlərini müasir dövrün tələbləri
çərçivəsində qurmalarını istəyirdi.
Ulu öndər çıxışlarının birində
Azərbaycan universitetlərinin dünya səviyyəli
universitetlər sırasına qoşulmasını
arzuladığını ifadə edir: “...biz istəyirik ki,
ali təhsil müəssisələrimiz, universitetlərimiz,
birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər
və dünya səviyyəsində olsunlar. İkincisi də,
universitetlərin varlığı ona görə
lazımdır ki, ali təhsil almaq həvəsi
və qabiliyyəti olan gənclərimiz universitetlərə,
ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli
mütəxəssislər olsunlar. Əgər bu
olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən
proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə
bilməz”. Ali təhsil sistemində Heydər
Əliyevin xüsusi diqqət yetirdiyi məqamlardan biri də nəzəriyyə
ilə təcrübə, elm ilə real həyat arasında əlaqənin
fasiləsizliyini təmin etməklə elmin və alimin cəmiyyətin
inkişafına real töhfələr verməsinə nail
olmaq idi. O, alimləri də bu prinsip üzrə təsnif
edir və fəaliyyəti ilə cəmiyyətə real
töhfələr verən alimlərə xüsusi önəm
verirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni
təcrübə ilə birləşdirən, fikirlərini tətbiq
edə bilən və onlardan əməli nəticə
götürə bilən, cəmiyyətə, ölkəyə,
xalqa konkret fayda gətirən insanlar alimlərin
sırasında xüsusi yer tuturlar”.
Ümummilli lider müstəqil Azərbaycanda iqtisad təhsilinin
inkişafına da xüsusi diqqət yetirmişdir. O, yaxşı bilirdi ki,
qurmaq istədiyi yeni iqtisadi sistemi müasir bazar
iqtisadiyyatını mənimsəmiş mütəxəssislər
olmadan yaşatmaq və inkişaf etdirmək mümkün
olmayacaqdır. Buna görə də, Heydər Əliyev 13 iyun
2000-ci il tarixli 349 ¹-li fərmanı ilə Azərbaycan
Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq
və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət
İqtisad Universitetini yaratdı, ona özünüidarə (muxtariyyət)
status verdi və 13 iyun 2002-ci ildə universitetin 70 illik yubileyi
münasibətilə keçirilən tədbirə
qatılaraq proqram xarakterli tarixi nitq söylədi. Heydər
Əliyev öz nitqində Azərbaycan Dövlət İqtisad
Universiteti qarşısında bir sıra strateji vəzifələr
qoymuşdur ki, bu vəzifələr bu gün də
universitetin strategiyasının əsasını təşkil
edir:
1.
İqtisad elmi bazar iqtisadiyyatı şəraitində tamamilə
yeni əsaslarda öyrənilməli və tədris edilməlidir.
Ulu öndər öz nitqində bu haqda demişdir: “Dünya dəyişəndən
sonra, yəni Sovet İttifaqı dağılandan sonra, sosialist
sistemi dağılandan sonra çox şey dəyişir. Amma bəzi şeylər o qədər də dəyişmir.
Məsələn, riyaziyyat elmi dəyişmir,
necə var, elə qalır. Fizika elmi dəyişmir... Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir,
mütləq dəyişməlidir. Bunlar
hamısı indi bizim müstəqilliyimizin inkişafına
xidmət etməlidir. Bizim milli müstəqilliyimizi
əks etdirməlidir. Elmdə, təhsildə,
kadrların hazırlanmasında bu dəyişikliklər gərək
yeni Azərbaycanın yaranmasına xidmət etsin. O
cümlədən də iqtisad elmi”;
2.
İqtisadçı alimlər dünya təcrübəsini və
müvafiq nəzəriyyələri dərindən təhlil
etməli, onları ümumiləşdirərək Azərbaycan
iqtisadiyyatının tələblərinə uyğun tətbiqi
imkanlarını təqdim etməlidirlər;
3.
