Heydər Əliyevin obrazı dramaturgiyada və
teatrda
“Şəxsən
mən ədəbiyyatı çox sevən adamam və gənc
vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk
ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı
sevmişəm... Mənim bir insan kimi
formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda
ədəbiyyatın, mədəniyyətin çox böyük
rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən
Azərbaycan şairlərinin, yazıçılarının
bütün əsərlərini sevə-sevə oxumuşdum...
O illərdə, o uşaqlıq və gənclik illərində
onlar mənə o qədər təsir edib ki, mən onları
unutmamışam. Bu “oxumuşam,
unutmamışam” sözləri sadəcə bir fikir deyil.
Yəni onlar mənə təsir edib, mən
onlardan bəhrələnmişəm, mənəvi qida
almışam” - deyərək, bir şəxsiyyət kimi
yetişməsində ədəbiyyatın rolunu xüsusi
vurğulayan ümummilli lider Heydər Əliyev, zamanın elə
bir məqamı gəlir ki, həyatda qəhrəman olmaqla
yanaşı, ədəbiyyatın da qəhrəmanına
çevrilir. Çox sevdiyi ədəbiyyatın,
teatr səhnəsinin qəhrəmanı olur, onun sözlə
portreti yaradılır, səhnə öz
işıqlarını müxtəlif rakurslardan onun üzərinə
salır. Ədəbiyyat, tarixi gerçəklikdən,
zamanın özündən ədəbiyyata gələn Heydər
Əliyevi həm də tarixin yaddaşına
köçürür. O, səhnənin
işıqları altında dahi lider, müdrik dövlət
xadimi, uzaqgörən siyasətçi, gözəl həyat
yoldaşı, ləyaqətli övlad və ata kimi
görünür. Və diqqət çəkən
məqam odur ki, Heydər Əliyevin səhnədəki
obrazı özünü gələcək oxucusuna,
tamaşaçısına tanıtmaqdan, təqdim etməkdən
daha çox öyrədən rolunda, funksiyasında
görünür. Çətin,
çıxılmaz vəziyyətdən
çıxış yollarını, vaxtında və yerində
müdrik qərar verməyi, gələcək strateji məqamları
əvvəldən görməyi və onu düzgün axara
yönləndirməyi, özünün malik olduğu milli
dövlətçilik baxışlarını və ictimai
ideallarını öyrədir.
Bəzən bədii ədəbiyyat tarixi tarixin
özündən yaxşı öyrədir. Heydər Əliyev
haqqında yazılan dram əsərləri oxucuya Heydər
Əliyevi bir tarixi şəxsiyyət, tədbirli dövlət
başçısı kimi göstərməklə
yanaşı, həm də o epoxanın ictimai-siyasi vəziyyətini
əks etdirən salnamə hesab oluna bilər.
Dram əsərinin əsas ünvanı teatrdır, səhnədir. O, oxudan çox tamaşa
üçün nəzərdə tutulur. Bu
baxımdan, Heydər Əliyev haqqında yazılan dram əsərlərinin
əksəriyyəti öz ünvanına çatıb.
Belə ki, bu əsərlərin çoxu səhnə
həyatını yaşayıb və uğurlu da
alınıb.
Marat Haqverdiyevin “Üç dəniz əfsanəsi”
ikihissəli dramında Heydər Əliyev bir obraz kimi
iştirak etməsə də, əsər ümummilli lider Heydər
Əliyevin əziz xatirəsinə həsr olunub və bu pyesin
remarkasında səsləndikdən sonra ekranda diktor mətni
ilə sənədli kadrların nümayişi gedir. 1990-93-cü illər ölkədə
baş verən ictimai-siyasi vəziyyət, xaos, silahlı
qarşıdurmalar, qiyamlar, dövlət çevrilişləri,
Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran
haqqında kadrlar gedir. Belə bir çətin
vəziyyətdə müəllif Heydər Əliyevin
xalqın istəyi və təkidi ilə hakimiyyətə gəldiyini,
ölkədə sabitlik yaratdığını, Azərbaycanı
parçalanmaqdan, məhv olmaqdan qurtardığını qeyd
edir. “Üç dəniz əfsanəsi”
isə əsrin müqaviləsi əsasında gerçəkləşən
Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi
zamanı qarşıya çıxan problemlərdən, Heydər
Əliyevin həmişə olduğu kimi, bu dəfə də
sərgilədiyi əzmkarlıqdan, heyrətamiz qətiyyətindən
bəhs edir. Əsər bütün yaxşı,
işıqlı işlərə əngəl olmağa
çalışan bədxah qüvvələrin bu dəfə
də dinc durmadığı, “Üç dəniz əfsanəsi”
adlanan neft layihəsinin çəkilməsinə törətdikləri
maneçilikdən və buna nail ola bilməmələrinə
həsr olunub. Adıçəkilən neft layihəsinin
reallaşmaması üçün xarici qüvvələr
daxili nümayəndələrinin əli ilə tədbirlər
tökür, təxribat yaradır, bunun üçün yerli əhalidən
istifadə edir, borunun keçəcəyi yerlərdə
yaşayan əhali ilə görüşür, hər cəhdə
əl atırlar.
