DOST HAQQINDA
DÜŞÜNCƏLƏR
Mən
dostluğa, dost andına, dost sədaqətinə və bu sədaqətin
dönməzliyinə inanan adamların cərgəsindəyəm
və belə mənəvi sərvətlərin bəhrəsini
həmişə görmüşəm.
Dostluğun mahiyyəti, faydası, dost ünsiyyətinin qiyməti, səfası, cəfası barədə
bədii ədəbiyyatımızdan
istənilən qədər
misal gətirmək mümkündür. Böyük
Nazim Hikmət dostluq haqqında necə də sərrast, obrazlı fikir söyləyib: “Dostluq ağac kimidir, əgər o ağac qurusa, bir daha göyərməz...”.
Mən bu
yazıda bir dostum haqqında
bildiklərimdən danışmağı vacib saydım.
Dilafət Hacıyevi az qala qırx ildir ki, yaxından
tanıyıram. Xeyirdə,
şərdə bir yerdəyik, rayonlara, kəndlərimizə səfər
etmişik, onunla saysız-hesabsız məclislərdə
olmuşuq, bütün
rayonlarda tanışlarımız
var, çörək
kəsdiyimiz adamlar da az deyil.
Onların arasında əsl kişilər, comərd, birüzlü, səmimi şəxslərlə yanaşı,
simasız, yaltaq, şərəfsiz kəslər
də olub ki, belə hallar
məni qəti təəccübləndirməyib. “Bağda ərik var idi...” psixologiyası
ilə ömür sürən adamlar da kifayət qədərdir.
Çünki
adamı tanımaq çətin məsələdir. Biz
kainatı öyrənirik, yeni planetlər tapırıq, yeni
ulduzlar kəşf edirik, amma illərlə ünsiyyətdə
olduğumuz adamı bəzən tanıya bilmirik,
yaxşıları kəşf etməkdə acizik...
Dilafət
Hacıyev Bərdədən
Bakıya gələndə
kirayədə qalmaq üçün adicə bir mənzil tapınca xeyli əziyyət çəkməli
olmuşdu. İndi şükürlər olsun
ki, yeni tikilmiş çoxmərtəbəli
binaların birində
geniş, rahat evinin qapısı qohum, dost üzünə
həmişə açıqdır. Mən də o işıqlı mənzildə
olmuşam. Həmin mənzildə sədaqətli
ömür-gün yoldaşı,
mehriban balaları, istəkli nəvəsini də tanımışam.
Dostları, tanışları çoxdur
Dilafətin. Xarici ölkələrdə dostları,
tanışları, həmkarları
ilə sıx əlaqələri, işgüzar
görüşləri də
öz yerində.
İki ali təhsil
diplomu var. Ali iqtisadçı
diplomundan sonra o ötən il yüz illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirmiş məzunlarından
biridir. Və şübhəsiz ki, həqiqi ali
təhsil ocağı
onun müasir, savadlı bir şəxs kimi formalaşmasında mühüm
rol oynayıb, desək, doğru olar.
Həyatda nəyə nail olubsa, onları öz zəhməti hesabına qazanıb. Uğuru, müvəffəqiyyəti xoşbəxt həyatı
ona məcməyidə
verməyiblər.
Mən bu istiqanlı
kişiylə yaxınam,
atasını - uzun illər peşə təhsili sistemində çalışmış rəhmətlik
Rüstəm kişini
tanıyırdım. Qardaşlarını, bacısını tanıyıram. Hətta günlərin
bir günü indiki İqtisadiyyat Universitetinin dosenti Dəmir Alməmmədovla
(Allah rəhmət eləsin!)
birlikdə Bərdəyə,
Dilafətin elçiliyinə
getmişik. Dilafət doğmalarını
çox istəyir, onların güzəranı,
dolanışığı həmişə diqqət
mərkəzindədir.
Bəzən elə kəslərə rast gəlirik ki, illərlə bacı-qardaşının
qapısını açmır,
üzünü görmür. Doğmalarına biganə olan adamlardan sənə dost ola bilməz.
Belələri heç Vətənə,
millətə də gərək deyil. Mənim cənnətlik Zəhra anam deyərdi ki, qohumun yaxşısı yaxşıdır, pisinin başına dönüm...
Dilafətin Ağdam rayonundan olan bir qohumunun ailəsi
1993-cü ildə onun
Nərimanov rayonu ərazisində olan evində məskunlaşdı. İki ilə yaxındır
ki, həmin ailə dövlətimiz tərəfindən mənzillə
təmin olunub. Dilafət deyir ki, o evə
bir balaca əl gəzdirib oğlum Elçini evləndirəcəm.
Elçin Azərbaycan İqtisadiyyat Universitetini bitirdikdən sonra təhsilin magistr pilləsini Şimali Kipr Respublikasında Doğu Ağdəniz Universitetində başa vurmuşdur. Qızı Azərbaycan Tibb
Universitetini bitirmişdir,
həkimdir. Xanımı müəllimdir.
Dilafət nikbin, gülərüz,
ünsiyyət qurmağı
bacaran, həm də kövrək bir insandır. 20 Yanvar
qırğını vaxtı,
Xocalı faciəsi günlərində onu hönkürtü ilə ağlayan görmüşəm.
Əmək fəaliyyətinə Bərdədəki
texniki peşə məktəbində çilingər
işləməklə başlayan
Dilafət sonrakı illərdə “Azərittifaq”
sistemində, Bakı rayonlarının partiya və icraiyyə komitələrində (sovet
dövründə) və
başqa idarələrdə
çalışmış, fərasəti, işgüzarlığı
sayəsində daha da
irəli gedərək
mərkəzi ali icra orqanında məsul vəzifələrdə çalışaraq
xətir-hörmət qazana
bilmişdir.
Artıq xeyli vaxtdır
ki, Dilafət kiçik sahibkarlıqla məşğuldur. O, yeni iş yerləri yaradaraq onlarla gəncin məşğulluğuna nail olmuşdur.
Dilafət deyir ki,
sahibkarlıq özü
fitri istedad və qabiliyyət tələb edən sahədir. Dövlətimiz sahibkarlığın inkişafına böyük
əhəmiyyət verir,
bu sahəyə konkret kömək göstərir.
Keçmiş günlərin söhbətidir. Dostlardan biri məndən
soruşdu ki, Dilafət necə adamdır? Dedim ki, o, çox fərasətlidir, göndər,
gedib quru ağacı silkələsin,
ondan meyvə yığıb gətirsin...
Dilafətin ən böyük arzusu istəkli nəvəsi, 6 nömrəli
orta məktəbin əlaçı şagirdi
Teymurçinlə birlikdə
Ağdamı, Şuşanı,
Laçını... görməkdir.
Bir də atası Rüstəm kişinin tikdirdiyi köhnə evlərinin yerində müasir bir bina ucaltmaqdır.
Allah arzusuna çatdırsın!
Dilafət Hacıyev dostluğa, qardaşlığa
layiq şəxsiyyətdir,
necə deyərlər,
üstünə gediləsi
kişidir.
Bu yerdə böyük
şairimiz Rəsul Rzanın məşhur misralarını xatırlayıram:
Mən insanam,
Ünsiyyətsiz ölərəm...
Ramiz MƏMMƏDZADƏ.
Respublika. - 2020.- 20 iyun.- S.7.