İqtisadçı alimlər həyata keçirilən
iqtisadi islahatları dərindən təhlil etməli və
onların xalq tərəfindən daha düzgün dərk
edilməsi üçün hökumətə kömək etməlidirlər;
4.
İqtisadçı alimlər yeni əsərlər
yazmalı və gənc nəslə bazar iqtisadiyyatının
və müasir dünya maliyyə sisteminin tələblərinə
uyğun təhsil verməlidirlər;
5.
Müasir dövrün ən hörmətli ixtisasının
iqtisadçı ixtisası olduğu nəzərə
alınmalı və iqtisadçı kadrların
hazırlanmasına diqqət artırılmalıdır.
Ümummilli lider öz çıxışında bununla
bağlı fikirlərini açıq şəkildə ortaya
qoyur: “...indi ən hörmətli ixtisas
iqtisadçıdır. Çünki
bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı
irəliyə aparmaq üçün, dünyanın mürəkkəb
maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq
üçün bizə müasir, hazırlıqlı, xarici
dilləri bilən, dünya təcrübəsini mənimsəmiş
gənclər lazımdır. Bu isə
sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki,
siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.
Ulu
öndər Heydər Əliyevin Azərbaycan Dövlət
İqtisad Universitetinin 70 illik yubileyini dövlət səviyyəsində
qeyd etməsi, bu münasibətlə keçirilən yubiley tədbirində
iştirak edərək geniş nitq söyləməsi,
heç şübhəsiz ki, onun bu universitetə, onun
kollektivinə və çoxsaylı məzunlarına verdiyi
yüksək qiymət idi. Təsadüfi deyil ki, ümummilli
lider 12 iyun 2002-ci il tarixli fərman və sərəncamları
ilə universitetin elmi-pedaqoji heyətinin bir sıra üzvlərini
yüksək adlarla, orden və medallarla da təltif
etmişdir.
Həmin
dövrdə aparılan ali təhsil islahatlarının Azərbaycan
Dövlət İqtisad Universitetində ən uğurlu
nümunələri kimi 1999-cu ildən kredit sistemi əsasında
“eksperiment” tədris qruplarının, 2001-ci ildən isə
“xüsusi istedadlar qrupu”nun fəaliyyətə başlaması
olmuşdur. Bu qrupların fəaliyyətə
başlaması, artıq universitetə müasir Avropa təhsil
sisteminin nüfuz etməsi demək idi.
Müstəqillik
dönəmində Azərbaycan Dövlət İqtisad
Universitetinin tarixində ən əlamətdar hadisələrdən
biri də Nobel mükafatı laureatlarının universitetə
gəlməsi, professor-müəllim heyəti ilə
görüşməsi və universitetin fəxri doktoru adına layiq görülmələridir. Bu ənənə ilk dəfə 18 noyabr 2003-cü
ildə Kolumbiya Universitetinin professoru, iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı, məşhur iqtisadçı
Cozef Stiqlitsin universitetin professor-müəllim və tələbə
heyətilə görüşməsi ilə
başlamışdır. Sonra müxtəlif illərdə
Nobel mükafatı laureatları Robert Mandell, Rocer Mayerson,
Kristian Preskot, Kennet Arrou, Erik Maskin, Erlinq Kidland, Antonio
Pissarides, Aleksandr Mirrlis, Aziz Sancar, Məhəmməd Yunus və
digərləri Azərbaycan Dövlət İqtisad
Universitetində olmuş və onlara universitetin fəxri doktoru
adı verilmişdir.
