Uğurlu inkişafın zəmini güclü dövlət, peşəkar hökumət

 

 

Bir çox postsosialist ölkələrində demokratik tranzitin təcrübəsi bir daha sübut etdi ki, “öncə güclü dövlət, sonra iqtisadiyyat” prinsipinin pozulması birmənalı olaraq gözlənilən mənfi nəticələrə yol açır. Bu şəraitdə ya siyasi rejimlərin aşınması, ya da iqtisadiyyatın dağılması və əhalinin əsas hissəsinin yoxsullaşması müşahidə olunur. Sirr deyil ki, dövlət qulluğunun institusional zəifliyi ölkələrin inkişafını əngəlləyən başlıca amildir. Müstəqilliyinə qovuşmasından 30 ilə yaxın zaman keçən Azərbaycanda 1993-cü ildən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğur strategiyasının qayəsi dövlət qulluğunu ölkənin davamlı sosial, siyasi, iqtisadi inkişafının ən vacib elementinə çevirməkdi. Bunun üçün ilk növbədə səmərəli dövlət idarəçiliyi sisteminə malik güclü dövlətin qurulması və müasir dövlət qulluqçuları ordusunun yaradılması məqsədi müəyyənləşdirilmişdi və bu istiqamətdə önəmli addımlar atıldı. Ölkədə dövlət qulluğu aparatının modernləşməsi dövlətin rolunun transformasiyası ilə sıx bağlı idi.

Hazırda cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycan Respublikasının dünya dövlətləri arasında rəqabətədavamlı, effektiv və stabil inkişaf sahəsində layiqli yer tutmağı, kəmiyyət deyil, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olmağı və vətəndaşlar üçün yüksək həyat standartları təmin etməsidir. Bu hədəfə çatmaq üçün köklü tədbirlər görülüb və ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektə əsaslanan millətin formalaşdırılması ideyasının gerçəkləşdirilmə mexanizmləri işə salınıb. Prezident İlham Əliyev Azərbaycanda hakimiyyətin həm simasını dəyişməyə, eyni zamanda sistemi müasir standartlara uyğun çalışmağa müvəffəq olmaqla yanaşı, yeni siyasi dəyişim mədəniyyətinin əsasını qoyub. Azərbaycan hazırda dünya reytinqlərində layiqli yer tutub, iqtisadiyyatda pozitiv dinamika qorunur, cəmiyyətdə milli birlik ruhu yüksəkdir.

XXI yüzillikdə heç şübhəsiz ki, gələcəyin açarı bilik və texnologiyalar, dövlətin başlıca vəzifəsi isə biliyə və texnologiyalara əsaslanan startegiyanın işlənib reallaşdırılmasıdır. Ölkə Prezidenti İlham Əliyevin böyük səmərəliliklə gerçəkləşdirdiyi dövlət idarəçilik strategiyasının təməlində də məhz elm, texnologiyalar, elmi-intellektual insan potensialının formalaşdırılması dayanır. İctimai həyatın bütün sahələrində inkişaf templəri diqqətləri üzərinə çəkən, sözün həqiqi mənasında innovativ tərəqqi sərgiləyən Azərbaycan Respublikasının heç şübhəsiz ən böyük uğuru düzgün seçilmiş, dünyaya örnək ola biləcək iki liderinin bir-birini əvəzləməsi ilə yanaşı, həmçinin bu gün məntiqli, bir çox hallarda zamanını qabaqlayan genişspektrli islahatların nəticəsi olaraq formalaşdırılmış dövlət qulluğu sistemidir. O sistem ki, təkcə hesabat vermir, eyni zamanda inkişaf siyasəti və onun məqsədlərinə, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət və cavabdehlik daşıyır. Ölkədə dövlət qulluğu sistemində başlıca yeniliklərdən biri köhnə rekrutinq metodlarından yüksək peşəkarlığa malik mütəxəssis və rəhbərlərin həm də sistem daxilində yetişdirilməsi siyasətinə keçidlə bağlıdır. Bütün bu uğurların, qazanılmış nailiyyətlərin davamlı olması isə eyni zamanda yeni idarəetmə paradiqmasına malik, müasir reallıqlara cavab verən kadrların, ilk növbədə dövlət qulluqçularının yetişdirilməsinə bağlıdır. Bu günün dövlət qulluqçuları idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, ölkədə gerçəkləşdirilən “uğurlu strategiyanın” lokomotivi rolunda çıxış etməlidirlər. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Bu günün dövlət qulluqçusu yüksək səviyyəli peşəkar olmaqla yanaşı, həm də həmhüdud sahələrdə müəyyən biliklərə yiyələnmiş, geniş dünyagörüşü və mədəniyyətə, həmçinin milli, eləcə də qlobal miqyasda sosial məsuliyyət hissinə malik bir şəxsdir. Kreativlik, innovasiyalara meyillilik kimi keyfiyyətlər də önəmlidir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. XXI əsrin əvvəli bütün dünyada insanın təşkilatda roluna və əhəmiyyətinə dair mövqeyi ilə fərqlənən konsepsiya və nəzəriyyələrin müxtəlifliyi ilə xarakterizə olunur. İstənilən təşkilatın idarə olunması müxtəlif sistemlərin qarşılıqlı təsirini nəzərdə tutur. Bu sistemlərin arasında ən fəalı, qabaqcılı, digərlərini hərəkətə gətirəni dövlət qulluğu heyətinin fəaliyyətini idarəetmə sistemidir. Bazar münasibətlərinə keçən müasir Azərbaycan üçün bir çox sosial sahələrin islahatlaşdırılmasının nəzəri və metodoloji əsaslarının axtarışı səciyyəvidir. Nəticə etibarı ilə paradoksal vəziyyət yaranıb: bir tərəfdən, heyətin idarə edilməsinə elmi biliklər sistemi kimi nəzəri baxışların müxtəlifliyi mövcuddur, digər tərəfdən, dövlət təşkilatlarında karyera artımını və heyətin inkişafını idarəetmə sisteminin təkamül prosesini açıqlayan metodologiya və nəzəriyyə yoxdur.

