Beynəlxalq
aləmdə Azərbaycanın nüfuzunu artıran amillər
1990-cı
illərin əvvəllərində Azərbaycanın
düşdüyü ağır vəziyyət ölkə əhalisinin
əksəriyyətinin yaxşı yadındadır. O
vaxt xalq cəbhəsinin hakimiyyəti dövründə getdikcə
güclənən siyasi hərc-mərclik Azərbaycanı
parçalanmağa, vətəndaş müharibəsinə və
qardaş qırğınına aparırdı. 1993-cü ilin
yayında hakimiyyətə yenidən qayıdan Heydər
Əliyev Azərbaycan xalqını onun başının
üstünü almış fəlakətdən xilas etdi və
ölkə əhalisinin Prezident və dövlət ətrafında
monolit birliyinin yaradılmasına nail oldu. Bununla da o, müasir
müstəqil Azərbaycanın bünövrəsini
qoymuş oldu. Heydər Əliyev bütün bundan sonrakı həyatını
bu bünövrənin möhkəmlənməsinə, ölkənin
inkişafına, Azərbaycan xalqının rifah
halının daha da yaxşılaşdırılmasına həsr
etdi. Eyni zamanda dünyada yaşayan 50 milyondan artıq azərbaycanlını
bir ideya ətrafında birləşdirmək məqsədilə
2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayında “Azərbaycançılıq”
ideyasının əsasını qoydu.
Ulu öndərin
ideyaları, tutduğu siyasi kurs bu gün onun ləyaqətli davamçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər
Əliyev Azərbaycanın gələcək müvəffəqiyyətli
inkişafına təminat verən azərbaycançılıq
modelini yaratdısa, İlham Əliyev bu tərəqqinin Azərbaycan
modelini kəşf etdi. Ulu öndər müasir
Azərbaycanın möhkəm bünövrəsini qoydusa,
İlham Əliyev dünya şöhrətli bir memar kimi bu
bünövrənin üzərində Azərbaycan adlı
möhtəşəm bir abidəni ucalda bildi və onu
bütün sahələrdə inkişaf edən,
çiçəklənən, dünya birliyində
seçilib-sayılan, böyük hörmət qoyulan bir
ölkə səviyyəsinə qaldırdı.
Bu
gün dünyanın əksər dövlətləri, bizi sevənlər
də, sevməyənlər də Azərbaycana həsəd
aparırlar. Uğurlarımıza qısqanclıq hissi ilə
yanaşanlar da az deyil. Ancaq bütün bunlara
baxmayaraq, bütün dövlətlər bizə hörmətlə
yanaşırlar. Çünki Azərbaycan heç kimin diktəsi
ilə hərəkət etməyən, müstəqil siyasət
yeridən müasir, sabit sülhsevər bir ölkə kimi
tanınır. Azərbaycan həm də dünyada
yüksək templə inkişaf edən 10 dövlətin
sırasında yer almışdır: son 16 ildə ölkəmizin
iqtisadiyyatı 3,4 dəfə artıb. Dünyada iqtisadi cəhətdən
belə sürətlə inkişaf edən ikinci bir dövlət
yoxdur.
Azərbaycanın
bu cür sürətli inkişafı dünyanın bir
çox məşhur iqtisadçılarını uzun illər
həm heyrətləndirir, həm də təəccübləndirirdi:
Axı, necə olur ki, müharibə vəziyyətində
olan cavan və kiçik bir ölkədə belə möhtəşəm
inkişaf baş verir? Çoxlu araşdırmalardan sonra nəhayət,
bu nəticəyə gəlirlər ki, bu inkişafın əsas
səbəbi ölkədə hökm sürən sabitlikdir və
bu sabitliyi təmin edən amillər isə milli tərbiyə,
milli əxlaqdır. Eyni zamanda ölkədəki milli
azlıqlar və dini konfessiyalar arasındakı mehriban
münasibətlərdir, bir sözlə, kökləri tarixin
dərinliklərinə gedib çatan tolerantlıq ənənələridir,
multikultural dəyərlərdir. Bu gün inkişaf
dinamikasına görə tayı-bərabəri olmayan Azərbaycan
dünya birliyinin ən nüfuzlu ölkələrindən
biridir. Bu nüfuz təkcə ölkəmizin
iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlara
görə deyil, həm də ölkə
başçısı İlham Əliyevin bir çox regional
və qlobal problemlərin həlli zamanı qlobal liderliyi öz
üzərinə götürərək atdığı cəsarətli
və uğurlu addımlara görə qazanılmışdır.