Azərbaycan
ali təhsil sektorunda aparılan islahatlar
ölkəmizin 19 may 2005-ci il tarixində Boloniya Bəyannaməsini
imzalamasından sonra yeni keyfiyyət mərhələsinə
daxil olmuşdur. Ümummilli liderin siyasi varisi, onun həyata
keçirdiyi işləri yeni məzmun və keyfiyyətdə
davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən bu islahatlar, şübhəsiz ki, Azərbaycan
Dövlət İqtisad Universitetinin inkişafına da öz təsirini
göstərmişdir. Qısa müddət ərzində
Azərbaycan Dövlət İqtisad Universitetində Boloniya
Prosesinin tələblərinə uyğun bir çox yeniliklər
tətbiq edilmiş və universitetin maddi-texniki bazası
yaxşılaşdırılmışdır. Universitetin Bakı şəhərində yeni tədris
binası, idman zalı və Quba tədris, idman və istirahət
kompleksi istifadəyə verilmişdir. 2007-ci il oktyabrın 8-də isə universitetin Bakı
şəhərindəki yeni tədris binasının
açılışında iştirak edən Prezident
İlham Əliyev tədris binasına, buradakı yeniliklərə
yüksək qiymət vermiş, eləcə də universitet
qarşısında duran proqram xarakterli vəzifələri
müəyyən etmişdir. O, çıxışında
universitet kollektivinin əməyini yüksək qiymətləndirərək
demişdir: “...mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə
Azərbaycan kadrları olmalıdırlar. Bunu
etmək üçün onların bilik səviyyəsi
yüksək olmalıdır, onlar dünya miqyasında biznes
menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və
öz peşəkarlığını göstərməlidirlər.
Bax, Azərbaycan Dövlət İqtisad
Universitetinin bu işdə çox böyük əməyi
var və çox böyük töhfəsi olacaqdır”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurlu təhsil
siyasəti və o cümlədən “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın qəbul edilməsi və bu çərçivədə
ali təhsil sektorunda yeni məzmunlu və kompleks islahatlara start
verməsi, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə
gündəlik diqqəti və qayğısı Azərbaycan
Dövlət İqtisad Universitetinin inkişafında da
dönüş nöqtəsi olmuşdur. Universitet ali təhsil sektorunda baş verən qlobal
tendensiyalara, eləcə də ölkə
iqtisadiyyatının yeni inkişaf tələblərinə
uyğun olaraq, “Universtitet 3.0” konsepsiyasını
reallaşdırma, başqa sözlə üçüncü
nəsil universitetə çevrilmə yolunda əhəmiyyətli
uğurlar əldə edilmişdir.
İlk növbədə, universitetin rebrendinq etməsi və
təşkilati-hüquqi formasının dəyişməsini
bu dövrdə baş verən mühüm yeniliklərindən
biri kimi qeyd etmək mümkündür. Belə ki, 2016-cı ildə
universitet dünya ali təhsil bazarında
“UNEC” brendi olaraq çıxış edəcəyini ictimaiyyətə
bəyan etmiş və yeni logosunu, rəngini və digər
korporativ simvollarını təsdiq etmişdir. “UNEC”
brendi indiyə qədər Azərbaycanla yanaşı,
Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və
Xorvatiyada da rəsmi qeydiyyata alınmışdır.
Eyni zamanda Prezident İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan
Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyindəki public hüquqi şəxs statusuna
malik Azərbaycan Dövlət İqtisad Universitetinə
çevrilmişdir. Bundan irəli gələrək
Universitetin yeni nizamanməsi isə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 22 avqust 2019-cu il tarixli
365 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu dövrdə UNEC-in strukturunda da əhəmiyyətli
yeniliklər baş vermişdir. Belə ki, ilk növbədə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan
Maliyyə-İqtisad Kolleci UNEC-in nəzdinə verilmişdir.
İkincisi, Azərbaycan Respublikası Prezidentinin 29 aprel
2016-cı il tarixli sərəncamına əsasən
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı
UNEC-in filialına çevrilmişdir. Bununla da
UNEC tarixdə ilk dəfə olaraq, həm sub-bakalavr pilləsi
üzrə də təhsil xidməti göstərməyə
başlamış, həm də regional universitetə
çevrilmiş, universitetin klasterləşməsinin əsası
qoyulmuşdur.