Bu gerçəkliklərin fonunda Azərbaycanda inkişafda olan inzibati islahatlaşdırma zamanı dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmə səmərəliliyinin artırılması təmin olunub. Dövlət idarəçiliyinin və mülki dövlət qulluqçularının peşəkar təliminin davamlı və ziddiyətsiz normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Ölkədə bütövlükdə dövlət idarəçiliyi, özəlliklə də dövlət qulluğunun səmərəli inkişafında dövlət qulluqçularının islahatlar prosesində iştirakı, kadr ehtiyatı ilə səmərəli iş mexanizmlərinin formalaşması, dövlət qulluqçularının fasiləsiz təhsil mexanizmlərinin konkretləşdirilməsi, motivasiya səviyyəsinin yüksəldilməsi və fərqli motivasiya mexanizmlərinin tətbiqi, vahid vakansiyalar bazasının formalaşdırılması, dövlət qulluğu sahəsində vətəndaş-ictimaiyyət nəzarəti metod və formalarının gələcək inkişafına dəstək, peşəkar vərdişlərin toplanması və ötürülməsi texnologiyası kimi mentorluq sisteminin inkişafına hesablanmış tədbirlər, dövlət qulluğunun fəaliyyətində səmərəliliyin əldə edilməsinin vacib şərti kimi onun səriştəli idarə edilməsi sisteminin qurulması, dövlət qulluğu institutunun inkişafı və təkmilləşdirilməsinə keyfiyyətli ekspert dəstəyinin təmin olunmasının önəmli rolu var. Yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təyin olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə dövlət qulluğu təkcə hüquqi və təşkilati deyil, həm də publik və sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı qarşısında daha səmərəli, mobil və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insanlardır. Peşəkar insanların uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm “daxildən”, həm də “xaricdən” cəlbedici iş yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub. İlk öncə dövlət qulluğunun cəlbedici işgötürən kimi formalaşması üçün tədbirlər gerçəkləşdirilib, dövlət qulluqçularının sosial təminatları ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti daha çevik, proses deyil, nəticəyə yönəlik və innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda yeni çağırışlar fonunda dövlət qulluqçularının potensialı və bacarıqlarının inkişafı, həmçinin dövlət qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib.

Mülki dövlət qulluqçularının peşəkar təlimi sisteminin təşkili inkişaf ehtiyatlarından kadr heyətinin proqnoz xarakteristikaları əsasında səmərəli istifadə də vacibdir, bu isə dövlət qulluğunun inkişaf qanunauyğunluqları və meyillərinin meydana çıxarılmasını nəzərdə tutur. Dövlət kadr siyasəti reallaşdırılarkən dövlət qulluğunda həm müsbət, həm mənfi məqamlar nəzərə alınaraq islahatlar prosesində bu sahədə təkmilləşdirmə aparılıb.