Marat
Haqverdiyev bu pyesdən başqa, 1993-cü ildə ulu öndər
haqqında “Qarabağ şikəstəsi” və “Fədakarlıq”
adlı ssenarilər yazmışdır ki, hər ikisinin əsasında
bədii televiziya filmi çəkilmişdir. “Üç
dəniz əfsanəsi” pyesi isə hazırda Gəncə
Dövlət Dram Teatrında tamaşaya hazırlanır.
Müəllif əsəri 5 ilə
yazdığını qeyd edir.
Adil Babayevin “Koroğlunun Çənlibelə
qayıdışı” mənzum pyesində akademik İsa Həbibbəylinin
dediyi kimi, tarixilik, elmilik və müasirlik vəhdət təşkil
edir. Müəllif “əsərdə
xalq qəhrəmanı Koroğlu ilə ümummilli liderimiz
Heydər Əliyevin mübarizəsini və ideallarını
böyük bacarıqla uzlaşdırmışdır. Beləliklə, əsər tarixiliklə
müasirliyin vahid mövqedən təqdimi baxımından əhəmiyyətlidir”.
Belə ki, əsərdə 93-cü ilin
ortalarında Azərbaycanın çətin və qalmaqallı
vəziyyətlə üz-üzə qaldığı vaxtda
bir qəhrəmanın, xilaskarın gəlişinə ehtiyac
duyulanda, el ağbirçəyi Telli xanımın və
ağsaqqal aşıq Cünunun yadına Koroğlu - Heydər
Əliyev düşür. Xalqın simvolu
olan bu iki el vəkili dağlara çəkilmiş
Koroğlunun yanına gedir, vətənin ona böyük
ehtiyacı olduğunu deyir, onu Çənlibelə dəvət
edirlər. Məmləkətin darda
olduğunu görüb dəvəti qəbul edən
Koroğlu xəyalən Babəkdən, Şah
İsmayıldan və Atatürkdən xeyir-dua alır. Biri ona qılıncını, biri kamalını
bağışlayır, Atatürk isə xalqa söykənməyi,
ondan güc almağı tövsiyə edir. Qılınc, ağıl və xalqın dəstəyi
ilə silahlanan Koroğlu Azərbaycanı parçalamağa,
bölüb-bölüşdürməyə
çalışan həm daxili, həm də xarici
düşmənləri məğlub etməyi bacarır.
Tökülən qanları,
dartışmaları dayandırır, sabitlik, nizam və
intizam yaradır. XX əsrin hadisələri ilə XVII əsrin
qəhrəmanlarını bir səhnəyə gətirən
dramaturq istəyinə nail ola bilmiş,
Heydər Əliyev obrazını tarixdə iz qoymuş şəxsiyyətlərin
malik olduqları keyfiyyətlərlə cilalamışdır.
Nəriman Seyidbəylinin dediyi kimi, “dramaturq hadisələr
üzərində o qədər düşünüb
daşınmışdır ki, əsərdə heç bir
hadisə tamaşaçıda təəccüb və etiraz
doğurmur”.
Əsərin sonlarında səhnəyə
çıxan Dədə Qorqud, Koroğlunu - Heydər Əliyevi
“Oğuz lideri” adlandırır.
Aqşin
Babayev “Xilaskar” adlı sənədli-publisistik pyesini Azərbaycan
dövlətinin memarı və qurucusu olan ümummilli lider
Heydər Əliyevə ithaf edib, amma təkcə ithaf yox, həm
də oxucu əsərdə cərəyan edən hadisələrin
mərkəzində Onun da obrazını görür. Dramda 90-cı illərin əvvəllərində Azərbaycanda
mövcud olan xaotik ictimai-siyasi vəziyyətdən bəhs
olunur. Təkcə xarici düşmənlərlə
deyil, bəlkə onlardan da təhlükəli olan daxildəki
hakimiyyət hərisləri ilə, hansı partiya idarəetmədə
olacaqsa, ona üzv olmağa hazırlaşan, onun lideri ilə
olan şəklini otağından asacağını deyən
ikiüzlü insanlarla mübarizə apara biləcək liderə
ehtiyac duyulur. Əsərin adından da
göründüyü kimi, müəllif Heydər Əliyevi
xilaskar obrazında cərəyan edən hadisələrin mərkəzinə
gətirir.