2015-ci ildən başlayaraq, UNEC-in Dərbənd
filialının inkişafında da dönüş prosesləri
baş vermişdir. Belə ki, ilk dəfə olaraq, Rusiya Federasiyası Elm və
Təhsil Nazirliyinin 25 noyabr 2015-ci il tarixli
2220 saylı əmri ilə filiala lisenziya verilmişdir. 28
noyabr 2016-cı il tarixində isə
filialın rəsmi açılış mərasimi olmuş
və yeni kampusu istifadəyə verilmişdir. 1500
tələbə üçün nəzərdə tutulan
kampusa həmçinin kitabxana, yeməkxana, idman zalı, hovuz
və 200 nəfərlik lisey daxildir.
Yeni mərhələdə
Azərbaycan Dövlət İqtisad Universiteti ilk növbədə
tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet
olaraq seçmiş və bu istiqamətdə tədris
prosesinin elektronlaşdırılmasına, informasiya təminatının
yaxşılaşdırılmasına, şəffaflığının
artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə,
tədris plan və proqramlarının modernləşdirilməsinə
və beynəlxalq mübadilə və ikili diplom
proqramlarında iştirakın genişləndirilməsinə
xüsusi əhəmiyyət vermişdir.
2015-ci ildən
başlayaraq, “DocNet”, “Eduman” və digər elektron sistemlərin
tətbiqi nəticəsində Azərbaycan Dövlət
İqtisad Universiteti tarixdə ilk dəfə olaraq,
bütün tədris və inzibati-kargüzarlıq proseslərini
elektron müstəviyə keçirərək elektron
universitet modelini tamamlamışdır. Heç də təsadüfi
deyil ki, bu model bu il baş verən pandemiya
şəraitində universitetin fəaliyyətinin, demək
olar ki, olduğu kimi davam etdirməsinə imkan vermişdir.
1 noyabr 2018-ci ildə UNEC iki əhəmiyyətli yeniliyə
imza atmışdır. Belə ki, həmin tarixdə UNEC-in mərkəzi
kampusunda 24/7 kitabxana və UNEC Extern - distant təhsil mərkəzi
istifadəyə verilmişdir. Hər iki
struktur ən müasir texnologiyalara əsaslanmaqla, universitetdə
tədrisin informasiya təminatının
yaxşılaşmasında və təhsil xidmətlərinin
çevikliyinin və əhatə dairəsinin genişləndirilməsində
mühüm əhəmiyyətə malikdir. UNEC Extern vasitəsilə 20000 tələbəyə
distant təhsil vermək mümkündür. Mərkəzdən tərəfdaş qurumlar da
istifadə imkanına sahibdir. Bu günə
qədər mərkəz vasitəsilə ayrı-ayrı
nazirliklərin və Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə müxtəlif distant təlimlər həyata
keçirilmişdir.
UNEC kadr
hazırlığında bazarın tələblərini daha
dolğun şəkildə öyrənmək və onlara
uyğunlaşmaq məqsədilə 28 noyabr 2017-ci ildə “Tələb
işəgötürənlərdən - təklif UNEC-dən”
adlı konfrans keçirmiş və həmin konfransda “UNEC -
iş dünyası strateji əməkdaşlıq
platforması: UNEC2B” təqdim edilmişdir.”UNEC2B” Platforması
tədrisin əmək bazarının tələblərinə
uyğunlaşdırılması, sahibkarlıq universiteti
modelinin yaradılması və məzunların işlə təmin
olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini
nəzərdə tutur. Platformaya əsasən, UNEC həm də
məzunlarını işə qəbul edən işəgötürənlər
qarşısında 3 il ərzində “servis xidməti”, yəni
məzunlar üçün UNEC tərəfindən ödənişsiz
ixtisasartırma kursları təşkil etmək öhdəliyi
götürmüşdür.