İlham Əliyevin 12 il bundan əvvəl
multikulturalizmin beynəlxalq arenada təsdiqinə və təbliğinə
dair irəli sürdüyü və sonralar dünyanın
dövlət və siyasi xadimləri tərəfindən “Bakı
Prosesi” adlandırılan təşəbbüsü
bütün bəşəriyyət tərəfindən rəğbətlə qarşılandı. Çünki, bu təşəbbüs
dünya tarixində görünməmiş mütərəqqi
bir yenilik idi: 2008-ci ildə Bakıda keçirilən Avropa
dövlətlərinin mədəniyyət nazirlərinin
toplantısına İslam Əməkdaşlıq Təşkilatına
daxil olan ölkələrin mədəniyyət nazirləri,
2009-cu ildə yenə Bakıda baş tutan İƏT-ə
üzv ölkələrin mədəniyyət nazirlərinin
toplantısına Avropa ölkələrinin mədəniyyət
nazirləri dəvət olundular.
Azərbaycan
Prezidenti bu təşəbbüsü ilə iki sivilizasiyanı
bir-birinə xeyli yaxınlaşdırdı. Hər iki
sivilizasiya bir-birinin mədəniyyəti ilə daha yaxından
tanış oldu. Eyni zamanda həm xristian, həm də müsəlman
ölkələrinin mədəniyyət nazirləri
arasında isti münasibətlər də yaşandı.
Əslində, Prezidentin bu təşəbbüsü
XX əsrin sonlarından başlayaraq dünyanın
aparıcı dövlətlərinin həyata keçirməyə
başladıqları ikili standartlar siyasətinin
yaratdığı etimadsızlıq və ədalətsizlik
tendensiyalarının, ksenofobiya, islamofobiya,
ayrı-seçkilik, ekstremizm və s. kimi təhlükəli
amillərin qarşısının alınması
üçün dünya birliyinə edilən
çağırış idi. Bu, sülh, barışıq,
haqq-ədalət çağırışı idi.
“Bakı Prosesi”ndən sonra
2010-cu ildə BMT-nin 65-ci sessiyasında ölkə
başçısı İlham Əliyev Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi təşəbbüsünü
də irəli sürdü. Bu ideya “Bakı Prosesi”ni daha
böyük, daha qlobal təşəbbüsə çevirdi.
İlham Əliyevin bu ideyası YUNESKO, BMT-nin Sivilizasiyalar
Alyansı,
Avropa Şurası və digər beynəlxalq təşkilatlar
tərəfindən dəstəkləndi və 2011-ci ildə
Bakıda ilk Dünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirildi. Bu forum bir qayda olaraq
Bakıda hər iki ildən bir təşkil olunur. İlham
Əliyev Mədəniyyətlərarası Dialoqun həm tarixən,
həm də bu gün vacib məsələlərdən biri
olduğunu dəfələrlə vurğulayıb.
Çünki, onun fikrincə, “əks təqdirdə, dünya
daha çox təhlükələrə məruz
qalacaqdır”.