Karyera inkişafını idarəetmə sisteminə elmi yanaşma sayəsində konseptual müddəaların, məqsədlərin, vəzifə və funksiyaların təhlilinə yeni nöqteyi-nəzərdən yanaşılıb, obyektiv problemlər və inkişaf mənbələri aşkar edilib. Bu, öz növbəsində, praktiki sahədə dövlət qulluqçularının müasir karyera inkişafını idarəetmə sistemlərinin inkişaf qanunauyğunluqlarını və dövlət qulluğu sahəsində fəaliyyətin xüsusiyyətlərini nəzərə alaraq onların optimallaşdırılmasına, işlənib hazırlanmasına və tətbiqinə yol açıb. Nəticə etibarilə bu, Azərbaycanın əksər bölgələrində də sözügedən sistemin funksiyaları və inkişaf istiqamətləri barədə müasir təsəvvürlər nəzərə alınaraq karyeranı idarəetmə sistemlərinin işlənib hazırlanmasına və tətbiqinə yardımçı olub. Qeyd edilənlər dövlət qulluğunun potensialının formalaşması, istifadəsi və inkişaf etdirilməsinin səmərəliliyinin artmasına gətirib çıxarıb.

Səriştəli kadr çatışmazlığı təhlükəsi müasir elmi bilik, bacarıq və qabiliyyətlərə malik olan və praktiki fəaliyyətində dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi üzrə peşəkar hazırlıq keçən dövlət qulluqçuları korpusunun yaradılması problemini ön plana çıxardı. Belə bir mürəkkəb vəzifənin həlli səmərəli dövlət qulluqçusunun hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sistemi olmadan qeyri-mümkündür. Bu cür sistemin işinin qurulması və təşkili - çətin və uzunmüddətlidir, lakin çox mühüm və zəruridir. Deməli, bu istiqamət dövlət kadr siyasətində prioritet təşkil etməlidir. Yeni sistem ictimai proseslərin dövlət tərəfindən idarə olunmasının səmərəliliyinin artırılmasının, mülki cəmiyyətin bərqərar olmasının və hüquqi dövlətin formalaşdırılmasının yollarından biri olmalıdır. Azərbaycanın bu sahədə örnəyi təqdirəlayiqdir.

Yeniləşmiş dövlət aparatı perspektivdə tamamilə yeni şəraitdə işləyəcək. Transparent və hesabatlı dövlətin yaradılması dövlət qərarlarının simulyasiyası, nəticə etibarilə qanunların “dəyərsiz kağıza” çevrilməsi təcrübəsini istisna edəcək. Vətəndaşların dövlət qərarlarının hazırlanması və reallaşdırılması prosesində birbaşa iştirakı cəmiyyətin sosiallaşdırılması və mədəniyyət səviyyəsinin əvəzolunmaz vasitəsinə çevrilib. Qəbul edilən Dövlət proqramları, idarəetmə qəaralarının səmərəliliyinin anlaşılan qiymətləndirmə kriteriyalarının işlənməsi, həmçinin siyasi və idarəçilərin ölkənin inkişafına töhfələri cəmiyyətdə və dövlət aparatında tam yeni mənəvi və işgüzar atmosferi təmin edib.

Müştəriyə yönəliklilik, peşəkarlıq, cavabdehlik, açıqlıq və əlçatanlıq məmurların əsas prinsipləri olmalıdır. Dövlət orqanları ilə əhali arasında effektiv interaktiv əlaqə, ictimaiyyətlə davamlı dialoq rəhbərliyin bütün sosial sahələrin ehtiyac və fikirlərinə fəal və adekvat reaksiyası, operativ qərarların qəbuluna imkan verib.

Qeyd olunanlar ilk növbədə Azərbaycan təhsil elitasının bir parçası olan, eyni zamanda həm gələcəyin menecerlərinin hazırlığı, həm də dövlət siyasətinə dair təkliflərin işlənib hazırlanması, dövlət idarəçiliyinin informasiya təminatı və sair missiya həyata keçirən Azərrbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi-tədqiqat fəaliyyətini müasir məcrada milli inkişaf vəzifələrinə uyğunlaşdırmasını zəruri edir. Bu arada bir fakta nəzər salmaq yerinə düşür: hazırda G 7 ölkələri və Azərbaycanda əhalinin orta yaş göstəricilərinin müqayisəli təhlili ölkəmizdə insan potensialının inkişafı baxımından bizə üstün tarixi imkanlar qazandırır. Məsələ burasındadır ki, Azərbaycanda bu göstərici Almaniya, Böyük Britaniya, Yaponiya və Fransa kimi dünyanın demoqrafik baxımdan “qocalmaqda” olan aparıcı dövlətlərinin göstəricisindən üstündür. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayışı” üçün zəmin hazırlayacaq gənc insan potensialı var. Və bu potensialın indiki kimi düzgün dəyərləndirilməsi və yönləndirilməsi Prezident İlham Əliyevin əminliklə vurğuladığı kimi, Azərbaycanın təkcə 2020-ci ildə deyil, ondan sonrakı illərdə də güclü dövlət kimi adını tarixə yazdırmasına imkan verəcək.

 

 

 

Ziyafət HƏBİBOVA,

 

Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru, professor,

 

Yusif AĞAYEV,

 

Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Respublika. - 2020.- 23 iyun.- S.5.