UNEC-də bazar iqtisadiyyatının tələblərinə
uyğun keyfiyyətli tədqiqatların və tədris
prosesinin təşkilində son illər dünyanın
inkişaf etmiş universitetlərindən məzun olan yüzlərlə
gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə
cəlb edilməsinin də böyük rolu olmuşdur. Bu gənclərin
əksəriyyəti “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində inkişaf
etmiş bazar iqtisadiyyatına malik ölkələrin
nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə
doktoru dərəcəsi almışdır. “Gənc müəllim” layihələri çərçivəsində
müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə
başlayan gənclər təhsil aldıqları universitetlərlə
UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin,
o cümlədən də təcrübə mübadiləsinin
qurulmasında əhəmiyyətli rol oynayırlar.
2015-ci ildən başlayaraq beynəlxalq ikili diplom
proqramları üzrə tədrisə
başlamışdır. Hazırda UNEC-də
bakalavr və magistr pillələri üzrə 9 beynəlxalq
ikili diplom proqramı fəaliyyət göstərir. Bu
proqramlar bakalavr pilləsi üzrə Fransanın Montpelleir
Universiteti və İCD biznes məktəbi, İngiltərənin
London İqtisad Məktəbi və Rusiyanın Ali İqtisad Məktəbi,
Moskva Dövlət Humanitar və İqtisad Universiteti, magistr
pilləsi üzrə isə ABŞ-ın Linkoln Universiteti,
İsveçrənin UBİS, Fransanın Montpellier Universiteti
və Litvanın Mykolos Romeris Universiteti ilə birgə həyata
keçirilir.
UNEC
tarixində ilk dəfə olaraq, Avropa İttifaqına ali təhsil xidmətləri ixracına
başlamışdır. Belə ki, 2015-ci ildən
etibarən UNEC, Yunanıstanın Qərbi Makedoniya Universiteti
ilə əldə edilmiş razılığa əsasən
Yunanıstanda birgə magistr proqramı həyata keçirir.
UNEC-də
tədrisin təşkilinin təkmilləşdirilməsi məqsədilə
bir çox yeni meqa fakültələr, eləcə də
ingilis dilində Beynəlxalq İqtisadiyyat Məktəbi, rus
dilində Rus İqtisad Məktəbi, türk dilində
Türk Dünyası İqtisad Fakültəsi, “SABAH” Mərkəzi,
İnklüziv Təhsil Mərkəzi, Beynəlxalq Magistratura
və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi
yaradılmışdır. UNEC ölkədə 4 dildə təhsil
xidməti göstərən yeganə ali təhsil
müəssisəsidir.
Türk dilində təhsil proqramları Türkiyə
Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən
akkreditasiya olunub və bu proqramlardan məzun olan tələbələrin
diplomları Türkiyə Respublikasında birbaşa
tanınır.
Universitetin ingilis dilində olan təhsil proqramları
hazırda abituriyentlər tərəfindən ən çox
arzu olunan proqramlar sırasındadır. Bu proqramlara bakalavr pilləsi
üzrə qəbul üçün minimum keçid balı hazırda 630 baldan yuxarıdır. Qeyd
edilən təhsil proqramları İmtiyazlı
Sertifikatlaşdırılmış Mühasiblər
Assosiyasiyası (ACCA), Sertifikatlaşdırılmış
Maliyyə Analitikləri İnstitutu (CFA) kimi nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən akkreditasiya edilmiş və
bu proqramların məzunları həmin təşkilatların
müvafiq sertifikatlarını əldə etmədə bir
çox imtiyazlara sahibdirlər.
UNEC hazırda ölkədə “SABAH” qrupları üzrə
ən çox tələbənin təhsil aldığı
universitetdir.
Təhsil Nazirliyinin uğurlu layihəsi olan “SABAH”ın məqsədi
savadlı, bacarıqlı və hazırlıqlı tələbələri
yeni tədris metodikasından istifadə etməklə
müasir biliklərə yiyələndirməkdən, eləcə
də Azərbaycan təhsilini digər ölkə tələbələri
və professor-müəllim heyəti üçün cəlbedici
etməkdən və həmin resurslardan səmərəli
şəkildə istifadə etməkdən ibarətdir.