Bakıda 2011-ci ildən
başlayaraq hər iki ildən bir baş tutan Mədəniyyətlərarası
Forumlar, eləcə də 2013-cü ildə Bakıda təşkil
olunan Dini Liderlərinin Zirvə Görüşü, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə 2014-cü
ildə Moskvada keçirilən “Azərbaycan
tolerantlığın məkanıdır” adlı fotosərgisi, 2015-ci ildə Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın iştirakı ilə “Dini
tolerantlıq - Azərbaycanda birgəyaşayış mədəniyyəti”
mövzusunda Parisdə təşkil olunan konfrans və digər
bu kimi tədbirlər multikultural dəyərlərin dünya
miqyasında təbliğində Azərbaycanın əvəzsiz
rolunu nümayiş etdirir. Prezidentin 15 may 2014-cü il
tarixli sərəncamı ilə yaranmış Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi də bu sahədə böyük
işlər görür. Bu mərkəzin fəaliyyəti sayəsində
multikulturalizm həm ölkəmizdə, həm də xarici
ölkələrin 30-dan artıq universitetində bir fənn
kimi öyrənilir. Bu gün “Azərbaycan
Multikulturalizmi” Almaniyanın Auqsburq şəhərindəki
universitetində, İndoneziyanın Qaçax Moda Universitetində,
Gürcüstanın İvan Çavaxaşvili adına
Dövlət Universitetində, Latviya Pedaqoji Universitetində,
Çexiyanın Karlovski Universitetində, Bolqarıstanın
Klement-Oxridski adına Universitetdə və digər ali təhsil
ocaqlarında tədris edilir.
Azərbaycan Respublikası
Prezidentinin “Bakı Prosesi” adlanan təşəbbüsü ilə
başlanğıcı qoyulmuş və dövlət siyasətinin
prioriteti səviyyəsinə yüksəlmiş
multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər
Bakını artıq Beynəlxalq platformaya, ölkəmizi isə
mədəniyyətlərarası dialoq ölkəsi statusuna
çevirmişdir. Son 12 ildə onlarla beynəlxalq
tədbirlərin Bakıda təşkil olunması, Mədəniyyətlərarası
Dialoq forumlarının keçirilməsi, xüsusilə,
2016-cı ildə BMT kimi nüfuzlu bir təşkilatın
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun
paytaxtımızda baş tutması, eləcə də 2019-cu
ildə yenə də Bakıda Dünya Dini Liderlərinin
II sammitinin, Türkdilli Dövlətlərin Zirvə
Toplantısının və Qoşulmama Hərəkatının
XVIII Zirvə Görüşünün keçirilməsi
ölkəmizin dünyada daim artan nüfuzundan xəbər
verir.
Azərbaycan
dünyada gedən proseslərə daim beynəlxalq hüquq
prizmasından yanaşdığından həmişə bu
kimi beynəlxalq tədbirlərin iştirakçısı
olan bütün dövlətlərin rəğbətini və
dəstəyini qazana bilib.
Dünya
Dini Liderlərinin II Sammitində qəbul edilən Bakı Bəyannaməsində
bütün dini liderlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq
hüququn prinsip və normalarına, dövlətlərin ərazi
bütövlüyü və sərhədlərinin
toxunulmazlığı prinsiplərinə hörmət etmələrinin
vacibliyi barədə, eləcə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquqa uyğun olaraq həll edilməsi haqqında
çağırışlar öz əksini tapdı.
Qoşulmama hərəkatının
üzvlərindən başqa, 38 ölkənin də nümayəndələrinin
müşahidəçi qismində iştirak etdiyi QH-nin XVIII
Zirvə Görüşündə isə qəbul edilən
yekun sənədə ilk dəfə olaraq yeni və çox
mühüm bir bənd - güc yolu ilə ərazinin
zəbt edilməsinin yolverilməzliyini özündə ehtiva
edən bənd daxil edildi. Bu bənddə bilavasitə
“işğalçı” sözündən istifadə olunur
ki, bu da bir daha Ermənistanın dünyada ən azı 120
ölkə tərəfindən təcavüzkar kimi
tanınması deməkdir.