Azərbaycan xalqının birliyi yeni, demokratik, heç
kəsdən asılı olmayan dövlət qurulması yolu
ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Xalq
deputatlarını, bütün Azərbaycan xalqını bu
yola dəvət edirəm. Mən bu yoldan dönməyəcəyəm!
Bu əsərdə Milli Məclis səhnəsindən
verilən Heydər Əliyevin çıxış nitqidir.
Heydər Əliyev bunu o zaman deyirdi ki, Azərbaycanın
müstəqil yaşamasına şübhə edənlər
yetərincə idi. Bəziləri buna ümid etmirdi, bəziləri isə
arzulamırdı və o arzulamayanlar Milli Məclisin iclası
qurtaran kimi öz fəaliyyətlərinə
başlayırlar.
Amma xalqın arzusu keşməkeşlərdən sonra həqiqət
oldu. Azərbaycan öz müstəqilliyini
çətinliklə də olsa, bərpa etdi və nə
xoş ki, müstəqilliyimizi qoruyan, möhkəmlədən
Heydər Əliyev kimi əzmli, cəsur liderimiz vardı.
2012-ci ildə
on bir dilə tərcümə olunub çap olunan “Müstəqil
vətənin memarı” poemasının müəllifi
İftixar Piriyev daha sonra ulu öndər haqqında
“İşıqlı, nurlu sabah”, “Qurtuluş”, “Qurtuluşa gedən
yol”, “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, “Azərbaycan
bayrağı” adlı pyeslər yazmışdır və
bunların əksəriyyəti səhnələşdirilmişdir.
Bu əsərlərin hamısında Heydər
Əliyev tələbkar, işgüzar, cəsarətli, yeri gələndə
sərt mövqe sərgiləməklə yanaşı, həm
də qayğıkeş, həssas lider kimi görünür.
İftixar “İşıqlı, nurlu sabah” ikihissəli
publisistik, xronikal, mənzum dastanında b.e.ə. III minillikdən
Aratta ilə başlayan dövlətçilik tariximizin
müstəqillik dövrünə qədər keçdiyi
yola səyahət edir. Lillubi,
Kuti, Manna, Atropatena, Albaniya, Sasanilər, Şirvanşahlar,
Sacilər, Səlarilər, Şəddadilər, Rəvvadilər
dövlətlərini xatırladan müəllif hadisələri
XX əsrin axırları, XXI əsrin əvvəlləri Azərbaycan
adlı böyük bir ölkənin şimal qütbündə
cərəyan edən hadisələrə gətirib
çıxarır. Bu əsərdə tarix
özü bir obraz kimi çıxış edir. Gah
meydanda, insanlar arasında görünən, gah qeybdən səsi
eşidilən Tarix neçə qanlı savaşdan keçən,
sinəsi dəlik-dəlik, bölük-bölük olmuş
Azərbaycanın bu gün çox dözümlü və əzəmətli
dövlətə çevrildiyini vurğulayır və bu əzəmətli
dövləti məhv olmaqdan qoruyan, şanlı tarix yaradan
Heydər Əliyevi talenin xalqa hədiyyəsi
adlandırır. Müəllif əsərdəki obrazların
dili ilə Heydər Əliyevi “nadir siyasi ustad”, “düşmənə
sinə dağı”, “dosta sülh çırağı”,
“azadlıq bayrağı”, “müstəqillik memarı”, “ədalət
abidəsi”, “şərqə doğan günəş”,
“türkün rəmzi nişanı” kimi xarakterizə edir.
“Nurlu ömrün anları” mənzum, xronikal elegiyası
da müəllifin ümummilli lider Heydər Əliyevə həsr
etdiyi pyeslərindəndir. Əsər fərqli səhnə
quruluşuna malikdir. Belə ki,
ocağın alov dilləri ilə işıqlandırılan
meydanın tən ortasında yeddi metal şit vardır. Tamaşa boyu personajlar hər dəfə şiti
çevirdikcə, Heydər Əliyevin ömrünün
müxtəlif anlarını əks etdirən fotoları
görünür. Əvvəl mərkəzdəki
şitdə Heydər Əliyevin müdrik simasını canlandıran
foto açılır və səhnəyə daxil olan insanlar
ocağın ətrafında əl-ələ tutub birləşirlər.