UNEC, Azərbaycanda
MBA təhsili üzrə aparıcı ali
təhsil müəssisəsi hesab edilir. Hazırda
UNEC ölkədə MBA təhsili sektorunun təqribən 70
faizini əhatə edir. MBA proqramları üzrə tədrisin
təşkil edildiyi UNEC Biznes Məktəbi ABŞ-ın Biznes
Məktəblərinin İnkişafı Assosiasiyasının
(AACSB) tamhüquqlu üzvüdür və ACCA tərəfindən
akkreditasiya edilmişdir.
2015-ci ildə UNEC-in tarixində növbəti bir ilk də
yaşanmışdır. Belə ki, Avropa
İttifaqının Milli Akademik Tanınma və İnformasiya
Mərkəzinin (NARİC) Yunanıstan bürosunun Direktorlar
Şurası 15 may 2015-ci il tarixində UNEC
diplomlarının Yunanıstanda tanınması haqqında qərar
qəbul etmişdir.
Tədrisin keyfiyyətinin artırılması istiqamətində
görülən kompleks işlərin nəticəsi UNEC-i
seçən təhsilalanların strukturunda baş verən dəyişikliklərdə
və müvafiq beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da özünü göstərir. Belə ki, son 6 ildə
UNEC-də bakalavr pilləsi üzrə orta keçid balı 426-ya, o cümlədən də
türk dilində olan proqramlar üzrə 437-ə, ingilis
dilində olan proqramlar üzrə isə 637-ə yüksəlmişdir.
2015-ci ildən
UNEC tələbə və magistrlarının “ENACTUS”, “P&G
Ceo Challenge Business Case”,”Made in Azerbaijan”, “Nə?
Harada? Nə zaman?”, “Golden Byte”, “Berlin
Nümayəndələr Palatası Tədqiqat Fondu
Qrantı”,”Heydər Əliyev və Azərbaycan Tarixi” kimi
nüfuzlu beynəlxalq və milli intellektual
yarışların qalibləri sırasında olması
universitetimizin, onun çoxsaylı kollektivinin gərgin əməyi
nəticəsində əldə edilmiş uğurlardır.
UNEC-də elmi tədqiqatların genişləndirilməsi
və keyfiyyətinin artırılması istiqamətində əldə
edilən nəticələr onun tədqiqat universitetinə
transformasiya yolunda inamla addımlamasına imkan verir. Hazırda UNEC-də tədqiqatların
stimullaşdırılması üzrə diferensial əməkhaqqı
sistemi, nüfuzlu elmi jurnallarda məqalə çapına
görə 4 min manata qədər qonorar və “tədqiqatçı”
statusu mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda
bir çoxuna nüfuzlu xarici alimlərin də rəhbərlik
etdiyi 30-dan çox yeni tədqiqat mərkəzləri
yaradılmış, anti-plagiat sistemi
formalaşdırılmış və hər il
“elm aylıq”ları keçirilir. Bu mexanizmlərin tətbiqi
nəticəsində UNEC-in nüfuzlu “Web of Science” və
“Scopus” elmi bazalarındakı əsərlərinin sayı əhəmiyyətli
dərəcədə artmış və ölkə üzrə
lider universitetlər sırasına yüksəltmişdir. Məhz
bu uğurlarına görə nüfuzlu “Clarivate Analytics”
şirkəti UNEC-i “Outstanding Higher Education Organization”, “Web of
Science Awards-2018” və “Most Progressive Universitiesin Web of Science
for the Last 3 Years” mükafatlarına layiq
görmüşdür. Eyni zamanda “Webometrics”
agentliyinin hesabatlarına görə istinadların sayına
görə UNEC ölkə üzrə bir neçə ildir
ki, ilk sıradadır. Bütövlükdə, UNEC-in
1991-2020-ci illər arası dövrdə “Web of Science”
bazasına daxil olan elmi əsərlərinin 80 faizdən
çoxu məhz son 5 ilin payına düşür.