Azərbaycanın 2011-ci ildə
üzv olduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə
sədrlik etməsi barədə qurumun 2016-cı ildə XVII
Zirvə Görüşündə qəbul etdiyi yekdil qərarda
ölkəmizin beynəlxalq aləmdə ilbəil artan
nüfuzundan xəbər verir. 120 ölkəni birləşdirən
və BMT
Baş Assambleyasından sonra dünya dövlətlərinin
təmsil olunduğu ən böyük siyasi təşkilat
olan Qoşulmama Hərəkatına cəmi 5 il üzvlükdən
sonra belə bir qərarın qəbul edilməsi dövlətimizin
beynəlxalq arenada yürütdüyü siyasətə
dünya birliyi tərəfindən verilən önəm
kimi qiymətləndirə bilərik.
Əlbəttə,
ölkəmizin beynəlxalq aləmdə qazandığı
nüfuz ölkə başçısının
apardığı düşünülmüş daxili, xarici
siyasəti və gərgin əməyi nəticəsində əldə
edilmişdir. Prezidentin etdiyi hər bir siyasi gediş,
atdığı hər bir addım Azərbaycanın
maraqlarına və onun inkişafına xidmət etdiyi kimi
dünyada sülhün, əmin-amanlığın
qorunmasına və beynəlxalq inkişafa da xidmət göstərir.
Təsadüfi deyildir ki, ABŞ-ın siyasi xadimi Zbiqnev
Bjezinski bir neçə il öncə mötəbər bir
beynəlxalq forumda demişdir: “Azərbaycanın
yürütdüyü siyasət beynəlxalq inkişafa
kömək edir”.
Doğrudan da Azərbaycan o nadir
ölkələrdən biridir, bəlkə də birincisidir
ki, onun təşəbbüsü ilə ərsəyə gələn
beynəlxalq layihələr təkcə Azərbaycanın
deyil, həm də bu layihələrə qoşulan
bütün ölkələrin inkişafına təkan verir. Məsələn, 2006-cı ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri,
2007-ci ildə işə salınmış
Bakı-Tbilisi-Ərzurum qaz kəməri və 2017-ci ildə
tikintisi başa çatmış Bakı-Tbilisi-Qars dəmir
yolu kimi beynəlxalq layihələr Azərbaycanla
yanaşı, Gürcüstanın və Türkiyənin də
iqtisadiyyatının irəli getməsində əhəmiyyətli
rol oynayırlar. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu
beynəlxalq miqyasda çox böyük əhəmiyət kəsb
edir. Ona görə ki, o, Mərkəzi və Orta Asiyanın nəqliyyat
infrastrukturunu Yaxın Şərq, Şimali Afrika və Avropa
ilə birləşdirir. Eyni zamanda Asiya və Avropa arasında
vacib bağlantıdır, həm də Şərq-Qərb nəqliyyat
dəhlizinin mühüm hissəsidir.
Uzunluğu 3500 km, dəyəri
40 milyard dolları keçən, tərkib hissəsi Şahdəniz-2
qaz yatağından, TANAP-Transanadolu qaz kəmərindən və
TAP-Transadriatik qaz kəmərindən olan tam istifadəyə
verilməsi bu il nəzərdə tutulan Cənub Qaz Dəhlizi
layihəsi isə Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində əhəmiyyətli yer tutmuşdur.
Bu layihə Avropada ən böyük infrastruktur layihədir.
Azərbaycan
enerji siyasətini uğurla həyata keçirir. Bizim şaxələndirilmiş
neft və qaz boru kəmərləri şəbəkələrimiz
imkan verir ki, artıq nefti Mərkəzi Asiyadan Avropaya nəql
edək. Bizim istər nəqliyyat, istərsə də enerji
sahəsində təşəbbüskarı olduğumuz layihələr
təkcə Azərbaycanda yox, bu layihələrə cəlb
olunmuş bütün ölkələrdə minlərlə,
on minlərlə iş yeri yaratmışdır.
İstər dünyada
multikulturalizmin təbliği və sülhün, təhlükəsizliyin
qorunması, istərsə də Avropanın enerji
ehtiyaclarının qismən də olsa ödənilməsi sahəsində
Azərbaycanın, xüsusilə, son 10 ildə
atdığı addımların onu dünya birliyinin ən
nüfuzlu ölkələrindən birinə - həm islam, həm
də xristian dövlətlərinin içərisində
sözükeçən, hörmət qoyulan yeganə islam
dövlətinə çevrilməsində Prezident İlham
Əliyevin uğurlu siyasəti mühüm rol
oynamışdır.