İkinci metal şitdə ulu öndərin uşaqlıq
şəkilləri, üçüncü metal şitdə
general rütbəsi ilə təhlükəsizlik
orqanının geyimində olduğu portreti,
dördüncü şitdə Azərbaycan KP MK-nın birinci
katibi olduğu dövrdəki, beşinci şitdə
1993-cü illərdəki, altıncı şitdə Heydər
Əliyevin neft kontraktına imza atma mərasimindəki, yeddinci
şitdə ulu öndərin Zərifə xanımla birgə
fotoşəkilləri əks olunur və hər dəfə bu
fotolar açıldıqca, səhnədəki personajlar, Heydər
Əliyevin həmin dövrdəki fəaliyyətini
xatırladır, onun keçdiyi ömür yoluna səyahət
edirlər. Əsər həm Azərbaycanda, həm
Tiflisdə, Marneulidə, Bolnisidə dəfələrlə səhnələşdirilmişdir.
“Qurtuluş dastanı” əsəri də İftixar Piriyevin
ulu öndərin obrazını yaratdığı əsərlərdən
biridir. Əsər
həm 90-cı illərin ictimai-siyasi ab-havasını,
dövlətçiliyimizin müqəddəratının həll
olunduğu bir dövrün durumunu, həm də Heydər
Əliyevin müdrik obrazını əks etdirmək
baxımından maraqlı pyesdir. Bu pyesdə Heydər
Əliyevi Qorbaçovla, mətbuat nümayəndələri
ilə, sənət adamları ilə, övladları ilə,
xəyalən valideynləri - Əlirza kişi və İzzət
xanımla, ömür- gün yoldaşı Zərifə
Əliyeva ilə görüşdürən müəllif
onun üzərinə müxtəlif rakurslardan işıq
salır, ulu öndəri təmkinli, müdrik siyasətçi,
dövlət xadimi, ailə başçısı kimi göstərməklə,
həm onun ictimai - dövlətçilik, azərbaycançılıq
idealını, həm də Şərq dəyərlərini
özündə simvolizə edən bir şəxsiyyət
kimi təqdim edir. Adlarını çəkdiyimiz
insanlarla dialoqu, xəyali söhbətləri, bəzən sərt,
bəzən yumorlu cavabların altındakı məna qatı
Heydər Əliyev zəkasını əks etdirə
bilmişdir. Elə əsərin ilk hissəsinin
birinci şəklində Kremldə Qorbaçovla Heydər
Əliyevin görüşündə biz ümummilli lideri həmsöhbətinin
qarşısında təmkini, hədəfə yönəlmiş
cavabları ilə qalib görürük.
İ. Piriyev
ümummilli liderə həsr etdiyi başqa bir dram əsərində
- “Qurtuluşa gedən yol” adlı ikihissəli tarixi
dramında da Heydər Əliyevin dili ilə Qorbaçovun
apardığı siyasətin qüsurlu olduğunu,
naşılığını və beləliklə də,
bütün regionda vəziyyəti gərginləşdirdiyini
vurğulayır.
Elşən Feyzullayev “Qəsd” adlı dram əsərini
ulu öndərin əziz xatirəsinə həsr edib. Əsərdə Heydər
Əliyevin özü obraz olaraq iştirak etmir, amma Azərbaycan
əsgərlərinə əsir düşmüş bir erməni
əsgərinin dili ilə bu böyük şəxsiyyətin
Azərbaycan üçün əvəzsiz xidmətlərini
dilə gətirir, belə bir liderə görə
şanslı olduğumuzu vurğulayır.
Ümummilli
lider haqqında olan dram əsərlərində milli-siyasi
qarşıdurmaları, vətəndaş
qırğınını, Topxana meşəsində
ağaclara vurulan baltaların Bakıda meydanlarda eşidilən
əks- sədası, böyük imperiyanın
çöküşü, Heydər Əliyevin Bakıya
dönüşündən qorxuya düşən qüvvələrin
dirənişi, öz müqəddəratını yenidən
xilaskar liderinin ixtiyarına vermək istəyən xalqın
çabaları, rus qoşunlarının törətdiyi 20
Yanvar faciəsi və bir-birini əvəz edən bu tragik səhnələr
fonunda ümummilli lider qətiyyəti, əzəməti
görünür. Bu səbəbdən də
belə əsərlərin səhnə həyatı da
uğurlu olur.
Aygün BAĞIRLI,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent.
Respublika.- 2020.- 20 iyun.-
S. 5.