UNEC ölkədə nüfuzlu elmi tədbirlərin təşkilatçısı
kimi də öz mövqeyini əhəmiyyətli dərəcədə
möhkəmləndirmişdir. Belə ki, UNEC son illər
milli və beynəlxalq statuslu çoxlu sayda elmi tədbirin təşkilatçısı
olmuşdur. Bunlar arasında tələbələr
üçün “Science Slam” elm müsabiqələri,
“TEDxUNEC” konfransları, Nobel mükafatı laureatı Aziz
Sancarın iştirakı ilə “Universitetlərdə elmi fəaliyyətin
müasir idarəetmə modeli” mövzusunda beynəlxalq
konfrans (2017), “Web of Science” tərəfindən indeksləşdirilən
“Davamlı inkişafın sosial-iqtisadi problemləri”
mövzusunda beynəlxal konfrans (2019), “İqtisadiyyat və idarəetmə
sahəsində magistr və doktorantların beynəlxalq elmi
konfransı” (2019, 2020) və “Rəqəmsal iqtisadiyyat:
müasir çağırışlar və real imkanlar”
mövzusunda beynəlxalq konfrans (2020), “Distant ali təhsil: yeni
imkanlar və müasir çağırışlar”
mövzusunda UNEC beynəlxalq forumu (2020) xüsusilə qeyd edilə
bilər.
UNEC-in əldə etdiyi ən əhəmiyyətli
uğurlardan biri də cəmiyyətdə iqtisadi maarifləndirməni
həyata keçirən çoxsaylı ekspertlər qrupunun
formalaşmasıdır. Son illər UNEC çoxlu sayda iqtisadi
ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər,
jurnallar, sosial şəbəkələr, ictimai mühazirələr
və digər vasitələrlə iqtisadi subyektlərin
maarifləndirilməsi işinə öz töhfəsini verməyə
çalışır.
UNEC-in beynəlxalq əlaqələrində də bir
çox uğurlar əldə edilmişdir. 2016-cı ildə
UNEC Kəmər və Yol Universitetləri Alyansına və Mərkəzi
Asiya Universitetləri Birliyinə, 2017-ci ildə isə
İslam Dünyası Universitetləri Federasiyası İdarə
Heyətinə üzv seçilmişdir.
UNEC-in beynəlxalq əməkdaşlığında
beynəlxalq mübadilə və tədqiqat proqramlarına
qoşulma xüsusi yer tutur. Hazırda UNEC beynəlxalq
tələbə və müəllim mobilliyini artırmaq məqsədilə,
“Mevlana”, “Erasmus+” kimi beynəlxalq proqramlardan və ikili
razılaşamalardan geniş istifadə edir. “Mevlana”
mübadilə proqramı çərçivəsində UNEC
hazırda Türkiyənin 51 universiteti ilə “Erasmus+”
mübadilə proqramı üzrə isə Avropanın 40-dan
çox universiteti ilə əməkdaşlıq edir.
Bunlarla
yanaşı, ikitərəfli əməkdaşlıq
proqramları çərçivəsində UNEC, Fransanın
Montpellier Universiteti, Almaniyanın Siegen Universiteti, Litvanın
Mikolos Romeris Universiteti, Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi,
Rusiyanın Ali İqtisad Məktəbi, Türkiyənin
ODTÜ, Hacettepe, Boğazici, Koç, İstanbul və digər
universitetləri ilə də uğurla əməkdaşlıq
edir. Bunlar arasında Siegen Universiteti ilə olan əməkdaşlıq
fəaliyyətlərini xüsusilə vurğulamaq
lazımdır. Belə ki, DAAD tərəfindən maliyyələşdirilən
“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin
yaradılması və məşğulluq” layihəsi çərçivəsində
dörd il ərzində təhsilalanlar
üçün sahibkarlıq sahəsində yay və
qış məktəbləri təşkil edilmişdir.