XXI əsrin əvvəllərindən
başlayaraq Qərb ölkələrinin əksəriyyətində
hakimiyyət başına gələn radikal meyilli şəxslər
və partiyalar dünyanı yenidən bölüşdürmək
məqsədilə demokratiyanı bərqərar etmək pərdəsi
altında maraqlarına cavab verməyən ölkələrin, əsasən
də İslam ölkələrinin daxili işlərinə
qarışaraq qarşıdurmalar və xaos yaratdılar. Eyni
zamanda öz xüsusi xidmət orqanlarının əli ilə
“Ərəb baharı” və “Narıncı inqilablar” vasitəsilə
bir sıra ölkələri - İraqı, Misiri, Liviyanı,
Suriyanı, Yəməni və s. müharibə və
münaqişə ocaqlarına çevirdilər. Törədilən
bu avantüralar həm də “Əl-Qaidə”,
“İŞİD” və “Cəbhət ən-Nusra” kimi terror təşkilatlarının
xüsusi rolu vardır.
Bir tərəfdən
münaqişə və müharibələr, digər tərəfdən
müntəzəm olaraq həyata keçirilən terror
aktları bir sıra müsəlman ölkələrində
çoxlu sayda insan qırğınına səbəb oldu,
qaçqın düşən dinc əhalinin sayı isə
durmadan
artdı. Təsadüfi deyildi ki, son 15 ildə dünyada
qaçqınların sayı 75 milyona qədər
artmışdır. Təkcə Suriyadan olan
qaçqınların sayı 5 milyonu, ölənlərin
sayı isə 500 mini keçibdir. Nəzərə alsaq ki,
Suriya əhalisinin 91 faizi müsəlmandır, o zaman yalnız
bu ölkədə nə qədər müsəlmanın
qaçqın düşdüyü və məhv edildiyi
aydın olar.
Müsəlman ölkələrində
baş verən fəlakətlərin, əslində, bu ölkələrdə
həmrəyliyin olmamasından, bəzilərinin hətta
biri-birinə bəslədiyi düşmənçilik
münasibətindən irəli gəldiyini, eyni zamanda son
dövrdə İslam dininə, müsəlmanlara qarşı
təhdidlərin getdikcə güclənməsi fonunda
İslam ölkələrinin daha çox birliyə
ehtiyacları olduğunu görən ölkə rəhbəri
2017-ci ili “İslam Həmrəyliyi ili” elan etdi. Həmrəylik
ilini elan etməkdə əsas məqsəd müsəlman aləmində
birliyi möhkəmləndirmək, İslamın sülh və
mədəniyyət dini olduğunu bütün dünyaya
göstərmək idi. Bu məqsədə nail olmaq
üçün Azərbaycan İslam ölkələrinə
ölkəmizdəki dini təriqətlər arasında
yaranmış isti münasibətlərlə bağlı təcrübəsini
təqdim etməyi də əsirgəmədi.
Qeyd
etmək lazımdır ki, Azərbaycan Prezidentinin İslam Həmrəyliyi
ilə əlaqədar yürütdüyü siyasətə
İslam dövlətləri tərəfindən yüksək
qiymət verilir. Bu ölkələr Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məsələlərin mötəbər beynəlxalq
təşkilatlarda müzakirələri zamanı Azərbaycanın
mövqeyini, ərazi bütövlüyünü tam dəstəkləyir,
Ermənistanın işğalçı siyasətini isə
pisləyirlər. Hətta Pakistan, Səudiyyə Ərəbistanı
kimi iri İslam dövlətləri bu günə kimi
işğalçı ölkə ilə diplomatik əlaqələr
də qurmamışlar. Qardaş Türkiyə dövləti
isə Ermənistanın işğalçı siyasətindən
əl çəkməyincə bu dövlətlə
çoxdan bağlanmış sərhədi
açmayacağını dəfələrlə bəyan
edibdir. Lakin, çox təəssüf ki,
İslama, onun mədəniyyətinə və mənəviyyatına
düşmən olan, İslam dini ilə bağlı nə
varsa, o cümlədən işğal altında olan ərazilərimizdəki
məscidləri, tarixi abidələri məhv edən, on minlərlə
müsəlmanı qırğına məruz qoyan, bir
milyon müsəlmanı qaçqın salan, etnik təmizləmə
aparan bir monoetnik dövlətə qucaq açan Tacikistan və
İordaniya kimi İslam dövlətləri də vardır.
Tacikistan Prezidenti Emomali Rahmon 2017-ci ildə, İordaniya
Kralı II Abdullah isə bu ilin əvvəllərində Ermənistana
səfər edərək bu işğalçı ölkənin
rəhbərləri ilə görüşüblər. Kral II
Abdullah Ermənistanın prezidenti, baş naziri və katalikosu
II Vazgenlə görüşməklə kifayətlənməyərək
“erməni soyqırımı” abidəsini də ziyarət
edib. Onların atdıqları bu addım, sözsüz ki,
İslamın parçalanmasına xidmət edir və
bütün müsəlman dünyasını beynəlxalq
birliyin qarşısında hörmətdən salır.
Bu kimi dövlət
başçılarının xoşagəlməz hərəkətləri
fonunda Azərbaycan Prezidentinin beynəlxalq forumlarda Ermənistanın
faşizmi təbliğ edən siyasətini ifşa etməsi
yalnız bizim deyil, bütün sülhpərvər bəşəriyyətin
ürəyincədir. 2019-cu ildə Soçidəki beynəlxalq “Valday” klubunda heç kimdən
çəkinmədən dünyanın nüfuzlu siyasi və
dövlət xadimləri qarşısında onun “Qarabağ Azərbaycandır
və nida işarəsi” deyərək verdiyi bəyanat, eləcə
də Aşqabadda MDB dövlətlərinin Sammitində
Böyük Vətən müharibəsi
illərində faşist Almaniyasına xidmət etmiş erməni
cəlladı Njdenin İrəvanda qoyulmuş heykəlinin
götürülməsini Ermənistan prezidentindən tələb
etməsi, sözsüz ki, müharibə dövründə
alman faşizmindən ziyan görmüş bütün
ölkələrin əhalisinin təqdirinə səbəb
olub.
Bu ilin əvvəllərində
Münxen Təhlükəsizlik Konfransında Paşinyanla
baş tutan debatda İlham Əliyevin real faktlarla onu ifşa edərək
gülünc vəziyyətə salması isə bütün
dünyanın Azərbaycan Prezidentinə olan rəğbətini
və hörmətini daha da gücləndirdi: 50 milyon azərbaycanlının
isə ürəyini qürur hissi ilə doldurdu!
Bəli, biz azərbaycanlılar
fəxr edirik ki, cəmiyyətimizə düşmən olan
ideyalara qarşı qətiyyətlə mübarizə
aparmağı bacaran, ağıllı, bilikli, cəsarətli,
təşəbbüskar, dünya birliyində böyük
nüfuz qazanmış, beynəlxalq miqyasda ən güclü
liderlərdən biri kimi tanınan İlham Əliyev kimi Prezidentimiz
var! Biz fəxr edirik ki, bütün
dünyanı bürümüş koronavirus pandemiyası
dövründə çaşqınlıq içərisində
qalan bir çox dövlət başçılarından fərqli
olaraq, bizim Prezident özünü itirmədi, dərhal bu bəla
ilə mübarizə aparmaq üçün qabaqlayıcı
tədbirlər həyata keçirdi: sərhədlər
bağlandı, karantin zonaları yaradıldı, zəruri
tibbi avadanlıqların və digər tibbi vasitələrin tədarükü
üçün vəsait ayrıldı, əhali arasında koronavirusla
bağlı güclü maarifləndirici işlər
aparıldı. Nəticədə az bir müddətdə Azərbaycanın
bu sahədə əldə etdiyi uğurlu təcrübədən
digər ölkələr də istifadə etməyə
başladılar. Eyni zamanda İlham Əliyev
qlobal liderlərdən biri kimi videokonfrans vasitəsilə bu il
aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə
Görüşünü, mayın 4-də isə Qoşulmama
Hərəkatının koronavirusa qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə Görüşünü
də keçirdi.