UNEC beynəlxalq qrant layihələrinin əldə edilməsi
və onların idarə olunmasında da uğurlar əldə
etmişdir.
Avropa Komissiyasının maliyyələşdirdiyi”Beynəlxalq
əlaqələr sahəsində universitet idarəçiliyinin
inkişaf etdirilməsi və təkmilləşdirilməsi”
layihəsi, “Xüsusi qayğıya ehtiyacı olan
insanların Azərbaycan ali təhsil müəssisələrinə
inteqrasiyası” layihəsi və “Azərbaycanda doktorantura təhsilinin
təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının
tələblərinə uyğun
strukturlaşdırılması” layihəsi bunlara misal göstərilə
bilər. Bundan başqa, UNEC iki “Creative Spark”
layihəsini də qazanmış və onların
icrasını hazırda İngiltərənin Qrinviç
universiteti və Şərqi London universiteti ilə birgə həyata
keçirir.
UNEC-in qeyd edilən uğurları beynəlxalq reytinq
agentliklərinin də diqqətindən
yayınmamışdır. Belə ki, UNEC tarixində
ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə QS Reytinq
Agentliyinin reytinq siyahısına daxil olmuşdur.
Agentliyin hesabatına görə UNEC İnkişaf Etməkdə
olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri
arasında ən yaxşı ilk 200 universitet arasına daxil
olmuş və iqtisad yönümlü ən yaxşı
4-cü universitet seçilmişdir. 2017-ci ildə
isə UNEC bu siyahıda mövqeyini daha 30 pillə yüksəldərək
regionun ən yaxşı 161-170 universiteti sırasına daxil
olmuşdur.
Dünya
universitetlərinin veb populyarlığını müəyyən
edən UniRank agentliyinə görə 2017-2020-ci illər
arasında hər il UNEC universitet internet
resursları üzrə Azərbaycanın ən yaxşı və
ən populyar ali məktəbi seçilir. Həmçinin
nüfuzlu “ebometrics” agentliyinin reytinq siyahılarına əsasən
UNEC 2017-2020-ci illər arasında “Google akademik
istinadlarının sayı”na görə hər il Azərbaycan
ali məktəbləri arasında birincidir.
UNEC-in
yüksək mövqe tutduğu beynəlxalq reytinq
siyahılarından biri də “Uİ Green Metric World University
Rankings”dir. Bu reytinq siyahısına görə UNEC 2019-cu ildə
dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci
“yaşıl” universitetdir.
2020-ci ildə dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan “The Times Higher Education” tərəfindən açıqlanan reytinq siyahısı isə UNEC-in 90 illik yubileyi ərəfəsində universitet kollektivi üçün bir növ əsl hədiyyə oldu. Belə ki, agentlik 22 aprel 2020-ci ildə “THE İmpact Ranking” reytinqini açıqladı və bu siyahıda UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC ən yaxşı nəticəni 7 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə etmişdir. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olmuşdur. Yenə eyni siyahıda “Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə 401+, eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasında olmuşdur.
Şübhəsiz ki, UNEC əldə etdiyi bu uğurlarla kifayətlənmək niyyətində deyildir. Universitet 2018-ci ildə qəbul etdiyi “UNEC-100” İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla, 100-cü ilini qeyd edəcəyi 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləmişdir. Sənəd, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini özündə ehtiva edir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunmuşdur. Eyni zamanda sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret strateji fəaliyyət istiqamətləri də öz əksini tapmışdır. Sənədə görə UNEC 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı hədəfləmişdir.
Əminik ki, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin inkişafına böyük töhfələr verəcəkdir.
Ədalət
MURADOV,
Azərbaycan
Dövlət İqtisad
Universitetinin
(UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor.
Respublika.- 2020.- 19
iyun.- S.6.