Azərbaycan
Prezidentinin sədrlik etdiyi Türk Şurası ilk beynəlxalq
təşkilatdır ki, dövlət başçıları
səviyyəsində koronavirusla bağlı Zirvə
Görüşü təşkil etmişdi. Bu
Görüş zamanı İlham Əliyev
çıxış edərək bəzi ölkələrin
və təşkilatların koronavirus qarşısında
çaşqın qalmalarını tənqid etdi və
pandemiyada yalnız qlobal əməkdaşlıq və həmrəylik
sahəsində qalib gəlməyin
mümkünlüyünü qeyd etdi.
Qoşulmama Hərəkatı Təmas
Qrupunun Zirvə Görüşü isə coğrafi təmsilçilik
prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın
Amerikasında yerləşən ölkələrin
iştirakı ilə baş tutdu və 40-dan çox üzv
ölkələrin - Əfqanıstan, Əlcəzair, Misir,
İndoneziya, İran, Pakistan, Səudiyyə Ərəbistanı
və digər
ölkələrin prezidentləri, baş nazirləri və
xarici işlər nazirləri çıxış etdilər.
Görüşdə İlham Əliyev BMT-nin
Baş Assambleyasının pandemiya ilə əlaqədar
dövlət, hökumət başçıları səviyyəsində
videokonfrans keçirilməsi təklifini də irəli
sürdü. Onun bu təşəbbüsü Zirvə
Görüşünün yekununda qəbul olunmuş bəyannamədə
dəyərli və vaxtında irəli
sürülmüş təşəbbüs kimi qiymətləndirildi.
Bu Zirvə Görüşündə BMT-nin Baş
Assambleyasının prezidenti Ticam Məhəmməd-Bande
çıxış edərək İlham Əliyevin irəli
sürdüyü təklifi dəstəklədiyini bildirdi. BMT-nin Baş katibi Antonio Qutteres isə öz
videomüraciətində bu təşəbbüsə görə
Azərbaycan Prezidentinə təşəkkür etdi.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST-ün) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında
ÜST-ə 5 milyon ABŞ dolları həcmində maliyyə
dəstəyinə görə Azərbaycan hökumətinə
və xalqına təşəkkür etdi. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi və
komissiya rəhbəri Cozef Borelin videomüraciətində QH Təmas
Qrupunun Zirvə Görüşünün
çağırılması təşəbbüsünü
alqışladı.
Avropa
İttifaqı rəsmisinin bu Görüşdə
iştirakı və çıxışı Qoşulmama Hərəkatının
tarixində ilk dəfə baş vermiş hadisədir.
Koronavirus təhlükəsi zamanı Avropa İttifaqı ilə
Qoşulmama Hərəkatının bir araya gətirilməsinə
məhz Azərbaycan Prezidenti müvəffəq oldu.
Yuxarıda
sadalanan faktlar, amillər İlham Əliyevin rəhbərlik
etdiyi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun
daim artdığından xəbər verir. Təsadüfi
deyildir ki, ABŞ-ın Missisipi ştatının sabiq
qubernatoru Xeyli Barbur 2014-cü ildə Amerikada keçirilən
“ABŞ-Azərbaycan: Gələcəyə baxış”
adlı beynəlxalq konfransda demişdir: “Azərbaycan
Allahın Avropaya verdiyi hədiyyədir”.
Zahiddin
ABBASOV,
Bakı şəhəri,
Sabunçu Rayon Veteranlar Təşkilatının sədri,
ehtiyatda olan Ədliyyə polkovnik-leytenantı.
Respublika. - 2020.- 20 iyun.- S.6.